Etiket arxivi: YUNUS OĞUZ – 65

Ulusal yaddaşın gözətçisi- Dr. Yunus Oğuz – 65

Ulusal yaddaşın gözətçisi

Zaman öz hökmünü yürüdür: unudulacaq olanı silir, qalacaq olanı yazır. Tarix isə o zamandır ki, unudulacaq olanı unutmaz, qalacaq olanı isə bəzən görməz. Bu paradoksun içində  insan çıxır ortaya – həm zamana, həm tarixə səslənir. Həm dünəni qoruyur, həm bugünü yazır, həm də sabaha söz ismarlayır. Türk dünyasının, Qafqazların, can  Azərbaycanın belə miqyas, səciyyə və səviyyə nümayiş etdirən aydınları olub, bugün də var, gələcəkdə də olacağına inamımız sabitdir. Bu gün həmin kateqoridən olan çağdaş aydınlarımızdan biri haqqında söz açmaq istəyirəm. Jurnalistikamızın, tarixi romançılığımızın, ümumən ictimai fikrimizin (necə deyərlər) çağdaş yaddaş mühəndislərindən biri, (belə demək mümkünsə) kulturoloji keçidlərdə keşik çəkən ruhi güc ustalarından olan Dr. Yunus Oğuzu nəzərdə tuturam. Yunus bəy ömrünün 65-ci addamacından keçmək ərəfəsindədir. Yunus bəy builki yubileyini respublikamızın ərazi bütövlüyü və suverenliyinin təmini yolunda tarixi Zəfərimizin 5-ci ildönümünün qeyd olunacağı, “Konstitusiya və Suverenlik İli”ndə keçirmək bəxtəvərliyini yaşayır. Onun 65 illik yubileyi milli mətbuatımızın 150 illik əlamətdar yubileyi ilə üst-üstə düşür. Nə gözəl təvafüqlüklərdir! Qutlu olsun!

Yunus Oğuz – publisist kimi indiki zamanın üzərinə işıq salır, roman müəllifi kimi oxucunu keçmişin labirintlərində uhulət-suhulətlə gəzdirir. Bu iki görəvin yükümlüsü olmaq – sanki iki qütbdə ulusal varlığın sözlə qorunması aktı, faktıdır.

Sözün arxasında fikir, fikrin arxasında sorumluluq duranda bir başqa cür olur.
Yunus Oğuz adının yanıbaşında bir brend də var: “Olaylar”!
“Olaylar” təkcə bir agentlik, yaxud qəzet deyil; o, vaxtın ürək döyüntülərini duyan, duyduran və onu toplumla bölüşən bir ulusal platforumdur. “Olaylar”ın qurucu-Baş redaktoru Dr. Yunus Oğuz – mətbuatı yalnız informasiya ötürücüsü kimi deyil, ulusun düşüncə ehtiyacını qarşılayan bir institut kimi görür. Mənə elə gəlir, o, mətbuatı öz varlığı qədər ciddiyə alıb. Bu, təsadüfi deyil. Çünki onun mətbuatdakı varlığı, bir növ ümumtürk yaddaşının informasiya ilə təmas xəttinə çevrilib.

Ustadlar ustadı Əhməd bəy Ağaoğlu ulusu maarifləndirməyin əsas yolunu qəzet və jurnallarda görür və milli mətbuatı milli varlığın əksi sayırdısa, XX yüzil sonu-XXl yüzil başlarında Yunus Oğuz kimi aydınlarımız o fikri irsi davam və inkişaf etdirmə yolunu izləyirdi. – “Olaylar” həmin izlənimin, duyğu, düşüncə və fikrin təcallalarından biriydi. “Olaylar”, ümumən Yunus bəyin yazıb-yaratdıqlarının toplusu müstəqillik illərimizin vicdanı kimi yorumu haqq edir deyənləri haqqlı sayıram.

Yaddaşla təkbətək

Yunus Oğuzun romanları – özəlliklə “Çingiz Xan”,
“Sultan Alparslan”, “Atabəy Eldəniz”, “Əmir Teymur. Zirvəyə doğru”, “Əmir Teymur. Dünyanın hakimi”,
“Təhmasib Şah”, “Səfəvi Şeyxi”, “Nadir Şah” və digərləri – sadəcə tarixi hadisələri bədii dillə yorumlamır. – Onlar itirilmiş yaddaşı geri qaytarmaq üçün ideoloji xəritə dəyərindədir. Hər bir obraz, hər bir süjet xətti bir ismarıc daşıyır: “Unutma! Xatırla! Özün ol”! 
Əlbəttə, “Ovçu”, “Cığır” kimi əsərlərlə – günümüzün  hadisələrini tarixi roman fəzasına qaldıran da Yunus Oğuz oldu. Necə ki  “Qədim Anadolu və Azərbaycan türkləri” (2002), “Türkün tarixinə yeni bir baxış” (2006), “Türkün gizli tarixi” (2010), “Qədim Türklər və passionarlıq nəzəriyyəsi Qumilyovun tədqiqatlarında” (2011) və b. elmi-publisistik əsərlərdə də Yunus Oğuz imzası vardır. Turançı ruh – onda ülkü ilə yanaşı, möhkəm mövqe məsələsidir.
“Keçmişdən gələcəyə nə daşıyırıq? – Tarix ibrətdir” fəlsəfi-tarixi-publisist düşüncələr, “Deyirəm oyan, gözünü aç, ayağa dur! İstəmir” felyetonlar, “Mən Şuşada yazıram” esselər toplanmış kitablar da haqq etdikləri masada, rəfdə və internet resurslarında…

Onun tarixi romanları, əslində, bir ulusun psixoloji zədələrinə və kimlik parçalanmalarına qarşı dirəniş manifestidir. Bu romanlarda qəhrəmanlarla yanaşı, yaddaşın özü qəhrəmana çevrilir. Belə bir fikir var ki,  Yunus Oğuz tarixə ideoloji bərpaçı kimi deyil, mənəvi xilaskar kimi yanaşır – keçmişə qayıdaraq gələcəyi qoruyur… – Bu qənaətə şərikəm.
Bəli, 
Yunus Oğuz üçün Turan ideyası romantik duyğu deyil. O, Turanı tarixi gerçəkliklərlə, mədəni yaddaşa və siyasi sorumluluğa dayanan bir çağırış kimi ortaya qoyur. Əgər Turan onun romanlarında daha çox irs kimi görünürsə, publisistikasında bu, geosiyasi mövqe kimi formalaşır.

Biz bəzən “aydın” sözünü çox asan işlədirik. Dr. Yunus Oğuzun timsalında bu söz yeni anlam qazanır. O, aydınlığı kabinetdən küçəyə, tribunadan roman səhifələrinə, qəzet başlıqlarından ulusal ruha daşımağı bacaran insandır. Onun çalışmaları – fikrin etirazla, sorumluluğun isə göstərişsiz qürurla müşayiət edildiyi bir ömürdür.
Bəs yubiley necə? – Yubiley – aydınlar üçün yaşın yuvarlaq tamamlanması ilə birgə, bir yolun bəşəriləşməsi, ruhi gücün topluma nüfuzetməsidir (ictimai şüura hopmasıdır). Yunus Oğuz – bu ruhi gücün daşıyıcısı, ulu sözün gözətçisidir.

Biz də bu yazı üzrə, sözümüzün sonuna yetişmişkən, 
65 yaşı, sadəcə bir təqvim göstəricisi kimi görmədiyimizi deməliyəm. Bu yaş – ulusun düşüncə və yaddaş tarixinin çağdaş dönəmində bir iz, bir cığır, bir yol, bir imza dəyərində səciyyəlidir. Bu gün bu yazıda bu Yunus Oğuz imzasıdır. Həm ulusal, həm mədəni, həm ictimai xadim imzası!
Qutlu olsun!

Əkbər QOŞALI,

şair

Qutsal yolun böyük oğlu – YUNUS OĞUZ – 65

Qutsal yolun böyük oğlu

Tanışlığımız ötən əsrin səksəninci illərin sonu, 90-cı illərin əvvəllərindən başlayır. Xalq hərəkatının  qızğın vaxtları idi. Qutsal amalların eyforiyasını yaşayırdıq. Beynəlxalq aləmdə  Azərbaycan dünyanın vətənpərvər xalqı elan olunmuşdu. Həmin dövrdə sovet imperiyasının çöküşünə  obyektiv və subyektiv  baxışlar mövcud idi. Onun isə, uzaqgörənliklə söylədikləri çoxlarına sanki utopiya kimi görünürdü. Yığıncaqlarda bu çöküşün tariixi zərurət olduğunu  təhlilləri ilə əsaslandırmağa çalışırdı. Azadlıq uğrunda mübarizəyə bütöv türk  dünyası açısından baxmağı doğru yol hesab edirdi. Bu qutsal yolda ulus adına böyük çalışmalarda bulundu. Tariximizə ayna tutan tarixi romanları ilə təkcə ölkəmizdə deyil, bütün türk dünyasında tanındı, sevildi. Əsərlərini oxuduqca açıq-aşkar hiss olunurdu ki, müəllif türk dünyasının birlik və bərabərliyinın Qarabağın azadlığından keçdiyinə varlığı kimi inanır. Elə bu inamla da, “Cığır”a düşüb Şuşaya doğru irəlilədi, “Şuşadan yazıram” dedi. Şuşadan alnıaçıq dönən nasir  hazırda “Türk” etnonimi və törələri” başına cəm eləyib, “soy soylayır, boy boylayır”,  oğuzların tarixini, dəyərlərini, inanclarını, həyat tərzini əks etdirən mədəni irsini aramaqla sabahımıza ayna tutur.  Canı-qanı, ruhu ilə Oğuz  yurdunun türk oğlu, mətin oğlu kimi qürur duyan Yunus Oğuzun bu il 65 illik yubileyidir. Əziz və dəyərli qardaşımı yubileyi münasibəti ilə təbrik edərək, sağlam canla uzun ömür,  yaradıcılıq uğurları diləyirəm.

Yunus Oğuz, illər ötür,

Gələn yaşdı yaş üstünə.

Dostlarını yenə götür,

Göz üstünə, qaş üstünə.

“Altmış beş”i “yüz” oxşasın,

Ocağını köz oxşasın.

Şanlı bayraq göz oxşasın,

Qaldır yenə baş üsünə.

Ulus üçün ərənləri,

Tanıtdırdın Nuhdan bəri.

İstəmirəm dərdi-səri,

Götürməsən kaş, üstünə.

Oğuz yurdun, Oğuz elin,

Dayanmasın verən əlin.

Çoxdu qoyan zərin-ləlin

Daş altına-daş üstünə.

Ulusundur, ey Türkoğlu,

Bu “Cığır”ın sağı-solu.

Qutladıq ki, hər iyulu,

İllər gələ xoş, üstünə!

İlqar TÜRKOĞLU,

şair

Qədim Oğuzun çağdaş Yunusu! YUNUS OĞUZ – 65

Qədim Oğuzun çağdaş Yunusu!

Təsadüfdənmi, yoxsa ilahi qismətdənmi, bilmirəm, düz 65 il bundan əvvəl Azərbaycanda ilk mətbuatın yarandığı gun, yəni “ƏKİNÇİ” qəzetinin “doğulduğu” gün qədim Oğuz elinin dilbər məkanlarından birində – Şirvan torpağında dünyaya bir oğlan uşağı gəldi. Kim bilir, bəlkə də valideynləri, yaxınları bu körpənin böyüyəndə mühəndis, ya müəllim, ya həkim, ya da hansısa başqa bir peşənin sahibi olacağını xəyal edirdilər. Amma hələ o zaman valideynlərinin, yaxınlarının heç ağıllarına da gəlməzdi ki, bu körpə Azərbaycan ədəbiyyatının ağır yükünü çiyinlərinə götürəcək, xalqının unudulmaqda olan tarixini xalqın özünə, təkcə elmi yazılarla deyil, həm də bədii əsərlər vasitəsilə yenidən qaytarmaqla, tarixi bir missiyaya imza atacaq…

Yunus Oğuzu 1988-ci ilin ortalarından tanıyıram. Qarabağ uğrunda savaşın ilk günlərindən “qələmini süngüyə çevirən” bu gənc qələm adamını tanıdıqca, onun daxilində qədim Oğuz elinin ağrı-acıları ilə yoğrulmuş bir dünyanın hayqırtısını duymamaq mümkün deyildi. Həmin illərdə çoxları kimi Yunus bəy də yazmaqdan çox (zatən istədiklərini yazmağa və yaymağa imkan da verilmirdi-T.N.) canlı ünsiyyətə, Vətən və Azadlıq uğrunda ayağa qalxan insanların mənən zənginləşməsinə yönəlik təbliğata daha böyük üstünlük verirdi. Yunus bəy o həqiqəti bilir və qətiyyətlə əmin idi ki, bir milləti qələbəyə, yenilməzliyə aparan yol milli özünəinamdan, milli özünüdərkdən və milli özünəgüvəncdən keçir. Əsrlər boyu məqsədli şəkildə milləti özündən, keçmişindən ayıran rus şovinizminin ideologiyası ilə “zəhərlənmiş” xalqın şüurunda inqilaba ehtiyac olduğunu dərk edərək də, meydanlarda, küçələrdə Xəlil Rza Ulutürklə, Əbülfəz Elçibəylə, Anarla, Sabir Rüstəmxanlı ilə, Firidun Cəlilovla və digər milli ruhlu ziyalılarla birgə gecə-gündüz həm Bakıda, həm o zaman od içində yanan Qarabağda, həm də qədim Oğuz elinin bir parçası olan Azərbaycanın digər əyalətlərində sadə kütlənin maarifləndirilməsində fədakarlıq göstərirdi…

Hələ o illərdə Yunus Oğuzun tez-tez işlətdiyi bir cümləni bu gün də xatırlayıram: “Mübarizəyə gedən yol beyinlərdən başlamalıdır. Əl, qol çəkicdi, onu idarə edən isə beyindir. Beyin istiqaməti düz tutmayanda, çəkic insanın özünə dəydiyi kimi, milli mübarizədə də yanlış istiqamət zərbənin özümüzə dəyməsinə gətirib şıxarar!”

Nə yazıqlar ki, milli hərəkatda olanların heç də hamısı Yunus bəy kimi düşünmürdü. Yunus Oğuz ona görə belə düşünür və belə deyirdi ki, onun mənəvi dünyasında millətinə zərər vuracaq hər hansı bir hərəkətə yer yox idi. Şəxsinə aid olan bütün mənafelərini millət naminə qurban verməyə hazır olanlar, o cümlədən Yunus Oğuz məhz belə düşünürdü və bu gün də belə düşünür. Elə ona görə bütün ömrünü qədim Oğuz dünyasının keçdiyi çeşməkeşli yola işıq salmağa və millətini bu yolu görmək üçün oxumağa, öyrənməyə və öyrətməyə çağırmaqdan usanmadı və usanmır…

Yunus Oğuz haqqında düşünəndə içimdən qeyri-ixtiyari bir sual doğur: bir insan bu qədər zəngin tarixi irsi necə araşdıra, öyrənə, yaddaşına həkk edə, öyrəndiklərini bədii dildə, oxunaqlı bir üslubda insanlara təqdim edə bilər? Türkün ən qədim qatlarına qədər gedib də, əldə etdiyi əvəzolunmaz tarixi inciləri toplayıb bizlərə türk etnosunun tarixini öyrədən bu və digər elmi kitabların müəllifinin “Atilla”, “Nadir şah”, “Təhmasib şah”, “Cığır” və sair kimi mükəmməl bədii-tarixi romanlarla Oğuz törələrinə keçmişimizi tanıtması, onun daxilindəki milli özünüdərk idealına olan qırılmaz bağlılığın təzahürüdür. Bir vaxtlar siyasi fəaliyyətlə məşğul olarkən rəhbərlik etdiyi partıyanın “Milli Vəhdət” adlanması da, hesab edirəm ki, eyni yolun müxtəlif cığırlarını araşdırması və ən doğrusunu yəqin etməsi istəyindən başqa bir şey deyil. Bilmirəm, çağdaş elmi və bədii ədəbi simalar arasında Yunus Oğuz qədər zəngin və mükəmməl ədəbi irs yaradan ikinci yazar varmı? Mən tanımıram, tanıyan varsa, desin.

Bu günlər Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi ərəfəsindəyik. Onunla birlikdə çağdaş mətbuatımızın – azad, demokratik Azərbaycanda azad mətbuatın inkişafında misilsiz xidmtləri olan Yunus Oğuzun 65 yaşı tamam olur. “Əkinçi”dən 85 il sonra doğulan Yunus Oğuz Müstəqil Azərbaycanın ən uzunömürlü və ən çox oxunan media resursuna – “Olaylar” qəzetinə və eyni adlı informasiya agentliyinə rəhbərlik etməklə qoca “Əkinçi”nin üzünü ağardan nəvələrdən oldu. Üzün hər zaman ağ, başın dik, vüqarın yenilməz olsun, Yunus bəy! Kim bilir 70-80 yaşlarına qədər bu millətə hələ nə qədər töhvələr bəxş edəcəksən!

Hörmətli Yunus bəy!

Əziz dostum!

Qədim Oğuz dünyasının çağdaş Yunusu!

Sizi 65 yaşınız münasibətilə deyil, bu 65 ildə millətinə, xalqına təmənnasız

xidmətinziin bəhrəsi olaraq yaratdığınız zəngin ədəbi-bədii və elmi irsin müəllifi

olaraq təbrik edir və hələ neçə on illər bu xalqa yeni-yeni elmi və bədii kitablar bəxş etməyinizi arzu edirəm.

Təhmasib NOVRUZOV,

Azadlıq Hərəkatçıları İctimai Birliyinin sədri,

yazıçı-publisist

Yunus Oğuzun yaradıcılığı unudulmaz təsir bağışlayır – Səyyad Aran

Yunus Oğuzun yaradıcılığı unudulmaz təsir bağışlayır

Yunus Oğuz çağdaş  Azərbaycan ədəbiyyatının ən parlaq nümayəndələrindən biridir. Hazırda o Azərbaycanda tarixi roman janrının bir nömrəli nümayəndəsidir. O, yazdığı romanlarında həmən dövrü çox real və canlı şəkildə təsvir edə bilir. Yunus Oğuz zəngin biliyə malikdir, tarixi hadisələrə olduqca real və həqiqi rakursdan baxmağı bacarır. Ona görə də əsərləri oxunaqlıdır. Türk tarixi ilə dünyaca şöhrətli insanları o qədər real və aydın təsvir edir ki, sanki oxucu da bu hadisələrin iştirakçısı kimi özünü hiss edir. Yunus Oğuzun romanlarının təsirindən uzun müddət çıxmaq olmur. Qardaşımı təbrik edirəm, ona can sağlığı və böyük yaradıcılıq uğurları arzulayıram.

Səyyad ARAN,

Milli Məclisin deputatı

Sözə  Tanrının  gözü ilə baxan adam – YUNUS OĞUZ – 65

Sözə  Tanrının  gözü ilə baxan adam

…Qəribə  sakitliyi var. Sükutunun  diliylə danışar adamla. Durğu  işarələriylə  ifadə  edər  çox vaxt  fikrini. Anlayançun gözəl müsahibdi. Əsərlərinin diliylə  öz dili  eynidi. Ahəng  qanunundan kənara  çıxmağı  sevməz.
Dostlara  etibar  edər  sözünü. Elə  Sözüylə də  tanıdar   içindəki  mənini. Tarixinə , kökünə çox  bağlıdı. Türkçülüyə  xidmət edir. Bütöv Azərbaycançılığı  var. Təvazökardı  və eyni zamanda  diqqət mərkəzində  olmağı  da  sevir. Laqeydliyə  qarşıdı.  Daim axtarışdadı  və  hər  gün  özünə  hesabat verməyə  alışıb. Sözünün arxasında  durandı  və  dünyaya  işıq  tərəfdən  baxır.  Elə qələmi  də. İmzası  oxuculara   yaxşı  tanışdı. Yunus  Oğuzdan danışıram. Oxucunu  tarixiylə , köküylə  üz -üzə  qoyan ,  öz cığırından çıxmayan , sözünün  çəkisini  bilən  nasir  Yunus  Oğuzdan. Yazdıqlarında  ədalətə  və  həqiqətə  sığınan yazıçı  Sözə  Tanrının  gözüylə  baxanlardandı. Axı  böyük  Sözə  bəşəri  sevgisi var.  Tarixi  bədiiləşdirmək  , eyni  zamanda   yalansız, boyasız  təqdim   etmək  elə  də asan  deyil.. Bu da  böyük  cəsarət  tələb edir.  Zənnimcə  Yunus  Oğuz  bunun öhdəsindən  peşəkarcasına  gəlir . Bu baxımdan  yazıçının   bütün  əsərləri   geniş  oxucu  kütləsinin rəğbətini   qazanıb .
 “Əmir Teymur” ,”Uçurum”, “Nadir şah”, “Cığır ”  və  başqa  romanlar    yazıçı  təxəyyülünün  məhsulu olsa da  tarixi faktlara  köklənib. . Yunus Oğuzun ədəbiyyatda  öz  dəst -xətti var     və  hadisələrə    yanaşma  tərzi  tamam fərqlidi. Yazıçı  təkrarı sevmir  və  daim axtarışdadı. Tarixə  istinadən yazılan  yazılar  elə də asan  ərsəyə  gəlmir. Hamısı  uzun axtarışların   və  zəhmətin  bəhrəsidi.  Bu yaxınlarda  onun “Türk etnonimi  və törələri ” adlı əsərini ( “TÜRK” etnonimi və törələri )
oxudum və yazıçının yazı manerasına heyran  qaldım. Mən   bu əsəri  türk  etnologiyası  tarixində  ən  qiymətli  tapıntı  kimi   dəyərləndirirəm. Türk  etnonimi, törələr , qanunlar, ilk  ailə  anlayışı, ibtidai  cəmiyyət,  olum , ölüm  , ruh, ibtidai  inanclar  , “Bozqurd “fəlsəfəsi, Oguz  türklərinin yaşam tərzi  və başqa bu kimi  dəyərli  tarixi  faktlarla  zəngin olan  bu əsər  soy -kökümüz haqqında  oxucuya   yeni  məlumat  verir . 
Eyni zamanda  yazıçı   orta  əsr  qadınının   cəmiyyətdə    öz  yeri olduğunu və hadisələrdən kənarda  qalmadığını vurğulayır. Quba xanı Fətəli xanın həyat  yoldaşı Tutibikə xatunun simasında qadınların cəmiyyətdə  tutduğu  mövqedən , onların mübarizəsindən söz açır. İsbat  edir ki, türk  qadını   kölə yox,  cəmiyyətin aparıcı  qüvvələrindən  biri  olub. 
Yazıçı  qədim türk  dövlətlərinin yaranması , coğrafiyası ,  inkişafı  , mübarizəsi haqqında  da    geniş məlumat  verir  ..
Türk  inanclarına  görə Tanrı təkdi.  Türk  törəsinə  görə  hər kəsin cəmiyyət  içində  öz yeri  və mövqeyi var. Türk  ideologiyasına  görə  ailə ocaqdı. Xaqan başda  olmaqla  hər kəs  törələrə  uyğun  hərəkət etməlidi.  Qanunlardan kənara  çıxmaq  olmaz.  Türk  qanunlarında  düzlük  , ədalət , insanlıq  hər  şeydən  öncə gəlir.  Yazıçı bu əsərdə  çox nüanslara  toxunub. 
Müəllif  mənbələrə   əsaslanaraq  həqiqətən  ortalığa  çox gərəkli  və  qiymətli  əsər  qoyub . Bu yazıçının  zəngin tarixi  biliyə   malik  olmasından   xəbər verir. 
Əminəm ki, bu əsər  də yazıçının başqa əsərləri  kimi  geniş oxucu  kütləsi  qazanacaq  və seviləcək. 
Yunus Oğuz  həm  də  “Olaylar” qəzetinin təsisçisidi,  eyni zamanda  gözəl  publisistdi..  Ara-sıra  şeirlər  də yazır. Amma qələmi    nəsrdə  daha  mükəmməldi. Bu da mənim fikrimdi. 
Qarşıdan Yunus  bəyin   doğum günü  gəlir. Bu ərəfədə  onu  yubiley yaşı münasibətilə qəlbən  təbrik edir  və  yaradıcılıq uğurları arzulayırıq.

Təranə DƏMİR,

AYB -nin və AJB-nin üzvü, şair – publisist

Yunus Oğuz məktəbi

Yunus Oğuz məktəbi

…Hərdən mənə elə gəlir ki, yazıçı-siyasətçi, jurnalist, naşir… Yunus Oğuzun bir əsr yaşı var! Çünki onda gördüyüm dünyagörüş, intellekt, məhsuldarlıq və özünəgüvən yalnız dünyanın hər üzünü yaxşı mənada görmüş bir insanda ola bilər.

O, yaxşı dostdur, sözübütövdür, dəyişməz mövqeyə və münasibətə malik şəxsiyyətdir!

***

Uzun illərdir tanıdığım Yunus Oğuzda diqqətimi daha çox çəkən həm də onun dəyişməz obrazı və özüdür. İctimai rəydə, jurnalist həmkarlarımız arasında olan rəy söylədiklərimə sübutdur. Özü kimi, sözü də bütövdür. Qısası, olduğu kimi görünəndir, göründüyü kimi də olandır. Bu mənada, hesab edirəm ki, jurnalistika sahəsində də Yunus Oğuzun özünün təsis etdiyi bir məktəb var-Yunus Oğuz məktəbi!

Yunus bəyin təmkinliliyi, hər bir problemi öz daxili inamı və gücü ilə həlletmə qabiliyyəti də fərqlidir. İndiyədək görməmişəm ki, hansısa problemin həlli üçün kimlərəsə ağız açsın, müraciət etsin, şikayətlənsin.

“Şikayət” dedim, aramızda olan bir məsələdə bunun şahidi olmuşam. Təsisçisi olduğu “Olaylar” qəzetinin başı üzərində bir problem dolaşırdı, müzakirə əsnasında dedim ki, əlçatan  yaxınlarından birinə məktub göndər, şikayət yaz, kömək edərlər yəqinki. Dedi, yox, şikayət ediləsi bir ünvanım var, o da özüməm! “Mən, ancaq özümdən özümə şikayət edə bilərəm…”.

Yəni, demək istəyirdi ki, problem özünə aiddirsə, ya özün həll elə, ya da şikayətlənmək istəsən, get, dur güzgünün qarşısında, güzgüdə gördüyün o şəxsə nə qədər istəyirsən şikayətlən, ürəyini boşalt!

Bəli, hər kəs özünə aid problemin kökünü bilirsə, həlli yolunu da özü axtarıb tapmağa məhkumdur! Bu həm də sənin nəyə qadir kimliyinin ölçüsüdür!

Yunus bəyin yubiley yaşıdır. Amma əvvəldən dedim, mən onun məhsuldar fəaliyyətini göz önünə gətirəndə deyirəm ki, məncə, onun yüz yaşı var! Ona görə də müdrikliyi ilə gözümdə yüz yaşlı Yunus Oğuzu ürəkdən təbrik edir, ona həmişə özünəgüvənlik arzulayıram.

Asif MƏRZİLİ,

“Təzadlar” qəzetnin və “Tezadlar.az saytının baş redaktoru, Azərbaycan Mətbuat Şurasının üzvü, publisist, yazıçı

Yunus Oğuz sözün həqiqi mənasında, üz tutulası, qapısı döyüləsi bir ziyalıdır

Yunus Oğuz sözün həqiqi mənasında, üz tutulası, qapısı döyüləsi bir ziyalıdır

Tam gənclik illərindən tanımışam Yunus Oğuzu, Milli hərəkat, azadlıq mübarizəsinə qatıldığımız anlardan. Əlbəttə ki, bu tanışlıq o dövrlərdə uzaqdan uzağa, hərəkat dövrünə təsadüf edirdi. Şəxsi tanışlığımız yox idi.
Daha sonralar onun jurnalistlik fəaliyyəti, yazıçılığı, vətənpərvərliyi, haqqında eşitdiyim və müşahidə etdiyim digər xüsusiyyətləri, Yunus Oğuzu şəxsən tanıdıqdan sonra ona dost, ustad deyərək müracəit etməyimə əsas verdi. O, sözün həqiqi mənasında, dost deyərək üz tutulası, qapısı döyüləsi bir ziyalıdır, insandır.
Yadımdan çıxmaz, 2003-cü ildə “Yeni Xəbər” qəzetini yenicə təsis edib, dərc edirdik. Baş redaktor olaraq Yunus bəylə görüşdüm, rəhbərlik etdiyi “Olaylar” İnformasiya Agentliyinin xəbərlərindən istifadə etmək istədiyimi və kömək etməyini istədim. Həmən razılıq verdi, əməkdaşlarına da tapşırdı ki, digər məsələlərdə də kömək etsinlər. Təmənnasız. Onun xeyirxahlığını unutmadım. Əməkdqaşlığımız bu gün də davam edir və mən Müstəqil.Az xəbər portalının yaradıcısı və baş redaktoru olaraq gərəkən zamanlarda artıq dostum olan Yunus bəylə məsləhətləşmələr edir, onun təcrübəsinə və diqqətinə güvənirəm.
Yunus Oğuzun bir yazıçı kimi nəinki Azərbaycan oxucuları, eləcə də ölkəmizdən coğrafi tərəfdən çox -çox uzaqlarda,mənəvi cəhətdən isə bizə yaxın olan ölkələrdə tanınmasına, oxunmasına, sevilməsinə təsadüf etmişəm və sevinmişəm. Bu, Azərbaycan ədəbiyyatının, Azərbaycan yazıçısının tanınması, oxunması və sevilməsidir.
Onun tarixi mövzuda qələmə aldığı romanların müxtəlif illərdə, müxtəlif saylarda, müxtəlif ölkələrdə dərc olunması da bizlərə, xüsusi olaraq, dost kimi mənə qürur gətirən hadisələr sırasındadır.
Şəxsi keyfiyyətləri ilə də çoxlarna örnək olan dostum Yunus Oğuz ömrünün 65-ci ilinin həndəvərindədir. Bu günlərdə ahıllığın gənclik illərinə qədəm qoyacaq. Lakin onunla söhbət etdikdə, yaradıcılığına, yazdığı tarixi romanlarına, türk törələri ilə bağlı publisist və araşdırma yazılarına nəzər saldıqca, oxuduqca  bir daha əmin olursan ki, illər dəyişsə də o həmişə olduğu kimi, yenə də  gənclik enerjisi ilə yaşayıb-yaradır, yeni nəsillər tərəfindən də tanınır və sevilir.

Yunus Oğuz illər öncə, elə indinin özündə də ölkənin ictimai və siyasi həyatındqa ön sıralarda olub. Özünün şəxsi xarakterində olduğu kimi siyasi baxışlarında da dəyişməzliyi ilə çoxlarından fərqlənir və nümunə olaraq yaddaşlarda qalır. Ona uğurlar arzulayır,  uca Tanrıdan uzun ömür və cansağlığı istəyir,  Çox yaşasın, xoş yaşasın, deyirəm.

Faiq Balabəyli,

şair, AYB-nin üzvü, “Müstəqil.az” saytının baş redaktoru

Fazil Mustafa Yunus Oğuzu təbrik etdi

TƏBRİK MƏKTUBU

Hörmətli Yunus bəy,
Sizi – milli fikir və ictimai düşüncə məkanımızda özünəməxsus mövqeyə malik olan tanınmış aydınımızı, söz və fikir adamını 65 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm!

Siz uzunmüddətli, səmərəli fəaliyyət göstərmiş “Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət” ictimai birliyinin qurucu-sədrisiniz. Sizin həyat yolunuz vətəndaş cəmiyyətinə bağlı intellektual aydınımızın, milli-mənəvi məsuliyyət daşıyan qələm sahibinin həyat yoludur. Ulu tarixi köklərə söykənən romanlarınızdan tutmuş, gündəlik ictimai-siyasi hadisələrə çevik və məsuliyyətli münasibət ortaya qoyduğunuz publisist məqalələrinizədək hər bir fəaliyyətiniz vətəndaş cəmiyyətində təfəkkürə çağırış, milli yaddaşa söykənən duruş, ictimai məsuliyyət örnəyidir.

“OLAYLAR” qəzetinin qurucusu və baş redaktoru kimi Siz təkcə mətbuat tariximizə deyil, həm də fikir plüralizmi, azad söz və maarifçi missiya baxımından ictimai fikrə töhfələr vermisiniz. Sizin rəhbərliyinizlə formalaşan media platforması uzun illərdir ki, cəmiyyətin ictimai nəbzini tutan, milli məsələlərə səs verən, maarifləndirici və vətəndaş mövqeyi aşılayan bir tribuna kimi fəaliyyət göstərir.

Biz Sizin və rəhbərlik etdiyiniz media orqanının milli-mənəvi dəyərlərimizin qorunması, vətəndaş cəmiyyətinin gücləndirilməsi və ictimai şüurun yüksəldilməsi sahəsindəki xidmətlərinizi yüksək qiymətləndiririk.

Sizə möhkəm cansağlığı, yaradıcılıqda və ictimai düşüncə məkanımızda yeni uğurlar arzulayıram!
Yubileyiniz mübarək olsun!

Fazil MUSTAFA,

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri 

Tarixin borclu olduğu adam- Yunus Oğuzun 65 yaşına

ALTMIŞ  BEŞİNCİ  YAZI

Tarixin borclu olduğu adam- Yunus Oğuzun 65 yaşına

Salam olsun, çox dəyərli oxucum! Budəfəki qəhrəmanımız bütün Türk dünyasının, Oğuz elinin bir əlində qılınc, bir əlində qələm sözün, kitabın, ədəbiyyatın, mədəniyyətin, tarixin, milli kimliyin keşiyində mərdi-mərdanə dayanmış hünərvər alim oğlu Yunus Oğuzdur.

Yunus Oğuzun özü oldu-olmadı mən bu barədə dəfələrlə müxtəlif tədbirlərdə də demişəm. Yeri gəldikcə deyirəm və deyəcəm. Əsasən gənclərin üstünlük təşkil etdiyi tədbirlərdə bu məsələyə mütləq toxunur və Yunus Oğuz kimi ziyalılardan misal çəkir, belə insanlarımızı nümunə göstərirəm.

Yunus Oğuz sağlığında öz əməllərilə “Gündoğandan Günbatana” dediyimiz böyük türk dünyasının mənəvi aləmində sözdən-kitabdan ayağı bozqın bilinməyən təkində,  başı isə  sonsuz səmanın mavi ənginliklərində itib-batan  nəhəng heykəlini ucaltmış çox azsayl müasirlərimizdən biridir.

Mən Yunus Oğuz imzasını tarix dərsliklərinin demək olar ki, olmadığı bir dövrdə tarixi romanlar müəllifi kimi tanımışam.  Əgər belə demək mümkünsə – doğru olarsa,  tarixi onun yazdıqlarından öyrənmiş bir nəslin nümayəndəsi kimi, Yunus Oğuzu böyük əminliklə tarixin ona borclu olduğu adam adlandırardım. Hələ çox əvvəllər özlüyümdə onun yazdıqlarını Yevgeni Tarlenin “Napoleon”u, Vasili Yanın “Çingiz xan”, “Kurqanlardan gələn işıq” kimi möhtəşəm əsərləri ilə müqayisə etmiş və həmişə bir baş yuxarı bilmişəm.

Yunus Oğuzun yaradıcılığı və bir müasiri olaraq bütün gündəlik fəaliyyəti ilə tanış olarkən qeyri-ixtiyari Timuçinin (Çingiz xanın)  ovcunun içində qançırla doğulması əhvalatını, digər buna oxşar ayrı-ayrı şəxslərin dünyadakı müssiyaları ilə bağlı işarətləri xatırlamaya bilmirsən. Bir var tarix yazmaq, bir də var tarix yaratmaq. Yunus Oğuz tarix yaradanlardandır. Onun missiyası bundan ibarətdir. Bütün yaradılmışlar kimi tarix də ona borcludur.

22 iyulda   Yunus Oğuzun 65 yaşı tamam olur. Bu münasibətlə yazarlar cameəsi adından onu təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!

Zaur USTAC,

“YAZARLAR” jurnalının və YAZARLAR.AZ  saytının təsisçi – baş redaktoru, AVMVİB-nin, AYB-nin və AJB-nin üzvü, şair, publisist

Yunus Oğuz vətənimizdə türkçülük şüurunun gəlişməsində çox işlər görüb

Yunus Oğuz vətənimizdə türkçülük şüurunun gəlişməsində çox işlər görüb

Dostum, qələmdaşım Yunus Oğuzla tanışlığımızın tarixini xatırlamıram. Mənə elə gəlir ki, onunla bir məkanda və bir  zamanda anadan olmuşuq. Cavanlıqdan yox, uşaqlıqdan bəri yol gəlirik və bu yolun sonsuzluğuna inanıram. Yunusun bir sözü var, deyir ki, mən ruh, əqidə, düşüncə qohumluğunu qan, bioloji qohumluqdan üstün sayıram. Mənə görə, düz deyır. Biz onunla ruh qohumuyuq.
Yunus Oğuz vətənimizdə türkçülük şüurunun gəlişməsində, türk kimliyimizi tanımağımızda ideoloji baxımdan çox işlər görüb: istər öz əsərlərində, istərsə davranışında və tarixi romanlarında. O, Azərbaycanımızda tarixi romançılığı inkişaf etdirən yazarlarımızdandır və son illər bir-birinin ardınca uğurlu əsərlər yazır.  “Nadir şah”, “Əmir Teymur”, “Çingiz xan”, “Təhmasib şah” onun qələmində yeni obraz kimi qarşımıza çıxır. Onun Qarabağ müharibəsinə həsr etdiyi, hələki son “Cığır” romanı da oxucularımızın rəfində mühüm yer tutur.
Mən Yunus Oğuzun əsərlərinin çoxunun bədii redaktoru olmuşam və deməli, hamısını da oxumuşam.
O, Azərbaycanda müstəqil mətbuatın yaradıcılarından biridir. Uzun illərdir ki, “Olaylar Holdinq”ə uğurla rəhbərlik edir. Bu redaksiyadan onlarla istedadlı jurnalist çıxıb və indi ölkəmizin müxtəlif mətbu orqanlarında çalışırlar.
Yunus Oğuz etibarlı dost, sirdaşdır. Onun haqqında müxtəlif nəslə mənsub ədəbiyyat biliciləri və həmkarları çoxsaylı yazılar yazıblar. Onların arasında mən də varam.
Yunus Oğuz gözəl babadır.
Dostumun yubiley yaşını təbrik edir, ona can sağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzulayıram…

Elçin HÜSEYNBƏYLİ,

yazıçı