Etiket arxivi: Təranə DƏMİR

TƏRANƏ DƏMİR: YENİ YAŞINDA YAZIÇI ANAR RZAYEV HAQQINDA DÜŞÜNDÜKLƏRİM.

YENİ YAŞINDA YAZIÇI ANAR RZAYEV HAQQINDA DÜŞÜNDÜKLƏRİM.

Mən Anar Rzayevin nə titullarını sayacam, nə kreslosunu öyəcəm, nə onunla yanaşı çəkdirdiyim şəkli paylaşacam( Çünki qoşa şəklimiz yoxdu) . Sadəcə sevdiyim və hörmət etdiyim bir yazıçı haqda düşündüklərimi qələmə alacam. Axı heç bu yazıçının mənim tərifimə və alqışıma da bir o qədər ehtiyyacı yoxdu. Zamanında( elə indi də) o ki var tərifləyiblər. Boğazdan yuxarı və ya sidq ürəklə, axır ki, öz haqqını, söz haqqını çoxdan alıb yazıçı. Özü də zəhmətiylə, işiylə, cild-cild əsərlərilə alıb. Yəni halal haqqını veriblər. Elə bizə də onun söz tərəfi, işıqlı tərəfi lazımdı.Yalançı tərifin əleyhinəyəm. Elə həqiqətlərə kölgə salanların da.
Az qala birnəfəsə oxuduğum kitabların müəllifini elə sözündən tanıyıb təqdir etmişəm həmişə. Özünüsə yaxından bircə dəfə görmüşəm . AYB -yə üzv olanda tədbirdə vəsiqəni mənə təqdim edəndə. Vəssalam. Sonradan nə o məni görüb, nə mən onun qapısını döymüşəm.( Kabinetinin qapısını) . Kiminsə ətəyindən tutub titul, kreslo eşqinə də düşməmişəm. Yaddaşımda da necə görmüşəmsə, elə də qalıb. Səmimi, təvazökar, mehriban. Bəlkə bir az da utancaq. Vəzifə tərəfindən bu qədər danışa bilərəm ancaq. Amma söz tərəfindən saatlarla, bəlkə lap günlərlə danışaram. Axı ən xırda hekayəsindən tutmuş, ən böyük romanınacan hamısı bir həyatdı yazıçının yazdıqları. Gündəlik qayğılarımız, ağrılarımız, həsrətimiz, ayrılıqlarımız, nisgilimiz, nöqsanlarımız, uğurlarımız yazıçı təxəyyülündə elə məharətlə cilalanıb ki…
Anar kökünə bağlı yazıçıdı. Sətir-sətir düşündürən, kitab-kitab anladan yazardı . Gəncliyim onun əsərlərinin arasında keçib. Gecələr lampa işığına , ay işığına oxumuşam kitablarını. Vərəq-vərəq anlamağa çalışmışam yazdıqlarını. Ürəklə, həyəcanla , acgözlüklə özümə diktə etmişəm yazarın düşündüklərini. Anlamadığımı təkrar oxumuşam. Bir də, bir də…. Yazıçı öyrədib, qoruyub , hifz edib məni dünyanın o biri üzündən. Anlamışam ki, beşmərtəbəli evin altıncı mərtəbəsi olmur. Lap özünü öldürsən də olmur. Əsmərin və Oqtayın timsalında əbədi sevgiyə inanmışam. Güvənə- güvənə , qoruya-qoruya, mübarizə edə -edə inanmışam həm də. Onların səhvlərindən nəticə çıxara-çıxara tutmuşam bir sevginin yaxasından. Geriyə dönüşü olmayan sevdaların bir ömür şikəst qoyduğu duyğulara yana-yana inandırıb məni tərtəmiz sevgiyə yazıçı. Yadımdadı onun “Sizsiz” əsərini oxuduqca necə ağrılı hisslər keçirmişdimsə uzun müddət özümə gələ bilməmişdim. Atasızlığı, anasızlığı elə o vaxt daddırmışdı bizə Anar. Yetimləşmişdim bircə anın içində ata-anam yanımda ola-ola. Bəlkə də o çağacan ölümün bu qədər yaxında olduğunu, əbədi ayrılığın ağırlığını bu qədər hiss etməmişdim. Heç o çağacan mən Anarı Rəsul Rzanın və Nigar Rəfibəylinin oğlu kimi də tanımamışdım deyəsən. Çünki yazıçı valideynlərinin kölgəsində yazıb yaratmırdı..Onu özü kimi sevirdik. Anar kimi. Sonra anladım onun soy-kökünə bağlılığını, sözünün çəkisinin hardan qaynaqlandığını. Amma yenə də o həmişəki Anar idi gözümdə. Mən onu Rəsul Rzanın oğlu olduğu üçün yox, yazıçı Anar olduğu sevirdim yenə də. Zərrəcən dəyişməmişdi duyğularım. Əvvəlki çəkisindəydi. Onun psixoloji sarsıntıları mənə də sirayət etmişdi. Neçə gün özümə gələ bilməmişdim. Demək yazıçı bacarmışdı duyğularını sözə çevirməyi. Özü də böyük ustalıq və məharətlə.
Onun ssenarısi əsasında çəkilmiş filmlər nə qədər həyati və mükəmməl alınsa da əsərin orjinal dili tamam başqaydı. Yazıçı ilə oxucu arasında təmas yarada bilirdi Anar Rzayev . Dialoqa girirdik hətta müəlliflə. Üz-üzə qoyurdu bizi qəhrəmanlarıyla. Əyinlərindəki paltarından tutmuş səsinə, baxışınacan xəyal edirdik onları. Nəfəslərini hiss edirdik yanımızda. Narazı qaldığımız, üsyan etdiyimiz vaxtlar da az olmurdu. Yazıçıdan küsürdük hətta neçə müddət. Sonra sakitləşirdik və anlayırdıq ki, elə belə də lazım imiş. Çünki həyatın reallıqları ilə barışmaq lazım olduğunu başa düşürdük. Demək Anar fikirlərini düzgün ifadə edə bilirdi. Eyni zamanda yazıçı bizi həqiqətlərlə üz -üzə qoymaqla gözəl həyat dərsi keçirdi bizə. Bu da bir məsuliyyətdi. Bu yükün altına girməkdən də qorxmurdu yazıçı. Təsadüfi deyil ki, teatr və kino tariximizdə ən gözəl filmlərin və tamaşaların çoxusu Anarın ssenarisi əsasında çəkilənlərdi. Onu daha çox sevdirən bilirsiz nədi? Yazıçı azadlığa çan atan duyğularını heç vaxt buxovlamırdı. Onun hissləri sərhəd tanımırdı. Qəhrəmanlarının gizli, mübhəm hisslərini pərdə arxasında gizlətmirdi. Ona görə də oxuduğumuz əsərlər saxta gəlmirdi bizə. Yazıçının əsərlərini elə ilk səhifədəcə özümüzünküləşdirirdik. Özü də sevə-sevə. Əsər bitsə də qarmaqarışıq duyğuların arasında neçə gün özümüzə gəlı bilmirdik. Dönə bilmirdik reallığa. Elə bilirdik ki, elə əsl həyat o kitablardadı. Bu da yazıçının uğuruydu.
Bəlkə də fikirlərimlə və düşündüklərimlə razılaşmayanlar da olacaq. Amma bütün bunlar mənim sevdiyim yaxıçı haqda düşüncələrimə xələl gətirməyəcək. Qəribədi. Hərdən fikirləşirəm ki, bütün gözəl yazarlarla mənim bir ruh bağım var. Özü də gizlin, gözəgörünməz yaxınlıqdı bu. İşıq seli qədər yaxın. Bəlkə bu ruh yaxınlığımızdı bizi Anar Rzayevlə doğmalaşdıran.
Ad günü ərəfəsində yazıram bu yazını. Özü də ay işığına. Bilmirəm heç doğum gününəcən çatdıracağammı? Amma əsas odu ki, yazıram. Özü də ürəklə yazıram. Təmtəraqsız və bəzəksiz. Düşündüyüm kimi. Nə qədər bacarıram , nə qədər yazıçıya layiqdir, onu da bilmirəm. Əsas odu ki, bu yazı doğulur . Özü də ömrünün 86 -sında. Bir də nə vaxt doğulacaq belə bir yazı? Allah bilir. Bircə onu bilirəm ki, mən onu “Dantenin yubileyi”-nə, ” Gürcü familiyası”-na”, “Təhminə və Zaur”-una, “Sizsiz”-inə , “Keçən ilin son gecəsi”- nə görə tanımışam. Bu tanışlığın içində dopdolu sevgi və şükranlıq var.
Təbrik edirəm .Yeni yaşın mübarək, yazıçı Anar Rzayev! Yolun çox uzun olsun!

Müəllif: Təranə DƏMİR

TƏRANƏ DƏMİRİN YAZILARI

İBRAHİM İLYASLININ YAZILARI

QULU AĞSƏSİN YAZILARI

MƏMMƏD MƏRZİLİNİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

QƏŞƏM NƏCƏFZADƏNİN YAZILARI

GÜNNUR AĞAYEVANIN YAZILARI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

TANRI ÖMRÜNƏ BƏRƏKƏT VERSİN, İBRAHİM İLYASLI!

TANRI ÖMRÜNƏ BƏRƏKƏT VERSİN, İBRAHİM İLYASLI!

Tanrı dünyanı var edir, şairlərsə sözdən söz yoğurur. Demək ikisi də yaradıcıdı. İkisi də ali mərtəbədədi. Hər əlinə qələm alan da şair olmur ha. Tanrının diktəsilə yazanlardı əsl şairlər. Tanrı nəfəsi toxunmayan sözdən söz olmaz. Hər yetən qapını da çalmaz söz. Şairlər söz-söz yaxınlaşır dünyaya, ovudur, sığal çəkir, məlhəm olur, sarıyır. Söz açan qapını dünyanın ən böyük fatehləri açıb girə bilməz. Sözdəki qüdrəti görürsüzmü?
Bu gün də sözdən söz yoğuran, sözüylə sığal çəkən, ovudan , sarıyan şairlərdən biri- şair İbrahim İlyaslının günüdü. Sülh şairi, barış şairi, gözəllik, sevgi aşiqi, Vətən , bütöv Azərbaycan sevdalısı İbrahim İlyaslının dünyaya göz açdığı gündü. Yaşının hansı çağıdır, deyə bilmərəm. Ruhununsa bahar çağıdı .Bax bunu əminliklə deyirəm. Şeirləri elçiyə dönən, ocaq-ocaq gəzən, ev -ev, könül -könül dolaşan şairin yaşının üstünə bir yaş da gəlir bu gün . Sözününsə bir az da müdrikləşən, bir az da cilalanan çağıdı. Tanıyanlar bilir ki,mübaliğəni, yalançı tərifi, boğazdan yuxarı danışmağı sevmirəm. Sevdiklərimi məqsədsiz və təmənnasız sevirəm. Elə sevgilərin ən alisi də bu deyilmi? İbrahim İlyaslının imzasını çoxdan tanısam da özüylə dostluğumun yaşı elə də çox deyil. Amma mənə elə gəlir ki , onu min ildi tanıyıram. Min il yol getmişəm sanki şairlə. Sözünə, ərliyinə, dostluğuna güvənib deyirəm bunu. Bir -birimizlə söz ərkimiz , könül dostluğumuz var. Adamı incitməz. Sözünün havası uzaqdan vurar adamı. Könlündən keçəni şeirlə deyər. Qırmadan, üsulluca . Yorulduğunu hiss etdirməz. Heç küskünlüyünü də. Anlayan anlayar ancaq. Anlayançun ürəyinin qapıları taybatay açıqdı. Tərifi sevməz. Bir məsum , körpə utancaqlığı var. Sözünü urvatdan salmaz. Hansı sözü harda danışmaq lazım olduğunu gözəl bilir. Öz çəkisindədi, söz çəkisindədi həmişə. Könlüncə olmayan heç nəyi alqışlamaz. Sözü kimi dostluğu da möhkəmdi. Boynuna düşən hər işi layiqincə yerinı yetirər. Yorulsa da, usansa da edər. Sözünün yükünü hər yetən çəkməz həm də. Səbri özündən böyükdü. Elə sevgisu də. İşıqlıdı yazdıqları. Odu uzaqdan vurar adamı. Qaranlığı sevməz İbrahim İlyaslı. Sözlə dolaşar, sözlə gəzər. Şeir yazanda xoşbəxt olar bircə. Yükü azalar sanki. Mən belə tanıyıram onu

Mən sevə bilirəm ancaq,
Sevilmək? – o mənlik deyil

-deyən şairin sevənləri o bildiyindən də çoxdu. Sevilən şair olmağın özü böyük xoşbəxtlikdi. Bir də şairin məniylə istedadı üst-üstə düşəndə bir özgə aləm olur. Bu baxımdan İbrahim İlyaslı xoşbəxt yazardı. Özünə və sözünə hörmət edəndi .Heç kimdən heç nə ummaz, bircə sözündən savayı. Cild-cild əsərlərin arxasında gizlətməz adamlığını. Bircə misrasından tanıyarsan onu. Həm də çox həssasdı.Səsindən tutar nə demək istədiyini. Kədərini, dərdini( Tanrı dərd verməsin) , ağrısını da sevdirər. Dərdi sevə-sevə çəkən şairdi axı. Oxucunu ram edən qələmi var. Bir də bilirəm ki, onunçun özəl günündə sözdən gözəl təbrik ola bilməz. O söz də ki, dost payı ola, içdən gələ. O sözə ki, ürək qoyasan, onu kim sevməz? Bilirəm ki, bu yazını da oxuyub kövrələcək. Söz-söz, sətir -sətir, misra-misra kövrələcək. Bəlkə təzə şeir də doğulacaq bu yazının eşqinə. Gecənin qaranlığına işıq tutan söz həm də. Özü də şairin ürəyi boyda. Bilirəm. Amma kövrəldiyini heç kim bilməyəcək. Bircə ərk yeri, görk yeri Tanrısından savayı.
Yaşının üstə yaş gəlsə də, həsrətin bir buğda boy atsa da yenə də yaşamağa dəyər , şair. Bir daha günün mübarək . Allah ömrünə bərəkət versin. Özünün və sözünün varlığına şükür, İbrahim İlyaslı.

Müəllif: Təranə DƏMİR

TƏRANƏ DƏMİRİN YAZILARI

İBRAHİM İLYASLININ YAZILARI

QULU AĞSƏSİN YAZILARI

MƏMMƏD MƏRZİLİNİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

QƏŞƏM NƏCƏFZADƏNİN YAZILARI

GÜNNUR AĞAYEVANIN YAZILARI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“YAZARLAR”JURNALININ MART – 2024 № 03 (39)-CU SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB

“YAZARLAR”JURNALININ MART – 2024 N: 03 (39)-CU SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB: PDF: >>>>yazarlar-39

Görkəmli şair Ramiz İsmayılın  “Ömür dastanının qıfılbəndləri” adlı kitabı çap olunub.

>>>>BUDAQ TƏHMƏZ

>>>>>>ƏLİ BƏY AZƏRİ

>>>>>>RAMİZ İSMAYIL

Budaq Təhməzin səksən beş illik yubileyi münasibətilə yazılan, “İmza” Nəşrlər evində  işıq üzü görmüş kitabın redaktoru və ön sözün müəllifi yazıçı, “Xəzan” jurnalının baş redaktoru Əli bəy Azəridir.

Rafiq Əliyev haqqında kitab – PDF:

rafiq-aliyev-su-kimi-sakit-ve-guclu-e-standart

Download

ZAUR USTACIN YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI


GÜNNUR AĞAYEVANIN YAZILARI

ÇİNGİZ ABDULLAYEV MÜKAFATI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

RƏQƏMLƏRLƏ DANIŞAN ADAM.

RƏQƏMLƏRLƏ DANIŞAN ADAM.

Bu dəfəki qəhrəmanım nə şair deyil, nə yazıçı, nə rəssam , nə musiqiçi.Nə sözü şeirə çevirəndi, nə səsin, nə rənglərin diliylə danışan. Bütün həyatını rəqəmlərin üzərində quran , elmlərin açarı sayılan riyaziyyatın nazını balası kimi çəkən, üstündə əsən , tətbiq və tədris edən elm fədaisidi eləcə. Pafosdan uzaq, tərifdən qaçan, təqdimatı sevməyən elm fədaisidi bir sözlə. Sakitdi. Eqosuz, bərsiz-bəzəksiz danışmağı sevir.Özünüreklamdan uzaqdı. Neynirsə ürəyinin diktəsilə edir. Sadədi, utancaqdı. Fikrini birnəfəsə deyir. İncitməkdən qorxandı. Dinləməyi gözəl bacarır. Sakitliyində bir təlatüm var . Sükutunun səsini duyan lazımdı sadəcə. İncikliyini də, sevincini də səsindən anlarsan. Dilə gətirməz. Vətən , el təəsübkeşidi həm də. Bu dünyanın adam yükünü çəkənlərdəndi eyni zamanda. Maraqlı adamdı, deyilmi? Həm də sirli. Sizi çox intizarda saxlamaq istəmirəm. Söhbət Feyruz Məmmədovdan gedir. Riyaziyyatçı Feyruz Məmmədovdan. Biz sözdən söz yoğururuq, o rəqəmlərlə oynayır. Yaradıcıyıq dolayısı ilə hər ikimiz. Bəlkə bu xüsusiyyətimizdi bizi elm adamlarıyla dost edən, yaxınlaşdıran. Feyruz müəllim ədəbiyyatı da sevir amma. Elə gözəl izahları və fikirləri var ki. Duyur ürəyimizdən keçənləri. Mən elə bilirdim ki, riyaziyyatçılar sərt və rəqəmsal olurlar. Yanılmışam. İnsanlığın heç bir elmlə bağlılığı yoxdu. İnsandı, vəssalam. Feyruz müəllim kimi. Dünənəcən müəllim kimi tanıyırdım onu sadəcə. Vicdanına və savadına söykənən müəllim kimi. Bu günsə 6 riyazi kitabın, testin , elmi araşdırmaların müəllifi kimi . Doğrusu ondan söz almaq da bir o qədər asan deyil.Dedim axı tərifdən qaçan adamdı, təvazökardı. Sakitliyinin özündə qəribə bir səs var. Bu qəribəlik oldu elə mənə bu yazını yazdıran da. Bu yazım da elə belə doğmadı ha. Tanrı göndərdi. Diktəsiz, sifarişsiz, filansız. Elə qəhrəmanım kimi. Axı Tanrıdan doğan yazıların içindəki işıqdan hər kəsə pay düşür. Göz qamaşdırmır, sadəcə nuru var. Mənə elə gəlir ki, hər kəs sözü boyda, əməli boydadı. Yəqin mənimlə razılaşarsız. Əminəm ki, bu çağacan Feyruz müəllimin ürəyinin və ruhunun işığından çox evə , çox ocağa pay düşüb. İnsanlığına, pedaqoqluğuna, peşəsinə hədsiz sevgisinə sığınıb deyirəm bunu. İndi gəlin bir az da yaxından tanıyaq bu sirli qəhrəmanı.
Məmmədov Feyruz Əliqulu oğlu 1953-cü ildə ,avqustun 17-də Salyan rayonunun Qaraçala qəsəbəsində dünyaya göz açıb.
Əslən Şamaxının Dağ Kolanı kəndindəndilər. Yəni tərəkəmədilər. (Soyumuz, kökümüz birdi .Həmişə bununla fəxr etmişəm) Əvvəlcə Salyan rayonunun Yolustü kənd səkkizillik məktəbində, sonra isə Kərimbəyli kənd orta məktəbində təhsil alıb. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra 1970 -ci ildə ADU -nun, indiki BDU-nun tətbiqi riyaziyyaz fakültəsinə daxil olub.1975-ci ildə universiteti müvəffəqiyyətlə bitirib və doğma elinə obasına qayıdıb. Müəllim kimi əmək fəaliyyətinə Salyan rayonu Yolüstü kənd orta məktəbindən başlayıb. Pedaqoji fəaliyyətində də el arasında böyük hörmət və nüfuz qazanıb.Şagirdləri respublikanın müxtəlif tədris ocaqlarında təhsillərini davam etdiriblər.Olimpiadaların qalibi olublar. Bir sözlə müəllimlərinin başını uca ediblər hər yerdə. Bu da bir uğurdu. 2002-2005 -ci illərdə Azərbaycan Müəllimlər İnistitutunun Salyan rayonu filialında baş müəllim kimi fəaliyyət göstərib həm də. Feyruz müəllim təkcə tədris və təlimlə kifayətlənməyib bu illərdə. Yazıb yaradıb. Elmə bir -birindən dəyərli töhfələr verib. Onun “Beşinci və altıncı siniflər üçün olimpiada məsələləri ” ,” Riyaziyyatda bəzi məsələlərin müxtəlif üsullarla həlli”, “1453- cü ilin riyaziyyat sərgüzəştləri”, ” Gənc riyaziyyatçı”,” Zəfər ilinin riyazi aləmi”,” Riyaziyyat__251 məsələnin 1170 həlli” adlı kitabların , 10- dan çox elmi məqalələrin müəllifidi. 2009-cu ildə Azərbaycan respublikasının prezidenti İlham Əliyevin tarixi sərəncamı ilə ” Tərəqqi” ordeni ilə təltif olunub.
Feyruz müəllim bu gün də sakit deyil. Elə gənclik şövqüylə axtarır, tapır, yazır, yaradır. Həm də xüsusi zövq və sevgiylə. Amma yenə də hay-küysüz, sakit. Özünü riyaziyyatda çoxdan isbat etsə də bu gün də axtarışdadı.Bu onun daxili təlatümündən irəli gəlir. İşinə, peşəsinə sonsuz sevgisidi onun dincliyini əlindən alan. Nə deyirik. Təki belə əməlisaleh elm fədailərimiz çox olsun. Dünya da bunun acı deyilmi? Elə biz də belə ruhun işığına can atanlardanıq.Bilirəm ki, Feyruz müəllim bu yazını oxuyub sakitcə “Çox sağ olun” -deyəcək. Amma bu sakitliyin içindəki şükranlığı bir mən duyacam, bir də Tanrı. Zehnin və ruhun həmişə açıq olsun, işıq adam!

Müəllif: Təranə DƏMİR

TƏRANƏ DƏMİRİN YAZILARI

GÜNNUR AĞAYEVANIN YAZILARI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Təranə DƏMİR – Bir əl də tapılmadı…

Payız qadın

Ürəyi yaz həvəsli,

Saçları payız qadın.

Bəxti ana möhürlü,

Arzuları qız qadın…

Daşdan, kəsəkdən keçən

Qismət düşdü payına.

Tənhalığa tay oldu,

Tay olmadı tayına.

Yerdən, göydən qovuldu,

Suda batdı qisməti.

Min yerindən ovuldu,

Öz bəxtindən küsmədi.

Vurdular dağa, daşa,

İsmətini qorudu.

Şükür deyib Tanrıya

Qismətini qorudu.

Qəlbini qıfılladı,

Bağlandı ev-eşiyə.

Nökər oldu, qul oldu

Ər bildiyi kişiyə.

Ürəyi yaz həvəsli,

Saçları payız qadın.

Bəxti ana möhürlü,

Arzuları qız qadın…

Yolun ağı

Düşəsən yolun ağına,

Gedəsən özünə sarı.

Əyri-üyrü yol tutasan,

Gedəsən düzünə sarı.

Yorulub, dincin alasan,

Sonra təzədən gedəsən.

Bezəsən daşdan, kəsəkdən,

Yenə dözəsən, gedəsən.

Dırmaşasan, sürüşəsən,

Əlindən ətəyin tuta.

Çırpasan tozun-torpağın,

Burda da ölməyin tuta…

Yuxu

Yuxu yol gedir gözümdə,

Gedir yuxulu-yuxulu.

Küçələri, döngələri

Ötür yuxulu-yuxulu.

Hələ gecə təzə düşüb,

Hələ ki səhərə çox var.

Hələ bizim küçədəyəm,

O qamış çəpərə çox var.

Yuxu tökülür gözümdən,

Əl atıb tuta bilmirəm.

Tutub gecənin əlindən,

Səhərə çata bilmirəm.

Bu yuxu hələ dəyməyib,

Neynirəm bu kal yuxunu.

Göylərdən nağıl gözləyir,

Almanı ver, al yuxunu.

Ömrümdən yarımadım

Sürə-sürə bu ömrü

Gəlib çıxdım yarıya.

Nə verdim ki, ömrümə

Ömrüm məndən yarıya?

Daşdan-kəsəkdən keçdim,

Bərdən-bəzəkdən keçdim;

Min yol ələkdən keçdim

Bəxt araya-araya.

Doğradılar, kəsdilər,

Çeynədilər, əzdilər;

Barışdılar, küsdülər,

Kimlər girdi araya.

Bu savaş dən üstədi,

Bir verdim, min istədi;

Allahdan gün istədim

Döz zarıya-zarıya…

Sən bilməzsən…

Sən bilməzsən qış boranı necədi,

Sazaqlarda üşüməyin dadını –

Qar üstündə topal-topal iz qoyub,

Addım-addım tövşüməyin dadını.

Sən bilməzsən yorğan altda titrəyib

Xəyalların qollarını sarmağı –

Gecələrdən səhərlərə ip atıb,

Arzuları qovub, qovub yormağı.

Necə alım payızını bu qışa,

Heç olmasa, qış ümidin var hələ –

Küləklərim ümidini uçurar,

Bir fəsillik boş ümidin var hələ…

***

Bir əl də tapılmadı

Saçını sığallaya.

Sevincinə sevinə,

Qəmini qucaqlaya.

Bir yuva da olmadı,

Sığınıb ağlayasan.

Girəsən qucağına,

Qapını bağlayasan.

Bütün arzularının

Üstünə daş qoydular.

Dopdolu ürək verdin,

Aldılar boş qoydular.

Səsin gedib çatmadı,

Tanrı da uzaq oldu.

Düşdün ümidlərindən,

Ömrün baş-ayaq oldu.

MƏNBƏ:

Ədəbiyyat qəzeti.- 2023.- 21 oktyabr, №40.- S.12.

Müəllif: Təranə DƏMİR

AYB – nin və AJB -nin üzvü.

TƏRANƏ DƏMİRİN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

TƏRANƏ DƏMİRİN YENİ ŞEİRLƏRİ

UŞAQLIQ ŞƏKİLLƏRİMƏ

Hamı şəkillərdə köhnə   vaxtdadı, 
Hamı gözlərində gülüş dayanıb.
Hamı  məhəbbətlə sığallanıbdı,
Hamı yanağında öpüş dayanıb.

Nimdaş paltarında,  təzə  donunda
Necə bəxtəvərdi şəkil uşaqlar.
Elə bil tərtəmiz göz ekranıyla
Sevincin rəsmini çəkir uşaqlar.

Heç kimin dünyadan xəbəri yoxdu,
Xoşbəxtdi çərçivə içində hamı.
Keçmiş zamandadı burda hər nə var,
Burda salamlayır illər adamı.

Hələ sabahından xəbərsiz baxır
Şəkildən üzümə gülən uşaqlar.
Hamısı  bir boyda ,bir biçimdədi–
Qaraşın uşaqlar, kürən uşaqlar.

Hələ  günahsızdı, hələ  qınaqsız, 
Hələ  ürəyimiz girov düşməyib.
Hələ bant bağlayıb saçına qızlar,
Hələ ki, oğlanlar kişiləşməyib.

Hələ yol gedirik sabaha sarı,
Hələ ki, aldadır nağıllar bizi.
Hələ ki, şeytanlar, cinlər  yol  gəlir,
Hələ ki, axtarır  paxıllar bizi.

Başımız qarışıb   qovub tutmağa,
Yoruruq yolları, qayalıqları.
Hələ keçməmişik  həsrət  içindən,
Hələ dadmamışıq ayrılıqları.

Hamı şəkillərdə köhnə vaxtdadı,
Hamı gözlərində gülüş dayanıb.
Hamı sevgi ilə sığallanıbdı,
Hamı yanağında öpüş dayanıb.

BU KƏND QOCALIB

Biz kənddən çıxanda bahardı hələ,
Hələ bu yerlərin çiçək çağıydı.
Hələ oğlanların dəli, havalı,
Qızların tərtəmiz  mələk çağıydı.

Qayıdıb gələndə gördüm yaz hanı?
Bu kəndin çəməni , otu qocalıb.
Qocalıb böyürkən kollarınacan,
Pişiyi qocalıb, iti qocalıb.

Mənim gəlişimə sevinmədi heç,
 Yollar  tanımadı məni  deyəsən.
Yadından çıxmışam torpağın, daşın,
Dumanın, çiskinin , çənin deyəsən.

Suvağı tökülən köhnə evlərin 
Qapısı qocalıb, damı qocalıb.
Məni tanımadı təzə qonşular,
Məni tanıyanlar hamı qocalıb.

Üşüdüm buz kimi baxışın altda,
Yer tapa bilmədim özümə burda.
Düşdü baxışlarım fikir toruna,
Durdu xatirələr üzümə burda.

Bu kənddən çıxanda bahardı hələ,
Hələ bu yerlərin çiçək çağıydı.
Hələ oğlanların dəli, havalı,
Qızların tərtəmiz, mələk çağıydı.

BİZİMDİ

Bu günü təqvimdən oğurlamışıq,
Bu günəş bizimdi, bu səhər bizim.
Bu yol, bu ağaclar, bu daş, bu divar,
Bu küçə bizimdi, bu şəhər bizim.

Səni ovuduram baxışlarımla,
Həsrətin ağrısı canından çıxır.
Bu gün Yer də bizim, Göy də bizimdi,
Bu gün başımıza səadət yağır.

Bizi unutmayıb sahil deyəsən,
Bizi xatırlayır görüş yerimiz.
Bu gün od vurmuşuq xatirələrə,
Bu gün yandırmışıq ayrılığı biz.

Dalğalar sahilə çırpır özünü,
Bizi salamlayır dəniz beləcə.
…Hələ ki, sabaha bir ömür qalıb,
Gəl tut əllərimdən bu gündən keçək.

İNDİ BU PAYIZDAN …

İndi bu payızdan şəhid qoxusu,
İndi bu payızdan qan iyi gəlir.
Nə dilin dönür ki, yamanlayasan,
Nə də gəlişini  sevməyin gəlir.

Həsrət havası var çöldə, bayırda,
Boşalır buludlar, dolur buludlar.
Torpaq qol götürüb oynayan anda
Başının üstünü alır buludlar.

Neçə arzu yatır xəzəlin altda,
Üstünü, başını örtüb gedirik.
Hələ ki, gizlənib günəş buludda,
Küləkdən , yağışdan tutub gedirik.

İndi bu payızın sevdası ayrı, 
İndi bu payısın odu başqadı.
İndi bu payızın mayası ayrı,
İndi bu payızın dadı başqadı.

Küsübdü dərələr, dağlar adamdan,
Yamaclar qanrılıb üzünə baxmır.
Şair olduğun da çıxır yadından,
Qələm də, varaq da sözünə baxmır.

İndi bu payızdan şəhid qoxusu,
İndi bu payızdan qan iyi gəlir.
Nə dilin dönür ki, yamanlayasan,
Nə də  gəlişini  sevməyin gəlir.

ALDADIR SƏNİ

Bu dünyanın  sonu bəlli, 
Başı da aldadır səni.
Çiçəyi də, çəməni də,
Daşı da aldadır səni.

Özündən baş açmır özü,
Hər yan savaş, hər yan hüzün,
Başına dəysin dolusu , 
Boşu da aldadır səni.

Gələri var, gedəri var,
Ziyanı  var,  xətəri var, 
Qurunun nə xəbəri var-
Yaşı da aldadır səni.

Nəfəsi  də   borc ,sələmdi,
Alıb vermək dərd, ələmdi, 
Baharı ayrı aləmdi,
Qışı da aldadır səni.

QOCA

 Yol-yol, küçə- küçə sürünən qoca,
Əlin ətəyindən  uzun  ,gedirsən.
Bəlkə neçə- neçə günahlarından,
Bəlkə savabından küsüb gedirsən.

Ləpirin yollardan utanır, bəlkə
Yollar da utanır izindən sənin.
Elə töyşüyürsən, sanki bu dünya 
Asılıb  bu yorğun  dizindən sənin.

Köhnə papağın da başından  düşür,
Papaq  da   yekədi başından,  qoca.
Göy üzü qapısın açıb haçandı,
Səni kim alacaq qışından, qoca

Bu şəhər, bu küçə, bu it, bu pişik
Topal  yerişindən  tanıyır səni.
Bəlkə də yanından keçən cavanlar
Qəlbində o ki var qınayır səni.

Sökük çəkmələrin yorub yolları,
Bezibdi bu şəhər, bu küçə səndən.
Bu daşlar, divarlar, evlər, ağaclar
Şəkil çəkdirirlər gizlicə sənnən.

Daha arzular da yorğun düşüblər,
Əlindən  tutmağa  gücü qalmayıb.
Şəhərin başına dolanıb ömrün, 
Daha  aldanmağa  küçə qalmayıb.

Özün də bilmirsən nə istəyirsən,
Hayana sürüyür ürəyin səni?
Sağından, solundan gözəllər keçir,
Vurur saçlarının küləyi səni.

Şəhərin  səs-küylü  küçələrində 
Küləklə, yağışla  sevişən qoca.
Çəlik ayaqların sözünə baxmır,
Alçaqda, çökəkdə sürüşən qoca.

ADAM BU PAYIZDA ÖLƏ, İLAHİ.

Adam bu payızda ölə, İlahi,
Üstünü xəzəllə  torpaqlayalar.
Vaxt gələ ,  yerində  ağaclar bitə,
Sonra budaq -budaq yarpaqlayalar.

Təzədən doğasan bir ağac kimi,
Dünyanın səninlə işi olmaya.
Yanında hərlənə  qurdlar , köpəklər,
Sənə batırmağa dişi olmaya.

Sakitcə dolana dünya başına,
Sən də  ağac kimi  durub baxasan .
Heç kim tanımaya bu baxışları,
Yiyəsiz baxasan, qərib baxasan.

Başına  yığışa gəlib keçənlər,
Hamı kölgə uma ağac adamdan.
Təpədən dırnağa tərsiz, tumarsız,
Bu susuz  adamdan, bu ac adamdan.

Günəş  budağında  çiçək toxuya,
Əl atıb gülündən öpələr sənin.
Dadın çıxarasan bu azadlığın–
Bu dağlar, dərələr, təpələr sənin.

Adam bu payızda ölə, İlahi,
Üstünü xəzəllə torpaqlayalar.
Vaxt gələ, yerində ağaclar bitə,
Sonra budaq-budaq yarpaqlayalar.

Müəllif: Təranə DƏMİR

TƏRANƏ DƏMİRİN YAZILARI

QULU AĞSƏSİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Təranə Dəmirin şeirləri

***
Başımıza nə gəldisə
Sənin üzündən gəldi.
Bu artığın, bu əksiyin,
Kəmin üzündən gəldi.

Külək kimi əsib coşdun,
Dəniz kimi aşıb daşdın,
Bilirsən ki, bu sel, daşqın
Nəmin üzündən gəldi.

Nə dedim nəhsə yozuldu,
Yaxşı da pisə yozuldu,
Yuxular tərsə yozuldu,
Sevda gözümdən gəldi.

Bir şirin sözə aldandın,
Od bildin, közə aldandın,
Qəlbə yox, gözə aldandın,
Fərman özündən gəldi.

***
Bu səhərdə başqa ruh var,
Bu səhər başqa səhərdi.
Torpağın üzü suludu,
Göyün üzü simuzərdi.

Çiçəklər də ayrı rəngdə,
Otlar da ayrı rəngdədi.
Arzular təzə tərdilər,
Ümidlərsə bələkdədi.

Günəş səma yuvasından
Gülümsəyir yerə sarı.
Bir birini qucaqlayır
Ağacların budaqları.

Çiçəklərin başı üstə
Bülbüllər nağıl danışır.
Dəniz sahilə tələsir,
Çaylarsa axır, danışır.

Dağılıbdı fikir, xəyal,
Dərd də, ələm də dağılıb.
Bu səhər başqa səhərdi,
Gözündə sevgi doğulub.

***
Axı bu köpəyin günahı nədi?
Gələn də, gedən də daş atıb keçir.
Kimin nə hirsi var, nə hikkəsi var
Bu itin üstünə boşaldıb keçir.

Dili yox dərdini açıb danışsın,
Hürür, səsinə də daş atırıq biz.
Bəlkə yaralıdı, elə bu daşla
Yenidən yarasın qanadırıq biz.

Küçədən keçənə, gəlib gedənə,
Sənə də, mənə də yalmanır bu it.
Durub köpək kimi yol qırağında
Uşağa, böyüyə yalvarır bu it.

Bu itin it dərdi, it azarı var,
Bilmir hara atsın dərdini yazıq.
Qupquru çörəklə, köhnə sümüklə
Öldürür gözünün qurdunu yazıq.

Nələr gizlədibdi baxışlarında,
İlahi, bu itin gözü danışır.
Yaralı quyruğu, kəsik qulağı,
Bulaşıq ayağı, dizi danışır.

Axı bu köpəyin günahı nədi?
Gələn də, gedən də daş atıb keçir.
Kimin nə hirsi var, nə hikkəsi var
Bu itin üstünə boşaldıb keçir.

***
Bir ümid çiçəkləyir başım üstə deyəsən,
Adını nə qoyum mən ilin, günün bu vaxtı?
Bilmirəm əllərindən tutummu, tutmayımmı,
Tutsam günahkar ollam, tutmasam da günahdı.

Payızın ortasında hardan çıxdı bu bahar,
Tanrımı lütf elədi, ya yarımçıq duyğular?
Bəlkə də irəlidə hələ neçə qınaq var,
Batsam günahkar ollam, batmasam da günahdı.

Min ulduzun birini seçib gəlib bu sevgi,
Arzunun qanadında uçub gəlib bu sevgi,
Tənhalığın içindən keçib gəlib bu sevgi,
Dadsam günahkar ollam, dadmasam da günahdı.

Bəlkə bu da sınaqdı, imtahandı, bilmirəm,
Ya xəzana, payıza bir üsyandı,bilmirəm,
Hansı hissdi, duyğudu, həyəcandı, bilmirəm,
Atsam günahkar ollam, atmasam da günahdı.

Necə götürüm indi bu eyhamı, minnəti?
Yüz cümlə ovudammaz bir ağrıyan həsrəti,
Hansı zülmətə satım bu boyda həqiqəti ?
Satsam günahkar ollam, satmasam da günahdı.

***
Tanıyırsan bu ağacı,
Bu dalanı, küçəni sən?
Bu küçədən keçəni sən?
Bu küçəni qucaqlayan gecəni sən?
Yadında qalıbmı görən
Göydən ulduz dərməyimiz,
Sonra da bu ulduzları
Ulduz-ulduz sevməyimiz?
Eh, hardan düşsün yadına,
Sən ki, keçməmisən burdan.
Bu küçə də, bu ağac da,
Bu gecə də sənə yaddı.
Özün özündən xəbərsiz
Ürəyimə
bir daş atdın,
Heç kəs çıxara bilmədi.
Çıxıb getdin elə sakit, elə səssiz,
Geri çağıra bilmədim.
Heç vaxt xəbərin olmadı
Bu gözəl, göyçək Fatmadan.
Olsaydı, sən də sevərdin,
Ya da, sevməzdin nə bilim.
Bilirsənmi nağıl adam,
Bu gün də sənin adına
Göy üzündən ulduz dərdim.

***
Bu zülmət gecədə, bu dar otaqda
Divar xatirədi, tavan xatirə.
Min ildi ruhumu ac buraxmısan,
Gözünü doyurmur yavan xatirə.

Görən nə saxlayır səndən bu gecə,
Böyründə, başında nə qalıb görən?
Gözlərim çırpınır fikir torunda,
Kirpiyim asılıb xatirələrdən.

Xəyallar gözümü yorur eləcə,
Yuxuma daş atıb qaçır xəyallar.
Gecə öz taxtında dincələ bilmir,
Qapısın bağlayır, açır xəyallar.

Pəncərə-pəncərə səhər açılır,
Pəncərə pəncərə bağlanır gecə.
Başımı qatıram sözlə, qələmlə,
Hər gün bir nağıla aldanır gecə.

Ayla danışıram, gecə boyunca
Göyün sinəsindən ulduz yığıram.
Bu təklik, tənhalıq vecimə deyil,
Səni unutmaqdan yaman qorxuram.

***
Səndən əvvəl mən kim idim, bilmirəm,
Səndən sonra “divanədi” – dedilər.
Ocaq bildim, hey dolandım başına,
“Bu da bu cür pərvanədi” – dedilər.

Təpə idin, dağ elədim səni mən,
Viranəydin, bağ elədim səni mən,
Məhəbbətlə ətirlədim səni mən,
“Başdan-başa sehranədi” – dedilər.

Gah enişdən, gah yoxuşdan keçirdin,
Gah tufandan,gah yağışdan keçirdin,
Neçə-neçə aldanışdan keçirdin,
“Ayrılmağa bəhanədi” – dedilər.

Dönə-dönə bağışladım, bilmədin,
Küsdüm, yenə bağışladım, bilmədin,
Səni mənə bağışladım, bilmədin,
Ünvanıma “mərdanədi” – dedilər.

Bircə ovuc külə döndün axırda,
Cadar-cadar çölə döndün axırda,
Doğmam idin, elə döndün ,axırda
“Sevgi yoxdu, əfsanədi” – dedilər.

Bir sevgini tutammadın ayaqda,
İtib batdın neçə-neçə günahda,
Misra-misra şeirləşdin varaqda,
“Bunun könlü qəmxanədi?” – dedilər.

Sənsizliyə alışmağa çalışdım,
Sənsizliklə barışmağa çalışdım,
Başım səni unutmağa qarışdı,
“Məhəbbətə biganədi” – dedilər.

***
İlahi, küsüb bu ağac,
Qanrılıb uzünə baxmır.
Əyilib qolu, budağı,
Deyəsən sözünə baxmır.

Dili-dodağı təpiyib,
Cayır-cayır yanır ağac.
Yarpaq-yarpaq xəzəlləşib,
Özündən utanır ağac.

Üzündəki qırışına,
Gözündəki yaşına bax.
Baharını yel aparıb,
Üstündəki qışına bax.

Yorulub əldən düşübdü,
Bir də çətin ki, dikələ.
Bu ağacın ömrü bitib
Yola tökülə-tökülə.

Ömrünü bu yola verib,
Bu yoldan keçənə ağac.
Küləyə, selə, yağışa,
Bu dumana, çənə ağac.

Görəsən haçan bitəcək
Vaxtı vədəsi ağacın?
Yolun umuduna qalıb
Quru kölgəsi ağacın.

***
Nə yaman uzaqdı ölüm,
Gedirəm, çata bilmirəm.
Əcəl oynayır mənimlə
Bəlkə də, ya da bilmirəm.

Boyuma biçən tapılmır,
Əynimə ölçən tapılmır,
Mən boyda kəfən tapılmır,
Göyü allada bilmirəm.

Gedirəm üzüyuxarı,
Hanı əvvəlin axırı?
….Hardasa ruhum çağırır,
Səsindən tuta bilmirəm.

Olum də bir ölüm imiş,
Gəlib getmək zülüm imiş,
Əynimdəki külüm imiş,
Üstümdən ata bilmirəm.

***
Yenə boğur arzuları gözündə,
Yenə batır min günaha bu payız.
Heç bilmirsən dərdi nədi, səri nə,
Fikrin salıb darıxmağa bu payız.

Hara baxsan susuzluqdu, quraqdı,
Hardan tutsan söz-söhbətdi, qınaqdı,
Gəlib gedən töhmətinə qonaqdı,
Söz də tapmır aldatmağa bu payız.

Çölü xəzan, içindəkin bilən yox,
Əl uzadıb göz yaşını silən yox,
Həsrətinə, hicranına gələn yox,
Yol da vermir qayıtmağa bu payız.

Əl eləyir bu qapıdan, o camdan,
Heç bilmirsən nə istəyir adamdan,
Ara-sıra ürəyinin adından
Pıçıldayır ağ varağa bu payız.

Gah odlayır, gah da tutur yağışa,
Çəkir səni bu enişə, yoxuşa,
Nə qoymur ki, başın eşqə qarışa,
Nə də qoymur unutmağa bu payız.

Günəşinin şəfəqləri ayazdı,
Təsəllisi, nəsihəti dayazdı,
Məhəbbəti ayrılığa boğazdı,
İnanma ki, vüsal doğa bu payız.

Müəllif: Təranə DƏMİR

TƏRANƏ DƏMİRİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru