“Xəzər nəğmələri” ədəbi birliyinin növbəti tədbiri keçirilib
1 noyabr 2025-ci il tarixində Neftçala şəhər Mərkəzi Kitabxanasında “Xəzər nəğmələri” ədəbi birliyinin növbəti tədbiri keçirildi. Ədəbi tədbirdə AYB -nin üzvü, şair-publisist, Azərbaycan poeziyasında öz dəst-xətti ilə seçilən şair Təranə Dəmir qonağımız oldu. Birliyin üzvləri Böyükağa Məmmədov, Əlovsət Əliyev, Müzəffər Məzahim, “Gündoğar” qəzetinin redaktoru Bədirə Niftəliyeva və başqaları Təranə Dəmirə uzun məsafəni qət edib görüşə gəldiyi üçün səmimi qəlbdən minnətdarlıqlarını bildirdilər. Eyni zamanda Təranə xanım da bu dəvətin təsəbbüskarlarına ürəkdən təşəkkür etdi, tədbir boyu rəngarəng şeirlərini səsləndirdi və tədbir iştirakçılarına imzalı kitablarını bağışladı. Sonda xatirə şəkli çəkildi.
Biz də öz növbəmizdə görüşün çox səmimi və rəngarəng keçməsində Neftçala rayon Mərkəzi kitabxanasının əməkdaşlarına dərin təşəkkürümüzü bildiririk. Eyni zamanda Təranə xanıma da yaradıcılığında uğurlar diləyirik.
Göndərdiyimiz materialları əlüstü dərc edir. Həm də usanmadan, yorulmadan, təmənnasız və böyük zövqlə. Yeniliyə can atandı. Bütün çətinliklərə rəğmən içində dopdolu şükranlığı var. Həmişə haqqın və ədalətin yanındadı. Sözə vurğundu, vətən və torpaq təəsübkeşidi. Böyük iddiaları yoxdu. Nə lazımdısa, onu edir. Alqış adamı deyil. Sadəliyi və səmimiyyəti ilə seçilir. Sözü də safdı duyğuları kimi. Şeirləri adamı dağa,daşa salmaz. Hamının başa düşəcəyi dildə yazar. Zaur Ustacdan danışıram. Hərbçi yazar Zaur Ustacdan. Gördüyü işdən zövq alar, yorulmaz. Eyni zamanda “Yazarlar” jurnalının yaradıcısı və rəhbəridi. Hər kəs bu jurnalın qapısını ərklə açar. Bu ərki insanlara da Zaur Ustac özü verib. Jurnalda işıqlı yazılar dərc olunur. Mövzu rəngarəngliyi ilə də seçilən dərgidə yazarın öz nəfəsi var. Gördüyü bütün işlərin arxasında ürəklə dayanır. Qarşılıq gözləmədən və heç nə ummadan. Torpaqlarımızın azad olmasında böyük əməyini də danmaq olmaz. Bir sözlə əsl Azərbaycanlıdı və bu torpağın vətəndaşı olmasıyla da fəxr edir. Hər kəs sözünü ona etibar edə bilər. Hazırda “Yazarlar” respublikanın ən qabaqcıl mətbu orqanları ilə rəqabətə girəcək gücdədi və onun bu səviyyədə oxunaqlı olmasında Zaur Ustacın böyük xidməti var. İmzası Sözüdü. Ona bu müqəddəs işdə böyük səbr və dəyanət arzulayırıq. Səbr və dözümün olduğu yerdə isə uğur həmişə var.
Qoca çəliklərinə söykənib yorğun-yorğun yeriyirdi. Qaranlığı yara-yara, küçəni döyə-döyə, divarlara ilişə-ilişə sürünürdü kölgəsinin arxasınca. Beli əyilmişdi, uzaqdan donqarı adamın gözünə girirdi. Arıq vücudunda bir çimdik ət tapmazdın. Çəlik ayaqları hərdən sözünə baxmırdı. Səndirləyirdi. O vaxt daha çox tutunurdu çomağa. Hiss olunurdu ki, kimsəsizdi. Yıxılıb əzilməkdən qorxurdu. Ayaqqabıları da , əynindəki sırıqlısı da çox köhnəydi. Şalvarının qırışlarından, söküyündən görünürdü ki, əyni çoxdandı təzə paltar görmür. Yeridikcə küçə projektorlarının işığı üzünə vururdu, gözünə düşürdü. Hələ gecədən keçməmişdi deyə adamlar küçədən yığışmamışdı. İki-bir, üç-bir yanından gəlib keçirdilər. Hiss edirdi ki, heç kimin vecinə deyil, heç kim onu görmür, hamı öz aləmindədi. Bunu etinasız və soyuq baxışlardan hiss edirdi. Hərdən yanından tələsik keçən insanların yeli vururdu qocanı. Az qalırdı yıxılsın. Tez çəliyinə tutunurdu. Evinə(buna ev demək olarsa) az qalırdı. Küçənin tinindəki binanın zirzəmisində sığınacaq vermişdilər ona. Rütubətin, kifin iyindən baş çatlayırdı. Onsuz da gücdən düşən ayaqları bir az da burda çürüyüb gedirdi. Başındakı idman papağı da yeni deyildi. Görünür o da kiminsə köhnəsi idi. Çünki başına güclə sığmışdı. Pırtlaşıq ağ saçları papaqdan çölə çıxmışdı. Hərdən kölgəsi özündən qabağa keçirdi, hərdən arxada qalırdı. Hərdən də itib batırdı gecənin qaranlığında. Çox yorulanda divara söykənirdi. Hiss olunurdu ki, özündən utanır. Görkəmindən, paltarından, çəliyindən -hər şeydən. Əti tökülmüş üzündə qırışdan yer yox idi. Küçə itləri, pişikləri də yanından etinasız keçirdilər. Kimə və nəyə lazım idi axı bu qoca? Bəlkə də lazımsız olduğunu bu gecəki qədər hiss etməmişdi. Özünə yazığı da gəlmirdi nədənsə. Duruşundan, üzünün ifadəsindən hiss olunurdu ki, yorulub və bu yorğunluğun içində böyük peşmançılıq da vardı. Nəyin peşmançılığın çəkirdi qoca? Bunu bir özü bilirdi, bir də Tanrısı. Hərdən dodağının altında nəsə pıçıldayırdı. Dua edirdi bəlkə. Tanrıdan tezliklə canını almasını istəyirdi ya da. Hər halda nəsə deyirdi. Heç kim eşitməsə də Tanrı eşidirdi axı. Küçənin bu tinindən o biri ucunacan olan yol o qədər uzun gəlirdi ki, qocaya. Az qalırdı çəliklərini tullayıb bardaş qurub otursun elə səkinin ortasındaca. Özünə gücü çatmırdı. Çəlik sürüyürdü qocanı sanki. Töyşüyürdü. Qınayan olmasaydı elə burdaca uzanıb yatardı. Birdən yanından keçən iki orta yaşlı kişinin dayanıb arxadan ona baxdıqlarını hiss etdi. Adını çəkirdilər. Əvvəlcə yanıldığını zənn etdi. Sonra təkrar-təkrar adını eşitdikcə yüz faiz inandı ki, ondan danışırlar. -Əşrəfdi, vallah Əşrəfdi. Gözlərindən tanıdım. -Bəlkə sadəcə bənzətmisən. Axı bu adam çox qocadı. Bizim Əşrəfinsə hələ 60 yaşı ancaq olar. Düzdü bir az gec getmişdi məktəbə. Amma uzaqbaşı bizdən 2 yaş böyük olardı. Məktəb yoldaşı olmuşuq axı. Yaxşı bilirəm onun yaşını. Bu kişininsə ən az 80 yaşı olar. Yox e , inanmıram nədənsə. -Odu, vallah odu. İstəyirsən qayıdım özündən soruşum. -Yox, ayıbdı.Vallah mən oxşatmadım. -Odu, odu. Bir vaxtlar narkotik alveriylə məşğul idi. Özü də istifadə edirdi. Neçə dəfə tutub basmışdılar türməyə. Bir az yatandan sonra nə yollasa çıxırdı ordan. Sonra yenə başlayırdı köhnə peşəsinə. 20 ildi ki, xəbərim yox idi ondan. Daha doğrusu məhlədən daşınandan sonra daha ondan heç bir xəbər olmadı. -Adam adama bənzəyər də. Mən bənzətmədim. – Vallah odu. Gözlərindən tanıdım. Yamyaşıl, diri gözləri vardı. Yadında? İndi qıyılıb yazıq. Amma baxışları elə əvvəlkidi. -Deyirsən qayıdıb dəqiqləşdirək? -Hə. Qoca anladı ki, bu adamlar ondan əl çəkməyəcək. Qaçıb canını qurtarmalıydı onlardan. Onlarla üz-üzə gəlmək istəmirdi. Ona görə də çəliyinə bir az da möhkəm söykənib addımlarını yeyinlətdi. Üzləşmək istəmirdi keçmişiylə. Birdən həqiqətən onu tanıyan adamlardı, onda necə olacaq? Utanıb yerə girərdi onda. İndiki halından, çəliyindən utanırdı. Bəlkə də ömründə bu qədər həyəcanlanmamışdı. Ürəyi boğazında döyünürdü. İstilik basmışdı onu. Mümkün qədər tez uzaqlaşmaq istəyirdi ordan. Addımlarını (buna addım demək olarsa) bir az da yeyinlətdi. Gözü ayağının altını görmürdü. Bircə burdan, bu adamlardan uzaqlaşmaq istəyirdi, vəssalam. Birdən hiss etdi ki, onlar da arxasınca gəlir. Səsləri lap yaxınlıqda eşidilirdi: -“Niyə əl çəkmirsiz axı məndən. Rədd olub gedin də öz yolunuzla. Axı nə istəyirsiz məndən? Guya sizin Əşrəf olsam nə dəyişəcək axı? Adı batsın Əşrəfin.” Nə fikirləşdisə qəflətən arxaya döndü və var gücü ilə: -“Gəlməyin arxamca, uzaq durun məndən”, – deyib bağırmağa başladı. Bağırdıqca qeyri-ixtiyari çəliklərini yerə döyürdü. Sanki bütün dünyanı bu çəliyi ilə qorxutmaq istəyirdi. İndi yeganə dostu və cangüdəni bu çəlik idi. Həyatı bu çəlikdən asılmışdı. Adamlar kişinin bir addımlığında dayanıb təəccüblə ona baxırdılar. Yaxınlaşmağa cürət etmirdilər. Üzlərindən narahatlıq və peşmanlıq tökülürdü. Nəhayət ki, kişilərdən biri özündə cəsarət tapdı, irəli gəlib qocanın çəliyindən yapışmaq istədi. Qoca dirçəlmişdi sanki. Qaməti dikəlmişdi. Ayaqlarını yerə daha bərk basırdı. Heç elə bil bayaqkı yorğun qoca deyildi. Unutmuşdu küçəni. Kimlərinsə onu eşidəcəyindən də qətiyyən çəkinmirdi. Dünya vecinə deyildi bu anlarda. Çəliyi ilə havanı ölçə-ölçə səsinin yoğun yerinə salıb bağırırdı: -Nə istəyirsiz məndən? Nə vermisiz ala bilmirsiz? Niyə rahat buraxmırsız? Mən sizi tanımıram. Tanımıram mən sizi. Kişilərdən biri o birinə sarı dönüb az qala pıçıltıyla: -Gördün? Dedim axı Əşrəfdi-dedi. -Həə. Narkoman Əşrəf. Qoca adının qabağına qoşulmuş ayamanı eşidib bir az da hiddətləndi və daha da möhkəm bağırmağa başladı: -Narkoman deyiləm mən. Əşrəfəm, Əşrəf. Sizinlə nə vaxtsa dost oıduğumu da xatırlamıram. Məni heç biriniz yaxın qoymurduz axı özünüzə. Bilirsiz niyə? Çünki paxıllığımı çəkirdiz. Qızlar sizə yox, mənə baxırdılar. Çünki çox kifir idiz. Əlinizdən heç nə gəlmirdi. Qorxaqdız. Tək gəzə bilmirdiz. Amma mən yaraşıqlıydım, heç nədən qorxmurdum, güçlüydüm. Ona görə də tənhaydım. Evdə də, çöldə də… Heç bilirsiz tənhalıq necə hissdi? Bilməzsiz əlbəttə. Siz ki, tənhalığın nə olduğunu heç vaxt hiss etməmisiz. Atanız, ananız, dostlarınız bu hissi yaşatmayıblar sizə. İndi mənim bu halıma baxıb sevinirsiz hə? Nə istəyirsiz məndən? Cəhənnəm olun. Eşidirsiz? Əl çəkin! Birdən qoca yuxudan ayıldı sanki. Heç kim yox idi qarşısında. Sən demə bayaqdan öz-özünə bağırırmış. Əvvəlcə dəli olduğunu zənn etdi. Gözlərini yumub açdı. Bəlkə yuxu görürdü? Yox,yuxu deyildi axı. O adamlar beş dəqiqə öncə burdaydılar, onun bir addımlığında dayanmışdılar. Adını da çəkmişdilər, adının qabağındakı ayamanı da… Hövlnak ətrafa baxdı. Heç kim yox idi. Uzaqdan küçə itlərinin səsi gəlirdi. Birdən yanından arıq, çəlimsiz bir pişik keçdi. Ağzı, burnu qanlıydı. Görünür ovuna nəsə düşmüşdü. Qarnı tox idi yəni. Qoca hiss etdi ki, acdı. Səhərdən heç nə yeməmişdi. Ürəyi bulanırdı. Ağzı sarımsaq qoxuyurdu. Amma gözü ətrafda idi. Bayaqkı adamları axtarırdı. “Hara yoxa çıxdılar axı? Yox, dəli zad olmamışam. İndicə burdaydılar.” Başı fırlanırdı, nəfəsi təngiyirdi. Hiss edirdi ki, ayaqları yerə dəymir. Çəlik qarışıq havada uçurdu. Kimsə adını çəkirdi: -Əşrəf, Əşrəf… “Bircə evimə çatsaydım”
Üzünün qırışlarında min ilin ağrıları, Baxışlarında min ilin təəssüfü var. Arada gülümsəyirsən əzabların üzünə, Ancaq mən gülüşünün altından axan göz yaşlarını yaxşı görürəm, şair. həsrətə təşnəsən deyə gülümsədikcə bir az da susuzlayırsan, Ciyərin yanır ayrılıqdan sarı. Sən susadıqca təptəzə Söz doğulur ayrılıq rəngdə. Danışdıqca bir az da böyüyürsən həqiqətin gözündə, Susduqca bir az da … Bilirəm, nigaransan dünyadan,adamlardan, ağaclardan, ağaclara daş atan uşaqlardan, Qar altında dən axtaran quşlardan, qarışqalardan – Hər şeydən, hər kəsdən nigaransan, Elə özündən də Əllərin cibindən, cibin sərçələrdən utananda göy üzünə yağış ismarlayırsan arada, Bilirsən ki, səmada bizə ən yaxın buludlardı, buludlar. Sən kədəri qədəh-qədəh başına çəkdikcə hardasa bir ümidin üstünə qapqara kölgə düşür, Hər gün bir qədəh ümidsizləşirsən beləcə. Hələ əzablara, həsrətə, tənhalığa qədəh-qədəh meydan oxumağını demirəm, Mən çox şeyi gizlədirəm səndən, Çox şeyi demirəm, şair. Eh, nöqtələr, suallar, nidalar!!
Sentyabrın 11 -də Bakı Ekspo Mərkəzdə Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin rəhbərliyinin təşkilatçılığı ilə keçirilən Sərgi və Konfransda Abşeron rayonu Ceyranbatan Su Təchizatı İdarəsinin əməkdaşları da yaxından iştirak edib. Çıxışçılar sudan səmərəli istifadə etməyin vacib şərt olduğunu vurğulayıb , eyni zamanda abunəçiləri problemlərin aradan qalxması yollarında birgə addımlar atmağa çağırıb. Yeni planlardan , yeni proqram layihələrindən söz açılıb.
Su həyatdı. Biz də bu təşəbbüsə qoşuluruq . Gəlin hər birimiz su işçilərinin pərdəarxası əməyini yüksək qiymətləndirək və bu işdə əlimizdən gələn köməyi əsirgəməyək.
Məğrurluğu , eyni zamanda sadəliyi anamı xatırladır. Ötkəmdi , sözünə güvənir , dəb arxasınca düşmür, müasirliyi kökdə axtarır. Safdı , yüklü və dərin duyğuların məngənəsində çırpınmağı var. Bu sarıdan dənizə bənzəyir. Baş vurmadığı sular qalmayıb. Göz yaşı ovcunun içindədi. Özü demiş dörd müharibə görüb , gəl kövrəlməsin. Çox ağrıdan , acıdan keçdiyi üçün adamı gendən anlayır.Oturub saatlarla dərdləşə bilirsən onunla . Hansı mövzuda desən adamla polemikaya girməyi bacarır. Düşüncələri maraqlıdı. Ədalətlidi və həmişə həqiqətin yanındadı. Dəyər verməyi gözəl bacarır . Haqqı müdafiə edəndi. Bir az da küsəyəndi. Yazıçı , şair Şövkət Zərin Horovludan danışıram. Sözü çox sevir . Ömrün payızında da ( qışı yaraşdırmıram hələ ) dayanmadan yazır. Bütün mövzulardan danışmağa və yazmağa sözü var. Çeşid -çeşid əsərlərin müəllifidi. Əsas odu öz cığırıyla gedir , heç kimi təkrarlamır. İxtisasca filoloqdu. Uzun müddət müəllim işləyib. Yaradıcılığa şeirlə başlayıb. Ona görə də mən əsasən bu xanımın yaradıcılığına nəzm tərəfdən baxıram. Əfqanıstan müharibəsinin də odundan keçib. “Çinar həsrəti”, “Mən Arazın qızıyam”,”Ömür darıxanda”, “Sənsiz ağlayan nəğmə” və onlarla başqa əsərləri öz oxucusunu tapıb həmişə. Əslən Qarabağlıdı. Ürəyində Vətən , torpaq nisgili daşıyan qadındı. Uzun illərin ayrılığından sonra doğma elinə , obasına qovuşmaq həsrətinə su çilənsə də ürəyində yuva salan o ağrılar hələ də Şövkət xanımladı.Gəncliyini qoyub gəldiyi o yerlər uzun illərdən sonra ağsaçlı qızına sevgi ilə qucaq açsa da könlündəki həsrətini bütünlüklə ovuda bilməyib. O illər , o ağrı , acı , vətəndən uzaqda yaşadığı çətinliklər yaddaşında əbədi iz buraxıb. Bir sözlə həsrət , ələm şairidi. Deyir ən nikbin şeirlərimin də içində kədər gizlənib. Dünyadan və sözündən nigarandı. Özü demiş axı əsərləri də onun övladlarıdı. Gözünün nurunu , könlünün odunu , əllərinin sığalını verdiyi övladları. Laqeydliyə və biganəliyə dözümsüzdü . Ömrünü ədəbiyyata verən bir yazarçun ən böyük dəyər oxucu sevgisidi. Sevgiylə mükafatlanan Şövkət xanım bəzən ruhdan düşsə də Tanrıya dopdolu şükranlığından da əl çəkmir. Mən onun çox xüsisiyyətlərini anama bənzədirəm. Elə üsyankarlığını da.. Şövkət xanım həsrət yolçusudu. Bu xanımın yaradıcııcılığını yetərincə incələyiblər. Hərə öz pəncərəsindən boylanıb Zərin dünyasına. Mənsə könlümdən keçənləri nəzmə çəkdim bu gün. Təki hər şey könlüncə olsun.
Min ilin əzabı gizlənib alnının qırışlarında. Ürəyinin içindəki işıqdı gözlərində parlayan, Sükutunda min ilin ağrısı var, Səsində Vətən yanğısı, Təbəssümündə gizlədirsən harayını , Səni misralarında üşüyən qəmdən tanıyıram, Saçlarını ayrıc -ayrıc, Tellərini dən -dən tanıyıram. Sözün yaddaşına köçüb duyğuların, İçində Şövkət Zərin sevdası var. Dağınıq arzuların bütövləşəndə şeir olur , Sözün varaqda , dodaqların duanda ovunur. Səni həsrətindən tanıyıram, Vüqarını zamanın küləkləri əyməyən qadın, Soyuq baxışdan qaçan, Bir kəpənəyin də xətrinə dəyməyən qadın , Torpaq qadın , yurd qadın, Vətən qadın, Sən ey təpədən dırnağacan anama bənzəyən qadın!
Baş açmırıq sözümüzdən, Əyrimizdən, düzümüzdən, Hər gün bir az özümüzdən Əlimiz üzülüb gedir.
Düz yolumuz qala-qala, Əyilirik sağa, sola, Yada calaq ola-ola Kökümüz kəsilib gedir.
Səs batıb küyün altında, Dil yatıb düyün altında, Bu boyda göyün altında Yer necə əzilib gedir.
Səni yeyib bitirdilər, Bizsə sənin yemin olduq. Böldülər ata malıtək, Kimin idin, kimin oldun, Belə vətən olmur axı.
Bir belə dar ağacların Kimin üçün qurdun, Vətən? Medal-medal, alqış-alqış Üzümüzə durdun,Vətən, Belə vətən olmur axı.
Tikələndin, parçalandın, Torpağın göyə sovruldu. Sən ki, tərtəmiz mələkdin, Nə vaxt şeytana vuruldun, Belə Vətən olmur axı.
Halal harama qarışdı, Gözünü qan örtdü, Vətən. Sənin daşın, qayan olmaq İndi ağır dərddi, Vətən, Belə vətən olmur axı.
Yadımdadı, Balacaydım, Qardaşım mələk olub uçmuşdu göy üzünə (elə deyirdi atam) Uşaq ağlımla göy üzüylə haqq-hesab çəkirdim hər gün, Hər gün məktub yazırdım Allah babaya anamın adından, Qardaşımı geri göndərsin deyə dil tökürdüm Tanrıya. Hər gün bir az da inanırdım dualarıma, hər gün bir az da aldanırdım. …Qardaşımdan bizə bir balaca papaq qalmışdı yadigar, Üstündə süd qoxusu, bir də anamın göz yaşı. Hər gün təkliyə çəkilib, bağrıma basırdım, ciyərimə çəkirdim qoxusunu . Bulaşırdı üstüm, başım anamın göz yaşına. Sonra gizlətdilər məndən süd qoxulu papağı, Axtardım, çox axtardım, tapmadım. Yavaş-yavaş öyrəşdim onsuzluğa, Öyrəşdim, amma unutmadım, Unutmağa qoymadılar axı – Sağ olsun dırnaq içindəki qohumlar, yadlar, yaxınlar, uzaqlar. Bir də uzun-uzadı gecə darıxmaqları vardı, Çox vaxt məni yuxudan anamın hıçqırıqları oyadardı. Girərdim qucağına, qoxumu içinə çəkərdi, ovunardı. Vaxt keçdi, bütün qızların qardaşları böyüdü, Bircə mənim qardaşım həmişə süd qoxudu. Mən böyüdükcə bir qardaşsız qız da boy atdı içimdə ürlək, nigaran – Başında qovğa, qolunda təklik, gözündə intizar, ürəyində həsrət. Sonra başıma nə çox “qardaş” yığıldı, İlahi – İçlərində qaranlıq, baxışlarında sazaq, salamlarında minnət. Yavaş-yavaş keçdim bütün qaranlıqları, töhməti, tənəni, Küləyi də keçdim, yağışı da, sazağı da. Sonra bütün bütlər sındı, dağıldı, Gözəl-göyçək, bərli-bəzəkli ayrılıqlar gəlib tapdı məni – Qatı açılmayan, təptəzə. Sonra sükutun və tənhalığın bütün rənglərinə vuruldum, Aşdım bütün divarları, hasarları aşdım, Beləcə barışdım – Özümlə, taleyimlə, təkliyimlə… Qurdlar, köpəklər çıxdı qarşıma hər addımbaşı, yeridim bütün ağrıların, əzabların üstünə əliyalın, ürəklə – Burnumda süd qoxusu, bir də üstümdə anamın göz yaşı…
Köhnə kənd , Kərpic evlər, Yollar, ağaclar, kölgələr. Yalına yalmanan itlər, Qoyunlar, quzular, atlar. Araba cırıltısı, Qurbağa qurultusu. Dəryaz səsi, Ot xışıltısı. Aynabənddən sallanan arı pətəsi, Qarışqalar, çəyirtkələr, İlanlar, pişiklər, siçanlar. Sərçə yuvasına daş atan uşaqlar, Yolun qırağında tum satan qarı ovcunda qabar, qabarın üstündə dəmir pullar, Pulların üstündə dualar… Havada torpaq qoxusu, İçində rəngli-rəngli arzular. Ulduzlu gecələr, Tər-tərtəmiz xəyallar… Lampa işığı, kitablar… Eh, nələr, nələr.. Sonra təyyarə biletləri, Uzaq şəhərlər, Binalar, küçələr, Limanlar, dənizlər, ayrılıqlar, əzablar…
Yana-yana külüm qalıb, Yağır külümün üstünə. Səssiz-səmirsiz gedirəm, Hər gün ölümün üstünə, Nədi közümdən çəkdiyim?
Dörd tərəfim qaranlıqdı, Mən də tənha yalquzağam. Hardan tapdı bu Söz məni, Mən ki, hamıdan uzağam, Nədi sözümdən çəkdiyim?
Neynirəmsə çiçəkləmir, Ürəyim daş yuvasıdı. Çöldə günəş gülümsəyir, Ruhumda qış havasıdı, Nədi özümdən çəkdiyim?
Xəyallarım baş aldadır, Aldadır dərə, dağ məni. Görək harda azdıracaq İçimdəki uşaq məni, Nədi üzündən çəkdiyim?
Nə gözəl parlayır günəş bu səhər, Gözləri alışır səhərin bu gün. Qonub pəncərəmə yaz təbəssümü, Sevgiyə açılıb səhərim bu gün.
Uçuram ruhumun qanadlarında, Mənimdi bu çəmən, bu çöl, bu orman. Gəzirəm baharı xəyallarımda, Dərə dolaşıram, düz dolaşıram.
Duyğular qaldırıb göylərə məni, Ayağım üzülüb yerdən bu səhər. Günəşi çəkirəm ciyərlərimə, Dadıram işıqdan, nurdan bu səhər.
Basmışam bağrıma bəxtəvərliyi, Könlümdən təptəzə arzular keçir. Bu səhər gözündə ümid doğulub, Payızın içindən bir bahar keçir.
Bu bahar da bitəcək, Dəyişəcək yerini günəşlə ayaz. Yarpaqlar xəzələ, xəzəllər torpağa dönəcək, Köçəcək hər şey zamanın yaddaşına: Siyah, bəyaz… Gecəylə gündüz yarışa çıxacaq yenə, Günlər aylara, aylar illərə qarışacaq. Sonra unudulacaq köhnə sevdalar, Köhnə albomlardakı köhnə şəkillərin yaddaşına hopacaq köhnə duyğular, Üstünü toz basacaq xatirələrin, Sonra büsbütün yaddan çıxacaq hər şey, təzə sevdalar doğulacaq – Payız qoxulu, külək saçlı, Yağış gözlü, ayrılığa sevdalı, ürkək, qorxaq. Küçələr həsrətə, gecələr göz yaşına bələnəcək. Təzə arzular baş qaldıracaq payız rəngdə, payız dadda, Boğulacaq hicran yağışında rəngli xəyallar, Təzə ümidlər boylanacaq torpaq altdan, Sonra hər gün buğda dənəsi boyda qırılacaq ümidlər. Sonra təzədən bahar gələcək, Qırıldığı yerdən birləşəcək könüllər, Göz yaşı içində tərtəmiz duyğular göyərəcək – baxışlarında nida, saçlarında sığal, Yarı həsrət, yarı vüsal.
Eyni payız, Eyni şəhər, Eyni ayrılıq, Eyni həsrət, Eyni qədər, Eyni peşmanlıq, Eyni kədər… Xəyallar, xəzəllər, küçələr.
Əyilib beli, buxunu, Bu ev nə yaman köhnəlib. Bu evdə zaman dayanıb, Köhnəlib, aman, köhnəlib.
Quş uçur, qulaq tutulur, Bağlanıb bağı, bərəsi. İlahi, burdakı sükut Adamın nəfəsin kəsir.
Bu evin yiyəsi hanı, Hanı bu evin qonağı? Son dəfə kim söndürübdü Görən bu evin çırağın?
Asılmışam pəncərədən , Bu küləkdən, bu gecədən, Yenə də zülmət küçədə Dolaşır ruhum, dolaşır.
Mən tənhayam, gecə tənha, Külək tənha, küçə tənha, Ürəyimdə neçə tənha Düyünüm, dağım dolaşır.
Başımda yüz qara fikir Gecəni canına çəkir, Şeir-şeir, şəkil-şəkil Dilimdə ahım dolaşır.
Həm yaxınsan, həm də uzaq, Bu sevgidi, yoxsa sınaq? Divar-divar, otaq-otaq Üstümdə qoxun dolaşır.
Çiynimdə qəbir yükü var, Sus yükü,səbir yükü var, Yükümü tutub o ki,var Gedirəm üzü sabaha.
Zamandan, vaxtdan keçirəm, Qismətdən, baxtdan keçirəm, Hələ sınaqdan keçirəm, Gedirəm üzü sabaha.
İnanma çıxım əlindən, Bu dərdin, ahın əlindən, Tutmuşam yoxun əlindən, Gedirəm üzü sabaha.
Bu dünyanı bölgələrə bölmüşük, Qitələrə, ölkələrə bölmüşük. Tayfalara, nəsillərə, soylara, Savaşlara, hikkələrə bölmüşük. Oynamışıq şəhər belə, kənd belə, Hasar belə, çəpər belə, bənd belə. Uduzmuşuq, qumar-qumar bölmüşük, Cənub cənub, şimal şimal bölmüşük. Ayırmışıq məzhəb ayrı, din ayrı, Mələk ayrı, şeytan ayrı, cin ayrı. Çörəyindən, havasından almışıq, Dədəsindən, babasından almışıq. Qoymamışıq daş üstündə daş qala, Eləmişik sinəsini daş qalaq. İşığından, ocağından etmişik, Anasının qucağından etmişik. Bölüb-bölüb axırına çıxmışıq Bir birinə vura-vura dünyanı, Dağıtmışıq qura qura dünyanı.
İçimdə bahar həvəsi, Çölümdən ayrılıq keçir. Alışıram öz odumda, Külümdən ayrılıq keçir.
Ruhumda küləklər əsir, Gah yubanır, gah tələsir, Baxışlarım sevgi gəzir, Dilimdən ayrılıq keçir.
Gözlərimdə qəm yükü var, Kirpiyimdə nəm yükü var, Saçlarımda dən yükü var, Telimdən ayrılıq keçir.
Yaman yorur xəzan məni, Nə ağırmış cəzam mənim, Hara çəkir qəzam məni? Yolumdan ayrılıq keçir.
Nəyi var gələn payızın? Üzümə gülən payızın, Dərdimdən ölən payızın Könlündən ayrılıq keçir.
Azadlıq bəşəri anlayışdı , dərin və yüklü mövzudu. Haqqında çox yazılıb və müxtəlif təriflər verilib. Biri digərini tamamlamayan , dəyişik və eyni zamanda həqiqətin gözündən keçmiş. Bu gün mən də öz düşüncələrimi bölüşmək istədim oxucuyla. İstinadsız , heç kimin fikrinə söykənmədən , tam şəxsi . Bu mövzu zaman -zaman hər kəsi düşündürdüyü üçün həmişə müzakirə obyektinə çevrilib. Ətrafında mübahisələr edilib , hətta bu mövzuda münaqişə edənlər belə olub. Çünki hərə bir müstəvidən yanaşır öz azadlığına , hərənin öz baxış bucağı var və hər kəs ağlı kəsdiyi , dərk etdiyi qədər azaddı. Ümimiyyətlə azadlıq özündərkin bir formasıdı. O birinci növbədə şüurda başlayır və əməldə bitir. Azadlıq qapılarını taybatay açıb gözləmir heç kəsi. Onu qazanırlar. Bu işdə mühit və zaman da mühüm rol oynayır. Əgər zehnin, düşüncən buxovdadırsa , qorxursansa , fikirlərini cəmiyyətə görə dəyişirsənsə , demək sənin azadlıq anlayışın da yalnız sözdədi. Əlbəttə aşırı azadlığın da öz problemləri və eybəcərlikləri var. Azadlığı bütün çılpaqlığı ilə yaşamaq olmaz. Bu da insanı uçuruma apara bilər. Mən sivil azadlıqdan danışıram. Əgər sən öz azadlığına hörmət edirsənsə , qarşı tərəfi də nəzərə almalısan . Sənin azadlığın başqasının məhkumiyyəti olmamalıdı. Bəs görək bu yolda hamı hamıya dəstəkdimi? Konkret reallıq var və bilirik ki , hamı özünü daha mükəmməl hesab edir. İnsanlar arasında fikir ayrılığı çox vaxt düşmənçiliyə qədər gedib çıxır. Azadlığı meşşanlığa və tərbiyəsizliyə çevirmək olmaz. Bu cəmiyyətdə çox böyük fəsadlar törədər. Şəxsiyyət belə formalaşmır. Bizdə vəziyyət necədi bəs? Azadlığa münasibət hər kəsdə eynidimi? Cəmiyyət azadlığı tam anlamı ilə qəbul və dərk edə bilirmi? Zənnimcə yox. Bizim cəmiyyətdə azad şəkildə fikir söyləmək mədəniyyəti hələ inkişaf etməyib. Bəzən yuxarılar aşağıları , bəzən aşağılar yuxarıları idarə etməyə çalışır. Bu idarəçiliyin özü azadlığı buxovlamaq istəyindən irəli gəlir. Statusundan , tutduğu vəzifəsindən asılı olmayaraq çox adam bu düşüncədədi. Demək şüurda yetərincə yenilik ( inqilab) yoxdu hələ. Heç kim heç kimin fikrinə hörmətlə yanaşmağı öyrənməyib. Amma hər kəs özlüyündə özünü haqlı bilir. Halbuki bu meydan hər kəsindi. Hamının azad şəkildə söz demək haqqı və hüququ var . Səbəb odu ki, sosial mühit hələ azadlığı tam anlamı ilə qəbul edə bilmir. Əsl azadlıq tamam fərqli anlayışdı . Nədi bu azadlıq , harda başlayır və haracandı?. Azadlığa ətrafın gözüylə baxmaq lazımdımı? Zənnimcə azadlıq anlayışına öz şəxsi prinsiplərindən yanaşılmalıdı. Birinci növbədə düşüncəni buxovdan və məhkumiyyətdən qurtarmalısan. Özü , ruhu azad olmayan insan cəmiyyəti azadlığa çıxara bilməz . Əlbəttə burda da ətraf faktoru var , cəmiyyəti də nəzərə almaq lazımdı. Bu danılmazdı. Amma eyni məsələdə ətrafı öz düşüncələrinə tabe etmək və hər vəchlə buna çalışmaq da olmaz.Bu əslində şəxsiyyətin zəifliyidi. Çünki heç kəs heç kəsin fikirləriylə razılaşmaq məcburiyyətində deyil. Çünki hər kəsin öz şəxsi fikri və qənaəti var. Ona görə də müzakirələr sivil və demokratik şəkildə həyata keçməlidi. Cəmiyyət bu müzakirələrdən yararlanmalıdı və müəyyən nəticəyə gəlməlidi. Zənnimcə zorla ətrafı özünə tabe etmək və cəmiyyəti buna məcbur etmək əslində fərdin öz fikirlərinə şübhəylə yanaşmasından irəli gəlir. Başqalarının azadlığını buxovlayan insan əslində öz məhkumiyyətinə tabedi. Həm də belə insanlar həddən artıq aqressiv və əsəbi olur. Belələri psixoloji cəhətdən də cəmiyyətə adaptasiya olunmaqda çətinlik çəkirlər və eyni zamanda buna tam hazır deyillər. Təəsssüf ki , çoxluqdan danışıram. Çox sadə misal. Hazırda sosial şəbəkələr cəmiyyətin aynasıdı. Orda hər kəs özünü lazımı qədər ifadə edir. Baxırsan ki, hansısa paylaşımın altında onlarla , hətta yüzlərlə təhqir , təzyiq , hədə dolu rəylər yazılır. Burda qətiyyən azadlıqdan , müasirlikdən və demokratiyadan söhbət gedə bilməz. Bayağı , bəsit , dayaz müzakirələrdə hər kəs özünü nümayiş etdirir əslində. Özü də ən iyrənc şəkildə. Heç kim heç kimin fikriylə razılaşmır və bütövlükdə bunlar ictimaiyyətin gözü qarşısında baş verir. Halbuki bütün müzakirələr və təhlillər daha yumşaq qaydada aparıla bilər. Demək hələ sivilizasiyasını tam anlamı ilə qəbul edə bilmirik. Axı insan qarşı tərəfi özünə tabe etməklə ümumilikdə azadlığın bütün qanunlarını pozmuş olur. Nəticədə azadlığın özü çərçivəyə salınır və ya salmağa çalışırlar. Zənnimcə insan bu müzakirələri aparmaqçun özünü hazır hiss etməlidi. Bəs toplum buna hazırdımı? Zənnimcə xeyr. Bu olar və ya olmaz artıq ondan sonrakı mərhələdi. Bütün qaydaların pozulması əslində insanın özünə , iradəsinə qalib gələ bilməməsindən irəli gəlir. Mən belə düşünürəm və hamı da belə düşünməlidi deyə bir qanun yoxdu. Azadlığın özü də qanun çərçivəsində həyata keçməlidi. Qanundan kənar və aşırı azadlıq barbarlığa gətirib çıxarır . Ona görə də azadlıq anlayışına da ehtiyyatla yanaşmaq mütləqdi. Axı azadlığı da başlı başına buraxmaq olmaz. Onu da idarə etmək lazımdı. Ağıllı və şüurlu şəkildə. Mən azadlığın qətiyyən əleyhinə deyiləm , əksinə həmişə azadlığın yanındayam. Mən qaraguruhçuluğun , yalançı hay -küyün , meşşanlığın əleyhinəyəm. Bu azadlıq deyil .
Yadımdadı , Balacaydım , Qardaşım mələk olub uçmuşdu göy üzünə ( elə deyirdi atam) Uşaq ağlımla göy üzüylə haqq -hesab çəkirdim hər gün , Hər gün məktub yazırdım Allah babaya anamın adından, Qardaşımı geri göndərsin deyə dil tökürdüm Tanrıya. Hər gün bir az da inanırdım dualarıma , hər gün bir az da aldanırdım. ..Qardaşımdan bizə bir balaca papaq qalmışdı yadigar , Üstündə süd qoxusu , bir də anamın göz yaşı. Hər gün təkliyə çəkilib , bağrıma basırdım , ciyərimə çəkirdim qoxusunu . Bulaşırdı üstüm , başım anamın göz yaşına. Sonra gizlətdilər məndən süd qoxulu papağı, Axtardım , çox axtardım , tapmadım. Yavaş -yavaş öyrəşdim onsuzluğa , Öyrəşdim ,amma unutmadım, Unutmağa qoymadılar axı — Sağ olsun dırnaq içindəki qohumlar , yadlar , yaxınlar , uzaqlar. Bir də uzun -uzadı gecə darıxmaqları vardı , Çox vaxt məni yuxudan anamın hıçqırıqları oyadardı. Girərdim qucağına , qoxumu içinə çəkərdi , ovunardı. Vaxt keçdi , bütün qızların qardaşları böyüdü , Bircə mənim qardaşım həmişə süd qoxudu. Mən böyüdükcə bir qardaşsız qız da boy atdı içimdə ürlək , nigaran – Başında qovğa , qolunda təklik , gözündə intizar , ürəyində həsrət. Sonra başıma nə çox “qardaş” yığıldı , İlahi — İçlərində qaranlıq , baxışlarında sazaq , salamlarında minnət. Yavaş -yavaş keçdim bütün qaranlıqları , töhməti, tənəni , Küləyi də keçdim , yağışı da , sazağı da . Sonra bütün bütlər sındı , dağıldı, Gözəl -göyçək , bərli -bəzəkli ayrılıqlar gəlib tapdı məni — Qatı açılmayan , təptəzə . Sonra sükutun və tənhalığın bütün rənglərinə vuruldum , Aşdım bütün divarları , hasarları aşdım , Beləcə barışdım – Özümlə , taleyimlə , təkliyimlə .. Qurdlar , köpəklər çıxdı qarşıma hər addımbaşı , yeridim bütün ağrıların , əzabların üstünə əliyalın, ürəklə — Burnumda süd qoxusu , bir də üstümdə anamın göz yaşı…
**** Baş açmırıq sözümüzdən , Əyrimizdən , düzümüzdən , Hər gün bir az özümüzdən Əlimiz üzülüb gedir.
Düz yolumuz qala-qala , Əyilirik sağa , sola, Yada calaq ola -ola Kökümüz kəsilib gedir.
Səs batıb küyün altında, Dil yatıb düyün altında, Bu boyda göyün altında Yer necə əzilib gedir.
****
Nə çətinmiş bu payızın sevgisi, Yarpaq yarpaq, xəzəl xəzəl sevirsən. Saçlarını payız yeli dağıdır, Küsər deyə, “o yana dur” demirsən, Yarpaq yarpaq, xəzəl xəzəl sevirsən.
Bulud tökür sellərini üstünə, Aradabir günəş baxır uzaqdan. Bir ümidə sığınırsan, onda da Göy gurlayır, şimşək çaxır uzaqdan.
Gündüzləri küçə küçə atırsan Gecələrin həsrətini gözündən. Yavaş yavaş şeirləşir bu sevgi, Varaq varaq tökülürsən özündən.
Nə sevgini gizləməyə bir yuva, Nə dərdini ovutmağa yer olur. Nə getməyə yol tapırsan özünə, Nə təzədən qayıtmağa yer olur.
Nə çətinmiş bu payızın sevgisi, Yarpaq yarpaq, xəzəl xəzəl sevirsən. Saçlarını payız yeli dağıdır, Küsər deyə, “o yana dur” demirsən, Yarpaq yarpaq, xəzəl xəzəl sevirsən.
****
Köhnə kənd , Kərpic evlər , Yollar , ağaclar ,kölgələr. Yalına yalmanan itlər , Qoyunlar , quzular , atlar. Araba cırıltısı , Qurbağa qurultusu. Dəryaz səsi , Ot xışıltısı. Aynabənddən sallanan arı pətəsi , Qarışqalar , çəyirtkələr , İlanlar , pişiklər, siçanlar. Sərçə yuvasına daş atan uşaqlar , Yolun qırağında tum satan qarı ovcunda qabar , qabarın üstündə dəmir pullar , Pulların üstündə dualar.. Havada torpaq qoxusu , İçində rəngli -rəngli arzular. Ulduzlu gecələr , Tər- tərtəmiz xəyallar .. Lampa işığı , kitablar .. Eh , nələr , nələr.. Sonra təyyarə biletləri , Uzaq şəhərlər , Binalar , küçələr, Limanlar , dənizlər, ayrılıqlar , əzablar…
**** Hərə bir daş atıb qaçdı , Qismətimi daş apardı. Ürəyimi şübhə yedi , Ömrümü təlaş apardı.
Durdu duman , çən üzümə, Tapmadım bir çəm özümə , Aşiq oldu qəm gözümə , Yanağımı yaş apardı
Əlimi üzdüm hamıdan , Umduqca küsdüm hamıdan, Yarımadım vaxt sarıdan , Hər günüm bir kaş apardı.