Yağış damcıları köhnə evləin Köhnə taxtapuşun, kirəmidlərin Soyuq divarların, çiy kərpiclərin Yadına nələri salır, görəsən?
Yağış damcıları döyür aramla Axtarır, görəsən tapırmı nəsə Sanki ağacdələn döyür qapımı Qulaq kəsilirəm hər gələn səsə.
Kəndin yollarından torpaq qoxusu bir anda adamın canına hopur. Suvağı tökülmüş divara baxın yarısı şümaldır, yarısı çopur.
İllər yorğunuyam; bu kənd-kəsəyin Ağrısı nəfəs tək içimə çökür. Buludlar göylərdən yağan yağışla Könlümü oxşayır, gözümü açır Məni körpə bilir, bələyə bükür.
Tavandan daman su insan dərdini köhnə divarlara suvaq tək yaxır. Yetim bir uşaq da qısıb boynunu İslanmış əyninə, ayaqlarlna Sinsiyə-sinsiyə eləcə baxır.
Çardağın altında durub baxıram sərçələr yuyunur gölməçələrdə Eh, yaşım ötsədə necə yaxınam Nağıla, noğula qarışıb bir az Cavab axtarlram bilməcələrdə..
Suyu yoxa çıxmış köhnə quyunun Yuxusun qaçırır bu yağan yağış. Külək də qəfildən dayanır, əsmir Uzadıb əlini barmaqlarıyla Bir uşaq şüşəyə vurduqca naxış Yenidən yaşayıb xatirələri Yağış damlasının ardınca düşüb Uzaq keçmişimdən dönürəm geri.
Azərbaycan Yazıçılar Birliyi Həmkarlar İttifaqı Təşkilatının təbriki
Azərbaycan Yazıçılar Birliyi Həmkarlar İttifaqı Təşkilatı tərəfindən şair, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs ad günü münasibətilə təbrik edilib. Görüş zamanı ona Həmkarlar İttifaqı Təşkilatı adından xüsusi hazırlanmış təbrik məktubu təqdim olunub, ədəbi-mətbuat sahəsindəki fəaliyyəti yüksək qiymətləndirilib.
Azərbaycan Yazıçılar Birliyi Həmkarlar İttifaqı Təşkilatı Qulu Ağsəsə möhkəm cansağlığı, uzun ömür və yaradıcılıq fəaliyyətində yeni uğurlar arzulayır.
Azərbaycan Yazıçılar Birliyinin katibi SƏLİM BABULLAOĞLU ilə son olaylarla bağlı söhbət
-Səlim bəy, xoş gördük. -Xoş gördük, hər vaxtınız xeyir.
– Hərçənd o qədər də xoş gün olmadı bu gün… – Naxçıvana dron hücumlarını nəzərdə tutursuz yəqin. Elədir, təəssüf, xoş deyil. Heç xoş deyil.-
– Yazıçı Həmid Herisçi hazırda Təbrizdə olduğu bildirilən paylaşımları ilə diqqət mərkəzinə düşüb. O, sosial şəbəkələrdə baş vermiş məlum hadisə ilə bağlı İranın məsuliyyət daşımadığını iddia edən fikirlər səsləndirməyə çalışır…Belə deyirlər. Və deyirlər ki, Həmid Herisçi Azərbaycan Yazıçılar Birliyi ilə əlaqəli şəxslərdən hesab olunur və yazıçı Anar ilə yaxınlığı ilə də tanınır.
– Əvvəla ordan başlayım ki, hər bir azərbaycanlının, o cümlədən Azərbaycan Yazıçılar Birliyinin üzvlərinin də vətənin mənafeyi, xarici təhlükə məsələsində bir mövqeyi və yekdil fikri var. Bu mövqeyi, fikri isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında səsləndirdi. Hamımız eşitdik. Cənab Prezident dedi ki, İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir: “Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər istiqamətlər İran tərəfindən namərd atəşə məruz qalıb. Birinci dəfə deyil ki, İran dövləti Azərbaycana və azərbaycanlılara qarşı terror aktları həyata keçirir. Hamımız yaxşı xatırlayırıq ki, bir müddət bundan əvvəl Azərbaycanın Tehrandakı səfirliyi terror aktına məruz qaldı. Aydın məsələ idi ki, Azərbaycanı qorxutmaq, Azərbaycana qarşı çirkin əməllərini həyata keçirmək üçün bu terror aktı İranın dövlət qurumlarının ən rəhbər mərtəbələrindən sifariş edilmişdir. Bildiyiniz kimi, o vaxt Azərbaycan bu hadisəyə çox sərt reaksiya vermişdi. Dəfələrlə İran tərəfinə, xüsusilə keçən il baş vermiş toqquşmalardan sonra bildirilmişdir ki, Azərbaycan ərazisindən heç bir qonşu dövlətə qarşı istifadə olunmayacaq. Azərbaycan nə o vaxt, nə də bu dəfə İrana qarşı olan əməliyyatlarda iştirak etmir və etməyəcək…” Cənab Prezident onu da söylədi ki, bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?! Bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək. Ona görə diplomatik yollarla bütün lazımi tədbirlər görüləcək. Bizim Silahlı Qüvvələrimiz – Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib. Yəni bundan açıq və birmənalı mövqe ola bilməz. Yeri gəlmişkən, İranın dini rəhbərinin ölümü ilə bağlı səfirliyə gedib başsağlığı verən yeganə prezident də İlham Əliyevdi, o bunu da söylədi çıxışında. Faiq bəy, biz qonşularımızın- İranın da, Rusiyanın da, elə digərlərinin də xain, şərəfsiz əməllərini ən yaxın tariximizdən yaxşı bilirik. İki-üç gün əvvəl yenə Rusiya vətəndaşlarının təxliyyəsinə şərait yaratdıq. Hərçənd ki, Rusiyanın nə şərəfsizlik elədiyini və son illərdə baş verən bütün xain əməllərini bilirik. Ölkə başçısının davranışı, fikirləri müstəqil Azərbaycanın, azərbaycanlının yeni – cəsarətli, qorxmaz və həmçinin şəfqətli və alicənab, işıqlı siması və obrazını, fikirlərini ortaya qoyur. Bu fikirləri, biz Azərbaycan Yazıçılar Birliyi olaraq bölüşürük, təşkilat kimi ikinci bir fikrimiz yoxdur. Mən bunu sizə rəsmi deyirəm, Azərbaycan Yazıçılar Birliyinin xarici əlaqələr üzrə katibi kimi.
Qaldı Həmid Herisçi ilə bağlı dediklərinizə. O deyirsiz e, yaxınlıq-filan, bunu bilmirəm kim və niyə yazıb. Əvvəla, onu deyim ki, Həmid Herisçi ciddi ədəbiyyatçıdır, müstəqillik illəri yeni poeziyamızın görkəmli nümayəndəsidir. Şəxsən mən onu şair kimi yüksək dəyərləndirirəm. Hər şeyin adı var, yaxınlıq nədir, Həmid Herisçi Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Və yeni formalaşdırılmış Cənubi Azərbaycan Ədəbiyyatı Komissiyasının sədr müavinidir. Sədr Xalq şairimiz Sabir Rüstəmxanlıdır, Sabir müəllimin müavinidir. Bunlar ictimai əsaslı vəzifələrdir. Birliyin sədri Anarla yaxınlıq-filan söhbəti də, fikri də avantüradır. Anar müəllim AYB-nin hər bir üzvü ilə yaxındır, yaxın olmalıdır, yalnız bu qədər. Mən Həmid Herisçinin paylaşımlarına baxmamışam, yəqin sabah baxaram. Amma, baxsam da, baxmasam da Həmid Herisçi Azərbaycan Yazıçılar Birliyinin rəsmi mövqeyini ifadə edə bilməz və bu mənada nə birliyin sədri, nə katiblik tərəfindən, nə də Cənubi Azərbaycan Ədəbiyyatı Komissiyası tərəfindən səlahiyyətləndirilməyib. Amma başqa Həmid Herisçi də var, jurnalist Həmid Herisçi. Əslən cənubdan olan Herisçi. Çox ola bilsin, onun hələki mənim görmədiyim paylaşımlarını ikinci Həmid Herisçi edib ki, məzmunundan asılı olmayaraq bu ümumun və təşkilatın mövqeyini ifadə etmir. Görünür, Həmid Herisçi ilə, ola bilsin Azərbaycan Yazıçılar Birliyi ilə ədavəti olan fürsətcil adamlar nəyəsə rəng vermək istəyirlər. Amma yalan ayaq tutar, yeriməz. Azərbaycan Yazıçılar Birliyinin rəsmi mövqeyini sədr, katiblik və hazırkı məsələnin spesifikliyi nəzərə alınarsa, Güney Azərbaycan Ədəbiyyatı komissiyasının sədri ifadə edə bilər.
-Sizcə Həmid Herisçinin İrana bu kritik dönəmlərdə səfərləri hansı məqsəd daşıyır?
-Bu suala ən doğru cavabı Həmid Herisçi özü verə bilər. Eşitdiyim, bildiyim qədər Həmidin İrana son səfərləri şəxsi məqsəd daşıyır. Mən arzu edirəm ki, Həmid ağa tezliklə və sağ-salamat Bakıya qayıtsın, onda sizin sualları da özü cavablandırar.
-Səlim bəy, ümumiyyətlə İran niyə belə edir? Ümumiyyətlə, bu proseslərin sonunu necə görürsüz?
-İranın və digər qonşularımızın əməllərinin bir adı var, düşmənçilik. Müstəqil və güclü Azərbaycanı əzmək, məhv etmək, vassala cevirmək, yağmalamaq cəhdi. Bu isə şər deməkdir. Bir qayda olaraq nə insani və fərdi, nə də dövlətlərarası şərin məntiqi olmur. Amma arzuları qursaqlarında qalacaq. Bilirsiz, xatırlayıram, 44 günlük Şanlı Zəfər savaşımız vaxtı, Şuşa azad olunan ərəfədə, bir qrup İran-fars sənətçisi, yazıçısı guya sülhməramlı bəyanat vermişdi. Mən onda onlara cavab olaraq bir mətn yazdım: “İranlı incəsənət xadimlərinin “sülh çağırışı”na düzəliş!”. Mətni məndən başqa Sayman Aruz da imzalamışdı. Mən bu mətni o İrandakı bəyanatda adıkeçən bir neçə ədibə şəxsən də göndərmişdim. Orda həmin mətndə bir sual vermişdim, Şuşa işğal olunanda biz Tehranda guya sülh danışıqlarına getmişdik İranın vasitəciliyi ilə, ermənilərlə, amma həmin saatlarda Şuşanı işğal edirdilər. İran-fars-molla rejimi budur da… Mən o bəyənatda çoxlu şeyləri xatırladırdım. Bir şeyi yaddaşımdan deyim, gərək ki, belə bir cümlə vardı: sizin fikriləriniz acı təəssüf hissi doğurdu. Çünki 28 il yarım ərzində bircə dəfə də olsun belə bir tərkibdə iranlı və fars sənət adamlarının (sülhü, ədaləti, beynəlxalq hüququ, islami dəyərləri dəstəkləyən, 1000 000 nəfər Azərbaycanlı qaçqının haqlarını müdafiə edən bəyanatını görmədik… Mətbuatda, saytlarda var, yəqin tapa bilərsiz (redaktordan: Səlim Babullaoğlunun bəyanatının linki: https://525.az/news/154948-iranli-incesenet-xadimlerinin-sulh-cagirisina-duzelis ) .
Yaxud, xatırlayıram, Fərid Hüseynlə Şəhriyar Del Geranini- iki gənc yazıçını günahsız yerə tutmuşdular. İran budur da. Onda da mən İran rəhbərliyinə müraciət etmişdim və demişdim ki, baş verənlər sizin əlinizdə bayraq etdiyiniz islami dəyərlərlə bir araya sığmır. Amma qaldı ki, sona, məncə elə baş verənlər dövlət kimi İranın, ən azı indiki İranın sonu deməkdir. Allah eləsin, az qanla, qurbanla başa çatsın, nə qədər eqoistik səslənsə də, xüsusən azərbaycanlılarımız üçün dərin narahatlıq hissi keçirirəm. Arzu eləmirəm ki, orda hakimiyyətə pəhləvilərdən kimsə gəlsin, o da zülm edib azərbaycanlılara. Məncə İran parçalanacaq, ilk dövrdə federativ dövlət olacaq, sonra isə parçalanacaq. Yeri gəlmişkən, bu gün bu məsələ ilə bağlı fb hesabımda paylaşım etmişdim, sırf şəxsi fikirlərimi bölüşmüşdüm. Bu fikirdəyəm ki, insan özünü islah etməyincə, islahat apara bilməz. Və əksəriyyəti özünü islah etməyən insanların qurduğu indiki İran dövləti rejimi qalmayacaq və belə görünür ki, son aylarını, bəlkə də həftələrini yaşayır. İstənilən inanc, təlim və siyasi ideologiya ilə (bu demokratiya da ola bilər, millətçi, sosialist və ya liberalist düşüncə də, islam da, xristianlıq da, iudaizm də) istənilən manipulyasiya hansısa bir müddət inkişaf və rifah illüziyası yarada bilər, amma sonunda bəla gətirir… Yaxın 3-4 ildə tarix baxımdan bəlkə maraqlı, amma qanlı hadisələrin şahidi olacayıq.
«SÖZLƏRINIZDƏ TƏKCƏ ŞAIR NƏFƏSI YOX, HƏM DƏ DƏNIZLƏRIN DƏRINLIYI VARDI»
Əziz və dəyərli şair, publisist və dəniz qəlbli kapitan Faiq Balabəyli! Bu gün Sizin doğum gününüzdür – sözün dalğalarla qucaqlaşdığı, misraların üfüqlərə açıldığı mübarək bir gün… Sizi ilk dəfə görməmişdən əvvəl, onlayn söhbətlərimizdə qəlbinizin səmimiyyətini, təvazökarlığınızı, o saf və uşaq təbiətli nurunuzu hiss etmişdim. Sözlərinizdə təkcə şair nəfəsi yox, həm də dənizlərin dərinliyi vardı. Elə bil hər cümləniz bir gəmi idi – oxucunu uzaq limanlara aparan… Türkiyədə keçirilən Türk Dünyası yazıçı və şairlərinin Talas festivalında üz-üzə görüşümüz isə bu duyğularımı daha da möhkəmləndirdi. Sizinlə söhbət etmək, eyni ədəbi mühitin havasını udmaq, sözün sehrini birlikdə yaşamaq mənim üçün unudulmaz bir xatirəyə çevrildi. O gün bir daha anladım ki, həqiqi böyüklük sadəlikdə gizlidir. Siz həm qələm adamısınız, həm də sözün kapitanı. Dənizlərdə gəmi idarə etdiyiniz kimi, ədəbiyyat aləmində də duyğuların istiqamətini müəyyən edirsiniz. Ürəyiniz dəniz kimi geniş, düşüncəniz üfüq kimi açıq, qəlbiniz isə dalğalar kimi daim hərəkətdədir. Doğum gününüz münasibətilə Sizə uzun və bərəkətli ömür, möhkəm can sağlığı, ailə səadəti, dənizlər qədər coşqun sevinc və yeni-yeni yaradıcılıq zirvələri arzulayıram. Qoy misralarınız həmişə küləklə dost olsun, ilhamınız heç vaxt sahilə yan almasın, söz gəminiz daim uğurlu səfərlərə çıxsın!
DOXSAN BEŞİNCİ YAZI FAİQİN “ŞUŞA”SI (Faiq Balabəylinin “Şuşa” şeiri haqqında) Salam olsun, çox dəyərli oxucum! Bu dəfə söhbətimizin mövzusu tanınmış ŞAİR Faiq Balabəylinin “Şuşa” şeiri olacaq. Mətləbə keçməzdən əvvəl onu qeyd etmək istəyirəm ki, bu mənim Faiq Balabəyli haqqında yazdığım ikinci yazıdır. Faiq Balabəyli mənim üçün şəxsiyyət olaraq müasir Azərbaycan ədəbiyyatının əsl şair həyatı yaşayan çox azsaylı nümayəndələrindən biridir. Yaradıcılığı isə ümumilikdə təbii, kövrək, səmimi notlar üzərinə köhnəlmiş həzin musiqi kimidir. Ney səsidir. Qanun melodiyaları, ud naləsidr. Onun haqqında oxuduğum ən dəyərli yazılardan biri bu gün də öz qüvvəsini itirməmiş filologiya elmləri doktoru, professor, tanınmış şair, bütün ruhu və canı ilə söz adamı Mahirə Nagıqızının qələmindən çıxıb. Mahirə xanım Faiq Balabəyli yaradıcılığına həsr etdiyi “Dəniz adamı” məqaləsində yazır: “Bütöv Azərbaycan uğrunda mübarizədə yorulmadan çalışan öz mənalı, məntiqli şeirləri, publisist yazıları ilə Faiq Balabəyli bir ordunun görəcəyi işi öz çiyinlərində şərəflə daşıyır, yorulmadan daşıyır.” Bəli həqiqətən bu belədir. Azərbaycan ədəbiyyatında vətən mövzusu həmişə aparıcı xətt olub. Lakin elə məqamlar var ki, vətən artıq coğrafi anlayış olmaqdan çıxır, yaddaşa, yaraya, həsrətə və qürura çevrilir. Məsələn müqəddəs ocaq olan Şuşamız. Şuşa haqqında çox şeirlər yazılıb və yazılacaq. Mənim ən çox bəyəndiyim Rəşad Məcidin Şuşaya həsr etdiyi şeirlərdir. Onun təkcə “Dilimin şəhdidir, dadıdı Şuşa.” misrası özü bir aləmdir. Ancaq Şuşa haqqında yazılmış və hələ yazılacaq şeirlər içərisində elə nümunələr var ki, onlar təkcə könülləri oxşamır, eyni zamanda tarixi yaşadır. ŞAİR Faiq Balabəylinin “Şuşa” şeiri məhz belə bir ruhun bədii-ideoloji cəhətdən poetik ifadəsidir. Bu şeir yalnız bir şəhərə ünvanlanmış poetik müraciət deyil, həm də illərlə ürəklərdə daşınan nisgilin, Vətən həsrətinin və nəhayət, qayıdış sevincinin bədii salnaməsidir. Şairin müraciəti sadə, lakin son dərəcə təsirlidir: “Mənim qoca şəhərim, mənim uca şəhərim, neçə ilin həsrətini çəkən, yorğun Şəhərim!” Bu misralarda həm sevgi, həm ağrı, həm də məsuliyyət var. Şuşa burada sadəcə şəhər deyil, yaşlı, yorğun, lakin əyilməyən bir varlıq kimi təqdim olunur. “Qoca” sözü zamanın ağırlığını, “uca” isə mənəvi yüksəlişi ifadə edir. Şair şəhəri həm fiziki, həm də mənəvi baxımdan ucaldır. Tarixi və mədəniyyət beşiyi olan Şuşa Azərbaycan xalqının milli kimliyinin ayrılmaz hissəsidir. Bu şəhər həm muğamın, həm poeziyanın, həm də qəhrəmanlıq salnaməsinin məkanıdır. Şairin“özümüzdən çox uzaq, könlümüzə çox yaxın” ifadəsi məhz bu mənəvi bağlılığın poetik təzahürüdür. Şeirin əsas emosional yükü“Axır ki, qayıtdıq, gözlərin aydın!” misrasında cəmlənir. Bu nida təkrarlandıqca şeir boyu bir ümid, bir zəfər notu güclənir. Həsrət yerini qürura verir. Şair Şuşanı qadın obrazında təqdim edir: “Qırmızı koftalı, yaşıl tumanlı, … abırlı, həyalı, nurlu, imanlı…” Bu təsvirlər milli koloritlə zəngindir. Şuşa burada ismətli, namuslu gəlin kimi təqdim olunur. Bu bənzətmə şəhərin paklığını, toxunulmazlığını və müqəddəsliyini vurğulayır. “Yaşıl meşələrdən qurşaq bağlayan, dumanı başına çalmatək çəkən” obrazı isə həm təbiətin gözəlliyini, həm də şəhərin əzəmətini canlandırır. Şeirin ən təsirli hissələrindən biri dostu Xaqan haqqında yazılan bölümdür. Şair fərdi ağrını ümummilli ağrı ilə birləşdirir: “Döyüşə-döyüşə tapdı şəhadət, ruhu səndə qaldı…” Burada şəhid obrazı təkcə bir insanın taleyi deyil, bütöv bir xalqın qurbanlıq tarixidir. “Gəmiyə çevrildi, üzdü” metaforası isə ruhun əbədiliyini, şəhidliyin ölməzliyini simvolizə edir. Şəhidin ruhunun quşa dönüb şəhərin başı üzərində dolaşması poetik baxımdan həm romantik, həm də mistik çalar daşıyır. Şairin Şuşaya qayıdışı təkcə fiziki dönüş deyil, həm də mənəvi arınmadır: “Doyunca əyilib içdim suyundan…” Su burada həyatın, təmizliyin, yenilənmənin rəmzidir. Qaratikanların, böyürtkənlərin əlini dalaması isə ağrının belə doğma və şirin olduğunu göstərir. Bu, vətən torpağının hər daşının, hər tikanının belə əziz olması ideyasını ifadə edir. “İsmətli, namuslu gəlin Şəhərim!” misrası ilə şair bir daha Şuşanı qadın obrazında ucaldır. Bu, şəhərin həm zərifliyini, həm də ləyaqətini ön plana çəkir. “Şuşa” şeiri yalnız lirik nümunə deyil, həm də güclü publisistik çalara malikdir. Burada konkret tarix, konkret ağrı və konkret qayıdış var. Şeir oxucunu passiv müşahidəçi kimi saxlamır; onu emosional olaraq prosesə cəlb edir. Faiq Balabəyli bu əsərlə göstərir ki, Şuşa təkcə coğrafi məkan deyil – o, milli yaddaşdır, mənəvi dirənişdir, zəfər rəmzidir. Şairin təkrar etdiyi “Axır ki, qayıtdıq!” nidası bir fərdin deyil, bütöv bir xalqın səsidir. Faiq Balabəylinin “Şuşa” şeiri Azərbaycan poeziyasında qayıdış motivinin ən təsirli ifadələrindən biri kimi dəyərləndirilə bilər. Burada həsrət, sevinc, şəhidlik, təbiət gözəlliyi və milli qürur bir araya gəlir. Şuşa həm yaralı, həm məğrur, həm də əbədi yaşayan bir obraz kimi təqdim olunur. Bu şeir oxucuya bir həqiqəti xatırladır: Vətən itirilə bilər, lakin unudula bilməz. Və bir gün mütləq qayıdış baş verir. Axır ki, qayıtdıq… Gözlərin aydın, Şuşa! Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm, çox dəyərli oxucum! Bu gün bu gözəl insanın – tanınmış ŞAİR Faiq Balabəylinin doğum günüdür. Təbrik edirəm, Qardaş! Gün o gün olsun ki, belə şeirləridən Təbriz üçün, Dərbənd üçün, … və neçə-neçə bax bu yazımı, elə bu dildəcə oxuyub anlayan şəhərlərimiz üçün yazasan İnşəAllah! 23.02.2026. Bakı.
“Qarabağ” uduzdu. Udsaydı daha yaxşı olardı, əlbəttə. Amma bizə sevinc yaşatdığı oyunları unutmayaq. “Qarabağ” Avropanın bütün futbol cameəsində, “var imzamız imzalar içərisində” deməyimizə vəsilə oldu. Btün Avropa, elə bütün dünya “Qarabağın” inadlı mübarizəsinin şahidi oldu, adın ardınca düşdü, haqqımızda bilgilər əldə etdilər, xəritədə ölkəmizin yerini bilməyənlər ölkəmizi daha yaxından tanıdı. Bu dəfə Azərbaycan “ağ qızılı”, “qara qızılı”, kəhrəba salxımlı üzümü, kürüsü ilə deyil, Ağdamın “Ağdam” çaxırı ilə deyil, Ağdamın “Qarabağ” futbol komandası ilə tanındı. İllər boyu işğal altında qalan, 2020-ci ilin 27 sentyabrından sonra cəmi 44 gün ərzində azad olunan Qarabağımızın dünyada bizə məxsus olduğunu tanıtmağımız üçün aparılan siyasi, mədəni, elmi, tarixi təbliğatımızdan daha hər bir oyununda sərgilədi. Sevdik “Qarabağı”, Qarabağımız, bütöv Azərbaycanımız qədər. Bəli uduzduq. Amma uduzanda da udduq, Qarabağın əlbəttə bizim olmağına hər oyunu ilə möhür vurudu “Qarabağ”ımız.
Yunus Oğuz sözün həqiqi mənasında, üz tutulası, qapısı döyüləsi bir ziyalıdır
Tam gənclik illərindən tanımışam Yunus Oğuzu, Milli hərəkat, azadlıq mübarizəsinə qatıldığımız anlardan. Əlbəttə ki, bu tanışlıq o dövrlərdə uzaqdan uzağa, hərəkat dövrünə təsadüf edirdi. Şəxsi tanışlığımız yox idi. Daha sonralar onun jurnalistlik fəaliyyəti, yazıçılığı, vətənpərvərliyi, haqqında eşitdiyim və müşahidə etdiyim digər xüsusiyyətləri, Yunus Oğuzu şəxsən tanıdıqdan sonra ona dost, ustad deyərək müracəit etməyimə əsas verdi. O, sözün həqiqi mənasında, dost deyərək üz tutulası, qapısı döyüləsi bir ziyalıdır, insandır. Yadımdan çıxmaz, 2003-cü ildə “Yeni Xəbər” qəzetini yenicə təsis edib, dərc edirdik. Baş redaktor olaraq Yunus bəylə görüşdüm, rəhbərlik etdiyi “Olaylar” İnformasiya Agentliyinin xəbərlərindən istifadə etmək istədiyimi və kömək etməyini istədim. Həmən razılıq verdi, əməkdaşlarına da tapşırdı ki, digər məsələlərdə də kömək etsinlər. Təmənnasız. Onun xeyirxahlığını unutmadım. Əməkdqaşlığımız bu gün də davam edir və mən Müstəqil.Az xəbər portalının yaradıcısı və baş redaktoru olaraq gərəkən zamanlarda artıq dostum olan Yunus bəylə məsləhətləşmələr edir, onun təcrübəsinə və diqqətinə güvənirəm. Yunus Oğuzun bir yazıçı kimi nəinki Azərbaycan oxucuları, eləcə də ölkəmizdən coğrafi tərəfdən çox -çox uzaqlarda,mənəvi cəhətdən isə bizə yaxın olan ölkələrdə tanınmasına, oxunmasına, sevilməsinə təsadüf etmişəm və sevinmişəm. Bu, Azərbaycan ədəbiyyatının, Azərbaycan yazıçısının tanınması, oxunması və sevilməsidir. Onun tarixi mövzuda qələmə aldığı romanların müxtəlif illərdə, müxtəlif saylarda, müxtəlif ölkələrdə dərc olunması da bizlərə, xüsusi olaraq, dost kimi mənə qürur gətirən hadisələr sırasındadır. Şəxsi keyfiyyətləri ilə də çoxlarna örnək olan dostum Yunus Oğuz ömrünün 65-ci ilinin həndəvərindədir. Bu günlərdə ahıllığın gənclik illərinə qədəm qoyacaq. Lakin onunla söhbət etdikdə, yaradıcılığına, yazdığı tarixi romanlarına, türk törələri ilə bağlı publisist və araşdırma yazılarına nəzər saldıqca, oxuduqca bir daha əmin olursan ki, illər dəyişsə də o həmişə olduğu kimi, yenə də gənclik enerjisi ilə yaşayıb-yaradır, yeni nəsillər tərəfindən də tanınır və sevilir.
Yunus Oğuz illər öncə, elə indinin özündə də ölkənin ictimai və siyasi həyatındqa ön sıralarda olub. Özünün şəxsi xarakterində olduğu kimi siyasi baxışlarında da dəyişməzliyi ilə çoxlarından fərqlənir və nümunə olaraq yaddaşlarda qalır. Ona uğurlar arzulayır, uca Tanrıdan uzun ömür və cansağlığı istəyir, Çox yaşasın, xoş yaşasın, deyirəm.
Məhv ola yarısı, yarısı qala, çiçəyi quruya, arısı qala. Yenə əvvəlki tək dünya beləcə, yarı torpaq ola, yarı su qala, Bacara bilmirəm bu dünya ilə…
Dağı da, daşı da, suyu da doğma, yaz kimi payızı, yayı da doğma. Yenə əvvəlki tək dünya beləcə, yarı yad görünə, yarı da doğma- Bacara bilmirəm bu dünya ilə…
Çəkmir əvvəlki tək tamı da bizi, dünya bir məclisdir, tamada bizik. Təqdimlə, təltiflə tərif eləyib, hamıya yaxşıca tanıdar bizi, Bacara bilmirəm bu dünya ilə…
İlini, ayını, gününü bilmir, toyunu, yasını, vayını bilmir. Dünyanın işləlri düşüb qarışıq, özü öz yaşını, soyunu bilmir, Bacara bilmirəm bu dünya ilə…
Salam olsun, dəyərli oxucum! Özündə tükənməz güc-qüvvət ehtiva edən sözün tək və yeganə sahibi uca Yaradana şükürlər olsun ki, yeni gözəl bir səbəbiyyət üzərindən Sizinlə körpü qurmaq bizə müyəssər oldu. Min şükür!
Əlbəttə bu fikir subyektiv qəbul olunmalıdır. Belə düşünürəm ki, bütün digər Şərq xalqlarında olduğu kimi bizdə də (bax bu yazını yazdığım dildə oxuyub anlayanlar) şeir yazmağa meyillilik, aludəçilik var. İstiqanlıyıq, həssasıq… Tez coşuruq… Ağına-bozuna baxmadan şeir qoşuruq… Cild-cild kitablar yazırıq. Tacir də yazır, müəllim də qoşur, alım də nəzmə çəkir və d. Əlqərəz yazmaq, qoşmaq bizim üçün adi bir işdir. Vəzifə və sənətimizdən asılı olmayaraq bu işi çoxumuz bacarırıq. Bu qabiliyyət anamızın südü, çəkdiyi bayatılarla hopur canımıza, qanımıza… Bir balaca qəmlənən və ya sevinən kimi sövqi-təbii qoşmalar qoşulur, boylar boylanır, dastanlar bağlanır… Gündəlik qayğılarımızdan dolayı məcubur olduğumuz işlə yanaşı şairliyi də yaşadırıq… Hərəmiz öz bildiyimiz kimi; həkim şair, müəllim şair, taksi sürücüsü şair və hətta qəssab şairlərimiz də var… Bir sözlə hər öz həyatını yaşayır, şairlik şələsini də çiynindən yerə qoymur… Hərənin də öz həqiqəti və ehtiyacları var. Ələxsus son otuz ilin söz dünyasına quşbaxışı bir nəzər salsaq, mavi suların qoynunda bir şair görürük. Mən mavi sulara, sonsuz səmanın ənginliklərinə qərq olmuş bu şairə nə dənizçi, nə təyyarəçi, nə balıqçı şair deyə bilmərəm. Bu əsl şair həyatı yaşayan (bütün parametrlərilə) şairdir.
Şairin qələmə aldığı ən yeni nümunələrdən birinə nəzər salaq (onun ötən əsrin sonlarında müxtəlif məkanlarda, fərqli vəziyyətlərdə, zaman şərtlərində yazdığı şerlər də var):
Mənim qoca şəhərim, mənim uca şəhərim,
neçə ilin həsrətini çəkən, yorğun Şəhərim!
Özümüzdən çox uzaq,
könlümüzə çox yaxın,
gözümüzlə görünməyən tənha, oğrun Şəhərim!
Burada şairin mühətabı Şuşa (Qala) şəhəridir. Qələmə aldığı hisslər ən son hadisələrin eyforiya qarışıq coşqunluğu ilə yoğrulsa da, cilalayıcı şair ruhu heç bir misrada çiy sözə yer verməmişdir. Bu nümunədə mühətabı Nəsimi ilə, M.Ə.Sabirlə, bütün Azərbaycanın özü ilə asanlıqla əvəz etmək olar. Əslində isə şair özü ilə söhbətləşir…
Çətin və bəzən hətta məşəqqətli olsa da şair həyatı yaşamaq hər şairə nəsib olmur… Dənizçi Faiq Balabəyli, tacir-sabunçu Sabir kimi, tacir-müəllim Hadi kimi əsl şair həyatı yaşayan barmaqla sayıla biləcək qədər az şairlərimizdən biridir.
Bu yazını yuxarıdakı qaydada əziz dostum, qardaşım Faiq Balabəylinin lap körpəlikdən qələmə aldığı istənilən nümunə ətrafında həcmcə nə qədər istəsəniz böyütmək olar. Bütün səmimiyyətimlə qeyd etmək istəyirəm ki, buna ehtiyac yoxdur.
Filologiya elmləri doktoru, professor Mahirə Nağıqızının Faiq Balabəyli yaradıcılığına həsr etdiyi “Dəniz adamı” məqaləsindən kiçik bir hissəni xatırlatmaqla yazımı yekunlaşdırmaq istəyirəm: “Bütöv Azərbaycan uğrunda mübarizədə yorulmadan çalışan öz mənalı, məntiqli şeirləri, publisist yazıları ilə Faiq Balabəyli bir ordunun görəcəyi işi öz çiyinlərində şərəflə daşıyır, yorulmadan daşıyır.”
Bəli, Faiq Balabəylini şair edən, onu bir ömürlük şair həyatı yaşamağa məhkum edən bu qayğıdır. Onun həssas qəlbində pərvəriş tapıb bir türlü ovunmayan intizar, həsrət Azərbaycan sevdası… Bu sonluğa ustad sənətkar Bəxtiyar Vahabzadənin “Payız düşüncələri” kitabının və “Vətəndaş” şeirinin adını yazmaqla xüsusi bir rəng qatmaq istəyi keçdi könlümdən… – əziz və dəyərli oxucum düşün ki, qeyd etdiyim bu iki nümunə də Faiq Balabəyli üçün, onun adına yazılıb, onun həyatını əks etdirir…
Mənim şair qardaşım Faiq Balabəyli, 60 nədir ki, …?! Allah sənə uzun ömür versin, 70-də, 80-də, 90-da görüşək… Bütün Azərbaycan dağlarına, çəmənlərinə bal toplamağa getmiş arıların öz pətəklərinə dönsün… Bal kimi şeirlərin süzülsün… Necə ki, belələri var:
Doyunca əyilib içdim suyundan;
Tamı tamahlandırdı, yumdum gözümü,
dadı damağıma köçdü, içimə çəkdiyim
havanı udmaq
geri qaytarmamaq… yordum özümü…
və yaxud:
İndi hay-həşir salacaq
uçacaq ac qağayılar
Qayığın saldığı izə
qonacaq ac qağayılar.
Ömrünü belə yaşayar –
nəfəsi kəsilənə qədər.
İçində qayğı daşıyar
Boğular nələr və nələr…
… , Can Qardaş, can. Sənin nələr çəkdiyini mən bilirəm. Mən.