…Qəribə sakitliyi var. Sükutunun diliylə danışar adamla. Durğu işarələriylə ifadə edər çox vaxt fikrini. Anlayançun gözəl müsahibdi. Əsərlərinin diliylə öz dili eynidi. Ahəng qanunundan kənara çıxmağı sevməz. Dostlara etibar edər sözünü. Elə Sözüylə də tanıdar içindəki mənini. Tarixinə , kökünə çox bağlıdı. Türkçülüyə xidmət edir. Bütöv Azərbaycançılığı var. Təvazökardı və eyni zamanda diqqət mərkəzində olmağı da sevir. Laqeydliyə qarşıdı. Daim axtarışdadı və hər gün özünə hesabat verməyə alışıb. Sözünün arxasında durandı və dünyaya işıq tərəfdən baxır. Elə qələmi də. İmzası oxuculara yaxşı tanışdı. Yunus Oğuzdan danışıram. Oxucunu tarixiylə , köküylə üz -üzə qoyan , öz cığırından çıxmayan , sözünün çəkisini bilən nasir Yunus Oğuzdan. Yazdıqlarında ədalətə və həqiqətə sığınan yazıçı Sözə Tanrının gözüylə baxanlardandı. Axı böyük Sözə bəşəri sevgisi var. Tarixi bədiiləşdirmək , eyni zamanda yalansız, boyasız təqdim etmək elə də asan deyil.. Bu da böyük cəsarət tələb edir. Zənnimcə Yunus Oğuz bunun öhdəsindən peşəkarcasına gəlir . Bu baxımdan yazıçının bütün əsərləri geniş oxucu kütləsinin rəğbətini qazanıb . “Əmir Teymur” ,”Uçurum”, “Nadir şah”, “Cığır ” və başqa romanlar yazıçı təxəyyülünün məhsulu olsa da tarixi faktlara köklənib. . Yunus Oğuzun ədəbiyyatda öz dəst -xətti var və hadisələrə yanaşma tərzi tamam fərqlidi. Yazıçı təkrarı sevmir və daim axtarışdadı. Tarixə istinadən yazılan yazılar elə də asan ərsəyə gəlmir. Hamısı uzun axtarışların və zəhmətin bəhrəsidi. Bu yaxınlarda onun “Türk etnonimi və törələri ” adlı əsərini ( “TÜRK” etnonimi və törələri ) oxudum və yazıçının yazı manerasına heyran qaldım. Mən bu əsəri türk etnologiyası tarixində ən qiymətli tapıntı kimi dəyərləndirirəm. Türk etnonimi, törələr , qanunlar, ilk ailə anlayışı, ibtidai cəmiyyət, olum , ölüm , ruh, ibtidai inanclar , “Bozqurd “fəlsəfəsi, Oguz türklərinin yaşam tərzi və başqa bu kimi dəyərli tarixi faktlarla zəngin olan bu əsər soy -kökümüz haqqında oxucuya yeni məlumat verir . Eyni zamanda yazıçı orta əsr qadınının cəmiyyətdə öz yeri olduğunu və hadisələrdən kənarda qalmadığını vurğulayır. Quba xanı Fətəli xanın həyat yoldaşı Tutibikə xatunun simasında qadınların cəmiyyətdə tutduğu mövqedən , onların mübarizəsindən söz açır. İsbat edir ki, türk qadını kölə yox, cəmiyyətin aparıcı qüvvələrindən biri olub. Yazıçı qədim türk dövlətlərinin yaranması , coğrafiyası , inkişafı , mübarizəsi haqqında da geniş məlumat verir .. Türk inanclarına görə Tanrı təkdi. Türk törəsinə görə hər kəsin cəmiyyət içində öz yeri və mövqeyi var. Türk ideologiyasına görə ailə ocaqdı. Xaqan başda olmaqla hər kəs törələrə uyğun hərəkət etməlidi. Qanunlardan kənara çıxmaq olmaz. Türk qanunlarında düzlük , ədalət , insanlıq hər şeydən öncə gəlir. Yazıçı bu əsərdə çox nüanslara toxunub. Müəllif mənbələrə əsaslanaraq həqiqətən ortalığa çox gərəkli və qiymətli əsər qoyub . Bu yazıçının zəngin tarixi biliyə malik olmasından xəbər verir. Əminəm ki, bu əsər də yazıçının başqa əsərləri kimi geniş oxucu kütləsi qazanacaq və seviləcək. Yunus Oğuz həm də “Olaylar” qəzetinin təsisçisidi, eyni zamanda gözəl publisistdi.. Ara-sıra şeirlər də yazır. Amma qələmi nəsrdə daha mükəmməldi. Bu da mənim fikrimdi. Qarşıdan Yunus bəyin doğum günü gəlir. Bu ərəfədə onu yubiley yaşı münasibətilə qəlbən təbrik edir və yaradıcılıq uğurları arzulayırıq.
Qəribə sakitliyi var. Sükutunun diliylə danışar adamla. Durğu işarələriylə ifadə edər çox vaxt fikrini. Anlayançun gözəl müsahibdi. Əsərlərinin diliylə öz dili eynidi. Ahəng qanunundan kənara çıxmağı sevməz. Dostlara etibar edər sözünü. Elə Sözüylə də tanıdar içindəki mənini. Tarixinə , kökünə çox bağlıdı. Türkçülüyə xidmət edir. Bütöv Azərbaycançılığı var. Təvazökardı və eyni zamanda diqqət mərkəzində olmağı da sevir. Laqeydliyə qarşıdı. Daim axtarışdadı və hər gün özünə hesabat verməyə alışıb. Sözünün arxasında durandı və dünyaya işıq tərəfdən baxır. Elə qələmi də . İmzası oxuculara yaxşı tanışdı. Yunus Oğuzdan danışıram. Oxucunu tarixiylə , köküylə üz -üzə qoyan , öz cığırından çıxmayan , sözünün çəkisini bilən nasir Yunus Oğuzdan. Yazdıqlarında ədalətə və həqiqətə sığınan yazıçı Sözə Tanrının gözüylə baxanlardandı. Axı böyük Sözə bəşəri sevgisi var. Tarixi bədiiləşdirmək , eyni zamanda yalansız, boyasız təqdim etmək elə də asan deyil.. Bu da böyük cəsarət tələb edir. Zənnimcı Yunus Oğuz bunun öhdəsindən peşəkarcasına gəlir . Bu baxımdan yazıçının bütün əsərləri geniş oxucu kütəsinin rəğbətini qazanıb . “Əmir Teymur” ,”Uçurum”, “Nadir şah”, “Cığır ” və başqa romanlar yazıçı təxəyyülünün məhsulu olsa da tarixi faktlara köklənib. . Yunus Oğuzun ədəbiyyatda öz dəst -xətti var və hadisələrə yanaşma tərzi tamam fərqlidi. Yazıçı təkrarı sevmir və daim axtarışdadı. Tarixə istinadən yazılan yazılar elə də asan ərsəyə gəlmir. Hamısı uzun axtarışların və zəhmətin bəhrəsidi. Bu yaxınlarda onun “Türk etnonimi və törələri ” adlı əsərini oxudum və yazıçının yazı manerasına heyran qaldım. Mən bu əsəri türk etnologiyası tarixində ən qiymətli tapıntı kimi dəyərləndirirəm. Türk etnonimi , törələr , qanunlar , ilk ailə anlayışı , ibtidai cəmiyyət, olum , ölüm , ruh , ibtidai inanclar , “Bozqurd “fəlsəfəsi, Oguz türklərinin yaşam tərzi və başqa bu kimi dəyərli tarixi faktlarla zəngin olan bu əsər soy -kökümüz haqqında oxucuya yeni məlumat verir . Eyni zamanda yazıçı orta əsr qadınının cəmiyyətdə öz yeri olduğunu və hadisələrdən kənarda qalmadığını vurğulayır. Quba xanı Fətəli xanın həyat yoldaşı Tutibikə xatunun simasında qadınların cəmiyyətdə tutduğu mövqedən , onların mübarizəsindən söz açır. İsbat edir ki, türk qadını kölə yox, cəmiyyətin aparıcı qüvvələrindən biri olub. Yazıçı qədim türk dövlətlərinin yaranması , coğrafiyası , inkişafı , mübarizəsi haqqında da geniş məlumat verir .. Türk inanclarına görə Tanrı təkdi. Türk törəsinə görə hər kəsin cəmiyyət içində öz yeri və mövqeyi var. Türk ideologiyasına görə ailə ocaqdı. Xaqan başda olmaqla hər kəs törələrə uyğun hərəkət etməlidi. Qanunlardan kənara çıxmaq olmaz. Türk qanunlarında düzlük , ədalət , insanlıq hər şeydən öncə gəlir. Yazıçı bu əsərdə çox nüanslara toxunub. Müəllif mənbələrə əsaslanaraq həqiqətən ortalığa çox gərəkli və qiymətli əsər qoyub . Bu yazıçının zəngin tarixi biliyə malik olmasından xəbər verir. Əminəm ki, bu əsər də yazıçının başqa əsərləri kimi geniş oxucu kütləsi qazanacaq və seviləcək. Yunus Oğuz həm də “Olaylar” qəzetinin təsisçisidi , eyni zamanda gözəl publisistdi.. Ara-sıra şeirlər də yazır. Amma qələmi nəsrdə daha mükəmməldi. Bu da mənim fikrimdi. Qarşıdan Yunus bəyin doğum günü gəlir. Bu ərəfədə onu yeni yaşı münasibətilə qəlbən təbrik edir və yaradıcılıq uğurları arzulayırıq.
Rusiyanın ucqar yerlərindəki qəsəbələrdən birində şaxtalı aprel gecəsi davam edirdi.
Adətən sərxoşların yığışdığı kiçik bir yerdə 4 nəfər gənc qızğın müzakirələrə qapılmışdı.
Gənclərin yaşı 18-24 arası olardı.Vadim “dəstənin rəhbəri” idi,digərləri adətən onunla hesablaşırdı.Aleksey isə Vadimin ən yaxın dostu idi.(Dost sözünün nə anlama gəlməsinin dərinliklərinə varmırıq).Dörd nəfərdən biri də Dmitri idi.
Adətən o,müxtəlif kitablardan nələrsə oxuyub bu cür içki məclislərində müzakirə üçün ortaya atardı.
Sonuncu gənc isə Fyodor idi.Utancaq və ya sadəcə çox danışmayan bu gənc,bəlkə də,sadəcə hansısa bir qrupda olmaq xatirinə bu gənclərlə birlikdə olurdu.Onların olduğu yer az işıqlı,alçaq tavanlı bir yer idi. Siqaret dumanının da hər yeri bürüməsi dərdlərini unutmaq üçün bura gələnlərə və ya sadəcə içib,boş-boş danışmaq istəyənlərə əlverişli şərait yaradırdı.
Bizim gənclər də yaxşıca içmişdilər,səsləri hər kəsin səsini üstələsə də,onlara fikir verən yox idi.
Aralarında ən çox qızışanı isə Vadim idi:
-Qadına azadlıq vermək,başa oyun açmaqdır,dostlar! Bu məxluq yaradılışı etibarilə axmaqdır! Düz demirəmmi, Alyoşa?
-Düzdü,dəyərsiz məxluqdu,ancaq doğub-törəmək və ev işlərini görmək üçün yaranıb!
-Yox, Vadim.Heç inanmıram ki,qadınsız bir dünya arzulayaydın,-Dmitri Vadim və Alekseyə nəzərən sakit idi.
-Həm də axı bizim analarımız da qadındır.Belə danışmaq yaramaz,Vadim.Qadınlar olmasa,bizlər də olmazdıq,-Fyodor sanki ürkəkliklə əlavə etdi.
-Heç kim məndən soruşmamışdı ki,olmaq istəyirəm ya yox! Boş-boş danışma,Fyodor…
-Həm də tanrı kişini və qadını eyni mərtəbədə yaradıb,bu barədə söz demək bizə düşməz.
-Eh Fyodor,nə tanrıbazlıqdı? Hələ heç kəs elmi olaraq sübut etməyib ki,o var. Heç mən özüm də onu görməmişəm,ona görə onun adından yazılanlar mənim heç vecimə də deyil!
-Elədir ki,var.Özünü göstərsin,biz də inanaq!-Aleksey sanki Vadimin dediklərinin icmalını verirdi.
Bunu eşidən Dmitri oxuduğu kitabdan söhbət salmaq üçün imkanın olduğunu düşünüb,dedi:
-Tanrı demişkən,yeni bir filosofla tanış olmuşam.
-O kimdir,elə?
-Fridrix Nitşe.O tanrının öldüyünü bildirir!
-O necə olur?-Aleksey axmaq bir təəccüblə soruşdu.
-Heç baş açmadım.
-Onda belə çıxır ki,tanrı əvvəlcə var imiş?-Fyodor maraqlandı.
-Əşi,mən nə bilim.Onu bilirəm ki,bir az qəribə filosofdur.Deyir ki,mərhəmətli olmaq günahdır! Amma bizə öyrədirlər ki,mərhəmətli olmaq lazımdır.
-Bax burda Nitşe yanılır.İnsan gərək mərhəmətli olsun!-orijinal bir fikir söyləmiş insan ədası ilə Aleksey “Nitşenin səhvini düzəltdi”.
-Əşi dayan bir görək!Bizə çox şey öyrədirlər,-Vadim Alekseyə çımxırdı,-de görüm,sənin bu Nitşen niyə deyir ki,mərhəmətli olmaq lazım deyil?
-O deyir ki,insan güclü olmalıdı.Mərhəmətli olanda isə sənin gücün azalır.(Düzünə qalsa,Dmitri Nitşenin heç bir əsərini oxumamışdı.O sadəcə hansısa fəlsəfəyə dair bir kitabda Nitşeyə aid səhifədəki cümlələrdən ikisini mənimsəyə bilmişdi.)
-Bax ha…Heç də pis fikir deyil.Sağ ol,Nitşe.Əşi hər nəysə…Gəlin bu gecə maraqlı nəsə edək!-Vadim bir qədər həyəcanlandı.
-Nə fikrin var,de görək.
-Gəlin Annanın evinə gedək!Hə,əla fikirdi.Gedək Annanın evinə!
-Orda nə işimiz var?
-Bilmirəm.Əylənməyə bir şey taparıq!
Anna qəsəbənin kənarında tək-tənha yaşayan,təxminən 25-30 yaşlarında bir qadın idi. Qəsəbənin sakinləriylə sıx əlaqədə olmaz,öz evinə çəkilər və deyilənə görə günün əksər hissəsini ibadətdə keçirərdi. Övladı olmasa da,deyilənə görə hamiləydi və bu yaxınlarda da övladı olacaqdı. Əri təxminən 6 ay əvvəl hansısa bir dəstəyə qoşulub macəra axtarışına getmiş, Annanın hamilə olması belə onu fikrindən döndərməmişdi. Onun haqda qəsəbədə çox dedi-qodular gəzirdi, öz ruhunu şeytana tapşırdığını,hətta onun insan deyil,cin olduğunu söyləyənlər belə var idi.
Gənclər yola düşdükdən bir az sonra Fyodor:
-Yox,mən getmirəm,-dedi.
-Niyə,ay qorxaq?Yoxsa sən də onun cin olmasına inanırsan?-Vadim bir qədər əsəbiliklə soruşdu.
-Yox,cin olmadığını bilirəm.Hətta onunla söhbət də etmişəm.O əsl tanrı adamıdır,Vadim,mən belə insanı incidə bilmərəm.Tanrı qəzəblənə bilər.
-Qorxaq! Sənin kimisi heç bizə lazım da deyil,-deyib Vadim Fyodoru itələdi. Beləliklə Fyodor ümumi dəstədən ayrılıb,evlərinə yola düşdü. Qalan üç nəfərdən Vadim və Aleksey nə etdiklərindən əmin bir halda yola davam edirdilər. Vadimdəki özünü mühüm hiss etmə və pafos simasından aşkar görünürdü.Aleksey sakit idi,düzü onun heç nə vecinə deyildi,əsas məsələ o idi ki,etməyə nəsə olsun və o darıxmasın.Dmitri isə daxilində narahatlıq hiss etsə də,özünə sığışdırmadığına görə bunu açıq dilə gətirməyə və ya dəstədən ayrılmağa çəkinirdi:
-Vadim,gəl onu incitməyək.Axı onun bizə nə pisliyi dəyib?
-Onsuz da,incitmək fikrim yoxdur.Bir az lağa qoyub,əylənərik,vəssalam. Özü də axmağın biri axmaq,bayaq Nitşedən,mərhəmətdən danışan sən deyildin?İndi birdən-birə mərhəmətlimi oldun?!
Sanki birdən-birə özündə “Nitşeyə sadiqlik məsuliyyəti” hiss edən Dmitri cəsarətləndi: -Hə,doğru deyirsən!Gəl bu gecəni maraqlı edək!Mən səninlə razı!
Hava şaxtalı olsa da,üçlük üşümürdü.Həm içkinin təsiri,həm də geyindikləri qalın paltarlar bunu təmin edirdi.Bir azdan getmək istədikləri ev də görünməyə başladı.Annanın yaşadığı yer güclü bir külək zamanı dağıla biləcək daxmadan və kiçik həyətyanı sahədən ibarət idi.
Onlar evə çatdıqda hava tamamilə qaralmışdı.Vadim irəli çıxaraq qapını döydü.Anna qapını açıb bir qədər narahat şəkildə onlara baxdı.Bu gözəlliyi hələ də tam itməmiş,qara paltarlı,sadəcə siması və əlləri görünən bir qadın idi.
-Buyurun.
-Salam! Siz yəqin ki,Annasız.Bu gecə könlümüzdən sizi ziyarət etmək keçib.Yəqin ki,qonağı qapıdan qaytarmazsız,-Vadim Annanın cavabını gözləmədən,qapını aralayıb,içəri keçdi.Ev,həqiqətən də,kiçik idi. Sadəcə bir otaqdan ibarət,gecələr şam və ya əl lampasıyla işıqlanan olan bu evdə kiminsə bütün zamanını keçirdiyini düşünmək bir çoxlarında ürək sıxıntısı əmələ gətirə bilərdi. Otağın bir küncündə bir stol,stolun üstündə isə şüşəsini his bürümüş lampa,vərəqlərindən çox oxunduğu görünən Biblya və yemək yeyilmiş bir boşqab var idi. Digər tərəfdə səliqə ilə yığılmış yataq,yeganə pəncərədə isə iki dibçək göründü.Qarşı divarda İsa Məsihin tablosu asılmışdı və bu möhtəşəm tablo əzəmətinə görə içərisində olduğu bu daxma ilə çox güclü ziddiyət əmələ gətirirdi.Evin digər küncündə isə bələyin içərisində bir çağa mürgüləyirdi.
-Anna,həyatınız necə keçir?-Aleksey soruşdu.Dmitri isə susqunluqla olanları izləyirdi.O hansı bir vəziyyətin içində olacağını bilmədiyi üçün qorxu qarışıq narahatlıq keçirsə də,bu naməlumluq ona daxili bir həzz də verirdi.Hətta düşünmək olardı ki,o bu narahatlığı keçirmək üçün xüsusi olaraq səy göstərir.
-Çox sağ olun,həyatım normaldır,-Anna hələ də təşviş içində idi.
-Biz sizinlə İsa peyğəmbər və tanrı haqda danışmağa gəlmişik,-İçəri girəndə “əylənmək üçün” heç bir ideyası olmayan Vadim yeni bir ideya tapmışcasına,hətta bir qədər sevinclə dilləndi.
-Niyə mənimlə danışmağa gəlmisiz?Özü də gecənin bu vaxtı?-səsindəki ürkəklik hələ də qalsa da,sanki İsanın adının çəkilməsindən cəsarətlənən Anna soruşdu.
-Məgər İsadan danışmaq üçün hansısa vaxtmı lazımdır?Biz danışmağa,müzakirə etməyə və öyrənməyə gəlmişik!-Vadim,yəqin ki,özünü natiq kimi hiss edirdi.
-Yaxşı,öyrənmək istədiyiniz nədir?-Anna yavaş-yavaş qətilik qazanırdı,lakin təlaş onu tərk etməmişdi.
-Əvvəlcə deyin görək bu həyatın mənası nədir?-sanki Vadim bu sualı önəmli bir sual yox “hansısa söhbət başlanğıcı hesab edirdi.
-Tanrını dərk etmək,İsanı xilaskar kimi qəbul edib,cənnətə layiq olmaq-Anna,bəlkə də,cavabına ən çox əmin olduğu suala cavab verdi.
-Hə,belə de,-yeganə danışan Vadim idi,- bəs bunları etməsəm,necə olacaq?
-Tanrı sizi cəhənnəmlə cəzalandıracaq.
-Tanrı cəhənnəmi niyə yaradıb bəs?
-Günahkarları cəzalandırmaq üçün.
-Bəs günah?Onu niyə ixtira edib?
-Günahı tanrı yox,insan ixtira edib.Adəm tanrının əmrindən çıxmaqla ilk günahı işlətdi və insan paklığını itirdi.
-Yaxşı bəs Adəmdən bizə nə?
-İlk insanın günahı işlətməsi digər insanları da doğuşdan günahkar edir.
-Necə?Bu ki axmaqlıqdır!Mənə nə var,Adəm nə edib!Tanrının başı işləmir nədir?
-Anlamadan,mühakimə etməyə çalışmayın.
-Mən anlamıram?Mən…anlamıram?Sənin kimi bütün günü İsaya yalvarmaq deyil anlamaq! Sənin Biblyandan yaxşı kitablar da var! Məsələn,sən heç Nitşeni tanıyırsan?Amma mən tanıyıram! İsanın isə üzünə tüpürmək lazımdır!
-Tanrı səni sevir,onun sənə olan sevgisini anlasan,bütün bunları da anlayacaqsan.
Vadim özündən çıxmışdı.Vadimin gəliş məqsədinin “gecəni daha maraqlı etmək” olduğunu yada salsaq,ona bu anda özündən çıxmaq üçün adi bir səbəb də kifayət edəcəkdi.Əgər səbəb olmasaydı belə,Vadim bu səbəbi yaradacaqdı.Anna isə Vadimin bu qızışmasını təəccüblə qarşılamışdı. Gözləri azca bərəlmiş halda Vadimə baxırdı.Diqqətlə baxdıqda isə bərəlmiş gözlərin arxasında az miqdarda qəzəbin olduğunu da görmək olardı.Lakin Vadim bu anda belə şeylərə fikir verəcək vəziyyətdə deyildi,o daha da qızışırdı.Divardan asılmış tablonu göstərib,soruşdu: -De görüm,bu nə tablodur?Cavab ver,axmaq qarı!
-İsa Məsihin tablosudur.
-O sənin nəyinə lazımdır?
-Mən hər gün onun qarşısında diz çöküb,öz xilasım üçün yalvarıram.
-Xilas! Əgər xilas olsaydın,bu sökük daxmada yaşamazdın!.Özü də görürəm yeni uşağın olub.Hə,bax budur sənin yeganə işin:həmin uşağı doğurmaq və böyütmək! Qadın başqa nəyə yarayır ki!
Təəccüblənmiş Anna buna cavab vermədi.O bütün bunların nə ilə nəticələnəcəyini gözləyirdi.
-Hə,qarı,bax indi mən sənin bu müqəddəs tablona tüpürəcəyəm! Görək İsa heç olmasa öz tablosunu xilas edə biləcəkmi?!
Vadim tabloya yaxınlaşdıqda Anna yerindən dik atılıb,onun qarşısını kəsdi.Lakin bu hərəkət Vadimi daha da cuşa gətirdi.Artıq onun özünü idarə edə bilmədiyi aydın görünürdü.Dmitri olanları sadəcə izləyirdi,Aleksey isə rahat şəkildə hərdən gəzişir,hərdənsə heç nə etmədən olanlara laqeydliklə tamaşa edirdi.
-Hə,belə görünür ki,İsa səni yox,sən İsanı xilas etmək fikrindəsən!Haha,necə də gülməlidir!Lakin qarı,nə İsa,nə də sən bu gün xilaskar ola bilməyəcəksiz!
-Tabloya əl vurma!-Anna Vadimin qollarından tutdu.Onun mimikası və baxışlarında yalvarış və hücum instinktləri qarışmışdı.Vadim bir anlıq ona baxdı və bir neçə saniyə heç nə etmədən dayandı.Simasından nəsə düşündüyü yoxsa sadəcə Annanın müqavimətinə qəzəbləndiyini anlamaq çətin idi.Dmitri və Aleksey də gözlərini Vadimə zillədilər.Keçən bu bir neçə saniyədən sonra Vadimin siması parıldadı.Dodağında qorxulu bir təbəssüm göründü.
-Yaxşı,olsun qarı! Mən bu tabloya əl vurmayacam. Mən ona tüpürməyi düşünürdüm.Lakin fikrimi dəyişdim. Ona mən yox,sən tüpürəcəksən!
Bu sözlərdən sonra Annanın simasını soyuqluq bürüdü.Sanki o artıq rahatlaşmışdı və əmin idi ki,təhlükə sovuşmuşdur,çünki heç bir qüvvə ona bunu məcbur edə bilməzdi. Annanın dinmədiyini görən Vadim qışqırdı:
-Sənə deyirəm! Əmr edirəm sənə! Bu tabloya tüpürəcəksən!
Anna hələ də susmuşdu.Qaşları çatılmış halda Vadimi izləyirdi.Annanın heç cür reaksiya göstərmədiyini görən Vadim Alekseyə dedi:
-Aleksey,uşağı bura gətir!
Annanın bütün bədənindən gizilti keçdi.Gözləri qaraldı və qorxuyla Alekseyə baxdı.Aleksey isə heç bir qərarsızlıq göstərmədən küncə doğru getdi və əlində uşaqla geri qayıdıb,onu Vadimə təhvil verdi.
-Hə qarı,uşaq mənim əlimdədir.Ya sən bu tabloya tüpürəcəksən,ya da mən bu uşağı elə burdaca boğub öldürəcəyəm!
-Vadim,artıq lazım deyil,bəlkə?-nəhayət ki Dmitri xeyli təlaşlanmış şəkildə dilləndi.Vadim isə Dmitrini sanki eşitmirmiş kimi,fikir vermədi.
Anna irəli gəlib,uşağı Vadimin əlindən almaq istəsə də,Aleksey onu itələdi və o yerə yıxıldı.Vadim isə qəzəbli şəkildə qadına baxırdı.O öz təntənəsini-qadının tabloya tüpürməsini böyük səbirsizliklə gözləyirdi.Bura gələrkən sadəcə əyləncə axtaran Vadim indi sadəcə öz üstünlüyünün təmin olunmasına vəhşicə susamış birisi idi.Annanın uğursuz müqavimət cəhdləri bu ehtirası daha da artırmışdı və Vadim indi qadının tabloya tüpürməsi üçün hər şeyi edə biləcək vəziyyətdə idi.Artıq Anna da bunu duymuşdu və bayaqdan bəri ilk dəfə tabloya tüpürmək ideyası görüntü şəklində onun beynindən gəlib-keçdi.Anna dəhşətlə bu fikri özündən uzaqlaşdırdı və oğlu yenidən əsas narahatlıq mənbəyinə çevrildi.
-Son dəfə deyirəm,tüpür tabloya,uşaq əlimdədir! And olsun ki,onu boğacağam!
Anna növbəti dəfə Vadimin üzərinə cumdu,lakin Vadim onu əliylə saxladı.Alekseysə onun qollarından tutub tabloya tərəf gətirdi.Vadim tərləmiş və qızarmışdı.O növbəti dəfə var gücüylə qışqırdı:
-Tüpür,ifritə qarı,tüpür!
Və Vadim heç nədən narahat olmadan uşağın boğazına yapışdı,onu sıxmağa başladı və düz Annanın simasına baxaraq vəhşi bir səslə bağırdı:
-Tüpür!!!
Elə bu anda uşağın qorxunc ağlama səsi başladı.Boğuq səslə ağlayan,daha doğrusu heç ağlaya bilməyən uşağın dəhşətli səsi Annanın bütün beyninə yayıldı…və o bu səsi eşidən kimi qeyri-iradi olaraq,heç özü də bilmədən tabloya tüpürdü…
Artıq ağzı köpüklənmiş Vadim uşağı ehtiyatsızca yerə qoyaraq qalibin qəzəbli baxışları ilə Annaya baxdı və pıçıldıyla:
-Bu da sənin İsan,-dedi,-Vəssalam,getdik.
Aleksey heç nə olmamış kimi sakit simasını qoruyaraq,onun arxasınca getdi,Dmitri isə son dəfə təşvişlə qadına baxdı və onların arxasınca evdən çıxdı.
Hələ də nə olduğunu anlamayan Anna onlar evdən çıxdıqdan sonra bir dəqiqə müddətində yerində donub qaldı.O əvvəlcə tablonu unudaraq,uşağını xilas etdiyinə görə sevinsə də,sonradan tabloya tüpürməsi ildırım tək beyninə yayıldı və o başını qaldırıb tabloya baxdı.Tabloya baxdıqda ilk gördüyü şey İsanın yerə zillənmiş təəssüflü baxışları( bu anda ona belə göründü) oldu.Anna qeyri-insani bir çığırtıyla tablonun qabağına atıldı.O sanki nə etdiyini indi anlamışdı və artıq İsanın simasında xilaskar yox,sevgisini aradan götürmüş dəhşətli bir mühəkkim görürdü.O dəli tək,dəhşətli qışqırtısı ilə bütün bu ideyanı öz beynindən silib atmağa çalışırdı.Lakin bu mümkün deyildi,İsanın baxışları onun bütün beynini dəlib keçir,ona bütün ömrünün ən böyük dəhşətini yaşadırdı. O diz çökmüş,başını isə dizlərinin arasına salaraq sanki qışqırmaqdan yorulmuş kimi yüksək səslə ağlamağa başladı.Və yenidən gözünü qaldırıb sanki əfv edilmək ümidilə növbəti dəfə tabloya baxdı.Lakin İsanın baxışları dəyişməmişdi.
-Bağışla,tanrım! Əfv et,məni!Əfv et!Əfv et!Bağışla…-onun səsini indi eşidən birisi onun insan yox,cin olması ideyasına asanlıqla inana bilərdi.Bütünlüklə insaniliyini tərk etmiş Anna tablonun dəhşətinə qapılsa da,öz xilasını da məhz bu tabloda axtarırdı.
Hər bir cümləsindən,sözündən sonra tabloda ümid axtaran Anna hər dəfə daha da böyük dəhşətə qapılırdı.İsa onu əfv etmirdi.O,İsanın ona verdiyi uşağa görə İsadan üz çevirmişdi.O bütün kainatın ən dəyərli varlığına olan sevgini adi bir analıq instinktinə qurban vermişdi.Artıq İsaya olan sevgi sanki kəskin mühakimələr irəli sürərək onun bütün beynini doldurur,vəziyyəti Anna üçün daha da dözülməz səviyyəyə çatdırırdı. Elə bu anda gözləri öz uşağına sataşdı.Sifəti dondu,göz yaşlarını və qışqırığını saxladı.Gözlərinin bərəltisi qorxunc səviyyəyə çatdı…O anlamışdı ki,İsanın onu əfv etməsi üçün yalnız bir yol qalır.Elə bu anda uşağını əlinə götürərək,yenidən tablonun qarşısına özünü tulladı.
-Tanrım,hər şeyim sənindir! Bağışla məni,bağışla!-yenidən dəhşətli qışqırıq bütün evi və gecəni bürüdü.O uşağını boğmağa başlamışdı və bunu hiss etməmək üçün sadəcə tabloya baxır və qışqırırdı,-Əfv et,sənin verdiyin uşağı sənə geri qaytarıram! Əfv et,tanrım! Əfv et.
Uşaq isə bayaqkından da dəhşətli bir səslə qışqırırdı.Bu tükürpədici səs istənilən insanda dəhşət və qorxu yarada bilərdi.Lakin Anna həmin anda sadəcə İsanı görür və sadəcə öz əfv diləməsini eşidirdi.
Bir az keçdikdən sonra uşaq boğulmuşdu, Anna uşaqdan diksinərək geri çəkilmiş,bir müddət sürətlə nəfəs almış və sonra sanki zamanın başlanğıcından susurmuş kimi yerindəcə quruyub qalmışdı.Hətta gözlərində belə kiçik hərəkətə rast gəlmək mümkün deyildi.Hər şey bitmişdi…bu dəfə İsanın simasında mühəkkim yox,övladının yanlış hərəkətindən qəlbi üzülmüş,lakin onu əfv edəcək bir valideyn görünürdü. Gecə ərzində Anna olduğu vəziyyətdə qalmışdı.Həmin an onun beynindən keçənlərə qətiyyən düşüncə adını vermək olmazdı.Sadəcə fraqmentlər,epizodlar və qırıq-qırıq hissələr,bir-birilərindən əlaqəsiz şəkildə onun təsəvvüründə uçuşurdu.Bütün bunları Anna qətiyyən anlamırdı,heç anlaya biləcəyi onun ağlına belə gəlmirdi…əgər ağlı yerində idisə.Sanki onun beynindən sürətlə gəlib-keçənlər Annanın tanımadığı hansısa yeni və əcaib bir əlifbada yazılmış sözlərdən ibarət idi.Sanki Anna özünün qiymət verə biləcək tərəfini,şüurunu tamamilə itirmişdi.Anna bu anda öz səhifələrində nələrin yazıldığı barədə zərrə qədər də təsəvvürü olmayan şüursuz kitab vərəqlərini xatırladırdı.
Bir neçə saat keçmişdi.Yer bütün bu olanlara baxmadan növbəti dövrəsini tamamlamamış və səhər açılmışdı.Anna hələ də tərpənmirdi.Sanki tabloya tüpürməklə bir yarısını,uşağı boğmaqla digər yarısını məhv etmiş,elə ordaca heykələ çevrilmişdi.
Səhər qapı açıldı,Dmitri və Vadim içəri daxil oldular.Annanın gözləri nəhayət ki tərpəndi, və onları gördü.Lakin onların siması belə Anna üçün heç nə ifadə etmədi.Vadim Annanın hərəkətsiz olmasından heç nə anlamasa da,ona yaxınlaşıb sözə başladı:
-Dünən etdiklərimizə görə…bağışlayın.Biz bir az içkili…
Vadim əvvəlcə heç nə anlamasa da,uşağa yaxınlaşıb,dünən gecə nəyin baş verməsini təxminən də olsa başa düşmüşdü.Çağa İsanın tablosunun önündə bir qurbantək hərəkətsiz halda dayanmışdı. Bu mənzərədən dəhşətə gələn,pafoslu danışmağı bacarsalar da,ruhları ciddi heç nəyə hazır olmayan bu iki gənc yerlərində donub qalmışdılar. Vadim heç nə demədən sakitcə evdən çıxmış,böyük həvəslə Nitşedən sitatlar gətirən Dmitri isə birdən-birə özünü Annanın ayağı altına atıb hönkür-hönkür ağlamağa başlamışdı:
Yox!Anna sən bağışla bizi,Anna biz səhv etmişik.İstəyirsən,elə bu an məni də öldür!Anna!
Lakin Annadan Dmitriyə reaksiya gözləmək sadəlöhvlük olardı.Dmitri bu anda bütün hislərini tərk etmiş bir ilahəyə ürəkdən ibadət edən bir günahkara bənzəyirdi. Bəs görəsən,Anna bundan sonra necə yaşayacaqdı?Yenidən bütün qəlbiylə ibadət edə biləcəkdimi?Görəsən Anna,həqiqətən də,xilas ola biləcəkdimi?
Hey harasa tələsirik , Ömür gödəkdi , neyləyək. Zamana çata bilmirik, Bizdən zirəkdi, neyləyək.
Heç kimin bitmir davası, Göy davası , Yer davası , Günümüzün tən yarısı Küydü , kələkdi , neyləyək.
Dörd yanımız çığır -bağır, Hərə öz dərdindən baxır, And yerimiz əvvəl-axır Duzdu , çörəkdi , neyləyək.
Başımızda söz havası, Dünyamız ilan yuvası, Biz çoxuq , atam balası, Tanrısa təkdi, neyləyək.
****
Neçə bahar , neçə payız, qış gələr, O səhərlər geri dönməz bir daha. Gah dumana , gah çiskinə bürünər, O xəyallar göydən enməz bir daha, Köçdü , köç.
Bir də yanmaz könlümüzdə od ,ocaq, Külümüzlə oynayırıq nə vaxtdı. Heç bilmirik hansı sözdən yapışaq, Hardan tutsaq deyirlər ki, günahdı , Sucdu ,suç.
Ulduzlar da parıldamır biz deyən, Səhərəcən zülmət saçır gecələr. Elə bil ki, yadırğayıb adamdan, Neçə vaxtdı sevgisizdi küçələr , Acdı , ac.
Elə gözəl sarılmışıq təkliyə , Dörd yanımız hicran adlı qəfəsdi. Vurulmuşuq xəzəl rəngli payıza, İndi bizdən bahar ummaq əbəsdi , Gecdi, gec.
****
Gözlərindən həsrət baxır adama, Bu şəhərin baxışları darıxır. Bu şəhərin ağacları susuzdu, Bu şəhərin yağışları darıxır, Bu şəhərin közü çıxıb yadımdan.
Neçə vaxtdı daş ömrünü yaşayır, Qurd ömrünü , quş ömrünü yaşayır , Buz bağlayıb , qış ömrünü yaşayır, Bu şəhərin yazı çıxıb yadımdan.
Göyə qalxıb , gözü görmür heç kəsi, Sevgisizdi sahilləri dənizin , Başı üstə küləkləri dərd əsir, Bu şəhərin səsi çıxıb yadımdan.
İtib batıb gəzdiyimiz küçələr , Döngə -döngə azdığımız küçələr , Yıxılanda küsdüyümüz küçələr , Bu şəhərin nazı çıxıb yadımdan.
Hər yanını tumar -tumar yorublar, Beton- beton, hamar- hamar yorublar , Bu şəhəri əlimizdən alıblar , Bu şəhərin üzü çıxıb yadımdan.
Yavaş -yavaş tamarzıdı sevincə , Yuxusuna daş atırlar hər gecə , Yaddaşımda adı qalıb eləcə , Bu şəhərin özü çıxıb yadımdan.
Gözlərindən həsrət baxır adama , Bu şəhərin baxışları darıxır. Bu şəhərin ağacları susuzdu , Bu şəhərin yağışları darıxır , Bu şəhərin …düzü , çıxıb yadımdan .
****
Bir zamanlar başı buxara papaqlı , ayağı çarıqlı , əli əsalı kişilər vardı, Üst -başları tütün qoxuyardı , Ovucları qabar -qabardı. Doqqazın başına yığışardılar hər gecə, Biz də onların başına . Onlar davadan , frontdan danışardılar , Biz də daş üstündə oturub qulaq asardıq bu şirun nağıllara yuxu gözümüzdən tökülüncə. Yayın istisində də başlarından çıxarmazdılar papağı, Addım səslərindən tanıyardılar gələn qonağı.. Onlarçun çörək Tanrıdan irəliydi, Hərəsi bir evin dirəyiydi mən tanıyan kişilər , Torpaqla , daşla , əkinlə , xışla oynayan kişilər. Saçımızı sığalsız , gecəmizi nağılsız qoymazdılar, Səhərlər mala, heyvana durardılar , Oğula , uşağa qıymazdılar. Sonra illər göz qırpımında uçub getdi , Doqqaz ağzına yığışan kişilər yavaş -yavaş bu dünyadan köç etdi — Başında papaq , ayağında çarıq, , əlində çəlik. Yavaş -yavaş yollar yiyəsiz qaldı , sonra kənd, Sonra hasarlar böyüdü , sonra adamlar. Sonra qapılardan kilid , ürəklərdən daş asıldı , Uçulub dağıldı söykəndiyimiz divarlar , Köhnə nağıllar pozuldu , Təzə nağıllar yazıldı — İçində həsrət , ayrılıq , xəyanət , göz yaşı , minnət. İnternet sevdalar doğuldu boşluğun içində – Rəngsiz , ürəksiz , qolsuz , qanadsız , şikəst… Məhəbbət dolu məktublar yazılmadı daha , Ürək döyüntüsündən keçmədi boğazdan yuxarı mesajlar , Söz verib söz almadı heç kəs , Heç kim tələsmədi görüş yerinə , Sabaha çıxmadı bu gün doğulan xəyallar.. Nöqtələr , nidalar , suallar!! .. Bir zamanlar başı buxara papaqlı , ayağı çarıqlı , əli əsalı kişilər vardı. Üst -başları tütün qoxuyardı , Əlləri qabar -qabardı…
****
Qaranlığı yenə pusur adamı , Qılınclayır , asıb , kəsir adamı, Gözlərinin fəhmi basır adamı , Vaxt da keçmir bu gecənin baxtından.
Hamı səndən bir yuxuycan uzaqdı , Dünya yatıb , bircə dərdlər oyaqdı, Kim duyacaq harayını bu vaxtı , Kim salacaq bu gecəni atından?
Ağrıların hücum çəkir üstünə , Həsrət adlı zülmət çökür üstünə, Qaramatın yenə tökür üstünə , Hünərin var çıx gecənin altından.
Səhərini günəşlə birgə açırdım, İşıqlarını bağrıma basırdım hər gecə, Üzüaşağı, uzüyuxarı ölçürdüm səni bina -bina , küçə -küçə. Sokakların udurdu addım səsimi, bir də kirpiklərimin kölğəsini. Yağışında islanırdı , küləyində sığallanırdı saçlarım, Dadını çıxarırdım bəxtəvərliyin. Havası qəhvə qoxulu, Səması qağayı sevdalı şəhər. İpək donlu, Yaşıl yaxalı , Dili dualı şəhər, Ürkək qız tək utancaq, Abırlı-həyalı şəhər . İstanbul! Səni dalğa -dalğa, ləpə -ləpə sevirəm, Dalanlarını , küçələrini , dağlarını , ormanlarını gözümə təpə -təpə sevirəm. Heç nədən yox, bircə unudulmaqdan qorxan şəhər, Çiynini qala divarlarına söykəyən, Tarixin qarşısına alnıaçıq , üzüağ çıxan şəhər. Bütün dünyanı başına yığan şəhər.. Səni Boğazdan seyr etmək var hələ .. Sularınla pıçıldaşmaq , dalaşmaq, Dalğalarla gözüdoyunca sevişmək , Dənizlə qucaqlaşmaq .. Bir də hay -küylü Taksimdə yorulunca dolaşmaq , Dolaşdıqca bütün dünyanı unutmaq, Unutduqca tanımadığın insanlara ürəkdolusu “Mərhaba” demək eşqi.. Sonra pay -piyada Eminönünə düşmək , Sərinləmək .. Balıq qoxan sahildə dayanıb gedən gəmilərə əl sallamaq həvəsi , Sonra növbə gözləmək , Sonra əlindəki smiti martılarla bölüşmək, Bölüşdükcə yüngülləşmək , Yüngülləşdikcə uçmaq, uçmaq.. Sonra da .. Sonra da yenə ayrılıq, Yenə xəyallar, Yenə təyyarə səsi, Yenə Xəzərin sahilində səninçün darıxmaq, darıxmaq..
******
Dağından qopan qartalın Qıyına yazığım gəlir. Naləsinə , harayına, Hayına yazığım gəlir.
Gedirik düzlə , yoxuşla, Yarı bəxt, yarı naxışla, İlahi , məni bağışla, Göyünə yazığım gəlir.
******
Gözlərindən eşq damırdı payıza, Qızınırdı sevdasında xəzəllər. Elə gözəl oxşayırdı könlümü O baxışlar , o sığallar , o əllər — Oyandım.
Heç bilmədim hara tutum üzümü, Hara getsəm həsrət məni izlədi. Baş götürüb nağıllara yol aldım, Gedəmmədim axıracan, dözmədim , Dayandım.
Var -gəl etdim payızla qış arası, Məni yordu bu kaşkilər , bəlkələr. Xəyallarım göy üzünə tələsdi, Bir mən oldum, bir də.. bir də kölgələr, Yubandım.
Tutammadım bir ümidin əlindən, Çiçək açmaq bu payıza yad imiş. Burda hər şey aldadırmış adamı, Burda hər şey ayrılığa ad imiş– İnandım.
******
Bu dolaşıq ömrümdə Yarımçıqdı nəyim var, (bircə göz yaşını çıx) –Kəsik -kəsik arzular, Qırıq-qırıq xəyallar, Dərə -təpə sevgilər, Dağ kimi ayrılıqlar. Vüsallar da natamam, Görüşlər də yarımçıq. Könlümün qapıları Bircə həsrətə açıq.. Ruhumda dəli sükut, Başımda qasırğalar, Çöldə ölüm havası.. ..Bu gün də gəlib keçdi, İçində payız rəngi, Bir də şənbə duası.. Bir ümid də yıxıldı Qaşla gözün arası..
Sən məni dalğa-dalğa, ləpə-ləpə oxuyursan, Mən səni misra-misra , vərəq -vərəq yazıram. Sən məni ümman -ümman , nehir -nehir dinləyirsən, Mən səni qaya-qaya , sahil-sahil susuram. Qulağına şeir pıçıldayıram Təptəzə, dupduru , tərtəmiz, ləkəsiz. Çox bənzəyirik bir -birimizə , Bircə fərqimiz var, Sən qayaya söykənirsən , mən sənə, Anam dəniz , sonam dəniz !
****
Ayaq altında üşüyürdü yollar, Sapsarı xəzəllər külək vurduqca qımıldanırdı yerlərində yorğun -yorğun. Qollarını qucaqlayıb oturmuşdu yol qırağındakı üryan ağaclar , üst -başından tökülən ümidsizlikdən utana -utana dayanmışdılar ağac kimi. Buludlar çətirini açmışdı torpağın üstə, Sonuncu nəfəsini verirdi son bahar .
Boğuldum göz yaşında, Sığal-sığal boğuldum. Payızın ortasında Təzə vüsal doğuldu.
****
Tüstüsü başından çıxır buludun, Hirsini dağlara , daşlara tökür. Tökür ağaclara , tökür yollara, Yuvalara tökür, quşlara tökür, Mənim bu yağışa yazığım gəlir.
Kimin baharından keçir görəsən, Kimin payızına , qışına yağır? Kimin ocağına , kimin külünə, Kimin ürəyinin başına yağır? Mənim bu yağışa yazığım gəlir.
Bulud da sözünü yağışla deyir, Harayı yağışdı, hayı yağışdı. Göyündən Yerinə əliboş gəlmir, Sovqatı yağışdı, payı yağışdı, Mənim bu yağışa yazığım gəlir.
Pəncərə -pəncərə yağır səhərə , Pəncərə- pəncərə islanır şəhər. Yuyunur , daranır yağışın altda, Yağış paltarında nazlanır şəhər, Mənim bu yağışa yazığım gəlir.
****
Zaman keçdikcə gözünün qabağında köhnəlir hər şey– duyğular , arzular , Şəkillər , xəyallar . Əvvəlcə köhnə şəhər üzünə durur təp-təzə donda , sonra küçələr, adamlar. İtirsən öz içində addım -addım, ləpir -ləpir. Tanımır səni təzə pöhrələnən ağaclar , İşığı gözünə düşür göydələnlərin , Maşınların siqnal səsinə diksinir ayaqların , Büdrəyirsən və səndən qabağa düşən təptəzə ayaq izinin üstündən ləngər vura-vura keçirsən , Sakit -sakit, qorxa-qorxa ,aram -aram keçirsən. Külək qovur səni dalan-dalan, küçə -küçə, Baxırsan ki, nə yolların , nə küləyin , nə şəhərin yadındasan, Payıza bir sevgi etirafı edirsən gizlicə bahar donlu, bənövşə ətirli, tərtəmiz, Heç kim eşitmir səni , Səsin içində boğulur. Və tək -tənha , qap-qaranlıq gecələrin birində, nimdaş paltarında təptəzə ayrılıq şeiri doğulur… Zaman keçdikcə köhnəlir hər şey– –duyğular , arzular , Şəkillər , xəyallar, Şəhərlər , yollar, Sevgilər , yalanlar…
****
Bu bahar özüylə sevgi gətirə, Döyə qapımızı sevgi bu bahar. Od qoya sopsoyuq ayrılıqlara, Bir ümid doğula , gözündə vüsal, Xəyallanasan.
Yadından çıxara ömrün qışını, Baxtına gün doğa təzədən, Allah. Tuta əllərindən bahar sevdası , Gözdə qəm sevinə , saçda dən , Allah, Nağıllanasan.
Hardansa bir işıq düşə yoluna, Gözünün içinə səadət baxa. Sənə unutdura xəyanətləri, Bütün ağrıların yadından çıxa, Sığallanasan.
Bu bahar bizimçün gələ bu dəfə, Qova başımızdan həsrəti , nolar. Çıxara sevgini gün işığına, Üstündən götürə töhməti , nolar, Vüsallanasan..
****
Dənizkənarı parkda hər gün skamyalar yol, göyərçinlər sevgi gözləyir. Ağaclar yan -yana düzülüb şəkil çəkdirirlər uşaqlarla , quşlarla , adamlarla , daşlarla. Şəkli dənizə düşür bəxtəvərliyin. Ləpələr küləklə yarışır, Sahildə sevişir qum dənələri. Ləpirlər quma batır addım -addım, Böyük ləpirlər xırda ləpirlərə qarışır. Qarğalar dən axtarır sahillə dənizin qovuşduğu yerdə, Yağış yağır hərdən , Budaq -budaq yuyunur ağaclar , Dənizdə əks -səda verir addım səsləri, yarpaq xışıltısı , araba cırıltısı , körpə qığıltısı , Bir ayağı göydən asılan xoşbəxtliyin bir ovuc içi boyda sevincinə əl çalır sular . Baxışlardakı yorğun sevincdə gizlənir min illik qayğılar . Gecələr dənizə düşür ayın şəkli, Külək ayın üzünə çırpır suları dalğa -dalğa , Yanaqları islanır Ay gözəlin. Qaranlıqda uzaqdan adama bənzəyir ağacların qaraltısı , Saçlarında yağış, gözündə dəniz, sinəsində sahil , qollarında quş yuvası. Gecənin qoynunda səhəri gözləyir burda hər nə var — Dəniz, dalğalar, sahil, yelləncəklər , hasarlar , ağaclar, quşlar…
****
Döşəməsi gil, divarı şirəli evlər vardı , Pəncərəsi səmaya baxardı.. Çəpərləri qamışdan , Doqqazları taxtadan quralıydı, Qapıları qonaqlı , qaralıydı. Dörd tərəfi çiçəkli, otluydu, Qızları həyalı, Oğlanlatı ağ atlıydı. Çörək ətirliydi, Sevgi çətirliydi. Tox idi İti, pişiyi , tavanından asılardı uşaq beşiyi . Xallı , xalçalıydı, Mütəkkəli, nalçalıydı. Gecələr hamı lampa başına yığışardı , Nənələr nağıl danışardı, Nəvələr noğullaşardı. Göz açıb yumunca dəyişdi hər şey, Sökdülər döşəməsi gil , divarı şirəli evləri , Qonaqlı evləri, qaralı evləri. Divar -divar sökdülər , Hasar -hasar sökdülər. Yerində daş imarətlər ucaldı , Bacasından tüstü çıxmayan, Pəncərəsindən günəş baxmayan. Nənələr babalar köç etdi, Atalar, analar qocaldı. Sonra cığırları kol , Adamları qaramat basdı . Sevgilər bölündü , azaldı, kiçildi, Evlər rəngiylə, adamlar paltarıyla seçildi. Kişiləri adıyla yox, cibiylə çağırdılar, Hasarıyla, qapısıyla ,bacasıyla ,”Cip”iylə çağırdılar. Sonra nifrət başladı , Sonra paxıllıq , bəddua, göz yaşı , Sonra hamı şeytanı daşladı. .. Döşəməsi gil, divarı şirəli evlər vardı, Pəncərəsi səmaya baxardı…
****
Qadın gəncliyini divardan asmışdı, Özü isə otaq-otaq dolanırdı qocalığın başına. Hər dolandıqca bir buğda dənəsi boyda ömründən sürüşüb düşürdü ayaqları altına. Axsayırdı, Amma yenə addım -addım yeriyirdi ağrılarının üstünə. Arada başını qaldırıb divardakı qadına gülümsəyirdi , Öpüşürdü baharla qış. Kölgəsi düşürdü otağın küncünə, Çevrilib çıqqaçıqla vaxt üyüdən saatına gülümsəyirdi. Sonra ehmallıca barmaqlarını üzünün qırışlarına, İyirmi ildən qalma günəş ləkələrinə sürtürdü, Dodağının çatına gülümsəyirdi. Daha sonra boynunun ardına düyünlədiyi ağappaq saçlarını qapqara, ilməsi qaçmış yaylığı ilə örtürdü. Nəfəsi kəsilirdi tənhalıqdan, Boğurdu divarlar bu səssiz, səmirsiz, yarımçıq qadını, Xəyallar gözünə batırdı. Qapını açıb havaya çıxırdı və günə verirdi ayaqlarının yelini, Pillələr arxasınca daş atırdı….
Ömrünün bu çağında da sevgidən doymayan , ayla , ulduzla həmsöhbət olan , tərtəmiz duyğularını aramla hecaya sığdıran , yoluna , izinə sadiq şair Fəxrəddin Teyyubun dünyaya göz açdığı gündü səhər. Həm də yubiley yaşıdı. İstədim bir -iki kəlməylə şablon doğum günü təbriki yazam. Böyük Sözə sığışmayan şairin duyğularından doğan şeirləri məni bu fikirdən uzaqlaşdırdı. Dünyanın , elə Sözün də işıq tərəfindən baxan şairi ürəkdolusu təbrik etmək keçdi könlümdən. Tərifsiz , filansız . Özü də bilir ki, qeyri -səmimiyyəti sevmirəm və özü də bilir ki, hər yazı doğulmalıdı. Sözə Tanrı sığal çəkmədisə , heç. Fəxrəddin Teyyub duyğularına köklənən şairdi. Sözə irfan yanaşanlardandı. Pakdı. Paxıllıqdan və intriqadan çox uzaqdı . Söz ətrafında müzakirə aparmağı sevir. Tənqiddən qaçan şair deyil. Heç kimə yuxarıdan aşağı baxmır. Bu yaşında da öyrənməyə çalışır. Təvazökardı. Sözdə yerini və çəkisini bilir. Bəziləri kimi efirlərin və mətbu orqanlarının yolunu ağartmır . Qətiyyən özündən razılıq hissi yoxdu. Ayda bir kitab çap etdirmir. Onunçun kəmiyyət yox, keyfiyyət önəmlidi. Zəif şeirlərində də işıq var. Nəyi var özünündü. Kiminsə qələmindən keçib şair olmayıb. Bütün yazılarında Fəxrəddin Teyyubdu. İmzası , möhürüylə..Əsl sözü uzaqdan tanıyan yazardı. Bilmədiyi işin qulpundan yapışmağı sevməz və bu cəhətdən də gözümüzü yağır edənlərdən çox fərqlənir. Hecaya bağlıdı. Özü demiş Tanrı Sözü hecada göndərir onunçun. Məhsuldar şairdi. Yazmaqdan doymur və bezmir. Sevgiyə Göy üzündən baxır. Yazdıqlarına ürək qoyur. Ona görə də sevilir. Əsl Sözü görəndə uşaq kimi sevinənlərdəndi. Hamının uğurunu özününkü bilir. Əlbəttə bu uğur ədalətdən və həqiqətdən keçirsə. Bəlkə də bu xüsusiyyət onun uzun müddət hüquq-mühafizə orqanlarında işləməsindən irəli gəlir. Qanunlara sadiqdi. Elə şeirdə də qanunlardan kənara çıxmır. Hərdən qaydaları, sədləri və hasarları da aşmaq lazımdı desək də öz yolundan çıxmır. Bu baxımdan da özünə bağlıdı. Elə sözünə də. Sözü olmayanların iradını qəbul etmir. Düz də edir. Bu baxımdan oxşarıq. Sözdə öz kürsüsü var, kimsə onu ordan düşürə bilməz. Vətənə , torpağa və ailəyə bir özgə sevdası var ( şair kimi) elə Sözə də. Hərdən zamandan və yaşından şikayətlənir. Vaxt tapanda. Ancaq ruhdan düşmür. Sələflərinə sadiqdi , gələcəyə də inanır. Hər şeyə sevgiylə baxır–yağışa da, küləyə də, çiçəyə də , torpağa da , ağaca da , kola da… Bu xüsusiyyətinə görə də Fəxrəddin Teyyubu sevənlər sevməyənlərdən daha çoxdu. Sözündən böyük danışmağı sevmir . Dedim axı Sözdə yerini və çəkisini bilir. Səmimiyyət olan yerdə Fəxrəddin Teyyub da var. Unutqan deyil . Həssasdı , adamı sözündən tanıyır. Hər adama da ürək qızdırmır. Yeni yaşında qələm dostumuza bol-bol can sağlığı , sevgi və ruh yüksəkliyi arzulayıram . Ruhun yüksək olduğu yerdə xoşbəxtlik , uğur və səadət həmişə var. Bir il də gəldi keçdi. Sözünün üstə söz , yaşının üstə yaş gəldi. Bu yaşın da mübarək , şair! Tanrı ömrünə və Sözünə bərəkət versin!
Yadımdadı 4-cü sinifdə oxuyanda kiçik hekayələr yazırdım. Yazan kimi də anama göstərirdim. Oxuyurdu , gülümsəyirdi. Qəribə məmnunluğu vardı anamın. O gülümsədikcə elə bilirdim ki, dünyanın ən böyük yazıçısı özüməm. Xəyalımın əlindən tutub böyük -böyük səhnələrdə , televiziya ekranlarında gəzirdim. Özümü böyük istedad sahibi bilirdim . Bir gün atam heç nə olmayıbmış kimi mənə “hünərin var şeir yaz” dedi. Pərt oldum. Sən demə mənim bu “böyük” yazılarımı atam elə yüksək dəyərləndirmirmiş. Riyaziyyatçı olduğuna görə onunçun hekayə yazmaq da iki vur iki imiş sən demə. Məndən daha böyük uğur gözləyirmiş bəlkə də. Bəlkə də ayrı səbəb vardı..Bilmirəm. O gündən sonra belə qərara gəldim ki, nə olursa olsun şeir yazacam . Bilirdim ki, şeir yazmaq elə də asan deyil. Amma atamın acığına mütləq şair olacaqdım. Bu acıq mənə sözün qapılarını daha geniş açmaqda kömək etdi və beləcə ilk şeirim doğuldu. Sonra bir də , bir də … Əlbəttə hamısı uşaq təxəyyülünün məhsulları idi. Sonra ilk şeirim dərc oldu və o zaman ilk dəfə özümü qalib kimi hiss etdim və ilklər belə başladı. Mən bacarmışdım. Çox sonralar öyrəndim ki, Qulu Ağsəs də domino oynayarkən qardaşıyla mərcə girib , uduzub şeir yazıb . Yəni hər ikimizin qocaman şeirə gəlişimiz təsadüfən olub. Sonra fikirləşirəm ki, axı təsadüflər zərurətdən doğur çox vaxt. Amma nə yaxşı ki, mən acığa düşmüşəm və nə yaxşı ki, Qulu mərci uduzub. Yoxsa biz nə edərdik ədəbiyyatsız? Sözdən başqa nə gəlir əlimizdən? Barmaqla sayılacaq qədər görüşmüşük onunla. Ayaqüstə , qaçaraq, tələsik. Amma mənə elə gəlir ki, onu min ildi tanıyıram. Ayrı dünyalarda , ayrı məkanda , ayrı zamanda biz onunla çox yaxın dost olmuşuq düşüncəsindəyəm. Ərklə qapısını çala biləcəklərimdəndi. Tənqidimə də , tərifimə də eyni münasibət bildirir. Gülümsəyir eləcə. Çox az -az danışırıq. Başı “Ulduz”a qarışıb , mərci də yadından çıxıb. Qardaşına uduzduğu mərcindən danışıram. Bunun günahını da zamanın üstünə yıxır. Hərdən ona zəng edirəm. Nəsə soruşmaq və hansısa fikrimi bölüşməkçün. “Bir saatdan sonra sənə zəng edəcəm deyir” . Bir saat bir həftə olur. Sözüm də yadımdan çıxır. Zəng edəndə çaş- baş qalıram ki, görəsən nə deyəcəkdim. Üç ildi söz verib ki, sənin haqqında yazı yazacam. Hələ də yazır. Çörəyi də ayaqüstə yeyir , nə inciyim ondan. Amma ara -sıra kiminsə yaradıcılığı haqqında yazısını görəndə , fikirləşirəm ki, bu ayaqüstü yazıların biri də mənə ünvanlana bilərdi. Sonra da yadıma düşür ki, Qulu Ağsəs adamı yola verməyi sevmir. Çox sevdiyi sözün xətrinə dəyməkdən qorxandı. Qulu bir dastanlıq düşünər , bir dadımlıq yazı yazar. Bir dadımlıq sözünün də təpəri var axı. Özündən çox oxucunu fikirləşər . Sözü də , oxucunu da yormağı sevməz . Bəzi dostlarım kimi Qulu da şeir yazanda çiynimdən dağ götürülür. Elə bilirəm onunla birgə mənim yorğunluğum da canımdan çıxdı. Hərdən elə yazıları başımıza çıxarar ki, özün özünə məətəl qalarsan. Hərdən də elə şeirləri ayaq altına atar ki, götürüb təzədən yerinə qoymağa utanarsan. Qəribəliyi çoxdu Qulunun. Sözə o qədər vurğundu ki, dönüb dünyaya baxmaz. Qıraqdan , bucaqdan eşidərəm tərifini, üzə tərif yağdırmağı sevməz . Xəsisdi bu sarıdan. Hələ -hələ danışmaz , danışanda da susmaz. Danışdıqca özünü ələ verər. O susanda mən yazaram. Yeniliyə can atar , amma kökdən də qırağa çıxmaz. Bilir ki, yoldan çıxdısa azacaq. Əvvəl eynəyiylə , sonra gözüylə baxar adama. Kim bilir eynəkdən keçməyən nə qədər “dost”u var .. Qıraqdan baxanda xoşbəxt , dərdsiz, qəmsiz görünər. Bəzən dili yox, gözü danışar adamla. İçindəki ağrıları gözündən gizlədə bilməz. Şeiri barmaqlarıyla yox, ayaqlarıyla yazar , sözün dalınca qaçmaz , söz onun ardınca düşər. Sevgiyə yuxarıdan aşağı baxar . Göy adamıdı axı.. Həmişə gənclərlə oturub durur deyə yaşını unudub. Bir də təəccüblü də olsa eyni vaxtda , eyni məkanda doğulmağı sevməz. Hər adama bir doğum tarixi deyər. Qalarlar çaş-baş. Dedim axı eynilikdən tez bezəndi. Gecənin bir aləmində tanımadığı ölkələrə və tanımadığı adamlara telefon açar və şeir deyər. Mənim kimi. Hərdən tənhalığımızı bir yadın səsiylə ovundurarıq. Dəlisayaq. Boynuna almasa da aprelin 20 -si onun dünyaya göz açdığı gündü. Mənə elə gəlir ki, Qulu əlində qələm , çiynində çanta , gözündə eynək gəlib dünyaya. Bu yazını da ad günü təbriki kimi anlamasın. Yazdım ki, vaxtı yadına salım. Başı “Ulduz”a elə qarışıb ki, dönüb ətrafa baxmır. Həm də təmtərağı sevmir. Yaşının üstünə yaş gəldikcə bir az da uzaqlaşır şablon ad günü təbriklərindən. Bu sarıdan da bənzərliyimiz var. Özü demiş ömürdən ömür gedir , buna sevinmək yox , ağlamaq lazımdı. Amma nə etsək də zaman atına çata bilmirik . Yenə özü demiş. İndi yəqin ki, vaxtı da , bu günkü doğum gününü də unudub və “sahildə qumun üstündə oturub dənizdə batan qayaya dua edir”. Tanrı səsini eşitsin. Bu da təbrik deyil, arzudu. 56 -yacan Qulu Ağsəs kimi yaşadın. Bundan sonra da öz adınla yaşamaq ümidiylə təzə yaşda görüşənədək, əziz dost!
İnsan həmişə həyatı anlamağa , dərk etməyə çalışır. Hər kəs bir pəncərədən , bir prizmadan baxır həyata. Bir pəncərənin işığı o biri pəncərəyə düşmür. Hamı özünü haqlı sayır. Heç kimin ağlına gəlmir ki, bəlkə ən haqsız tərəfdədi həqiqət? Əgər həyat ana bətnində başlayıb yerin bətnində başa çatırsa ortada qalan zaman çərçivəsi nədi bəs? Bəlkə insanın bir qaranlıqdan digər qaranlığa inteqrasiyasıdı həyat?. Bəlkə insan rüşeymi inkişaf edə -edə neçə qat qaranlıqdan keçir özünə çatanacan? Bəlkə həyat insanın özü özünə min kərə qayıdışıdı?. Ruhun neçə canda dünyaya neçə yol dönüşüdü bəlkə həyat? Suallara cavab tapmayanda gah elmə , gah Tanrıya söykənirik. Fikirlər düyünə düşəndə də bir ayrı nöqtədən baxırıq dünyaya. Şüurumuzun yetdiyi qədər, görmək istədiyimiz tərəfdən baxırıq. Ölənəcən , yəni bir qaranlıqdan o biri qaranlığa keçənəcənsə çox şey bizə sirr olaraq qalır. Bəlkə də heç bir sirr yoxdu. Həyat biz bildiyimizdən də asandı bəlkə. Bəlkə biz özümüz çətinləşdirmişik həyatı , elə ölümü də. Hərdən adama elə gəlir ki, köç etdiyimiz və əbədi dünya adlandırdığımız dünya da heç əbədi deyil. Orda insan təzədən doğulur , yaşayır və ordan da bir ayrı dünyaya keçid edir. Beləcə insan min kərə doğulur. Ayrı cilddə , ayrı adda, ayrı məkanda min kərə gəlir dünyaya. Ya bəlkə əsl həyat ölümdən sonrakı həyatdı? Amma nə olursa olsun hər yerdə özünə xoşbəxtlik axtarır insan . Bəs hər kəsin əli çatırmı o məchul nöqtəyə–Xoşbəxtliyə? Qaçaqaçda , qovhaqovda nə qədər xoşbəxt ola bilirik? Zamanımız və gücümüz qalırmı xoşbəxt olmağa? Mənə elə gəlir ki, bədbəxtliyin açıqlaması bu qədər mürəkkəb və çətin deyil. Göz yaşı, həsrət, itkilər, səfalət, ayrılıqlar ( növündən asılı olmayaraq) , sevgisizlik , tənhalıq və sair və ilaxır ..bunlar bədbəxtliyi ifadə etməkçün ən primitiv ifadələrdi. Demək bunlar varsa heç bir xoşbəxtlikdən danışmaq olmaz. Üstündə olduğumuz bu həyat özü də faciədi mənim aləmimdə . Xeyirlə şərin, işıqla zülmətin , güclüylə gücsüzün mübarizəsi çox vaxt biz gözlədiyimiz nəticəni vermir. Bizə taleyi həmişə Tanrımı cızır ? Bütün günahları Onun və İblisin boynuna yıxmaqla əlimizə nə keçir? Özümüzü aldadırıq . Özü də bilə-bilə , sevə -sevə aldadırıq. Bu da ən böyük faciədi. Hər kəs xoşbəxtliyə can atır, eyni zamanda da ondan qaçır. Eyni yerdə , eyni havada yaşaya bilməyənlər məkan dəyişdirməyə ürək eləmir. Bütün talelər cəmiyyətin qarmağına keçib. Heç kəs ətrafın , toplumun , bütövlükdə sosial mühitin düşüncəsindən kənara çıxa bilmir. Düşündüyünü deyən , ürəyi istədiyi kimi hərəkət edənlərə “əxlaqsız, şərəfsiz , vicdansız , namussuz ” damğası vurulur. Buna görə əksəriyyət bu baryeri keçməyə qorxur. Yolun bu tayında qalanlar o taydakıları topa tutur. Aradakı səddin adınasa ictimai qınaq deyirlər. Nəticədə ailələr yalandan , xəyanətdən , göz yaşından , nifrətdən asılır. Qadınla kişi münasibətlərində yaranan uçurumdansa danışmağa dəyməz. Bütün münasibətlərisə cəmiyyət formalaşdırır. Heç kimin öz azad fikri yoxdu. Düşüncələri qorxuyla idarə edirlər. Stress, həyəcan , psixoloji gərginlik insanların həyat tərzinə çevrilib. Hər şeyi taleyin üstünə yıxmaq nə dərəcədə doğrudu? Hər şey alnımızda yazılıbmı? Hamı öz taleyini yaşayırmı ? Bəlkə mən dostumun , qardaşımın , bacımın , qonşumun, oğlumun, ya heç tanımadığım , dünyanın o başındakı insanların taleyini yaşayıram , ya bəlkə əksinə? Kimsə kiminsə sevgi payına ortaqdı bəlkə ? Bəlkə elə bütün talelər bir -birinin davamıdı? Film kimi. Kiminsə yarımçıq taleyi kimdəsə tamamlana bilmir bəlkə? Bəlkə ona görə heç kim xoşbəxt olmur? Ömrümüzün yarısı yuxuda , yarısı gerçəkdə keçir. Yuxuda yaşadıqlarımızdı bəlkə elə əsl gerçəklər. Bəlkə bu yazdıqlarım da mənim deyil. Kiminsə nə vaxtsa düşündükləridi kimsə mənim əlimlə diktə edir bu gün . Bəlkə min il əvvəl yazmışam bu yazını , indi oxuyuram. Suallar çoxdu . Cavablarsa havadan asılıb qalıb. Bütün təsadüfləri zərurət adlandırdığımızçun bu düşündüklərimizi də zərurətə bağlayacağıq çox güman ki. Ən asan yol budu axı. Amma nə etsək də xoşbəxtliyin qafiyəsini tapa bilmirik. Hadisələrsə faciələrin ətrafında cərəyan edir .Bir qaranlıqdan o biri qaranlığa yol gedir hamı. Həyat budurmu?