Bəzən insan sevdiyinə addım atmır, işıq kimi süzülür ona doğru. Səs salmadan, iz qoymadan… Zaur Ustacın bu misralarında sevgi cismani varlıqdan çıxıb nur halına çevrilir.“O işıq mən idim” demək — mən artıq bədən deyiləm, mən hissəm, mən ruham deməkdir. Qonaq gəlmək isə müvəqqəti yox, ehtiramlı bir varoluşdur; sevəni incitmədən, ürəyinə toxunmadan var olmaq istəyi. Bu işıq qaranlığı dağıtmaq üçün yox, qaranlıqda gizlənən gözəlliyi görmək üçün gəlir. “Qapqara zülfünü görmək istədim” misrası zahiri bir istək kimi səslənsə də, əslində insanın sirrə duyduğu ehtiyacdır. Qara zülflər gecəni xatırladır — dərin, səssiz, sirli… O gecədə itmək yox, o gecəni anlamaq arzusu var. “Toxunmaq istədim, ağ bədəninə…” — burada toxunuş ehtirasın dili ilə yox, müqəddəsliyin sükutu ilə danışır. Ağlıq saflığın, paklığın rəmzidir. Bu toxunuş istəyi bədəni deyil, varlığı duymaq ehtiyacıdır. İnsan sevdiyini toxunaraq yox, hiss edərək yaşamaq istəyir. Çünki həqiqi sevgi iz buraxmaqdan çox, iz olmamaqdır. “Telindən sünbüllər hörmək istədim…” — bu misra isə sevginin yaradıcılığa çevrildiyi andır. Sünbül həyatdır, bolluqdur, ümiddir. Sevilənin bir telindən belə həyat hörmək istəyən sevgi artıq özünü yox, gələcəyi düşünür. Bu sevgi almaq istəmir, yaratmaq istəyir. Sahiblənmir, becərir. Bu misralar bizə göstərir ki, sevgi bəzən bir baxış, bəzən bir işıq, bəzən də qonaq kimi gələn bir ruha çevrilir. O sevgi nə qışqırır, nə tələb edir. Sadəcə var olur — səssiz, dərin və unudulmaz. Zaur Ustacın sözlərindəki işıq, hər oxucunun içində bir anlıq yanır. Kimisi üçün həsrət olur, kimisi üçün dua, kimisi üçün isə ömür boyu sönməyən bir xatirə. Amma bir həqiqət dəyişmir: İşıq olan sevgi heç vaxt kölgə salmır.
Göndərdiyimiz materialları əlüstü dərc edir. Həm də usanmadan, yorulmadan, təmənnasız və böyük zövqlə. Yeniliyə can atandı. Bütün çətinliklərə rəğmən içində dopdolu şükranlığı var. Həmişə haqqın və ədalətin yanındadı. Sözə vurğundu, vətən və torpaq təəsübkeşidi. Böyük iddiaları yoxdu. Nə lazımdısa, onu edir. Alqış adamı deyil. Sadəliyi və səmimiyyəti ilə seçilir. Sözü də safdı duyğuları kimi. Şeirləri adamı dağa,daşa salmaz. Hamının başa düşəcəyi dildə yazar. Zaur Ustacdan danışıram. Hərbçi yazar Zaur Ustacdan. Gördüyü işdən zövq alar, yorulmaz. Eyni zamanda “Yazarlar” jurnalının yaradıcısı və rəhbəridi. Hər kəs bu jurnalın qapısını ərklə açar. Bu ərki insanlara da Zaur Ustac özü verib. Jurnalda işıqlı yazılar dərc olunur. Mövzu rəngarəngliyi ilə də seçilən dərgidə yazarın öz nəfəsi var. Gördüyü bütün işlərin arxasında ürəklə dayanır. Qarşılıq gözləmədən və heç nə ummadan. Torpaqlarımızın azad olmasında böyük əməyini də danmaq olmaz. Bir sözlə əsl Azərbaycanlıdı və bu torpağın vətəndaşı olmasıyla da fəxr edir. Hər kəs sözünü ona etibar edə bilər. Hazırda “Yazarlar” respublikanın ən qabaqcıl mətbu orqanları ilə rəqabətə girəcək gücdədi və onun bu səviyyədə oxunaqlı olmasında Zaur Ustacın böyük xidməti var. İmzası Sözüdü. Ona bu müqəddəs işdə böyük səbr və dəyanət arzulayırıq. Səbr və dözümün olduğu yerdə isə uğur həmişə var.
Zaur Ustac, çağdaş Azerbaycan edebiyatında tanınmış bir şair, yazar ve edebiyatçıdır. 8 Ocak 1975 Yılında Azerbaycan’ın başşehri olan Bakü’de doğmuştur. Okul hayatına Ağdam`ın Yusifcanlı köyünde başlamış, ardından Bakü Dövlet Üniversitesinde, Bakü Ali Birleşmiş Kumandanlık okulunda, “Beynəlxalq İxtiraçılıq və Biznes Enstitüsü’nde ve “Şamahı Humanitar Koleji’nde tahsil hayatını devam ettirmiştir.
Zaur Ustac, “Yazarlar” dergisinin kurucusu ve baş editörüdür. Zaur Ustac, edebi kariyeri boyunca çeşitli şiir kitapları, hikayeler ve denemeler yazmıştır. Azerbaycan Jurnalistler Birliği’nin (AJB) üyesi olan Zaur Ustac “Kızıl Kalem” mükafatı sahibi, 2019 Yılından bu yana Prezident Tekaüdçü’sü unvanına sahip olmuştur. Zaur Ustac, aynı zamanda Azerbaycan’ın bağımsızlığı ve milli kimliği konularında da önemli çalışmalar yapmış bir yazardır.
Zaur Ustac’a
Gâh bir masa başında, Gâh bir ağaç altında, Tabiatın koynunda, Şiirler gelir dile, Ustaca yazan Ustac.
Vatanperver esası, Kahramanlık temas’ı, Tarih, insan mirası, Eserler gelir dile, Ustaca dizen Ustac.
Milli, manevi değer, Milli ruha baş eğer, Hizmetinde var hüner, Ödüller gelir dile, Ustaca sezen Ustac.
Həmsöhbətimiz – Azərbaycan ədəbiyyatının parlaq simalarından biri, şair, yazıçı, tərcüməçi, jurnalist, “Yazarlar” jurnalının baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm” mükafatı laureatı Zaur USTAC dır.
Sual: Yazı yolunda ilk addımlarınızı atarkən hansı çətinliklərlə üzləşdiniz və onları necə aşdınız? Cavab: Tam səmimi, ilk yazılardan heç bir çətinliklə üzləşmədim. İlk addımlar dediyiniz vaxt ötən əsrin 80-ci illərinə təsadüf edir. Həmin dövrdə gündəlik həyatımızda baş verən hadisələr barəsində yazdığım yazıları əsasən Ağdam rayonunda dərc olunan “Lenin yolu” qəzetinə göndərirdim. Göndərdiyim yazılar adətən dərc olunurdu. Göndərdiyim yazılar ayrıca məqalə şəklində dərc olunmayanda belə “Sətirlər” başlığı altında yazıdan mühüm məqamlar mütləq verilirdi. Sual: Həyatınızda dönüş nöqtəsi saydığınız bir hadisəni bizimlə bölüşə bilərsinizmi? Cavab: Hərbi xidmət. 5 aprel 1993-cü il, axşam saatlarında (təxminən 17:00-18:00) Yaşmada Azərbaycanda yeni yaradılan Xüsusi Təyinatlı bölmələrin toplanış məntəqəsinə düşdüyüm an (hətta düşməmiş belə, bizi gətirən hərbi maşının yük yerindən gənc əsgərlərin ora-bura qaçışdığı səhnəni gördüyüm andan) həyat haqqında olan bütün fikirlərim köklü şəkildə dəyişdi. Hələ də həmin əhval-ruhiyyədəyəm. Sual: Peşəkar həyatınızda sizə dəstək olan bir insan olubmu? Onun hansı xüsusiyyətləri sizə xüsusilə təsir edib? Cavab: Bəli. Həyatımın istənilən pilləsində dəstəkçilərim olub. Onların həssaslığını, ədalətli mövqeyini qiymətləndirirəm. Və mümkün qədər ənənəni davam etdirməyə çalışıram. Xüsusilə hərbi təhsil aldığım vaxtlarda mayor Orucəliyevin etdiyi yaxşılıqları heç vaxt unuda bilmərəm. Allah rəhmət eləsin. Sual: İllər ərzində qazandığınız ən dəyərli həyat dərsi nə olub və onu necə öyrəndiniz? Cavab: İstənilən bir hadisədən ibrət götürməyi bacarıram. Bu xüsusiyyəti uzun zaman çətin şəraitlərdə, müxtəlif kollektivlərdə insanlarla işləyərkən qazandım. Sual: Gənc qələm sahiblərinə və yaradıcı insanlara verəcəyiniz ən vacib məsləhət nə olar? Cavab: İstənilən sahədə çalışan gənclər üçün deyirəm ki, məqsədyönlü çalışan şəxs bütün arzularını reallaşdıra bilər. Məqsədiniz dəqiq olsun, hədəflərinizi aydın görün və inamla irəli! Vəssalam! Sual: Yaradıcılıq böhranına düşəndə özünüzü necə toparlayırsınız? İlhamı harada və necə tapırsınız? Cavab: Mümkün qədər çox gəzirəm, daim müşahidə aparıram. Hazırda irili-xırdalı çoxlu əsərlərin (məqalə, poema, hekayə, povest, roman, pyeslərin) möhtəviyyatı hazır olsa da, oturub işləməyə vaxt yoxdur. Hələlik böhranla üzləşməmişəm. Məncə daim xalqın içində olan yaradıcı şəxs böhranla üzləşməməlidir. Əgər belə bir hal olarsa, gəzmək, görmək lazımdır. Sual: Oxucularınıza təkcə hekayələr yox, həm də dəyərlər ötürmək istədiyinizi hiss edirik. Bu dəyərlər sizdə necə formalaşıb? Cavab: Məncə əsas xüsusiyyətlər genlə ötürülür. İndi müxtəlif vasitələrlə ötürməyə çalışdığımız dəyərləri zamanla ata – babalarımızdan əxz etmişik. Sual: Zaman keçdikcə yazı üslubunuzda və yanaşmanızda hansı dəyişikliklər baş verdi? Sizin üçün inkişaf nə deməkdir? Cavab: Gənclik illərində (konkret olaraq 1990-1993-cü illərdə) nəsr və nəzmlə dram əsərləri də yazırdım, satirik şeir daha çox yazırdım indi bunları azaltmışam. Fikirləri çatdırmağın daha kəsə və asan yollarını axtarıram. Sual: Uğur bəzən insanı zirvəyə, bəzən isə təkliyə aparır. Uğur qazandıqdan sonra həyatınızda nələr dəyişdi və bu dəyişikliklər sizi hansı düşüncələrə gətirdi? Cavab: Sizə bir söz deyim. Hər ilin sonunda özüm özümə hesabat verirəm (son illər bu hesabatlar dərc olunur). Bundan əlavə hər yeni il başlayanda özüm üçün görəcəyim işlər barədə aylara, rüblərə bölünmüş şəkildə illik plan tuturam. Və il boyu bu işlər reallaşdıqca nisanlayıram (“+” işarəsi qoyulur) hər “+” özlüyündə mənim üçün böyük uğurdur. Uğurların sayı artdıqca məsuliyyət hissi daha çox artır. Sanki, özümü daha çox iş görməyə borclu hesab edirəm. Bu qədər.
Söhbətdaşımız – Azərbaycan ədəbiyyatının parlaq simalarından biri, şair, yazıçı, tərcüməçi və jurnalist, “Yazarlar” jurnalının redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm” mükafatı laureatı Zaur USTAC dır.
1 — 1988-ci ildən ədəbi fəaliyyətə başlamısınız. Həmin dövrün ruhi-siyasi ab-havası və ilham mənbələri Zaur Ustacın qələm ustalığını necə formalaşdırdı? O illərin yükü bugünkü qələm səslənmələrində necə əks olunur? — Doğrudur. “Əməyə məhəbbət” adlı ilk yazım 24 may 1988-ci ildə rəsmi mətbu orqanda dərc olunub. O dövrün mövzuları əsasən əməyi və bayramları tərənnüm etmək idi. Real gündəlik həyatımızı əks etdirən yazılar yazırdıq. Necə deyərlər, – “düzü-düz, əyrini-əyri”. Məncə o illərdən bu günə daşıdığım ən faydalı vərdişlərim elə budur – realist olmaq, hər şeyə açıq gözlə baxmaq, yaxşıları tərənnüm etmək, əhmiyyətli əməllərdən söhbət açmaq, xalqın içində – gündəlik həyatda olmaq. Zəhmətkeş olmaq. Yorulmadan, usanmadan çalışmaq. Bax belə.
2 — Siz tez-tez “qələm saflığı” anlayışını vurğulayırsınız. Bu ifadə sizin üçün şəxsi inancdır, yoxsa ədəbi bir manifest?
—Əvvəlki sualınızın cavabında qeyd etdiyim kimi, biz belə öyrənmişik. Bu bir normadır. Faydalı, əhəmiyyətli uzun illərin sınağından çıxmış ədəbi norma – manifest də deyə bilərsiniz. Kəsədən bu bizim iş qaydamızdır. Məncə xeyir, fayda bu yoldadır. Ümumi işimizin xeyirinədir.
3 — Yazıçılar bu gün xalqın qəlbi və vicdanı olaraq necə bir rol oynamalıdır, sizcə?
—Cahangir qardaş, sualları elə seçmisiniz ki, söhbətimiz tam bir yazı kimi – nəzm kimi axır. Maşallah olsun. Bu sualın cavabı elə bayaq söylədiklərimdir. Yazıçı da, şair də, alim də xalqın içində olmalıdır. Onların nə düşündüyünü, gündə neçə dəfə, nə yeyib, nə içdiyindən xəbərdar olmalıdır. Məsələn götürək elə mənim ilk qələm təcrübələrimin dərc olunduğu vaxtları… Bəxtiyar Vahbzadə, Xəlil Rza, Xudu Məmmədov, Anar, Elçin… Keçənlərə rəhmət, qalanlara can sağlığı. Yaradıcılıq məhsulu, yazar sözü səmimi və içdən olanda həm də faydalı olur. Deyən üçün də, eşidən üçün də. Xalqın vəziyyətindən xəbərdar olmalı, real həyatdan yazmalı, xalq üçün faydalı, gələcək nəsillər üçün tarix yazmalıdırlar. Bu qədər.
4 — Qarabağ müharibəsi həyatınızda və yaradıcılığınızda necə iz buraxdı?
—Bir gündə dünyada mövcud olan maraqların çoxu yoxa çıxdı. Çox məsələlər adilişdi. İnsan olmağın, insanlığın, sağlamlığın, sağ qala bilməyin dəyəri, vacibliyi artdı. Zamanın ən dəyərli nemət olduğunu anladım. Salamat olduğum hər an üçün daha çox şükür etməyə başladım. Daha çox işləməyə və yaxşılıqlar, təmənnasız yaxşılıqlar etməyə başladım. Və biz nə etsək də Böyük Allahın bizə olan lütfünün qarşısında çox cüzi – dəryada bir zərrə misalı – nəsə edə biliriksə, nə xoş halımıza.
5 — “Ustac.az” mərkəzi vasitəsilə siz elm, yaradıcılıq və şəxsi inkişafı bir araya gətirmisiniz. Sizcə, bu mərkəz gələcəkdə hansı istiqamətlərə xidmət etməlidir?
— Bizim fəaliyyətimiz elə bu istiqamətdə də davam edəcək. Yaşından, mənsəbindən, cinsindən asılı olmayaraq bizə ehtiyacı olanların yanında olacağıq. Bu bizim məqsədimiz, məramımız, işimizin qayəsidir.
6 — Həyatın ən ağır dərslərindən biri — itkilərdir. Siz bir yaradıcı şəxs olaraq itkilərdən nələri öyrəndiniz?
—Həyatda olduğum hər an üçün şükr etməyi və əlimdə olana dəyər verməyi öyrəndim. Paylaşmağı və bundan zövq almağı öyrəndim. Sözün əsl mənasında həyat paylaşdıqca daha gözəl olur.Belə ibrətamiz suala görə sizə xüsusi təşəkkürlər.
7 — İnsan üçün iki böyük vətən var: biri doğma torpağı, digəri — qəlbidir. Siz bu iki vətən arasında ədəbiyyat vasitəsilə necə bir körpü qurmusunuz?
—Mən onları birləşdirmişəm. Divin canı şüşədə olan kimi, mənim də qəlbim elə öz torpağımda rahatlıq tapır, asudə döyünür, ritmini bu Yurdun bulaqlarının, şəlalərinin səsinə uyğunlaşdırır. Mən bununla xoşbəxtlik tapıram. Yurdumun çiçəkləndiyin gördükcə fəxarət hissi köksümü qabardır. GƏNCLİYİMİN HƏDƏR GETMƏDİYİNİ ANLAYIRAM. Bu bir başqa hissdir.
8 — Həyatın çətinliklərindən yorulan zaman insanlar ya səssizliyə, ya da dua və ibadətə yönəlir. Siz yorğunluqdan ruhən necə xilas olursunuz — şeir yazaraqmı, təbiətə baxaraqmı, yoxsa dinclik içində susaraqmı?
—Mən bu barədə bir neçə dəfə demişəm. Mənim bu günə kimi heç bir çətinliyim olmayıb. Ürəyimdən nə keçib, Böyük Allahım hamısını mənə nəsib edib. Sadəcə Yurdumu gəzməkdən, şeir yazmaqdan, şeir söyləməkdən zövq alıram. Yazılması vacib bildiyim mətləbləri əsasən gələcək nəsillər üçün qələmə alıram. Bu qədər.
9 — Bu günkü nəslin elmi və intellektual potensialı sizi ruhlandırır, yoxsa narahat edir?
—Bütün hallarda sevinirəm. Ruhlandırır.
10 — Özbəkistan və Azərbaycan xalqları arasında ədəbi-mədəni əlaqələri necə qiymətləndirirsiniz? Bu münasibətləri hansı yeni mərhələyə çıxarmaq olar?
—Bizm xalqlarımız sözün əsl mənasında qardaş xalqlardır. Dilimiz bir, adətlərimiz birdir. Tarix boyu daim bizi ayırmağa, yad kimi təqdim etməyə çalışsalar da, bax bu gün bizim aramızda olan söhbət sübut edir ki, heç kim, heç nəyə nail ola bilməyib. Şübhəsiz ki, gələcək daha gözəl olacaq. Bütün sahələrdə daha da sıx əlaqələr qurulacaq.
11 — Şair daim içində nəyisə itirmiş, axtaran, kövrəlmiş bir haldadır… İtkilər sizdə hansı şeirlərə çevrilib?
—Maraqlı və ibrətamiz sualdır. Ələxsus torpaqlarımızın müdafiəsi və azad olunması uğrunda Həmdəm Ağayev, Vüqar Ağayev, Şükür Həmidov, İlqar Mirzəyev kimi qardaşlarımızı itirməyimiz mənə çox pis təsir etdi. İlqara ithaf etdiyim silsilə şeirlər var. Lap bu yaxında “40 gün – 40 şeir” adlı şəhidlərimizə həsr etdiyim şeir kitabı nəşr olunub.
12 — Zaur Ustac öz qəlbini necə eşidir? Özünüzlə daxili dialoqu necə aparırsınız?
Çox həssas insanam. Bəzən bu mənə əziyyət verir. Əzab çəkirəm. Sakit olduğum qədər də çılğınam. Demək olar ki, bu günə qədər ancaq ürəyimin səsi – diqtəsi ilə yaşamışam. Beynimə ancaq riyazı hesablamalar aparan zaman müraciət edirəm. Ruhumla dialoqum həmişə uğurlu alınır. Özüm özümü yaxşı tanıyıram.
Söhbətləşdi: Cahangir NAMAZOV, Azərbaycan Jurnalistlər Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü
Hər xalqın taleyində öz qələmi ilə tarix yazan, özü ilə bir dövrü izah edən şəxsiyyətlər var. Onlar qələminin mübarizəsi ilə sinəsini düşmənə sipər edən, hər misrasında millətinin ağrılarını, sevincini, yaddaşını yaşadan əbədi izlər buraxırlar. Bu şəxsiyyətlərdən biri də – sözün əsgəri, vətənin şairi, publisist, müharibə iştirakçısı, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm” mükafatı laureatı, Prezident təqaüdçüsü – Zaur Mustafa oğlu Mustafayev, tanınan ədəbi adı ilə Zaur Ustacdır.
Zaur Ustac təkcə bir şair deyil – o, döyüşçü ruhun, xalq yaddaşının və əbədi vətən sevgisinin canlı simvoludur. Onun misraları yalnız söz deyil, həm də yaddaşdır, tarixdir, torpaq uğrunda tökülən qanların qırmızı rəngini daşıyan bir haqqın səsləndirilməsidir.
Birinci Qarabağ müharibəsinin iştirakçısı olan Zaur müəllimin şeirləri və publisistik yazıları sadəcə ədəbi nümunə deyil, həm də mübariz bir insanın yaşadığı ağrını, gördüyü həqiqətləri və çəkdiyi dərdləri cəmiyyətə çatdırmaq üçün bir çağırışdır. O, silahı ilə vətəni qoruduğu kimi, qələmi ilə də ruhumuzu qorumaqdadır.
Zaur Ustacın qələmindən süzülən hər bir misra sanki şəhid ruhlarının pıçıltısı, Qarabağ dağlarının ahəngi, ana dualarının nəfəsidir. Onun yazdıqları milli ruhun və mənəvi dəyərlərin aynasıdır. Vətən dərdi ilə yoğrulan qəlbində, sətir-sətir millət sevgisi, xalq sevgisi yaşamaqdadır.
O, qələmini təmiz saxlayan, sözünü qoruyan və millətin ruhuna sahib çıxan bir sənətkardır. Zaur müəllim sadəcə söz adamı deyil – o, zamanın sözlə çəkilmiş rəsmi, müharibənin poetik salnaməçisidir.
Bu gün cəmiyyətimizin belə simalara ehtiyacı var – həm döyüşçü, həm də düşüncə adamı olan, xalqın ağrısını içində çəkən, amma onu sənətlə təskinləşdirən… Zaur Ustac belə bir şəxsiyyətdir.
Onun adı bu xalqın yaddaşına qazınmış bir işıqdır. Və əminik ki, gələcək nəsillər də onu – sözün sərkərdəsi, ədalətin qələmi, haqqın şairi kimi tanıyacaq.
Səni tanımaq, səninlə qürur duymaq bir millət borcudur, Zaur müəllim!
– Zaur bəy, ilk öncə, oxucularımız üçün özünüzü necə təqdim edərdiniz? – Mənim üçün ən sadə və doğru təqdimat yəqin ki, yurduna, xalqına, adət və ənənələrinə bağlı “şair Zaur Ustac” ifadəsi uyğun gələr.
– Zaur bəy, kitab, kitabçılıqla bağlı təbliğat məsələsində digər həmkarlarınızdan çox seçilirsiniz. Bu nə ilə bağlıdır? – Mən bu barədə onu deyə bilərəm ki, kənardan necə görünməsindən asılı olmayaraq sadəcə ürəyimdən keçənlərin hamısını həyata keçirməyə çalışıram. Yazmaq, kitab həyatımın mənası bəlkə də yeganə yaşam səbəbimdir. Çünki həyatımın hər mərhələsi kitablarla bağlı olub. Uşaqlıqdan kitablar mənim ən yaxın dostum, müəllimim, hətta sirdaşım olub. Sonradan yazmaq da təbii bir ehtiyac kimi formalaşdı. Məncə, mənim həyatda missiyam elə bundan ibarətdir.
– Yazmağa nə vaxt başladınız? İlk qələm təcrübəniz necə oldu? – İlk yazılarım məktəb illərinə təsadüf edir. Həmin vaxt qısa şeirlər yazırdım. Sonra hiss etdim ki, söz mənim üçün sadəcə ifadə vasitəsi deyil, həm də mənəvi bir dayaqdır. Ədəbi yaradıcılığımın əsas məqsədi də məhz insanlara bu dayaqdan pay verməkdir.
– Yaradıcılığınızda əsas mövzular hansılardır? – Mənim poeziyamda bir neçə əsas xətt var: Ana mövzusu, Vətən sevgisi, Türk dünyası ideyası və Bütöv Azərbaycan arzusu. Bunlar mənim üçün sadəcə mövzular deyil, həyat fəlsəfəmdir.
– Ana mövzusu yaradıcılığınızda niyə bu qədər mühümdür? – Ana həm mənim şəxsi həyatımda, həm də ümumbəşəri mənada müqəddəs bir varlıqdır. Ananın obrazı sadəcə bioloji deyil, həm də mədəni, mənəvi və ilahi anlam daşıyır. Mənim üçün Ana dünyanı izah edən, onu yaşadan əsas rəmzdir.
– Zaur Ustacın poeziyasında Türk dünyası mövzusu xüsusi yer tutur. Bu, sizin üçün nə ifadə edir? – Türk dünyası bir ruh, bir qan yaddaşı, bir dil sevgisidir. Mənim arzularımdan biri türkün hər yerdə birliyini, həmrəyliyini görməkdir. Şeirlərimdə bu hissləri yaşatmağa çalışıram. Mənə görə, Türk dünyası həm tarixi kökümüz, həm də gələcək ümidimizdir.
– Müasir Azərbaycan ədəbiyyatında özünüzü necə görürsünüz? – Mən özümü bu ədəbiyyatın bir parçası hesab edirəm. Burada çox dəyərli yazarlar var və hər kəs öz payını söz meydanına gətirir. Mənim də missiyam – oxucunun ruhuna toxunan, onu düşündürən, həm də ümid verən sözlər deməkdir.
– Ədəbiyyatla yanaşı publisistika ilə də məşğulsunuz. Bunun səbəbi nədir? – Məncə, yazıçı yalnız poeziya ilə kifayətlənməməlidir. Cəmiyyətin gündəlik problemlərinə də sözlə işıq salmaq vacibdir. Publisistika mənim üçün ədəbiyyatın daha operativ qanadıdır.
– Oxucularınıza hansı mesajı vermək istərdiniz? – Oxucuya mesajım çox sadədir: kitab oxuyun, sözdən ayrı düşməyin. Çünki söz insana həm kimliyini, həm də yolunu göstərir. Sözünü itirən xalq gələcəyini də itirir.
Usmiyevlər nəslindən olan Tutibikə xatun Quba xanı Fətəli xanın həyat yoldaşı və Dərbəndin hakimi idi. Onun haqqında çox az məlumat var. Bu da bir daha onu göstərir ki, islamiyyət dövründə qadınların hakim olmasına və orduya rəhbərlik etməsinə heç də yaxşı baxmırdılar. Bütün bunlarla yanaşı düşmən Dərbəndə hücum edəndə və ərinin ölüm xəbəri şayiəsi yayılanda Tutibikə buna inanmadı və doqquz ay mühasirədə qalan şəhəri qorudu. O 1786-cı ildə vəfat edib.
***
Avropada yayılan rəylərə baxmayaraq, orta əsrlərdə türk xalqları arasında qadının vəziyyəti heç də hüquqsuz və qul kimi deyildi. Bunu Jan-Pol Ru yazır. Qədim türklərdə islamaqədərki dövrlərdə ailədaxili münasibətlərdə qadınlar bərabər hüquqlu idilər, şəxsi azadlıqları vardı, ictimai işlərdə fəal iştirak edirdilər. Ziya Göyalpın tədqiqatlarına görə, qədim türklərdə özünəməxsus feminizm mövcud idi.
“”Qan Turalı atasına deyir: “Ey əziz atam, əgər mənə məsləhət görürsənsə evlənim, bil ki, mənə hansı qız lazımdır… mən yerimdən durmamış, o dursun, atım yəhərlənməmiş, o atını artıq çapsın. Mən düşmən torpağına ayağımı basmamış, o orada olsun, mənə onların kəsilmiş başlarını gətirsin. Hə, əziz atam, beləsini istəyirəm… Yoxsa mənə elə qız məsləhət görəcəksən ki, mən də imtina edə bilməyəcəm, sonra ikimiz də çürüyəcəyik… “Qan Turalı kipriklərini qaldırıb gözaltı qıza baxdı. Görür ki, o at üstündədir, nəinki at, hətta özü də zirehə bürünüb, belində qılınc, əlində də nizə”… nə istəyirdi, o da həyata keçdi.”
“Dədə Qorqud”da onu da oxuyuruq ki, qadınlar türklərdə əla at çapır, dövrün bütün silahlarından ustalıqla istifadə edirdilər. Hətta tarixdə bəhs edilən amazonkalardan heç də geri qalmırdılar. Dastanda Burla xatunu, Selcan xatunu yada salın. Onlar necə döyüşürlər, vuruşurlar, düşmənləri necə məğlub edirlər.
Beyrəyin Banuçiçəyini də unutmayın.
Firdovsi “Şahnamə” əsərində yazır ki, turan qadınları öz qəhrəmanlıqları ilə ad qazanıblar.
Bu əsərdə Təhminə, hətta öz ərini üstələyə bilir və “süvari” adına sahib olur.
Hələ yol kəsən Ərəbzəngiyə bir nəzər yetirin, heç kim onu üstələyə bilmir.
Türk qadınlarının qonşuluğunda yaşayanların, məsələn, çinli qadınların vəziyyəti isə tamam başqa idi. Qədim çin yazılarının birində ailənin başçısı ataya müraciətlə deyilir: “Qızın beş-altı yaşı olanda bütün günü evdə olmalıdır, qaçmağa və oynamağa icazə verməyin. Yeddi-səkkiz yaşında ev işlərini öyrədin; yer süpürmək, qazan təmizləmək, qab yumaq, toxumaq. On yaşı olanda evdən çıxmağı və ailənin oğlanları ilə oynamağı qadağan edin. Əgər evə qonaq gələrsə, o heç kimin gözünə görünməsin. Əgər bu qonaq qohumlardandısa gəlib hörmətlə salamlaşmalı və çəkilməlidir.
Ona çox danışmağa və ucadan gülməyə icazə verməyin, qohumları evində yaşamaq yasaqdır…
Valideynlər qızlarına tabe olmağın üç qaydasını öyrətməlidir: evdə atasına tabe olmalı, ərə gedəndə ərinin, dul qalanda isə oğlunun əmrlərilə oturub durmalıdır.”
Beləcə konfus əxlaqı ilə tərbiyə olunmalıdır. Əgər qız, yaxud qadın atasına və ya ərinə qulaq asmırdısa, ölümə məhkum olunurdu, özü də boğularaq.
***
Qədim türklər Umay (ilahə) ananı (humay) çox sevir və sitayiş edirdilər, çünki, o anaların, körpələrin və balaca uşaqların himayəçisi və müdafiəçisi idi. Əgər Umay ana hirslənərdisə eldə (dövlətdə) doğuşlar dayandırılardı.
Başqa bir həşəmətli ilahə Öləng (Olənq) idi. O, Tenqirxanın xatunu sayılırdı və suyun, otun, ağacların, nikaha girənlərin himayəçisi və müdafiəçisi idi.
Tovuz rayonunun Qəribli kəndi yaxınlığında I-IV əsrlərin Hun ilahəsinin kiçik heykəli arxeoloqlar tərəfindən kəşf edilmişdir. O da doğuşu və nəsil artımını himayə edirdi.
Başqa bir türk qövmündə, saxalarda nəsilartırma ilahəsi Ayzit adlanır. Deyilənlərə inansaq, Ayzit yeni doğan qadınlara kömək edir və üç gün ərzində başı üstündə dayanıb, onu hər bəladan hifz edir. Bundan sonra o öz evinə, göyün üçüncü qatına qalxır. Ayzit tayfanın əxlaqi kodekslərini pozan qadınlara kömək etmir, əksinə cəzalandırır. Xaqanlıq dövründə ev (ocaq, eşik) təkcə kişiyə məxsus deyildi, həm də onun xanımının idi. Kişi buna görə “ev ağası”, qadın isə “ev xanımı” adlanırdı.
Əfsanələrə görə (əfsanələr də elə-belə yaranmırdı, törələrdən yaranırdı və qövmü, eli qorumaq üçün xüsusi olaraq tayfada, xalqda (bodunda) hökmən bir nəfər söyləməçi (danışan olurdu ki, bütün düzülüb qoşulanları gələcək nəsillərə ötürsün) evdə, eşikdə iki ruh yaşayırdı, hansı ki, ocağı qoruyurdu. Onlardan biri kişi, digəri isə qadın ruhu idi. Birinə “od ata”, digərinə isə “od ana” deyilirdi. Hər səhər evin “gəlini, yaxud qızı ocağa yağ atıb, “od ata, od ana” deyərək dualar edirdi.
İndi bildinizmi, oda, günəşə hörmət etmək hardan gəlib? Törələrdən. Yeni gün (Novruz) bayramı da məhz qədim türklərin gələnəyindən gəlirdi. Hətta min dörd yüz illik islam ehkamları, yetmiş illik həbsxana dövləti olan Sovet İttifaqı bunu qadağan edə bilmədi. Çünki bu bayram mentalitetdən, islamaqədərki adətlərdən irəli gəlirdi. Çünki bu bayramı və digər ayinləri şüur altında oturmuş etnososial psixologiyadan qopub gələn, “belə olmalıdır” deyə icra edirdik.
Törələri unudurduq, islam dini də buna daha çox çalışırdı. Amma, hardasa beynimizin dərinliyində ilişib qalan, hansısa törənin bir hissəsini həyata keçirirdik. İndi də and içəndə “od haqqı”, “ocaq haqqı” deyənlərimiz çoxdur. “Su haqqı” deyənlər də vardır. Təsadüfü deyil ki, yalnız türklər övladlarına “Ocaqqulu”, “Tanrıverdi”, “Tanrıqulu” adları verirlər. İndi də bu proses davam edir. Törədən gələn qaydalara görə, bəzi yerlərdə nəvəyə “torun”deyirlər. İndi bu söz işlədilmir. Bir vaxtlar spermaya (kişiyə məxsus toxum mayesi) “torum” deyilirdi. Bu da nəsil davamçısı anlamına gəlirdi.
Evin girişi (eşik, ona görə indi də, hal-əhval tutanda ev-eşikdə nə var, nə yox, deyə sual veririk) türklərdə müqəddəs sayılırdı. Yad adam evə-eşiyə icazəsiz gələ bilməzdi.
Türklər ailə sədaqətinə inanılmaz dərəcədə sadiq idilər. Əvvəllər, onlara qul və çoxarvadlılıq yad idi. Adətən onlar bir qadına ömürlük sadiq olurdular. Az sayda əsir qadınlardan xidmətçi kimi istifadə edir, zaman keçdikcə onlar da bərabər hüquqlu insana çevrilir, evin bir hissəsi olurdular. Orta əsrlər tarixçisi, ağqoyunlular sarayında hadisələri qələmə alan Fəzlullah ibn Ruzbixan Xuncı özünün “Tarix Aləm areyi” kitabında, baxmayaraq ki, o ağqoyunlular haqqında yazır, lakin biz görürük ki, hələ orta əsrlərin ortalarına qədər törələrə əməl edilirdi. Beləliklə, o qeyd edir:
“- fəth etdikləri yerdə qadınlara toxunmazdılar…
onlara xaqanlıq nəsildən-nəsilə ötürərdilər”, əgər törələr pozulmurdusa…
“həmişə törəpərəst olurdular…
onlar heç vaxt yalançı dini və təriqəti yaymazdılar…
alimlərə, elmə meyl edənlərə hörmətlə yanaşır, onlara hər cürə dəstək verirdilər…
onlar cəsurdurlar…
onlar evlərini öz mülkləri saydıqlarından onu qoruyurdular.
onlar tamahkar deyildilər… dostun və düşmənin ləyaqətinə hörmətlə yanaşardılar…
hakimiyyətləri altında olanların əmlaklarına toxunmur və zəbt etmirdilər…
onlar mülkiyyətində olan tanınmış və sadə insanlara qarşı mərhəmətli və səxavətli idilər, istər bu İnd çayının sahillərinə olsun, istər Azərbaycanda, hər iki İraqda, istərsə də Farsda, yaxud Kermanda…
Göründüyü kimi, hətta islam dövründə də türklər ədalətli, insaflı, sözünə düz, ləyaqətli idilər.
Lakin qədim türklər bu dünyada tək yaşamırdılar, onların Çin, əhəmənilər, sasanilər, yunanlar, Avropa kimi qonşuları da olub və cariyələri başlarına toplamaq da onlardan bizə keçib. Xaqanlığın yaranması ilə yanaşı, hökmdarlar qanuni xanımından savayı, cariyələri də səfərlərə, fəthlərə aparmağa başladılar. Qanuni xanımın cariyələrdən fərqləri əsasən ondan ibarət idi ki, onun övladı xaqan, xan nəslindən idi və hakimiyyətin varisi sayılırdı.
Bəzi türk tayfaları Çinlə sərhəddə yaşayırdılar və tez-tez bu ölkəyə hücum edir, həm də çin qadınlarını məşuqə edib onları saxlayırdılar.
Əgər məşuqə imperator soyundan idisə, ona yanaşma tamam fərqli idi. Bu məşuqələrdən üstün olsa da, qanuni xaqan xatunundan aşağı idi. Məşuqələr, yaxud cariyələr heç vaxt xaqanın arvadı ola bilməzdi. Onların uşaqları heç zaman varis sayıla bilməzdi. (Tarixdə bunun əksinə də rast gəlinib. Sultan Süleymanın cariyəsi Roksalana sonradan qanuni xatunu hesab edilib və oğlu da hakimiyyətə gəlib) Türk qadının mövqeyi ailədə çox yüksək olub. Böyük ailə xaqanlıqda “soy” adlanıb. Əgər əqraba yeddi arxa dönənin hesab edilirdisə, “soy”a yalnız baba və nənə, ata və ana, uşaqlar, dayı və xala, bibi, əmi, onların uşaqları daxil idilər. Beləliklə, soy ən yaxın qohumları, həm ata tərəfindən, həm də ana tərəfindən özündə birləşdirirdi. Ailə ana tərəfdən “ana soyu”, ata tərəfdən isə “ata soyu” adlanırdı. Bizdə isə bu bəzən “qan” və “sümük” qohumluğu adlanırdı.
Ata və ana qohumları ailədə bərabər hüquqlu sayılırdılar. Keçmişdə türk qızları türk olmayana ərə getmirdilər və bir tərəfi də türk olmayana “türk” demirdilər.
Deyilənlər, həm də hakim sülaləyə aid idi. Taxt varisi ata tərəfdən “təkin”, ana tərəfdən isə “inal” (inanc) titulu daşıyırdı. Taxtda oturmuş varis hər iki – təkin və inal titulunu daşımalı idi, daha doğrusu, varisin hər iki tərəfi xaqan nəslindən olmalı idi. Bu qayda, hətta qacarlar (1796-1925) dövrü də daxil olmaqla davam etmişdi. Osmanlı imperiyasında sultan soyun böyük şahzadəsi olurdu.
Əski türklərdə hər hansı bir səbəbdən ailədə tək oğul qalırdısa, hökmən onun qulağına sırğa taxılardı. Əsgərlikdə komandir sırğalı əsgər görüncə, ona təhlükəli vəzifə verməzdi, çünki törə ona bu səlahiyyəti verməmişdi. Əgər soyda sonuncu kişi olardısa, o zaman kişi qulağına iki sırğa taxardı. Buna da əsas səbəb əsgər soyunu davam etdirməsi ən vacib məsələ sayılırdı. Lakin çoxəsrlik türk adətləri zaman keçdikcə zəiflədi. Qədim türk mədəniyyətinin yerini ərəblərin, farsların və başqa qonşuların adətləri və mədəniyyətləri tutdu. Buna baxmayaraq, iyirminci əsrin əvvəllərinə qədər qadın statusu bir çox ölkələrdə və türk tayfalarında qorunub saxlandı.
Birinci Qarabağ müharibəsinin ağır illərində mübarizə aparan və Azərbaycanın ədəbiyyatına dəyərli töhfələr verən şair, publisist, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü Zaur Ustac. Onun həyat yolu, müharibə təcrübələri və ədəbiyyata olan sevgisi, çoxlarının tanıdığı bir şəxsiyyətin arxasında dayanan dərin məna daşıyır. Bu müsahibədə Zaur Ustacla həyatının və yaradıcılığının izlərini danışacağıq.
– Əsl adınız Zaur Mustafayevdir. “Ustac” ləqəbini seçməyinizin hekayəsi nədir? “Ustac” nə deməkdir və niyə məhz bu adı seçdiniz?
-“Ustac” təxəllüsünü ilk dəfə təxmini 90-cı illərdə yazdığım bir şeirdə işlətmişəm. Şeirdə bir bənddə yazmışam:
Saçların var qulac-qulac,
Ustac olub sənə möhtac.
Bu şeirdən sonra “ustac” maraq yaratdı və mən də bunu seçdim. Bir təxəllüsüm olub. İlk şeir yazmağa başlayanda götürdüm və indi də işlədirəm. Həm də hər iki tərəfdən nəslim ustaclı tayfasına- Ərdəbilə-Arazın o biri tərfəinə gedib çatır. Bunun da yəqin ki, bir rolu var. Böyüdükdən sonra başa düşdüm ki, belə əlaqə də var. Peşman olmadım və bu gün də fəxr edirəm ki, bu ləqəbi ləyaqətlə daşıyıram.
– Həm nəsr, həm nəzm yazırsınız. Hansı anda hansı üslub sizi daha çox özünə çəkir? İçinizdə hansı daha güclüdür – şair, yoxsa nasir?
-Mənim üçün heç bir fərqi yoxdur. Niyə? Biz hamımız dastanlarla, aşıq söhbətləri, onlar olmayan zaman-uzun qış gecələrində babaların, nənələrin söhbətləri ilə böyümüşük. Mən 1975-ci il təvəllüdəm. 1979-cu lin mart ayından- Novruz bayramından bugünə kimi hər şeyi xatırlayıram. Belə bir yaddaşım var. Bizim ailəmiz böyük olub. Övladlar, nəvələr qış gecələrində baba evində toplaşardılar.Müxtəlif söhbətlər gedərdi. Həmişə nəzmlə nəsri birlikdə görmüşük. O, deyir, “aşıq sazla dediyini sözlə də dedi”. Ona görə, elə bir fərq görmürəm. Amma yazı yazan zaman sırf həmin məqamla bağlıdır ki, heç nə birdən-birə yaranmır. Beynində düşündükdən sonra nə vaxtsa yazıya köçürüsən. İnsanın özündən asılı deyil. Nəzmlə gələndə nəzmlə yazırsan, nəsrlə gələndə nəsrlə. Yadımdadır ki. “Oriyentir Ulduzu” əsərini yazmışam Mübariz İbrahimov haqqında. Onu mən səhər 5 radələrində əlimdə kitab- dəftər uzaq yol gedərkən yazmışam. Necə ki, indi ağlıma gələn bir şeiri telefona yazıb qeyd edirəm, o zaman da bu əsəri yazıya səhər saatlarında yazdım bitirdim.
-Gənclik illərində təhsili yarımçıq qoyub müharibəyə getmisiniz. O qərarın arxasında hansı duyğular dayanırdı? Bu yaşantılar yaradıcılığınıza necə hopdu?
– Bu həqiqətən maraqlıdır. Mən ümumiyyətlə 1-ci sinifdən 11-ci sinifə kimi təhsilimi Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində almışam. Birinci ordan olmağım rol oynayır. Əslində fərqi yoxdur, Bakıda da yaşasaydım, eynisi olacaqdı. Xasiyyət dəyişməzdir. Mən Ağdamda hərbi qeydiyyatda olmamışdım, həmin zaman hərbi xidmətə rəsmi şəkildə başladığım məqamı desəm, bütün xidmət boyu həmin günü apardığım şəkili hərbi biletə yapışdırıblar və möhürsüz şəkildə hərbi biletlə məni xidmətə göndərmişdilər. Şükür heç problem olmadı. Hər kəsin bir missiyası var, Yaradan özü qoruyur. Mən Bakı Dövlət Universitetinə qəbul olmuşdum, girirdik əsas binaya, baxırdım 5-ci kurs tarix tələbəsi, hüquq tələbəsi, hamısı buraxılışa bir-iki ay qalmış şəhid olub və şəkilləri asılıb. Elə bir zamanda qalıb oxumaq mümkün deyildi. Başqa variantımız yox idi. İndi də yadımdadır, Dəmiryol Vağzalında uşaqlar yola salanda 4 yoldaş idik- birimiz tibbdə, birimiz İqtisad Univeristetində, birimiz də Pedoqoji Universitetdə oxuyurduq. Hamısı neçə dəfə dedi ki, Zaur getmə, düzgün addım deyil. Ancaq mən getdim və peşman da deyiləm. Atəşkəsdən sonra da mən bir il xidmət etdim. Hətta hərbi xidmət atəşkəsdən sonra arayış da verdi ki, “biz təhsilini davam etdirməyinə narazı deyilik”. Atəşkəsdən bir il sonra gəldim universitetə, o zamanlar Rasim müəllim var idi. Sağ olsun o girişdə qarşıladı, məsələhətlər verdi. Hazır sənədlərlə gəlmişdim. 2 seçim var idi, ya Bakı Dövlət Universitetində təhsilimi davam etdirəcəkdim, ya da hərbi akademiyaya gedəcəkdim. Onun məsləhəti ilə oranı seçdim, təhsilimi orada davam etdirdim. Sonra peşəkar hərbiçi oldum, xidmət etdim, indi də ehtiyata buraxılmışam.
-Şeirlərinizdə tez-tez vətən, torpaq, ana yurd mövzularına rast gəlirik. Bəzən düşünürlər ki, bu mövzular klassikdir. Siz bu mövzulara necə yenilik, öz imzanızı gətirirsiniz?
– Bütün söhbətlərdə deyirəm ki, bu mənim öz seçimim deyil. Bu gün bütün söz ehtiyatıma görə, həyatda əldə etdiyim nailiyyətlərə görə hamısnı borcluyam Ağdamın Yusifcanlı kəndində keçirdiyim uşaqlığa. Həm müəllimlərimiz savadlı və tələbkar idi, həm də nənə və babalarımızın rolu böyük idi. Bu yenə bizim adət-ənənələrimizə qayıdır. Ailə vacibdir. İlk yadımda qalan nəzm nümunəsi nənəmin bir gündə 10 dəfə oturanda dediyi şeir yadımdadır.
Araz, Araz, xan Araz,
Alış Araz, yan Araz ,
Otun, suyun qurusun,
Mənim kimi yan Araz
İlk yadımda qalan nəzm budur. Əvvəllər Araz dərdi, sonra torpaqlarımızın işğal edilməsi, onun müxtəlif səbəblərdən olmağı bu yazıları yazdırırdı.
Həm hərbi xidmətdə olmaq, həm elə bir ailədə böyümək, həyatı boyu bu işin içində olmaq, axtarmaq, araşdırmaq istəyi məcbur edir ki, bu mövzuda yazaq. Hansı mövzudan yazsam gedib o mövzulara toxunur.
-Tərcümə kitablarınız da var. Bir yazıçı və şair üçün tərcümə etmək yaradıcılıqla necə uzlaşır? Tərcümə prosesində ən çox nəyə diqqət edirsiniz?
-Tərcümə məsələsi də maraqlıdır. Mən o fəaliyyətimə istəmədən başlamışam. Atəşkəsdən sonra gəldim hərbi məktəbə, orada təhsil rus dilində idi. Təhsilin ortalarında keçmək lazım oldu Azərbaycan dilinə. Bizim də bütün otaqlarımız rus dilində yazılarla dolu idi. Mən Hava Hücumlarında Müdafiə Qoşunları üzrə oxumuşam və bu ən çətinidir. Sonra digər sahələr gəlir. Bizim qrupda 25 nəfər var idi onlardan rus dillilər də var idi. Mən ucqar kənddə təhsil alsam da, rus dilində çox danışmasam da, bu dildə yaxşı mütaliəm var idi. 1-ci kursun sonlarına yaxın bir qrup yoldaşım kursantla birlikdə kafedra rəhbərliyi tərəfindən müəyyən vaxt verilirdi, (hərbidə qayda idi ki tapşırıq deyilən vaxtda hazır olmalıdır) tərcümələr edirdik. Rizvan var idi qrup yoldaşım, hazırda da xidmət edir. Əlinə dəftər alırdı, mən tərcümə edirdim, o da yazırdı. Bizim tərcümələrimizi də katibə xanım yazıb divarlara asırdı.
Hərbi təhsil alan şəxslər bilir ki, bizə iki ixtisas verirlər. Biri hərbi komandan, digəri oxuduğu ixtisas üzrə mühəndis. Mən həm də mühənidsəm. Hamıya maraqlı idi ki, mən nə təhsili alacam. Əvvəllər dini təhsil almağı düşünürdüm. Sonra fikrim dəyişdi. Tam olgunlaşandan, müxtəlif kateqoriyalardakı insanları tanıdıqdan sonra qərara gəldim ki, ibtidai sinif müəllimi olmalıyam. Ordan başlayım ki, gələcəyə töhfə verim. Pedoqoji təhsil almışam .
Mən kitabları çox alıram. Əlimdən minlərlə kitab keçib, bəzilərini bir neçə dəfə almışam, bəzilərini hədiyyə etmişəm və.s.
Elə kitablar var ki, mənə çox maraqlıdır, tərcümə edib yazmışam ki, uşaqlarda oxusun. Azyaşlılar üçün tərcümə etdiyim kitablar insanın birbaşa ürəyinə toxunur, onun formalaşmağına kömək olur. İnanıram ki, o əsərləri uşaq vaxtı kim oxuyubsa, böyüdükdən sonra da yenə oxuyacaq.
– Ədəbi mühitdə Zaur Ustac adını eşidənlər sizi necə tanısınlar istərdiniz: döyüşçü şair, realist nasir, yoxsa bir tərcüməçi müəllim?
-Düşünürəm ki, məni insanlar şair kimi tanısınlar. İlk onunla-nəzmlə başlamışam deyə şair kimi tanısınlar.
– Yaradıcılıq yolunuzda ən çətin və ən işıqlı anlarınız hansılar olub? Birini bölüşə bilərsinizmi?
-Heç bir çətin zamanım şükür ki, olmayıb. Azyaşda bu sahəyə başlamışam və çox yoldan keçmişəm. Özüm də fərqindəyəm. Ancaq heç vaxt heç bir vəziyyətdə çətinlik hiss etməmişəm. Kənardan baxanda çətin görünə bilər, amma heç bir çətinlik olmadı. Həmişə şükür edərək davam etdim. Ancaq işığa doğru özümü hərəkətdə görürəm.
– “Yazarlar” jurnalının baş redaktorusunuz. Bugünkü gənc qələm sahiblərinə baxanda hansı ümidi, hansı boşluğu hiss edirsiniz?
– Yenə də tarixdən körpü atmasam, bu söhbətə gəlmək mümkün deyil. Niyə? İstənilən dövrdə insanlar həmişə iki yola ayrılıblar. Ən azı, ən ümumi baxımdan: sağçılar, solçular. Mifologiyada da belədir – xeyir, şər. Bu günün özündə də, məsələn, gənclər sırf iki yerə bölünürlər. Bax, bizdə, Azərbaycanda yaşayıb xainə, düşmənə işləyən gənclər bu saat da var. Başa düşmək olmur ki, onlar bunu niyə edirlər.
Bax, məsələn, bir müddət şəhid məqalələrini sildilər sosial şəbəkələrdə. İndi də o davam edir. Hələ hazırda da həmin o qrup – bizim alimlərin, tanınmış şəxslərin, vəfat edənlərin, yaşayanların – fərq etməz, onların məqalələrini, hər yandan şəkillərini silirlər. O xain, düşmən – adını da çəkmək istəmirəm onların məqalələrini yaradırdılar. Tutaq ki, 1950-1951-ci illərdə bir nəfər burada yaşayıb, Pedoqoji Universitetdə işləyib. Onu heç kim tanımır. Bizim akademiklər, alimlər də tanımır. Amma həmin adamın Azərbaycan dilində məqalələrini yaradırlar erməni mənbələrinə istinadən, bizimkiləri isə silirlər. Bu, bunun pis tərəfidir. Sizin bu söhbətdən istifadə edib, bütün hüquq-mühafizə orqanlarına, bu işlə məşğul olanlara – ictimai təhlükəsizlik, kibercinayətkarlıq, aidiyyəti idarələrə buradan çağırış edirəm ki, bu məsələni nəzarətə götürsünlər, məşğul olsunlar. Bu, artıq bir nəfərin işi deyil. Qrup şəklində, gənclərin əməyidir bu. Bu yaşlı adamlar olsa, yenə göz yummaq olardı. Ancaq bunlar gənclərdir. Məsələn, 18-25 yaş arası şəxslərdir. Bunların hələ gələcəkdə nə qədər ömrü var. Bu, o deməkdir ki, 50-60 il bu işlə məşğul ola bilərlər. Bu isə bizim ziyanımızdır.
Əvvəldən də dedik ki, biz işığa doğru irəliləyirik, yaxşı işlərlə məşğuluq. Kimsə bizi dəli saya bilər, kimsə ağılsız saya bilər. Ancaq hər şeyin bir adı var.Bizim pis işlərlə məşğul olmağa vaxtımız yoxdur. Ancaq yaxşıdan danışmalıyıq.
Gənclərdən Südabə Məmmədova var. Onun kitabı çap edilib. Jurnalın fəaliyyəti olub, artıq bir neçə dəfə də nəşr olunub. Bir dəfə də Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təqdimatı da olub. Biz onu boş yerə seçməmişik. “Yazarlar” jurnalını qeydiyyatdan keçirəndə – 2007-ci ildə – oranın nizamnaməsində yazmışıq ki, bu ədəbi mühitə, cəmiyyətə çıxışı asanlaşdırmaq üçün uşaqlara, gənclərə, yeniyetmələrə kömək edək. Bizim email ünvanımız, WhatsApp nömrəmiz – əlaqə vasitələrimiz yaşından asılı olmayaraq hamı üçün açıqdır. Hər kəs də oraya göndərir. Heç bir məhdudiyyət də yoxdur. Hər ayın 5-nə qədər yeni nömrə çıxır. İndi məsələn, may ayının 5-i üçün artıq nömrə hazırdır. Elektron variantda da var, kağız versiyada da satışdadır. Hər iki formatda əldə etmək olar.
Sadəcə bir məsələ var ki, onu qeyd etmək istəyirəm. O da odur ki, bəziləri bir dəfə yazır, dayanırlar. Amma bəziləri dayanmır, çalışır, davam edir və nəticə əldə edir. Məsələn, biz bu yaxınlarda Elmlər Akademiyasında bir layihə çərçivəsində yeni kitabların tanıtımı ilə bağlı müzakirə etdik. Mən demişəm, məsələn, Rəvan Cavidin həm romanı, həm hekayələri var. Poeziyadan soruşsanız, İntiqam Yaşar var. Belə gənclər var. Siz də, məsələn, jurnalist kimi öz sahənizdə fəaliyyət göstərirsiniz və əminəm ki, əməyiniz qiymətləndirilməlidir. Əgər qrupunuzda 25 nəfər varsa, siz, mənim fikrimcə, onların içində ilk beşlikdəsiniz. Və sizə bir tövsiyə vermək istəyirəm: müəllimlərin fikrinə hörmətlə yanaşmaq lazımdır. Mən indiyə qədər ən azı beş təhsil müəssisəsində olmuşam. Həmişə müəllimlər deyib ki, ya Zaur birincidir, ya ikincidir, ya da beşliyin içindədir. Bu da onu göstərir ki, müəllimlər həmişə düz deyirlər. Mən bunu özümdə də hiss etmişəm. Müəllimlərə həmişə hörmət etməli, onların seçimlərinə hörmətlə yanaşmalı, tapşırıqları yerinə yetirməliyik.