Milli düşüncənin aynası: Əhməd bəy Ağaoğlu Azərbaycan ədəbiyyatşünaslığında və ictimai fikir tarixində mühüm yer tutan simalardan biri də Əhməd bəy Ağaoğludur. Onun zəngin yaradıcılığı, çoxşaxəli fəaliyyəti və xüsusilə ədəbi-tənqidi baxışları milli ideologiyanın formalaşmasında mühüm rol oynamışdır. Bu mənada Həcər Atakişiyevanın “Əhməd bəy Ağaoğlunun ədəbi-tənqidi görüşləri” adlı tədqiqat əsəri həm elmi, həm də publisistik dəyəri ilə seçilən mühüm bir mənbədir. Kitab təkcə bir mütəfəkkirin yaradıcılığını təhlil etməklə kifayətlənmir, eyni zamanda bütövlükdə bir dövrün ideoloji, mədəni və ədəbi mənzərəsini canlandırır. Müəllifin araşdırmasında Ağaoğlunun şəxsiyyəti yalnız ədəbiyyatşünas kimi deyil, həm də filosof, publisist, siyasətçi və kulturoloq kimi çoxcəhətli şəkildə təqdim olunur. Bu yanaşma əsərin əsas üstünlüklərindən biridir. Həcər Atakişiyeva əsərində göstərir ki, Əhməd bəy Ağaoğlu üçün ədəbi tənqid sadəcə estetik mülahizələr sistemi deyildi. O, ədəbiyyatı cəmiyyətin inkişafına təsir edən mühüm vasitə kimi qəbul edirdi. Onun fikrincə, ədəbiyyat xalqın maariflənməsi, milli şüurun formalaşması və tərəqqinin təmin olunması üçün əsas amillərdən biridir . Ağaoğlu ədəbiyyata yalnız milli çərçivədə deyil, dünya kontekstində yanaşırdı. O, həm Şərq, həm də Qərb ədəbiyyatını müqayisəli şəkildə təhlil edir, klassiklərin yaradıcılığını analiz edərək ümumbəşəri dəyərlərin önəmini vurğulayırdı. Bu baxımdan Atakişiyeva onun ədəbi-tənqidi görüşlərini sistemli şəkildə araşdıraraq oxucuya aydın bir mənzərə təqdim edir. Kitabın diqqətçəkən məqamlarından biri də Ağaoğlunun dini dünyagörüşü və qadın məsələsinə münasibətinin geniş şəkildə işıqlandırılmasıdır. Müəllif göstərir ki, Ağaoğlu İslam dinini tərəqqiyə mane olan amil kimi deyil, əksinə, cəmiyyətin inkişafında mühüm rol oynayan bir sistem kimi dəyərləndirmişdir. Onun “İslama görə və islamda qadın” əsərinə əsaslanan fikirlərində qadın hüquqlarının müdafiəsi, onların cəmiyyətdə aktiv iştirakının vacibliyi xüsusi vurğulanır. Ağaoğlu qadının təhsil alması, sosial həyatda iştirak etməsi və hüquqlarının qorunmasını müasir cəmiyyətin əsas şərtlərindən biri hesab edirdi . Atakişiyeva bu məsələləri təhlil edərkən həm tarixi konteksti, həm də müasir yanaşmanı nəzərə alaraq Ağaoğlunun ideyalarının aktuallığını əsaslandırır. Əsərin mühüm hissələrindən biri də Əhməd bəy Ağaoğlunun kulturoloji baxışlarına həsr olunmuşdur. Müəllif göstərir ki, Ağaoğlu mədəniyyəti “həyat tərzi” kimi dəyərləndirir və müxtəlif mədəniyyətlərin qarşılıqlı təsirini tərəqqinin əsas şərti hesab edirdi . O, Şərq və Qərb mədəniyyətlərini müqayisə edərək Qərbin elmi-texniki üstünlüyünü qəbul edir, lakin eyni zamanda milli-mənəvi dəyərlərin qorunmasının vacibliyini də vurğulayırdı. Bu yanaşma onun düşüncəsində balanslı və realist mövqenin göstəricisidir. Atakişiyeva bu ideyaları geniş şəkildə şərh edərək Ağaoğlunun kulturoloji konsepsiyasını elmi əsaslarla təqdim edir və onun müasir Azərbaycan kulturologiyası üçün əhəmiyyətini ön plana çıxarır. Kitabın ən mühüm cəhətlərindən biri də onun üslubudur. Elmi araşdırma xarakteri daşımasına baxmayaraq, əsərdə publisistik ruh aydın hiss olunur. Müəllif faktlara əsaslanmaqla yanaşı, mövzuya emosional və ideya baxımından da yanaşır. Bu isə əsəri yalnız mütəxəssislər üçün deyil, geniş oxucu auditoriyası üçün də əlçatan edir. Həcər Atakişiyevanın “Əhməd bəy Ağaoğlunun ədəbi-tənqidi görüşləri” əsəri Azərbaycan ədəbiyyatşünaslığında mühüm yer tutan fundamental tədqiqatlardan biridir. Bu kitab vasitəsilə oxucu təkcə Əhməd bəy Ağaoğlunun ədəbi-tənqidi baxışları ilə deyil, həm də onun dünyagörüşü, ideoloji mövqeyi və milli düşüncə sistemindəki rolu ilə yaxından tanış olur. Əsər həm elmi dərinliyi, həm də publisistik təsir gücü ilə seçilərək Azərbaycan ictimai fikir tarixinin öyrənilməsi baxımından əvəzsiz mənbə kimi qiymətləndirilə bilər. Bu kitab, eyni zamanda, milli kimlik, mədəniyyət və ədəbiyyat məsələlərinə maraq göstərən hər bir oxucu üçün düşünməyə vadar edən dəyərli bir əsərdir. Ülviyyə Nəriman qızı Hüseynova, Filologiya üzrə elmlər namizədi
(Q.Bayramov Cıdır düzündə Mir Mövsüm ağa Nəvvabın məzarını ziyarət edərkən – 2025, Şuşa)
Molla Pənah Vaqif və Qarabağ ədəbi mühiti
Azərbaycan xalqının XVIII əsrdə yetirdiyi ədəbi şəxsiyyətlərin ən qüdrətlisi Molla Pənah Vaqifdir. Onun yaradıcılığı Azərbaycan poetik düşüncə və bədii-estetik fikri tarixində yeni bir mərhələ açmışdır. M.P.Vaqif millipoeziyanın, realist bədii şeirin banisi, Yaxın və Orta Şərqdə ictimai şüur hərəkatının böyük avanqardı və ideoloqudur.
Bir mütəfəkkir-şair, ictimai xadim, böyük sənətkar kimi qədim və zəngin ənənələr üzərində yetişdiyinə baxmayaraq, M.P.Vaqifin titanik fəaliyyətinin bir çox sahələri haqqında danışarkən “ilk” sözünə, “birinci” təyininədönə-dönə müraciət etmək lazım gəlir. Yəni tarix, ictimai gerçəklik bütün şüurlu həyatını təmənnasız olaraq xalqın tərəqqisi işinə həsr etmiş bu alovlu ürək və nadir yaradıcı təfəkkür sahibinin çiyinlərinə, neçə-neçə müasiriningücü çatmayan çox ağır vəzifələr qoymuşdu.
Böyük iftixar hissi ilə etiraf edirik ki, M.P.Vaqif təkcə Azərbaycanda deyil, bütün Yaxın Şərqdə yüksək dərəcədə aydın konsepsiyaya malik ilk realist poeziyanın banisidir… Bu tarixi ədəbi hadisə necə baş veribdir?
Akademik Kamal Abdullanın belə bir deyimi var: “Mətnlə oynamaq!” İki sözdən ibarət bu fikirə bir monoqrafiyalıq məna, məzmun sığışıbdır! Görkəmli yazıçı və akademikin söyləmində bu, ” Mövcud mətnlərin başqa, tanış olmayan interpretasiyası (kimi buna deşifrə deyir…), başqa məzmunun köhnə formada imitasiyasıdır….”
Bu fikri perefraz edəsi olsaq M.P.Vaqif xalq şeir şəkillərinin məlum-məşhur mətnləri ilə oynayaraq onları məna və məznunca, ruhca tamamilə yeni bir axara saldı, onda da, “başqa (deyək ki, yeni) məzmunun köhnəformada (qoşmda, gəraylıda, müxəmməsdə) imitasiyası hadisəsi baş verdi və bununla da, poeziyada yeni bir mərhələnin başlanğıcını qoymağa nail oldu…
Akademik İsa Həbibbəyli yazır: “Molla Pənah Vaqif çoxəsrlik Azərbaycan şeirində ilk dəfə olaraq “qəzəli-aşiqanə”dən imtina edib, realist cizgilərə əsaslanan yeni tipli məhəbbət şeirləri yaratmışdır. …Molla Pənah VaqifMəhəmməd Füzulidən sonrakı və Mirzə Fətəli Axundzadədən əvvəlki dövr Azərbaycan realizminin yaradıcısıdır”.
M.P.Vaqif poetik irsi böyük ənənlərə söykəndiyindən belə cazibədar olmuş və yeni mərhələnin əsasını yarada bilmişdir. Qaracaoğlan (1606-1674), Aşıq Ömər (1630 – 1707), Aşıq Abbas Tufarqanlı (XVI yüzilin sonları – XVII yüzilin əvvəlləri), Sarı Aşıq (XVII yüzil) və başqaları ondan əvvəl yaşamış-yaratmış, Xəstə Qasım (1684-1760), Aşıq Valeh (1729-1822), Ağ Aşıq (Aşıq Allahverdi – 1754 – 1860) və bu kimi el sənətkarları isə onun müasiriolmuşlar.
Görk üçün iki misala müraciət edək.
Abbas Tufarqanlı:
Oğrun yollara baxmaqdan, Bağrım qan oldu, gəlmədi. Ağlamaqdan eynim yaşı, Bir ümman oldu, gəlmədi.
M.P.Vaqifdə:
Baddi-səba, bir müjdə ver könlümə. Ol güli-xəndanım neçin gəlmədi? Xəyalım şəhrini qoydu divanə, Sərvərim, sultanım neçün gəlmədi?
Sarı Aşıq:
Əyibdi qəddimi qaşların tağı, Qəsd eləyib şirin cana gözlərin. Bu qədər şux baxıb, aşiq, öldürmə, Heyifdi batmasın qana gözlərin.
M.P.Vaqifdə:
Vaqif ki, düşübdür əqlü kamaldan, Əskik olmaz başı qovğadan, qaldan, Nə zülflərdən bilin, nə xəttü xaldan, Eyləyibdir onu divana gözlər.
Sarı Aşıqda lirik qəhrəman “Şirin cana qəsd etləyir”, M.P.Vaqifdə “onu divanə” eyləyir – motiv eyni olmasa da, oxşardır, Vaqifin şux ovqatı ilə səsləşir… Sonrakı dövrdə, Aşıq Alı yaradıcılığında isə M.P.Vaqif poeziya havasının davamını müşahidə edirik. Aşıq Alının “Görmədim” gəraylısı buna əyani sübutdur:
Viranə bağlara mən oldum bağban, Almasın, heyvasın, narın görmədim. Bivəfa sözündən çox cəfa çəkdim, Bəslədim budağın, barın görmədim.
Belə misalların sayı onlarcadır və bütün bunlar bir daha göstərir ki, M.P.Vaqif Azərbaycan poeziyasının yeni mərhələsinin banisi kimi özündən əvvəlki ənənədən ustalıqla bəhrələnmişdir və ondan da, bollucabəhrələnmişlər… M.P.Vaqif Qazaxda doğulsa da, onun poetik ruhunu formalaşdıran, bir ustad sənətkar kimi yetişdirən XVIII əsr Qarabağ ədəbi mühiti olmuşdur. Qarabağ hakimi İbrahimxəlil xan Cavanşirin dövründə Şuşaözünün parlaq bir dövrunü – çiçəklənmə, tərəqqi, mədəniyyat dövrünü başlamışdı. Şəhərdə əsas ictimai qüvvəyə çevrilmiş sənətkarlar ordusu əmələ gəlmiş, burda xalq təfəkkürünün ən gözəl abidələrini yaradan mahir söz, qələm, fırça ustaları, müxtəlif zövqlü zəka sahibləri, yaradıcı qüvvələr toplaşmışdı. Şuşa həm də poeziya mərkəzi kimi formalaşmağa başlamış, Molla Pənah Vaqif başda olmaqla Qarabağ ədəbi mühiti yaranmışdı. Molla ƏliXəlifə, Molla Zeynalabdin və bir çox başqa şairlər Vaqif ədəbi məktəbinin içtirakçıları kimi hələ o dövrdə tanınırdılar. Böyük şair Molla Pənah Vaqif 1759-cu ildə Şuşanı özünə vətən seçərkən İbrahimxəlil xana yazdığı birfəxriyyədə deyirdi:
Qarabağ içrə bir şair Kəlimullah Musadır, Cavanşir içrə bir mövzun bayati dəsti beyzadır.
Bu misralardan məlum olur ki, Vaqif Qarabağa köçən zamana qədər Şuşa qalasında Musa Kəlimullah adlı məşhur bir şair yaşayıb-yaradırmış. Və o da aydın olur ki, Musa Kəlimullah XVIII əsr Qarabağ poeziya məktəbininilk rüşeymini yaradanlardan biri olmuş və bu məktəb sonralar inkişaf edərək M.P.Vaqifin şəxsində özünün ən yüksək pilləsinə qalxmışdır. Həmçinin, Qarabağda “mövzun bayatı dəsti” olması da bu beyitdə təstiqini tapır ki, burada da, M.P.Vaqifin sələfi olan Sarı Aşıq yada düşür… Yəni, bunu nəzərə çatdırmaq istəyirik ki, M.P.Vaqifin Qarabağa, Şuşaya gəlişinə qədər burada sayılan, seçilən bir poetik mühit mövcud idi və M.P.Vaqif bu mühitingenişlənməsin və dərinləşməsinə səbəb oldu… Molla Pənah Vaqif və Qarabağ ədəbi mühiti M.P.Vaqif öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkardır. Onun klassik bədii fikir salnaməmizin parlaq səhifələrindən birini təşkil edən irsi müasir dövrdə də, insanların əxlaqi-mənəvi kamilləşməsinəxidmət edir.
Azərbaycan tarixinə siyasi xadim kimi də daxil olan M.P.Vaqif hər zaman taleyüklü məsələlərin həllində müdriklik və uzaqgörənlik nümayiş etdirib. Qarabağ xanlığının baş vəziri, dövlət xadimi, diplomat olmuş şairAzərbaycan xanlıqları arasında ictimai-siyasi əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verib. Bu onun ictimai nüfuzudur… Onun ədəbi nüfuzu da, heç ictimai nüfuzundan əksik olmamış, əksinə bir-birini tamamlamışdır… Bir məsələni, yeri gəlmişkən, xatırladım ki, Müstəqillik illəri ədəbiyyatşünaslığında ilk dəfə “Qarabağ ədəbi mühiti” (2001) tədqiqatını mən aparmışam.
Bu tədqiqatda VII əsrdə Bərdəli Davdaqdan tutmuş, XXI əsrə qədər Qarabağdan çıxmış bütün şair və üləmalar barəsində, xronoloji ardıcıllıqla məlumat vermişdim. Sonralar bu ideya yaxşı ki, genişləndi və mənim təklif etdyim struktur dönə-dönə müxtəlif müəlliflər tərəfindən təkrarlandısa da, yaxşı olmayan və məni ağrıdan o oldu ki, biri də, ilk mənbəi xatırlatmadı…
Molla Pənah Vaqif Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus mövqeyi olan qüdrətli ədəbi simalardandır.
Ədəbiyyat tariximizdə Nizami və Füzulidən sonra ədəbi məktəb yaradan sənətkardır. Onun yaradıcılığı ədəbiyyatımızın yüksəliş tarixində şəksiz yeni bir mərhələnin başlanğıcıdır.
M.P.Vaqifin öz dövründə yaşayan şairlərin, demək olar ki, hamısı onun poeziyasının və ilhamının təsir dairəsində olmuşlar. Onun həməsri olan aşıq Əlağa Qaracadaği Kəlibərinin Molla Pənaha həsr etdiyi şeir sübut edirki, Vaqifin dövründə yazıb-yaradan şair və aşıqlar onun yaradıcılığına, şəxsiyyətinə yaxından bələd olublar, nəinki, onun təsiri ilə yazıb-yaradıblar, hətta ona ustad gözü ilə baxaraq Vaqifə şeirlər də həsr ediblər…
Bu gövhər gözlərin, ey alicənab, Tamam aşiqlərin şəminə gəlmiş. Fəsaətdə, bəlağətdə sənin tək İnanma ki, ruyi-zəminə gəlmiş.
Bu gəraylıda M.P.Vaqifin müasiri olan Əlağa Qaracadaği Kəlibəri M.P.Vaqifi ustad şair adlandırmış, dövrün bütün şairlərini, aşıqlarını obrazlı şəkildə pərvanəyə bənzədərək, onları ustadın şamının cazibəsinə gəlməsinəişarət etmiş, Vaqifi fəsaət və bəlağətdə yeganə hesb etmişdir. Onu bu əsrdə şairlərin başçısı, xanı hesab edərək, müdərris – müəllim adlanırmış və cəmi şairlərin onun “sözünün dəminə” gəldiyini bildirmişdir. Özünün də, busevdanın – təsirinə düşməsinə and içmişdir: “Vallah, billah, sən düşdüyün sövdayə, Artıq mən fəqirin sərinə gəlmiş”, – demişdir.
Tarixi faktlarla məlumdur ki, M.P.Vaqif ilk vaxtlar Şuşada müəllimlik etmiş, Şuşanın nücəbalarının övlalarına dərs vermişdir. Heç, şübhəsiz, bunların sırasında elmli, savadlı, hətta ilhamlı adamlar yetişmişdir. M.P.Vaqifİbrahim xan Qarabağinin övladlarına da dərs vermişdir. Bunlardan Ağabəyim ağa (1780-1832) və “Tuti” təxəllüslü Əbülfət ağa müəllimlərinin təsiri ilə şeirlər yazmışlar. Ağabəyim ağanın bayatıları məşhurdur. Ağabəyim Ağaqabiliyyətli, bacarıqlı və gözəl olmaqla bərabər, həm də çox vətənpərvər bir qadın olmuşdur. Azərbaycanca, farsca şeirlər yazmışdır.
Y.V.Cəmənzəmənlinin yazdığına görə Vaqifin şeirlərinin üzünü öz bəyazına köçürərmiş vəonlara bənzər qoşmalar, bayatılar yazarmış. Bizə gəlib çatan və dillər əzbəri olan bayatları da, bunlardır…
Qərib bir diyarda ömür-gün sürən, min nazın, nemətin içində bəslənən Ağabəyim vətən həsrətini söylədiyi bayatılarda dilə gətirir:
Qəriblikdə Qarabağ fauna və florasından apartdıraraq orada saldırdığı “Vətən bağı” gülüstanı da onun Vətən-Qarabağ həsrətini ovutmur:
“Vətən bağı” al-əlvandır, Yox içində Xarıbülbül. Nədən hər yerin əlvandır, Köksün altı sarı, bülbül”, –
deyə fəğan çəkir… Əbülfət xan Tutinin (???- 1839) də, yazdıqlarının çoxu türk, bir qismi isə fars dilindədir. Bir çox ünlü təzkirələrdə Əbülfət xan Tutidən istedadlı şair kimi danışılır və qoşqularından örnəklər verilir. Əbülfət xan TutininMəhəmməd ağa Müctəhidzadənin “Riyazül-aşiqin” təzkirəsində əksini tapan bir qəzəlindən iki beyt:
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldım, Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.
…Fərağın şiddətindən lal olur bu Tutiyi-təbim, Məzacım təlxdir kim ləli-şəkərxadan ayrıldım.
Əbdürrəzzaq bəy Dünbili öz əsərində Əbülfət xan haqqında yazır: “Elə şirin kəlamları var idi ki, Hindistan tutuquşuları onun bəlağətini şəkər süzülən bu beytlə söyləyirdilər:
Tuti səndən gözəl söz deyə bilməz, Sənin ağzından söz şəhdilə çıxar.
Nami-şərifi Əbülfət xandır. Qarabağ valisi İbrahimxəlil xan Cavanşirin adlı-sanlı və əziz xələfidir. Tərifə layiq zatı istənilən qədər yaxşılıq etməkdə məşhur, xoşagələn sifətləri o qədərdir ki, kəramət və şərafət arxı kimivəsf olunur”.
“Məcmueyi-divani Vaqif və digər müasirləri” adı altında çap olunmuş kitabda Vaqiflə yanaşı M.V. Vidadinin, Aşıq Pərinin, Acizin, Sabit Şəqaqinin və başqalarının da əsərlərinin çap edildiyi bildirilir.
Firidun bəy Köçərli yazır: “…Qafqaziyada hər bir əsr və zamanda sair möhtərəm və danişmənd şəxslər vücudə gəlibdir ki, özlərindən sonra əsərləri qalıbdır. …Şüəradan: Nişat, Ağaməsih Şirvani, Mirzə Əsgər, ZülaliŞirvani, Yusif Kosa, Asəf, Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Mirzə Məhərrəm Məriz Qarabaği və Fətəli bəy Hali Ziyadoğlu Gəncəvi.
Dağıstanda məşhur üləmadan bunların adları zikr olunur: Məhəmməd Qədəqi, İbrahim Ürəvi, Fazil İmaqi, Yusif Zərif Qumuqi, Davud Üsuli, Seyid Şünasi.
Yuxarıda adları zikr olunan şüaradan ki, cümləsi xan əsrlərinə mənsubdurlar, ən məşhuru Molla Pənah Vaqifdir ki, öz əsrinin və ondan sonra vücuda gələn bir çox şüəranın ustadı və pişrəvi olubdur. Sadə ana dilimizinşivəsində əvvəlcə şeir yazan Molla Pənah Vaqif olubdur”.
Firidun bəyin bu müşahidəsi sübut edir ki, təkcə Qarabağ ədəbi mühitinə deyil, Azərbaycanda xanlıqlar dövrü və ondan sonra yazıb-yaratmış bütün Azərbaycan ədəbi mühitinə Molla Pənah Vaqifin bir ustad kimi böyüktəsiri olmuşdur… Misal üşün, XIX əsrdə Xurşidbanu Natəvanın mənzum məktubuna Şamaxının Udulu kəndindən Molla Musa Şirvaninin şeirlə cavabı bu təsirlənmənin hüdudlarını aşkar göstərir:
Yetişdi xoş namən bizə, xan qızı, Sən ağlarsan, mən gülmərəm, sızdaram. Dərddidən dərddiyə salam eylərəm, Sən ağlarsan, mən gülmərəm, sızdaram.
Məlumdur ki, o dövrün mənzum məktublaşmasında belə bir qayda var idi ki, cavab da eyni qəlibdə, eyni qafiyədə olmalı idi. 1870-ci ildə yazılmış bu cavab belə bir güman yaradır ki, Natəvanın mənzum məktubu qoşmajanrında, Vaqifanə bir üslubda, tərzdə olmuşdur.
F.Köçərli daha sonra yazır: “…Müasirləri onun dərin elmini və mollalığını müşahidə edib haqqında demişdir: “Hər oxuyan Molla Pənah olmaz!” və bu istilah indi də, Zaqafqaz türkləri arasında bir məsəli-məşhurdur. Millişairlərimizdən onun kimi sadə və açıq lisanda və ana dilimizin şivəsində şeir və qəzəl yazan az olubdur. Müasirləri ona nəzirə yazmağa səy və təlaş ediblərsə də, onun kimi mühəssanatlı, gözəl və açıq kəlam söyləməkda acizqalıblar”.
Təkcə Azərbycanlı şairlər deyil, türkcə şeir yazan ermənilər belə (Mirzə Yusif Qarabaği (1794-1864) və Mirzəcan Mədətov) onun poeziyasının cazibəsində olmuş, hətta onların təşəbbüsü ilə Molla Pənah Vaqifinşeirlərindən ibarət “Məcmueyi-divani Vaqif və digər müasirin” adlanan ilk kitab 1856-cı ildə Teymurxanşurada buraxılmışdır. Ümumiyyətlə, M.P.Vaqif yaradıcılığı təkcə azərbaycanlılar arasında deyil, həm də gürcü və ermənimühitində məşhur olmuşdur. Məlumdur ki, uzun müddət Azərbaycan dili Qafqazda millətlərarası ünsiyyət vasitəsi olmuşdur və elə buna görə də, Vaqifin şeirləri yalnız Azərbaycan əlifbası ilə deyil, həm də gürcü və erməniəlifbaları ilə yazıya alınmışdır.
M.P.Vaqif Şərq poeziyasının bütün klassik formalarından istifadə edib. O, qəzəl, təcnis, müxəmməs, müstəzad, müəşşərə, müşairə, məsnəvi və mərsiyələr yazıb. Ancaq onun yaradıcılığının böyük bir qismi, aşıqpoeziyasından götürülmüş qoşma növündə yazılmış şeirlər təşkil edir. Həmin şeirlərin dili xalqın canlı danışığına çox yaxındır.
M.P.Vaqifin müasirlərindən onun dostu Şirvan xanı, “Müştaq” təxəllüsü ilə şeirlər yazan Məhəmmədhəsən xan Şirvani ilə də şeirləşmiş, o da, M.P.Vaqifi yüksək qiymətləndirərək ona bir tüfəng, at və kürk hədiyyəedərək yazmışdır:
Şeirinə təhsin ki, yetməz heç bir əşar ona, Hər kimin var isə həddi, söyləsin göftar ona, Kimsə ləb tərpətməsin kim, gəlməz istisfar ona, Eybdir Müştaqdan bu sözləri izhar ona, Tutmasın nəzm rəkakət, var isə kəmtər tüfəng.
M.P.Vaqifin müasirlərindən biri də, şair Ağqız oğlu Piridir. Ağqızoğlu Piri M.P. Vaqif və M.V. Vidadinin müasiri olmuş, onlarla yaxın əlaqə saxlamışdır. Güman olunur ki, Molla Pənah Vaqifin qardaşıdır. Heca vəzni iləyazılmış şeirləri vardır…
Ağqız oğlu Piri, sən məni əkmə, Özgənin yurdunda o damı tikmə, Qeyri gözəllərdən heç fikir çəkmə, Sən elə o gözü çərəni saxla!
Ağqız Pirinin elə şeirləri var ki, hətta tədqiqatçılar onu M.P.Vaqifin şeiri kimi qəbul ediblər. Məsələn, Firudin bəy Köçərlinin kitabında “Eylərsən” rədifli, M.V.Vidadiyə müraciətlə yazılan şeir M.P.Vaqifin şeiri kimi qəbul edilmiş, sonradan məlum olmuşdur ki, bu Ağqız Pirinin şeiri imiş:
Ey Vidadi, yenə xan qulluğunda Qaim olub, nə qiyamət eylərsən?! Yaman gözdən Allah özü saxlasın, İxlas ilə, kişi, xidmət eylərsən.
M.P.Vaqifin müasirlərindən biri də, şair Dəllək Murad (XVIII əsr) olmuşdur ki, bizə gəlib çatan nümunələrdə tamamilə M.P.Vaqif ruhunun təsiri aydın görsənir:
Qadir Allah, budu səndən diləyim, Sən mərdi namərdə möhtac eyləmə. Qeybi xəzinəndən yetir ruzisin, Sən mərdi namərdə möhtac eyləmə.
Onlardan biri də, Mirzə Camal Qalabəyi idi. M.P.Vaqif Ağa Məhəmməd şahın qətlinə yazdığı və öz müasiri M.V.Vidadiyə göndərdiyi “Bax” rədifli “Ey Vidadi, gərdişi-dövrani-gəcrəftarə bax, Ruzigara qıl tmaşa, karə bax, kirdarə bax” məşhur şeirinin məzmununa uyğun Mirzə Camal Qalabəyi də şeir yazmışdı:
“Ari, bu növ adət edibdir bu rüzigar, Hərgiz cəlali şövkətinə yoxdur etibar. Nakam, həsrət ilə gələnlər gedib tamam, Sultanü xan, mirü gəda, şahüşəhriyar”.
Mövzu, məzmun və hadisəyə münasibət, hətta bəzi ifadələr də oxşardır…
M.P.Vaqifin müasirlərindən biri də Aşıq Valeh idi. Aşıq Valehin yaradıcılığı elə bir dövrə təsadüf edir ki, bu dövrdə aşıq poeziyası, aşıq lirikası yazılı ədəbiyyata təsir göstərirdi. Yazıb-yaradan şairlərlə aşıqlar arasında da müəyyən yaxınlıq, dostluq var idi. Onlar hətta deyişir, bir-birilərinə nəzmlə məktub göndərirdilər. Bu zaman Aşıq Valehin əlaqə saxladığı, dostluq etdiyi, yaradıcılıq söhbətləri apardığı, fəxr və iftixar hissi ilə adını çəkdiyi sənətkarlardan biri də Molla Pənah Vaqif olmuşdur. Bunu Aşıq Valehin öz şeirlərindən, ayrı-ayrı bənd və misralardakı müraciətlərindən, el söyləmələrindən aydın görürük. Məsələn, o illərdə aşığın yaratmış olduğu bir şeirində deyilir:
Ustad Səməd sənətdə bir dağ idi, Kələntərli Alı fəndli bağ idi. On il əvvəl Molla Pənah sağ idi, Valeh kimi aşıqlar ustadı var.
Bu misralarda aşığın Molla Pənah Vaqifə olan səmimi münasibəti, duyğuları, onu özünə ustad bilməsi açıq şəkildə görünür. Hətta bəzi şeirlərindən görünür ki, Qarabağ vilayətində xalqı incidən zülmkarlardan Aşıq Valeh vilayətin baş vəziri, həm də yaxın dostu kimi Vaqifə müraciət edərək ondan kömək diləmişdir. Məsələn, şeirlərinin birində deyilir:
Molla Pənah, ərzim sizə söyləyim, Mahallıqca biz düşmüşük dara, bil. Şadlığı axtaran biçarə kəslər Həmdəm olub yenə ahu-zarə, bil.
Əlbəttə, belə bəndlərin sayını artırmaq da olar. Bu mərhələdə Qarabağ aşıqları məşhur idilər. Bunların sırasında Aşıq Valehin babası şair Məhəmməd, Aşıq Güllü, Aşıq Cünun, Aşıq Qənbər, Valehin ustadı olmuş Aşıq Səməd və digərləri də olmuşdur. M.P.Vaqifin Qarabağ aşıqları ilə sıx əlaqəsi olmuş və bu əlaqələr onların yaradıcılığına müsbət təsirini, şəksiz, göstərmişdir.
M.P.Vaqif ədəbi məktəbi XIX əsr Azərbaycan poeziyasında, o cümlədən də Qarabağ ədəbi mühitində yeni, coşqun bir vüsət aldı, tamamilə təzə, orijinal axara düşdü…
XIX əsr Qarabağ ədəbi mühitinin Qasım bəy Zakir, Mir Möhsün Nəvvab, Xurşud banu Nətavan, Abdulla bəy Asi, Həsənəli xan Qaradaği, Məşədi Məhəmməd Bülbül, Sədi Sani Qarabaği, İbrahim Tahir Musayev və başqalarının yaradıcılığında M.P.Vaqif poeziyasının təsiri aydın sezilməkdədir. Ümumiyyətlə, Şuşada fəaliyyət göstərən “Məclisi-üns”, “Məclisi-fəramuşan” ədəbi məclislərinin 40-dan çox üzvünün yaradıcılığında, məktublaşmalarında, müaşirələrində, xalq deyim tərzində yazdıqları əsərlərində M.P.Vaqif irsinin mükəmməl təsiri olmuşdur.
Ədəbiyyatşünas Nəsrəddin Qarayevin “XIX əsr Azərbaycan ədəbi məclisləri” tədqiqatında da göstərildiyi kimi, bu ədəbi məclislər içərisində həm iştirakçılarının sayına, həm də başqa ədəbi məclislərlə əlaqələrinə görə “Məclisi-üns” xüsusi yer tutur. Bu məclisin səsi-sədası nəinki Azərbaycanın ətraf, yaxın əyalətlərinə, həttaTiflis, İrəvan,Təbriz, Tehran, Aşqabad və başqa şəhərlərə belə yayılmışdı.
XIX əsrdə Şuşada və Qarabağın kəndlərində onlarca şair yazıb yaradırdı. Bu zaman Xurşidbanu Natəvan, Qasım Bəy Zakir, Məhəmməd bəy Aşiq, Cəfərqulu xan Nəva (Arif), Mirzə Əsəd, Aşıq Pəri kimi şairlər bir yerə toplaşar, qızğın müşairələr, deyişmələr keçirərdilər. Mirzə Əbdülqasım, Hacı Abbas Ağəh, Mirzə Rəhim Fəna, Mirzə Hüseyn Salar, İbrahim bəy Azər, Mirzə Ələsgər Növrəs, Məmo bəy Məmayi, Natəvanın oğlu Mehdiqulu xan Vəfa, Abdulla bəy Asi, Məhəmməd bəy Məxfi, Mirzə Sadıq Fəna, Mirzə Cəfər Köhnəfüruş, Həsən Qarabaği və başqaları…
“Məclisi-fəramuşan” isə Mir Möhsün Nəvvab ağanın təşkilatçılığı ilə qurulur. Burada Xan Qaradaği, Məşədi Əyyub Baki, Mirzə Cəlal, Səməd bəy, Bəhram bəy Vəzirovlar, Mirzə Əbdül Şahin, Həsən Qara Hadi, Mirzə İbrahim Tahir, Mirzə Fati xanım Kəminə fəaliyyət göstərirlər…
Bu məclislərdə bir sıra şairlər bilik və fəsaətlərini nümayiş etdirmək üçün fars dilində də şeirlər yazırdılar. Amma əsas üstünlük Azərbaycan dilində yazılan qəzələ və hecada yazılan şeirlərə üstünlük verilirdi. Bu şairlərin, demək olar ki, hamısının dil və üslubunda, mövzuya münasibətlərində M.P.Vaqifin təsiri aydın görsənirdi. Xüsusən, bədii təsvir, seçilən mövzuya realist münasibət, həyatilik, qəzəldə dil sadəliyi və anlaşıqlığı, təfəkkür və düşüncə tərzindəki aydınlıq, yenilik bunu sübut edir. Xurşidbanu Natəvanın qəzəlindən bir beyt:
Burada dilin aydınlığı, şəffaflığı ilə M.P.Vaqifin poetik dilinin şəffaflığı üst-üstə düşür. M.P.Vaqifin M.V.Vidadiyə müraciətən dediyi qəzəlin son beytlərinə diqqət edək:
Ey Vidadi, qəmi-hicranə giriftar olmaq Bir sənə, bir mənə, bir Yusifi-Kənanə düşər.
Eşqə düşmək sənə düşməz, qocalıbsan, belə dur, Belə işlər yenə Vaqif kimi oğlanə düşər.
Budur, elə bil, bu qəzəl XVIII, ya XIX əsrdə deyil, XX əsrdə, Əlağa Vahid dövründə yazılıbdır… Hətta, rədiflər də eynidir… Bunlar hamısı Molla Pənah Vaqifin əbasının altından çıxıblar ki, bunu heç cürə danmaq olmaz!!
Mir Möhsün Nəvvabla Mirzə Ələsgər Növrəsin məktublaşması Vaqiflə Vidadinin mənzum məktublaşması ilə paralellik təşkil edir:
Növrəs, nə yatıbsan qəflət içində, Ağırlaşıb gözün, qanə dönübdür.
misraları ilə başlanan şeirinə Növrəs də, eyni vəzn və qafiyə ilə cavab vermişdir.
Burada bir cəhəti qeyd edək ki, Şuşada fəaliyyət göstərən ədəbi məclislərdə klassik poeziya ənənəsi, əsasən də qəzəl janrı üstünlük təşkil etmişdir. Lakin burada dilin sadəliyi, anlaşıqlığı, ərəb-fars tərkiblərindən uzaqlaşmağa meyl M.P.Vaqif ənənəsindən gəlirdi. Həmçinin, bu o demək deyildi ki, bu şairlər heca vəznində yazmırdılar. Belə deyildi, məsələn, gətirdiyimiz nümunə, eləcə də, “Məclisi-fəramuşan”da fəaliyyət göstərən, oxuculara az məlum olan Qarabağın yetirməsi, ikidilli şairlərdən biri də Məşədi Əyyub Baki olmuşdur.
M.Ə.Bakinin “Riyazül-məhəbbət” adlı “Divan”ına daxil olan şeirlərini, eləcə də ayrı-ayrı cüng və məcmuələrdə olan bayatı, qoşma və şikəstələrini nəzərdən keçirəndə realist poetik təfəkkürün struktrunda M.P.Vaqif tərzinin aşkar izləri və təsiri görsənməkdədir. “Məşədi Əyyub Baki gənc olmasına baxmayaraq artıq 25 yaşında ikən Qarabağın sayılıb-seçilən şairləri səviyyəsinə ucala bilmişdi. Onunla məclis üzvlərinin yaxın dostluq əlaqələri olmuş, ayrı-ayrı şairlərlə, məclisin rəhbəri Mir Möhsün Nəvvabla müşairələri, bədahətən şeir deməsi onu hamının sevimlisi etmişdi. Baki son dərəcə hazırcavab və istedadlı şair idi. Məclisdə bədahətən deyilən beytlərə ilk cavabı da o verərmiş”.
Qarabağ ədəbi mühitinin istedadlı nümayəndələrindən biri də, yenə də oxuculara az məlum olan Məhəmmədəli bəy Məxfi idi. Şair bəzi tədqiqatçıların Molla Vəli Vidadi ilə səhv saldıqları, Qarabağ xanı İbrahim xanın dostu Mirzə Vəli Vidadinin nəvələrindən olub. Onun atası Məşədi Əsədulla bəy Vəlizadə də şeir yazarmış… Məxfinin babasının, atasının və özünün poetik təfəkkürünün formalşmasında M.P.Vaqif irsinin təsiri olmuşdur. Məhz bunu Məxfinin tədqiqatçıları da (filologiya elmlər doktoru Raqub Kərimov) aşkar edərək yazır: “Məhəmmədəli bəy XIX əsrin bir çox şairləri kimi Füzuli ədəbi məktəbinin nümayəndəsi olmuş, eyni zamanda, Molla Pənah Vaqifin ədəbi irsindən də təsirlənmişdir. Lakin o, sələflərindən fərqli olaraq məhəbbətin ən uca pilləsi olan platonizmdə dayanmır. Onu səmalardan endirib reallaşdırmağa, həyatiləşdirməyə çalıır” ki, burada o,
M.P.Vaqif məktəbinin sırasına keçmiş olur.
XIX əsr ədəbiyyatımızın nümayəndəsi, şair, pedaqoq, maarifçi Həsənəli ağa Xan Qaradağskinin lirik şeirlərinin ruhu, realist qanadı M.P.Vaqif ədəbi məktəbinin ruhuna uyğun idi. O, “Məclisi-fəramuşan” ədəbi məclisinin fəal üzvlərindən biri kimi tanınmışdı…
M.P.Vaqif ədəbi məktəbinə rəğbət bəsləyən şairlərdən biri də, 1858-ci ildə Şuşada dünyaya gəlmiş, XIX əsr Qarabağ ədəbi mühitində özünəməxsus yeri olan, müasirləri tərəfindən ehtiramla yad edilən Məşədi Məhəmməd Qaryağdı oğlu Bülbül görkəmli müğənni və musiqiçimiz Cabbar Qaryağdı oğlunun böyük qardaşıdır. Müğənni olmasına baxmayaraq, şeir yaradıcılığı ilə də məşğul olmuş, Qarabağ ədəbi məclislərinin fəaliyyətində iştirak etmiş Vaqifanə qəzəllər, gəraylılar və bayatılar söyləmişdir.
Qarabağ ədəbi mühitinin ən istedadlı nümayəndələrindən biri Abdulla bəy Asi (1841-1874) olmuşdur ki, onun üçün heç bir müşkül şeir forması mövcud deyildir. O, şifahi xalq ədəbiyyatından gələn janrlara yaxından bələd olduğu kimi, rəngarəng klassik şeir şəkillərindən də məharətlə istifadə edə bilmiş, Vaqif poetik irsindən bəhrələnmişdir.
Qarabağ ədəbi mühitinin istedadlı nümayəndələrindən olan Sədi Sani Qarabağı Türkiyənin Amasiya şəhərində yaşayan həmyerlisi, nəqşbəndi təriqəti mürşidi Mir Həmzə Seyid Nigarinin yanına gedərək onun müridi olmuşdur. Təriqət nümayəndəsi olduğuna baxmayaraq şairin yaradıcılığında həyatın realist təsvirinin, real gözəlin vəsfinin, ictimai nöqsanların tənqidinin üstünlük təşkil etdiyini görürük ki, bunlar da M.P.Vaqif ədəbi məktəbindən süzülüb gələn cəhətlər kimi, diqqəti cəlb edir.
Qarabağ ədəbi mühitinin yetirdiyi Mir Mehdi Xəzani XIX əsr mədəniyyətimizə tarixçi-alim, həm də istedadlı şair kimi daxil olmuşdur. Son dövrlərə qədər onun ədəbi irsinin yalnız bir hissəsi oxuculara məlumdur. Mir Mehdi Xəzani poeziyası təkcə məhəbbət mövzulu şeirlərlə məhdudlaşmır. Zəngin həyat tərcübəsi, geniş dünyagörüşü olan şairin yaradıcılığında yaşadığı mühitin çatışmazlıqları, məhdud cəhətləri, cəmiyyətdəki neqativ hallar bu və ya digər dərəcədə əksini tapır. Təbii ki, şair bu çatışmazlıqları üsyankarcasına deyil, müdrik el ağsaqqalı, təcrübəli din xadimi və sadiq Allah bəndəsi kimi M.P.Vaqifin “Görmədim” rədifli şeirinin ruhuna uyğun bir poetik yanaşma üsulunda qələmə almışdır.
Qarabağ ədəbi mühitinin istedadlı şairlərindən biri də, Azərbaycan və fars dillərində yazan Məmo bəy Məmaidir (1842-1918). Bütün Qarabağ şairləri kimi, o da Vaqif yaradıcılığını yaxşı bilmiş, onun pərəstişkarı olmuşdur. Məmo bəyin M.P.Vaqifin “Bax” rədifli müxəmməsinə yazdığı bir nəzirə bu günümüzə gəlib çatmışdır:
Alim əfsad eyləsə aləm fəsad ilə dolar, Düzdü rəhzənlər geyinmiş cameyi-əlayə bax.
Şairin 23 bənddən ibarət olan “Bizi məyus edən dəhrdə məyus olsun” müxəmməsi də onun poetik təxəyyülünün Vaqifanə realist istiqamətindən xəbər verir və elə bil, bu günün hadisələrinə yazılıbdır:
…Tarümar oldu vətən gülşəni, pamal oldu, Bulbulani-vətən avarə qalıb, lal oldu, Bir deyən olmadı, “yarəb, niyə bu hal oldu?” Düşdü yadıma kecən günlərim, əfsus olsun, Bizi məyus edən, dəhrdə məyus olsun.
M.P.Vaqif şeirinə nəzirə yazanlardan biri də “Şaki” təxəllüsü ilə şeirlər yazan Şəkili Rəşid Əfəndiyevdir (1863-1942). Rəşid Əfəndiyev Şaki Peyğəmbərimizin mədhinə yazdığı şeirində M.P.Vaqifin “Bəh, bəh, nə əcəb, şükür xudanın kərəminə, Olmaz belə qamət, belə gərdən, belə sinə” misraları ilə bəndlənən müxəmməsindən istifadə etmişdir: “Qurban belə elmə, belə fənnə, belə dinə, Bəh, bəh nə deyim, şükür xudanın kərəminə”. XIX əsrdə M.P.Vaqif ənənələrinin ən kamil davamçılarından biri də Aşıq Pəri olmuşdur. Aşıq Pərininin yaradıcılığı, öz dövrünün ən məşhur şairləri ilə qoşma və gəraylılardan ibarət mənzum məktubları, deyişmələri məlum olduğundan xatırlatmaqla kifayətlənirik… Molla Pənah Vaqifin yaradıcılığının bilavasitə təsiri altında XIX əsr Qarabağ ədəbi mühitində tənqidi-realist məktəbin əsasını qoymuş Qasım bəy Zakir kimi nəhəng nümayəndəsi yetişərək poetik inkişafın istiqamətini tamamilə yeniləmiş, Vaqif zirvəsinə yüksəlmişdir ki, bu barədə də, qədərincə tədqiqatlar və məlumatlar mövcuddur…
M.P.Vaqifin öz dövründə və sonrakı mərhələdə sevdirən, ustad səviyyəsinə qaldıran və ədəbi məktəb, poetik mühit yaratmaq qüdrətinə malik olması nə ilə bağlı idi? Qısa bir şəkildə ümumiləşdirəsi olsaq, qeyd edərdik ki, sənətkarın istifadə etdiyi janrlar o qədər də çox deyildir. Bunlar konkret olaraq aşağıdakılardır: qoşma, təcnis, qəzəl, müxəmməs, müstəzad və müəşşər.
Göstərilən janrlardan qoşma və təcnis xalq ədəbiyyatının, qalanları isə klassik poeziyanın poetik şəkilləridir. İş burasındadır ki, müəllif öz novatorluğunu, əsasən, qoşmalarında – xalq ədəbiyyatına məxsus janrda təsdiq edə bilmişdir. Yazılı ədəbiyyata aid janrlarda isə onun poeziyası məzmun, ifadə tərzi, ideya-bədii keyfiyyəti ilə sələflərindən xeyli fərqlənsə də, orijinallıq keyfiyyətini tam şəkildə bərqərar edə bilmir. Bu yolda şair bir ənənəçi olaraq qalır. Ədəbiyyatımız tarixində Vaqifin söz xəzinəsinə ayrıca mərhələ hüququ qazandıran, onu ədəbi məktəbə çevirən, ilk növbədə, qoşmalarıdır…
Vaqif lirikasının əsas xüsusiyyətləri millilik, xəlqilik, realizm, sadəlik və nikbinlikdir. Millilik, xəlqilik, realizm və sadəlik sənətkarın yaradıcılığının ən mühüm əlamətlərindəndir. Həm də, onu sələflərindən fərqləndirən, ona ədəbi məktəb yaratmaq imkanı verən əsas keyfiyyət göstəriciləridir. Vaqif poeziyasının isnad etdiyi, seçdiyi aparıcı mövzular ənənəvi məhəbbətin, gözəlin və insan gözəlliyinin tərənnümüdür.
Vaqifin bədii təfəkkürünün və qələminin qüdrəti ənənəvi mövzunun istər forma-şəkil əlamətlərini, istərsə də mahiyyət-məzmun tərəfini köklü şəkildə dəyişə bilməsindədir. Yəni şair həm klassik poeziyanın ənənəvi janrlarını qoşma ilə əvəzlədi, həm deyim tərzini və ifadə üsulunu təzələdi, həm bədii metodu dəyişdi, həm də mahiyyəti mücərrədlikdən xilas etdi, ona yeni, real məzmun aşıladı. Bununla da estetik idealın köhnə, ənənəvi məzmununa da yeni təravət gətirmiş oldu. Əlbəttə, bunlar deyildiyi kimi, millilik, xəlqilik, realizm və sadəlik elementlərinin vəhdəti və təzahürü hesabına baş verdi. Ümumiyyətlə, M.P.Vaqif xalq, xüsusilə aşıq poeziyasının yaradıcılıq texnologiyalarını, demək olar ki, zədələmədən bir küll halında yazılı ədəbiyyata gətirmiş, onu bir mahalın estetik zövqü miqyasından çıxarıb bütövlükdə Azərbaycan türklərinin klassik bədii təfəkkürü səviyyəsinə yüksəltmişdir. Vaqifin milli ruhu təzələmiş şeirindəki yenilik və millilik ondan sonra yranan ədəbi mühitin estetik kredosuna çevrilmişdir…
İndi biz 300 il bundan əvvəl yaşamış müasirimizin yubileyini qürur və təntənə ilə keçiririk. Akademik Nizami Cəfərov “Xalqın böyük şairi” məqaləsində haqlı olaraq göstərir: “Azərbaycan xalqının böyük şairi, mütəfəkkiri və dövlət xadimi Molla Pənah Vaqifin üç yüz illiyinin bütün dünyada, xüsusilə vətəni müstəqil Azərbaycanda təntənə ilə qeyd olunması humanist, mütərəqqi tarixi şəxsiyyətə, onun ideyalarına, poeziyasının heç zaman öz təravətini itirməyəcək estetik təsir gücünə, sözün geniş mənasında “şirin dili”nə tükənməyən ehtiramdan, sevgidən, vurğunluqdan irəli gəlir”. Məqaləmizi Azərbaycan ədəbiyyat tarixçiliyinin babası, Şuşalı, erməni vandalizminin qurbanı, Azərbaycanda, eləcə də Gəncə-Qazax bölgəsində marifçiliyin inkişafında əvəzsiz xidməti olan Firudin bəy Köcərlinin sözləri ilə bitirirəm: “Molla Pənah Vaqifin Qafqaziyada vücuda gələn şairlərin babası və ustadı adlanmağa haqqı vardır!!”
Ulu Səməd Vurğun 1935-ci ildə M.P.Vaqifə həsr etdiyi şerində yazmışdı və böyük şairin bu diləyi, arzusu 1982-ci ildə reallaşsa da, 1992-ci ildə, Şuşanın işğalından sonra erməni vandalları vaxtilə özlərinin beyət etdikləri böyük şairin bu abidəsini də, digər abidələr kimi dağıtmışlar:
Dolansan dünyanı sən qarış-qarış, Tarix bir meydandır, ömür bir yarış. Ölkəmiz yarışın ön səflərində, Bir yeni dünya var hər əsərindəg Qalxacaq, şairim, bir gün heykəlin, Bizim Qarabağın Cıdır düzündə Vaqif canlanacaq onun üzündə…
M.P.Vaqif Qarabağ ədəbi mühitinin yetirməsi olsa da, o milli təfəkkürün və dilin hələ XVIII əsrdə meydana çıxmış möhtəşəm hadisəsi kimi özündən sonrakı dövrlərin (elə bu günümüzün də…) poetik mühitinin yaranmasında, inkişafında olduqca mühüm əhəmiyyətə malikdir ki, bunu XXI əsrdə M.P.Vaqifin 300 illik yubileyinin müstəqil Azərbaycan respublikasında təntənə ilə keçirilməsi əyani sübutdur…/”Ədalət” qəzeti”.-2017.- 21,22,23, 26 dekabr./ MANERA.AZ
Xankəndini ziyarət etdikdən sonra Şuşaya qayıtdıq. Qala qapısının yaxınlığında yastana yerdə qoyulmuş heykəllərlə şəkil çəkdirib qaladivarları ilə üzü aşağı Şuşa yazılan girişə endik. Yerdə əmənkömənciyə rastladım, qayıdanda bir topa yığıb özümlə götürdüm. Amma o yerləri gəzdikcə igidlərin ayaq izlərini gəzirdim. Yuxarı qalxıb Qövhər Ağa məscidinə ordan da Cıdır düzünə tərəf yollandıq. Cıdır düzü bir tərəfi meşəlik, bir tərəfi sıldırım qayalıq. Mən ondan iri qayalıqlar, düzəngahlar gördüyümə görə mənə elə də təəcüblü göz oxşayan görünmədi. Sadə bir təpəlik. Səməd Vurğunun göyəzən dağına yazdığı şeirini xatırladım. Olsun, dedim ürəyimdə. Bəzən toponimlər öz müəllifləri ilə əbədiyyət qazanır və bir də igidlərimizin ayaq səsləri azadlıq yaratmışdı daşlarda. Min illər keçəcək, bu günlərin əziz xatirəsi unudulmaz qalacaq. Bir vaxtlar at çapılmış bu yastana ayaq izləri ilə öz yaşarlığını tapmışdı. Bundan sonra da igidlərimizin canı qanı ilə müqəddəsliyinə davam edəcək. Orda bir neçə şəkil, qısa video çəklişi edib Vaqif məqbərəsinə yetişdik. Poeziya günləri keçirilən yerdə şəkil çəkdirmədim. Mən bu yerdə kürsüyə qalxıb şeir səsləndirəndə şəklim çəkilib tarixə düşər. Əks halda özümə haqsızlıq etmiş olardım.
Əzəmətli bayrağın dalğalanan uca Şuşası sən bizim ağrılarımızın şahidisən. Sənin hər daşını öpüb göz üstünə qoysaq yenə də azlıq edəcək. Gün qaralmadan Laçına çatıb, Mərkəzi kitabxanaya kitablarımızı bağışlamalıydıq… Ordan ayrılanda Şuşanın ətri burnumdan uzun müddət getmədi. Laçınla Şuşa arasından Qubadlıya çəkilən dolama yollar uzaqdan selə oxşayırdı.
Yolqırağı böyürtkən kolları, turşsu, insanların əllərində dopba ilə baş ucunda gözləyib növbə ya da növbədən kənar su qablaşdırıb içmələri adama sevinc bağışlayırdı. Biz də elə burada nahar edib, torbamıza çəmənlikdən qantəpər, qaraçörək otu toplayıb yolumuza davam elədik.
“Atamla düşmən tərəfindən dağıdılmış, sökülmüş, viran qoyulmuş evimizə yaxınlaşdıq. Bu evimizlə, doğma kəndimizlə son dəfə vidalaşdığımız gün idi. Gördüyüm mənzərə heç vaxt gözümün qarşısından getməyəcək. Həyətə səpələnən kitabları görəndə dəhşətə gəldim. Evimizdə iki kitabxana var idi. Xalamın kitabları da bizim evdə idi. Yağı düşmən sanki bu evdə cəza verməyə insan tapmadığından bütün qəzəbini kitabların üstünə tökmüşdü. Bir anlıq qaçıb kitabları yerbəyer etmək, hamısını birdən qucaqlayıb götürmək istədim. Anacaq heç birini etmədim. Əyilib cəmi iki kitab götürə bildim…”– bu sözləri göz yaşlarını zorla saxlayaraq deyən insanın hansı hislər keçirdiyini təsəvvür edəndə qaçqınlıq, köçkünlük həyatını yaşayanların nə qədər güclü olduqları haqda bir daha düşündüm.
Gör nə qədər güclü olasan ki, evsiz, eşiksiz qalıb nəinki əzilməyəsən, sınmayasan, hətta ayağa qalxıb ömrünü, gününü Qarabağda zəfər çalana qədər sözünlə, yazdığın əsərlərlə, gördüyün işlərlə düşmənlə mübarizə aparasan! Bir zaman döyüşcü olaraq doğma kəndin uğrunda vuruşduğun kimi hər saat, hər an dilindən Qarabağ kəlməsi düşməyə. Məhz belə yaşadı o. Evdə, çöldə, tədbirlərdə , harda olsa qələbəyə ümidini itirmədən uzun illər həsrətdən danışdı bu adam.
Hamımızın yaxşı tanıdığı, Azərbaycanın hər qarışını, doğma Qarabağı canından artıq sevən və övladlarına sevdirən qazi şair, yazıçı və xeyirxah insan, əslən Ağdamın Yusifcanlı kəndindən olanZaur Ustacdan gedir söhbət.
Zaur Ustacın heç kimdən heç nə ummadan, Azərbaycan xalqının dəyərlərinə yüksək qiymət verərək, böyük-kiçik yerini bilərək Azərbaycana etmək istədikləri həddindən artıq çoxdur. Hər dəfə onun FB səhifəsini açanda yeni bir fikir, yeni bir layihə ilə rastlaşırıq. Hərdən mənə elə gəlir ki, bu insan gecə-gündüz dayanmadan çalışır. Bu yaxınlarda səhifəsində dostunun onunla yazışmasına rast gəldim.
–Sənin işlərin nə vaxt bitəcək?– dostu soruşur
– Heç vaxt. Sadəcə bir gün yarımçıq qalacaq...- deyə cavab verir Zaur Ustac.
Yaşının, həyatının çiçəkləndiyi bir vaxtda bu insan həyatının bitməsindən çox işlərinin yarımçıq qala biləcəyindən narahatdır.
Bu gün bu maraqlı, bəzən qeyri-adiliyi ilə fərqlənən insanın doğum günüdür. Adətən belə gündə dostlara, yaxınlara, qohumlara böyük bir fürsət verilir ki, onlar ürəyində olan xoş sözləri, arzu və diləkləri doğum günü olana desinlər. Mən də bu fürsətdən istifadə edib Zaur Ustacı təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və yaradıçılıq uğurları arzu edirəm.
“Dünya bildikdə bizim olur. Dünya bildiyinizdən artıq bizim ola bilməz”
Onun haqqında hətta qısa məlumatları da nəzərdən keçirmək kifayətdir ki, kimliyi, qeyri-adi şəxsiyyəti haqqında tam təsəvvür yaransın: Xudu Surxay oğlu Məmmədov 1927-ci il dekabrın 14-də Qarabağda – Ağdam rayonunun Mərzili kəndində anadan olub. Azərbaycanlı kristalloqraf-alim 1970-ci ildə geologiya-mineralogiya elmləri doktoru, 1973-cü ildə professor elmi adlarına layiq görülüb. Xudu Məmmədov 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilib.
1957-ci ildən Azərbaycan Elmlər Akademiyası Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun Struktur kimya laboratoriyasının müdiri vəzifəsində çalışıb. Əsas elmi işləri kristallokimya sahəsində idi. Xudu Məmmədov həm də Azərbaycan xalça sənətindəki naxışlarla bərk cisimlərin kristal qəfəsi arasında eynilik olduğunu sübut edən nadir istedad sahiblərindən biri idi.
Bənzərsiz elmi təfəkkürə malik olan Xudu Məmmədovun məşğul olduğu elm sahəsi də başqalarına bənzəmirdi. Bir çox kəşfi ilə dünya alimlərini heyran edən Xudu müəllim silikat birləşmələrindən bir çoxunun quruluşunu müəyyənləşdirərək həmin birləşmələr ilə karbonatlar, yarımkeçiricilər və s. arasında kristallokimyəvi qohumluq əlaqəsini aşkara çıxarıb. Elmi terminlərlə ifadə eləsək, 50-dən çox üzvi liqandlı kompleks birləşmənin molekul və kristall quruluşunu öyrənib, elektronoqrafiya, rentgen-spektral analiz və hidrotermal sintez üsullarını tətbiq edib.
Xudu müəllimin yüksək ixtisaslı elmi kadrlar hazırlanmasında da müstəsna xidmətləri olub. “Şərəf nişanı” ordeni və medallarla təltif edilib…
Xudu müəllimin elmi fəaliyyəti ilə yanaşı dillər əzbəri olan bayatıları, rübailəri, zərb-məsələ dönən fikirləri də məşhurdur. Onun vaxtilə söylədiyi bu sözlər keşməkeşli həyat yolunun, arzularının, ümidlərinin ifadəsi idi:
Çiy yumyrta soyulmaz,
Göydə ulduz sayılmaz,
Bütün xalqlar oyandı,
Mənim xalqım ayılmaz.
Elim köməyim olsun,
Əlim köməyim olsun,
Kimsəyə yük olarsam,
Ölüm köməyim olsun.
Onun bitib tükənməyən arzularından daha çox dostları xəbərdar idi. Türk dünyasının böyük şairi, Xudu müəllimin ən yaxın dostlarından biri Bəxtiyar Vahabzadə onun hamıya bəlli olmayan xüsusiyyətlərindən belə danışardı:
– 1970-ci illərin sonlarında bir gün Nurəddin Rzayevlə Xudu Məmmədovun evində qonaq idik. Söhbətimizin mövzusu əsasən Azərbaycanın gələcəyi və Türkiyə ilə münasibətləri ətrafında idi. Nədənsə söhbət hərəmizin ən müqəddəs arzusu barədə oldu. Mən ən müqəddəs arzumun Azərbaycanın cənublu-şimallı birliyində olduğunu dedim. Nurəddin dedi ki, ən böyük və müqəddəs arzum Azərbaycanın gələcəyinin parlaq olmasını görməkdir. Xudu isə dedi: “Ən böyük arzum budur ki, bir gün qapımız döyülsün, gedib açım görüm ki, əlində süngülü tüfəng olan türk əsgəridir. Soruşsun ki, kommunist Xudu Məmmədov burada yaşayır? Deyim ki, bəli, mənəm… Desin ki, biz Türkiyədən gəlmişik Azərbaycandakı sonuncu kommunist olan Xudu Məmmədovu güllələməyə…”
Xudu müəllim hələ ötən əsrin ortalarında o günü görürdü. Bilirdi ki, bir gün sərhədlər açılacaq, sovet quruluşu dağılacaq, 1918-ci ildə olduğu kimi yenə bir gün türk əsgəri Bakıya əlində silah gələ biləcək – Azərbaycanı düşmənlərdən qorumaq üçün, ona arxa durmaq üçün…
“Bu qala bizim Qala”
Bu Qala – bizim Qala,
Qaldıqca bizim Qala.
Qurmadım, özüm qalam,
Qurdum ki, izim qala.
O vaxtlar Ağdam RPK-nin birinci katibi işləyən Sadıq Murtuzayev Xudu müəllimin “tikdiyi qalalar”la bağlı iki hadisəni xatırlayır. Bunun biri Ağdamın məşhur “Çay evi”, o biri isə Kəlbəcərdə İstisu yaylağında tikdiyi binadır:
…Ağdam məscidinə hər cümə günü Qarabağın hər yerindən namaza gəlirdilər. Bu ibadətgah Qarabağda fəaliyyət göstərən yeganə məscid idi. Və bu binəva məslək sahibləri üçün heç bir şərait yox idi. Bəzən dəstəmaz üçün su da tapılmırdı. Yaxınlıqda yaraşıqlı bir bulaq tikdirdik, lakin bu, kifayət deyildi. Bir gün Xudu Məmmədov mənə “Yaponiya” adlı jurnal verdi ki, elə-belə tanış olum. Mənim diqqətimi çin-yapon üslubunda tikilmiş bir bina cəlb etdi və dərhal qərara gəldim ki, məscidin qarşısında bu üslubda bir “Çay evi” tikdirim. Fikrimi ona deyərkən alqışladı və xahiş etdi ki, icazə verim, onun maketini düzəltsin və tikintiyə rəhbərlik etsin. Məmnuniyyətlə razılaşdım. Ertəsi günü səhər saat 6-da maketlə yanıma gəldi. Dərhal işə başladıq. Yeməkxana olan zirzəmisilə 4 mərtəbəli yaraşıqlı bir bina qısa müddətdə istifadəyə verildi və az qala Ağdamın bir rəmzinə çevrildi. Hər gün səhər saat 6-da iş icraçısı kimi özünü tikintiyə çatdıran bu fədakar Vətən oğlu orada işləyənlərə elə örnək oldu ki, könüllü olaraq gəlib burda işləmək istəyənlərin sayı gündən-günə artırdı…
Mən digər böyük üç dostla (onlara böyük üçlük deyirdilər) – Bəxtiyar Vahabzadə, professor Nurəddin Rzayev və Xudu Məmmədovla Kəlbəcərin Dəlidağ yaylaqlarına çobanlarla görüşə getmişdik. Gecəni Əli Abbasovun alaçığında keçirib səhər dərədəki bir meydançada çobanlarla görüşdük. 500 nəfərədək adam toplaşmışdı. Birdən sanki Allahın bir möcüzəsi baş verdi. Təzəcə söhbətə başlamışdıq ki, bir anda qara bir bulud parçası gəlib üstümüzdə dayandı və çox şiddətli bir yağış tökdü. Bizi yaxınlıqdakı alaçığa çəkməyə çalışdılar. Heç birimiz getmədik. Hamı iliyinədək islandı. Söhbətimizi qısaltdıq, ən başlıcası, söz demək istəyən çoxlu çobanın sözü ağzında qaldı.
Biz tez sağollaşıb yola düşdük. Heç birimiz dinib danışmırdıq. Çox qəribə olsa da, mən qeyri-adi bir mənəvi gərginlik keçirirdim. Sanki tədbirin yarımçıq qalmasının günahkarı mən idim. Çox böyük sarsıntı içərisində düşüncələrimə qərq olmuşdum. Qəflətən dilə gəlib dedim ki, tapdım. Hər üçü təəccüblə üzümə baxdılar. Sözə başladım. Abşeronda işləyərkən Moskvanın qərarına əsasən Bolqarıstanın Razqrad mahalı ilə Abşeron rayonunun qardaşlaşması yaranmışdı. Oraya ikinci gedişimdə məni Razqrad şəhərinin fəxri vətəndaşı seçmiş və xüsusi pasport vermişdilər. Mahalın Dəli orman (Dəli meşə) adlanan çox zəngin bir təbiət qoruğunda Voden deyilən kurort və burada məşhur türk sərkərdəsi Osman Paşa tərəfindən tikilmiş maraqlı bir bina var idi. Dəyirmi binanın mərkəzində bir neçə xırman həcmində bir zal və ətrafında da xırda otaqlar yerləşmişdi.
…Binanın 10 metrliyində məscid vardı. Osman Paşanın iqamətgahı idi və burada o, xarici qonaqları, səfirləri qəbul edirmiş.
Yol yoldaşlarıma həmin binanı təsvir edib dedim ki, tədbirimiz yarımçıq qalmış meydanda belə bir bina tikdirəcəyəm.
Xudu Məmmədov dərhal səsimə səs verərək dedi: “İcazə verin, tikintiyə mən “prorablıq” edim”.
Nurəddin Rzayev də eyni çılğınlıqla ona etiraz etdi ki, “axı sən infarkt keçirmisən, bu səfərə də zor gücünə qoşuldun. Əl çək bu fikirdən”. Lakin Xudu Məmmədov əl çəkmədi. Mən gecə saat 12-də professorla onu Mərzili kəndindəki evinə qoyub şəhərə qayıtdım. Səhər saat 6 olmamış gördüm ki, Xudu Məmmədov əlində təsvir etdiyim binanın maketiylə qonşuluğumdakı qonaq evinin həyətindədir…
Həmin gün hazırlıq gördüm, ertəsi gün çoxlu inşaatçı, tikintiyə ilkin lazım olacaq daş və sementlə onları Dəli Dağa yola saldıq. Orada hava telefonu quraşdırdıq. Çox qəribə olsa da, Ağdamdan bəzən 15-20 km məsafədə eşidilməyən bu telefon 190 km məsafədə çox gözəl eşidilirdi. Hər gün Xudu Məmmədov mənə telefonla nə lazım olduğunu sifariş verir, mən də dərhal göndərirdim. Bina görünməmiş bir sürətlə, 14 günə hazır oldu. Bu müddətdə oraya 170 maşın material göndərilmişdi. Binanın ən qəlbi yerində Ağdamın ağ daşları ilə “Ağdam” sözü də yazılmışdı. İndi orada da mənfur qonşularımız ya at oynadır, ya da bəlkə də onu da dağıdıblar.
Xudu Məmmədov belə ziyalı, belə vətəndaş, belə insan idi.
Xudu Məmmədov haqqında çox deyilib, yox yazılıb və yazılacaqdır. Bunlar daha çox böyük alim, istedadlı tədqiqatçı, ixtiraçı olması ilə əlaqədar olub. Mən isə onun böyük vətəndaş, son dərəcə nəcib, sadə, təvazökar, xeyirxah bir insan olmasını önə çəkib onun böyük ziyalı şəxsiyyətini bu keyfiyyətlərilə tamamlamaq istədim.
Qarabağ münaqişəsi alovlanarkən Ağdama Dağlıq Qarabağın kəndlərindən axın-axın qaçqınlar gəlirdi və onları qarşılayıb yerləşdirərkən daima yanımda idi. Yanıb yaxılırdı, respublika rəhbərliyinin acizliyinə, biganəliyinə dözə bilmirdi. Onu bu dərdlər apardı. Böyük Üzeyir bəy Hacıbəylinin ev muzeyində ürəyinin partlaması da bu dərdin məhz orada tüğyan etməsinin faciəli nəticəsi, Üzeyir bəyin ruhu qarşısında onun dözüm gətirə bilməməsinə dəlalət edirdi.”
O günü böyük dərdlə, yanğı ilə xalq artisti Fərhad Bədəlbəyli belə xatırlayır: “Xudu müəllim mənim qucağımda can verdi.” 15 oktyabr 1988-ci ildə Qarabağda hadisələrin gündən-günə tüğyan etdiyi bir vaxtda…
“İnsanlar şəhərlərə bir-birini tanımamaq üçünmü yığışırlar?”
Alimin aforizmə çevrilmiş fikirləri arasında bu deyimin ayrıca bir yeri var: “İnsanlar şəhərlərə bir-birini tanımamaq üçünmü yığışırlar?” Bir vaxtlar Azərbaycanın ən böyük kəndindən çıxıb ən böyük şəhərinə gələn Xudu müəllimin ən böyük suallarından biridir bu! Baxmayaraq ki, bu böyük şəhərdə onun ruhu kimi sözləri, kəlamları da dolaşmaqdadır. Budur Xudu müəllimin sözü – Xudu müəllimin ruhu:
“Qonşu qonşuya baxar, özünü oda yaxar” – deyiblər. Ancaq “Qonşu qonşunun atasını yandırar” deməyiblər.”, “Məsələ predmetdə deyil, ondan necə danışıldığında və ona necə baxıldığındadır.”, “Pislər pisləri pisləşdirdiyi qədər yaxşılar yaxşıları yaxşılaşdırmırlar.”, “Bir şeyi və hər şeyi bilən heç bir şey bilmir.”, “Bütün yeniliklər fantastik xəyallar arxasınca gedilərkən tapılıb.”, “Danışa bilməmək hələ bədbəxtlik deyil, danışa bilməməkdir. Bədbəxtlik sarsaq danışıb, özünü danışan hesab etməkdir.”, “Onu xalqın pis münasibətindən qanun qoruyurdu.”, “Mürəkkəblik çətinlik olmasa belə, onu insanlar özləri üçün yaradırlar.”, “Əsərin qəhrəmanlarının kimlər olduğunu oxucu əvvəldən bilirsə, onların danışığında mürəkkəblik artıqdır. Danışıqlar naturadakı rənglər kimi olmalıdır. Əgər qəhrəmanlar sonda açılırsa, danışıqlar sistematik funksiya daşıyır, yəni mürəkkəbliyi ifadə etmək üçün vasitədir. Ona görə də onda məntiqi bağlılıq ardıcıl olmalıdır.”, “Orada insan əli ilə yaradılmış heç bir gözəllik yox idi…”, “Ömür yadda qalan günlərın sayı ilə ölçülür”, “Məqsədə arzumu itirmiş gəldim…”, “Vəzifə verirlər, sonra iş axtarırlar…”, “Təbiət daşları necə də adama oxşadır. Əksinə də olur.”, “Şairin özü bir yana, hər uğurlu sözü insanlar arasında bir körpü, bir bağlı teldir.”, “Üzünü gəncliyə tut, səsin gələcəyə çatsın.”, “İnsanların sıxlığından insan üçün darıxmaq da qəribə bir haldır.”, “Göylərin söhbətini dinləmək istəyirsənsə, çadır götürüb dağlara çıx. Əlçatan uzaqlığa get. Yoldaşın həsrət, qonaqların izsiz itən xəyallardan başqa kimsə olmasın. Əlinə qələm alma, danışma. Təbiət danışırsa, sən sus!”, “Şam çadırımdakı cansızların kölgəsini necə də dirildib. Yanımdan dinməzcə burulub keçən çayın sakitliyini lilli suda toqquşan daşlar pozur. Su hey qalxır, qalxır, dalğaları çadırımın ətəyini yalayacaq qədər yaxınlaşır. Bu aramsız yağan yağış – göylərin göz yaşı… Göylərin dərdi necə də böyükdür. Göy gurultusu – elə bil göydəki nizam sökülür. Nə sakitliyinə sakitlik, nə də səsinə səs çatmaz, göylər! Sən bizi göz yaşlarınla qarşıladın! Səndən başqa mənim üzümü göz yaşları ilə kim islatdı? Qoy taleyim küsməsin, bu sözümü elə belə dedim. Vüsalı şirin olsa da, belə həsrətə dözmək çətin olardı”, “Həyat insanın başını xırdalıqlarla qatmasaydı, insan varlığı heyrətdən yox olardı”, “Yaşamaq üçün yox, düşünmək üçün bir sığınacaq tapmalı oldum”, “Dünya başıma dolanmasın deyə, özüm dünyanı dolanmağa başladım”, “Dərdi olmaq qorxulu deyil, ağlaya bilməmək qorxuludur”, “Təşkil olunmuş bekarçılıq…”, “Başa düşülmək üçün başa düşməyə çalış”, “Yersiz görülmüş iş də yersiz deyilmiş söz kimidir”, “Qabiliyyətsizlik hələ qorxu deyil. Qorxulu onun çalışqanlığıdır”, “Adamların qanunla qorunmaq dərəcəsinə çatması yüksəlişdirmi?”, “Pislikdən danışmaq yaradıcılığı hamıya verilib”, “Nəcib qəlbli insanı özünə borclu et və borcunu yerinə yetirməyə imkan vermə, olsun faciə!”, “İdeal adam olmur, ideallaşdırmağa layiq adamlar olur”, “Tənhalıq görüş ümidi ilə isinir. Demək, ölümdən sonra düşüncənin yaşaması yalandır”, “Sən dünyaya lazım olmayanda dünya da sənə gərək olmur.”
“Deyirlər: “Dünyanı gözəllik xilas edəcək”. Doğrudur, amma gözəlliyin özünü xilas edə bilsək”, “Təbiət qanunları ilə cəmiyyət qanunlarının əsas fərqi ondan ibarətdir ki, birinciləri cəzasız pozmaq mümkün deyil, ikinciləri isə mümkündür.”
“Tanrı insanı yaşada bilmir, el yaşadır”
Xudu Məmmədov haqqında söz demək çətindən çətindir. Elm və mədəniyyətimizdə, ictimai düşüncəmizdə əzəmətli bir zirvə olan Xudu müəllim elinə, obasına, xalqına, Vətəninə, dilinə, musiqisinə vurğunluğu ilə xalqının, millətinin sevgisini qazandı. “Elmin vətəni yox, alimin Vətəni olmalıdı” fikrini Xudu müəllim tez-tez söyləyərdi. Sanki bu günümüzə baxaraq, bu günümüzü görərək deyirdi:
Anam ozan olubdur,
Dərdə dözən olubdur,
Dili haqdan bağlanıb,
Naxış düzən olubdur.
Sənə bəslədiyim, Vətən, nə simdi?
Səsinnən ürəyim əsim-əsimdi.
Sevgimin əvəzin vermək istəsən,
Bir ovuc torpağın olmaq bəsimdi.
Xudu müəllim öz yaradıcılığı, şəxsiyyətilə Füzuli, Xətai, Mirzə Fətəli, Mirzə Cəlil, Sabir, Üzeyir bəy kimi Azərbaycanın mənəvi gücü və o gücü daima çiyinlərində saxlayan dayaqlardan biri idi. Belə yanaşsaq bəlkə itkilərimizi daha dəqiq qiymətləndirə bilərik. Get-gedə daha sürətlə azalan bu ziyalıları pul aldada, var-dövlət azdıra bilmədi! Dünyaca məşhur Eynşteynin dediyi kimi: “Siz İsa peyğəmbəri, Musa peyğəmbəri pul kisəsi ilə təsəvvür edə bilirsinizmi? Mən təsəvvür edə bilmirəm”. Siz təsəvvür eləməyə çalışın… Onlara millətin dərdi, əziyyəti, iztirabları lazımdır ki, apara bilsinlər. Apara bildikcə apardılar, apara bilməyəndə isə… Bəlkə ona görə Xudu Məmmədov deyirdi: Dərdlərim yetim qalsa, məndən sonra kim çəkər. Doğrudan da, indi bu dərdi çəkən, əziyyətə sahib duran çoxdurmu?
Xudu müəllimə məktub və ya “…Onun qəlbi qarabağlıların səs telləri kimi incə idi”
Xudu Məmmədov rəhmətə getdikdən sonra onun haqqında dostu həkim Nurəddin Rzayev bir kitab yazıb. Bu kitab Xudu Məmmədovu yaxşı tanımayanlara bir daha tanıtdı. Kitabda Xudu müəllimin çalışmaları, türk tarixinə baxışları və düşüncələri öz əksini tapıb. Kilimlərdə, xalçalardakı naxışlarla bağlı fikirləri, yaradıcılığının bəzi tərəfləri burada geniş əks olunub. Xudu müəllimi bir insan kimi tanımaq üçün orda təsvir olunan bir hadisəni yada salmaq yerinə düşərdi. Nurəddin Rzayev dostu Xudu Məmmədov haqqında yazırdı:
“Xudu, mən və Bəxtiyar Vahabzadə çox köhnə dostlar idik. Bir yerdə oturub bol-bol söhbətlər edərdik. Ailəmizlə bir yerdə 1978-ci ildə Xızıya dincəlməyə getmişdik. Orada bizi tanıyan kəndlilər görüşümüzə gəlirdilər. Xüsusilə Bəxtiyarın şeirlərindən xoşlananlar daha çox gəlirdi. Çox yaraşıqlı 12-13 yaşında bir oğlan uşağı bizə yaxınlaşdı. Xudu bu uşağı yanına çağırıb danışdırdı. Uşağın ata-anası yox idi. Bir qəzada ölüblərmiş. Xudu bunu duyduqdan sonra uşağa daha çox məhəbbət göstərdi. Uşaqdan soruşdu ki, sənə Bakıdan bir şey göndərməmi istərsənmi? Uşaq da Xuduya “istərəm” dedi. Xudu ona “Nə göndərim sənə?” soruşduqda uşaq Xuduya “Mənə məktub göndər, mənə kimsə məktub göndərmir” dedi. Xudu göz yaşlarını saxlaya bilməyib ağlamağa başladı. Bakıya döndükdən sonar o uşağa məktub yazır, hədiyyələr də göndərirdi!
Sonda Yavuz Bülənd Bakilərin “çiçəyin qoxusu kimi, ruhun ipəyi kimi soylu bir insan” olaraq qiymətləndirdiyi Xudu müəllimə məktub yazaraq ona öz sözlərini göndərirəm. Bu, Xudu müəllimin vaxtilə Xızıda görüb Bakıdan məktublar göndərdiyi o kimsəsiz uşağın illər sonra ona məktubu da adlana bilər:
“İnsana insan ehtiyacı yaradan müqəddəs günahlar, Sizə eşq olsun!
İnsanlar arasında olmayınca ölü və diriliyini necə bilərsən?
Sənə uzun ayrılığın sınağından çıxmış bir məhəbbət gətirmişəm.
Amma Qarabağı yox…”
P.S. Dekabrın 14-ü həm də Azərbaycana dünya şöhrəti gətirən Rəşid Behbudovun ad günüdür. Oxuduğu nəğmələr ilə nəsillərin yaddaşına köçən, unudulmayan, dəyərdən düşməyən Rəşid Behbudov. “Azərbaycanım”, “Ana”, “Qızıl üzük”, “Bakı”, “Zibeydə”, “Alagöz”, “Laçın”, “Uzun gecələr”, “Gəlmədin”, “Sənə də qalmaz”, “Sənsiz”, “Ayrılıq”, “Qalada yatmış idim” və daha nələr… Bir də Qarabağ. Ondan ötrü, həqiqətən, ölməyə də, öldürməyə də dəyər. Onlar bunu hamımızdan yaxşı bacardı…
Xudu Məmmədov və Rəşid Behbudov – Qarabağdan nigaran gedən, Qarabağdan ötrü lazım gələndə ölməyi bacaran böyük qarabağlılardan ikisi…
Harada kitab, ədəbiyyat, incəsənət, mədəniyyət adına bir layihə varsa, Səlim Babullaoğlu imzası mütləq orada var! Mənə görə bunlardan ən möhtəşəmi, hələ də sönməz ulduz kimi parlayanı (bu layihənin bəhrələrini hələ uzun illər çoxlu nəsillər dadacaq və bərəkətindən faydalanacaq) “Atv kitab” – “Parlaq imzalar” olub… Bu gün əlavə təqdimata ehtiyacı olmayan Səlim Babullaoğlunun doğum günüdür! Şad gününüz mübarək, əziz və gözəl insan! Hər yeni saat, yeni gün, yeni il, uğur gətirsin inşəAllah! Başdan ayağa söz adam, şeir adam, kitab adam! Allah can sağlığı versin!!!
Salam hörmətli oxucular və çox dəyərli ziyarətçilər! Bayramınız mübarək! Bu il Ramazan bayramını Şuşa məscidində bayram namazı qılmaqla, Cıdır düzündə “Xarıbülbül festivalı – 2021”-in qala konserti ilə qeyd etmək böyük xoşbəxtlikdir! Bu səadəti bizə bəxş edən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə minnətdarlığımızı bildirir, hamınızı bütün bu şanlı qələbələr, nilliyyətlər, bayramlar münasibəti ilə təbrik edirik! Bayrağımız uca, uğurlarımız daimi, müstəqilliyimiz əbədi olsun, İnşəaAllah!!!