Etiket arxivi: Qələmdar – 5

ELÇİN İSGƏNDƏRZADƏNİN “ŞUŞAM”I – YARALI XATİRƏDƏN ZƏFƏR SEVİNCİNƏ GEDƏN YOL

YÜZ ON ALTINCI YAZI

ELÇİN İSGƏNDƏRZADƏNİN “ŞUŞAM”I – YARALI XATİRƏDƏN ZƏFƏR SEVİNCİNƏ GEDƏN YOL

(Elçin İSGƏNDƏRZADƏ: – Şuşam!)
     Salam olsun çox dəyərli oxucum! Ədəbiyyatmızda elə mövzular var ki, sözün əsl mənasında müqəddəs hesab olunur. Elə kəlmələr var ki, ehtiva etdiyi məna kitablara sığmır. Min bir məna yükülü belə sözlərdən biri də “Şuşa”dır. Şuşa – Azərbaycan poeziyasının yaddaşında yalnız bir şəhərin adı deyil. O, Vətən anlayışının, milli ruhun, tarixi yaddaşın, Qarabağ nisgilinin və Zəfər duyğusunun poetik simvoludur. Bu müqəddəs şəhərin hər daşı, hər qayası, hər küləyi və yağışı Azərbaycan insanının yaddaşında ayrıca bir hekayə yaşadır. Tanınmış şair, alim və ziyalı Elçin İsgəndərzadənin “Şuşam” silsiləsində də Şuşa məhz belə – yaddaşın, itkinin, həsrətin, doğmalığın və nəhayət, qürurun ünvanı kimi təqdim olunur. Təfərrüatlara keçməzdən əvvəl müəllifi yaxından tanıyaq.
Qısa arayış: Elçin İsgəndərzadə 16 sentyabr 1964 – cü il  Şuşa şəhərində anadan olub (bu əsəri yaratmaq vəzifəsilə).  Azərbaycan Milli Aerokosmik Agentliyi, Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunun direktoru, texnika və filologiya elmləri doktoru, Azərbaycan Texniki Universitetinin professoru, Prezident təqaüdçüsü, Azərbaycan Respublikasının Əməkdar Müəllimi, Azərbaycan Respublikasının Fəxri Mədəniyyət İşçisidir.
     Elçin İsgəndərzadənin Şuşa haqqında yazdıqları sadəcə şəhərə həsr olunmuş şeirlər toplusu təsiri bağışlamır. Burada bir insanın şəxsi yaddaşı ilə xalqın ümummilli yaddaşı bir-birinə qovuşur. Şair üçün Şuşa həm uşaqlığın, həm ailənin, həm evin, həm nənənin, həm də itirilmiş və yenidən qazanılmış Vətənin adıdır.
      Bu baxımdan “Şuşam” əsəri və onunla səsləşən “Şuşadakı evimizin uçuqları önündə”, “Şuşadakı evimizin uçuqlarına noktürn”, “Şuşa küləyi, Şuşa yağışı”, “Şəhid evimizə elegiya” və digər poetik parçalar bir-birindən ayrı deyil. Onlar birlikdə Şuşanın poetik salnaməsini yaradır.
     Şuşanı tanımağın ən səmimi yolu elə  “Şuşam”dan keçir desək yanılmarıq.
“Şuşam” şeirinin başlanğıcı son dərəcə sadə, lakin emosional baxımdan güclüdür:
“O bizim ağaclarıydı,
o bizim küləkləriydi,
o bizim yağışlarıydı…”

Buradakı “bizim” sözü xüsusi poetik yük daşıyır. Şuşa şair üçün coğrafi məkan deyil, mənsubiyyət hissidir. Ağac da “bizimdir”, külək də “bizimdir”, yağış da. Şair Şuşanı xəritədə axtarmır; onu yaddaşında, duyğularında, uşaqlığında və doğmalıq hissində tapır.
     Daha sonra bu tanışlıq hissi belə ifadə olunur:
“Duruşundan tanıyırdım,
qoxusundan tanıyırdım,
yağmasından tanıyırdım.”

Bu misralar Şuşanın şair yaddaşında necə canlı olduğunu göstərir. Tanımaq burada görməklə məhdudlaşmır. Şuşa qoxusu, küləyi, yağışı, ağacı ilə bütöv bir duyğu sistemidir.
    Lakin bu doğma mənzərə şairin yaddaşında artıq yaralıdır:
“Ağac da boynubüküydü
külək də qırıq-qırığıydı
bulud da çilik-çiliyiydi…”

Burada təbiətin özü insan faciəsinin şahidinə çevrilir. Ağacın “boynubükülməsi”, küləyin “qırıq-qırıq” olması, buludun “çilik-çilik” görünməsi əslində dağıdılmış Vətənin poetik mənzərəsidir. Şair təbiəti insanlaşdırır və onun ağrısını insan ağrısı kimi təqdim edir.
    “O qədər qurban oldum ki…” – şeirin ən təsirli məqamlarından biri qurbanlıq motividir:
“Ağacına qurban olum, dedim
buluduna qurban olum, dedim,
daş yoluna qurban olum dedim…”

Burada Azərbaycan dilinin ən doğma ifadələrindən biri – “qurban olum” – poetik mətnin əsas emosional dayağına çevrilir.
Ancaq şairin qurbanlığı burada bitmir:
“O qədər qurban oldum ki, –gördüm anam da qurbandı,gördüm balam da qurbandı…”
Bu üç misra fərdi ağrını milli faciə səviyyəsinə qaldırır. Ana və bala obrazları vasitəsilə şair bir ailənin deyil, bütöv bir xalqın yaşadığı ağrını ifadə edir.
Və sonda Şuşaya müraciət edir:
“Qurbanlarını qəbul elə, Şuşam!”
Bu, həm fəryad, həm dua, həm də etirafdır.
Şuşa – “şəhərlərin şəhəri”
     “Şuşam” əsərinin ikinci hissəsində poetik ovqat dəyişir. Ağrı və nisgilin yerini tədricən qürur və Zəfər duyğusu tutur:
“Şəhərlərin şəhərisən, şəhərisən ay Şuşam
zəfərlərin şəhərisən, şəhərisən ay Şuşam!”

“Şəhərlərin şəhəri” ifadəsi Şuşanın Azərbaycan mədəniyyətindəki xüsusi yerini ümumiləşdirir. Şair bununla Şuşanı digər şəhərlərlə sadəcə müqayisə etmir, onu milli-mənəvi zirvə kimi təqdim edir.
      Ardınca Şuşanın tarixi dərinliyi vurğulanır:
“Qədimliyin, ululuğun əsrlərə söykənir,
igidliyin, ağalığın nəsillərə söykənir…”

Şuşanın tarixi burada keçmişdə donub qalmış bir hadisə kimi deyil, nəsillərdən-nəsillərə ötürülən mənəvi miras kimi təqdim edilir.
     Şairin “Gövhərlərin şəhərisən” ifadəsi də təsadüfi deyil. Şuşanın qiyməti onun daşında, qalasında, küçəsində olduğu qədər, yaratdığı mədəniyyətdə, yetişdirdiyi sənətkarlarda və Azərbaycan milli ruhundakı yerindədir.
Şuşanın yolu – yaddaşın yoludur! Yaddaşdır!
Şeirdə diqqət çəkən başqa bir fikir budur:
“Bütün yollar səndən keçir, sən yolların yolusan…”
Bu misra əsərin fəlsəfi məğzini açan ifadələrdəndir. Şuşaya gedən yol yalnız fiziki yol deyil. Şuşaya aparan yollar tarixdən, yaddaşdan, sənətdən, sevgidən, mübarizədən və Zəfərdən keçir.
     Şair daha sonra deyir:
“Gözümüzün işığısan, ömrümüzün nurusan…”
Şuşa artıq yalnız keçmişin xatirəsi deyil. O, bu günün də işığı, gələcəyin də ümididir.
     Uçmuş ev – uçmuş dünya, bir tarixdir.
Elçin İsgəndərzadənin Şuşa poeziyasında ən güclü obrazlardan biri evdir.
“Şuşadakı evimizin uçuqları önündə” şeirində şair dağıdılmış evlə öz mənəvi vəziyyətini eyniləşdirir (bu ilin mart ayında Ağdam rayonunun Yusifcanlı kəndində yerləşən öz uçuq evimizin eyvanında dayananda yadıma ilk olaraq bu misralar düşdü, sonra hardansa ağlıma”dambaca” kəlməsi gəldi) :
“O evin uçqunuyam,
hər gün kərpiclərim ovulur,
uçunuram,
uçuluram…”

Burada ev sadəcə daş-divar deyil. Ev insanın yaddaşıdır, ailəsidir, uşaqlığıdır, köküdür. Evin uçması insanın daxili aləminin də dağılması deməkdir.
Şairin:
“Evim yox,
nə ovcumun taleyində,
nə taleyin ovcunda…”

deməsi isə taleyin sərtliyi qarşısında insanın köməksizliyini ifadə edir (nə vaxtsa köçkünlük haqqında yazdığım yazını xatırlayıram).
Bu hissənin ən sarsıdıcı ümumiləşdirməsi belədir:
“Dünya da uçulur evim kimi
dünya da uçur toz kimi…”

Şairin fərdi faciəsi burada bəşəri məna qazanır. Bir evin dağılması ilə dünyanın dağılması arasında paralellik yaradılır.
    “Şuşadakı evimizin uçuqlarına noktürn” isə sanki həmin ağrının daha sakit, daha daxili ifadəsidir.
“Əllərim
qapımızın tutacağında qaldı…”

Bu misra ayrılığın fiziki sərhədini qeyri-adi poetik şəkildə göstərir. İnsan gedib, amma əlləri, səsi, baxışları həmin evdə qalıb:
“Səsim qapımızın cırıltısına qarışdı,
gözlərim pəncərəmizdən asıldı…”

Burada qapı və pəncərə sadəcə əşyalar deyil. Onlar keçmişlə bu gün arasında qalan son bağlardır.
Bu hissənin sonundakı:
“ürəyim yeriyir uçulmuş yurd yerlərində…”
ifadəsi isə bütün silsilənin poetik açarlarından biri sayıla bilər. Çünki insan Şuşadan uzaqda olsa belə, onun ürəyi həmin yurd yerlərində yaşayır.
      “Şuşa küləyi, Şuşa yağışı” şeirində məkan dəyişir. Şair artıq Şuşada deyil, Bakıda Şuşanı axtarır:
“Bakıda Şuşa küləkləri əsir hərdən,
Şuşa yağışları yağır…”

Bu, fiziki məsafənin mənəvi məsafəyə çevrilmədiyini göstərir.
Şuşa küləyi Bakıya gəlir, Şuşa yağışı Bakıda yağır. Lakin bu küləklərdən keçən insan “qərib oğlan”dır:
“Bir qərib oğlan keçir o küləklərdən,
islanır o yağışlarda.”

Buradakı “qərib” sözü əsərin emosional ağırlığını daha da artırır. İnsan öz Vətəninin küləyində belə qərib ola bilərmi? Şairin poetik cavabı məhz bu ağrılı paradoks üzərində qurulur.
Sonra:
“Duman nə gözəldi, İlahi,
külək nə gözəldi, İlahi,
yağış nə gözəldi –
oğlan nə qəribdi, İlahi!..”

misraları ilə gözəllik və qəriblik bir-birinə qarşı qoyulur. Təbiət gözəldir, amma həmin təbiətin içində qərib qalan insanın taleyi ağrılıdır.
     Qəmər nənə  Şuşanın canlı yaddaşı, tarixin bir parçasıdır.  Elçin İsgəndərzadənin Şuşa dünyasında Qəmər nənə obrazının xüsusi yeri var. “Şuşalı xatirələrimin baş qəhrəmanı, Qəmər nənəmin əziz ruhuna” ithaf olunan şeir əslində bir nənənin portreti olmaqdan daha böyük məna daşıyır.
      Şair əvvəlcə gündəlik həyatın ən sadə detallarını sadalayır:
“Eh… nənəm o günü xamır qatmadı,
təndir qalamadı, çörək yapmadı.”

Ardınca:
“Süd daşdı ocaqda, baxan olmadı,
keçilər çəpəri yarıb keçdilər.”

Bütün bunlar həyatın adi mənzərələridir. Lakin nənə olmayanda həmin adi mənzərələrin hamısı mənasını itirir.
Ən təsirli cümlə isə budur:
“hamı yerindəydi, nənəm yoxuydu.”
Bu sadə ifadənin arxasında böyük bir boşluq dayanır.
     Şair nənənin ölümünü yalnız ölüm kimi qəbul etmir. O, nənəni nağılların, uşaqlığın, evin, ocağın və keçmişin simvoluna çevirir:
“Eh… nənəm, nağıllı, noğullu nənəm,
payız dumanına qarışıb getdi.”

Və sonda:
“Bizi uydurduğu o nağıllara,
bir də payızlara tapşırıb getdi…”

Bu misralarda nənə obrazı bütöv bir nəslin yaddaşını təmsil edir.
    Qala divarlarından baxan şair  özü də qala kimi görünür. Qala adam təsiri bağışlayır.
“Şuşanın qala divarlarından – Malıbəyli səmtə baxarkən” şeirində Şuşanın coğrafiyası ilə insan taleyi yenidən birləşir.
“Könül ki, var
bir sevdanın yarasıdır…”

Şairin könlü Şuşanın yarasına bənzəyir. Qala divarı isə həm sığınacaq, həm müşahidə nöqtəsi, həm də keçmişlə bu gün arasında sərhəddir.
“Ömrün payız arasıdır” ifadəsi də zamanın keçiciliyini və itirilmiş illərin ağırlığını hiss etdirir.
Burada “xəzan”, “yarpaq”, “təqvim günləri” kimi obrazlar zamanın əldən çıxmasını simvollaşdırır:
“yarpaq kimi tökülənbu təqvim günlərinin.”
Beləliklə, Şuşanın yaraları insan ömrünün yaraları ilə eyniləşir.
     “”Xarıbülbül” otelinin pəncərəsindən baxarkən” adlı  hissə isə daha çox ümid və ayrılıq motivləri üzərində qurulub.
Şair pəncərəni “umud” adlandırır:
“Pəncərələr bir umuduydu, onda…”
Pəncərə insanı xarici aləmlə birləşdirən vasitədir. Burada isə o, sevginin və həyatın simvoluna çevrilir.
Şairin yaratdığı ürək obrazı xüsusilə poetikdir:
“Bir ürək şəkli cizilərdi,
cızıqlarından şeh daman…”

Amma həmin ürək də zamanla yox olur:
“sonra o ürək də süzülüb gedərdi,
yerində ağlayan şüşələr qalardı…”

Şüşələrin “ağlaması” insanın ağlamasıdır. Pəncərə isə ayrılığın gözlərinə çevrilir:
“İndi ayrılığın gözləri kimi baxır pəncərələr –içindən bütün ayrılıqlar keçir.”
Bu misralarda Şuşanın bir pəncərəsi bütün ayrılıqların simvoluna çevrilir.
   “Xarıbülbül” otelində bir gecə” şeirində şair artıq konkret hadisədən daha çox insanın daxili vəziyyətini araşdırır.
“Bilirsən, bu yol da çıxıb gedəcək,harasa gedəcək, qayıtmayacaq.”
Yol burada zamanın və taleyin simvoludur. Gedən yol geri qayıtmır. İnsan isə geridə qalan xatirələri ilə baş-başa qalır.
Şeirin ən təsirli obrazlarından biri “yaralı quş”dur:
“Ürəyin içində yaralı quş tək –
nə gəliş, nə gediş ovutmayacaq…”

Yaralı quş həm insanın daxili azadlığının itirilməsini, həm də həsrətin yaratdığı kövrəkliyi ifadə edir.
Şairin:
“Beləcə qazancın bir sürü həsrət,
beləcə gedişin səssiz olacaq.”

deməsi isə ayrılığın insan həyatında qoyduğu yeganə “qazancın” həsrət olduğunu bildirir.
    “Şəhid evimizə elegiya” hissəsi Şuşa silsiləsində ağrının ən yüksək nöqtələrindən biridir.
    Şair dağıdılmış evi bir dəftərə bənzədir:
“Tavanının dirəkləri təkcızıq dəftər kimi
üzü göylərə açılmış,sanki dua edir.”

Bu bənzətmə son dərəcə təsirlidir. Dağılmış ev susmur; o, sanki göylərə dua edir.
    Şair isə həmin dəftərə nə yazacağını bilmir:
“Bilmirəm nə yazım bu təkcızıq dəftərə.”
Çünki dağıntı qarşısında söz də aciz qalır.
Daha sonra:
“İndi həsrət bizim evin şeiridir,
yazıram,
yazıram,
hərflər evimiz kimi uçur.”

Bu misralarda poeziyanın özü dağıntıya çevrilir. Şair yazdıqca hərflər uçur, çünki xatirənin özü də yaralıdır.
    Elegiyanın ikinci bölümündə isə uşaqlıq səsləri eşidilir:
“– topu tut
– ipi çək
– daşı at”

Bu sadə uşaq oyunları bir anda böyük bir tarixi boşluğun ifadəsinə çevrilir. Çünki artıq həmin səslərin sahibləri yoxdur.
Şair deyir:
“Sevinə bilmirəm heç nəyə…”
Və səbəbini belə açıqlayır:
“Sevincim dağıntılar altında çoxdan toza dönmüş…”
     Bu, işğalın və müharibənin insanın psixoloji dünyasında yaratdığı dağıntının poetik ifadəsidir.
     Elçin İsgəndərzadənin “Şuşam” əsərində ( silsilə şeirlərində) diqqət çəkən əsas cəhətlərdən biri odur ki, şair yalnız ağrını danışmır. O, ağrıdan Zəfər düşüncəsinə yüksəlir.
      Əsərin (silsilənin)  əvvəlində Şuşa yaralıdır: ağacları boynubüküdür, küləyi qırıq-qırıqdır, buludları çilik-çilikdir. Sonrakı hissələrdə isə Şuşa “şəhərlərin şəhəri”, “zəfərlərin şəhəri” kimi səslənir.
     Bu keçid təsadüfi deyil. Çünki milli yaddaşın əsas xüsusiyyətlərindən biri ağrını unutmayaraq ondan güc yaratmaqdır.
Şairin Şuşaya müraciətində bu güc açıq şəkildə hiss olunur:
“Şəhərlərin şəhərisən, şəhərisən ay Şuşam,
Zəfərlərin şəhərisən, şəhərisən ay Şuşam!”

Burada artıq “Şuşam” sözü yalnız nisgilin deyil, qürurun da ifadəsidir.
    Şuşanı yazmaq, Şuşadan yazmaq, Şuşada yazmaq tarixidir,  yaddaşı qorumaqdır
Elçin İsgəndərzadənin Şuşa haqqında poetik nümunələri həm də yaddaşın qorunmasına xidmət edir. Şair dağıdılmış evin daşlarını, nənənin ocağını, pəncərənin şüşəsini, qala divarını, küləyi, yağışı və uşaqlıq səslərini sözə çevirir.
Çünki yaddaş itəndə yalnız hadisələr deyil, insanın özü də itir.
    Bu mənada “Şuşam” əsərinin əhəmiyyəti onun yalnız Şuşaya həsr edilməsində deyil. Əsər bir insanın timsalında Vətənini itirmiş, onun həsrətini yaşamış və nəhayət, Zəfər sevincinə qovuşmuş bütöv bir nəslin mənəvi tarixini danışır.
      Elçin İsgəndərzadənin poetik dili burada xüsusilə seçilir. O, böyük tarixi hadisələri pafoslu ifadələrlə deyil, çox vaxt kiçik və konkret detallar vasitəsilə təqdim edir: qapının tutacağı, pəncərə şüşəsi, təndir, süd, palaz, uşaq oyunu, kərpic, yağış, külək…
     Məhz bu detallar əsərin səmimiyyətini artırır. Şuşa yaddaşda, yaddaşlarda yaşayır.
     Elçin İsgəndərzadənin “Şuşam” əsəri bir şəhərə yazılmış şeir olmaqdan çox, Vətənə yazılmış poetik etirafdır.
     Bu əsərdə Şuşa bəzən ana, bəzən ev, bəzən uşaqlıq, bəzən nənə, bəzən yaralı quş, bəzən pəncərə, bəzən külək və yağış, bəzən də Zəfər simvoludur.
     Şairin “Şuşam”ı yaddaşla bu gün arasında körpü salır. Şuşanın dağıdılmış evləri ilə insanın dağılmış dünyasını birləşdirir, sonra həmin ağrının içindən yeni bir qürur doğurur.
     Bu poeziyanın əsas qənaəti belədir: Şuşanı itirmək yalnız bir şəhəri itirmək deyil, öz yaddaşının bir parçasını itirməkdir. Şuşanı xatırlamaq isə özünü, kökünü və Vətənini xatırlamaqdır.
     Elçin İsgəndərzadə öz poetik dünyasında Şuşanı həm ağrısı, həm sevgisi, həm də Zəfəri ilə yaşadır. Onun misralarında Şuşanın küləyi Bakıya qədər gəlir, yağışı yaddaşın üzərinə yağır, dağıntıları ürəyin içində qalır, qala divarları keçmişə boylanır, nənənin səsi nağıllardan eşidilir, uşaqların itmiş səsləri isə dağıntıların altından gəlir.
   Amma bütün bu ağrıların fövqündə bir həqiqət dayanır:
“Gözümüzün işığısan, ömrümüzün nurusan…”
Və bu nurun adı Şuşadır.
      Elçin İsgəndərzadənin “Şuşam” əsərinin poetik gücü də məhz bundadır: o, Şuşanı sadəcə təsvir etmir – onu yaşadır. Yaşadır ki, yaddaş yaşasın, yaddaş yaşasın ki, Vətən duyğusu nəsildən-nəslə ötürülsün.
      Şuşa isə bu poeziyada artıq yalnız keçmişin şəhəri deyil!
    O, Zəfərin şəhəridir.O, yaddaşın şəhəridir.O, ruhun şəhəridir. O, Azərbaycanın Şuşasıdır. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik!

Müəllif: Zaur USTAC

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

İlqar İsmayılzadə haqqında

YÜZ ON BEŞİNCİ YAZI

Gözəllik mənəvi xilas yoluna çevriləndə
(“Səmimi sətirlər çələngi” layihəsi üçün)
    Salam olsun, çox dəyərli oxucum! Azərbaycan ədəbi-mədəni düşüncə məkanında elə şəxsiyyətlər var ki, onların yaradıcılığı yalnız müəyyən bir sahənin sərhədləri daxilində qalmır. Belə insanlar elmə fəlsəfi düşüncə, poeziyaya mənəvi dərinlik, publisistikaya isə ictimai məsuliyyət gətirirlər. Onların sözündə yalnız fikir deyil, həyat mövqeyi də danışır. İlahiyyatçı-yazar, alim, filosof, şair və publisist İlqar İsmayılzadə də məhz belə ziyalılarımızdandır.
     Onun çoxşaxəli fəaliyyəti elm, fəlsəfə, poeziya, ilahiyyat və mənəviyyatın bir-birindən ayrı deyil, vahid düşüncə sisteminin müxtəlif istiqamətləri olduğunu göstərir. İlqar İsmayılzadənin qələmi insanı yalnız düşündürmək üçün deyil, həm də öz daxilinə boylanmağa, mənəvi məsuliyyətini dərk etməyə çağırır.
     Bu baxımdan onun 4 iyun 2020-ci ildə “apa.az”da yayımlananDünyanın xilaskarı barədə…məqaləsi xüsusi diqqət çəkir. Yazı ilk baxışda məşhur “Dünyanı gözəllik xilas edəcək!” ifadəsinin mənası üzərində düşüncə kimi təsir bağışlasa da, əslində müəllif burada gözəllik anlayışının mahiyyətinə enir və oxucunu daha böyük bir həqiqətlə qarşılaşdırır: dünyanı zahiri gözəllik deyil, insanın mənəvi gözəlliyi və etik məsuliyyəti xilas edə bilər.
     İlqar İsmayılzadənin bu yazısı onun publisistik təfəkkürünün əsas xüsusiyyətlərindən birini — məşhur fikirləri hazır qəlibdə qəbul etməmək, onların arxasında dayanan həqiqəti araşdırmaq və oxucunu həmin həqiqət üzərində düşünməyə sövq etmək bacarığını aydın şəkildə nümayiş etdirir.
“Dünyanı gözəllik xilas edəcək!” — dünya ədəbiyyatı və fəlsəfi düşüncəsində geniş yayılmış, cazibədar və düşündürücü ifadələrdən biridir. İlqar İsmayılzadə də məhz bu ifadədən çıxış edir. Lakin o, gözəlliyi yalnız zahiri görünüş, abadlıq və estetik görüntü səviyyəsində qəbul etmir.
     Müəllif yazır:
“Cümlə olduqca cazibədar və çox gözəldir.”
Amma ardınca bu “gözəl” cümlənin mahiyyətinə sual verir. Çünki dünyanın keçmişinə nəzər saldıqda görürük ki, zahiri gözəllik bəşəriyyətin problemlərini həll etməyib. Dünyanın tarixində gözəl simalı, cazibədar görünüşlü, yüksək mövqeli insanlar da olub; lakin insanlıq yenə müharibələrin, zorakılığın, fitnənin, ədalətsizliyin və mənəvi böhranların ağrısını yaşayıb.
      İlqar İsmayılzadə burada çox mühüm bir fərq qoyur: gözəllik yalnız görünən deyil, yaşanan və davranışda özünü göstərən bir dəyərdir.
      O yazır:
“Lakin unutmayaq ki, bu həyatda gözəllik sadəcə xarici görkəm deyil.”
Bu cümlə müəllifin bütün məqaləsinin mənəvi-fəlsəfi açarıdır.
      İnsan öz görünüşünə, təmizliyinə, geyiminə diqqət yetirməlidir. Lakin insanı həqiqi mənada gözəlləşdirən onun daxili saflığı, ağlı, düşüncəsi, etikası, mədəniyyəti və xoş niyyətidir. Deməli, İlqar İsmayılzadə gözəllik anlayışını zahirdən batinə, görünüşdən mahiyyətə, estetikadan əxlaqa doğru aparır.
      Məhz buna görə onu gözəlliklərin tərənnümçüsü adlandırmaq mümkündür. Ancaq onun tərənnüm etdiyi gözəllik güzgüdə görünən gözəllikdən daha böyükdür. Bu, insanın daxilində yaşayan, davranışına, sözünə, münasibətlərinə və dünyaya baxışına çevrilən mənəvi gözəllikdir.
      “Dünyanı xilas edəcək yeganə amil ETİKAdır”
İlqar İsmayılzadənin məqaləsinin ən güclü məqamlarından biri onun “xilas” anlayışına verdiyi cavabdır.
     Müəllif burada qeyri-müəyyənlikdən qaçır və mövqeyini açıq şəkildə ortaya qoyur:
“Dünyanı xilas edəcək yeganə amil ETİKAdır. Bəli, etika, etika və yenə də etika!”
Bu fikir məqalənin ideya mərkəzidir.
      İlqar İsmayılzadə üçün etika sadəcə nəzakət qaydaları deyil. Etika insanın özünü dərk etməsi, öz məsuliyyətini bilməsi, peşəsinə və vəzifəsinə vicdanla yanaşması, insanlara, cəmiyyətə, təbiətə və bütün varlıq aləminə münasibətdə məsuliyyət daşımasıdır.
     Onun fikrincə, insan “Mən kiməm?”, “Necə olmalıyam?” və “Nə etməliyəm?” suallarına cavab tapmalıdır.
      Bu yanaşma İlqar İsmayılzadənin filosof və ilahiyyatçı kimliyinin də mühüm göstəricisidir. Çünki burada insanın yalnız hüquqlarından deyil, məsuliyyətlərindən danışılır. İnsan öz azadlığını başqasının haqqına müdaxilə etmədən yaşamalıdır. Öz sahəsini bilməli, öz vəzifəsini layiqincə yerinə yetirməli və başqasının haqqına, əməyinə, mövqeyinə hörmət etməlidir.
     Bu, əslində çox sadə görünən, amma həyata keçirilməsi böyük mənəvi yetkinlik tələb edən bir prinsipdir.
      İlqar İsmayılzadənin məqaləsində diqqətçəkən fikirlərdən biri də etikanın bir davranış qaydaları toplusundan daha böyük məna daşımasıdır.
      Müəllif yazır:
“Etika sözün həqiqi mənasında çox böyük bir məktəb, əhatəli bir ideologiyadır.”
Bu “məktəb” insanın ömrü boyu davam edən mənəvi təhsilidir.
      İnsan dünyanı dəyişmək istəyirsə, əvvəlcə özünü dəyişməlidir. Cəmiyyətin gözəlləşməsini istəyirsə, öz davranışından başlamalıdır. Ədalət tələb edirsə, özü ədalətli olmalıdır. Hörmət gözləyirsə, özü hörmət etməlidir. Xeyirxahlıq arzulayırsa, özü xeyirxah davranmalıdır.
      İlqar İsmayılzadənin publisistik düşüncəsində insanın dünyaya münasibəti onun öz daxilindəki vəziyyətin göstəricisinə çevrilir.
      Bu baxımdan onun “gözəl düşüncə, gözəl danışıq və gözəl davranış” prinsipi son dərəcə əhəmiyyətlidir.
     Gözəllik burada artıq estetika deyil, əxlaqın estetikasıdır.
     İlqar İsmayılzadənin “gözəllik” anlayışına münasibəti onun yaradıcılığının ümumi ruhu ilə də səsləşir. Şair və publisist kimi onun sözə münasibətində səmimiyyət, işıqlılıq və mənəvi dəyər ön plandadır.
      O, insanın yalnız düşünən deyil, həm də hiss edən və məsuliyyət daşıyan varlıq olduğunu vurğulayır.
      Belə bir baxışda gözəllik və xilas anlayışları bir-birindən ayrılmır. Çünki mənəvi baxımdan gözəl insan həm də xeyir yaradan, ətrafına işıq gətirən, başqasının haqqını qoruyan, ədalətsizliyə qarşı dayanan, pisliyə yaxşılıqla cavab verməyə çalışan insandır.
      Bu mənada İlqar İsmayılzadənin “gözəlliklərin tərənnümçüsü” kimi təqdim olunması təsadüfi deyil. O, gözəlliyi yalnız təsvir etmir; onun mahiyyətini axtarır, insan həyatındakı rolunu müəyyənləşdirməyə çalışır.
      Daha mühüm məqam isə budur ki, o, gözəlliyi passiv seyr obyekti deyil, xilasın mənəvi vasitəsi kimi təqdim edir.
      İlqar İsmayılzadənin yazısında “xilaskar” obrazı da xüsusi məna qazanır. Burada söhbət hansısa fövqəltəbii qəhrəmandan deyil, insanın öz mənəvi məsuliyyətindən gedir.
      Müəllif bəşəriyyətin qarşılaşdığı müharibələri, fitnə-fəsadı, kin-küdurəti, ədalətsizliyi, təkəbbürü və mənəm-mənəmlik hissini sadalayaraq onların kökündə mənəvi boşluğun dayandığını göstərir.
     O yazır:
“Çünki bəşər övladına etika hakim deyil, ayrı-ayrı məsələlər (maddiyyat, vəzifəpərəstlik, mənəm-mənəmlik və s.) hakim kəsilmişdir.”
Bu, təkcə bir publisistin müşahidəsi deyil, həm də ciddi ictimai-fəlsəfi xəbərdarlıqdır.
      İnsan öz mənəvi ölçülərini itirdikcə elm və texnologiyanın inkişafı belə onun problemlərini həll edə bilmir. Əksinə, mənəviyyatdan uzaqlaşan insanın əlində böyük imkanlar təhlükəyə də çevrilə bilər.
     Məhz buna görə İlqar İsmayılzadə müasir dünyanın əsas problemini yalnız texnoloji və iqtisadi inkişafda deyil, insanın mənəvi inkişafında görür.
      Məqalədə müəllif xüsusi olaraq ziyalıların, qələm adamlarının və medianın üzərinə düşən məsuliyyətdən də danışır.
     O yazır:
“Məncə yaşadığımız bu yer kürəsinin gözəlləşməsi və xilas olmasını istəyiriksə ilk öncə insanlar arasında etika məsələsi ciddi şəkildə təbliğ və tərvic edilməlidir.”
       Bu fikir İlqar İsmayılzadənin ziyalı mövqeyini müəyyənləşdirən əsas cizgilərdən biridir.
Ziyalı yalnız kitab yazan və ya fikir söyləyən insan deyil. Ziyalı cəmiyyətin mənəvi istiqamətini müəyyənləşdirmək məsuliyyəti daşıyan şəxsdir. Qələm sahibi isə yazdığı hər sözün cəmiyyətə təsir edə biləcəyini bilməlidir.
       Bu baxımdan İlqar İsmayılzadənin publisistikası təsadüfi fikirlər toplusu deyil. O, sözün məsuliyyətini anlayan müəllif kimi çıxış edir.
   “Qaranlığı lənətləməkdənsə, dur bir şam yandır!”
Məqalənin sonuna doğru müəllif öz mövqeyinin səmimiliyini xüsusilə vurğulayır. O, özünü başqalarından üstün göstərmək niyyətində olmadığını bildirir və yazmaq səbəbini belə izah edir:
“Sadəcə həyatda biganəlik və tənbəllikdən qorunub üzərimə düşən etik məsuliyyəti dərk etmək və müdrik insanlardan birinin söylədiyi kimi: ‘Qaranlığı lənətləməkdənsə, dur bir şam yandır!’ – tövsiyəsinə əməl etməyə çalışdım.”
Bu cümlə İlqar İsmayılzadənin şəxsiyyətini və yaradıcılıq missiyasını ifadə edən ən xarakterik fikirlərdən biri kimi qəbul edilə bilər.
      Çünki burada müəllifin bütün dünyagörüşü bir nöqtədə birləşir: şikayət etməkdənsə, faydalı olmaq; qaranlığı söyməkdənsə, işıq yaratmaq; başqalarını ittiham etməkdənsə, öz məsuliyyətini dərk etmək.
  Bu isə ziyalının ən böyük missiyalarından biridir.
İlqar İsmayılzadənin yaradıcılıq portretini yalnız bir istiqamətlə məhdudlaşdırmaq mümkün deyil. O, alim və filosof kimi hadisələrin mahiyyətinə nüfuz etməyə, şair kimi insan ruhunun incəliklərini ifadə etməyə, publisist kimi cəmiyyətin ağrılı məsələlərinə münasibət bildirməyə, ilahiyyatçı kimi isə insanın mənəvi aləminə işıq salmağa çalışır.
     Onun düşüncəsində elm və mənəviyyat qarşı-qarşıya qoyulmur. Əksinə, insanın həqiqi kamilliyinin bu dəyərlərin vəhdətindən yarandığı düşünülür.
Yazıçı-publisist İlqar İsmayılzadənin qələmi bu baxımdan səmimi və təsirlidir. Onun yaradıcılığında Vətən sevgisi, ilahi məhəbbət, insan ruhunun təlatümləri, mənəvi saflıq və xeyirxahlıq bir-birini tamamlayır.
Onun sözündə insanın xarici dünyası ilə daxili aləmi arasında körpü qurulur.
     İlqar müəllimin şəxsiyyətindəki “Hacı” titulu da bu mənəvi portretin mühüm cəhətlərindən biridir. Bu ad yalnız dini ziyarətlə bağlı formal bir titul kimi deyil, insanın həyat tərzinə və əxlaqına məsuliyyət qoyan mənəvi məqam kimi dəyərləndirilə bilər.
     İman, təvazökarlıq, xeyirxahlıq və insanlara səmimi münasibət onun haqqında formalaşan ziyalı obrazını tamamlayan keyfiyyətlərdir.
İlahiyyatçı-yazar üçün din yalnız nəzəri bilik deyil, həm də davranış məsuliyyətidir. Bu baxımdan onun “etika” üzərində dayanması da təsadüfi görünmür.
     Çünki həqiqi mənəviyyat insanın yalnız danışığında deyil, münasibətində, davranışında və əməllərində görünür.
    İlqar İsmayılzadənin redaktor fəaliyyəti də onun ziyalı portretinin mühüm istiqamətlərindəndir. Redaktor üçün dilə münasibət yalnız texniki məsələ deyil. Sözün düzgün seçilməsi, fikrin aydın ifadəsi, bədii keyfiyyət və məzmun bütövlüyü ədəbi mühitin sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyır.
      Bu sahədə onun zəhməti bir çox kitabların və layihələrin ərsəyə gəlməsində, gənc qələm sahiblərinin istiqamətləndirilməsində və ədəbi prosesin inkişafında özünü göstərir.
     Əslində, redaktor da bir növ mənəvi məsuliyyət daşıyıcısıdır. O, sözün cəmiyyətə necə çatacağını müəyyənləşdirir. İlqar İsmayılzadənin sözə və dilə həssas münasibəti də onun ümumi dünyagörüşündəki etik prinsiplərlə səsləşir.
      İlqar İsmayılzadənin “Dünyanın xilaskarı barədə…” yazısını oxuyarkən belə bir qənaət yaranır: müəllif dünyanı böyük və möhtəşəm şüarlarla deyil, insanın gündəlik davranışındakı dəyişikliklərlə xilas etməyin mümkünlüyünə inanır.
    O, insanı öz daxilindəki qaranlığa baxmağa çağırır.
    Dünyanı dəyişmək istəyən insan əvvəlcə öz davranışını dəyişməlidir.
    Cəmiyyətdə ədalət istəyən insan özü ədalətli olmalıdır.
    Mənəvi gözəllik arzulayan insan özü gözəl düşünməli, gözəl danışmalı və gözəl davranmalıdır.
    Bu mənada İlqar İsmayılzadənin “xilaskar” obrazı çox fərqli və düşündürücüdür. O, özünü dünyanın xilaskarı kimi təqdim etmir. Əksinə, insanı öz məsuliyyətini dərk etməyə çağırır. Özünün etdiyi isə həmin çağırışın bir nümunəsidir: qaranlığı lənətləmək əvəzinə şam yandırmaq.
     Bəlkə də onun ziyalı missiyasının ən dəqiq ifadəsi elə budur.
     İlqar İsmayılzadənin yaradıcılıq dünyasına nəzər saldıqda aydın görünür ki, onun üçün söz sadəcə ifadə vasitəsi deyil. Söz həm də mənəvi məsuliyyətdir.
     O, alim kimi düşünür, filosof kimi sual verir, ilahiyyatçı kimi mənəvi dəyərlərə müraciət edir, şair kimi hiss edir, publisist kimi cəmiyyətə sözünü deyir, redaktor kimi sözün keyfiyyətini qoruyur.
     “Dünyanın xilaskarı barədə…” yazısında isə bütün bu xüsusiyyətlər bir nöqtədə birləşir.
     Məşhur “Dünyanı gözəllik xilas edəcək!” fikrindən yola çıxan müəllif oxucunu daha dərin bir nəticəyə gətirib çıxarır: dünyanın həqiqi gözəlliyi insanın daxilindədir və həmin gözəlliyin adı mənəvi saflıq, məsuliyyət, xeyirxahlıq, ədalət və etikadır.
     Bu baxımdan İlqar İsmayılzadə yalnız gözəllikləri tərənnüm edən söz adamı deyil. O, gözəlliyin mahiyyətini açmağa və onu insanın mənəvi xilasına yönəltməyə çalışan bir ziyalıdır.
     Onun mesajı sadə, lakin olduqca böyükdür:
“Etikanın bütün dünyaya hakim olması ümidi ilə.”
Bu arzu əslində bir publisistik məqalənin son cümləsi olmaqdan daha artıq məna daşıyır. Bu, insanın və cəmiyyətin gələcəyinə ünvanlanan mənəvi çağırışdır.
     İlqar İsmayılzadənin qələmi də məhz bu çağırışın işığında görünür: gözəlliyi sevmək, gözəlliyi yaşatmaq, insanı gözəlliyə çağırmaq və ən nəhayət, o gözəlliyin içində mənəvi xilas yolunu göstərmək.
     Belə ziyalıların sözü isə yalnız yazıldığı günə deyil, sabaha da ünvanlanır. Çünki həqiqi söz zaman keçdikcə köhnəlmir — insanın vicdanına toxunduğu müddətdə yaşayır. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik.
25.08.2026. Xaçmaz – Xanoba.
Müəllif: Zaur USTAC

AVMVİB, AJB və AYB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir, naşir

SƏYYAD ƏHMƏDLİ (GÖYÇƏLİ)NİN YAZILARI

Zaur Ustacın “Buta”sı

GÜNAY ƏLİYEVA – “NƏRGİZ”

Zaur Ustacın “Buta”sı barədə

GÜNAY XANIMIN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

BİR KÖNTÖY BAXIŞIN HƏSRƏTİNDƏ QAL!

YÜZ ON DÖRDÜNCÜ YAZI

BİR KÖNTÖY BAXIŞIN HƏSRƏTİNDƏ QAL!
(Səyyad Əhmədli (Göyçəli) yaradıcılığı haqqında)
   Salam olsun, çox dəyərli oxucum! Azərbaycan poeziyasında elə şairlər vardır ki, onların yaradıcılığını yalnız bədii söz nümunələri kimi dəyərləndirmək yetərli olmur. Çünki həmin sənətkarların şeirlərində bütöv bir ömrün ağrısı, yaşanmış günlərin izi, doğma yurda bağlılığın hərarəti, ata-ana ocağının tüstüsü, qəribliyin sızıltısı, Vətən sevgisinin əzəməti və insanlıq duyğusunun işığı yaşayır. Belə şairlərin sözü kitab səhifələrində qalmır, oxucunun qəlbinə köçür, onun xatirələri ilə həmsöhbət olur, duyğularına toxunur. Tanınmış şair Səyyad Əhmədli (Göyçəli) də yaradıcılığında həyatın həqiqətlərini, insan taleyinin enişli-yoxuşlu yollarını və mənəvi dəyərlərin əbədiliyini özünəməxsus səmimiyyətlə ifadə edən bax, belə  söz adamlarından biridir. Onun poeziyasında süni bəzək, qələmə alınmış hisslərin zorakı nümayişi yoxdur. Bu hal onun keçdiyi keşməkeşli həyat yolunun yaradıcılığında qoyduğu konkret iz kimi görünür. Qazi şair gördüyünü, yaşadığını, duyduğunu və qəlbindən keçirdiyini sözə çevirir.  Bu sözlər bəzən bir ata nisgili, bəzən ana həsrəti, bəzən doğma Göyçəyə uzanan xəyal, bəzən şəhid anasının göz yaşı, bəzən də insanlığın itməkdə olan mənəvi ölçülərinə qarşı bir etiraz kimi səslənir. Bu etiraz bəzən bir ağsaqqal öyüdü, bəzən isə bir döyüşçü inadı kimi görünsə də mahiyyət dəyişmir. O bir əlində silah, bir əlində qələm ulu babalarımızın əmanəti olan yurdsevərliyi yaşadan sıradan igid vətən oğullarından biridir. Silah, qələm işə yaramayanda qoç Koroğlu kimi sinəsinə saz başmağı da var. Təfərrüatlara keçməzdən əvvəl müəllifi yaxından tanıyaq.
Qısa arayış:
      Səyyad Əhmədli 18 iyun 1959-cu ildə Göyçə mahalı, Basarkeçər rayonunun Zərkənd kəndində qulluqçu ailəsində anadan olmuşur.
     1977-1987-ci illər ərzində Bakı Rabitə Texnikumunu və Yeravan Politexnik İnstitutunu birirmişdir.
    Uzun müddət Zod qızıl mədənində əmtəə xəzinadarı kimi çalışmış, məlum hadisələrdən sonra isə Azərbaycan ordusunun müxtəlif hərbi hissələrlidə 21 ildən artıq xidmət etmişdir. Hal-hazırda təqaüddədir.  AYB-nin və QYB-nin üzvüdür.
     Bir kitab müəllifidir. Hazırda növbəti kitabı çapa hazırlanır.
     Şeirləri müntəzəm olaraq ölkə mətbuatında, Türkiyədə və Orta Asiya respublikalarında dərc olunmuşdur. “Yazarlar” jurnalın redaksiya heyətinin üzvü-Qərbi Azərbaycan üzrə təmsilçisidir.
     Səyyad Əhmədli “Yazarlar” jurnalı tərəfindən “İlin şairi” və “Durna teli – Qızıl qələm” mükafatlarna layiq görülmüşdür. Şair bundan əlavə Türk mədəni dünyasının dəyərli ödüllərindən; “Gingiz Aytmatov”, “Altın kalem”,
“Əhməd Yəsəvi”, “Əli Tudə 100” yubiley medalı və digər medallarla təltif olunmuşdur.

   Səyyad Əhmədli poeziyasında diqqəti çəkən əsas cəhətlərdən biri şairin son dərəcə həssas, kövrək və həyatın hər ağrısına açıq qəlbə malik olmasıdır. O, özünün bu mənəvi kövrəkliyini “Qəlbimi” şeirində belə ifadə edir:
“Zamanmı kövrəldib, yoxsa ki, həyat?!
Əsən yel də sızıldadır qəlbimi.
Körpə uşaqdan da betər olmuşam,
Xəfif meh də inildədir hər simi.”

Bu misralar şairin daxili dünyasının poetik portretidir. Burada həyatın ağır sınaqları qarşısında sərtləşmiş insan yox, əksinə, yaşadıqları onu daha həssas etmiş bir qəlb görünür. Şairin qəlbi sazın simlərinə bənzəyir. Həmin simlər o qədər incə və həssasdır ki, hətta xəfif bir meh belə onları titrədə bilir. Bu titrəyiş yalnız şəxsi ağrı deyil; insanın, zamanın, Vətənin və mənəviyyatın ağrılarına həssas münasibətin ifadəsidir.
      Məqalənin başlığını təşkil edən “Bir köntöy baxışın həsrətində” ifadəsi də məhz bu həssaslığın poetik açarıdır. Şair yazır:
“Üzülürəm hər bir köntöy baxışa,
Elə bil ki, ləkə düşür naxışa.
Gözümdə leysanlar durub axışa…”

Buradakı “köntöy baxış” yalnız kobud və ya düşüncəsiz nəzər anlamında deyil. Bu baxış mənəvi zərifliyi anlamayan, insanın qəlbinə dəyən, sözün qiymətini bilməyən, səmimiyyətə qiymət verməyən münasibətin ümumiləşmiş obrazıdır. Şairin qəlbi gözəlliyi, saflığı və insani münasibətləri bir naxış kimi görür. Kobudluq isə həmin naxışın üzərinə düşən ləkədir.
      Səyyad Əhmədli bu baxışlardan inciyir, çünki onun dünyasında insanın insana münasibəti yalnız zahiri davranış deyil, mənəvi məsuliyyətdir. O, sadəcə bir baxışın yox, bütövlükdə mənəvi korluğun ağrısını yaşayır. Bu mənada “bir köntöy baxışın həsrəti” ifadəsi şairin poetik dünyasında anlaşılmamağın, dəyər verilməməyin və qəlb incikliyinin ümumiləşmiş simvoluna çevrilir.
       Səyyad Əhmədli (Göyçəli) yaradıcılığında Vətən anlayışı geniş və çoxqatlı məna daşıyır. Vətən onun üçün yalnız coğrafi məkan deyil; uşaqlıq, ata-ana ocağı, doğma dağlar, bulaqlar, cığırlar, el-oba, xatirələr və mənəvi köklərdir. Şairin Vətən duyğusu Göyçə adı ilə daha da doğmalaşır və poetik məna qazanır.
“Gözəl bahar” şeirində təbiətin oyanışı şairi yenidən doğma yurda aparır:
“Güllər əvəzləyir kif xəzəlliyi,
Hərənin öz ətri, öz özəlliyi.
Səyyad seyr etdikcə bu gözəlliyi,
Xəyalı dolanır Ulu Göyçəni.”

Təbiət burada sadəcə gözəllik mənzərəsi deyil. Baharın çiçəkləri, bülbüllərin nəğməsi, günəşin nuru və dağların qoynu şairin yaddaşında Göyçəyə açılan yolları işıqlandırır. Hara baxırsa baxsın, gördüyü gözəllik onu doğma yurda aparır. Deməli, Göyçə şairin qəlbində yalnız keçmişin xatirəsi deyil, bütün gözəlliklərin ölçüsüdür.
     “Gələydim” şeirində isə bu həsrət daha açıq və kövrək şəkildə ifadə olunur:
“Olaydı təpərim, çıxıb, dağlara,
Doyunca bir nəfəs alıb, gələydim!
Ötənləri çözələyib birbəbir,
Şirin xəyallara dalıb, gələydim!”

Bu misralarda doğma yurda qayıtmaq arzusu yalnız fiziki dönüş istəyi deyil. Şair keçmişinə, uşaqlığına, ata-analı günlərinə, saf və qayğısız çağlarına qayıtmaq istəyir. O, “ötənləri çözələmək”, xatirələri bir-bir yada salmaq, doğma dağların havasından doyunca nəfəs almaq arzusundadır.
       Şairin yaddaşında uşaqlıq cığırları müqəddəsdir:
“Atalı-analı vaxtı gəzdiyim,
Cığırına, qurban olub, gələydim!”

Burada Vətən həsrəti ata-ana həsrəti ilə qovuşur. Doğma torpaq ata-analı günlərin şahidi olduğu üçün daha əziz, daha müqəddəs görünür. Şair üçün həmin cığıra qayıtmaq, əslində, itirilmiş xoşbəxtliyə, zamanın əlindən çıxmış günlərə qayıtmaq deməkdir.
      “Qayıtdı” şeirində isə yurd artıq xəyalın obrazına çevrilir:
“Bu gecə yuxuda xəyalım yenə,
Yurdumu dolanıb, ağlar qayıtdı.”

Yurdun ağlayaraq qayıtması olduqca təsirli poetik tapıntıdır. Burada yurd canlı varlıq kimi təqdim olunur. O, şairin yuxusuna gəlir, dərdini danışmadan, susaraq bildirir. Bu sükutun özü bir fəryaddır. Şair yurdun ağrısını öz ağrısı kimi yaşayır, çünki onun mənəvi dünyasında Vətənin taleyi şəxsi taledən ayrı deyil.
        Səyyad Əhmədli yaradıcılığında ata obrazı yalnız ailə başçısı deyil, mənəvi dayağın, həyat məktəbinin və insanlıq ölçüsünün simvoludur. “Ata” şeirində şair atasına müraciətlə həm övlad nisgilini, həm də ata yoluna sədaqətini ifadə edir:
“Yol ölçüb, yetərdin, hay-harayıma,
Gözüm dörd dolanır, tapmıram, Ata!”

Bu misralarda övladın çarəsizliyi və atasının yoxluğu ilə barışa bilməməsi duyulur. Ata həyatda olduğu zaman onun varlığı adi görünə bilər. Lakin ata dünyasını dəyişdikdən sonra onun yoxluğu hər addımda, hər çağırışda hiss olunur.
     Şair atasının yolundan sapmamağı özünə mənəvi borc bilir:
“İmkan düşən kimi soraqlaşıram,
Qoyduğun cığırdan sapmıram, Ata!”

Ata burada yol göstərən, insanı düzgün istiqamətə aparan mənəvi bələdçidir. Şair atasının qoyduğu cığırın davamçısı olmaqla həm ailə ənənəsinə, həm də insanlıq dəyərlərinə sədaqət göstərir.
Şeirin ən təsirli məqamlarından biri ata ocağı ilə bağlı bu misralardır:
“İnsanlıq elmində ağaydın, ağa,
Səndən incimədi nə böyük, çağa.”

Bu fikirlər ata obrazını daha da ucaldır. Ata yalnız öz ailəsinə deyil, ətrafına da insanlıq dərsi keçmiş bir şəxsiyyət kimi təqdim olunur. Onun böyüklüyü sərvətində və ya vəzifəsində deyil, insanlara münasibətindədir.
       Səyyad Əhmədli yaradıcılığında ana obrazı dərin sevgi, həsrət və mənəvi bağlılıqla təqdim olunur. “Anamla söhbət” şeirində şair anası ilə xəyalən danışır. Bu danışıq təkcə bir övladın ana həsrəti deyil, həm də insanın köklərinə, mənəvi başlanğıcına qayıdışıdır.
        Şair anasını belə dəyərləndirir:
“Sazımda “Şah” pərdə, avazda “zil”sən,
Könlüm bağçasında qaşdasan; – bil, sən!

Sözümün mənbəyi, mənsəbi sənsən…”
Ana burada şairin sözünün mənbəyi kimi təqdim edilir. Bu, çox böyük mənəvi etirafdır. Şairin qələmi, sazı, avazı və poetik dünyası ana sevgisindən güc alır. Ana onun yaradıcılığında yalnız xatirə deyil, sözün mənəvi qaynağıdır.
      Şair anasının yoxluğunu “qəlbini dəlib keçən” bir ağrı kimi yaşayır:
“Qəlbim bir ləyəndi, ‘yox’luğun, dəlib!
Bir gözüm ağlayıb, birisi gülüb!”

Bu ziddiyyətli ifadə insan həyatının özünü xatırladır. Həyat davam edir, insan bəzən gülür, lakin qəlbinin bir tərəfi həmişə ağlayır. Ana itkisi bu ağrının heç vaxt tam sağalmayan tərəfidir.
        Səyyad Əhmədli poeziyasında sevgi yalnız romantik hiss deyil. Sevgi həm sədaqət, həm qayğı, həm də həyatın çətinliklərini birlikdə keçmək bacarığıdır. “Ömür-gün yoldaşım İlhamə xanıma” şeiri bu baxımdan şairin ailə anlayışını və həyat yoldaşına olan minnətdarlığını ifadə edən səmimi poetik nümunədir.
     Şair yazır:
“Bir el gözəlinə ruhumu verdim,
İllərlə yaşatdı, qıymadı solsun.
Ətəyinə batman dərdimi sərdim,
Yaymadı aləmə eldə car olsun.”

Bu misralarda ailə münasibətlərinin ən mühüm xüsusiyyətləri – etibar, sədaqət və sirr saxlamaq bacarığı ön plana çıxır. Şair həyat yoldaşını yalnız sevdiyi insan kimi deyil, dərdini bölüşən, onu qoruyan və mənəvi güc verən həyat yoldaşı kimi təqdim edir.
    Onların həyatında anlaşılmazlıqların da olduğunu gizlətmir:
“Bəzən anlaşmadıq, küsdük-barışdıq,
Sözlərlə atışıb, biraz yarışdıq.
Qırğın törətmədik, nə də qırışdıq…”

Bu səmimiyyət şeiri həyat həqiqətlərinə daha yaxın edir. Şair ideal və qüsursuz bir ailə mənzərəsi yaratmır. O göstərir ki, ailənin möhkəmliyi heç vaxt mübahisə etməməkdə deyil, inciklikləri aradan qaldırmaqda, sevgini qorumaqda və bir-birinə dayaq olmaqda ifadə olunur.
        Səyyad Əhmədli sözə böyük mənəvi məsuliyyətlə yanaşır. Onun “Batmayın” şeiri söz adamlarına, şeir yazanlara və sənətə münasibətdə vicdanlı olmağa çağırışdır:
“Paxıllıq eşqiylə şeir yazanlar,
İlahi vergini ucuz tutmayın.
Hərbə-zorba gəlib, könül “küsdürüb”,
Halal misralara haram qatmayın.”

Burada şeir ilahi vergi kimi qəbul edilir. Şairə verilən istedad şəxsi şöhrət və ya başqalarını alçaltmaq vasitəsi olmamalıdır. Sözün saflığını qorumaq şairin mənəvi borcudur.
    Şair söz sənətinin əsas məqsədini belə ifadə edir:
“Sözdən çələng tutun, sərrafı kimi,
Tərpədin qəlblərdə siz, “sarı simi”
Olun könüllərin loğman, hakimi…”

Söz insan qəlbinin yaralarını sağaltmalı, onun ən incə duyğularına toxunmalıdır. Şair sözün “loğman” olmasını istəyir. Bu, poeziyanın yalnız estetik deyil, həm də mənəvi missiyaya malik olduğunu göstərir.
      “Batmayın” şeirində insanlıq şan-şöhrətdən üstün tutulur:
“İnsanlıq hər şeydən, bilin, əfzəldi,
Şan-şöhrətin kölgəsində yatmayın.”

Bu fikirlər Səyyad Əhmədli yaradıcılığının mənəvi xəttini aydın göstərir. Şair üçün insanın böyüklüyü şöhrətində deyil, mənəviyyatında, davranışında və başqalarına münasibətindədir.
      Şairin “Oğul” şeiri nəsihət poeziyasının müasir və səmimi nümunələrindən biridir. Burada ata öz övladına həyatın yollarını göstərir, onu tamahdan, haramdan və mənəvi yanlışlardan uzaq durmağa çağırır:
“Həyatın dolanbac yolları çoxdu,
Çalış enişindən gen dolan, oğul!
Hörmət sərvətini günbəgün artır…”

“Hörmət sərvəti” ifadəsi xüsusi diqqət çəkir. Şair maddi var-dövlətdən daha qiymətli olan mənəvi sərvəti – insanın el içində qazandığı hörməti önə çəkir.
     Oğluna tamahdan uzaq olmağı tövsiyə edən şair yazır:
“Tamah salma nə dövlətə, nə vara,
Ona qul olanlar düşür azara.”

Burada sərvətə qarşı çıxmaq deyil, sərvətin insanı öz əsirinə çevirməsinə etiraz var. Şairin fikrincə, insan var-dövlətə sahib ola bilər, lakin ona mənəvi baxımdan qul olmamalıdır.
        Şeirin sonunda isə sözün gücü haqqında belə deyilir:
“Səyyadın sözlərin quyuya atma,
Bir düz baltalayar min yalan, oğul!”

Bu misra şairin poeziyaya inamını ifadə edir. Düz söz min yalanın qarşısında dayanmağa, həqiqəti qorumağa qadirdir.
      Səyyad Əhmədli yaradıcılığında Vətən müharibəsi, qəhrəmanlıq və şəhidlik mövzuları xüsusi yer tutur. “Ana yanğısı” şeirində şəhid anasının ağrısı fərdi bir taledən ümumxalq faciəsinə və ümummilli qürura yüksəlir.
      Şair yazır:
“Bir igid balasın itirmiş Ana,
İndi baş daşından ayrıla bilmir.
Gözləri buluddan nəm çəkib sanki,
Elə hey ələyir, qurutmur, silmir.”

Bu misralarda ana ağrısının böyüklüyü və sonsuzluğu ifadə olunur. Şəhid anasının göz yaşı yalnız şəxsi itkinin deyil, Vətən uğrunda verilən qurbanın göz yaşlarıdır.
     Lakin şeir ümidsizliklə bitmir:
“Səyyadın qüruru, başının tacı,
Şəhidlər qəlblərdə yaşayır, ölmür.”

Bu fikir şəhidlik anlayışının mənəvi mahiyyətini açır. Şəhid fiziki olaraq həyatdan getsə də, xalqın yaddaşında, qəlbində və Vətən tarixində əbədi yaşayır.
      “Bir qəhrəmanı” şeirində isə Azərbaycan Ordusunun Zəfəri, qəhrəman əsgərlər və ölkənin Ali Baş Komandanı poetik şəkildə tərənnüm edilir:
“Qüdrətli ordumun Baş komandanı,
Zəfərlə tanıtdı Azərbaycanı!”

Şair bu Zəfəri yalnız hərbi uğur kimi deyil, milli qürurun, xalq birliyinin və tarixi ədalətin təntənəsi kimi dəyərləndirir.
    Səyyad Əhmədlinin poeziyasında insanın öz daxili aləmi ilə söhbəti də mühüm yer tutur. “Bağışla, ürəyim” şeirində şair öz qəlbinə müraciət edir:
“Səni çox yüklədim, əzizləmədim,
Bağışla, ürəyim, bağışla məni.”

Bu misralarda insanın öz daxilinə hesabat verməsi var. Şair həyatın ağrılarını qəlbinə yüklədiyini, onu yetərincə qoruyub əzizləmədiyini etiraf edir.
       Qəlbin sədaqəti isə belə ifadə olunur:
“Qürurundan zərrə qədər enmədin,
Bağışla, ürəyim, bağışla məni!”

Şairin qəlbi bütün ağrılara baxmayaraq sınmayıb, alçalmayıb və mənəvi qürurunu qoruyub. Bu, Səyyad Əhmədli poeziyasının əsas ideyalarından birini – çətinliklər qarşısında insanlıq və ləyaqəti qorumaq fikrini ifadə edir.
      Səyyad Əhmədli (Göyçəli) yaradıcılığı müxtəlif mövzuları əhatə etsə də, bu mövzuların hamısını birləşdirən əsas xətt insanlıqdır. Onun şeirlərində Vətən sevgisi də, ata-ana həsrəti də, sevgi və sədaqət də, şəhidlik və qəhrəmanlıq da, sözə ehtiram da insanlıq anlayışı ətrafında birləşir.
Şair öz mənəvi dünyasını “Mən” şeirində belə təqdim edir:
“Soruşdun sərvətim; – yaxşı qulaq as,
Sidq ilə sığındım Sübhanıma, mən.
Hər nə verdi qail olub, barışdım,
MaşAllah söylədim, hər anıma, mən.”

Burada şükür, təvazökarlıq və mənəvi qaneçilik duyğusu ön plana çıxır. Şair sərvəti yalnız maddi imkanlarla ölçmür. Onun sərvəti inamı, vicdanı, qaneçiliyi və mənəvi saflığıdır.
      O yazır:
“Qədərə nə yazdı, şükür dilədim!
Qəmli vaxt da oldu, leysan ələdim!
Tamahımı ifçin-ifçin bələdim,
Qoymadım qor salsın, vicdanıma, mən.”

Bu misralar şairin həyat fəlsəfəsini ümumiləşdirir. İnsan çətinliklərlə qarşılaşa bilər, ağlaya və ağrı çəkə bilər, lakin vicdanını qorumağı bacarmalıdır.
      Səyyad Əhmədli (Göyçəli) yaradıcılığı həyatın içindən gələn, yaşanmış duyğuların və mənəvi həqiqətlərin poeziyasıdır. Onun şeirlərində Göyçə həsrəti dağların nəfəsi ilə, ata-ana nisgili uşaqlıq xatirələri ilə, Vətən sevgisi qəhrəmanlıq və şəhidlik duyğusu ilə, sevgi isə sədaqət və ailə dəyərləri ilə qovuşur.
       Şairin poeziyası insanı düşünməyə, öz qəlbinə nəzər salmağa, sözün və münasibətin məsuliyyətini anlamağa çağırır. O, kobudluqdan, paxıllıqdan, yalandan, tamahdan və mənəvi aşınmadan uzaq durmağı, insanlıq sərvətini qorumağı tövsiyə edir.
      “Bir köntöy baxışın həsrətində” ifadəsi Səyyad Əhmədli yaradıcılığının poetik mahiyyətini özündə cəmləyir. Çünki şairin qəlbi yalnız öz dərdindən deyil, insanların bir-birinə qarşı laqeydliyindən, kobud münasibətindən, sözün qiymətdən düşməsindən də ağrıyır. O, hər köntöy baxışda gözəlliyə düşən ləkəni görür və həmin ləkəni sözün işığı ilə silməyə çalışır.
      Səyyad Əhmədlinin şeirlərində kövrək bir qəlbin səsi eşidilir. Bu qəlb Göyçəyə boylanır, ata-anasını axtarır, Vətənin qələbəsi ilə qürurlanır, şəhid anasının göz yaşına şərik olur, həyat yoldaşının sədaqətinə minnətdarlıq edir, övladına doğru yol göstərir və söz adamlarını mənəvi saflığa çağırır.
       Bu poeziyanın əsas gücü də məhz buradadır: Səyyad Əhmədli oxucuya uzaqdan nəsihət vermir. O, öz yaşantılarını, ağrılarını, sevinclərini və həyat həqiqətlərini bölüşür. Buna görə də onun sözü oxucunun qəlbinə yol tapır.
      Səyyad Əhmədli (Göyçəli) poeziyası bir şairin şəxsi duyğular toplusu deyil. Bu poeziya Göyçənin həsrətini, ata ocağının işığını, ana laylasının kövrəkliyini, Vətən sevgisinin qüdrətini və insan qəlbinin incəliklərini yaşadan mənəvi söz dünyasıdır.
      Bu dünyada hər misra bir xatirə, hər bənd bir həyat dərsi, hər duyğu isə insanlıq adına səslənən səmimi bir çağırışdır. Yurd həsrəti ilə yaşayan ozan qardaşıma bu həsrətdən qurtulub, “köntöy baxış” həsrətində yaşamağı arzu edirəm! Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik. Hiss edirəm ki, növbəti yazıların sonuna “Kəlbəcər”, “Laçın” deyil “Göyçə” yazacam.
09.08.2026. Laçın – Şəlvə dərəsi.

Müəllif: Zaur USTAC

AVMVİB, AJB və AYB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir, naşir

SƏYYAD ƏHMƏDLİ (GÖYÇƏLİ)NİN YAZILARI

Zaur Ustacın “Buta”sı

GÜNAY ƏLİYEVA – “NƏRGİZ”

Zaur Ustacın “Buta”sı barədə

GÜNAY XANIMIN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Tarixi düşüncəni milli yaddaşa çevirən qələmdar

YÜZ ON ÜÇÜNCÜ YAZI

Tarixi düşüncəni milli yaddaşa çevirən qələmdar
(Yunus Oğuzun doğum gününə)
Salam olsun, çox dəyərli oxucum! Bu dəfə söhbətimizin qəhrəmanı tarixdən gələcəyə uzanan sözün və milli kimliyin yazıçısı tarixçi alim Yunus Oğuzdur! Müasir Azərbaycan ədəbiyyatında tarixi roman janrına yeni nəfəs gətirən, tarixşünaslıqla bədii təfəkkürü eyni müstəvidə birləşdirən yazıçılardan biri olan Yunus Oğuz yalnız romanlar müəllifi deyil, həm də tarixə analitik münasibət bəsləyən, milli kimliyin elmi və bədii əsaslarını araşdıran mütəfəkkir yazardır. Onun əsərlərində tarix keçmiş hadisələrin sadə təsviri deyil, gələcəyin ideoloji istiqamətlərini müəyyənləşdirən mənəvi məktəb kimi təqdim olunur. Bu baxımdan Yunus Oğuzun yaradıcılığı Azərbaycan nəsrində xüsusi bir istiqamət formalaşdırmışdır. O, tarixi faktları bədii təxəyyülün imkanları ilə zənginləşdirsə də, heç vaxt həqiqətdən uzaqlaşmır. Yazıçının əsərlərində hadisələrin arxasında duran siyasi, mədəni və mənəvi səbəblər analitik baxışla açılır. Məhz buna görə onun romanları həm ədəbi, həm də tarixi mənbə kimi maraq doğurur.
Olduqca müxtəlif auditoriyalada bütün söhbətlərmdə və əksər yazılarımda dəfələrlə qeyd etmişəm. Yunus Oğuz müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olmaqla bərabər, öz imzası, dəsti-xəttilə seçilən söz sənətkarlarındandır. Onun ümumi dünya qələmdarları sırasında yeri Təbəri, Mahmud Kaşğarlı, Lev Tolstoy, Yevgeni Tarle, Vasiliy Yan, Məmməd Səid Ordubadi kimi ustad sənətkarların arasındadır. Bu fikir təsadüfi deyil. Çünki Yunus Oğuz tarixi sadəcə nəql etmir; o, tarixi düşünür, araşdırır və onu yeni nəsillərə milli yaddaş kimi təqdim edir.
Yunus Oğuzun yaradıcılığına nəzər saldıqda aydın görünür ki, onun üçün tarix yalnız keçmiş deyil. Tarix insanın özünü tanımasının başlanğıcıdır. Yazıçının qəhrəmanları da məhz milli kimlik uğrunda mübarizə aparan şəxsiyyətlərdir.
Tarixi romanlarında müəllif hadisələri dövrün siyasi panoramı ilə yanaşı, milli-mənəvi dəyərlər prizmasından təqdim edir. Bu xüsusiyyət onu klassik salnaməçilikdən fərqləndirir.
Onu bir yazar kimi sələflərindən və xələflərindən fərqləndirən başlıca xüsusiyyət istər tarixi, istərsə də şahidi olduğumuz hadisələrə yalnız quru bədii salnaməçi mövqeyindən yanaşmamasıdır. Onun bütün qələmə aldığı mətn nümunələrində mövzuya analitik yanaşma mövqeyi qabarıq şəkildə ortaya çıxaraq keçmişi təsdiq, gələcəyi isə tərtib edir. Məhz bu cümlə Yunus Oğuz yaradıcılığının ən dəqiq elmi xarakteristikalarından biridir.
Yunus Oğuz tarix və siyasət elminin mahir bilicisi kimi “”Türk” etnonimi və törələri”indən “Cığır”a qədər olduqca geniş spektrli, ta qədim zamanlardan günümüzədək uzanan dövrü əhatə edən salnamələrində döyüş sənəti haqqında da faydalı informasiya ötürməyə nail olmuşdur.
Yunus Oğuz yalnız romanlar müəllifi deyil. Onun türk tarixinə dair araşdırmaları türkşünaslığın diqqətçəkən nümunələri sırasındadır.
2025-ci ildə nəşr olunan “Türk etnonimi və törələri” kitabı müəllifin uzun illər apardığı araşdırmaların nəticəsi kimi meydana çıxmışdır. Kitabda müəllif “türk” sözünün etimologiyasınıas,, qədim mənbələrdə işlənmə formalarını, türk törələrinin mahiyyətini, qədim dövlətçilik ənənələrini və milli hüquq sistemini geniş şəkildə araşdırır.
Akademik Nizami Cəfərov ön sözdə yazır:
“Yunus Oğuz yalnız məşhur romanları ilə deyil, akademik araşdırmaları və elmi-publisistik yazıları ilə də türk tarixinin qaranlıq, mübahisəli tərəflərinə aydınlıq gətirməyə çalışan müəllifdir.”
Müəllif əsərində “türk” etnoniminin yalnız dil baxımından deyil, həm də dövlətçilik və mədəniyyət baxımından daşıdığı mənanı araşdırır: “Bir millət öz tarixini bilmədikdə və ya öyrənmək istəmədikdə çoxsaylı yanlışlıqlara yol verir…”
Bu fikir əslində kitabın ideya açarıdır. Müəllif hesab edir ki, milli kimliyin qorunmasının ən əsas yolu tarixə doğru baxışdır.
Kitabın ən maraqlı bölmələrindən biri qədim türk törələrinə həsr olunmuşdur:
“…törə anlamı səndən yuxarıda duran, ocaq başında oturan mənasını verir… toplumda siyasi, sosial, dini, iqtisadi və digər məsələləri müəyyənləşdirən yazılı olmayan hüquq qaydalarına törə deyilir.” Bu yanaşma göstərir ki, müəllif qədim türk dövlətçiliyini yalnız hərbi qüdrətlə deyil, hüquqi-mənəvi sistemlə də əlaqələndirir.
Kitabın digər üstün cəhəti isə türk qadınının cəmiyyətdəki roluna ayrıca yer ayırmasıdır. Tomris, Türkan xatun, Möminə xatun kimi tarixi şəxsiyyətlərin fəaliyyəti türk dövlətçilik ənənələrinin ayrılmaz hissəsi kimi təqdim olunur.
Qədim Türk törəsindən maya tutub, qidalanan yazıçı ruhu tarixi, siyasi biliklərin çuğlaşmasında bişirib, yetişdirdiyi döyüş sənəti haqqında fikir və ideyaları, gələcək nəsillər üçün mesajlarını “Cığır” – Zəfərin bədii salnaməsində reallaşdırmaq imkanı əldə etmişdir. Onun Şuşaya ilk səfərlər zamanı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qarşısında böyük qürur və məsuliyyətlə dediyi, – “…mən Şuşada yazıram…” – cümləsi ədəbiyyat tariximizə qızıl hərflərlə yazılmış tarixi kəlamlar sırasında öz möhtəşəm və şərəfli yerini həmin andan etibarən almışdır.
Yunus Oğuzun yaradıcılığında xüsusi yer tutan əsərlərdən biri də “Cığır” tarixi romanıdır.
Bu roman artıq yalnız bədii əsər deyil, müasir Azərbaycan tarixinin mənəvi salnaməsinə çevrilmişdir.
Yunus Oğuz qələbədən, şanlı Zəfərimizdən, Şuşadan mütləq yazmalı idi… Bu nümunə “Cığır” oldu. Şəxsən mən romanın anonsunu Şuşada şanlı Zəfərimizin memarı Müzəffər Ali Baş Komandanın hüzurunda müəllifin öz dilindən eşitdim… gözlərimin önündə fatehlərin yanında olan salnaməçi mirzələrdən biri qismində canlandı Yunus Oğuz.
Bəli bu bənzətmə təsadüfi deyil. Tarix boyu böyük zəfərlərin yanında onları gələcək nəsillərə çatdıran salnaməçilər olub. Müasir Azərbaycanın həmin salnaməçilərindən biri də Yunus Oğuzdur. Yunus Oğuz tarixin təsdiq etdiyi, qələmi ilə tarix yazan yazıçılardan biridir. “Cığır” onun silsilə tarixi romanlarının içərisində Şuşanın havası kimi saf, yolları kimi dolanbac, qayaları kimi sıldırım olan uca bir zirvədir. Yunus Oğuz “Cığır” romanında müəllif təkcə baş vermiş hadisələri təsvir etmir. O, gələcək siyasi prosesləri də tarixi məntiq əsasında proqnozlaşdırır.
Yunus Oğuzun tarixinə söykənərək romanda verdiyi tərtiblərin çoxu qısa bir müddət ərzində həyata keçdi. Bu gün artıq Xankəndində bayrağımız dalğalanır. Bu fikir yazıçının tarixi təfəkkürünün nə qədər güclü olduğunu göstərən mühüm göstəricidir.
“Cığır” romanı yalnız bir yazıçının deyil, bütövlükdə Azərbaycan tarixi roman məktəbinin uğurudur. Ən yüksək mükafatlara layiq bir əsərdir. “Yazarlar” olaraq, yazarlar cameəsi və səngər həyatının nə demək olduğunu bilən, döyüş yolu keçmiş hərbçilər adından dəyərlimiz Yunus Oğuzu “Cığır” romanına görə “Əsrin yazarı” mükafatı ilə təltif edirik. Xeyirli olsun! Əlbəttə Yunus Oğuz daha çoxuna layiq bir yazardır. O zaman-zaman Türk dünyasının müxtəlif müstəqil qurumları tərəfindən mükafatlandırılıb. Və bu proses fasiləsiz olaraq davam edir.
Belə əsərlər milli yaddaşın formalaşmasına xidmət edir və məhz bu səbəbdən layiqli qiymətini almalıdır.
Ümidvaram ki, növbəti xəbərlərdən biri “Cığır”ın Dövlət mükafatına layiq görülməsi haqqında olacaq.
Yunus Oğuzun yaradıcılığı təkcə Azərbaycan sərhədləri ilə məhdudlaşmır. O Azərbaycanda tanındığı kimi, Türkiyədə, Özbəkistanda və digər soydaşlarımızın yaşadığı ölkələrdə də məşhurdur. Məsələn, Özbəkistanda Yunus Oğuz ən azı Azərbaycanda olduğu qədər tanınır və sevilir. Yunus Oğuz türk dünyasının ortaq fikir adamı və sevilən yazarlarından biridir. Onun əsərləri türk dünyasının ortaq tarixini, ortaq yaddaşını və ortaq gələcəyini düşünən müəllifin baxışlarını əks etdirir.
Tarixi romanlar, elmi araşdırmalar, publisistik yazılar və türkçülük düşüncəsi bir yerdə Yunus Oğuzu müasir Azərbaycan ədəbiyyatında xüsusi məktəbə çevirir. Bu məktəbin əsas ideyası isə sadədir: Tarixini bilən millət gələcəyini də özü yazır. Akademik Nizami Cəfərov Yunus Oğuzun tarixçiliyindən danışarkən qeyd edir ki, tarixi iki cür öyrənirlər: akademik tarixçilik. Bəzən buna, hücrə tarixçiliyi, universitet tarixçiliyi də deyirlər. Burda daha çox akademizim, faktlar, sxemlər, modellər öyrədilir. Tarixə müdaxilə edilmir, mümkün qədər tarixi necə varsa, o cür təqdim edirlər. Bu tarixçilik tamam başqadı. Bir də var tarixi ədəbiyyatlardan, romanlardan dinamik şəkildə öyrənmək. Yunus Oğuzun tarixçiliyi çox dinamikdi. Yunus Oğuzun tarixi romanlarında və tarixi pyeslərində (“Attila”) və ümumiyyətlə yaradıcılığında tarixi xronologiya mövcuddur. Əmir Teymura həsr olunmuş romanında Yunus Oğuz çalışır ki, Əmir Teymurun həm ümumən türk dünyasındakı tarixi rolunu dəyərləndirsin, həm də Azərbaycanla əlaqələndirsin. Mən şahidi olmuşam (N.Cəfərov dəfələrlə deyib) ki, hətta Daşkənddə Özbəkistanın ən məşhur tarixçilərinin iştirak etdiyi tədbirdə bu romanın təqdimatı və müzakirəsi zamanı Yunus Oğuz öz mövqeyini qoruyaraq müəyyən mənada fikirlərini qəbul etdirməyi bacarıb. Yunus Oğuzun “Nadir şah” əsərini daha çox qiymətləndirən Nizami Cəfərov qeyd edir ki, Nadir şah dövrü Azərbaycan tarixşünaslığında həmişə pərakəndəlik, ziddiyyətlər dövrü kimi təqdim olunur. Nadir şaha müsbət bir sərkərdə kimi baxılmayıb. Daha çox Səfəvilərdən sonra dağıdıcı, süni imperiya kimi söhbətlər olub. Amma yunus Oğuz “Nadir şah” əsərilə əsaslandırır ki, bizim müasir Azərbaycan tarixinin yaratdığı etnik, siyasi, coğrafi mənzərənin yaranmasında Nadir şahın əvəzsiz rolu olub.
Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günü – İyulun 22-si tanınmış yazıçı, tarix araşdırıcısı, publisist və türk dünyasının yorulmaz tədqiqatçısı Yunus Oğuzun doğum günüdür. Təqvimin bu günü dünyaya göz açan yazara sanki, uca Yaradan qələmi özü ərmağan edərək, onu anadan qələmdar doğulanlar sırasına yazıb.
Belə bir əlamətdar gündə onun yaradıcılığına nəzər saldıqda aydın görünür ki, Yunus Oğuz yalnız roman müəllifi deyil. O, milli yaddaşın keşiyində dayanan fikir adamıdır. Onun əsərləri keçmişi öyrədir, bu günü düşündürür, gələcəyə isə inam aşılayır.
“Cığır” kimi Zəfər romanları, “Türk etnonimi və törələri” kimi elmi-publisistik araşdırmaları, qədim tariximizə yeni baxış gətirən əsərləri göstərir ki, Yunus Oğuz Azərbaycan ədəbiyyatında həm tarixçi yazıçı, həm də milli kimlik fəlsəfəsinin müasir daşıyıcılarından biridir.
Doğum günü münasibətilə Yunus Oğuza möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları, türk dünyasının ortaq tarixi və milli yaddaşı naminə başladığı elmi və bədii yolun yeni sanballı əsərlərlə davam etməsini arzulayırıq. Çünki belə qələm sahibləri yalnız kitab yazmırlar – onlar millətin tarixi yaddaşını gələcəyə daşıyan mənəvi körpülər salırlar. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik!

22.06.2026. Şuşa – 22.07.2026. Bakı

Müəllif: Zaur USTAC

AVMVİB, AJB və AYB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir, naşir

Zaur Ustacın “Buta”sı

GÜNAY ƏLİYEVA – “NƏRGİZ”

Zaur Ustacın “Buta”sı barədə

GÜNAY XANIMIN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Türkün söz dəryasının tək Sonası

YÜZ ON İKİNCİ YAZI

Türkün söz dəryasının tək Sonası
(Sona Abbasəliqızı-İsmayılovanın yaradıcılığı)
Salam olsun, çox dəyərli oxucum! Bəzən bir insanın ömrü təkcə yaşadığı illərlə deyil, yazdığı sözlərlə, yetişdirdiyi qələmlərlə, qoruduğu milli yaddaşla və xidmət etdiyi mənəvi dəyərlərlə ölçülür. Elə ziyalılar var ki, onların adı çəkiləndə ilk növbədə kitab, söz, vətən, tarix və türk dünyası yada düşür. Bu dəfə söhbətimizin qəhrəmanı müasir Azərbaycan ədəbi mühitində məhz belə qələm sahiblərindən biri də yazıçı, jurnalist, redaktor və ictimai xadim Sona Abbasəliqızı-İsmayılovadır.
Onun yaradıcılığına nəzər saldıqda aydın olur ki, Sona Abbasəliqızı yalnız bədii əsərlər müəllifi deyil. O, sözün həqiqi mənasında milli düşüncənin daşıyıcısı, tarixi yaddaşın keşiyində dayanan ziyalı, türk dünyasının mədəni körpülərini quran fədakar qələm adamıdır. Onun fəaliyyəti ədəbiyyatın sərhədlərini aşaraq jurnalistika, redaktorluq, elmi-publisistik araşdırmalar, beynəlxalq mədəni əlaqələr və ictimai xidmət sahələrini də əhatə edir.
Ədəbiyyat xalqın mənəvi pasportudur. Tarix zamanın yaddaşıdır. Yazıçı isə həmin yaddaşı gələcəyə daşıyan mənəvi körpüdür. Sona Abbasəliqızı da yaradıcılığı boyu bu missiyanı böyük məsuliyyətlə yerinə yetirən sənətkarlardandır. Onun əsərlərində Vətən sevgisi, milli kimlik, insan taleyi, mənəvi dəyərlər və Türk dünyasının birliyi əsas ideya xəttini təşkil edir. Bu mövzular müəllifin bədii dünyagörüşünün deyil, həm də həyat amalının ifadəsidir.
Tarixi roman janrında qələmə aldığı “Sözün Xaqanı” əsəri müəllifin yaradıcılığında xüsusi mərhələ təşkil edir. Tarixi hadisələrin bədii-estetik düşüncə ilə vəhdətdə təqdim olunduğu bu roman oxucular tərəfindən maraqla qarşılanmış, sonradan Türkiyə türkcəsinə və özbək dilinə tərcümə edilərək beynəlxalq oxucu auditoriyasına çatdırılmışdır. Əsərin müxtəlif ölkələrdə maraq doğurması Azərbaycan tarixi roman məktəbinin uğurlarından biri kimi qiymətləndirilə bilər.
Sona Abbasəliqızının yaradıcılığı təkcə romanlarla məhdudlaşmır. Onun poemaları, pyesləri, povestləri və publisistik yazıları milli yaddaşın, vətənpərvərlik ruhunun, tarixi həqiqətlərin və mənəvi dəyərlərin təbliğinə xidmət edir. Xüsusilə “Tarix qarşısında cavab günüdür” povestində müəllif tarixi hadisələrə sənədli yanaşmanı bədii düşüncə ilə birləşdirərək oxucunu hadisələrin içərisinə aparmağı bacarır. Bu əsərdə ədalət ideyası, hüquqi məsuliyyət və insan taleyi publisistik dəqiqliklə bədii təsvirin harmoniyasında təqdim edilir.
Müəllifin poeziyası da xüsusi diqqətə layiqdir. Onun şeirlərində ana sevgisi, Vətən məhəbbəti, milli birlik, türkçülük ideyaları, insanlıq və mənəvi ucalıq əsas yer tutur. Təsadüfi deyil ki, onun sözlərinə Azərbaycanda və Türkiyədə iyirmidən çox mahnı bəstələnmiş, aşıqlar tərəfindən qoşmalar və gəraylılar ifa edilmişdir. Bu fakt müəllif sözünün musiqidə də yaşadığını və xalq ruhuna yaxın olduğunu göstərir.
Sona Abbasəliqızının xidmətləri yalnız yazdıqları ilə ölçülmür. O, uzun illər redaktor kimi yüzlərlə müəllifin kitabının ərsəyə gəlməsində mühüm rol oynamış, beş yüzdən artıq kitabın redaktoru olmuşdur. Hər redaktə olunmuş kitab bir müəllif taleyi, bir ədəbi məktəb və bir mənəvi sərmayə deməkdir. Bu baxımdan onun redaktorluq fəaliyyəti müasir Azərbaycan kitab mədəniyyətinin inkişafında mühüm yer tutur.
Türk dünyasının müxtəlif ölkələri ilə qurduğu mədəni əlaqələr isə onun fəaliyyətinin daha geniş coğrafiyasını müəyyənləşdirir. Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və digər türk dövlətlərində keçirilən beynəlxalq konfranslar, simpoziumlar və ədəbi forumlarda Azərbaycanı uğurla təmsil etməsi, müxtəlif ölkələrdə çıxışlar etməsi, kitab təqdimatlarında iştirak etməsi onun sözünün yalnız Azərbaycanda deyil, bütün türk dünyasında qəbul olunduğunu göstərir.
Sona Abbasəliqızının yaradıcılığında xüsusi yer tutan istiqamətlərdən biri də Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə tanıdılmasıdır. O, illərdir müxtəlif ölkələrdə bu mövzuda çıxışlar edir, məqalələr yazır, kitablarını təqdim edir və tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl fəaliyyət göstərir. Bu xidmət onun yaradıcılığına və ictimai fəaliyyətinə vətəndaş məsuliyyəti qazandıran əsas cəhətlərdəndir.
Müəllifin elmi-publisistik fəaliyyəti də diqqətəlayiqdir. Türkoloji araşdırmalar, milli-mənəvi irs, Azərbaycan ədəbiyyatı və Türk dünyasının ortaq mədəniyyətinə dair elmi məqalələri beynəlxalq jurnallarda dərc olunmuş, Birinci Türkoloji Qurultayın yüz illiyinə həsr olunmuş elmi konfransdakı çıxışı isə elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır. Bu fəaliyyət onun yalnız yazıçı deyil, həm də araşdırmaçı alim düşüncəsinə malik ziyalı olduğunu nümayiş etdirir.
Onun yaradıcılığına verilən yüksək qiymət də təsadüfi deyil. Əsərlərinin müxtəlif dillərə tərcümə olunması, tanınmış alim və ədiblərin kitablarına ön söz yazması, beynəlxalq mükafatlara layiq görülməsi, yeddi ölkənin Yazıçılar Birliyinə üzv seçilməsi bu zəngin fəaliyyətin məntiqi nəticəsidir. Bu gün Sona Abbasəliqızı İsmayılovanın adı çəkiləndə yalnız bir yazıçını xatırlamırıq. Biz sözün məsuliyyətini daşıyan ziyalını, milli ruhun keşiyində dayanan vətəndaşı, Türk dünyasının ədəbi körpülərini quran mədəniyyət elçisini, yüzlərlə müəllifin uğurunda pay sahibi olan redaktoru, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması yolunda yorulmadan çalışan qələm sahibini görürük.
Söz insanın ömrünü uzadan ən müqəddəs sərvətdir. Elə insanlar var ki, onların yazdıqları əsərlər zaman keçdikcə daha da qiymətlənir, çünki həmin əsərlər yalnız dövrünü deyil, gələcəyi də düşünərək yazılır. Sona Abbasəliqızı-İsmayılovanın yaradıcılığı da məhz belə bir mənəvi sərvətdir. Onun qələmi Azərbaycanın milli-mənəvi dəyərlərini, tarixi yaddaşını və Türk dünyasının ortaq ideallarını yaşadan söz ocaqlarından biridir.
Türkün böyük söz xəzinəsində hər qələm sahibinin öz yeri vardır. Lakin elə sənətkarlar da olur ki, onlar yalnız yazmırlar, sözün keşiyini çəkirlər. Bu mənada Sona Abbasəliqızı-İsmayılova həqiqətən də Türkün söz dəryasının tək Sonasıdır. Onun qələmi milli yaddaşın işığını gələcək nəsillərə daşıyan, Azərbaycanın və bütöv Türk dünyasının mənəvi birliyini möhkəmləndirən qiymətli söz karvanının önündə inamla irəliləyir. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik!
17.07.2026. Bakı – Qobu q.

Müəllif: Zaur USTAC

AVMVİB, AJB və AYB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir, naşir

Zaur Ustacın “Buta”sı

GÜNAY ƏLİYEVA – “NƏRGİZ”

Zaur Ustacın “Buta”sı barədə

GÜNAY XANIMIN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Günay Əliyevanın “Nərgiz” kitabı haqqında

YÜZ ON BİRİNCİ YAZI

(GÜNAY ƏLİYEVA – “NƏRGİZ” – PDF)

  Soyuq Şimalda Şərq hərarəti
(Günay Əliyevanın “Nərgiz” kitabına ön söz)
     Salam olsun, çox dəyərli oxucum! Bəzən bir kitab təkcə müəllifin yazdıqlarını deyil, bütöv bir dövrün yaddaşını yaşadır. Elə kitablar var ki, onları vərəqlədikcə hadisələri oxumursan, insanların sevgisini, həsrətini, milli kimliyə bağlılığını, Vətənə uzanan görünməz telləri hiss edirsən. Günay Əliyevanın “Nərgiz” kitabı da məhz belə nəşrlərdəndir.
      Şimalın sərt iqlimi ilə tanınan Norveçdə Azərbaycan ruhunu yaşatmaq, ana dilini qorumaq, milli-mənəvi dəyərləri gələcək nəsillərə ötürmək asan məsələ deyil. Bunun üçün təkcə təşkilatçılıq yox, həm də böyük sevgi, səbir və fədakarlıq lazımdır. “Nərgiz” kitabının hər səhifəsində məhz bu fədakarlığın izi görünür. Təfərrüatlara keçməzdən əvvəl müəllifi yaxından tanıyaq:
QISA ARAYIŞ
     Günay Əliyeva (Əliyeva Günay Asif qızı) 1985-ci ildə Yevlax şəhərində anadan olmuşdur. İbtidai təhsilini Bakı şəhəri, Nərimanov rayonu, Novruzov qardaşları adına 36 nömrəli orta məktəbdə almışdır. Ali təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində başa vurmuşdur.    Ədəbiyyata marağı məktəb illərindən formalaşmışdır. Həmin dövrdə qələmə aldığı “Məktəb illəri” şeiri “Savalan” qəzetində dərc olunmuşdur. Sonralar “Paritet” qəzetində jurnalist kimi fəaliyyət göstərmiş, burada müəllifi olduğu hekayələr mütəmadi olaraq nəşr edilmişdir.             2011-ci ildən Norveç Krallığının paytaxtı Oslo şəhərində yaşayır. Oslo Universitetində Mədəniyyət və Əlaqələr ixtisası üzrə bakalavr, Media və Əlaqələr ixtisası üzrə magistr təhsili almışdır.    Hazırda Osloda fəaliyyət göstərən Akademika Kitab Evində çalışır. Eyni zamanda, 2020-ci ildən etibarən Oslo şəhərində fəaliyyət göstərən Nizami Gəncəvi adına Həftəsonu Azərbaycan Dili Məktəbinin koordinatoru kimi fəaliyyət göstərərək Azərbaycan dilinin, mədəniyyətinin və milli-mənəvi dəyərlərinin xaricdə yaşayan soydaşlar arasında təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində çalışır.   Günay Əliyeva “Nərgiz” kitabının müəllifidir.   Günay Əliyeva 2020-ci ildən   “Yazarlar” jurnalı ilə sıx əməkdaşlıq edir və müntəzəm olaraq həm “Yazarlar” jurnalında, həm də müvafiq olaraq “Yazarlar.Az” saytında dərc olunur. Günay Əliyeva ədəbiyyatımızın təbliği və dilimizin qorunması yönündə göstərdiyi xidmətlərə görə “Yazarlar”  jurnalı tərəfindən “Çingiz Abdullayev” diplomu (2024), “Ziyadar” mükafatı (2026), “Ədəbiyyat səfiri” diplomu və mükafatı (2026) ilə təltif olunub. Günay Əliyeva “Yazarlar” jurnalının redaksiya heyətinin üzvü, “Norveç” üzrə təmsilçisidir.
      Müəllif illər boyu müxtəlif tədbirləri, görüşləri, təqdimatları, konfransları, uşaq layihələrini və mədəniyyət proqramlarını sadəcə xəbər kimi təqdim etmir. O, bütün bunları Azərbaycançılıq ideyasının xidmətində olan mənəvi missiya kimi qələmə alır. Kitabın əsas qəhrəmanı əslində ayrı-ayrı insanlar deyil, Azərbaycanın özüdür. Harada yaşamasından asılı olmayaraq ürəyi Vətənlə döyünən soydaşlarımız bu kitabın əsas obrazlarına çevrilirlər.
       “Nərgiz”də ən çox diqqəti cəlb edən cəhətlərdən biri ana dilinə göstərilən sonsuz ehtiramdır. Oslo şəhərində fəaliyyət göstərən Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin fəaliyyəti, Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbirlər, uşaqların Azərbaycan dilində şeir söyləmələri, mahnılar oxumaları və milli kimlik ruhunda tərbiyəsi kitabın aparıcı xəttini təşkil edir.
       Bu kitabın başqa bir üstünlüyü onun publisistik salnamə xarakteri daşımasıdır. Burada hər yazının arxasında konkret zaman, konkret hadisə və konkret əməyin izi dayanır. Müəllif oxucuya sadəcə məlumat vermir, onu hadisələrin iştirakçısına çevirir. Oxucu Oslo kitabxanalarında keçirilən təqdimatlarda, Novruz tonqalları ətrafında, Zəfər bayramı tədbirlərində, uşaqların şeir söylədiyi salonlarda, Azərbaycan musiqisinin səsləndiyi konsertlərdə özünü iştirakçı kimi hiss edir.
        Xüsusilə diqqət çəkən məqamlardan biri də kitabın uşaqlara yönəlmiş fəaliyyəti əhatə etməsidir. Gülzar İbrahimovanın “Trolların sirri” əsərinin yaranması, Norveçdə təqdimatı, uşaqların həmin əsəri Norveç dilinə tərcümə etməyə başlaması göstərir ki, mədəniyyət xalqları bir-birinə yaxınlaşdıran ən möhkəm körpüdür. Bu baxımdan Günay Əliyevanın fəaliyyəti yalnız Azərbaycan diasporu üçün deyil, mədəniyyətlərarası dialoq baxımından da əhəmiyyətlidir.
      Kitabın səhifələrində vətənpərvərlik xüsusi yer tutur. Qarabağ zəfərinə həsr olunmuş tədbirlər, Novruz şənlikləri, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Müstəqillik Günü, ana dili ilə bağlı layihələr göstərir ki, müəllif üçün milli kimlik yalnız keçmişin xatirəsi deyil, gələcəyin məsuliyyətidir.
      Publisistika çox zaman gündəlik hadisələrin ömrü qədər yaşayır. Lakin bəzən elə publisistik nümunələr yaranır ki, onlar dövrün tarixi sənədinə çevrilir. “Nərgiz” də belə kitablardandır. Bu gün xəbər kimi oxunan yazılar sabah Norveçdə Azərbaycan diasporunun formalaşma tarixini araşdıracaq tədqiqatçılar üçün qiymətli mənbəyə çevriləcək.
      Günay Əliyevanın dili sadədir, səmimidir və oxucuya yaxındır. O, pafosdan uzaq duraraq faktları danışdırır. Bu isə kitabın inandırıcılığını daha da artırır. Müəllif hadisələri bəzəmir, onların mahiyyətini göstərir və oxucunu həmin mühitə aparmağı bacarır.
       “Nərgiz” adının özü də rəmzi məna daşıyır. Nərgiz çiçəyi qışın sonu ilə baharın başlanğıcı arasında açır. Soyuq torpaqdan boylanan ilk ümidlərdən biri olur. Bu kitab da elə həmin rəmzi yaşadır. Norveçin sərt qışı içərisində Azərbaycan ruhunun, ana dilinin, milli musiqisinin, poeziyasının və mədəniyyətinin çiçəklənməsini nümayiş etdirir.
      Bu kitabı oxuyarkən anlayırsan ki, Vətəni yaşatmaq üçün mütləq onun coğrafiyasında yaşamaq şərt deyil. Vətəni ürəyində yaşadan insanlar harada olsalar, orada kiçik bir Azərbaycan qururlar. Günay Əliyevanın rəhbərliyi və əməyi ilə həyata keçirilən çoxsaylı layihələr bunun canlı sübutudur.
      Əminliklə demək olar ki, “Nərgiz” təkcə publisistik yazılar toplusu deyil. Bu kitab Azərbaycan diasporunun mənəvi salnaməsi, milli kimliyimizin soyuq Şimalda döyünən isti ürəyidir.
      Oxuculara təqdim olunan bu nəşr gələcək nəsillər üçün həm örnək, həm də qiymətli sənəd olacaqdır. Çünki burada yazılanlar sadəcə hadisələr deyil, Vətən sevgisinin, ana dilinə məhəbbətin, milli yaddaşın və Azərbaycançılıq ideyasının yaşayan tarixidir.
     Soyuq Şimalın ağ örpəyi altında döyünən bu isti ürək uzun illər Azərbaycan sözünə, Azərbaycan mədəniyyətinə və Azərbaycan ruhuna işıq saçacaq. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik!

Müəllif: Zaur USTAC

AVMVİB, AJB və AYB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir, naşir

Zaur Ustacın “Buta”sı

GÜNAY ƏLİYEVA – “NƏRGİZ”

Zaur Ustacın “Buta”sı barədə

GÜNAY XANIMIN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“JALƏ SEVGİSİ” – QƏLBİN İŞIĞI

YÜZ ONUNCU YAZI

“JALƏ SEVGİSİ” – QƏLBİN İŞIĞI, TƏBİƏTİN NƏĞMƏSİ VƏ İNSANLIĞIN POETİK TƏRƏNNÜMÜ
      Salam olsun çox dəyərli oxucum. Bu gün söhbətimizin mövzusu yenicə işıq üzü görmüş kitab barədə olacaq. Müasir Azərbaycan ədəbiyyatında bəzən elə kitablar meydana çıxır ki, onlar yalnız müəllifin duyğular toplusu deyil, həm də insanın mənəvi aləminə işıq salan poetik gündəliyə çevrilir. Firavan Mahirin “Jalə sevgisi” kitabı da məhz belə nəşrlərdəndir. İmza Nəşrlər Evinin çap etdiyi bu kitab müəllifin oxucularla ikinci görüşü olmaqla yanaşı, onun poetik dünyasının daha da kamilləşdiyini göstərən əhəmiyyətli ədəbi hadisədir. Kitabın nəşri münasibətilə müəllifin “Yazarlar” jurnalı tərəfindən “Ziyadar” mükafatına layiq görülməsi də bu yaradıcılığın ədəbi ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini göstərir.
       Firavan Mahir peşəcə ingilis dili müəllimidir. Dillərin incəliklərini dərindən bilməsi onun poetik ifadə tərzinə də təsir etmişdir. O, sözü israf etmir, lakin az sözlə böyük fikir ifadə etməyi bacarır. Onun şeirlərində hiss və düşüncə ahəngdar şəkildə birləşir.
       Kitaba filologiya üzrə fəlsəfə doktoru Şakir Albalıyevin “Firavanın poetik sevgisi” adlı ön sözü daxil edilmiş, nəşr Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Xəzan” jurnalının baş redaktoru Əli bəy Azərinin redaktorluğu ilə ərsəyə gəlmişdir. Bu faktlar kitabın ədəbi dəyərinə əlavə sanbal qazandırır.
       Kitabın adı – “Jalə sevgisi” – təsadüfi seçilməyib. Jalə müəllif üçün sadəcə təbiət hadisəsi deyil. O, paklığın, saf duyğuların, gözləməyin və sevginin rəmzidir. Eyniadlı şeirdə müəllif yazır:
“Qovuşmaq nə gözəl hissdir, ay Allah,
Jalənin üzündə günəş parlayır…”

Bu misralarda jalə ilə günəşin görüşü insan sevgisinin poetik simvoluna çevrilir.
     Firavan Mahirin poeziyasında təbiət sadəcə fon deyil. Günəş, ay, bulud, su, ağac, daş, çinar, külək – hamısı danışan obrazlardır. “Günəş” şeirində müəllif yazır:
“Dünya yaranandan onun amalı
Yaşayıb, yaşatmaq Yaradan üçün.”

Bu misralar müəllifin həyata baxışını ümumiləşdirir: yaşamaq yalnız mövcud olmaq deyil, başqalarını da yaşatmaqdır.
      “Su” şeirində isə həyat fəlsəfəsi daha sadə, lakin dərin məna ilə təqdim olunur:
“Su həyatın özüdür…”
Bu sadə fikir bütöv kitabın ideya xəttinə çevrilir.
       Kitabın əsas mövzularından biri sevgidir. Lakin bu sevgi yalnız iki insan arasındakı hiss deyil. Burada vətən sevgisi, ana sevgisi, müəllim sevgisi, insan sevgisi, övlad sevgisi və Yaradan sevgisi bütöv bir mənəvi sistem təşkil edir.
“Düşüncəmdəsən” şeirində müəllif sevginin insan ruhunu necə dəyişdiyini belə ifadə edir:
“Səni yaşadıqca mən sən oluram…”
Bu, artıq adi məhəbbət deyil, mənəvi bütövləşmə fəlsəfəsidir.
       “Səni istədim” şeirində isə sevginin mahiyyəti bir neçə misrada ümumiləşdirilir:
“Mən səndən ulduz yox,Səni istədim…”
Bu misralar göstərir ki, həqiqi sevgi maddiyyatı deyil, insanın özünü seçir.
         Firavan Mahirin yaradıcılığında Vətən mövzusu xüsusi yer tutur. Şəhidlərə həsr etdiyi şeirlər emosional pafosdan uzaq, səmimi və təsirlidir.
      “Tənha şəhid məzarı” şeirində müəllif yazır:
“Bu tək şəhid məzarısəfərbərlik dərsidir…”
      “Müzəffər ordumuz” şeirində isə Vətən sevgisi fəxarət hissi ilə təqdim olunur.
Şəhid ailələrinə, analara və atalara həsr olunmuş şeirlərdə müəllif insan ağrısını dərin psixoloji çalarlarla təqdim edir. “Bircə ümidi var”, “Daş ürəkli atalar”, “Kədərli qadın” kimi nümunələr oxucunu düşündürür və duyğulandırır.
      Firavan Mahir müəllimdir və bu peşənin müqəddəsliyini poeziyasında da yaşadır.
“Müəllimim” şeirində müəllif yazır:
“Müəllim ömrünü şamtək əridir
Nurunu yaymaqçün boş siniflərə.”

Bu misralar müəllim peşəsinin fədakarlığını poetik dillə ifadə edir.
      “Ən gözəl zinətimiz” şeirində isə uşaqlar dünyanın ən qiymətli əmanəti kimi təqdim olunur. Müəllif analıq sevgisini, uşağın saflığını və gələcəyə ümid hissini böyük məhəbbətlə tərənnüm edir.
      Kitabın maraqlı cəhətlərindən biri də simvolik obrazların çoxluğudur. Daş, ağac, bulud, çivi, qələm kimi adi görünən anlayışlar müəllifin poetik dünyasında fəlsəfi məna qazanır.
“Daş” şeirində deyilir:
“Sən də daş deyib keçmə…”
Bu misra insanı zahiri görünüşlə hökm verməməyə çağırır.
      “Qələmim” şeirində isə müəllif yaradıcılığı həyatın ayrılmaz hissəsi kimi təqdim edir:
“Bu qələm dərdimi, sirrimi bilir…”
Firavan Mahirin dili sadədir, lakin bu sadəliyin arxasında böyük daxili zənginlik dayanır. Şeirlərdə mürəkkəb metaforalar azdır, lakin hər obraz həyatın içindən gəlir. Oxucu müəllifin yazdıqlarını oxumur, sanki yaşayır.
      “Jalə sevgisi” təkcə sevgi kitabı deyil. Bu kitab insanın özünü tanıması, keçmişini xatırlaması, gələcəyinə ümidlə baxması haqqında poetik düşüncələr toplusudur. Burada təbiət də danışır, daş da, bulud da, müəllim də, şəhid də, sevən ürək də.
     Firavan Mahir göstərir ki, poeziya yalnız qafiyə deyil. Poeziya insanın daxili aləminin səsidir. Bu səs bəzən jalə damlası kimi sakit, bəzən külək kimi coşqun, bəzən də şəhid məzarı qarşısındakı sükut qədər ağır olur.
       “Jalə sevgisi” müasir Azərbaycan poeziyasında səmimiyyəti, mənəvi saflığı və humanist düşüncəni özündə birləşdirən dəyərli nəşrlərdən biridir. Oxucu bu kitabı bağladıqdan sonra yalnız şeirləri deyil, müəllifin dünyaya baxışını da özü ilə aparır. Elə buna görə də “Jalə sevgisi” bir kitab olmaqdan daha çox, duyğuların, düşüncələrin və insan sevgisinin poetik salnaməsi təsiri bağışlayır. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik.
30.06.2026. Bakı.

Müəllif: Zaur USTAC

AVMVİB, AJB və AYB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir, naşir

Zaur Ustacın “Buta”sı

Zaur Ustacın “Buta”sı haqqında

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Əli bəy Azərinin “İki  zəngəzurlu zabit”i

    
    YÜZ DOQQUZUNCU YAZI
    MÜHARİBƏ MÖVZUSUNA FƏRQLİ BAXIŞ
    (Əli bəy Azərinin “İki  zəngəzurlu zabit”i)
     Salam olsun çox dəyərli oxucum! Bu dəfə söhbətimizin mövzusu  Azərbaycan ordusunun  döyüş yolu keçmiş (əvvəllər keçmiş sovet ordusunda xidmət etmiş) zabiti, tanınmış yazıçı Əli bəy Azərinin  digər azərbaycanlı zabit, şair,  hərbi jurnalist Mahir Cavadlının redaktorluğu ilə “Şərq-Qərb” poliqrafiya müəssisəsi tərəfindn nəfis şəkildə çap olunmuş 272 səhifədən ibarət kitabı haqqında olacaq. Roman hərb mövzulu əsərlər seriyasına daxildir. Sovet ordusunda xidmət zamanı aralarında yaranmış münasibət dostluğa çevrilən erməni və azərbaycanlı zabitin sonralar Zəngəzur cəbhəsində qarşılaşması əsərin əsas süjet xəttini təşkil edir.
    Kitabı şəhərimizin kitab mağazalarından və ya müəllifin özündən (070-575-03-99) almaq olar.
     Əli bəy Azərinin 2025-ci ildə işıq üzü görmüş və hal-hazırda şəhərimizin kitab evlərində satışda olan “İki zəngəzurlu zabit” romanı müasir Azərbaycan nəsrində hərbi-vətənpərvərlik mövzusunu tarixi yaddaş, insan taleləri və milli kimlik məsələləri ilə birləşdirən maraqlı bədii əsərlərdən biridir. Əsərin ön sözündə qeyd olunduğu kimi, roman XX əsrin sonlarında bölgədə baş verən hadisələrin yazıçı təxəyyülü ilə sintezindən yaranmışdır və sovet ordusunda birgə xidmət etmiş iki dostun – iki zəngəzurlu zabitin sonradan qarşı-qarşıya gələn talelərindən bəhs edir. 
      Əli bəy Azəri uzun illərdir ki, hərbi-vətənpərvərlik mövzusunda qələmə aldığı əsərlərlə tanınır. “İki zəngəzurlu zabit” romanında da müəllif oxucunu yalnız müharibə səhnələri ilə deyil, bütöv bir dövrün ictimai-siyasi mənzərəsi ilə qarşılaşdırır. Əsərin hadisələri qədim Zəngəzur torpağının müxtəlif məkanlarında – Mincivan, Qafan, Sisyan, Meğri və digər yaşayış məntəqələrinin fonunda cərəyan edir. Bu məkanlar sadəcə coğrafi adlar deyil, həm də bir xalqın yaddaşı, kökü və taleyidir. 
      Romanın ilk səhifələrindən müəllif oxucunu Zəngəzurun təbiəti, kənd həyatı və insanları ilə tanış edir. Bu təsvirlər əsərə yalnız bədii gözəllik qazandırmır, həm də sonrakı dramatik hadisələrin emosional təsirini gücləndirir. Zəngəzur burada vətən anlayışının simvoluna çevrilir.
      Romanın əsas xətti iki zabitin – azərbaycanlı Azər və erməni İosifin taleyi üzərində qurulub. Hər ikisi Zəngəzur bölgəsinin yetirmələridir, hərbi məktəblərdə oxuyur, dostluq edir, bir-birinə arxa-dayaq olurlar. Onları yaxınlaşdıran yalnız hərbçi peşəsi deyil, həm də ortaq coğrafiya və uşaqlıq xatirələridir. 
      Lakin tarix bəzən  münasibətlərindən daha sərt olur. SSRİ-nin dağılması, milli münaqişələrin alovlanması və Qarabağ hadisələri iki dostun həyatını fərqli istiqamətlərə yönəldir. Dünən eyni süfrə arxasında oturan insanlar bu gün fərqli cəbhələrdə dayanmalı olurlar. Yazıçı məhz bu məqamı böyük ustalıqla təqdim edir: düşmənçilik xalqlar arasında yaradılsa da, onun ən ağır yükünü konkret insanlar daşıyırlar.
      Əsərdə Meğridə girov götürülən azərbaycanlılar, Mincivanda dayandırılan qatar, xalqın hiddəti və eyni zamanda təmkinə çağırış səhnələri geniş yer tutur. Qulu kişinin obrazı vasitəsilə müəllif ağsaqqallıq institutunun, xalq müdrikliyinin və vətəndaş məsuliyyətinin əhəmiyyətini göstərir. 
        Qatar hadisələri romanın ən gərgin epizodlarından biridir. Burada həm xalqın haqlı narazılığı, həm də qan tökülməsinin qarşısını almaq istəyən insanların səyləri təsvir olunur. Bu səhnələr yalnız bir hadisənin təsviri deyil, bütöv bir dövrün psixologiyasını əks etdirir. 
       Əsərin ən diqqətçəkən xüsusiyyətlərindən biri müəllifin hadisələrə birtərəfli yanaşmamasıdır. Yazıçı milliyyətindən asılı olmayaraq insan taleyini ön plana çəkir. İosif Arutyunov obrazı bunun ən parlaq nümunəsidir. O, erməni olsa da, dostluğa, insanlığa və vicdana sadiq qalmağa çalışan bir zabit kimi təqdim edilir. 
       Bu yanaşma romanı sırf müharibə əsərindən daha yüksək səviyyəyə qaldırır. Oxucu burada yalnız qarşıdurma deyil, həm də insanlıq uğrunda mübarizə görür. Müəllif göstərir ki, siyasi proseslər insanları fərqli cəbhələrdə müxtəlif səngərlərə ataraq ayırsa da, vicdan və mənəvi dəyərlər hər zaman öz sözünü deyir.
      Əli bəy Azərinin dili sadə, axıcı və canlıdır. O, xalq danışıq üslubundan, yerli ifadələrdən və məişət detallarından məharətlə istifadə edir. Bu xüsusiyyət əsəri daha təbii və inandırıcı edir. Hadisələr sürətli inkişaf edir, dialoqlar canlıdır və oxucu özünü hadisələrin içində hiss edir.
Müəllif xüsusilə kənd həyatının təsvirində, insan xarakterlərinin açılmasında və gərgin situasiyaların yaradılmasında peşəkarlıq nümayiş etdirir. Romanın dinamik süjeti oxucunu sonadək maraq içində saxlayır.
       “İki zəngəzurlu zabit” əsərinin əsas ideyalarından biri vətən sevgisidir. Müəllif oxucuya xatırladır ki, torpaq yalnız coğrafi məkan deyil, həm də milli yaddaş, ata-baba irsi və mənəvi dəyərdir. Zəngəzur obrazı roman boyunca bu düşüncənin daşıyıcısı kimi çıxış edir.
Əsərdə vətənpərvərlik pafoslu şüarlarla deyil, insanların davranışları, seçimləri və fədakarlıqları vasitəsilə təqdim olunur. Bu da romanın təsir gücünü artırır.
     “İki zəngəzurlu zabit” Azərbaycan ədəbiyyatında yaxın tariximizin mürəkkəb və ağrılı səhifələrinə işıq salan dəyərli romanlardan biridir. Əsər dostluq və düşmənçilik, vətən və taleyüklü seçimlər, insanlıq və vicdan kimi əbədi mövzuları özündə birləşdirir. Əli bəy Azəri bu romanla təkcə iki zabitin həyat hekayəsini deyil, bütöv bir nəslin yaşadığı faciələri, ümidləri və mübarizəsini bədii şəkildə əks etdirməyə nail olmuşdur.
       Roman həm tarixi hadisələrə maraq göstərən oxucular, həm də vətənpərvərlik ruhunda yazılmış bədii əsərləri sevənlər üçün qiymətli bir ədəbi nümunədir. O, Zəngəzurun yaddaşını yaşadan, insan taleləri üzərindən tarixə nəzər salan və oxucunu düşünməyə vadar edən təsirli bir əsər kimi diqqəti cəlb edir. 
   Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik!
   21-23.06.2026
  (Xankəndi, Şuşa, Laçın, Bakı)

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir

Vaqif İsaqoğlunun yazıları

ZAUR USTACIN YAZILARI

ƏLİ BƏY AZƏRİNİN YAZILARI

MƏHƏMMƏD ƏLİNİN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“Şəhid atası” kitabı

 YÜZ SƏKKİZİNCİ YAZI

  ÖN SÖZ

(“Şəhid atası” kitabına)
  Sədulla Şirinovun “Şəhid atası” kitabı
Balakəndə yaşayıb, yaradan Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış yazıçı Sədulla Şirinov yeniyetməlik dövründən yaradıcılığıa nəzmlə başlasa da, ömrün ahıl çağında nəsrə üz tutub və son üç  ildə əldə etdiyi nailiyyətlər göz qabağındadır.
       Sədulla Şirinov müasir Azərbaycan ədəbiyyatının diqqətəlayiq simalarından biridir. O, həm Azərbaycan Yazıçılar Birliyinin üzvü, həm də ədəbi mükafatlara layiq görülmüş uğurlu bir nasir kimi tanınır. Onun yaradıcılığı oxucunu cəmiyyətin dərin psixoloji qatlarına sürükləyərək, insan təbiətinin mürəkkəb tərəflərini incəliklə təsvir edən üslubu ilə seçilir.
      Sədulla Şirinovun yaradıcılığı bir neçə mükafatla təqdir olunub ki, bunlardan ən mühümü onun “Sönməyən qisas” əsərinə görə aldığı “Ziyadar” mükafatıdır. O eyni zamanda “Yazarlar” jurnalı tərəfindən təqdim olunan “Fəxri yazar” mükafatının da sahibidir. Bu mükafatlar ədəbiyyat sahəsində ən populyar və prestijli mükafatlardan hesab olunur. Bu mükafatlarla təltif olunmuş yazarlar sənətkarlıq səviyyəsinin yüksək olması və eyni zamanda populyarlığı ilə seçilirlər.
      Bütün bunlardan  başqa, Sədulla Şirinov  “İsa Muğanna” diplomu ilə də təltif olunub ki, bu da onun nəsr sahəsindəki səmərəli və ardıcıl fəaliyyətinin nəticəsidir.
     Sədulla Şirinovun əsərləri əsasən hekayə və roman janrlarında yazılıb. Onun  qələmindən çıxan əsrlər janrından asılı olmayaraq müasir insanın daxili dünyasını, ictimai münasibətləri, etika və mənəviyyat məsələlərini ön plana çıxarır. Onun yaradıcılığında həm gündəlik həyatın adi səhnələri, həm də cəmiyyətin mürəkkəb sosial qatları təsvir olunur.
Əsərlərində rast gəlinən əsas motivlərdən bəziləri:
  -Əxlaqi və psixoloji dilemmlar – şəxsi borc, vicdan məsələləri və insanlararası münasibətlər barədə dərin düşüncələr.
   -Cəmiyyət və fərd qarşılaşmaları – insan təbiətinə təsir edən sosial və mədəni faktların təsviri.
    -İnsan və taleyin təsadüfi yönləri – qısa hekayələrdə çox zaman adi həyat hadisələri böyük mənəvi və simvolik yük daşıyır.
Bu xüsusiyyətlər onun əsərlərində realizm və psixoloji dərinliyi uğurla birləşdirir.
     Şirinovun dili aydın, bəzən gündəlik nitqə yaxın olsa da, obrazların daxili aləmini gətirən incə təsvirlərlə zəngindir. O, sadə insani situasiyalarda belə dərin emosional və fəlsəfi suallar qoymaqdan çəkinmir. Oxucu onun hekayələrində və romanlarında  öz həyat təcrübəsinin əksini tapa bilir ki, bu da müasir ədəbiyyatımızda ictimai rezonans yaradan əsas cəhətlərdəndir.
      Şirinovun üslubu həm klassik realist ənənələrə hörmətlə yanaşır, həm də müasir nəsr elementlərini daxil etməklə oxucu ilə dinamik əlaqə yaradır. Müəllif qısa, lakin mənalı cümlələrlə oxucu diqqətini saxlayır, obrazların düşüncə və davranışlarını psixoloji dərinliklə açır.
   Onun son üç il ərzində işıq üzü görmüş əsərləri arasında aşağıdakıları göstərmək olar:
  -“Sönməyən qisas” — oxucu və tənqidçi tərəfindən yüksək qiymətləndirilən əsərdir və bu kitab üçün müəllif “Ziyadar” mükafatına layiq görülüb;
    -“Gecikmiş etiraf” — insan münasibətlərinin mürəkkəb qatlarını araşdıran hekayətlər dəstidir;
  – “Zamanın pəncərəsindən baxanda” — zaman və taleyin insan həyatına təsirini poetik və fəlsəfi şəkildə təsvir edir;
  -“Heç nə olmazdan çox şey olurmuş” — kiçik gündəlik faktların psixoloji təsvirinə həsr olunub;
 -“Qudalar” — sosial münasibətlər və qohumluq əlaqələrinin təsviri;

“Kimdir xoşbəxt?” — müəllifin ən son işlərindən biri olaraq həyatın başlıca məqsədlərini düşündürən kitab kimi oxucularla görüşüb.
    Bu siyahı göstərir ki, Şirinovun yaradıcılığı müxtəlif mövzularda yazılmış əsərlərlə zəngindir və hər biri özündə bədii-estetik dəyər daşıyır.
      Sədulla Şirinovun əsərləri Azərbaycan cəmiyyətində oxucular arasında maraq doğurur. Onun dili və təsvir etdiyi mövzular ölkəmizin müasir reallıqlarını əks etdirir və bu, onu zəngin ənənələrə malik ədəbiyyatımızın aktual səslərindən birinə çevirir.
      Ədəbiyyat mühitində belə bir müəllifin mövcudluğu həm yeni oxucu kütlələrinin formalaşmasına, həm də gənc yazarlar üçün nümunəvi ədəbi xəttin inkişafına təsir edir. Onun əsərləri oxucu ilə ünsiyyət quran, həm də ictimai şüurda fikir oyandıran bədii mətnlər kimi dəyərləndirilir.
     Sədulla Şirinov ədəbi mühitimizdə öz səsinin gücü ilə fərqlənir — o, yalnız həyatın səthi hadisələrini anlatmır, eyni zamanda insanın daxili aləmini və cəmiyyətlə fərd arasında kompleks münasibətləri ustalıqla qurur. Onun mükafatlara layiq görülməsi və intensiv ədəbi fəaliyyəti onun bədii dəyərinin həm peşəkarlar, həm də oxucular tərəfindən qiymətləndirildiyini göstərir.
     Sədulla Şirinovun yaradıcılığı Azərbaycan ədəbiyyatında həm estetik, həm də mənəvi baxımdan uğurlu bir səhifədir — oxucunu düşündürən, hiss etdirən və ədəbi zövqünü zənginləşdirən bir sənət nümunəsidir.
Azərbaycan ədəbiyyatında şəhidlik mövzusu yalnız bir faciənin təsviri deyil, həm də bir millətin yaddaşı, mənəvi dirənişi və varlıq səbəbidir. Tanınmış yazıçı Sədulla Şirinovun “Şəhid atası” romanı da məhz bu müqəddəs yaddaşın bədii salnaməsi kimi oxucunun qarşısına çıxır. “Şəhid atası” yazıçının nəşr olunacaq yeddinci kitabdır.
Əsərin başlanğıcından etibarən müəllif oxucunu təkcə bir ailənin taleyinə yox, bütövlükdə bir xalqın ağrı-acısına, keçdiyi mürəkkəb tarixi yola aparır. Romanın proloqunda kainatdan başlayan fəlsəfi düşüncə tədricən insanın taleyinə, oradan isə cəmiyyətin və dövlətlərin ziddiyyətli inkişaf yoluna keçir. Bu keçid təsadüfi deyil — müəllif oxucuya göstərmək istəyir ki, insan taleyi ilə bəşəri proseslər bir-birindən ayrılmazdır.
Əsərin əsas dramatik xətti isə “Qara Yanvar” (20 yanvar 1990) hadisələrinin fonunda açılır. Bu faciə yalnız tarix kitablarının səhifələrində qalmayan, hər bir azərbaycanlının yaddaşına həkk olunmuş bir ağrıdır. Müəllif həmin hadisələri adi insanların – xüsusilə də bir atanın gözü ilə təqdim etməklə faciəni daha da canlı və təsirli edir. Rəhman obrazı bu baxımdan ümumiləşmiş bir obrazdır: o, həm ata, həm vətəndaş, həm də tarixin içində qalan bir insandır.
Romanda diqqəti çəkən əsas cəhətlərdən biri müəllifin hadisələrə yalnız emosional deyil, həm də düşüncə müstəvisində yanaşmasıdır. O, sovet dövrünün ideoloji ziddiyyətlərini, insanların aldanışlarını, inam və məyusluq arasındakı gərginliyi ustalıqla açır. Keçmişə tənqidi baxış, eyni zamanda milli kimliyə dönüş ideyası əsərin əsas xəttini təşkil edir.
“Şəhid atası” yalnız müharibə və itki haqqında roman deyil. Bu əsər həm də ata-övlad münasibətlərinin, insanın daxili dünyasının, inamının və sınmasının bədii təcəssümüdür. Müəllif göstərir ki, qəhrəmanlıq təkcə döyüş meydanında qazanılmır — bəzən ən böyük qəhrəmanlıq itki ilə yaşamağı bacarmaqdır.
Sədulla Şirinovun dili sadə, axıcı və eyni zamanda təsirlidir. O, xalq danışıq üslubunu bədii dilə uğurla gətirərək obrazların canlılığını təmin edir. Oxucu əsəri oxuduqca hadisələrin içində olur, personajların hisslərini yaşayır, onların ağrısını bölüşür.
Bu roman, əslində, bir yaddaş kitabıdır — həm fərdi, həm də milli yaddaşın. “Şəhid atası”nı oxumaq yalnız ədəbi zövq deyil, həm də vətəndaşlıq borcudur. Çünki bu əsər bizə kim olduğumuzu, hansı ağrılardan keçdiyimizi və bu günə necə gəlib çatdığımızı xatırladır.
Oxucuya təqdim olunan bu əsər, şəhidlərimizin əziz xatirəsinə ehtiram, onların valideynlərinə isə dərin bir başsağlığı və mənəvi dayaqdır. Eyni zamanda “Oxu!” Böyük Allah tərəfindən bəşər övladına əmr olunmuş vacib əməllərdən biridir. Oxuyaq!

25.05.2026. Bakı.


Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir

Vaqif İsaqoğlunun yazıları

ZAUR USTACIN YAZILARI

ƏLİ BƏY AZƏRİNİN YAZILARI

MƏHƏMMƏD ƏLİNİN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Vaqif İsaqoğlunun “Günahsız günahkar” kitabı

YÜZ YEDDİNCİ YAZI
Vaqif İsaqoğlunun “Günahsız günahkar” kitabı
Salam olsun çox dəyərli oxucum! Bu dəfə söhbətimizi həmişə aktual olan hərbi mövzulu yazılar üzərindən qurmağa çalışacağam. Bu mövzu aktual olduğu qədər də çoxşaxəli olub, demək olar ki, bütün həyatımızı öz ağuşuna alır. Xırda məişət problemlərindən tutmuş, böyük ictimai-siyasi məsələlərə qədər uzanan bu həyati əhəmiyyət daşıyan vacib məsələ zaman-zaman gündəmə gəlir. Müasir Azərbaycan ədəbiyyatı daim xalqın ağrılarını, cəmiyyətin mənəvi sarsıntılarını və milli ruhunu özündə yaşadan nümunələr ortaya qoyur (Kimin necə düşünməyindən asılı olmayaraq). Bu baxımdan tanınmış hərbi jurnalist, publisist, şair və yazıçı Vaqif İsaqoğlunun “Günahsız günahkar” hekayələr kitabı son dövr Azərbaycan nəsrinin diqqətçəkən və ictimai əhəmiyyət daşıyan əsərlərindən biridir. Ehtiyatda olan yüksək çinli zabit və qazi kimi Vaqif İsaqoğlu yalnız müşahidə edən bir yazar deyil, həyatın ən ağır həqiqətlərini yaşamış, müharibənin ağrılarını öz taleyindən keçirmiş bir ziyalıdır. Elə buna görə də onun qələmə aldığı hər bir hekayə oxucuda sənədli təsir bağışlayır, süni bədii təsvir yox, yaşanmış həqiqətin nəfəsini duyurur. Son dövrlərdə dünya ədəbiyyatnda da əsasən bu tip – real həyatdan götürülmüş mövzular işlənir və uğur qazanır. Azərbaycan ədəbiyyatının da gələcək inkişaf perspektivləri məhz bu istiqamətdə gözlənilir.
“Günahsız günahkar” sadəcə hekayələr toplusu deyil. Bu kitab vicdanın məhkəməsi, insanlıq dəyərlərinin sınağı, milli yaddaşın qorunmasına xidmət edən mənəvi manifestdir. Müəllif cəmiyyətin müxtəlif təbəqələrindən olan insanları, onların daxili aləmini, mənəvi sarsıntılarını, haqsızlıq qarşısında yaşadıqları ağrıları böyük ustalıqla təsvir edir. Əsərin əsas gücü də məhz bu təbii və sarsıdıcı realizmdədir.
Kitabın diqqət çəkən əsas xüsusiyyətlərindən biri cəmiyyətdə kök salmış məmur özbaşınalığının və korrupsiyanın cəsarətlə ifşa olunmasıdır. Vaqif İsaqoğlu öz hekayələrində vəzifə kreslosunu şəxsi hakimiyyət vasitəsinə çevirən, insan taleləri ilə oynayan “kiçik allahlar”ın iç üzünü açır. Müəllif göstərir ki, bəzən günahsız insanlar məhz vicdansız sistemin içində “günahkar” elan olunur. Kitabın adı da bu acı həqiqətin bədii ifadəsidir. Yazıçı hadisələri pafossuz, şişirtməsiz təqdim edir və məhz buna görə oxucu hər sətrin arxasında canlı həyat həqiqətini görür.
Vaqif İsaqoğlunun yaradıcılığında vətənpərvərlik xüsusi yer tutur. Bu təsadüfi deyil. Çünki müəllif özü ehtiyatda olan yüksək çinli zabit və qazi kimi Vətən uğrunda xidmət etmiş, xalqın ağrılarını yaxından yaşamış bir şəxsiyyətdir. Onun yazılarında vətən sevgisi süni şüar deyil, həyat amalına çevrilmiş müqəddəs hiss kimi təqdim olunur. Xüsusilə “Anuş”, “Erməni”, “Mişel” kimi hekayələrdə erməni faşizminin insanlığa qarşı törətdiyi vəhşiliklər bədii dillə gələcək nəsillərə çatdırılır. Bu əsərlərdə müəllif təkcə keçmişi xatırlatmır, həm də milli yaddaşı qorumağın vacibliyini ön plana çəkir.
Yazıçının “Oğru” hekayəsi mənəvi aşınmanın ağrılı mənzərəsini yaradır. Professor Bədəlov obrazı vasitəsilə müəllif ziyalının cəmiyyətdə düşdüyü çıxılmaz vəziyyəti, mənəviyyatın maddi maraqlar qarşısında necə sıxışdırıldığını göstərir. Ömür yoldaşının xatirəsini yaşatmaq istəyən bir insanın kitablarını satmağa məcbur qalması yalnız bir şəxsin faciəsi deyil, bütöv bir dövrün mənəvi böhranıdır. Burada kitabların belə sahibinə dayaq ola bilməməsi xüsusi simvolik məna daşıyır.
“Qazi Həsən” hekayəsi isə kitabın ən təsirli və sarsıdıcı nümunələrindən biridir. Bu əsərdə Vaqif İsaqoğlu müharibədə qəhrəmanlıq göstərmiş bir qazinin sülh dövründə qarşılaşdığı mənəvi haqsızlıqları ustalıqla qələmə alır. Füzuli döyüşlərində erməni tanklarını məhv etmiş Həsən obrazı Vətən uğrunda canını ortaya qoyan minlərlə Azərbaycan oğlunun ümumiləşdirilmiş simvoludur. O, dövlətdən xüsusi imtiyaz istəmir, halal zəhməti ilə dolanmağa çalışır. Lakin qarşısına çıxan vicdansız sistem onun qürurunu tapdalayır.
Kapitanın qaziyə qarşı kobudluğu, onun qəhrəmanlıq nişanələrini “iki-üç dəmir-dümür” adlandırması, küçədə alver etmək üçün gündəlik pul tələb etməsi cəmiyyətdə mənəvi deqradasiyanın hansı həddə çatdığını göstərir. Çiyələk yeşiklərinə vurulan təpik təkcə meyvələrin yox, qazinin ləyaqətinin ayaqlar altına atılmasıdır. Ayaqqabının qazinin kürəyində təmizlənməsi isə insanlıq adına utanc doğuran mənəvi eybəcərliyin zirvəsi kimi təqdim edilir.
Ən sarsıdıcı məqam isə Həsənin ağlamasıdır. Müəllif göstərir ki, müharibədə tankları partladan, ölümün gözünə dik baxan qəhrəman fiziki ağrıdan deyil, mənəvi xəyanətdən sarsılır. Bu, sadəcə bir qazinin faciəsi deyil, cəmiyyətə ünvanlanmış ağır ittihamdır. Vaqif İsaqoğlu burada oxucunu qazilərə, şəhid ailələrinə qarşı daha vicdanlı və diqqətli olmağa çağırır. Ehtiyatda olan yüksək çinli zabit və qazi kimi müəllifin bu mövzunu xüsusi həssaslıqla qələmə alması əsərin təsir gücünü daha da artırır.
“Ana istəyi” və “Şəhid” hekayələri isə kitabın emosional zirvəsidir. Şəhid analarının yaşadığı sonsuz ağrı müəllif tərəfindən böyük ustalıqla təqdim olunur. “Məni də oğlumla birlikdə dəfn edin” deyən ana obrazı Azərbaycan qadınının müqəddəs analıq duyğusunun bədii simvoluna çevrilir. “Şəhid” hekayəsində ananın “İndi o təkcə mənim oğlum deyil, Azərbaycanın oğludur” sözləri fərdi kədərin milli qürur səviyyəsinə yüksəlməsinin ən ali ifadəsidir.
Vaqif İsaqoğlunun yaradıcılığının ən mühüm cəhətlərindən biri də gənc nəslin vətənpərvər, vicdanlı və mənəviyyatlı ruhda yetişməsinə xidmət etməsidir. Onun əsərləri sadəcə bədii mətn deyil, həm də mənəvi məktəbdir. Ehtiyatda olan yüksək çinli zabit və qazi kimi müəllif öz həyat təcrübəsini, gördüyü həqiqətləri gənclərə çatdırır, onları Vətənə sədaqətə, milli dəyərlərə bağlılığa çağırır. Bu baxımdan “Günahsız günahkar” kitabı təkcə ədəbi hadisə deyil, həm də ciddi ictimai-mənəvi əhəmiyyət daşıyan əsərdir.
Bu kitab oxucunu düşündürür, silkələyir, cəmiyyətin ağrılı nöqtələrinə diqqət yönəldir. Vaqif İsaqoğlu insanın vicdanını oyadan, onu haqqın və ədalətin yanında dayanmağa çağıran sənətkardır. Onun hekayələrindəki həyat həqiqətləri, milli ruh, vətən sevgisi və insan ağrısı Azərbaycan nəsrinin ən dəyərli keyfiyyətləri kimi özünü göstərir.
“Günahsız günahkar” – həqiqətin səsini susdurmayan, insanlıq dəyərlərini müdafiə edən, milli ruhu yaşadan bir kitabdır. Bu əsər bir daha sübut edir ki, Vaqif İsaqoğlu yalnız istedadlı yazıçı deyil, həm də xalqının ağrılarını qəlbində daşıyan böyük vətəndaşdır. Onun əsərləri xüsusilə gənc nəslin vətənpərvər ruhda yetişməsində, milli yaddaşın qorunmasında və mənəvi dəyərlərin təbliğində mühüm rol oynayır. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik.
16.05.2026. Bakı.

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir

Vaqif İsaqoğlunun yazıları

ZAUR USTACIN YAZILARI

ƏLİ BƏY AZƏRİNİN YAZILARI

MƏHƏMMƏD ƏLİNİN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I