Etiket arxivi: ŞƏHLA BABAYEVA

Model və Tanqoçu Şəhla Babayeva ilə müsahibə

Model və Tanqoçu Şəhla BABAYEVA 

Model və Tanqoçu Şəhla Babayeva ilə müsahibə

   Müsahibimiiz “Nefertiti.accessories” brendinin yaradıcısı Şəhla Babayevadır. Şəhla xanım artıq beş ildən artıqdır ki, qardaş Türkiyənin İstanbul şəhərində yaşayıb çalışır. Əczaçılıq üzrə təhsil alsa da, xüsusi bacarıq və qabiliyyətləri onu müxtəlif peşə istiqamətlərində də özünü sınamağa imkan verir. Müsahibimiz ilk dəfə cürbəcür rəngli muncuqlardan, parça və lentlərdən və s istifadə etməklə göz oxşayan, maraqlı qadın bəzək əşyaları, gəlin tac və fataları, saç aksesuarları  hazırlamaqla başladığı işi ilə “Nefertiti accessories” adlı brendini yaratmışdı. Bununla yetərincə tanınan bu işgüzar xanım, yeni işlərə də tükənməz həvəs və enerji ilə başlayır. Söz düşəndə də çoxumuzun eşitdiyi bir frazanı tərkar edib deyir ki, İstanbul bahalı şəhərdir, burda yaşayıb özünü və ailənin maddi tələbatını ödəmək üçün bəzən bir neçə işin qulpundan yapışmalı olursan…

    Şəhla xanımın Bakıda olduğunu biləndə onunla söhbətləşmək, ilk görüşümüzdən bəri həyatında və işlərində hansı yeniliklrin olduğunu öyrənmək qərarına gəldik.

1. Şəhla xanım, vətəndə sizi yenidən xoş gördük. Necəsiniz, işləriniz necədir? Adətən hər insanın doğulduğu, böyüdüyü yer ona vətəndir, hara getsə yenə torpaq çəkir. Bəs sizə hazırda yaşadığınız şəhər qərib sayılırmı?

Hörmətli Zaur bəy, əvvəlcə sizi və kollektivinizi salamlayıram. Sizə müsahibə üçün təşəkkürümü bildirirəm. Mən yaxşıyam, işləyirəm, oğlum artıq beşinci sinifdə oxuyur. Düzdür onun xüsusi diqqət və qayğıya ehtiyacı olduğundan bəzən ardıcıl çalışa bilmirəm. Amma uzun müddətli fasilələrim olmur. Bilirsiniz ki, oğlum” Uşaq autizmi”ndən əziyyət çəkir, elə gəlişimin bir məqsədi də onun pensiya qeydiyyatının təzələnməsi ilə bağlıdır.

Qaldı ki, yaşadığım ölkənin və əsas da şəhərin doğma ya qərib olmasıyla bağlı sualınıza, deyim ki, əvvəllər çətin olur əlbəttə. Dilimiz nə qədər yaxın görünsə də fərqli tərəfləri də çoxdur. Odur ki, dili öyrənmək vacibdir, həm də başlanğıcda sanki komfort adlanan zonadan çıxırsan, hər gün adət etdiyin rahatlıq və eynilik artıq yoxdur. Darıxırsan, bəzən lap peşmanlıq da keçirirsən, elə adamlar tanıyıram, heç bir ay dözə bilməyib geri qayıdıb. Halbuki əlində daşdan keçən diplomu,  ehtiyac olan ixtisası vardı, dövlət işi də öz yerində… Mənim bu barədə bəxtim gətirib(gülümsəyir).

2. Məncə bacınız sizdən əvvəl köçüb İstanbula, onun işi necədi, yəqin ki, həyatınızın bu dönəmində onun da əməyi olub.

   –Bəli, bacım Vüsal artıq on ildir İstanbulda yaşayır, ingilis dili üzrə mütəxəssis, peşəkar tərcüməçidir. Magistr təhsilini İstanbul Aydın Universitetində alıb, uşaqlıq arzusu idi ingilis dili tərcüməçisi olmaq, niyyətin hara mənzilin ora deyiblər. İşləmək və yaşamaq üçün də seçimi İstanbul olub. İxtisasına sadiq qalıb və işini də bu istiqamətdə qurub. Allaha şükür, işləri qaydasındadır. Əlbəttə, yaşayış yerimizin dəyişməsində və elə indi də bacımın üstümüzdə böyük əməyi var və bu  danılmazdır. Ona təşəkkürlərim sonsuzdur, onsuz bəlkə də mən bu addımı ata bilməzdim. Dediyiniz kimi, qərib şəhər, fərqli insanlar…

3. Şəhla xanım, sənətiniz, işinizlə bağlı bəzi məqamları bilirik, amma insanın özünə də açılmayan möcüzəli tərəfləri var, bəzən heç gözləmədiyi zamanda güman etmədiyi hadisələr baş verir. Yenə əl işləri ilə məşğul olursunuzmu, ümumiyyətlə orada necədi, bu aksesuarlara nə dərəcədə təlabat var? Axı indi belə bəzək əşyalar satılan mağazalar da, elə bu işi görən adamlar da çoxdu?

Doğru deyirsiniz, mən bu işə başlayan ilklərdən idim. Təlabat da çox idi, çox işi internet üzərindən həll edirdim, xüsusən də satış məsələsini. Sonra digər sahələr kimi, burda da necə deyərlər “tünlük” yarandı. Məncə hər şeyin bir vaxtı olur, biri nəsə yaradır, çoxları bundan bəhrələnir və nəticədə rəqabət artır… Alternativ nəsə mütləq olmalıdı. O işi də davam etdirməklə yeni bir işə “bismillah” demişəm, inşallah yaxşı olar.  

4. Belə başa düşdüm ki, yeni bir sahədə çalışmağı planlayırsınız, bəri başdan uğurlar arzulayıram, və bilmək olarmı o nə işdir?

Niyə olmur, başlamaq istədiyim iş də geniş yayılmış bir işdir, elə Türkiyədə də, Azərbaycanda da işləyənlər kifayət qədərdi. Amma mən risk elədim, öyrənib sertifikat da aldım, indi qalır Allahın köməyilə başlamaq…

5. Sizin həmişə yeni, fərqli bir hobbinizin olduğunu bilirəm, sanki höbbi özü də bir hobbidir sizin üçün. İndi bilmədiyimiz hansı tərəfinizlə heyrətləndirəcəksiniz bizi?

(gülür), Zaur bəy, məndən asılı deyil, mən oğlaq bürcüyəm, daim axtarışdayam,  yeni nəsə tapanda və ya yaradanda sevinirəm. Başıma çoxlu ideya və fikirlər gəlir, bəzən onları reallaşdırmaq çətin olur təəssüf ki. Mənim əvvəldən rəqsə həvəsim vardı. Bu maraq məni tanqoçu etdi deyərdim. Artıq üç ildir Tanqo dərsləri alıram, buna sevgi rəqsi də deyirlər, tərəf müqabilin düşüncələrini hiss etmədən oynamaq çətindir. Rəqsin canı, ruhu ruhuma çox yaxındır, artıq bu sahədə demək olar ki, mütəxəssis dərəcəsindəyəm. Rəqsin adı latınca toxunmaq mənası verən “tangere” sözündən götürüldüyü ehtimal edilir. Tanqo Montevideo və Buenos Ayresin kasıb məhəllələrində yaranıb ilk dəfə və sonra dünya rəqs inciləri sırasına yüksəlib. İnsanlar bu rəqslə öz daxili hiss və yalnızlıqlarını, sözlə ifadə edə bilmədikləri sevgi və kədəri ifadə edirdilər.

Burda Tanqo rəqs gecələri təşkil olunur, deyəsən elə Bakıda da yaratmağa başlayıblar . Bu gün Tanqo mənim üçün vaz keçilməzə dönüb, çox sevirəm, bu rəqsin öz dili var… Gələcəkdə inşallah qismət olsa Tanqo məktəbi açmağı da düşünürəöm. Əlbəttə bu bir ideyadır, görək…

6. Şəhla xanım sonda sizə səmimi söhbət üçün təşəkkür edirik. Sizə möhkəm can sağlığı və başladığınız işləri uğurla davam etdirmək üçün ruh yüksəkliyi, səbir, təmkin və güclü iradə arzulayırıq.

Sizə minnətdaram, isti münasibət, diqqət və əhatəli suallarınız üçün təşəkkür edirəm. Mən də sizə can sağlığı və işlərinizdə uğurlar dilyirəm.

Şəhla BABAYEVA – “Nefertiti”ni təqdim edir.

-Biz təşəkkür edirik! YAZARLAR adından bolluca uğur arzulayırıq!

Söhbətləşdi: Zaur USTAC

ŞƏHLA BABAYEVA HAQQINDA

ZAUR USTACIN DİGƏR YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Nefertiti” brendinin qurucusu Şəhla Babayeva ilə müsahibə

Şəhla BABAYEVA – “Nefertiti” brendinin qurucusu.

Onun barmaqları qızıldır, ideyaları isə tükənməz…

   Şəhla əvvəlcə elə dünyaya gəldiyi özəl günlə fərqləndi. 31 dekabr… Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni ilin astanasında hələ heç nəyinə bələd olmadığı dünyaya gəlişi ailəyə üçüncü bayramı da yaşatdı. Sabirabad rayonunda doğulan bu qızın uşaqlığı güvənli, qayğı ilə əhatə olunmuş keçdi, orta məktəbi bitirib 2 nömrəli Bakı Tibb Texnikumunun əczaçılıq fakültəsinə qəbul olundu. Ailədən mənimsədiyi işgüzarlığı, öz imicini yaratmaq meyli, daima axtarışlarda olması nəticəsiz qalmadı. Hələ birinci kursda ikən əmək fəaliyyətinə apteklər şəbəkəsindən  başladı…

   Musahibimiz bir ildən artıq Türkiyənin İstanbul şəhərində yaşayan Azərbaycanda Əl işləri və gəlin aksesuarlarından ibarət “Nefertiti” brendinin qurucusu Şəhla Babayevadır.

-Şəhla xanım, necə oldu ki, bu işə başlamağa qərar verdiniz? İlk hazırladığınız nə oldu və bundan nə qədər gəlir əldə etdiniz? Ümumiyyətlə, sizi bu işin ən çox maddi, yoxsa mənəvi tərəfi maraqlandırır?

-Orta məktəb illərindən özümün xüsusi bacarığım olduğunu kəşf etmişəm. Mənim çoxlu gəlinciklərim vardı. Hamısına da ad qoymuşdum. lk dəfə onlar üçün paltar tikmişəm. Ən çox da gəlin paltarı tikir, ona uyğun fata düzəldirdim. Sonra mənimlə bərabər arzularım, ideyalarım da böyüdü. Evdə köhnə hesab edilən bəzək əşyası və suvenirləri götürüb görkəmini dəyişirdim. Bir dəfə sosial şəbəkələrin birində bir gəlin şəkli gördüm, saçına vurduğu aksesuar marağma səbəb oldu. Beləcə indiki işimin bünövrəsi qoyuldu… İlk əl işim gəlin üçün bel kəməri olub, qazancım isə 8 manat oldu… İş insanı məmnun etməlidi, işləyərkən daxili rahatlıq hiss etməlisən. Mən bu işimlə xoşbəxtəm, həm də bir növ qazanc yerimdi.

-Bildiyimiz kimi, belə işlərlə məşğul olanlar çoxdur, amma hamı uğur qazana bilmir. Sizcə bunun səbəbi nədir?

Təşəkkür edirəm, insanda özgüvən aşağıdırsa heç bir işdə uğur qazana bilməz. Ruh yüksəkliyi, inam, yeni ideyalar, zamanın nəbzini tutmaq vacibdir. Hər sahədə olduğu kimi burada da peşəkarlar da var, həvəskarlar da. Hər birinə uğur arzulayıram.

-Bu iş həm də səbir tələb edən bir işdir, bir aksesuar üstündə günlərlə işləmək lazım olur bəzən. Bəs sizin səbriniz böyükdürmü?

-Doğrudur. Dediyim kimi sevdiyim iş olduğundandı ki, səbirlə işləyirəm. Bəzən vaxtı unuduram, eyni vəziyyətdə oturduğumun, gözümü saatlarla xırda muncuqlara zillədiyimin fərqində olmuram. İşi bitirəndə bütün ağrılarım bitir, yorğunluğumu unuduram. Bir də əl işlərimi xanımların xoş gününün şahidi olduğu üçün sevirəm…

-Siz ən çox hansı aksesuarlarla işləməyi xoşlayırsınız və yaşadığınız şəhərdə rəqiblərinizmı deyim, ya həmkarlarınız, çoxdurmu? Hazır işlərə orada tələbat necədir?

-Bütün işlərim mənə əzizdir, amma sifarişçinin istəyini nəzərə alıram, zövqlər çox müxtəlifdir, dəbdəbəli taclardan tutmuş ta zərif baş bəzəklərinə qədər sifarişlər olur. Türkiyədə daha çox həmkarlarım var, orada paxıllıq edənlər demək olar ki, yox dərəcəsindədi. Hamı uğurunu paylaşır, bir-birinə bildiyini öyrədir. Təlabata gəlincə əsasən sadə aksesuarlara üstünlük verirlər, çox diqqət  çəkən bəzək əşyalarını sevmirlər…

-Son zamanlar gəlinlik paltarlarının təqdim olunmasında model kimi də görünürsüz. Üstəlik qardaş ölkədə film çəkilişlərinə də qatılırsız, hansı daha maraqlıdır sizin üçün və bu üç işi necə çatdırırsınız?

-Hələ az dediniz, (gülür), işim çoxdur əslində, qadınsansa məşğuliyyətin bitməz… Ev işləri, oğlumun dərsləri vaxt tələb edir. Məni modellik, modelyerlik həmişə maraqlandırıb. Tibb sənətini valideynlərimin istəyilə seçmişəm. Bəli, zəhmətim, göstərdiyim çaba nəticəsini verir, çox şükür. Film çəkilişlərinə istəyim Türkiyədə reallaşdı, burada istəsəm də bəzi əngəllərlə üzləşdim. Modelliyə gəlincə isə, əslində dediyiniz kimi də deyil, Bakıya gəldiyim zaman bir qadın gözəllik salonunda  olarkən gəlin obrazı üçün üz cizgilərim diqqət çəkdi və mən də gələn təklifi dəyərləndirdim…

-İndiki pandemiya dövrü həm də toylarımızdan da yan keçməyib. Artıq iki nəfərlə evlənmək adi hal sayılır. Bu sizin işlərinizə də təsir edirmi?

-Bəli, özü də çox. Əvvəllər insanlar ümidlə pandemyanın tezliklə bitəcəyini gözləyirdi, görəndə vaxt uzanır, onlar da əlacsız qalıb belə evlənməyi qəbul etdilər. Təki sağlıq olsun, atalar deyib ellə gələn dərd toy-bayramdı…

-Bilirik ki, uşaqları da unutmursuz, xüsusən qız uşaqları üçün saç üçün maraqlı bəzək əşyaları düzəldirsiniz. Nə zamansa əl işlərinizin satışı üçün xüsusi bir məkan açmağı düşünmüsünüzmü?

– Qızlar özü elə gözəldilər ki, onlara  hər şey yaraşır. Əsasən qolbağ və saç aksesuarları düzəldirəm onlar üçün… Məkan məsələsinə gəlincə, bəli, düşünürdüm, amma indiki vəziyyətdə bir sıra çətinliklər var ki, onlar aradan qaldırılmalıdı.

– Deyirlər uzaqdan baxana döyüş asan gələr, buna inanırsınızmı? Tezliklə İstanbula geri dönəcəksiniz, bu zaman işə hardan, nədən başlamaq fikrindəsiniz?

-Atalar nə deyibsə, düz deyib. Qardaş ölkə olsa da doğmalarından uzaqda olmaq üzür adamı. Amma başladığım işləri yarım buraxmaq olmaz, inşallah qoyub gəldiyim yerdən davam edəcəyəm işimə:

Şəhla BABAYEVA – “Nefertiti”ni təqdim edir.
Şəhla BABAYEVA – “Nefertiti”ni təqdim edir.
Şəhla BABAYEVA – “Nefertiti”ni təqdim edir.
Şəhla BABAYEVA – “Nefertiti”ni təqdim edir.

-Sizə YAZARLAR adından uğurlar arzulayır, səsiniz daha ucalardan gəlsin deyirik. Həyat sevginiz bol, əlləriniz var olsun, fantazlyalarınız isə tükənməsin. Etiraz etməsəniz bu fotoların birindən jurnalımızın növbəti sayında üzqabığı üçün istifadə edərdik.

-Buyurun. Seçim sizindir. Ancaq məsləhət olsa üçüncü fotodan istifadə edərsiniz. Hə. Məhz üçüncüdən.

-“Atalar üçdən deyib” – ona görə (ciddi)?

-Bəli ‘”atalar üçdən deyib” (gülür).

-Oldu! (gülürəm) Ən dəyərli nemət olan zamanınızı bizim üçün ayırdığınıza görə minnətdarıq. Çox sağ olun! Uğurlarınız bol olsun!!!

Söhbətləşdi: Zaur USTAC

ŞƏHLA BABAYEVA HAQQINDA

ZAUR USTACIN DİGƏR YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru