Şair-publisist Təranə Dəmirin poema və şeirlərdən ibarət yeni kitabı işıq üzü görüb. “Qırmızı xətt” adlı bu kitabda yazarın son ildə yazdığı şeirləri və “Ömrün beşinci fəsli” adlı poeması yer alıb. Kitab “PAN” nəşriyyatında ərsəyə gəlib. Kitabın redaktoru AYB və AJB-nin üzvü, şair-publisist Zabil Pərvizdi.
Yazarlar.az olaraq, biz də öz növbəmizdəTəranə Dəmiri təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!
Atamın atasını,Şaxı babamı görməmişəm. Mən dünyaya gəlməmişdən xeyli əvvəl dünyasını dəyişib.İkinci dünya müharibəsindən iki əlinin səkkiz barmağını itirib gəlibmiş , üstəlik də “asqolla”.Bədənindəki qəlpəyə görə də müharibədən sonra çox yaşamayıb.52 yaşında ,atamın 22 yaşı olanda bu dünyadan köç edib. Ona görə də onunla bağlı heç bir xatirəm yoxdu. Adamların,atamın danışığından xəyalımda bir baba obrazı canlandırmışam həmişə,vəssalam.Qoçaq,vətənpərvər,ailəcanlı,işgüzar baba obrazı.Mülkədar nəslindən olub.Şəkillərindən tanıyırdım babamı. Babamın anası Xumar nənə də kənddə ən sözükeçən və mötəbər qadın imiş. Elə əri -babamın atası böyük babam Murtuza da sayılıb,seçilən kişilərdənmiş . Kolanıda Dəmirlilər adla deyilirmiş o vaxt. Elə indi də belədi.Soya, kökə bağlılıq lap uzun illərə gedib çıxır. Ulu babam molla Aydəmir Xorasanda təhsil alıbmış.Yəni keçmişin ziyalılarından hesab olunur. Təəssüf ki, adını çəkdiyim insanların , doğmalarımın heç birini yaxından görməmişəm, haqqlarında yalnız eşitmişəm. Uşaq vaxtı onlar haqqında danışılanda elə bilirdim ki,hansısa bir nağıla qulaq asıram,maraqlı gəlirdi mənə.Saatlarla oturub dinləmək istəyirdim insanları. Bu yazdıqlarım da uşaqkən yaddaşıma həkk olanlardı. Anamın atası, Məmmədhəsən babamsa yadımdadı.Qara, arıq,balacaboy kişi idi. Sakitdi, çox danışmazdı.Onu həmişə buxara papaqda görərdim. Çox sevgisini biruzə verməzdi.Amma hamımızı ayrı-ayrılıqda sevdiyini bilirdim. Mənə elə gəlirdi ki,həmişə kədərlidi babam.Gözlərindən oxuyurdum. Təəsüf ki, o da mən 4 yaşımdaykən dünyasını dəyişdi. Başında buxara papağıyla yaddaşımda qaldı həmişə. Anam Abdulabaddan idi..Sabirabadın o vaxtkı Abdulyan kəndindən. Çoxlu xalam, dayım vardı.Bacım,qardaşım olmadığından dayı , xalauşaqlarını özümə bacı-qardaş bilirdim.Zaman keçdikcə bunun ancaq mənim təxəyyülümün məhsulu olduğunu anladım. Uşaqkən bunu anlamır insan çox təəssüf ki..Məhəmmədhəsən babam müharibədə çox doğmalarını itirmişdi.Anam deyirdi ki,yaxınlarından hər dəfə qara kağız alanda, günlərlə xəlvətə çəkilib ağlayırdı.O vaxt anam uşaq olsa da bunu gözəl xatırlayırdı.Demək onun gözlərinə hopmuş kədər də bundan idi. Babam dünyadan köçəndə qardaşım təzə doğulmuşdu.Anamın,nənəmin ağlamağı yadımdadı.Babamın papağı paltar dolabının üstündəydi.Uzun müddət o papağa toxunan olmadı.Amma hər dəfə nənəmgilə gedəndə papağı zorla aşağı endirib bağrıma basırdım.Onunçun çox darıxırdım.Bir gün papağı yerində görmədim.Bilmədim papağı neynədilər.Yəqin ki,məndən gizlətdilər.Həmin gün o ki,var ağladım.Özü də içdən,göynəyə -göynəyə ağladım.Amma nə babam yaddan çıxdı,nə papağı. Anam Abdulabaddan Kolanıya gəlin köçmüşdü.Atamla sevib evlənmişdilər , hər İkisi müəllim idi. Babam tez-tez Abdulabaddan Kolanıya bizi yoluxmağa gələrdi.Gələndən gedənəcən iş görərdi həyət bacada.Yırtığı, söküyü yamayardı,ağac əkərdi,çəpər çəkərdi.Onu görəndə anamın gözü işıqlanardı.Ağac kötüyündən bizə ət taxtası düzəldib gətirmişdi bir dəfə. O vaxt ət maşınları yox idi,əti baltayla döyürdülər.Mənə elə gəlir döyülən ətin dadı bir ayrıydı. Hələ də istifadə edirik o kötükdən.Xeyirdə, şərdə çox karımıza gəlir. Yetimliklə böyüyübmüş babam.Anasız,əmi ,nənə umudunda.Nənəm onun ikinci həyat yoldaşı olub.O biri evlilikdən bir xalam vardı. Bunu çox sonralar bildim, qonşular dedi.Onu eşidəndə özümü çox pis və qəribə hiss etmişdim.Axı nənəm və anamgil bu ögeyliyi heç vaxt hiss etdirməmişdilər deyə mən o xalamı da ən az o biri xalalarım qədər, bəlkə də lap çox istəyirdim.Çünki anam onu lap çox sevirdi.Kubra xalam nənəmə bacı deyə müraciət etdiyi üçün bütün uşaqlar da nənəmi bacı deyə çağırırdılar.Yəni analarına bacı deyə xitab edirdilər. Babalarım haqda bildiklərim bu qədərdi.Nənələrimləsə xatirələrim bitib tükənməz. Nənələrim dayıqızı,bibiqızıydı.Ona görə də oxşar cəhətləri çox idi.Sözübütöv,ədalətli,eyni zamanda davakar ruhlu,üsyankar,bir sözlə özünə,sözünə güvənən qadınlardı ikisi də.Kişilər də çəkinərdi onlardan.Heç kim sözlərinin qarşısına söz gətirməzdi.Elə ailədə də hökmran idilər.Sərt xarakterləri vardı.Amma mənimlə son dərəcə mülayimdilər. Onların yanında sərbəst şəkildə ərköyünlük edə bilirdim.Atamın anası Səfurə nənəm uzun ətəkli ,uzun qollu paltarlar geyinərdi, başını iki şalla örtərdi,saçı görünməzdi. Mən onu həmişə qara paltarda görmüşdüm deyə təsəvvürümdə də elə qalıb. Anamın anası Bikə nənəmsə bir qədər fərqliydi.O daha müasir geyinərdi, başına kəlağayı bağlayardı. Paltarlarını da özü tikərdi. Düşüncələrində də fərqlilik vardı.Səfurə nənəm sevərək evlənməyin əleyhinəydi. Deyərdi ki, mən ərimi toy gecəsi görmüşəm. Xoşbəxt olmadıqmı? Olduq. Uşaqlar ( onun aləmində biz uşaqdıq) nə bilir sevməyi.Ata,ana kimi məsləhət bilirsə övlad da onunla evlənməlidi.Amma Bikə nənəm daha romantik idi. Payızı çox sevirdi və eyni zamanda şeir, poeziya vurğunuydu. Çoxlu bayatı, ağı bilirdi. Çoxusunu da özü qoşmuşdu. Heyf ki, onları bir yerə yığa bilmədim. Sevgiylə qurulan ailənin təməli möhkəm olur deyirdi. Eyni zamanda hamının sevgisinə hörmətlə yanaşırdı. Qızlar,gəlinlər sirrini ona açardılar.Məsləhət yeri idi hamının.Əlindən hər iş gəlirdi.Tikiş tikmək,xalça, kilim toxumaq,yorğan-döşək salmaq.Təmizkardı.İşi-gücü bitməzdi. Amma qadının ,qızın oxumağına elə də xoş baxmazdı.Onun aləmində qadın ailə qurmalı,oğul,uşaq sahibi olmalıydı. Buna baxmayaraq elə böyük qadağaları da yox idi.Olsaydı anam yəqin ki, təhsil ala bilməzdi. Səfurə nənəmsə fərqlidi.İstəyirdi ki, hamı oxusun.Atamı palaz,kilim toxuya-toxuya oxutmuşdu.Deyirdi ki, qaynanamdan qalan bütün qızılları satıb Ağaqardaşı(atamı)oxutdum.Fəxr edirdi onunla-atamla.Deyirdi “raykom”,”İspalkom” hamısı qorxur oğlumdan.Atam sözün deyən,dalaşqan adam olub deyə nənəm də həmişə oğlu haqda öyünə-öyünə danışırdı. Qürrəllənərdi oğluyla. Dərslərimi yaxşı oxuduğumçun nənəm mənə”uçitel”balam deyirdi.Bir də xiyara yelpənək,təyyarayə əyripalan,pəncərəyə ağüşkə (akoşka),aşın qarasına qəlyə ,nencəyə decurka deməyi vardı.Uzun illər nənəmin yanında yaşamışam. Anam sığalsız -tumarsız qadındı. Sərt xarakteri olduğu üçün ondan çəkinərdim,yanında çox dəcəllik etməzdim. Nənəmsə mənim azadlığımdı,əlləriylə sığallanardı saçlarım,daranıb hörülərdi,üzümdən, gözümdən öpərdi,hər sözümə qurban olum, başına dönüm deyərdi.Hər kəlməsi can idi. Onun yanında uşaqlığımı doya-doya yaşayırdım.Qaçardım , ağaca dırmaşardım , qışda palçığa , yayda toza-torpağa batardım .Onun yanında gözün üstə qaşın var deyən olmazdı mənə. Məsələn, sevmədiyim südü zorla içirməzdilər, ,xoşlamadığım yeməyi məcbur yedirtməzdilər, sevmədiyim paltarları döyə-döyə geyindirməzdilər əynimə. Bir sözlə tam azad idim onunla. Hara getsəydi məni də özüylə aparardı. Məscidə gedərdik məhərrəmlik başlayandan axıracan. Kəndin bu başından o başına yol ölçərdik hər gün. Orda danışılan nağıllar mənə elə qorxulu və eyni zamanda maraqlı gələrdi ki, saatlarla dinləməkdən doymazdım.Nənəm inanardı mollaların hər sözünə, imamlarçun göz yaşı axıdardı ürəkdən. Əmimin uşaqlarına laylay çalanda gizlicə ağlayardım.Səsi çox qəmliydi,ürəyimə toxunurdu.Yekə qız olananacan kürəyində gəzdirərdi məni. Özü demiş kopan şalıyla məni kürəyinə sarıyıb qonşulara aparardı.O vaxt qonşular da qalsız-qeybətsizdi, bir -birlərinə gedib gələrdilər,qapılarda kilid olmazdi. Sonra böyüdüm . Sonra bütün bütlər sındı,sonra ayrılıqlar başladı .Hamı köç edib getdi bu dünyadan.Nə buxara papaqlı babalar, nə uzun ətəkli nənələr qaldı. Sonra nənələrimin bizə yuva olan evlərini sökdülər . İçində xatirələrimiz olan o evin yerində daha modern , daha müasir evlər tikildi.Sonra oyanıb gördüm ki,elə mən də nənəmin məni bağrına basdığı ,saçımı sünbül hördüyü yaşdayam.Bir xatirələrdi, bir həsrət,bir də payız.
Gecə keçib, ay da yatıb, ulduzlar da yuxulu, Mənsə nağıl gözləyirəm bu gecənin üçündə. Milyon ilin təkliyi də kirpiyimdən asılıb Qaranlıqda yol axtarır gözlərimin içində.
Başım üstə dövrə vurur öz ruhumun kölgəsi, Xəyallara əlim çatmır, əlləşirəm uzaqdan. Hayandasa it ulayır tənhalığın üstünə, Görən kimə acıqlıdı, səsin kəsmir bayaqdan?
Divarlar da mürgülüdü, həyət-baca mürgülü, Arada-bir çarpayıdı hənirimə diksinən. Ürəyim də dayanmadan təpikləyir sinəmi, Deyən o da qaranlıqda sığışammır köksümə.
Yenə qulaq kəsilmişəm tənhalığın səsinə, Zaman yenə damcı-damcı gözlərimdə əriyir. Divardakı saat da ki, yarı oyaq, yuxulu Yorğun- yorğun, asta-asta sübhə sarı yeriyir.
Aldandım Ol yiyəsinə, Öldüm,ölümdən qayıtdım. Ocaq çatdım ürəyimdə, Yandım,külümdən qayıtdım.
Heç kimə deyə bilmədim, İçimdə sözüm qaraldı. Baxdım ömrümün dalınca, Baxdıqca gözüm qaraldı.
Hər şey özümdə başladı, Tükəndim,bitdim özümdə. Əlim heç nəyə yatmadı, Əl atdım,tutdum özümdən.
****
Dekabr, Şəhər küçə-küçə, Ağaclar külək-külək üşüyür. Mən də üşüyürəm, Saçlarım dən-dən, Əllərim çiçək-çiçək üşüyür. Bir”Salam” kəlməsinə qaçır baxışlarım, Gülümsəyirəm– İnsanlara,ağaclara,quşlara,küləyə,yağışa. Bir ilıq təbəssümdə gizlədirəm kədərimi doğrusu, Otuz il əvvəlki kimidi, Məni uzaqdan vurur dənizin qoxusu. İstəyirəm tələsəm, Ayaqqabılarımın səsi başıma düşür, O da ayaqlarım kimi yorulub deyəsən. Birdən kimsə adımı çağırır, Düşürəm bu səsin sehrinə, Ürəyim uçunur adıma sarı. Dönüb bir fəsil geri qayıdıram üstündə yeridiyim zamanı, Hardayam? Hardadı? Hanı? Bir oğlan bir qızın saçlarını baxışlarıyla sığallayır, Qız nazlanır, O nazlandıqca mənim bir sığallıq təbəssümə tamarzı yanaqlarım islanır. Çatlaq dodaqlarım göz yaşını başına çəkir, Nəfəsi üstünə gəlir dodaqlarımın. Sonra təzədən qayıdıram bu saata,bu yerə,bu günə, Sakitcə keçib gedirəm yanlarından yağış-yağış, Gözüm qıza sataşır “Bu qız mənə oxşamır axı” Sahil boyu göyərçinlər didib dağıdır torpağı, Onlar dən,mənsə xatirə axtarıram. Dekabr, Səni bu gün də addım-addım arxada qoyuram- Dizimdə yel,gözümdə eynək,çiynimdə dopdolu aldanış. İstəyirəm dənizə daş atım, Ürəyim sözümə baxmır. Mən səndə doğuldum,mən səndə böyüdüm, mən səndə sevdim,mən səndə aldandım, Bağışla məni,dekabr!
****
Böyük dərddi ümidini Kəsəsən qanın çıxmaya. Alışasan diri-diri, Öləsən,canın çıxmaya.
Danışmağa qoymayalar, Susasan,səbrin darala. Özünə qəbir qazasan, Girəsən,qəbrin darala.
Bir balaca yuvan ola, Çalın,çəpərin olmaya. Yatasan fil qulağında, Filin xəbəri olmaya.
Qollarından asılasan, Ayağın yerdən üzülə. Qaçasan ruhuna sarı, Qaçasan,ipin kəsilə.
Başına daşın tökülə, Qalasan daşın altında. Bir yalan başın üstündə, Bir yalan başın altında.
****
Balım,şəkərim dedilər, Noğullar aldatdı bizi. Göydən üç alma düşmədi, Nağıllar aldatdı bizi.
Günün hansı saatı olur olsun göndərdiyimiz bütün materialları əlüstü dərc edir. Təmənnasız dostluğu var və təvazökarlıqdan çox uzaqdı. Hər cəhətdən özüdü, heç kimi təkrarlamır və heç kimə bənzəməyə çalışmır. Yaradıcılığı da özünəməxsusdu. İçində dopdolu Vətən sevdası var. Elə əməlində də əsl vətəndaşdı. Sözə bağlılığı da torpağa, yurda, elə, obaya bağlılığı qədərdi. Operativdi və səmimiyyətdən kənar dostluqdan qaçandı. Dupduru amalları var və həddən artıq çalışqandı. Bu gün onun dünyaya gəldiyi gündü. Biz də bu münasibətlə sözübütöv, əqidəsinə, sözünə sadiq dostumuz Zaur Ustacı ürəkdən təbrik edirik. Arzuları çoxdu və bu arzuların həyata keçməsində ona möhkəm iradə və can sağlığı arzulayırıq. Yolu çox uzun olsun.
Dekabr, Şəhər küçə-küçə, Ağaclar külək-külək üşüyür. Mən də üşüyürəm, Saçlarım dən-dən, Əllərim çiçək-çiçək üşüyür. Bir “Salam” kəlməsinə qaçır baxışlarım, Gülümsəyirəm insanlara, ağaclara, quşlara, küləyə, yağışa, Bir ilıq təbəssümdə gizlədirəm kədərimi doğrusu, Otuz il əvvəlki kimidi, Heç dəyişməyib, Məni uzaqdan vurur dənizin qoxusu. İstəyirəm tələsəm, Ayaqqabılarımın səsi başıma düşür, O da ayaqlarım kimi yorulub deyəsən. Birdən kimsə adımı çağırır, Düşürəm adımın sehrinə, Ürəyim uçunur adıma sarı, Dönüb bir fəsil geri qayıdıram üstündə yeridiyim zamanı, Hardayam? hardadı? hanı? Sonra baxıram ki,bir oğlan bir qızın yanaqlarını baxışlarıyla sığallayır, Qız nazlanır, O nazlandıqca mənim bir sığallıq təbəssümə tamarzı yanaqlarım islanır, Çatlaq dodaqlarım göz yaşını başına çəkir, Nəfəsi üstünə gəlir dodaqlarımın.. Sonra təzədən qayıdıram bu saata,bu ana,bu günə, Sakitcə keçib gedirəm yanlarından yağış-yağış. Gözüm qıza sataşır, “Bu qız mənə oxşamır axı” Sahil boyu göyərçinlər didib dağıdır torpağı, Onlar dən, mənsə xatirə axtarıram… Dekabr! Səni bu gün də addım-addım arxada qoyuram- Dizimdə yel, gözümdə eynək, çiynimdə dopdolu bir aldanış.. İstəyirəm dənizə daş atım, Ürəyim sözümə baxmır, Mən səndə doğuldum, mən səndə böyüdüm, mən səndə sevdim, mən səndə aldandım.. Bağışla məni, dekabr!
Hər bir insan ömür yolunda müxtəlif məhrumiyyətlərlə, ağrı və acılarla qarşılaşır. Bu təcrübələr ayrı-ayrılıqda fərqli görünsə də, ümumiləşdirəndə hamısının təməlində eyni mənzərəni sezirik. Sanki bütün bunlar, Çeçenistanın ilk prezidenti Cövhər Dudayevin adından tez-tez qarşıma çıxan bir fikrin təsdiqi kimidir. Dudayev deyirdi:
“Əgər indiki ataların qorxaqlığını ‘ehtiyatlılıq’ adlandırırlarsa, elə bir zaman gələcək ki, uşaqların köləliyini də ‘sadiqlik’ adlandıracaqlar.”
Yazıya bu qədər uzaqdan başlamamağın xüsusi bir səbəbi var: bizim tərbiyə metodlarımızda kök salmış gerilik anlayışının, ədəbiyyatımızda – xüsusilə şairlərimizin yaradıcılığında – necə əks olunduğundan bəhs etmək niyyətindəyəm. Çünki yuxarıda qeyd etdiyim kimi, fərd olaraq yaşadığımız hər bir ağrının ümumiləşdirib onu poetik çalarlarla oxucusuna çatdırmaq əsil ziyalılıq və istedad tələb edir.
Hələ XX əsrin əvvəlində Mirzə Ələkbər Sabir yazırdı ki, “Qeyrətimiz bəlli bütün millətə”, amma ardınca sərt bir həqiqəti də üzümüzə vururdu:
Dindirir əsr bizi – dinməyiriz, Açılan toplara diksinməyiriz; Əcnəbi seyrə balonlarla çıxır, Biz hələ avtomobil minməyiriz…
Sabirin bu fəryadından sonra dayanıb düşündükcə anlayırsan ki, üzərimizə çökmüş gerilik yalnız bir əsrə aid deyil; bu gün də, başqa adlarla, başqa biçimlərlə qayıdıb bizi tapır. Nə qədər zaman keçsə də, dəyişən yalnız görünüşdür, mahiyyət isə eyni qalır: aldadılmağın, yalan ümidlərlə yaşamağın nəsillərdən-nəsillərə ötürülməsi.
Elə buna görədir ki, ötən gün çağdaş ədəbiyyatmızın öncül şairindən biri olan Təranə Dəmirin “ALDATDI BİZİ” şeiri qarşıma çıxanda oxuduqca misralar məni eyni sızıltı ilə göynətdi:
Balım, şəkərim dedilər, Noğullar aldatdı bizi. Göydən üç alma düşmədi, Nağıllar aldatdı bizi.
Uşaqlıqdan dilimizə hopdurulan “balım, şəkərim” kimi nəvazişli sözlər, nağılların bəzəkli axarı bizi reallığın sərtliyindən uzaqlaşdırır. Şair burada çox sadə görünən bir həqiqəti açır: bizə həqiqət yox, gözəlləşdirilmiş təskinlik öyrədilib. Bu təskinlik isə illər sonra aldanışa çevrilir.
Bu misralarda Sabirin “əsr bizi dindirir – dinməyiriz” gileyinin davamını görürük. Hərəkət var, mübarizə var, çarpışma var — lakin istiqamət yenə səhvdir. Çığırların aldadıcı olması, əslində, bizə yön verənlərin, bizi yetişdirənlərin, tərbiyə edənlərin yol göstərməkdə yanılması deməkdir. Hərəkət etmək kifayət deyil; doğru istiqaməti görmək lazımdır.
Dərədən, təpədən keçdik, Dənizdən, ləpədən keçdik, Necə cür zirvədən keçdik, Çuxurlar aldatdı bizi.
Tarixin bütün sınaqlarından keçən bir xalqın yenə də eyni çuxurlarda ilişib qalması təsadüfi deyil. Burada şair çox incə bir məqamı göstərir: biz çox zaman görünən təhlükələrdən qorunmuşuq, amma görünməyənlərə hazırlıqsız olmuşuq. Bu da tərbiyənin nəticəsidir — bizə qəhrəmanlıq öyrədilib, amma ayıqlıq yox; dözüm öyrədilib, amma düşünmək yox.
Yalanlara arxalandıq, Bar verdikcə uralandıq, Medal-medal qaralandıq, Uğurlar aldatdı bizi.
Burada isə cəmiyyətin yanlış dəyərlər sistemi açılır. Həqiqətin əvəzinə görüntüyə inanmağımız, mahiyyətin yerinə medalı üstün tutmağımız — bunların hamısı uşaqlıqdan formalaşan tərbiyənin nəticəsidir. Görünənin arxasında boşluq olanda uğur belə aldatmacaya çevrilir.
Ən ağrılı sonluq budur: dəyər dəyişməsi. Ürəyi qoyub gözə qaçmaq — daxili mahiyyəti qoyub zahirə sarılmaq — bu gün tərbiyənin ən böyük itkisidir. Sükutu, dərinliyi, düşüncəni itirib səsliliyin, görüntünün, ötəri həvəsin arxasınca qaçmaq — bu, yalnız cəmiyyətin deyil, fərdin də taleyini alt-üst edir.
P. S : Təranə xanımın yaradıcılığına ikinci dəfədir ki, müraciət edirəm. Hansı ki, onun hər bir şeiri bu cür dərdlərimizi özündə əks etdirən müzakirəyə və təhlilə layiqdir. Bu kiçicik yazı ilə gözəl şairimizə sağlam can sağlığı ilə bərabər sevincli günlər və yaradıcılıq uğurları diləyirəm.
Müəllif: Elxas Comərd AYB-nin, “İti Qələm” Respublika Ədəbi Birliyinin və “Ağsu Yazarları” Ədəbi Birliyinin üzvü
Zamanında insanlar elə düşüncədəydi ki, elm, texnika inkişaf etdikcə bütün suallara cavab tapılacaq, ağır xəstəlikləri sağaltmaq mümkün olacaq, hətta ölümsüzlüyə belə yol açılacaq. Yavaş-yavaş gəlib çatdıq həmin vaxta. Bəs suallarımıza cavab tapa bildikmi? Qovuşa bildikmi arzularımıza? Bir vaxt can atdığımız əbədi xoşbəxtlik budurmu? Düzdü, internet əsridi, hər şey əlimizin altındadı. Bircə anın içində dünyada gedən proseslərdən xəbər tuturuq. Nəticədəsə elektron jurnalistika yazı və oxu mədəniyyətimizi əlimizdən alıb. İnformasiya bolluğunda fikrimizi düzgün istiqamətləndirə də bilmirik. Yeni ixtiralar, yeni kəşflər edilir. Hamısı bəşəriyyətin və insanlığın əleyhinə. Süni intellekt gündəmi zəbt edib. Bu boyda inkişafın və tərəqqinin içində bəs niyə təlaş içindədi müasir insan? Xəstəliklərə dərman tapılırmı və problemlər həll olunurmu? Virtual aləm yaxın təması və doğmalığı əvəz edirmi? Hər şeyin asan əldə edildiyi vaxtda müasir insan xoşbəxtdirmi? Zənnimcə inkişafın və tərəqqinin gündəlik həyatımızda törətdiyi fəsadların görünən və görünməyən cəhətlərindən danışsaq daha məqsədəuyğun olar. Bir vaxt bizi düşündürən, bəlkə xəyalımızdan belə keçməyən hər şey real həllini tapdı və bu proses hələ də davam edir. Geniş və işıqlı evlər, komfortlu maşınlar,geniş ekranlı televizorlar, gündən-günə rəngini və funksiyasını dəyişən smart telefonlar, dəbdəbəli həyat tərzi və sairə və ilaxır bizi xoşbəxt edirmi? Bir belə bolluğun içində ruhumuz rahat deyil, mənən niyə acıq? Niyə başımızın üstünü xərçəng xofu, ölüm qorxusu alıb. Əsəblərimiz gərgindi, gözümüz nə isə axtarır həmişə. Niyə fikrimiz keçmişdə qalıb? Lampa işığında, ocaq başında, doqqaz ağzında, şirəli evlərdə ilişib qalmışıq. Elm inkişaf etdikcə xəstəliklər durmadan artır, ölüm adiləşib və cavanlaşıb. Hamı telefondan və komputerdən asılı haldadı. Fikrimiz keçmişdə qalsa da bu mədəni ölümün caynağından da qurtara bilmirik. Yeni smart nəsl yetişir. Soyuq, dilsiz-ağızsız, sevgisiz, laqeyd. Dəbdəbəli evlərdən qonaq səsi gəlmir, heç kimin heç kimdən xəbəri yoxdu. Hamı yazır, hamı cavab gözləyir. Emosiyaları smayliklər, duyğuları durğu işarələri əvəz edir. Hiss-həyəcan harda qalıb bəs? Dostluq, yoldaşlıq, məhəbbət klaviatura arxasındadı. Hamı məşğuldu, hamı gərgindi, hamı təlaş içindədi. Zamansa su kimi axıb gedir. Heç nəyə yetmirik, heç nəyə çatmırıq. Bu darmacallıqda heç yaşamağımızdan da xəbərimiz yoxdu. Kitablar satılmır, qəzet və jurnalların tirajı kəskin azalıb. Bütün mətbu orqanları, elə yazarlar da oxucu qıtlığı yaşayır. Budurmu tərəqqi və inkişaf? Axı nə əldə etdik? İtirdik əslində. Ruhumuzu, eşqimizi, rahatlığımızı, səmimiyyətimizi, insanlığımızı. Robotlaşdıq. Bu tərəqqi yeni-yeni savaşlara da yol açdı, təzə-təzə silahlar ixtira olundu, ölüm, qan-qada həyatımızın bir hissəsinə çevrildi. Bir sözlə çıxmazın içindəyik və bizi bu hala salanların şəxsi maraqlarının qurbanına çevrilmişik. Belə nəticəyə gəlirik ki, biz özümüzü idarə edə bilmirik,idarə olunuruq. Qazanan idarə edənlər, ,itirənsə bizik. Zamansa ən qatı düşməndi. Hər an əleyhimizə işləyir. Budurmu bir vaxt xəyalını qurduğumuz xoşbəxtlik anlayışı? Arzularımız düşmənəmi çevrildi və ya bizi xəyallarımızdanmı vurdular? Niyə azad ola bilmirik mənasız vərdişlərimizdən və eyni zamanda bizi uçuruma aparan hisslərimizdən? Ruhumuz əsirdi. Qeyri-ixtiyari axının dalınca düşüb məchulluğa doğru gedirik. O məchulluqda bizi heç də gözəl şeylər gözləmir. Oyuncağa çevrilmişik ixtiraçıların, onların yaratdıqlarının əlində. Duyğularımız arxa plana keçib, emosiyalarımız kortəbiidi. Düşdüyümüz bu vəziyyətdən bizi nə xilas edə bilər? Oyuncaq olmaqdan çıxma zamanı deyilmi? Yoxsa susqunluğumuz daha böyük fəsadlara qapı açacaq. Süni zəkaya söykənib hara qədər davam etmək olar? Çünki sonunda o da bizim düşündüklərimizi kopyalayıb bizə ötürür. Bəlkə bir müddət uzaqlaşaq bu sünilikdən. Bütün ruhumuz tam ələ keçirilməmiş bəlkə çıxaq bu qaranlıqdan. Özümüzlə baş-başa qalaq bəlkə.
Zəfərin mübarək, Azərbaycan əsgəri! Zəfərin mübarək, şəhid anası! Zəfərin mübarək, ulu xalqım! Zəfərin mübarək, Türk dünyası! Qarşıda çox zəfərlər var hələ– Həqiqətin zəfəri, Ədalətin zəfəri, Ləyaqətin, heysiyyətin zəfəri! Darıxma, ürəyi min yerdən qırılan Vətən, Şəhid-şəhid bütövlənən, sərhəd-sərhəd qurulan Vətən, Sən nələr görmədin, Nələr eşitmədin sən, Zaman-zaman ümidindən asılan insanların göz yaşında boğulan Vətən, Milyon kərə tikələnən, Milyon kərə bütövlənən, Dərdində, sərində yanıb kül olan, sonra külündən bir də,bir də doğulan Vətən! Darıxma, səbr elə, Qarşıda çox zəfərlər var hələ!
Siz heç gülüşlərinizin arxasında gizlətdinizmi göz yaşlarınızı, Hıçqırıqlarınızı təbəssümünüzdə boğdunuzmu heç? Dəli kimi hönkürdünüzmü qəh-qəhələrinizin ardınca, Bağrınıza basdınızmı xəyallarınızı gecə boyunca? Ağrılarınızı küçələrə, nisgilinizi dənizə tökdünüzmü, Gedənlərin xiffətini dalğa-dalğa, sahil-sahil çəkdinizmi? Şəkil-şəkil dolandınızmı gecənin başına, Bir telefon zəngiylə ovutdunuzmu həsrətinizi, ulduz-ulduz xatirələrərin başı üstə sabahladızmı? Divar-divar dinşədizmi sükutu, Səssizliyi qapı-qapı puzdunuzmu? Diksindinizmi hər külək uğultusuna, yağış səsinə, Bir də.. Bir də bulud-bulud yığışdınızmı payızın kölgəsinə, Xəzəl-xəzəl susdunuzmu?
****
Harda qaldı ətəyi yer süpürən, başı çalmalı analar, Cibləri noğullu, şirnili, qucağı ərikli, almalı analar? Yığışıb ocaq başında yuxa yayardılar, İnək sağar, yun əyirər, nehrə çalxayardılar. Bişirdikləri yeməkdən özlərinə pay düşməzdi, ətrindən doyardılar. Saçlarımız əllərində, Adımız dillərində sığallanardı, Nağıllanardıq. Gecələr xalça toxuyar, corab yamayar, paltar tikərdilər, Zərif çiyinlərində dünyanın yükünü çəkərdilər. Utanardılar, böyüklərin yanında qucağa uşaq götürməzdilər, İnanclıydılar, Tanrıya, imama, övliyaya şəkk gətirməzdilər. Özlərinin hesab-kitabı vardı, Ruziləri bu qışdan o qışacan çatardı. Yer belləyər, əkin əkərdilər, Hər işdə pərgardılar, zərgərdilər. Gec yatıb tez oyanardılar, Hər kəsin nazıyla oynayardılar. Şükürlü, dualıydılar, Ayağı sayalıydılar. Harda qaldı əli xınalı, başı örpəkli analar, Süfrəsi bərəkətli, üzü çörəkli analar.