Etiket arxivi: VAQİF İSAQOĞLU

Vaqif İsaqoğlunun “Günahsız günahkar” kitabı

YÜZ YEDDİNCİ YAZI
Vaqif İsaqoğlunun “Günahsız günahkar” kitabı
Salam olsun çox dəyərli oxucum! Bu dəfə söhbətimizi həmişə aktual olan hərbi mövzulu yazılar üzərindən qurmağa çalışacağam. Bu mövzu aktual olduğu qədər də çoxşaxəli olub, demək olar ki, bütün həyatımızı öz ağuşuna alır. Xırda məişət problemlərindən tutmuş, böyük ictimai-siyasi məsələlərə qədər uzanan bu həyati əhəmiyyət daşıyan vacib məsələ zaman-zaman gündəmə gəlir. Müasir Azərbaycan ədəbiyyatı daim xalqın ağrılarını, cəmiyyətin mənəvi sarsıntılarını və milli ruhunu özündə yaşadan nümunələr ortaya qoyur (Kimin necə düşünməyindən asılı olmayaraq). Bu baxımdan tanınmış hərbi jurnalist, publisist, şair və yazıçı Vaqif İsaqoğlunun “Günahsız günahkar” hekayələr kitabı son dövr Azərbaycan nəsrinin diqqətçəkən və ictimai əhəmiyyət daşıyan əsərlərindən biridir. Ehtiyatda olan yüksək çinli zabit və qazi kimi Vaqif İsaqoğlu yalnız müşahidə edən bir yazar deyil, həyatın ən ağır həqiqətlərini yaşamış, müharibənin ağrılarını öz taleyindən keçirmiş bir ziyalıdır. Elə buna görə də onun qələmə aldığı hər bir hekayə oxucuda sənədli təsir bağışlayır, süni bədii təsvir yox, yaşanmış həqiqətin nəfəsini duyurur. Son dövrlərdə dünya ədəbiyyatnda da əsasən bu tip – real həyatdan götürülmüş mövzular işlənir və uğur qazanır. Azərbaycan ədəbiyyatının da gələcək inkişaf perspektivləri məhz bu istiqamətdə gözlənilir.
“Günahsız günahkar” sadəcə hekayələr toplusu deyil. Bu kitab vicdanın məhkəməsi, insanlıq dəyərlərinin sınağı, milli yaddaşın qorunmasına xidmət edən mənəvi manifestdir. Müəllif cəmiyyətin müxtəlif təbəqələrindən olan insanları, onların daxili aləmini, mənəvi sarsıntılarını, haqsızlıq qarşısında yaşadıqları ağrıları böyük ustalıqla təsvir edir. Əsərin əsas gücü də məhz bu təbii və sarsıdıcı realizmdədir.
Kitabın diqqət çəkən əsas xüsusiyyətlərindən biri cəmiyyətdə kök salmış məmur özbaşınalığının və korrupsiyanın cəsarətlə ifşa olunmasıdır. Vaqif İsaqoğlu öz hekayələrində vəzifə kreslosunu şəxsi hakimiyyət vasitəsinə çevirən, insan taleləri ilə oynayan “kiçik allahlar”ın iç üzünü açır. Müəllif göstərir ki, bəzən günahsız insanlar məhz vicdansız sistemin içində “günahkar” elan olunur. Kitabın adı da bu acı həqiqətin bədii ifadəsidir. Yazıçı hadisələri pafossuz, şişirtməsiz təqdim edir və məhz buna görə oxucu hər sətrin arxasında canlı həyat həqiqətini görür.
Vaqif İsaqoğlunun yaradıcılığında vətənpərvərlik xüsusi yer tutur. Bu təsadüfi deyil. Çünki müəllif özü ehtiyatda olan yüksək çinli zabit və qazi kimi Vətən uğrunda xidmət etmiş, xalqın ağrılarını yaxından yaşamış bir şəxsiyyətdir. Onun yazılarında vətən sevgisi süni şüar deyil, həyat amalına çevrilmiş müqəddəs hiss kimi təqdim olunur. Xüsusilə “Anuş”, “Erməni”, “Mişel” kimi hekayələrdə erməni faşizminin insanlığa qarşı törətdiyi vəhşiliklər bədii dillə gələcək nəsillərə çatdırılır. Bu əsərlərdə müəllif təkcə keçmişi xatırlatmır, həm də milli yaddaşı qorumağın vacibliyini ön plana çəkir.
Yazıçının “Oğru” hekayəsi mənəvi aşınmanın ağrılı mənzərəsini yaradır. Professor Bədəlov obrazı vasitəsilə müəllif ziyalının cəmiyyətdə düşdüyü çıxılmaz vəziyyəti, mənəviyyatın maddi maraqlar qarşısında necə sıxışdırıldığını göstərir. Ömür yoldaşının xatirəsini yaşatmaq istəyən bir insanın kitablarını satmağa məcbur qalması yalnız bir şəxsin faciəsi deyil, bütöv bir dövrün mənəvi böhranıdır. Burada kitabların belə sahibinə dayaq ola bilməməsi xüsusi simvolik məna daşıyır.
“Qazi Həsən” hekayəsi isə kitabın ən təsirli və sarsıdıcı nümunələrindən biridir. Bu əsərdə Vaqif İsaqoğlu müharibədə qəhrəmanlıq göstərmiş bir qazinin sülh dövründə qarşılaşdığı mənəvi haqsızlıqları ustalıqla qələmə alır. Füzuli döyüşlərində erməni tanklarını məhv etmiş Həsən obrazı Vətən uğrunda canını ortaya qoyan minlərlə Azərbaycan oğlunun ümumiləşdirilmiş simvoludur. O, dövlətdən xüsusi imtiyaz istəmir, halal zəhməti ilə dolanmağa çalışır. Lakin qarşısına çıxan vicdansız sistem onun qürurunu tapdalayır.
Kapitanın qaziyə qarşı kobudluğu, onun qəhrəmanlıq nişanələrini “iki-üç dəmir-dümür” adlandırması, küçədə alver etmək üçün gündəlik pul tələb etməsi cəmiyyətdə mənəvi deqradasiyanın hansı həddə çatdığını göstərir. Çiyələk yeşiklərinə vurulan təpik təkcə meyvələrin yox, qazinin ləyaqətinin ayaqlar altına atılmasıdır. Ayaqqabının qazinin kürəyində təmizlənməsi isə insanlıq adına utanc doğuran mənəvi eybəcərliyin zirvəsi kimi təqdim edilir.
Ən sarsıdıcı məqam isə Həsənin ağlamasıdır. Müəllif göstərir ki, müharibədə tankları partladan, ölümün gözünə dik baxan qəhrəman fiziki ağrıdan deyil, mənəvi xəyanətdən sarsılır. Bu, sadəcə bir qazinin faciəsi deyil, cəmiyyətə ünvanlanmış ağır ittihamdır. Vaqif İsaqoğlu burada oxucunu qazilərə, şəhid ailələrinə qarşı daha vicdanlı və diqqətli olmağa çağırır. Ehtiyatda olan yüksək çinli zabit və qazi kimi müəllifin bu mövzunu xüsusi həssaslıqla qələmə alması əsərin təsir gücünü daha da artırır.
“Ana istəyi” və “Şəhid” hekayələri isə kitabın emosional zirvəsidir. Şəhid analarının yaşadığı sonsuz ağrı müəllif tərəfindən böyük ustalıqla təqdim olunur. “Məni də oğlumla birlikdə dəfn edin” deyən ana obrazı Azərbaycan qadınının müqəddəs analıq duyğusunun bədii simvoluna çevrilir. “Şəhid” hekayəsində ananın “İndi o təkcə mənim oğlum deyil, Azərbaycanın oğludur” sözləri fərdi kədərin milli qürur səviyyəsinə yüksəlməsinin ən ali ifadəsidir.
Vaqif İsaqoğlunun yaradıcılığının ən mühüm cəhətlərindən biri də gənc nəslin vətənpərvər, vicdanlı və mənəviyyatlı ruhda yetişməsinə xidmət etməsidir. Onun əsərləri sadəcə bədii mətn deyil, həm də mənəvi məktəbdir. Ehtiyatda olan yüksək çinli zabit və qazi kimi müəllif öz həyat təcrübəsini, gördüyü həqiqətləri gənclərə çatdırır, onları Vətənə sədaqətə, milli dəyərlərə bağlılığa çağırır. Bu baxımdan “Günahsız günahkar” kitabı təkcə ədəbi hadisə deyil, həm də ciddi ictimai-mənəvi əhəmiyyət daşıyan əsərdir.
Bu kitab oxucunu düşündürür, silkələyir, cəmiyyətin ağrılı nöqtələrinə diqqət yönəldir. Vaqif İsaqoğlu insanın vicdanını oyadan, onu haqqın və ədalətin yanında dayanmağa çağıran sənətkardır. Onun hekayələrindəki həyat həqiqətləri, milli ruh, vətən sevgisi və insan ağrısı Azərbaycan nəsrinin ən dəyərli keyfiyyətləri kimi özünü göstərir.
“Günahsız günahkar” – həqiqətin səsini susdurmayan, insanlıq dəyərlərini müdafiə edən, milli ruhu yaşadan bir kitabdır. Bu əsər bir daha sübut edir ki, Vaqif İsaqoğlu yalnız istedadlı yazıçı deyil, həm də xalqının ağrılarını qəlbində daşıyan böyük vətəndaşdır. Onun əsərləri xüsusilə gənc nəslin vətənpərvər ruhda yetişməsində, milli yaddaşın qorunmasında və mənəvi dəyərlərin təbliğində mühüm rol oynayır. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik.
16.05.2026. Bakı.

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir

Vaqif İsaqoğlunun yazıları

ZAUR USTACIN YAZILARI

ƏLİ BƏY AZƏRİNİN YAZILARI

MƏHƏMMƏD ƏLİNİN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Vaqif İSAQOĞLU – Şeirlər

AĞLADIM

Öz doğma yurdumda qəribəm qərib,
Qayğılar günümü yasa döndərib.
Dərdli ürəyimi güneyə sərib,
Üzümü dağlara tutub ağladım.

Getdiyim yollarda duman süründü,
Can evim kədərə, qəmə büründü.
Yenə gözlərimə anam göründü,
Üzümü dağlara tutub ağladım.

Ayları, illəri yaşadım yalqız,
Ömrün dərd yükünü daşıdım yalqız.
Yadıma düşəndə ilk sevdiyim qız,
Üzümü dağlara tutub ağladım.

Mən ki, yıxılmazdım, dərd məni yıxdı,
Fikir məngənə tək canımı sıxdı.
Kimə «qardaş» dedim, qara daş çıxdı,
Üzümü dağlara tutub ağladım.

Qocalıq əl verib mənlə görüşdü,
Elə bil üstümə dağlar sürüşdü.
Cavanlıq çağlarım yadıma düşdü,
Üzümü dağlara tutub ağladım.

9 mart, 2026

MƏNƏ QOCA DEMƏ…

İllər saçlarıma çoxdan dən salıb,
Həsrətin canımı lap əldən salıb.
Ürəyim cavandı, demə qocalıb,
Mənə qoca demə, ay canı yanmış!

Həyatım bir cənnət bağıdı indi,
Ömrümün ən gözəl çağıdı indi.
Deyirlər: «Bu dünya sevənlərindi»,
Mənə qoca demə, ay canı yanmış!

Yanar bir ocağam, közümdən bilsən,
İşığım sönməyib, üzümdən bilsən.
Qəlbimdən keçəni gözümdən bilsən,
Mənə qoca demə, ay canı yanmış!

Göylərə çatacaq gur səsim də var,
Bitib-tükənməyən həvəsim də var,
Yüzü haqlamağa nəfəsim də var,
Mənə qoca demə, ay canı yanmış!

İpək saçlarını mənim üçün hör,
Mənimlə birlikdə gözəl ömür sür.
Nə olar, sözünü sən geri götür,
Mənə qoca demə, ay canı yanmış!

Dəmiri mum kimi əyər bu Vaqif,
Həmişə haqq sözü deyər bu Vaqif.
Vallah yüz cavana dəyər bu Vaqif,
Mənə qoca demə, ay canı yanmış!

Çəliklə gəzməyin gəldi zamanı,
Yayda da isinmir Vaqifin canı.
Hanı, qız qaytaran günlərim, hanı?
Üzümü dağlara tutub ağladım.

7 mart, 2026

HEÇ KİMƏ İNANIB,
GÜVƏNMƏ VAQİF

Əvvəlki kişilər çıxıb getdilər,
Mərdliyi, qeyrəti yığıb getdilər.
Dünyanın «əlini» sıxıb getdilər,
Heç kimə inanıb, güvənmə Vaqif!

Haramı halala qatan çoxdu çox,
Hər gün ürəyinə batan oxdu, ox.
Bir vaxt güvəndiyin atan yoxdu, yox,
Heç kimə inanıb, güvənmə Vaqif!

Yalan söz ağızda bal dadır daha,
İlan zəhəri də baldadır daha.
Qardaş da qardaşı aldadır daha,
Heç kimə inanıb, güvənmə Vaqif!

Yaman çoxalıbdı şeytan adamlar,
Daha yoxa çıxıb, qeyrət, namus, ar.
İndi nə sirdaş var, nə də ki, dost var,
Heç kimə inanıb, güvənmə Vaqif!

Enişdə, yoxuşda dizinə güvən,
Halal ocağına, közünə güvən.
Özünə arxalan, özünə güvən,
Heç kimə inanıb, güvənmə Vaqif!

4 mart, 2026


KİŞİ TƏK YAŞA…

Halal qazanırsan halal varını,
Ağ çiçək sanırsan qışın qarını.
Əymədin heç zaman dağ vüqarını,
Qalan ömrünü də kişi tək yaşa.

Eşitdin hər kəsin qəm fəryadını,
Tarixə yazmısan öz soyadını.
Göylərə ucaltdın kişi adını,
Qalan ömrünü də kişi tək yaşa.

Heç zaman yalana əl çalmamısan
Yaltaqlıq eləyib alçalmamısan
Bir gün də mənasız yaşamamısan,
Qalan ömrünü də kişi tək yaşa.

Qaraya ağ deyib yarınmadın sən,
Heç kimin boynuna sarılmadın sən.
Sənin soykökünə, nəslinə əhsən,
Qalan ömrünü də kişi tək yaşa.

Vicdanla görübdü hər işi Vaqif,
Dərdli adamların dərdişi Vaqif,
Sən kişi oğlusan, ay kişi Vaqif,
Qalan ömrünü də kişi tək yaşa.

2 mart, 2026


KƏNDDƏ YAŞAYARAM
QALAN ÖMRÜMÜ

Doğma kəndimizə çıxıb gedirəm,
Şəhərin «əlini» sıxıb gedirəm.
Mən şələ-küləmi yığıb gedirəm.
Vurub qoltuğuma solan ömrümü,
Kənddə yaşayaram qalan ömrümü.

Gülləri soluxan mən yaz kimiyəm,
Pas atıb çürüyən dəryaz kimiyəm.
Telləri qırılmış bir saz kimiyəm,
Bu şəhər eylədi talan ömrümü,
Kənddə yaşayaram qalan ömrümü.

Yadımdan çıxmadı bir an da kəndim,
Yaşadı ürəkdə, həm qanda kəndim.
Bu qərib şəhərdə bitib-tükəndim,
Fələk qıra bilər hər an ömrümü,
Kənddə yaşayaram qalan ömrümü.

Elə bil qəfəsdə yaşıyıram mən,
Ürəkdə dərd yükü daşıyıram mən.
Birtəhər çıxaraq bu cəhənnəmdən,
Gedib söndürərəm yanan ömrümü,
Kənddə yaşayaram qalan ömrümü.

Təzə arzu ilə, yeni nəfəslə,
Canımda can olan sevdiyim kəslə,
Üz tutub gedirəm böyük həvəslə,
Şəhərdə saxlayıb yalan ömrümü,
Kənddə yaşayaram qalan ömrümü.

Unuda bilmədim bir an dağları,
Saxlayıb izimi o kənd yolları.
Qaçmaq istəyirəm günəşə sarı,
Qırx ildir bürüyüb duman ömrümü,
Kənddə yaşayaram qalan ömrümü.

25 fevral, 2026

GƏLƏRSƏNMİ BİZƏ DE

Bir yaz günü biz görüşdük səninlə,
Ay batanda tez öpüşdük səninlə.
Beşinci gün oda düşdük səninlə,
Beşinci gün gələrsənmi bizə de?

Könlüm səni doğma sanır, yar sanır,
Bu sevgini unutmayıb hey anır.
Beşinci gün canım yanır, odlanır,
Beşinci gün gələrsənmi bizə de?

Mən bir vaxtlar cavan idim, nə dərdim,
Nə bir kədər, nə də qayğı bilərdim.
Beşinci gün sənə məktub göndərdim,
Beşinci gün gələrsənmi bizə de?

Qocalsam da gözlərində gözüm var,
Kül altında qaralmayan közüm var.
Beşinci gün sənə xəlvət sözüm var,
Beşinci gün gələrsənmi bizə de?

Bu sevgini oda yapdı ayrılıq,
Qılınc kimi kəsdi, çapdı ayrılıq.
Beşinci gün bizi tapdı ayrılıq,
Beşinci gün gələrsənmi bizə de?

Əlli ildir qəlbimdəsən hələ sən,
Əlli ildir bənzəyirsən gülə sən.
Beşinci gün sığal verib telə sən,
Beşinci gün gələrsənmi bizə de?

Bu sevgimiz nağıl kimi bitiəcək,
O xoş günlər ilim-ilim itəcək.
Beşinci gün ömrüm sona yetəcək,
Beşinci gün gələrsənmi bizə de?

fevral, 2026

Müəllif: Vaqif İSAQOĞLU

VAQİF İSAQOGLUNUN YAZILARI

ZAUR USTACIN YAZILARI

ƏLİ BƏY AZƏRİNİN YAZILARI

MƏHƏMMƏD ƏLİNİN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

VAQİF İSAQOĞLU QAN ELİYİR – DOST SÖZÜ

DOXSAN DÖRDÜNCÜ YAZI

Müharibə xoşbəxtliyi və insan ağrısı
(Vaqif İsaqoğlunun “Qırmızı yağış” hekayəsi)
    Salam olsun, çox dəyərli oxucum! Budəfəki söhbətimizi  yenicə əldə etdiyim, tanınmış söz adamı, hər iki cəbhədə silahdaşım, rütbədə və təcrübədə məndən böyük olan Vaqif İsaqoğlunun “Qırmızı yağış” kitabından seçdiyim eyni adlı hekayə əsasında qurmağa çalışacağam. Kitab adı ilə diqqətimi cəlb etdi. Bu ifadə anında “Qırmızı yarpaqlı ağac” hekayəmi xatırlatdı. Nəzərinizə çatdırım ki, Vaqif İsaqoğlu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yüksək rütbəli döyüş yolu keçmiş zabitlərindən biridir. Ordunun, eyni zamanda Azərbaycanın ən ağır günlərində qələmin süngüyə çevirib cəbhədən cəbhəyə qaçan, əsgərlərlə bir qazandan yeyib, eyni kazarmada yatan döyüş zabitidir. Şübhəsiz ki, onun şərəfli döyüş yolu yazdıqlarına yansıyır.
    Azərbaycan ədəbiyyatında müasir dövrün ictimai-siyasi ağrılarını, müharibə travmasını və insanın daxili sarsıntılarını psixoloji dərinliklə təqdim edən müəlliflərin çoxundan fərqli olaraq,  onun yazdıqları yazıçı fantaziysından daha çox, bədii don geyinmiş real həyat həqiqətləridir. Maraqlıdır ki, yaradıcılığının məhz bu cəhəti Vaqif İsaqoğlunu həm sevdirir, həm də müəyyən dairələrdə açıq publisist mövqeyinə görə həzm olunmasını çətinləşdirir. Hərbçi həyatının bütün xırdalıqlarına bələd olan, Azərbaycan əsgərinin şücaətini öz gözləri ilə görən Vaqif İsaqoğlu ən yaxın tariximizin ən dəqiq salnaməçilərindən biridir desək, yanılmarıq. Onun “Qırmızı yağış” hekayəsi yalnız bir fərdin faciəsi deyil, bütöv bir nəslin taleyini, müharibənin insan ruhunda açdığı sağalmaz yaraları əks etdirən təsirli bədii nümunədir.
     Hekayənin mərkəzində Nadir obrazı dayanır. O, müharibədə ayağını itirmiş, fiziki şikəstliklə yanaşı, mənəvi sarsıntı da yaşamış bir qazidir. Müəllif qəhrəmanın daxili aləmini incə psixoloji detallarla açır. Papirus tüstüsünün tavana doğru yayılması, güzgüdə özünə baxarkən yaşadığı sarsıntı, kəsilmiş ayağına zillənən baxışlar – bütün bunlar zahiri təsvir deyil, ruhun içində qopmuş fırtınanın əlamətləridir.
    “Qırmızı yağış” ifadəsi rəmzi məna daşıyır. Bu, sadəcə qanı xatırladan bir obraz deyil; bu, müharibənin göydən yağan bəlasıdır – insan talelərinə çökən faciədir. Qırmızı rəng burada həm qanı, həm də qəzəbi, həm də utancı simvolizə edir.
     Hekayənin ən ağrılı məqamlarından biri Nadirin cəbhədən qayıtdıqdan sonra qarşılaşdığı münasibətdir. Müharibədə sağlamlığını itirən bir insanın dinc həyatda işsiz qalması, zavod direktorunun laqeyd və kinayəli münasibəti cəmiyyətin mənəvi deformasiyasını göstərir. “Sənə veriləcək işimiz yoxdur” – cümləsi təkcə bir fərdin deyil, bütöv bir sistemin qəddarlığını ifadə edir.
     Daha ağır olan isə “Qarabağ? İndi hanı o Qarabağ? Onu niyə qoruya bilmədiniz?” kimi ironiya dolu sualdır. Bu sual bir qazinin yarasına duz səpməkdən başqa bir şey deyil. Müəllif burada müharibənin yükünü daşıyanlarla kabinetlərdə qərar verənlər arasındakı uçurumu ustalıqla göstərir.
    Vaqif İsaqoğlu hekayədə psixoloji realizm üslubundan istifadə edir. Nadirin öz-özü ilə mübarizəsi, ağlaya bilməməsi, səsini içinə gömməsi, qəzəbini yumruqla sinəsinə çırpması – bunlar travmanın təbii təzahürləridir. Müəllif hadisələri pafosla deyil, sakit, lakin sarsıdıcı dillə təqdim edir. Bu da əsərin təsir gücünü artırır.
       Güzgü motivi xüsusi diqqətə layiqdir. Qəhrəmanın güzgüyə baxaraq özünü tanımaması, saç-saqqalının ağardığını, alnında qırışların dərinləşdiyini görməsi zamanın və yaşananların insanı necə dəyişdirdiyini simvolizə edir. Güzgünün sındırılması isə daxili parçalanmanın vizual ifadəsidir.
      “Qırmızı yağış” hekayəsi yalnız Qarabağ savaşının kontekstində deyil, ümumilikdə müharibə və insanlıq dilemması fonunda oxunmalıdır. Müəllif göstərir ki, müharibə təkcə səngərdə olmur; o, insanın evinə, yataqxanasına, iş yerinə, hətta güzgüsünə qədər gedib çıxır. Fiziki savaş bitə bilər, lakin psixoloji savaş davam edir.
     Nadir obrazı bir fərd olmaqla yanaşı, simvolik xarakter daşıyır. O, itirilmiş sağlamlığın, sındırılmış arzuların, dəyərsizləşdirilmiş qəhrəmanlığın təcəssümüdür. Onun timsalında müəllif cəmiyyətə sual verir: Vətən uğrunda canından keçməyə hazır olan insanı sülh dövründə necə qarşılayırıq?
     Vaqif İsaqoğlunun dili sadə, lakin obrazlıdır. Təbiət təsvirləri, məkanın qaranlıq atmosferi, tüstü, güzgü, qırmızı rəng kimi detallar mətnin emosional fonunu gücləndirir. Dialoqlar qısa, lakin kəsərlidir. Hər cümlə arxasında böyük bir ağrı dayanır.
    Müəllif publisist ruhunu da qoruyur; hekayədə ictimai mesaj açıq şəkildə duyulur. Lakin bu mesaj bədii çərçivəni aşmır, didaktikliyə yuvarlanmır. Əksinə, oxucunu düşünməyə, vicdanı ilə üz-üzə qalmağa məcbur edir.
    “Qırmızı yağış” müharibə mövzusunda yazılmış adi bir hekayə deyil. Bu əsər insan ləyaqəti, sosial ədalət, vicdan və məsuliyyət haqqında dərin düşüncələr doğuran bədii manifestdir. Bir gəncin deyil,  bütöv bir nəslin manifesti, harayı, fəryadıdır: “Yazığın ayağını itirdiyi vətəndə heç qəbri də olmadı”…  Vaqif İsaqoğlu bu hekayə ilə sübut edir ki, ədəbiyyat təkcə estetik zövq üçün deyil, həm də yaddaş üçündür – unutmamaq, unutdurmamaq üçün.
   Kitabda “Qırmızı yağış”ın  həmən ardınca “Yuxu” hekayəsi gəlir. Bu düzülüşn təsadüf olmadığına inanıram. Bu peşəkar qələm adamının hər bir kəlməyə, detala, sonuncu güllə həssaslığı ilə əsl döyüşcü yanaşmasıdır. Vaqif İsaqoğlu bu hekayəsi və ümumilikdə kitabda yer almış eyni ruhlu digər mətnləri ilə oxucunu oyatmağa çalışır. Düşündürür. Oxucuya bir həqiqəti xatırladır: qırmızı yağış dayansa belə, onun izi torpaqdan və insan qəlbindən uzun müddət silinmir.
Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Vaqif İsaqoğlunun “Qırmızı yağış” kitabını mütləq oxuyun! Hələlik.

19.02.2026. Bakı.

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir

Vaqif İsaqoğlunun yazıları

ZAUR USTACIN YAZILARI

ƏLİ BƏY AZƏRİNİN YAZILARI

MƏHƏMMƏD ƏLİNİN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Vaqif İsaqoğlu – Qırmızı yağış – hekayələr kitabı

Vaqif İsaqoğlu – Qırmızı yağış – hekayələr kitabı

Kitaba daxil edilmiş hekayələr cəmiyyətin iç üzünü əks etdirir. Mütləq oxuyun! Oxu!

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Azərbaycan Milli Mətbuat – 150 – Medaldan söz düşəndə

1987-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişəm. Tovuzluyam, Köhnəqala kəndində anadan olmuşam.

Müstəqil Azərbaycanın ilk hərbi jurnalistlərindən biriyəm. 1992-2003-cü illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi nin Hərbi bilik jurnalında redaktor kimi fəaliyyət göstərmişəm. Birinci Qarabağ müharibəsi veteranıyam. Ehtiyatda olan mayoram.

2003-2008-ci illərdə “Qızıl əsr” qəzetinin təsisçisi və baş redaktoru olmuşam. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi nin sifarişi ilə teatr, kino sahəsində kitablarım çap olunub. Azərbaycan Jurnalistlər Birliyinin (1989) və Azərbaycan Yazıçılar Birliyinin (1995) üzvüyəm. Prezident təqaüdçüsüyəm. 50-yə yaxın kitabın müəllifiyəm. Gənclər bəlkə də məni tanımır. Ancaq Azərbaycan mətbuatında imzama peşəkarlar bələddir. Medianın İnkişafı Agentliyi nin fəaliyyətini yaxından izləyirəm. Həmkarlarımın mükafatlandırılmasını görüb, sevinirəm. Bu il 65 yaşım tamam oldu. Jurnalist kimi fəaliyyətimin 40 yaşı tamam olacaq. Heç vaxt mükafat və təltif haqqında yazmamışam. Heç düşünməmişəm də… Ancaq haqqım olanı istəmək məncə təbiidir. Düşünürəm ki, müvafiq qurumlar bu yazını oxuyacaq. Salamat qalın!

Hörmətlə, Vaqif İsaqoğlu

AYB və AJB üzvü.

Vaqif İsaqoğlunun yazıları

ZAUR USTACIN YAZILARI


YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Zaur Ustacın “Sevgi dolu şeirlər” kitabı – Ziyadar

Zaur Ustacın “Sevgi dolu şeirlər” kitabı – Ziyadar

Ədəbiyyat tarix boyu bəşərin yolunu işıqlandıran bir çıraq olub. Xüsusilə poeziya insan ruhunun ən dərin qatlarına enərək həm fərdi, həm də milli kimliyi ifadə edir. Zaur Ustacın “Sevgi dolu şeirlər” kitabı da bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Adından da göründüyü kimi, kitab yalnız bir şeir toplusu deyil, həm də yol göstərən, istiqamət verən, milli-mənəvi dəyərləri qoruyaraq, gələcəyə daşıyan mənəvi ulduz – işıq (çıraq, mayak) rolunu oynayır.

“Sevgi dolu şeirlər” kitabı oxucuya bir mesaj verir: insan öz yolunu itirməmək üçün mənəvi ulduzlarını, onların göstərdiyi yolu (saman yolunu – işıq yolunu, sevgi yolunu) unutmamalıdır. Bu yol göstərən (Ziyadar) ulduz (ulduzlar) – ziya bəzən Vətəndir, bəzən ana dili, bəzən də şəhidlərin ruhu, milli yaddaş və tarixi mirasdır. Zaur Ustacın poeziyası yalnız estetik gözəlliyi ilə deyil, həm də məzmun yükü ilə seçilir. O, oxucunu düşündürür, həm də yol göstərir:

Dünyanın təməli sevgidir, gülüm!
Dərdin, ah-nalənin özü də sevgi…

Kitabda müəllifin poetik üslubu sadə, lakin dərin məna ilə yüklənib. Şeirlərdə müasir insanın qarşısında dayanan mənəvi böhranlar, milli kimliyin qorunması ehtiyacı, bütövlük arzusu ön plana çəkilir. Zaur Ustac bir tərəfdən klassik ədəbiyyatın zəngin ənənələrindən faydalanır, digər tərəfdən çağdaş dövrün ictimai-siyasi reallıqlarını şeir dili ilə ifadə edir. Bu isə əsərə həm publisistik kəskinlik, həm də bədii zəriflik qatır:

Ustac xoşlar, kəsə etsin söhbəti,
Çalış boşa yeməyəsən möhnəti,
Dadımlıqdı bu dünyanın neməti,
Macal verməz heç kimsəyə doymağa…

“Sevgi dolu şeirlər” kitabı həm də bir ədəbi manifest kimi qəbul oluna bilər. Burada yalnız fərdi duyğular deyil, həm də milli amal, vətəndaş məsuliyyəti, bəşəri dəyərlərə sədaqət özünü göstərir. Müəllifin şeirləri oxucuya bir növ çağırışdır: özünü tanı, kimliyini unutma, milli ulduzunu yol göstərici kimi qəbul et!

Publisistik baxımdan əsərin gücü ondadır ki, o, yalnız poetik mətnlərdən ibarət deyil, həm də cəmiyyətin problemlərinə işıq salır. Müasir insanın qarşısında duran ən böyük sual – “haradan gəlirik və hara gedirik?” – kitabın ideya xəttində daim öz əksini tapır:

…sevin ki, seviləsiniz…

Bu baxımdan “Sevgi dolu şeirlər” həm ədəbiyyatsevərlər, həm də gənc nəslin milli-mənəvi tərbiyəsi üçün qiymətli qaynaqdır.

Hər misrası bir nümunədən, bir ibrətdən, bir dəvətdən ibarət olan Zaur Ustac bu çağırışları ilə sübut edir ki, şair yalnız qəlbin sözçüsü deyil, həm də cəmiyyətin vicdanıdır. Onun “Sevgi dolu şeirlər” kitabı da məhz vicdanın, haqqın, həqiqətin işığını oxucuya təqdim edir.

Bu məqamda istər-istəməz kitab haqqında olan Vqif İsaqoğlunun – “Sevgi dolu şeirlər”in işığında yazısını xatırlamalı olursan… Başdan-ayağa bu müqəddəs işığın tərənnümünə həsr olunmuş yazının sonluğu belədir (olduğu kimi):

“Sevgi dolu şeirlər” onun zəngin və çoxşaxəli yaradıcılığından süzülən bir damla nurdur. Bu nurun özündə bir Günəş işığı var. Bu günəşin işığına yığışıb şair qəlbindən süzülüb gələn şeirləri oxuyun, bu şeirlərin sehr-cazibəsinə düşün və unutmayın ki, Zaur Ustac kimi haqqa üz  tutan şairlərin yanında olmaq Allaha da xoş gələr. Allahın xoşuna gəlməyi kim istəməz ki?

Bu kitabı oxumaq sadəcə poeziya zövqü yaşatmaq deyil, həm də bir istiqamət, bir yol, bir missiya qazanmaq deməkdir.

Müəllif: Günnur AĞAYEVA,

müstəqil ədəbiyyatşünas-tənqidçi

GÜNNUR AĞAYEVANIN YAZILARI

ZAUR USTACIN DİGƏR YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Zaur Ustacın poetik dünyası” adlı yeni kitab işıq üzü görüb

Tanınmış şair, “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustacın yaradıcılığına həsr olunmuş “Zaur Ustacın poetik dünyası” adlı yeni kitab işıq üzü görüb.

“Zaur Ustac 50 seriyasından” nəşr olunmuş növbəti kitabın müəllifi Azərbaycanın ilk peşəkar hərbi jurnalistlərindən olan, Prezident təqaüdçüsü, şair-publisit Vaqif İsaqoğludur.

Kitab haqqında girişdə müəllif özü belə məlumat verir: “Bu monoqrafiyanı müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri kimi oxucular tərəfindən sevilən, şeirləri ilə ürəkləri ovsunlayan, yazıçı, şair, tərcüməçi və publicist, dəyərli ziyalı Zaur Ustacın 50 yaşına hədiyyə edirəm.”

VAQİF İSAQOĞLU – “ZAUR USTACIN POETİK DÜNYASI” – PDF

Zaur Ustacın yazdığı ilk nümunələrdən başlayaraq ən yeni nəşr olunmuş bütün əsərlərinin sistemli şəkildə geniş aspektdə təhlilindən ibarət olan kitab böyük bir auditoriya – filoloqlar, jurnalistlər, ali və orta təhsil müəssisələri müəllimləri, tələbələr, doktorantlar, müstəqil təhqiqatçılar və Azərbaycan ədəbiyyatı, mədəniyyəti ilə maraqlanan hər kəs üçün nəzərdə tutulub.

Kitabın redaktoru Tural Cəfərli, dizayneri Səbinə Hüseynzadə, naşiri Səbuhi Aslandır. Üz qabığının rəsm tərtibatıçısı Rahilə Qaralovadır.

Vaqif İsaqoğlu öz monoqrafik təhlillərində mötəbər mənbələrə və Azərbaycanın Qurban Bayramov, Vaqif Yusifli, Əli Rza Xələfli, Ülviyyə Hüseynli kimi tanınmış filoloqlarına, naşirlərinə, ədəbiyyat tənqidçilərinə istinad edir.

Kitab “Zaur Ustac – 50” layihəsi çərçivəsində nəşr edilib.


“Yazarlar”
  olaraq, bu münasibətlə  ZAUR müəllimi təbrik edir qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!

Məlumatı hazırladı: Günnur Ağayeva

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru