Tanınmış şair, “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustacın yaradıcılığına həsr olunmuş “Zaur Ustacın poetik dünyası” adlı yeni kitab işıq üzü görüb.
“Zaur Ustac 50 seriyasından” nəşr olunmuş növbəti kitabın müəllifi Azərbaycanın ilk peşəkar hərbi jurnalistlərindən olan, Prezident təqaüdçüsü, şair-publisit Vaqif İsaqoğludur.
Kitab haqqında girişdə müəllif özü belə məlumat verir: “Bu monoqrafiyanı müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri kimi oxucular tərəfindən sevilən, şeirləri ilə ürəkləri ovsunlayan, yazıçı, şair, tərcüməçi və publicist, dəyərli ziyalı Zaur Ustacın 50 yaşına hədiyyə edirəm.”
Zaur Ustacın yazdığı ilk nümunələrdən başlayaraq ən yeni nəşr olunmuş bütün əsərlərinin sistemli şəkildə geniş aspektdə təhlilindən ibarət olan kitab böyük bir auditoriya – filoloqlar, jurnalistlər, ali və orta təhsil müəssisələri müəllimləri, tələbələr, doktorantlar, müstəqil təhqiqatçılar və Azərbaycan ədəbiyyatı, mədəniyyəti ilə maraqlanan hər kəs üçün nəzərdə tutulub.
Kitabın redaktoru Tural Cəfərli, dizayneri Səbinə Hüseynzadə, naşiri Səbuhi Aslandır. Üz qabığının rəsm tərtibatıçısı Rahilə Qaralovadır.
Vaqif İsaqoğlu öz monoqrafik təhlillərində mötəbər mənbələrə və Azərbaycanın Qurban Bayramov, Vaqif Yusifli, Əli Rza Xələfli, Ülviyyə Hüseynli kimi tanınmış filoloqlarına, naşirlərinə, ədəbiyyat tənqidçilərinə istinad edir.
Kitab “Zaur Ustac – 50” layihəsi çərçivəsində nəşr edilib.
“Yazarlar” olaraq, bu münasibətlə ZAUR müəllimi təbrik edir qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!
Tanınmış qələm adamı Təranə Dəmirin sayca doqquzuncu kitabı işıq üzü görüb. Özünün xüsusi ənənələri olan “Maarif” nəşriyyatında nəfis şəkildə tərtib olunaraq, nəşr olunmuş kitabın redaktoru Qulu Ağsəsdir.
Qısa arayış: Təranə Dəmir – Dəmirova Təranə Ağaqardaş qızı – 1970-ci il dekabrın 16-da Sabirabad rayonunun Kolanı kəndində anadan olub. Kolanı kənd orta məktəbini medalla bitirib. 1988-1993-cü illərdə BDU-nun jurnalistika fakültəsində təhsil alıb. AYB-nin və AJB-nin üzvüdür. 9 kitab müəllifidir. Şeirləri lap gənc yaşlarından dərc olunur. Dəfələrlə AzTv-nin müxtəlif proqramlarında qonaq olub. İndi də müxtəlif mətbu orqanlarda dərc olunur. Ailəlidir, iki övladı var.
Əlamətdar hadisə barədə sevincini Təranə xanım sosial şəbəkə hesabından: Təranə Dəmir – “Qulu Ağsəsin redaktorluğu ilə “Sərhədsiz sərhədlər ” işıq üzü gördü. “Maarif” nəşriyyatına və əməyi keçən hər kəsə dərin təşəkkürümü bildirirəm.” – məzmunlu paylaşım edərək, öz izləyicilərilə bölüşüb.
“YAZARLAR” olaraq, TƏRANƏ xanımı təbrik edir, qarışdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun!
Lənkəran şəhərində yeni yaradılan @nurhandmade sənətkarlıq guşəsində bölgəmizin sənətkarlarının biri-birindən maraqlı, rəngarəng və heyrətamiz əl işləri nümayiş olunacaq.
Guşəni yaratmaqda məqsəd mədəniyyətimizi və qeyri-maddi mədəni irsimizi qorumaqdır.
Siz də ailə üzvlərinizə, dostlarınıza və qonaqlarınıza maraqlı, təkrarolunmaz hədiyyələr almaq istəyirsinizsə @nurhandmade sənətkarlıq guşəsindən əldə edə bilərsiniz.
Ünvan: Lənkəran şəhəri, Qala Xiyabanı, Günel Ticarət Mərkəzinin 1-ci mərtəbəsi. Whatsapp: 050 243 68 43
Şair, yazıçı, jurnalist, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid (Məcidov Rəşad Museyib oğlu)in 60 illik yubileyinə həsr olunmuş “Ağ adam” adlı yeni kitab işıq üzü görüb.
Kitab müstəqil ədəbi qurum olan “Yazarlar” jurnalı tərəfindən həyata keçirilmiş “Rəşad Məcid – 60” uzun müddətli layihənin yekunu olaraq, bu müddət ərzində müxtəlif mətbu orqanlarda yayımlanmış ən seçmə nəsr və nəzm nümunələri əsasında ərsəyə gətirilmişdir.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin “Vətəndaşlıq və professionallıq nümunəsi” adlı giriş məqaləsində yubliyarın həyat və yaradıcılıq fəaliyyəti barədə tam dolğun məlumat verilib. Kitabda Rəşad Məcidin ömür yoluna işıq tutan Fəxri Uğurlunun, Vaqif Yusiflinin, Xalq şairi Nəriman Həsənzadənin və digər qələm adamlarının yazıları yer alıb. “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac tərəfindən tərtib olunmuş “Ağ adam” kitabının redaktoru Günnür Ağayeva, naşiri isə Tuncay Şəhrilidir.
Kitab yaxın günlərdə yubilyara və geniş oxucu kütləsinə təqdim olunacaq.
Bu günlərdə Filoogiya elmləri doktoru Esmira Fuadın ərsəyə gətirdiyi “Güney Azərbaycan etnokulturoloji dəyərlər diskursunda” adlı kitabı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maddi vəsaiti ilə çap olunub. Kitabda ilk olaraq qədim Oğuz-türk yurdunun bölünməsinə gətirib çıxaran tarixi gerçəklikləri özündə əks etdirən – Azərbaycanın Rusiya qarşısında ilk yenilgisinin təsdiqi olan rəsmi sənəd – Kürəkçay müqaviləsi – Andlı öhdəlik, Qarabağ mülkündə, Zeyvə çayı yaxınlığındakı Gülüstan kəndində imzalanmış Gülüstan müqaviləsi və bədnam Türkmənçay “Sülh” müqaviləsi yer alıb. Və bu adında “sülh” yazılan-içəriyində isə əsrlərcə bir-vahid olan Azərbaycanın bölünməsi əks olunan müqavilələrin bir yurdun, bir elin iki yerə parçalanmasındakı rolu təhlil olunur. Daha sonra İranda buxovlanan Azərbaycan türkcəsinin real durumu, Türkkökənli adların bütün İranda və Güney Azərbaycan ərazisində planlı şəkildə mərhələlərlə farslaşdırılması və bu gün də prosesin davam etdirilməsi gerçək faktlar əsasında gündəmə gətirilir, hətta bu son dərəcə ağrılı məsələnin ədəbiyyata yansımasına da toxunulur, Güney Azərbaycanın tarixi abidələri: Təbrizdə yaşayan daş yaddaşımız vərəqlənir, Güney Azərbaycanda adət-ənənələr: Çillə gecəsi – Çillə bayramı, Novruz, Xıdır Əlləz-Xıdır Nəbi və Qurban bayramlarının tarixi, bu günü, xalq həyatına nüfuz etməsi məsələləri ədəbi müstəviyə gətirilir. Dad və zənginliklə milliliyin vəhdətini özündə yansıdan Güney Azərbaycan mətbəxinin özəllikləri açıqlanır. Güney Azərbaycan türklərinin ana dili problemindən sonra ikinci ən böyük problemi olan Urmu gölünün qurudulması məsələsi tarixi faktlara əsaslanaraq incələnir, xalq həyatının və milli kimliyin əks-sədası olan Güney Azərbaycan folklorunun, şifahi xalq ədəbiyyatının bir çox janrları örnəklərə söykənərək təhlil olunur, Təbriz folklor nümunələrinə Sürəyya xan Şapşalın baxış bucağından nəzər salınır. Asif Atanın (Əfəndiyev) Güney Azərbaycanla bağlı düşüncələri açıqlanır. Güneydə nəsr, “Fləş Fikşn”: Kibriti hekayələr, Güney ədəbiyyatında feminizm hərəkatı, qarşı tərəfin qələm adamlarının Qadına poetik münasibəti, tərcümə ədəbiyyatı və yayın məsələləri çözülür, real durum və çapa təqdim olunmuş əsərlərdən qısaca söz açılır, o taylı-bu taylı – Bütöv Azərbaycan ədəbiyyatında zəfər diskursu təhlil edilir. Bu dəyərli kitabın təqdimatı 10 sentyabr 2024-cü ildə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının dairəvi zalında keçirildi… Yazıçı Aysel Əlizadənin aparıcılığı ilə keçən təqdimatda bilim adamları,şair və yazıçılar, oxucular iştirak edirdi. Çıxışçıların hər biri kitabın ədəbiyyatımıza, tariximizə, bütöv Azərbaycanımıza olan layiqli bir töhvə olduğunu vurğuladı. “Güney Azərbaycan etnokulturoloji dəyərlər diskursunda” hər bir vətəndaşın masaüstü kitabı olması fikri önə çəkildi.
Özəl günlər ərəfəsində tanınmış şair, “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustacın müxtəlif illərdə yazdığı şeirlərdən ibarət “Sevgi dolu şeirlər” adlı kitab işıq üzü görüb.
Kitab gözəl insan, əsl ziyalı bu sahədə öz sözünü çoxdan demiş təcrübəli naşir Zaur Qafarzadənin rəhbərlik etdiyi “Adiloğlu” nəşriyyatında nəfis tərtibatla “Zaur Ustac – 50” yubiley tədbirləri çərçivəsində nəşr olunaraq geniş oxucu kütləsinə təqdim olunmuşdur. Zaur Ustacın “Sevgi dolu şeirlər” kitabı artıq satışdadır.
Yuxarıda qeyd etdiyimiz kimi kitab yubiley tədbirləri çərçivəsində nəşriyyat tərəfindən şairin yubileyinə hədiyyə olaraq nəşr olunmuşdur. Ərəfəsində olduğumuz xüsusi günlərdə kitabın satışından əldə olunacaq gəlir də eyni zamanda “Yazarlar” jurnalı tərəfindən gənc yazarlara dəstək məqsədilə vaxtaşırı keçirilən sosial layihələrin həlli istiqamətində sərf olunacaq.
Kitab geniş oxucu kütləsi – ilk növbədə özəl günlərdə hədiyyə axtarışına çıxan uşaqlı-böyüklü, qızlı-oğlanlı, cavanlı-qocalı, kişili-qadınlı hər kəs üçün nəzərdə tutulub. Professor Vaqif Yusifli Zaur Ustacın sevgi şeirləri haqqında belə yazır: “…Zaur Ustac sevgi şeirlərində yaşanılan, duyulan hissləri qələmə alır…”
Dünyanın təməli sevgidir, gülüm! Dərdin, ah-nalənin özü də sevgi…
Deyən Zaur Ustacın “Sevgi dolu şeirlər” kitabı bütün özəl günlərdə (doğum günlərində, dostunuzu, sevgilinizi, anananızı ziyarət edərkən) sizin ən gözəl, ən dəyərli sovqatınız olacaq. Kitab eyni zamanda son 30 ilin Azərbaycan ədəbiyyatı, mədəniyyəti ilə maraqlanan mütəxəssislər – filoloqlar, jurnalistlər, ali və orta təhsil müəssisələri müəllimləri, tələbələr, doktorantlar üçün də faydalı mənbə rolunda çıxış edə bilər və bu baxımdan çox əhəmiyyətli qaynaqdır.
Kitabda toplanmış müəllifin təxminən bir qərinə zaman kəsiyi ərzində qələmə aldığı nəzm nümunələri müasir Azərbaycan poeziyasının ən tanınınmış görkəmli nümayəndələrindən biri olan Zaur Ustacın yaradıcılıq prinsiplərini, estetik görüşlərini, bədii dillə ifadə etdiyi aksioloji dəyərlər sistemini təbliğ və təhlil etmək nöqteyi-nəzərindən, onun şeir modellərinin böyük ədəbiyyata səciyyəvi bədii strukturun ideya (məzmun) strukturu ilə vəhdətini önə çəkmək, müasir oduğu qədər də öz soy-kökünə bağlılığını əks etdirmək baxımından olduqca faydalı olmaqla bərabər, ana dilimizin leksik tərkibini onun aktiv ve passiv fondu kimi də böyük əhəmiyyət kəsb edir, öyrədir. Burada köhnəliklə yenilik arasında əlaqəni, dilimizin zəngin söz ehtiyatlarından faydalanmaq qabiliyyətini, istifadə yollarını əyani şəkildə görür və zövq alırıq.
Filologiya elmləri doktoru, professor Vaqif Yusiflinin ön sözü ilə başlayan kitabın redaktoru filoloq, çağdaş dünya ədəbiyyatı üzrə ixtisaslaşmış müstəqil ədəbiyyat tənqidçisi Günnur Ağayeva, rəssamı isə Azərbaycan Rəssamlar İttifaqınln üzvü tanınmış xalçaçı rəssam Natiq Nəcəfzadədir.
Kitab artıq satışdadır istənilən şəxs onu əldə edib sevgi dolu şeirlərlə tanış ola bilər.
Zaur Ustac demişkən: “Sevin ki, seviləsiniz!”
Kitabı əldə etmək istəyənlər bu nömrə ilə əlaqə saxlaya bilər (votsap da var):