
Elimin toy kimi bir adəti var…
Yurdumuzun bəzi bölgələrində unudulmuş, bəzi bölgələrində hələ də saxlanılmış toy adətlərimiz o qədər bənzərsiz və gözəldir ki. Sizə Qazax rayonunun toy adətlərindən danışmaq istəyirəm. Böyüklərimizin dediklərinə görə, ötən əsrin 80-ci illərinə qədər toylar bir neçə gün keçirilərdi. Əvvəl birinci toy oğlan evində, sonra iki gün qız evində, dördüncü toy oğlan evində keçirilərdi. Artıq bu adət ləğv olunub. Bir gün qız evində, bir gün oğlan evində toy olur.
Toylar necə keçirilirdi? Demək belə… Oğlan evində səhər obaşdan, camaat malı “sirəyə” (naxıra) ötürəndə zurnaçılar qara damın üstünə çıxar, ordan mini konsert verərdilər (bu adət artıq ləğv olunub). Bu o demək idi ki, filankəsin evində toydur, buyurun gəlin, ay camaat. Saclar qurular, xəmir yoğrular, yuxalar yayılardı. Zurna səsinə əl-ayaq verməyə (kömək etməyə) gələnlər yuxa yayan qadınlara sacüstü deyilən nəmər verərdilər. Cavanlardan güclü olan malın (erkək dana) boynunu burub uzadar, kəsər, əlli-ayaqlı gənclər dananı dərisindən çıxardar, bozartmalıq doğrayıb qazana doldurub asar, o biri yanda da quyruğu yırğalanan erkəklər kəsilər, kabablıq doğranardı. Malın, erkəyin boş əti evlərdən yığılmış əl ət maşınlarında çəkilər, qadınlar kələm dolması bükərdilər. Qonum-qonşudan stol-stul, qab-qaşıq daşınar, yaydırsa ağacların altına, soyuq havalarda qurulmuş çadırlara (Qazaxda bu çadırlara mağar deyilir) düzülərdi (danışılanlara görə, yağışlı havalarda kənddə xeyir-şər evi funksiyasını yerinə yetirən mal-qara saxlanmayan tövlələri seçərdilər). Günorta yeməyi saatında bütün işlər tamamlanar, qonaqlar təşrif buyurardılar. Xüsusi qonaqlar qız evindən dəvət olunanlar olardı. Bu bir növ bəy tərəfin gəlin tərəfə “mən belə toy edirəm, görək siz necə toy edəcəksiniz” mesajı idi. Birinci toya dəvət olunan qonaqlar adətən kənar kəndlərdən, uzaq ellərdən olardı. Aşıq dastan söyləyər, məclis əhli dinlərdi.
Ertəsi gün qız evində də eyni qayda ilə obaşdan zurnaçılar “filankəsin evində toydur” xəbərini car çəkərdilər. Günorta məclis başlayıb, qonaqlar gələndən az sonra bəy evinin də adamları xonçalı, pay-pürüşlə, çal-çağırla məclisə qatılardı. Bu gəlişə “yengə getdi” deyərdilər. Oğlan evi gələnə qədər qazanların qapağı açılmazdı. Oğlan yengəsi “qazanaçdı” verdikdən sonra yeməklər süfrəyə düzülərdi. Daha sonra məclis qurtarana qədər oğlan yengəsi bəy tərəfinin səlahiyyətli nümayəndəsi olaraq evdə gəlinin yanında dayanar, indiki dillə desək cangüdən kimi qoruyardı (gəlin xanım öz toyunu görməzdi, evdə bəzənib oturardı, görmək istəyən evə girib gəlinə baxardı. Uşaqlar arasında mən gəlinə 2 dəfə baxdım, mən 5 dəfə baxdım yarışı gedərdi. Artıq . Günorta qonaqlar yeyər-içər, sonra kimin toya nə hədiyyə etməsi elan edilər, siyahıya alınardı. Mərasim başa çatdıqdan sonra bəy evindən gələnlər çıxan kimi digər qonaqlar da dağılışardı. Əl-ayaq verənlər ortalığı yığışdırar, qadınlar qabları yuyub yığışdırar, mağardan stollar yığılar, musiqiçilərə düzəldilmiş səhnənin qarşısında rəqs meydançası qurular, ətrafına stullar düzülərdi.
Gəlin rəfiqələri ilə sağdış evinə yollanardı (bu adət hələ də qalır). Sağdış gəlinin uşaqlıqdan seçdiyi ən yaxın rəfiqəsi olur. Sağdış evində süfrə açılır, əvvəldən bəzənmiş şax ilə gəlini və rəfiqələrini gözləyərdilər.
Şax – xüsusi konstruksiyalı, 150-200 sm hündürlükdə, ağacdan düzəldilmiş dörd küncü, evin damı kimi yuxarısı çatılı, ortasında əl tutmaq üçün orta dirəyə perpendikulyar paya keçirilmiş maketdir. Dayaqların üstünə səliqəli şəkildə mismarlar düzülür. Bu mismarlara meyvələr, “şax yemişi” deyilən ipə düzülmüş konfet, şokolad, çərəz sarınır. Üzərinə bəzənənlərin ağırlığı hətta 50 kilonu belə keçir. “Şax yemişi”ni düzmək üçün qohum-qonşu qızlar 3-4 gün boyunca kilolarla kişmişi, ərik qurusunu, qoz, fındıq, badam ləpəsini, konfetləri, plitka deyilən şokoladları yorğan sırınan iynələrlə ipə düzürlər, bir masanın üzərinə səliqə ilə yığırlar. Şaxı bəzəmək hər adamın hünəri deyil. Hər kənddə şax bəzəməyin ustası olan kişi və ya qadın olur, o gəlir şaxı bəzəyir. Şaxın damına bir tərəfdən qutu şokolad, digər tərəfdən güzgü bağlanır. Altından tutacaqlara qədər ağ mələfə ilə sarınır. Şax sağdışın gəlinə və yaxud bəyə hədiyyəsidir. Sağdışı evlənəndə də bəy və ya gəlin əli yağda yansa belə mütləq həmin şaxın eynisindən bəzəyir, hədiyyəsini qaytarır. 90-cı illərdə müharibə, qıtlıq, bahalıq dövrü başlayandan şax bəzəməyi xonçalarla əvəz etdilər. Bəzi ailələr bu adəti saxlayır amma.
Hollivud filmərlində qızların subaylığa vida partilərini izləmisiniz yəqin ki. Sağdış məclisi bir növ subaylığa vida məclisi kimi bir məclisdir. Qızlar evlənənən qızın başına toplaşar, deyər-gülər, yeyib-içər axşamı gözləyər. Şər qarışanda toy evindən zurba-balabanla gəlini mağara gətirməyə gedilir. Qaranlıqda yolu işıqlandırmaq üçün lopalar yandırılır. Lopa nədir bəs? Uzun, 4-5 metrlik zopaların başına köhnə-kürüş, qalın parçalar bərk dolanır, azı bir sutka neftdə islağa qoyulur. 4-5 ədəd belə lopa hazırlanır. Bir haşiyə çıxım. Gürcüstanda bir toyda lopa əvəzinə yabaya keçirilmiş gərmələri (qurumuş mal təzəyi) neftlə isladıb yandırdıqlarını da görmüşdüm. Yaxşı da yanırdı.
Hə, ümumiyyətlə, gəlinin və yaxud bəyin sağdış evindən gətirilməsi mərasiminə “lopa” deyilir. Lopaları odlayır, subay qızlar gəlinin sağından və solundan qol-qola girər, hər biri əlində yanan şamlar tutur. Səbəbkarın şamları fərqli olmalıdır. Arxalarında oğlan və qız yengələri odeyal tutar, kiminsə gənclərin arasından keçməsinə imkan vermirlər. Sağdış evinin adamları bəzədikləri şaxı oynadır, sonra üz tuturlar toy evinə sarı. Qabaqda bir lopa, sonra iki pəhləvanın götürdüyü şax, şaxın arxasında gəlin öz dəstəsi ilə, arxasında isə digər şəxslər qatarlanırlar. Kəndin qoçaq uşaqlarından hansısa lopanın qarşısını kəsib, “filankəs mənimlə güləşməsə yol vermirəm” deyə meydan sulayar. Cəngi sədaları altında qurşaq tutar, güləşər, dostcasına qucaqlaşıb lopanın yolunu açarlar. Toy evinə çatana kimi belə qurşaq tutanlar çox olur. Yolda lopanın işığı azalanda dayanır, lopaların üstünə işığı gur olsun deyə neft tökərlər. Toy evində millət yığışıb lopa karvanının çatmasını gözləyər.
Lopa karvanı toy evinə çatanda yol boyu şaxı daşıyanlara gəlin anası xələt verir. Bu pul da ola bilər, köynək də. Şaxı oynadıb qaldırırlar evə. Və bununla “mağar” başlayır. Gəlin yerində oturandan sonra toybabası məclisi açır. Qazaxda toyun idarəçisinə belə deyilir. Sifarişlərin sıralamasına, kimin neçə havaya rəqs etməsinə, məclisdə qarışıqlıq olmamasına o cavabdeh olur. Hətta məclis sahibi belə onun icazəsi olmasa növbəsiz oynamağa çıxa bilmir. Toyun “mağar” deyilən bu hissəsi bir növ kənd diskotekası vəzifəsini daşıyır. Əvvəllər bəy qız toyunda gözə görünməzdi. İndi isə bəy və gəlinə şəhər toylarındakı kimi platforma üstündə masa qurulur.
Mağar özü bir aləmdir. Özünü göstürməyə gələn kim, qız bəyənməyə gələn kim, qucağında ağlayan uşağını silkələyə silkələyə oynamağı gözləyən cavan gəlinlər, başı çalmalı, beli şallı nənələr, kepkalı ağsaqqallar, mağara geyinmək üçün xüsusi olaraq seçilmiş geyimlərdə göz qamaşdıran oğlanlar-qızlar, həngamənin tezbazar yekunlaşmasını gözləyən ev sahibləri… Sifariş verən oğlan əvvəl çıxır ortalıqda biraz tək rəqs edir. Sonra gözünü gəzdirib camaatın içində kimisə barmağı ilə çağırır. Adamları yara-yara gəlib bir iki “pa” göstərib həmən də ortalığı tərk edən qızları, qadınları görmək lazımdır. Hamı növbə ilə rəqs etdikdən sonra məclis yekunlaşır, bununla da qız toyu başa çatır.
P.S. Belə mağarlardan sonra eşidirsən ki, filankəsin qızı filan mağardan qayıtmayıb, ordan filankəsin oğluna qoşulub qaçıb.
Məlumatı hazırladı: Şah Sənəm
Oxuyun >> Gözündə tük var