Can ay Ana, bu baxışda nələr var… Bu baxışda, Poladının ilk dişi, İlk addımı, gülüşü var, yeriş var… Bu baxışdan asılıbdı murazlar… Bu baxışda Poladının ilk beşi, Gülərüzü, şux qaməti, duruş var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda yoxa çıxıb diləklər, Bu baxışda zaman da yox, məkan da… Bu baxışda itib bütün mizanlar… Bu baxışda dünya çöküb iməklər, Bu baxışda yelkən də yox, sükan da… * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda Poladın ilk rütbəsi, Bu baxışda şərəf də var, şan da var… Bu baxışda fəğan edir arzular… Bu baxışda min vaizin xütbəsi, Al don geymiş qürub da var, dan da var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda qədər namı ağlayır, Bu baxışda Polad adlı oğul yox… Bu baxışda tükənibdi niyazlar… Bu baxışda kədər qəmi dağlayır, Mum tək yumşaq, polad kimi oğul yox…. * * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda Poladının mərdliyi, Ərənliyi, cəsurluğu, qürur var… Baxışının hərarəti dondurar… Bu baxışda fəxarətin sərtliyi, Ağalığı, amirliyi, onur var… * * * Can ay Ana, bu baxışda nələr yox?! Bu baxışda susub qapı zəngləri, “Polad gəldi”, dur ayağa deyən yox… Bu baxışda od qalayır xəyallar… Bu baxışda itib dünya rəngləri, “Ana” – deyə, şirin-şirin gülən yox…
* * * Can ay Ana, bu baxışda nələr var… Bu baxışda xanım, xatın bir Ana, Sinəsində bağrı çat-çat olan var… Bu baxışdan neçə Ana boylanar… Bu baxışda Nüşabə tək şir Ana, Tomris kimi kükrəyən var, yanan var… 12.01.2021. – Bakı.
Qeyd: Bu şeiri yayımlamaq arzusunda olan sayt və mətbuat nümayəndələrinə yayım hüququ verilir. Səninlə qürur duyuram, Azərbaycan gənci!
QARDAŞ Sən gəzən yerlərə gəlmişəm, Qardaş! Qanın axan yerdə lalə bağrı qan. İlk sübh şəfəqində çatmışam bura, Rəngindən rənginə qatıb oğru dan. * * * Lənət o günə ki, açıldı səhər, Namərdin dişinin dibində zəhər, Dilində boğazdan yuxarı qəhər, O müdhiş yalanı dedi doğrudan… * * * İndi bu kol-kosun nə günahı var? Çəlləyə çiv olan palıd günahkar! Ətrafda dağ-daş da ağlayır zar-zar… Bülbüllər dilini udub qorxudan… * * * Nə yaxşı bu “tale”, “qismət” sözü var, Sığınıb onlara olduq gözü dar, Lap bilmək istəsən düzü ay İlqar, Hamının yaradır qəlbi ağrıdan… * * * Ustaca təsəlli oğlunla qızın, Biləsən, itməyib çörəyin, duzun, Haçansa yenə də doğsa ulduzun, Hilalı boylanır hər gün Ağrıdan… 07.07.2022. Azərbaycan.
Qeyd: Bu şeiri yayımlamaq arzusunda olan sayt və mətbuat nümayəndələrinə yayım hüququ verilir. Səninlə qürur duyuram, Azərbaycan gənci!
MÜQƏDDƏSLƏR (… bütün məzarsız Vətən övladlarına ithaf olunur…) Səngəri məzarı olan qardaşım, Hələ də bilinmir əhvalın sənin… Dəfndən Məada Bərzəx deyirlər, Məchuldur durumun, məqamın sənin… * * * Silahın pas tutub, daha heç atmaz, Dəbilqən gəzsə də, çəkmən köç etməz, Kəmər yox olsa da, toqqan heç itməz, Qumquman olubdu kimliyin sənin… * * * Üç rəngli bayrağım süsləyən dağlar, Hər zirvə minlərlə şəhidi ağlar, Bənövşə çiçəyi qəlbimi dağlar, Dağların ağ qarı kəfənin sənin… * * * Zaur buz bulaqdan içəmməz daha, Bənövşə müqəddəs, dərəmməz daha, Ağ qarı tapdayıb, gəzəmməz daha, Bu yurdun nəyi var, ünvanın sənin… 09.05.2021. – Bakı.
Qeyd: Bu şeiri yayımlamaq arzusunda olan sayt və mətbuat nümayəndələrinə yayım hüququ verilir. Səninlə qürur duyuram, Azərbaycan gənci!
Sənin o üzündə İlahi bir nur, Sənin o üzündə xoş bir təbəssüm. Demək, sən Allahın seçilmişisən, Demək, sən Allahın sevimlisisən. Bu millətin ən əzizi, Şəhidim! Bu millətin ən dirisi, Şəhidim!
Səndən başqa o zirvəyə kim qalxar? Səndən başqa o zirvəni kim alar? Ucalığa qalxa-qalxa ucalar. Bu millətin ən əzizi, Şəhidim! Bu millətin ən dirisi, Şəhidim!
Sevgilərin sevimlisi Vətəndi. Ona qurban, axan qandı, bədəndi. Şəhid sonda arzusuna yetəndi. Bu millətin ən əzizi, Şəhidim! Bu millətin ən dirisi, Şəhidim!
Sən övladsan, sən igidsən, sən ərsən. Düşmənlərə qan udduran ərənsən. Sən özün də bizim üçün Vətənsən. Bu millətin ən əzizi, Şəhidim! Bu millətin ən dirisi, Şəhidim!
Sənin yolun zirvələrə gedən yol, Sənin yolun o müqəddəs, Vətən, yol, Sənin yolun Bayraqlarla bitən yol. Bu millətin ən əzizi, Şəhidim! Bu millətin ən dirisi, Şəhidim! 12.12.2020.
QUCAĞINI GENIŞ AÇ… ( Gizir Pəncəli Teymurova həsr olunur.) Qucağını geniş aç, gəlirəm Ana Torpaq, Çox döymüşdüm qapını, səhər-axşam taq-taraq, Hər gəlirəm deyəndə, əlimdə vardı bayraq, O qutsal əmanətin, ünvanına yetibdi… Sancmışam Sancağımı, rahat gəlirəm indi…
Səhər-axşam deyərdim, bu canım sənə fəda, Nə olur mənə olsun, təki sən görmə qada, “Komandir yaxşı olsa, ordunu verməz bada”, Komutanım öndədir, gül-çiçək düz yoluna… Sıra ilə gəlirik, yer ver girək qoynuna…
Çox dilək diləmişdim, Bayraq olsun kəfənim, Xəyalım gerçək olub, sevinməsin düşmənim, Dualarım qəbuldu, ağlamasın sevənim, Ana, sən də gözünün qorasını sıxma ha… “Oğul düşmən çəpəri”, qurban gedər torpağa… 12.04.2016. Bakı. Qeyd: Bu şeiri yayımlamaq arzusunda olan sayt və mətbuat nümayəndələrinə yayım hüququ verilir. Səninlə qürur duyuram, Azərbaycan gənci!
Bu gün Aprel döyüşləri qəhrəmanı, şəhid Elmdar Səfərovun doğum günüdür. Allah rəhmət eləsin, ruhu şad olsun. Elmdar Səfərovun rəsmini oğlum rəssam Babək Tuncay Gözəlov çəkmişdir.
DAYAQ İDİ ELMDAR
Qanlı aprel gecəsi sipər oldu yuruna, Şərəf-şöhrət gətirdi şanlı Milli orduma, Çaqqal bata bilərmi Azərbaycan qurduna, Vətənin keşiyində sayıq idi Elmdar, Hər gün, hər an, hər saat oyaq idi Elmdar.
Vətən eşqi vermişdi “Get irəli!” əmrini, Çünki qurban demişdi yurda cavan ömrünü, Düşmənin göz dikdiyi yerdə qazdı qəbrini, Hər təltifə hər ada layiq idi Elmdar, Hər gün, hər an, hər saat oyaq idi Elmdar.
Vətən dardadır deyə üzü gülmürdü bir an, Qisas üçün ürəyi çırpınırdı hər zaman, İlk fürsətdə vermədi xain düşmənə aman, O günü gözləyirdi, ayıq idi Elmdar, Hər gün, hər an, hər saat oyaq idi Elmdar.
Sığallayıb basmışdı bağrına bu torpağı, Yandırırdı içini yurd dərdi, Vətən dağı… Bilirdi ki, hücuma qəfil keçəcək yağı, Daim əli tətikdə, duyuq idi Elmdar, Hər gün, hər an, hər saat oyaq idi Elmdar.
İgidliyi, mərdliyi nəsldən-soydan aldı, Yaxşı əməllərilə el gözündə ucaldı, Zirvələrə aparan onu tutduğu yoldur, Elinə-obasına dayaq idi Elmdar, Hər gün, hər an, hər saat oyaq idi Elmdar.