Etiket arxivi: Fikrət Qoca

BƏDİİ AXTARIŞLARDA YAŞANAN ÖMÜR

Bu gün Xalq şairi Fikrət Qocanın anım günüdür…
Vaxtilə Fikrət Qocanın Dövlət Mükafatına təqdim olunmuş 10 cildliyi haqqında yazdığım məqalə dövri mətbuatda dərc olunduqdan sonra Fikrət müəllim mənə telefon açdı, yazını bəyəndiyini, məmnunluğunu və razılığını bildirdi.
Ruhu şad olsun.
Bu da həmin yazı:

BƏDİİ AXTARIŞLARDA YAŞANAN ÖMÜR
XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Fikrət Qocanın ötən il nəşr olunmuş 10 cilddən ibarət “Seçilmiş əsərləri”i ilə tanışlıqdan aldığım ilk təəssüratım belə oldu: Həcmcə və bədii dəyərinə görə sanballı olan bu əsərlər şairin neçə onillikər boyu yaradıcı zəhmətinin bəhrəsi olmaqla yanaşı ədəbi-ictimai taleyini, şəxsiyyətini, ədəbiyyat tariximizin böyük bir mərhələsini əks etdirir. Hələ gənclik illərimdən şairin yaradıcılıq yoluna bələd olsam da cildlərin hər biri ilə yenidən tanışlıqdan duydum ki, şairin söz mülkünə nəzər yetirib, onları ədəbi meyarına, xarakterinə görə səciyyələndirmək bir yazının qəlibinə sığan deyil. Bu cildlər olduqca geniş, çoxşaxəli mövzuları əhatə etdiyindən onların məzmun-ideya xüsusiyyətlərini araşdırmaq, heç şübhəsiz, bir neçə tədqiqat əsərinin mövzusu olmaqla, müxtəlif aspektlərdən aparılan araşdırmaların çəkə biləcəyi yükdür. Lakin bu, heç də böyük həcmli cildlərin ictimai-bədii dəyərindən yığcam şəkildə bəhs etmək zərurətini azaltmır, əksinə, bu əsərlərin özünəməxsusluğundan, fərdilik prinsipindən, bədii siqlətindən söz açmağı labüd edir. Çünki, Fikrət Qocanın orijinal üslubu, azad düşüncəsi, mövzularının müasirliyi və aktuallığı bütün zamanların ədəbiyyatı olmaqla böyük dəyərlərə söykənir. Onun əsərləri həyat gerçəkliklərindən damla-damla süzülən bədii detalları, ictimai mahiyyəti ilə xarakterikdir.

Fikrət Qocanın ədəbi ömrü bədii axtarışlarda keçib. Vətənin içindən başlayan səyahəti sərhədlər aşıb, dənizlər, okeanlar keçib, insanlar, talelər, ömürlər arasında yaşayıb. İctima-siyasi hadisələrin kökünə varıb, müxtəlif xalqların tarixini öyrənib. Yaddaşının mərkəzində olan hadisə və şəxsiyyətləri bədii süjet xəttində işləyərkən realizm prinsipinə söykənib, poetik təsvirlərində dolğun şəkildə əks etdirib. Bu əsərlər heç şübhəsiz, yaradıcılığının ilk dövrlərindən başlayaraq müdriklik çağınacan yol alan ədəbi taleyinin dəqiq kompasıdır. Bu kompasın göstərdiyi məkan və obyektlər torpaqdı, dənizdi, mavi göylərdi və əlbəttə ki, onları sevdirən, həyatın çox gərəkli, vacib elementinə çevirən insandı, onun mənəvi dünyası, arzuları, gələcəyə ümidli baxışlarıdı.

Bu əsərlər həyatımızın tərkib hissəsi olmuş hadisələri düşüncəmizə, yaddaşımıza yazmaq qüdrətindədir. Bu əsərlərdəki lirik ovqat, hiss və düşüncə, vətəndaşlıq missiyası, dünyəvi mətləblər, milli-bəşəri problemlər özünün çeşidli çalarları ilə həyat həqiqətlərinin timsalında cəsarətlə, qətiyyətlə işıqlandırılmışdır. Onun yaradıcılığında xalq həyatı, Azərbaycanın tarixi, dünyamızın mənzərəsi bütün əzəməti, parlaqlığı ilə öz əksini tapmışdır. Bədii axtarışlarından qazandığı ədəbi uğurlarına görə də cəsarətlə demək olar ki, Fikrət Qoca uzun illər özünün poetik düşüncəsi, milli təfəkkürü ilə zamanın içiylə yeriyən, yaşadığı hadisələrin ictimai mənasına varan güclü, qüdrətli ədəbi şəxsiyyətdir. Şair yaradıcılığı boyu sözdən fırça kimi də istifadə etməyi bacarmışdır. Onun poeziyası, həm də nəsri dünyanın gərdişinə, milli-bəşəri hadisələrə, yaşadığımız itkilərə, ölümsüz ölümlərə, qəhrəmanlıqlara həsr olunmuş yaddaş rəsmləridir. Səfərlərdə gördüyü şəhərlər, bu şəhərlərin təbiəti, insanları, çayları, meşələri onun əsərlərində bir panoram kimi görünür.

Müəllif özünün qəhrəmanlarını uzaqlarda – dənizlərin arxasında, nağıllarda, əsatirlərdə arayıb-axtarmır, insanların arasında apardığı müşahidələrindən görüb-götürür. Qəhrəmanların təbiətindən, xarakterindən, hal-xasiyyətindən gələn xüsusiyyətləri sözünün qüdrətilə nizama düzür. Beləliklə, onlar yazıçının bədii təxəyyülündə, düşüncəsində formalaşaraq həyat-cəmiyyət hadisələri, bədii obrazlar timsalında həqiqi ədəbiyyatın materialına çevrilə bilir. Fikrət Qoca ilk gənclik çağlarından həyatı öyrənmək sevdasında olduğundan illər boyunca qarşısına qoyduğu məqsədini, istəyini reallaşdıra bilib. Kotanarxdan başlanan müşahidələrini yaşam boyu ürəyinin işığından, istisindən keçirərək yüzlərlə əsərlərinin mövzusu edib. Həyatdan öyrəndikləri, insanlardan görüb-götürdükləri hər zaman düşüncəsini, duyğularını qanadlandırıb. Və bu əsərlərdə ilk yaradıcılığından üzü bəri kamilləşən, müdrikləşən şair özünəinamı və özünüdərki gənclərə öyrətməyə, təlqin etməyə çalışıb.

Fikrət Qoca gəncliyimizin ən populyar şairi idi. Hələ o vaxtlar sayca az olan mətbuat orqanlarında onun şeirlərini həvəslə oxuyur, mahnılarını sevərək züm-zümə edirdik. Şairin həyata sevgisi, marağı şeirləri kimi həmişə təravətlidir.

Bu ana torpaqdan doğulmuşam mən, Qoca çinarların bir pöhrəsiyəm. Gözümü oxşayıb bu çöl, bu çəmən, Mən bulaq səsiyəm, yarpaq səsiyəm.

Hərdən mənə elə gəlir ki, Fikrət müəllim üçün şeirlərinin məxsusi yazıldığı vaxt, şərait yoxdur. Gəzdiyi, olduğu yerlərdə həyata, təbiətə, insanlara poetik nəzərlərlə baxdığındandır ki, dünya şairin gözündə bitib-tükənməyən arzularının, həyat eşqinin çeşməsi timsalındadır.

Görsəm ki, arzumun ləçəkləri tökülür, Görsəm ki, ümidimin Beli bükülür, Yenə işığını sevərəm, Səni öyərəm. Gözəlsən, dünya, deyərəm.

Dünyanın gərdişindən, vərdişindən öyrənən şair gəldi-gedərlik qanunlarının incəliyinə varmağı, gözü-könlü tox, ləyaqətlə yaşamağı vacib sandığındandır ki, həyata açıq gözlə, reallıq prizmasından nəzər yetirməyi başqalarına da tövsiyə edir. Ömür boyu hərisliklə, acgözlüklə var-dövlət yığanlara şairin olduqca sadə bir xatırlamasından necə faydalanmayasan…

Öldü varlı ata, qaldı varisi. Dedi ki, – Mənimdir torpaq, xaniman. Bu vaxt eşidildi Torpağın səsi: Görək kim-kimindir, Ey cavan oğlan.

Gənclik illərinin yadigarı olan bu yığcam şeirdə şair vara, dövlətə həris insana böyük mətləbi anladır. Burda nəsihət də var, böyük hikmət də: Nə varsa, hamısı torpağındı… Əldən tutmaq, qoldan yapışmaq, tikəni bölüşmək, xalqını, vətənini sevmək, sevdiklərinə sadiq olmaq, dəyərləri yaratmaq və yaşatmaq – budur insanın yaşadığı dünyada öhdəliyi, insanlıq borcu.

Bu gün ölkələrin bir-birilə əlaqəsi, dünyanın əmin-amanlıqda olması bütün xalqların istəyi, arzusudur. Bu münasibətləri qorumaq isə dünya xalqlarının vətən borcu olmalıdır. Təəssüflər olsun ki, bəzən kağız üzərində sülhün tərəfdarı olub insan qanına susayanlar, özgə torpaqlarına göz dikənlər, günaha batanlar heç Allahı yada salmırlar. Amma Tanrı insanlara qəddarlığından, amansızlığından əl çəkməyə vaxt verir, zaman verir. Şair dünyanı qarışdıranlar, insanlığı məhv edənlər, yer üzünü viran qoyanlarla, Allahlıq iddiasında olanlarla həmişə savaşdadır:

Özünüzü haqq saymayın, Özünüzü Allah saymayın! Durduğunuz yerə enincə, enin. Ətrafdakı ağlayan, gülən insanları görüncə enin! Bizə verilən vaxt Allah amanıdır.

Şairin vətənə sevgisi adi sevgi deyil, orijinaldı. Vətənin gülünü, çiçəyini sevmək, gözəllərini vəsv etmək hələ böyük sevgi deyil. Gərək vətənin dərdini çəkməyi, qada-balasını almağı bacarasan. Ağır günlərində sözünlə, əməlinlə sərhəddinə çəpər olasan. Onu gələcək nəslə ləyaqətlə əmanət edə biləsən. Fikrət Qocanın vətən sevgisi belə bir borc hissindən, ona həqiqi bağlılıqdan yaranıb.

Ulu vətən sevgisi Sevgilərin tacıdı. Şirinlərdən şirindi, Acılardan acıdı. Onun zülmünü çəkmək Ruhun etiyacıdı. Bu sevginin töhfəsi Zindan, həsrət, ölümdü, Ölümə hazır olmaq Özü dərin elmdi, Bunu sevənlər bilir

Fikrət Qocanın yaradıcılığında mahnı mətnləri də xüsusi yer tutur. “Azərbaycan”, “Yollar görüşəndə”, “İlk sevgi”, “Ana”, “Məcnun gəzər Leylini”, “Ay ana, dostum evlənir”, “Dilin can incidəndir”, “Gəl səhərim”, “Bir baxmısan, bir də bax”, “Sənin bircə təbəssümün”… mətnlərindəki həzinlik, ülvilik, şirinlik, eyni zamanda işıqlı sabahların, ümidlərin ziyası insanı duyğulandırır. Bu şeirlər sadəcə musiqiyə yatımlı olması ilə deyil, orda təsvir olunmuş vətən torpağı, onun bitirib-yetirdikləri, çayları, çəmənləri, insanın munis duyğuları bütün gözəllikləri ilə doğma və əzəmətli görünür.

Adi həqiqətlərin içərisində insanın mənəvi qatında gizlənən, uzaq yolların düşüncələrinə, görüb-götürdüklərinə, ümumən bütün gerçəkliklərə müəllif çox bucaqlardan göz yetirir. Və bizi də yaşadığımız ömrə həqiqətin gözü ilə nəzər yetirməyə sövq edir. Bunlar şairin öz düşüncələri olsa da həyat materialları ilə xarakterizə edildiyindən ictimailəşə bilib. Elə şeirin, sənətin gücü də bundadır.

Atam getdi, Məndən kiçik qardaşım getdi. Neçə dostum, yoldaşım getdi. Bu günlərdə uçdu getdi anam Bunlar mənə uçma öyrədir. Mən ayağı yerə bağlı insanam, İndi inanmışam, İndi xeyli ürəklənmişəm. Sizlər uçub getdiyiniz budağa, İndi mən də enmişəm.

Poemalarında istər vətəndə baş vermiş ictimai-siyasi hadisələr, istərsə də uzaq ölkələrə səfərləri zamanı o yerlərin həyatı, insanları, təbiəti haqqında eşidib-bildiklərini, gördüklərini şair müasirlik-tarixilik qovuşuğunda işləmişdir. Fikrət Qocanın poemaları ciddi, gerçək hadisələrdən bəhs edən həyat hekayələridir. Bu əsərlərin aşıladığı ideya və qayə, müəllifin məqsədi sadə, həm də dolğun süjet xətti boyunca işıqlandırılıb. “Oddan keçənlər”də 37-in vahiməsi, qara-qorxusu böyük sənətkarlıqla işləndiyindən, əzilən, məhv edilən insanların fəcində şairin zamana tüğyan edən qəzəbi oxucunu riqqətə gətirir. Bu dövranda satanların şərəfsizliyi üzündən satılan tərəflərin ocaqları söndürülüb, evləri dağılıb. Qəribədir, zülmə-zindana dözüb-dayananlar azadlıqda da rahat yaşaya bilmirlər. Çünki üzə duranlar, haqqa şər atanlar yenə vəzifə başındadırlar. Bütün bunarı görmək və duymaq şairi çox incidir. Belələri ilə üz-üzə gəlmək qəlbini ağrıdır. Amma həqiqət incələr, üzülməz, deyib atalar. Haqq aşiqi günahsız köçür bu dünyadan, xain, satqın, ev yıxana isə “şərəfsiz bir əcəl” qismət olur. Vətənə sədaqət, xalqın azadlığı uğrunda mübarizəyə qalxmaq, bir vətəndaş olaraq qəhrəmanın vətənpərvərliyindən, mübarizlik ruhundan xəbər verir. Şərt o deyil ki, bu qəhrəman sənin öz millətindən olsun. Azadlıq bütün xalqlar üçün şirin nemətdir. Və o qəhrəman bütün xalqlar tərəfindən sevilir, ehtiramla yad edilir. Məhz buna görə də şair başqa xalqların qəhrəmanlarına da rəğbətlə, sevgiylə yanaşır, öldürülən, məhv edilənlərə heyfsilənir. Çe Qevara, Xose Risal, Li Vin Tam, Amilkar Kabral kimi qəhrəmanların böyük amallar uğrunda döyüşlərinə haqq qazandırır. Bu mənada şairin bədii yaddaşından keçən qəhrəmanlara, əfsanəvi partizanlara rəğbəti böyükdür. Çünki xalqını, torpağını sevən oğul, vətəndaş harda doğulub, hansı millətdən olsa da insanlıq üçün bir amal var: Vətən üçün yaşamaq! Şair insan taleyini, vətənin ağrı-acılarını düşüncəsindən, mənəvi süzgəcindən keçirən sənətkar oduğundandır ki, dünyada baş verənlərə təkcə mənsub olduğu xalqın yox, dünya vətəndaşı kimi, milyonların gözüylə baxa bilir. Dünyanı başına almış fəlakətlərə qarşı çıxmağa, insanların ləyaqətlə yaşamasına, çalışmasına səsləyən poeziyasından bir dünyasevərlik ruhu keçib gedir. Elə buna görədir ki, bir insan taleyinin üzərində qurulan poetik fikirlərdə milli-bəşəri duyğular ustalıqla ifadə olunur. O, həmişə düşünür, arayır, axtarır, məqamında məntiqi dərkinin poetik peyzajını yaradır. Göz dolu, ürək yüklü, axı o da boşalmalı, dinclik tapmalıdı. Bu səbəbdən, şair daim axtarışda, el-oba içində, kəndlərdə, şəhərlərdə – yaxın-uzaq səfərlərdə bir yaradıcı ömür yaşayr. Bədii-fəlsəfi düşüncəyə, həyat müşahidələrinə malik olanlar üçün dünyanı dərk etmək, mənəvi-əxlaqi dəyərlərin fövqündə olmaq, milli-bəşəri dərdləri, ağrıları duymaq, qiymətləndirmək və bunların bədii panoramını yaratmaq Fikrət Qoca poeziyasının, bütövlükdə ədəbi irsinin ideya və mahiyyətini ifadə edir. Bəzən insan təkliyə, öz içinə çəkiləndə, düşüncələrinə qapılanda xalqın yaddaşında olan işıqlı insanların xatirəsinə, anımına dalır. Şair belə vaxtlarda həyatında yeri olan, izi qalan insan barədə düşüncələrə dalır, onu anır. Bir ölüm xəbərindən başlanan düşüncələri xatirələrə yol alır. O yolda sözə ehya edənlərdən biri, Rəsul Rza görünür. “Rəsulsuz dəqiqələr” böyük şairin yoxluğundan rahatsız olan Fikrət müəllimin ağrısı, sarsıntısıdır. Əsər boyu R.Rzanın öz hikmətləri də müəllifin fikir karvanının yolu üstündə bir mayaka dönür. Bu sadə deyimdə, düşüncədə müəllifin bənzətməsi, güclü məntiqə söykənir.

Şair qocalmır, Ömrü bir yaz olur, qurtarır. Şair ölmür,
Qara qələm kimi yazılır, qurtarır.

Sadə deyim tərzi bədii qavramada hamar və rahat bir üslub olduğundan yaddaşa asan yazılır.

Müstəqilliyə aparan yollarda xalqın başına gətirilən faciələr müəllifin “Bakı-Quba yolu” poemasında gördükləri ilə düşündükləri o yerlərdə tarixin yaddaşına köçən soyqırım faciəsi bir dərd olub, şairin ürəyinə sancılır. Şaumyanlar, Lalayanlar xalqı qanına qəltan ediblər, öldürdüklərini, yarıcan etdiklərini quyulara atıblar. Amma bu vəhşiliklərini nə qədər gizlətsələr, ört-basdır etsələr də pozulmayan tarix bu faciələri faş etdi. “Axı öldürmək olmur. Öldürüb basdırmaq olmur. Sözün düzün-doğrusun!… ”

Niyə bu qədər sevilən və yadda qalandı bu poeziya? Bu, şairin həyat hadisələrinin mərkəzində olan insanları, onların mübarizələrini, yaşam haqqını öz biçimində, rəngində və çəkisində görə bilməsi və dəyərləndirməsi ilə bağlıdır. Bu şeirlərdə gör-götür etməli çox gerçəkliklər var. İki əsrin tərənnümçüsü olan şairin zamanla səsləşən poeziyası gün işığında görünən həyat həqiqətlərinin bədii əksidir. Onun yaradıcılığında bir Vətən mənzərəsi, Vətən obrazı var. Bu mənzərə-obrazlara rövnəqlik gətirən yenə də çeşid-çeşid insanlardı. Yaxın keçmişdə yaşadığımız tarixi hadisələr – faciələr, acılar, itkilər, şəhidlik ağrıları, kənd adamlarının psixologiyasını xarakterik xüsusiyyətlərlə, çoxçalarlı həyat hadisələri ilə canlandırmaq istəyi şairi nasir kimi də fəaliyyətə sövq edib. Hər iki janrda yaratdığı əsərlərinə yaxından bələd olduqca onun poeziyasında duyduğum təhkiyə elementləri nəsrində geniş məkana, hadisələrə çevrilmiş, həm də çox rahatlıqla, rəvan, axıcı, şirəli dillə təsvir olunmuşdur. Yazıçı bu əsərlərində də vətənin, xalqın taleyini zəngin həyat materialları əsasında yaratmağa üstünlük verib. Çünki gerçəklik, həyata doğru mövqedən yanaşmanın mühüm şərtidir. Odur ki, Fikrət Qocanın Azərbaycan ədəbiyyatına xidmətlərini təkcə poeziyası ilə ölçmək doğru deyil. O, nəsr sahəsində də uğurlu əsərlər yaradıb. “Seçilmiş əsərləri”nin bir neçə cildində şair-nasirin müxtəlif illərdə yazdığı nəsr əsərləri yer alıb. Həmişə bu fikirdə olmuşam ki, yaradıcı insan sözünü ədəbiyyatın bir neçə növ və janrında ifadə edə bilər. Və bu istiqamətlər yaradıcılıqda paralel xətlər kimi inkişaf edir. Bu əsərlər böyük yaradıcı zəhmətin məhsulu olan həyat gerçəkliklərini, xalqın yaşadığı ağrıları, böyük sevgini, hikməti, müdriklikliyi ifadə edən yaşamları ilə xarakterikdir. Fikrət Qocanın böyük vətəndaş olması da vətənin, xalqın taleyini öz ömründə yaşaması, onunla qanadlanması, pərvazlanması ilə diqqət çəkir.

1988-ci ilin meydan hadisələri, 90-cı ilin yanvar faciələri, Xocalı qətliamı, Fikrət müəllimin yaradıcılığında hadisələrə reallıq prizmasından nəzər yetirməsi, bir vətəndaş ziyalı olaraq, bu ağrıları yaşayaraq qələmə alması ilə diqqət çəkir. Müəllif onları nə qədər bədii detallarla zənginləşdirsə də bu hadisələr sənədli-bədii əsərlər kimi qəbul olunur. F.Qocanın yazıçı məharəti, ustalığı ondadır ki, sadə süjetlərdə mühitin eybəcərliyini, ictimai qüsurları təmkinlə, usta bir vərdişlə tənqid edir. Və həm də cəmiyyətin mənfiliklərini həyat tərzində, düşüncəsində daşıyanların böyük qismini tipikləşdirməyə nail olur. Eləcə də insanların bir-birindən fərqli yaşam tərzini gerçəkliklərin fonunda təqdim edir. Bu təqdimat-təsvirlərin içərisində Suzen Dark, Əşrəf, Gülzar xanım kimi obrazlar aramızda yaşayırmış kimi onların talelərinə həssaslıqla yanaşırıq. Bu əsərlər bizi, başqasının həyatıdır, deyib, ictimai ağrıların daşıyıcılarına çevrilmiş bu insanlara yad nəzərlərlə baxmaq vərdişindən qurtarmaq gücündədir. Fikrət Qocanın nəsri bizi belə bir laqeydlikdən çəkindirir, gerçək sənət əsəri ilə cəmiyyət arasında bir doğmalıq, istilik yaradır.

Onun nəsr əsərləri bəzən elə bir adi söhbətlə başlayır ki, əvvəlcədən onun necə bir gərəkli hadisələrin baş verəcəyinə, problemlərin həllini çözə biləcəyinə inanmaq olmur. Bu inamsızlıq maraq qiyafəsində oxucunun qarşısına çıxır və onu səbrlə, təmkinlə əsəri oxumağa səfərbər edir. Fikrət müəllim sadə təsvirlərlə böyük mətləblər, sətiraltı mənalar anlada bilmək məharəti ilə yanaşı, həm də olduqca canlı dialoqlar yaradır. Sanki gözünün qarşısında, ətrafında dərdləşən, bölüşən insanlara maraqla diqqət kəsilirsən. Təbiilik və sadəlik bir libas kimi obrazların görkəminə ustalıqla biçilib. Onlar öz davranış və hərəkətləri ilə görümlüdürlər. Fikrət Qoca milli mənsubiyyətlərə, xarakterlərə dərindən bələd olduğu üçün başqa xalqların ictimai-mədəni həyatına, mənəvi aləminə yaxın ola bilir. Bu yaxınlıq görüşmək, münasibət yaratmaq, maraqlı ünsiyyət qurmaqla yaranır və əsərlərinə yol alır. Bu mənada Vadim İvanoviç (“Qarğa səsi”) özünün xarakteri, mənsub olduğu millətin genetik xüsusiyyətlərini göstərə bildiyi üçün maraqlı obrazdır. Bu əsərlərdə beynəlmiləlçilik yeni bir məna kəsb edir. Başqa xalqların ədəbiyyatına, mədəniyyətinə yaxın olmaq, özünün milli-mədəni dəyərlərini uzaq diyarlarda təbliğ etmək – bütün bunlara tolerantlıq prizmasından, multikultural yanaşma Fikrət müəllimin yaradıcılığında hələ gənclik dövründən özünü büruzə vermişdir. Fikrət Qoca elə o çağlardan bu fikirdə idi ki, dünya böyük vətəndir, bütün millətlər də bu vətənin övladlarıdır. Burda ayrıseçkilik, düşmən münasibətlər dünya dediyimiz evi öz əlimizlə yıxıb-uçurmaq, dağıtmaq yolverilməzdir. O, bütün xalqlara doğmalıq prizmasından yanaşır. Göstərir ki, cəmi insanların dərdləri, acıları, mənəvi dünyaları bir-birinə çox yaxındı. Yazıçı bütün əsərlərində bu məsələlərə çox həssaslıqla yanaşır, fəlsəfi düşüncələrini yaratdığı obrazların timsalında olduqca dolğun ifadə edir.

Fikrət Qoca təbiətə, insanlara həyatın rənglərindən elə naxışlar vurur ki, bunlar tək-tək bədii detallar kimi yaddaşa həkk olur: “Kəndimiz o qız gələndə ağ-qara kino idi. O qız kəndə gələn andan oldu rəngli kino”. “Sulu yerin qamışı kimi vızz eləyib çıxıb göyə, Allaha pay aparır”. “Deyirlər yaradan insanı özünə bənzər yaradıb. Yaradan bütün yaratmaq meyli olmağımızı, düşünmək, kəşf etməyə cəhdimizi yəqin ki, nəzərdə tuturmuş…” “Məhəbbət daş deyil ki, başına düşə, huşunu itirəsən. Gərək ürəyin, qapın açıq ola”. “Yaz yerdən qaynayırdı, göydən yağırdı”… Bu bənzətmə və detallardan istənilən qədər göstərmək olar.

Nəsr əsərlərində mənə xoş gələn cəhətlərdən biri də müəllifin özünün hadisələrin içərisində, qəhrəmanların yanında olmasıdır. O özünün ibrətamiz, nəsihətamiz fikirləri, müdaxilələri ilə oxucunu həyatı canlı-canlı görməyə, dərk etməyə çağırır. Bununla bir növ insanları, xüsusən də cavanları səhvlərdən çəkindirməyə çalışır. “Dəniz altındakı xatirələr”də 41-45-in müharibəsi, Şura hökumətinin ölkəyə gətirdiyi ab-hava, bəy-xan-kəndli münasibətləri, insan taleləri, psixoloji ağırlıqlar, oxucu yaddaşından şırım açaraq keçib-gedir. Burda Bəhram obrazı müharibə mövzusunda yazılan əsərlərdən bir çox cəhətləri – özünəxas sərtliyi, xarakteri, “tuncdan tökülmə bədəni”, bu kimi bir sıra təsvirlərlə fərqlidir, yenidir. Bu mövzuda yazılmış başqa bir əsərdə isə (“Qoca söyüd yıxıldı”) müharibənin gətirdiyi dəhşətlər, aclıq, fəlakət tamam başqa istiqamətdən canlandırılmışdır. Burda diqqətə yönəldilən insan taleyidir. Müharibə Hüsən kişinin hər şeyini əlindən alıb. Həyat get-gedə öz axarına düşsə də Hüsən kişinin düzəni pozulmuş həyatı sıxıntı içindədir. Ən böyük faciə Hüsən kişinin təkliyidir…

Əvvəldə qeyd etdiyimiz kimi, yazıçı meydan hadisələrini, onun yaşadığı ağır, üzücü günləri həyat həqiqətləri fonunda qələmə alıb. 20 yanvar faciəsindən bəhs edən əsərdə o gecə adamlarla bərabər şəhid olmuş Bakıya şahidlik edən müəllif sanki yaddaşımızın rəsmini çəkib. Burda vətənin taleyi bütünlükdə insanların həyatından keçir. Kiçik bir nümunə: “Öznəm tonqala tərəf qaçdı. Oradan bir anın içində tufan keçmişdi, adamarı, ağacları, daşları, asfaltı burub, əzib, didib, töküb getmişdi. Ayaqqabı tayı vardı, içində ayaq, sırıqlı qolu vardı, içindən insan ovcu üzü Allaha baxırdı, üstündən tanklar keçmiş yüngül maşınlar içinin adamı ilə yerə yapışmışdı…” (“Ölüm ayrılıq deyil”). O gecə baş verən hadisələrin bütün gerçəkliyi ilə gələcək nəslə ötürülməsi müəllifin başlıca məqsədi olmuşdur. Bu başlıca amil Fikrət Qocanın “Seçilmiş əsərləri”nin mahiyyət və ideyasını ifadə etdiyindən ədəbiyyat tariximizin parlaq bir səhifəsi olaraq bütün zamanlarda müasir və aktual səslənəcəkdir.
“Respublika” qəzeti,
1 Aprel 2016

Məlumatı hazırladı: Şəfəq NASİR

Filologiya üzrə fəlsəfə doktoru

Könül Bünyadzadənin yazıları

Şəfəq Nasiirin digər yazıları

Məmməd Məmmədlinin yazıları

DAHA ÇOX XƏBƏR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

DEMƏ SƏMƏD VURĞUN GƏlDİ-GEDƏRDİ

DEMƏ SƏMƏD VURĞUN GƏlDİ-GEDƏRDİ
II yazı

əvvəli burada: DEMƏ SƏMƏD VURĞUN GƏLDİ-GEDƏRDİ

2007- ci ilin 1 mayında Neftçalada atamın 80 illik yubileyi keçirildi yubileyə gələn qonaqlar arasında Səməd Vurğunun övladları – Xalq Şairi Vaqif Səmədoğlu və Aybəniz xanım da var idi.Həm Vaqif müəllim, həm də Aybəniz xanım həmin yubileydə çıxış da etdilər. Həmin unudulmaz yubuliyein lent yazısını bir neçə gündən sonra,bütövlükdə, “İçtimai” televiziyada göstərdilər. Vaqif Səmədoğlunun həmin çıxışını bu yazıma əlavə edirəm. Oma görə ki, Vaqif Səmədoğlu həmin çıxışında,1954-cü ilin 12 iyununda atası Səməd Vurğunla birlikdə bizə gəldiyi günü də xatırlayır:

ATAMIN NEFTÇALADA KEÇİRİLƏN 80 İLLİK YUBİLEYİNDƏ (01 MAY 2007) XALQ ŞAİRi VAQİF SƏMƏDOĞLUNUN ÇIXIŞI

Əziz dostlar!
Bu saat Milli Məclisin şıdırğı iclası gedir.Ancaq Milli Məclis 2010-cu ilədək davam edəcək və bundan sonra da müstəqil Azərbaycan var olduqca Milli Məclisimiz, parlamentimiz olacaq. Ancaq İmamverdi müəllim kimi böyük bir insanın, böyük bir şəxsiyyətin 80 illiyi bir dəfə olur. Ona görə də mən bu gün parlament iclasında deyil, burada- İmamverdi müəllimin yubileyində iştirak edirəm.
Əziz dostlar!
Mənim mənsub olduğum Səməd Vurğun ailəsindən atam da, anam da, böyük qardaşım da dünyalarını dəyişib. İkicə adam qalmışıq- böyük bacım Aybəniz xanım və mən. Bu gün ikimiz də burdayıq. Başqa cür ola bilməzdi. Səməd Vurğunun ocağında qalanlar mütləq və mütləq bu gün İmamverdi kişinin hüzuruna buyurmalıydılar, onun haqqında xoş sözlər deməliydilər və onun əlini öpüb qayıtmalıdırlar.
İmamverdi müəllim yaşda məndən böyükdür, amma hafizəsi mənim hafizəmdən yaxşıdır. İlk dəfə mən İmamverdi müəllimi görmüşəm 12- 13 yaşım olanda -Neftçalada. Əllinci illərin əvvəli idi. İmamverdi müəllimlə Səməd Vurğunun qucaqlaşıb öpüşmələrinin, indi öpüşməsinlər,o gün şahidi oldum.Həmin gün axşam bir tədbir var idi. Ancaq mən tədbirdə iştirak eləmədim, çünki uşağıydım, bir at gətirmişdilər və mən o atı minib gəzdim Neftçalanın küçələrində.
Səməd Vurğun dünyasını dəyişəndən sonra mən növbəti dəfə İmamverdi müəllimin evində olanda onun evinin divarında bir şəkil gördüm: İmamverdi müəllim- gənc İmamverdi Əbilov çıxış edir və Səməd Vurğun rəyasət heyətinində oturub.
Hələ bir dəfə də olmayıbdır ki, mən bu mahala gəlim, maşını Neftçalaya sürdürməyim. İmamverdi müəllimin evində çörək yeməyim, yatmayım. Dəfələrlə İmamverdi müəllimin evində olmuşam, onun kitabxanasını paxıllıqla və dərin hörmətlə seyr etmişəm. Özünün müdrik, son dərəcədə ağsaqqal söhbətlərinə qulaq asmışam və doğrudan da heyran qalmışam.
Bu kişinin Bakıya gəlməyə dəfələrlə imkanı olub. Dəfələrlə bu kişiyə təklif ediblər ki, Bakıya gəl. Gəlsəydi, bu saat Azərbaycan elmi sahəsində, istər ədəbiyyat olsun, istər tarix olsun, ən üstün mövqelərdən birini tutacaqdı. Ancaq bu kişi Neftçalanı tərk eləmişdi.
Bir də mən öz həyat təcrübəmdın bir şeyi Sizə demək istəyirəm. Hamımız Sovet dövrünü yaşamışıq.Birinci katiblər olub, indi İcra başçıları var. Birinci katiblər nüfuzlu müəllimlərdən şeytandan qorxan kimi qorxublar. Çünki katibləri onlar işdən çıxara biliblər. Ancaq mən Neftçalanın neçə 1-ci katibinin, neçə İcra başçısının İmamverdi müəllimə necə böyük hörmətlə, necə böyük İzzətlə yanaşdığının şahidi olmuşam. Bircə misal deyim. Rıhmətlik İbrahim müəllim – İbrahim Qurbanov deyirdi ki, mənim Neftçalada İmamverdi Əbilov kimi arxam var. İbrahim Qurbanovun bax bu sözü mənə bəs idi. Arxa İbrahim Qurbanov kimi qüdrətli, hörmətli bir raykom katibi İmamverdi müəllimə arxa deyirdi.
Doğrudan da nəinki Neftçalaya, İmamverdi müəllim həmişə bu mahala arxa durub, Muğanın arxasında durub, bu zonanı arxasıyca aparıb.Və bu yolda çox böyük nüfuz, çox böyük hörmət qazanıb. Mən əminəm ki, İmamverdi müəllim bu gözəl yolu davam etdirəcək. Bu, təkcə Sizin deyil, Neftçalanın, Salyanın xoşbəxtliyi deyil, Azərbaycan mədəniyyətinin, Azərbaycan varlığının səadətdir, xoşbəxtliyidir.

Ardı burada: DEMƏ SƏMƏD VURĞUN GƏlDİ GEDƏRDİ

             

Xüsusi qeyd: Şəkil atamın 80 yaşı tamam olan gün Neftçalada çəkilib. Şəkildə olanların adlarını yazmağa məncə ehtiyac yoxdur. Amma yenə də… Soldan sağa: Atam, Aybəniz xanım Vəkilova, Vaqif Səmədoğlu, Anar, Fikrət Qoca, Bəkir Nəbiyev.

Müəllif və mənbə:  Etibar Əbilov

Əbilin gündəliyindən

ƏBİL ƏBİLOVUN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bu gün Azərbaycanın xalq şairi Fikrət Qocanın anadan olduğu günüdür

FİKRƏT QOCA 90
Bu gün Azərbaycanın xalq şairi Fikrət Qocanın doğum günüdür.
Fikrət Qoca 1935-ci il avqust ayının 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olmuşdur. 1964-cü ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirmişdir.
Əsərləri 1956-cı ildən mətbuatda çap edilmişdir. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan” jurnalında fəaliyyət göstərmiş, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə məsul katibi olmuşdur. 1987-ci ildən “Qobustan” incəsənət toplusunun baş redaktoru idi.1998-ci ildən AYB-nin birinci katibi seçilmişdir.
Çap etdirdiyi şeir kitablarında vətən məhəbbəti, vətənpərvərlik duyğuları, insan və zaman haqqında düşüncələri öz əksini tapmışdır. Dünyanın bir çox ölkəsində yaradıcılıq səfərlərində olmuş, həmin ölkələrə gedən milli azadlıq hərəkatlarına şeirlər həsr etmiş, o cümlədən Kubanın azadlıq mübarizi Ernesto Çe Gevara (“Ünvansız məktublar”), Qvineya-Bisaunun azadlıq hərəkatı xadimi Amilkar Kabral (“Amilkar Kabral”), Filippinin milli qəhrəmanı Xose Risal (“Xose Risal”), vyetnamlı gənc Li Vi Tom (“Li Vi Tom”) və b. haqqında poemalar yazmışdır. 1990-cı illərdə yazdığı “Oddan keçənlər”, “İnsan səviyyəsi”, “Adi həqiqətlər” və s. poemalarında Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs etmişdir. Onun bir sıra nəsr əsərləri də vardır. “Ölüm ayrılıq deyil” (1990), “Hələlik, — qiyamətədək” (2000) povestlərində 1990-cı ilin 20 Yanvar hadisələri əksini tapmışdır.
Mixail Lermontov, Taras Şevçenko, Eduard Mejelaytis, İ.Volker, X.Risal, İ.Taufer və başqa tərcümələri vardır.Əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur.
Şeirlərinə musiqi bəstələnmişdir (“Anacan dostum evlənir”, “Könlüm”, “Günay”, “Gəl ey səhər”, “Çiçək tapa bilmədim”, “Gecə yaman uzundur”, “Payız gəldi” və s.).
Gənclərin qəhrəmanlıq və fədakarlığından bəhs edən “Təkərlər geri fırlanır”, “Yaralı çiçəklər” və “Rəssam düşünür” poemalarına görə 1968-cı ildə Azərbaycan komsomolu mükafatına, 1990-cı illər yaradıcılığına görə “Humay” mükafatına (1998) layiq görülmüşdür. Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif olunmuşdur (1995).
5 may 2021-ci ildə vəfat etmişdir.
Allah rəhmət eləsin. Amin.

Hörmətlə: Sevindik NƏSİBOĞLU


SEVİNDİK NƏSİBOĞLUNUN YAZILARI

SEVİNDİK NƏSİBOĞLU DİGƏR MƏNBƏLƏRDƏ


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Səlim Babullaoğlu – Fikrət Qoca üçün elegiya

Fikrət Qoca üçün elegiya

Mayın 5-i Fikrət Qocanın anım günüdür. Allah rəhmət eləsin!
Bu şəkil Moskvada, səfirliyimizin qonaq evində, 2015-ci il noyabrın 5-də çəkilib.

Sevdiyi şairlər və inqilabçılar vardı. Viyon, Mayakovski, Kabral, Xose Risal, Qarsiya Lorka, Çe Gevara. Son dördü haqqında poema və şeirlər yazmışdı. Əski Sovet İttifaqının ən məşhur “qalın” ədəbi jurnallarında, qəzetlərində yüz minlər, bəlkə də milyonlarla nüsxə çap olunan bu əsərlər, o dövrün, ötən əsrin o sirlli və cazibəsi bu gün də əsla şübhə doğurmayan böyük yaradıcılıq enerjisi ilə dolu 60-cı illərində oxunmuş, sevilmiş, müəllifinə dünyanın altıda biri qədər deyil, bəlkə də elə özü qədər şöhrət gətirmişdi. Adı dövrün məşhur rus şairləri, Yevtuşenko, Rojdestvenski ilə bərabər çəkilən Fikrət Qoca “getməyin müşkül olduğu” dövrlərdə dünyanı xeyli gəzmişdi, bəlkə də taleyin ona verdiyi bu imkanla öz Qoca təxəllüsünü hələ gənc ikən təsdiq eləmişdi: çünki, “ çox oxuyan yox, həm də çox gəzən çox bilər” deyiblər.
O səfərlərinin biri Filippinəymiş. İnqilabçı, şair, tarixçi, ədib, həkim, on dil bilən poliqlot Xose Rшsal həbs olunub, edama məhkum edilibmiş. Qətlindən bir gün əvvəl vərəq və qələm istəyən şair ölkəsinin azadlığı barədə şeir yazıbmış. Fikrət Qoca həmin əsəri Azərbaycan dilinə çeviribmiş. Xose Risalın şərəfinə ucaldılmış abidənin postamentində onun şeirinin müxtəlif dillərə tərcümələrindən seçmələr, misralar var. Bir-iki misra da Azərbaycan dilində. Fikrət Qocanın Azərbaycancasında.
Toğrul Nərimanbəyovun məşhur portreti ilə başlayır Fikrət müəllimlə tanışlığım. Dünyanı görmək, öyrənmək üçün elə dünyanın özü qədər geniş açılan gözlər həmişə məni düşündürüb. Məhz böyük rəssamın “nağıl” üslubuyla şair Fikrət Qoca yeniyetməlik illərimin nağıl qəhrəmanına çevrilmişdi.
O şəkillə atamın Fikrət Qoca ilə həm ötən əsrin 60-cı illərinin sonunda Bakıda, həm də 70-ci illərin ortalarında o vaxtkı Əli Bayramlıdakı görüşləri ilə bağlı danışdıqlarını çox tutuşdurmuşam. Sonradan anlayacaqdım ki, Fikrət Qoca çoxlu şairlərə, xüsusən özündən 10-15 il kiçik ədəbi nəslə olmazın təsir göstəribmiş, elə atamın yazdıqlarına da.
Musiqi yaddaşımızın ən bənzərsiz sözçüsüydü Fikrət Qoca. Sonradan anlayacaqdım bunu.

İndi isə bir hadisəni xatırlayıram. 2002-ci ilin sonları, Yazıçılar Birliyinə yolumun ildə-ayda bir dəfə düşdüyü vaxtlardı. “Doqquzuncu hissə” adlı narrativ, uzun bir şeir yazmışam. Birliyin jurnallarının birinə təqdim eləmişəm. Qısa və quru şəkildə “janrı naməlumdu, çap etməyəcəyik” deyiblər, möhkəm təəccüblənmişəm, pərt və acıqlıyam. Yaxşı yadımdadır, çardaqdan pilləkənləri düşə-düşə elə bil kimsə, bəlkə də atamın o keçmişdəki söhbətlərindəki səsi ilə dedi ki, gir Fikrət Qocanın otağına, Girdim. – Səliməm, – dedim. – Sizə mətn gətirmişəm,- dedim. Bilərəkdən şeir demədim. – Oxuyun və mənə deyin ki, bu nədir. Bir az acıqlı, amiranə danışdım, indi bunu təəssüflə xatırlayıram. Dünya görmüş Qoca əlimdəki vərəqləri aldı. Bir xeyli müddət başını qaldırmadan oxudu, durdu, oxudu, durdu və axırda da dedi ki, 20-25 gündən sonra gələrsən. Gərək sakit başla oxuyum. Elə də elədim. Bir ay sonra görüşəndə bir jurnal uzatdı mənə. Vəqərləyib gördüm ki, həmin uzun şeir “vəzndə ağır, çəkidə yüngül” bir “giriş yazı”sı ilə məni “janrı naməlumdu, çap etməyəcəyik” deyib geri göndərdikləri həmin jurnalda dərc olunub. Hərçənd ki, Fikrət müəllimə bu sözlərin kim tərəfindən, harda deyildiyini, hansı jurnaldan söhbət getdiyini söyləməmişdim. Minnətdarlığımı sözlərimdən çox baxışlarım ifadə eləmişdi onda. Fikrət müəllim də bunu sezmişdi. Gözləri gülürdü. Əli ilə “get” demişdi. Yəni, “danışma, eləcə yaz”.
Hə, həyat qəribədi. Yadlar da məhz beləcə gəlib yaxın olurlar.
Ruhun şad olsun! Rahat uyu, Fikrət müəllim!

Səlim BABULLAOĞLU

Mənbə: Salim Babullaoglu

SƏLİM BABULLAOĞLUNUN YAZILARI

Tale Mənimlə Oyun Oynayır – Fikrət Qoca

25 avqust Böyük Şairin anadan olduğu gündür. Allah rəhmət eləsin. Ruhu şad olsun. Amin. Oxu!

Gizli sevgi

Sevgimdən qaçmışam uzaq şəhərə,
Burda da həsrətin gəlib, dayanıb.
Ətrin səpələnib bütün güllərə,
Gözünün rənginə göylər boyanıb.

Səninçün dünyada bəlkə yoxam mən,
Səni sevdiyimi heç bilməyirsən.
Gündüz xəyalımdan, gecə yuxumdan
Bir an da, bir an da çəkilməyirsən.

Ürəyim, daşa dön, bu sirri saxla,
Bu sevgi, bu bəla hardan enibdir?
Bizim taleyimiz evlə, uşaqla
Hərəsi bir yana zəncirlənibdir.

Ölüncə eşqinlə olacağam mən,
Mən sənin ruhunda, qanında varam.
Üstünü kül örtmüş bir ocağam mən,
Balaca bir mehdən qaynayar yaram.

Məhəbbət

Məhəbbətdə taleyin öz nuru var,
Gözəl arzu, saf niyyətdi məhəbbət!
Var-dövləti neyləyirsən, bəxtəvər,
Tükənməyən var-dövlətdi məhəbbət!

Vurulursan adın çıxır yadından,
Həzz alırsan alovundan, odundan.
Doymaq olmur ağrısından, dadından,
Şirin-acı həqiqətdi məhəbbət!

Sevirsənsə bilinəcək, gizləmə
Heç kəsdən də kömək, vəfa gözləmə.
Sən alçalma, kölgə olub izləmə
Öz-özünə sədaqətdi məhəbbət!

Yanırsan yan, tüstülənmə, alışma,
Öz sevgini kimə gəldi danışma.
Bu bəladan sağalmağa çalışma,
Haqqdan gələn gözəl dərddi məhəbbət…

Yolüstü mənzil

Bu dünya bir qəfəsdi,
Burda bizi yaşadan
Məhəbbətdir, həvəsdi.

Bu dünya bir qəfəsdi,
Ruhumuz nurdu, səsdi,
Getmək, qalmaq sərbəsdi.

Bu dünya bir qəfəsdi.
Özü gələndə tərsdi,
Özü gedəndə tərsdi.

Fikrət bu qədər bəsdi.
Qəfəs yolüstü mənzil…
Gələn, gedən nəfəsdi.

Tale Mənimlə Oyun Oynayır

Tale mənimlə oyun oynayır
Tale bir zər atdı
Zəri şeş-beşdi…
Vaxt keçdi…
Bir ömür verdi əvvəli sirdi.
Yolu cəbrdi,
Şərti səbirdi.
Dayanacağı qəbirdi,
Sonu yenə əvvəli kimi birdi,
Sirdi, səbirdi…
Mən də zər atdım,
Zərim sə… birdi…
Əşi axırı birdi…

Müəllif: Fikrət QOCA

FİKRƏT QOCANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

BAYRAQ TUTAN OĞULLAR – Fikrət Qoca

“Qardaşım (FİKRƏT QOCA), sənin də bayramın mübarək olsun! Necə illər əvvəl göz yaşlarıyla şərəfini vəsf etdiyin əziz övladımız da Vətənin Milli Qəhrəmanı adını aldı.” – Güldəniz Qocayevanın təqdimatında:

BAYRAQ TUTAN OĞULLAR

Kilsədə gizlənən səkkiz nəfər azərbaycanlı döyüşçü yeddı gün ac-susuz mühasirədə qalıb. Yeddi yoldaşı həlak olduqdan sonra onların ən cavanı yenə də müqavimət göstərməkdə davam edib. Nəhayət, əlacı kəsilmiş oğlan əlində Azərbaycan bayrağı meydana çıxıb.

Xankəndinə ezamiyyətə gəlmiş rus jurnalisti təsadüfən bu səhnənin şahidi olub. Oğlanın şəklini çəkib. Şəkil “Oqonyok” jurnalında çap olunmuşdu. Müəllifin sözlərində həzin bir sızıltı vardı: “Təəssüf ki, mən o oğlanın nə adını, nə də sonrakı taleyini bildim”.

17-18 yaşında arıq, qarabuğdayı oğlan. Əlində Azərbaycan bayrağı. Sağında və solunda əli avtomatlı iki erməni yaraqlısı. Oğlan bəlkə , aparatın qəfıl şıqqıltısına dönüb, düz obyektivə baxıb. Bəlkə, ona atəş açıldığını zənn edib, ölümün gözünün içinə dik baxmaq istəyib. Geniş açılmış o gözlərdə nələr vardı, Allah…

Top atılıb gənc bəbirə,

Cələ qurulub qartala,

Mat qalıbdı bu dünyaya,

Pöhrə çinar, cavan qala…

Can ay oğul, can ay bala!

Ulu tanrım, bir cavab ver,

Bu nə dərddir, bu nə bəla?!

Yoğurub tutdun, torpaq adlı

bu kündəni.

Bu kündədən yaratmısan

bu gün məni.

Bu kündənin hər bir dəni

Əkilməli, biçilməli,

döyülməli,

Daş altından keçilməli,

üyünməli.

Bu xəmirə qatılmalı,

Bu kündənin xasalına

atılmalı,

yeyilməli.

Bəli, bəli…

Dərd üyüdüb,

Göz yaşıyla yoğurmusan,

Bir az hicran, bir az vüsal,

Bir az nifrət, bir az sevgi

qata-qata.

Bu müqəddəs xəmiri

sən kündələyib

Düzdün sonsuz kainata.

Ulu tanrım, böyük ata,

Sən arada bizi də gör.

Bu şəkildən

dərgahına sual verən

gözü də gör.


Deyəcəksən: “İşıq sanı

Dərgaha əl açanlar var.

Cansız-canlı, üzənlər var,

Sürünənlər, yeriyənlər,

uçanlar var”.

Deyəcəksən: “Fəza sonsuz

Milyon illər andı, keçir,

Dünya xəmri yoğurursan,

Hardasa karvanın köçür”.

Bu da yola gördüyün bir

tədarükdü.

Mən baxıram bu şəkilə,

Bir də sənə,

vallah, billah,

Heç bilmirəm kim böyükdü.

Əfv et məni, ulu tanrım.

Yandığımdan danışıram.

Bu da sənin öz işindi –

Yandırırsan, alışıram.

Tanrım, sənin yaratdığın

Biz görməyən milyon qatdı.

Böyüklüyün ondadır ki,

Sən yaradan hər zərrənin

Özü böyük kainatdı.

Bəlkə, onu sevdiyindən

Bu bəlaya göndərmisən.

Bəlkə, elə sevirsən ki,

Bizim həzrət peyğəmbərin

Nəvəsinə döndərmisən?!

Anlat, bilək.

Kirpiklərdə göz yaşları,

Məşəqqətə baxaq, gülək.

Şəkildən baxan o gözlər

Elə sözdü, elə səsdi,

Əlindəki bayraq kimi

müqəddəsdi.

Əbədiyyət qazanmağa bu da bəsdi.

Yenilməzlik, haqlıq,

düzlük

elə budu.

Sən əsir düşmədin belə,

Əlindəki bayraq ilə.

Xankəndini tapdaladın,

Qisas aldın.

Azərbaycan bayrağıyla

Keçdin ordan, zəfər çaldın.


Rus da ora gəlmişdi ki,

erməniyə tərif desin.

Qəhrəmanlıq görüb çəksin,

Sonra da göstərib desin…

Səni gördü,

Obyektivdən keçib onun

Ürəyinə hökm verdin.

Azərbaycan bayrağına

Sən ona da baş əydirdin.

İnsanlıqdan ucalmısan,

Sən müqəddəs bir ocaqsan.

Elə orda, Xankəndində

Nəhəng heykəl olacaqsan.

Əlində də öz bayrağın.

Bayrağının altından da

İllər, nəsillər keçəcək

Zaman -zaman, axın-axın.

Sən oğulsan,

Mənim də atadır adım.

Şəklinə baxdım-baxdım,

Gözlərinə qurban olum,

ağlamadım.

Ağlamadım,

Oğul,
kişi ağlayarmı

bərkdə, darda???

Bu günə də şükür olsun,

Çox şükür ki,

Bayraq da var, bayraq

tutan oğullar da.
2012

Müəllif: Fikrət QOCA

FİKRƏT QOCANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“İşığam, çəkirəm qaranlığa dağ” – Fikrət Qoca

Ailəmizdən bu dünyada durub qalanlarımızın bir qismiylə, bacımla mən də görüşünə getmişdik bu gün.
Hava buludluydu. Sakitdi… Ətrafında hər şey sənə bənzəyirdi; təvazökarlıqla açılmağa başlayan qızılgüllər də, səliqəli, zərif, amma kölgəsini əsirgəməyən ağac da, yamyaşıl etibarına, torpaq qüvvəsinə ərk edə biləcəyin otlar da… Huzurun, səssizliyin içində elə bildim, həmişəki zümzümən gəldi qulağıma. Deyirdin axı:
Mən bir nəğməyəm-gözünüzə görünmüşəm.
Şehlərə dönmüşəm,
yarpaqlara dönmüşəm.
Mən güləm,
Gülün ətri də mənəm.
Qəzəb söndürənəm,
Kin əridənəm.
İşığam, çəkirəm qaranlığa dağ
küçələrə keşik.
Evlərin bir beşik
sevinciyəm.
Yorğun ayaqlara dincliyəm.
Mehribanlığam-
yaraşıram baxışlara.
Təbəssüməm-yaraşıram üzlərə.
Günəşəm-yaraşıram gündüzlərə.
Mən bir nəğməyəm, oxuyun məni.
Səpələnmişəm-
Gözəllərin yanağında xallaram.
Çiçəklərəm çöllərdə,
Dağlarda dumanam.
Bir nəğməyəm,
Sözlərim bütün gözəlliklərdir-
onların adını düzün yan-yana.
Mən bir nəğməyəm,
Bütün gözəlliklərə parçalanıb
Səpilmişəm
Cahana!…
Çox inanıram lap gənc yaşında yazdığın bu şeirin həqiqətinə, sən gedəndən hər oyandığım gün inanıram… Yeni dünyanda yeni yaşın mübarək, Fikrət Qoca.

05.05.2024 – Bakı.

Hörmətlə: Güldəniz Qocayeva

Güldəniz Qocayevanın yazıları

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

YAZARLAR RƏŞAD MƏCİD HAQQINDA

YAZARLAR RƏŞAD MƏCİD HAQQINDA

Bütün titulları adından sonra gəlir
Babasına layiq nəvə, atasına layiq oğul, dostlarına layiq dost….
Rəşad Məcid… Təqdimata ehtiyacı olmayan adam. Tanıyan da, tanımayan da onu özünə dost bilir. O da tanıdı, tanımadı hər bir azərbaycanlıya dost münasibəti göstərir.
Yazıçı, jurnalist, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü…
Bu yazı Rəşad Məcidin 55 yaşı tamam olanda doğum günü müasiəti ilə hazırlanıb.
Rəşad Məcidin ən qəribəliyi odur ki, adam onun yaşı barədə düşünə bilmir. Elə bilirsən ki, yaşca ondan kiçik və böyük adam yoxdur.
Unikal adam, yararlı adam, ağayana adam… Uşaqla uşaq, yaşlı ilə yaşlı adam…
Jurnalist Rəşad Məcid…
Hidayət Elvüsal: “Öncəliklə təbrik edirəm. Rəşad Məcid çox bacarıqlı insandır. Deyəsən şeir də yazır, amma yazmasa yaxşıdı (gülür). Yazıçı kimi də onun fəaliyyətini yaxşı qiymətləndirirəm. Rəşad yaxşı oğlandı. Düzünü deyim, yazılarını oxumamışam, amma bacarıqlı şəxs kimi tanıyıram. Rəşad olduqca xeyirxah və mehribandı. Hər kəsə, xüsusilə gənclərə kömək edir. O, jurnalistlərin, həmçinin gənc yazarların əlindən tutur. Yazılarını oxumamağıma baxmayaraq, Rəşada böyük hörmətim var, dostumuz-qardaşımızdı. Zarafatları kənara qoyum, Rəşad doğurdan çox yaxşı oğlandı, mən onun xətrini çox istəyirəm. Rəşadın ən çox sevdiyim xüsusiyyəti məhz gənclərə yardım göstərməsidir. O insan ki, gənclərə yardım göstərir, sadəcə oturduğu vəzifəni, özünü düşünmür, deməli o, əsl insandı. Rəşad həmçinin Yazıçılar Birliyinin katibidir və orda da gənclərdən öz yadımlarını əsirgəmir. Harda olursa olsun, Rəşad xeyirxah biri kimi tanınır.
Mənim 70 yaşım var. Ona arzu edirəm ki, mənim yaşıma gəlsin çatsın, sonrasına Allah kərimdir”.
Azadə Balayeva: “Rəşad Məcid “525-ci qəzet”dəki fəaliyyəti ilə jurnalistikada nə qədər böyük işlər gördüyünü ortaya qoyub. 525-ci qəzet neçə-neçə insanlar üçün məktəb olub. “525-ci qəzet”in yetirmələri olan jurnalistlər hazırda Türkiyənin də media orqanlarında uğurlu fəaliyyət göstərirlər. Rəşad Məcidi tək jurnalist kimi deyil, bir rəhbər kimi, dost kimi xarakterizə etmək istərdim. Çünki mən Rəşad Məcidlə eyni redaksiyada çalışmışam. 1990-cı illərdə-universitetdən məzun olduğumuz illərdə ən böyük arzularımızdan biri “525-ci qəzet”də işləmək idi. 4 il Rəşad bəylə eyni redaksiyada çalışdım. Jurnalistika fakültəsində necə mühit var idisə, “525”də də elə mühit var idi. Rəşad Məcid redaksiyada rəhbər-işçi münasibəti deyil, dostluq münasibəti yaratmışdı.
Biz Rəşad Məcidlə sirrimizi bölərdik, o da böyük qardaş kimi hər zaman bizim yanımızda olardı. Burdan təbriklərimi çatdırıram”.
“525-ci qəzet”in əməkdaşı, jurnalist Türkan Turan: “Rəşad Məcidlə bağlı günlərlə, aylarla, hətta bir ömürboyu danışa bilərəm. Yəni onu bir-iki cümləyə sığdırmaq çətin məsələdir. Amma yenə də “iki cümlə ilə söyləyin” desəniz, belə cavab verərdim:
Rəşad Məcid bütün hallarda, hər məqamda sığınıla biləcək qala kimi adamdır. Şükür, təşəkkür, minnətdarlıq səbəbidir. Sağlam və sevgi dolu 55 diləyirəm”.
Şair, yazıçı Rəşad Məcid…
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Məclisin deputatı Musa Urud:
“Rəşad Məcid Azərbaycanın tanınış qələm adamı, söz adamıdır, Azərbaycan ədəbiyyatının inkişafında xüsusi xidmətləri olan adamdır. Gənclərin inkişafında, formalaşmasında Rəşad Məcidin böyük rolu var. Olduqca istedadlı şəxsdir, onun gözəl şeirləri, hekayələri, gözəl publisistikası var. Onun yaradıcılğı şaxəli və genişdir. Eyni zamanda Rəşad Məcid ictimai-siyasi xadim kimi də Azərbaycanın ictimai həyatında öz yeri, öz sözü olan bir şəxsdir və daim fəal vətəndaş mövqeyində olan bir ziyalımızdır. Bu mənada Rəşad Məcidin həm yaradıcı fəaliyyəti, həm ictimai-siyasi fəaliyyəti hesab edirəm ki, hər kəs üçün gərəklidir. Rəşad Məcid olduqca səmimi bir insandır, hər kəslə ünsiyyət qura bilən, dostluq edə bilən, hər kəsə qapısı açıq olan bir insandır.
Rəşad Məcidi ürəkdən təbrik edirəm, ona ümum yaradıcılıq uğurları arzulayıram. Şəxsi həyatında da can sağlığı və xoşbəxtlik arzulayıram”.
Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq şairi Fikrət Qoca: “Rəşad Məcid aktiv yaradıcılıqla məşğul olan yazıçılarımızdandır. Hazırda daha çox jurnalist kimi fəaliyyət göstərir, amma orda da yaradıcılıq qabiliyyəti, yazıçılığı onun köməyinə çatır. Daha çox gənclərlə, gənc qurumlarla işləyir, yanına daha çox gəncləri alır və onlar üçün bir məktəb olur. Bu çox böyük işdir. O, gənc yazıçıları gələcəyə hazırlayır, onların yazılarını qəzetdə oxuculara təqdim edir.
Rəşad Məcid həmçinin Yazıçılar Birliyində də çox aktiv çalışır, yaxşı işlər aparır. Bildiyiniz kimi, “525-ci qəzet”in baş redaktoru kimi uğurlu fəaliyyəti ilə də öz sözünü deyib və deyir. Ona uzun ömür, can sağlığı və xoşbəxt gələcək arzulayıram”.
Yazıçılar Birliyinin üzvü, gənc yazıçı Kəramət Böyükçöl: “55 yaşı tamam olmağına baxmayaraq, Rəşad Məcidin fəaliyyəti Yazıçılar Birliyinin gənclər üzrə katibi kimi hələ də gənclərlə münasibətdən ibarətdir. Mənim Rəşad Məcidlə bağlı ədəbi-ictiamai mühitdə kəskin tənqidi yazılarım da olub, amma o, müəyyən zaman keçəndən sonra haqqında tənqidi yazı yazdığım adamlar içində məndə peşmançılıq hissi yaradan bəlkə də yeganə adamdır. Təbii ki, insan gənc, emosional ola bilər, insanı səhv tanıya bilər. Amma tək mən yox, zamanla onun haqqında tənqidi fikir söyləyən istər gənc, istər yaşlı nəslin nümayəndələri vaxt keçdikcə Rəşad Məcidin yaxşı insan olduğu qənaətinə gəliblər. Rəşad Məcid kinsiz insandı, bütün yönləri ilə yaradıcıdır. Mən hesab edirəm ki, zaman, tale Rəşad Məcid kimi insanlara daha çox ömür verməlidir. Anar müəllimi başa düşürdüm ki, həmişə bir yerdə olublar deyə Rəşad Məcid haqqında daim xoş sözlər deyir, amma Ramiz Rövşənin Rəşad Məcidi dərindən çox istəməsini heç vaxt anlamırdım. Müəyyən zaman keçəndən sonra mən Ramiz Rövşənin Rəşad Məcid haqqındakı fikirlərini başa düşə bildim.
Rəşad Məcid yaşından fərqli olmayaraq – 30, 40, 50, 55 yaşında da həmişə qaynar ədəbi mühitin içində olub, fəaliyyəti dayanmayıb. Həmişə fikirləşmişəm ki, niyə görə dünənin uşağı onun haqqında sərt fikir söyləyəndə Rəşad Məcid həmin gəncə də cavab verib. Belə baxanda, yuvarlaq götürsək, mənim 30 yaşım var, amma mən daha eqositəm. Mən hətta deyərdim: “O kimdir ki, mən ona cavab verim?!”. Rəşad bəyin isə içində belə şey yoxdur.
Mən Rəşad Məcidə burdan parlaq ömür arzulayıram. Mənə elə gəlir ki, onu ancaq sevmək olar”.
Dost Rəşad Məcid…
Milli Məclisin deputatı Aqil Abbas: “Rəşad Məcid tək kəlməylə dostluğun rəmzlərindən biridir. Sədaqətli, dostcanlı insandı və həmçinin böyük nəslin nümayəndəsidir. Rəşad Məcid gözəl şair, yazıçı və gözəl redakatordur. Əsas odur ki, atasına layiq oğul, babasına layiq nəvə, dostlarına layiq dostdur.
Əvvəllər Rəşadın bir maşını var idi, onda mənim maşınım yox idi. Lakin onun maşını həmişə məndə olurdu. Ağdama gedəndə həmişə onun maşınını sürürdüm. Maşının markası “Vaz 2106” idi. Tez-tez həmin maşınla gəzməyə, yeyib-içməyə gedərdik. Arzum o olardı ki, indiki “Mersedes”lərimiz olmazdı, eybi yox, amma yenə o “Vaz 2106” ilə bulağa istirahətə gedərdik”.
Jurnalist, teletənqidçi Qulu Məhərrəmli: “Rəşad Məcid müasir mətbuatımızın ən parlaq simalarından biridir, çox gözəl redaktordur. “525-ci qəzet” indiki şəraitdə hadisələrə elə ölçülərlə yanaşır ki, onu mətbuatın önəmli nümunəsi kimi nəzərdə saxlayırıq. Əlbəttə, bu 15-20 il öncəki “525” deyil, amma Rəşad Məcid düşüncə etibarı ilə 15-20 il əvvəlin Rəşad Məcididir. O, hadisələrə yanaşma tərzi, intelektual cəhətləri ilə insanları ünsiyyətə cəlb edən xüsusiyyətlərə sahibdir. Onun həm şəxsi keyfiyyətləri, həm ictimai düşüncəsi bizim dövr üçün çox gərəklidir. Rəşad Məcid həm də Yazıçılar Birliyinin katibidir və o istiqamətdə də çox qiymətli işlər görür. Gənc yazarların müəyyən platformada birləşməsində Rəşad Məcidin çox böyük rolu var.
Mənim üçün Rəşad Məcid həm də dar gün dostudur. İstənilən çətin vəziyyətlərdə adam onu həmişə yanında görür. O, çox səmimi insandır. Hesab edirəm ki, belə adamlar Azərbaycanda barmaqla sayılası qədərdir. Yəni müəyyən dəyərlər var ki, RəşadMəcid həmişə onlara sadiq qalır. Biz onunla çox səfərlərdə olmuşuq, bizim onunla dərin yoldaşlığımız olub. Mən hesab edirəm ki, özü kimi məcid ailədəndir. Rəşad Məcid xalq dəyərlərini həmişə özündə saxlayır. Lakin bəzi müasirlərimiz kimi Rəşad Məcidin də bəxti o mənada gətirməyib ki, bu zamanda və bu cəmiyyətdə yaşayır. Ona görə ki, bu zaman və cəmiyyətdə yaşamağın spesifik çətinliyi var və Rəşad Məcid də bu çətinliklərdən əziyyət çəkən adamlardandır. Amma bütün bunlarla yanaşı o, bizim mətbuatın ən parlaq, istedadlı insanlarından biridir.
Rəşad Məcidin doğum gününü təbrik edirəm. Onun həmişə xoş sədasını eşitmək istəyirəm. Onun daim belə dostluğa və dəyərlərə bağlılığını, sadiqliyini görmək istəyirəm. Hesab edirəm ki, Rəşad Məcid özünün həm şəxsi dəyərləri, şəxsiyyəti ilə gənclərə nümunədir”.

İlkin mənbə: /modern.az/

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

İSA HƏBİBBƏYLİNİN YAZILARI

NİZAMİ CƏFƏROVUN YAZILARI

RƏŞAD MƏCİDİN YAZILARI

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

VAQİF POEZİYA GÜNLƏRİ 2023

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

FİKRƏT QOCA. SÖNƏN DEYİL BU OCAQ

FİKRƏT QOCANIN KİTABI

Belə bir keşməkeşli dövrdə Şöhrət ordenli mərhum Xalq şairi Fikrət Qocanın Cənubi Azərbaycanda əski əlifba ilə “Sönən deyil bu ocaq” adlı kitabı işıq üzü görüb. Kitabın ərəsəyə gəlməsində böyük əməyi olan Əli Aslaniyə təşəkkürümüzü bildiririk.

FİKRƏT QOCANIN YAZILARI

ZAUR USTACIN YAZILARI

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BU GÜN FİKRƏT QOCANIN DOĞUM GÜNÜDÜR – ALLAH RƏHMƏT ELƏSİN

FİKRƏT QOCA – Azərbaycanın Xalq şairi

Bu gün Azərbaycanın Xalq şairi Fikrət Qocanın doğum günüdür.

Fikrət Qoca 1935-ci il avqust ayının 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olmuşdur. 1964-cü ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirmişdir.

Əsərləri 1956-cı ildən mətbuatda çap edilmişdir. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan” jurnalında fəaliyyət göstərmiş, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə məsul katibi olmuşdur. 1987-ci ildən “Qobustan” incəsənət toplusunun baş redaktoru idi.1998-ci ildən AYB-nin birinci katibi seçilmişdir.

Çap etdirdiyi şeir kitablarında vətən məhəbbəti, vətənpərvərlik duyğuları, insan və zaman haqqında düşüncələri öz əksini tapmışdır. Dünyanın bir çox ölkəsində yaradıcılıq səfərlərində olmuş, həmin ölkələrə gedən milli azadlıq hərəkatlarına şeirlər həsr etmiş, o cümlədən Kubanın azadlıq mübarizi Ernesto Çe Gevara (“Ünvansız məktublar”), Qvineya-Bisaunun azadlıq hərəkatı xadimi Amilkar Kabral (“Amilkar Kabral”), Filippinin milli qəhrəmanı Xose Risal (“Xose Risal”), vyetnamlı gənc Li Vi Tom (“Li Vi Tom”) və b. haqqında poemalar yazmışdır. 1990-cı illərdə yazdığı “Oddan keçənlər”, “İnsan səviyyəsi”, “Adi həqiqətlər” və s. poemalarında Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs etmişdir. Onun bir sıra nəsr əsərləri də vardır. “Ölüm ayrılıq deyil” (1990), “Hələlik, — qiyamətədək” (2000) povestlərində 1990-cı ilin 20 Yanvar hadisələri əksini tapmışdır.

Mixail Lermontov, Taras Şevçenko, Eduard Mejelaytis, İ.Volker, X.Risal, İ.Taufer və başqa tərcümələri vardır. Əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur.

Şeirlərinə musiqi bəstələnmişdir (“Anacan dostum evlənir”, “Könlüm”, “Günay”, “Gəl ey səhər”, “Çiçək tapa bilmədim”, “Gecə yaman uzundur”, “Payız gəldi” və s.).

Gənclərin qəhrəmanlıq və fədakarlığından bəhs edən “Təkərlər geri fırlanır”, “Yaralı çiçəklər” və “Rəssam düşünür” poemalarına görə 1968-cı ildə Azərbaycan komsomolu mükafatına, 1990-cı illər yaradıcılığına görə “Humay” mükafatına (1998) layiq görülmüşdür. Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif olunmuşdur (1995).

5 may 2021-ci ildə vəfat etmişdir.

Allah rəhmət eləsin. Amin.

Məlumatı hazırladı: Sevindik Nəsiboğlu

SEVİNDİK NƏSİBOĞLUNUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru