
TƏHSİL SAHƏSİNDƏ BAŞ VERƏN DƏYİŞİKLİKLƏR, İSLAHATLAR:
bioloji tənsilin inkişaf perspektivləri
Yeni dövr – yeni format, yeni metod və vasitələr tələb etməkdədir. Artıq qloballaşan dünyada hər bir inkişaf kimi, problemlər də tez bir zamanda bütün dünyanı əhatə etməklə səfərbərlik diktə edir. Tədris sahəsi də baş verən dəyişiklik fonunda artıq dünyada baş verən dəyişikliklərə səmərəli cavab vermək məcburiyyətində. Bunun üçün dünyada gedən yeniliklərə inteqrasiya etmək üçün istər təhsil, istər də texnologiyalar sahəsində kadr potensialı zənginləşdirilməlidir. Buraya həmçinin təhsil ocaqlarının maddi-texniki bazasının yenilənməsi də daxildir. Hazırda biologiyanın tədrisində istifadə etdiyimiz metod və üsullar tədrisin səmərəliliyinə təsir göstərməkdə davam edir. Lakin çalışıb fərqli, yeni imkanlar da tapılmalıdır. Dünyada istifadə olunan yeni vasitələr, İKT-dən istifadənin fərqli metodikasını tədrisə gətirməklə öyrənənlərdə marağı artırmaq tədrisin keyfiyyətini artıracaq amildir. Deyildiyi kimi: “Məsləki inkişaf mütləqdir”. Bir çox metodistlərin fikrincə təhsil sistemi memarlığa bənzəyir. Bu sistemə içəridən baxdıqda nələri dəyişəcəyimizi düzgün qiymətləndirməliyik. Əslində təhsil sahəsindəki memarlıq sosial memarlıqdır: öyrənmə mədəniyyəti, qarşılıqlı müəllim-tələbə, müəllimlərin öz aralarındakı münasibətlərində keyfiyyət dəyişikliklərinə ehtiyac vardır.
Bundan başqa, təhsil müəssisələrinin rəhbərləri də öz işlərində islahat aparmalı, təhsilverənlərin işində, sosial həyatında rəğbətləndirmələredilməli, ehtiyaclarının öyrənilib təmin edilməsi, qayğısına qalınması ilə təhsil sahəsində yüksək səmərəliliyə nail olmaq mümkündür. Təhsil sistemində xarakter də mühüm rol oynayır: burada əsasən öyrədənlərin qətiyyəti, tədris prosesinə güvəni, məktəbdə müəllimlərlə münasibəti nəzərdə saxlanmalıdır. Avropa İqtisadi Əməkdaşlıq Təşkilatı təbiət elmlərinin qiymətləndirilməsi zamanı əsasən müəllimlərin performansını qiymətləndirir. Buraya onların işə – dərsə hazırlığı və işdən məmnunluğunun araşdırılması, müəllimlərin psixoloji vəziyyəti, şəraiti, maaşı, motivasiyası nəzərə alınması, müəllimlərin profesional potensialı və s. daxildir. Məlumdur ki, müəllimin sosial rifahı təhsilin səviyyəsinin yüksəlməsinə təsir edən başlıca amillərdəndir. Bu zaman hər iki tərəf bir-birindən razı qalmaqla prosesin, fəaliyyətin keyfiyyəti yüksəlir ki, bundan udan da yenə cəmiyyətlərdir. Təhsil müəssisələrində mütəşəkkillik, yekdillik, səfərbərlik, bir-birini dəstəkləmək, müəllimlərin işbirliyi labüddür.
Təhsil sisteminin strukturunun yenidən qurulması ilə öyrənənlərdə səriştələrin, imkan-bacarıqların, fiziki mühitin düzgün təşkili vasitəsilə istər öyrədən, istərsə də öyrənənlərin iş qabiliyyətini artıra bilərik. Hesablamalar göstərir ki, yaranmış bəzi problemlər öyrənənlərdə iki səbəbdən tədris prosesindən uzaqlaşma istəyi yaradır: öyrənənlərin prosesə marağının sönməsi, tədris prosesinin 75%-i cəlbedici olmaması. Bəs yeni sistemi yaratmaqla nəyə şərait yarada bilərik? XXI əsr öyrədici mühiti ənənəvi təhsildən, yeni keyfiyyət göstəriciləri ilə fərqlənməlidir: tədris prosesinin maraqlı təşkili, öyrənənlərin yeni biliklərin kəşf etmələrinə, analiz-sintez qabiliyyəti, məntiqi təfəkkürünün formalaşması, səriştəli, yaradıcı olması və s. Həmçinin müəllimlərin işbirliyi, bacarıqların artırılmasına, fənlərin inteqrasiyasına, differensisaiyasına nail olunarsa məktəbdə təhsilin keyfiyyətini artıra bilərik. Yəni öyrənmə formal xarakter daşımamalı, bu zaman dərin öyrənmə, tətbiqetmə bacarıqlarının, düşünmə vərdişlərinin yaranmasına xüsusi fikir verilməlidir. Təhsil sisteminin nailiyyətlərinin zaman-zaman yoxlanması, yerli imkan və şəraitə uyğunlaşdırmaq da tədrisin səviyyəsini yüksəltməyə xidmət edir. Buraya müəllimlərin professionallığını da daxil etmək lazımdır. Həmçinin müəllimlər məmnunsa işinə də təsir edir və tələbəyə keçir. Həm müəllim, həm tələbə təhsil proseslərindən razı qalmalıdır ki, işin keyfiyyəti yüksəlsin. Müəllimlər eyni bir məqsədə xidmət etməlidir. Məqsəd – vahid məqsəd, yekdillik deməkdir. Mütəşəkkillik, yekdillik, səfərbərlik bir-birini dəstəkləməli, bir sözlə, müəllimlərin işbirliyi əsas şərtdir.
Dünyanın inkişafı, yaxşılaşdırılması – hər zaman təhsilin məqsədi və vəzifəsidir. Yeni öyrənmə – yeni təhsil sistemi – dünya ilə əlaqə; dünyada baş verən proseslərə töhfə vermək, dünyanı dəyişmək – 4 xüsusi meyar – islahatlarda əsas tutulur. Bəs pandemiya dövründə hansı dəyişikliklər tələb olunur? 4 əsas element: rifah, sosial intellekt, keyfiyyət investisiya, sistemlilikdən ibarətdir. Müasir təhsil yeniliklərə cavab verən nəsil yetişdirməli, təhsilli olmaq, problemləri həll etməyi bacarmaqla cəmiyyətlərin rifahını yüksəltməyə xidmət etməlidir. Əslində özünə təhsil lideri deyənlər başqa təhsil müəssisələrindən də məsul olmalıdır. Bəs əməkdaşlıq edərək rəqabət etmək necə mümkündür? Belə hesab edilir ki, başlıca olaraq: müəllimlər siniflə məhdüdlaşmamalı, digər müəllimlərlə əlaqəli əməkdaşlıq, təcrübə mübadiləsi, təhsil konfransları təşkil edilməlidir. Rəqabət isə – digər məktəblərlə əməkdaşlıq, təcrübə mübadiləsi, məktəblilərin iş birliyi, müəllimlərin əməkdaşlığı, bir-birinə dəstək olmaq və sairdən ibarətdir. Təhsildə bu yeni dalğadır və təhsilin səmərəliliyini artırmaqdadır (Prof. Michael Fullan).
Konfusinin fikrinə görə: “oxumaq, oxumaq və tərəddüd etmədən təkrar etmək” daha səmərəli təlim hesab edilirdi. Hazırda isə o təlim səmərəli hesab olunur ki, nəinki elmi bilikləri öyrənmək, həmçinin öyrədilənlərin yaradıcı tətbiqinə nail olunsun. Müasir dövrdə öyrənənləri biliklərin saxlanıldığı papka formatından çıxarıb tədris prosesinin fəal iştirakçılarına çevirmək, biliklərin tətbiq etmə bacarıq-vərdişləri perspektivli hesab edilir. Xüsusilə də canlı müşahidədən mücərrəd təfəkkürə, sonra təcrübə, müşahidə, eksperimentdə yoxlama biologiyanın tədrisində xüsusi əhəmiyyət kəsb edir. Təhsilalma və təhsilvermə elə bir prosesdir ki, burada bir neçə komponent birlikdə iştirak etməlidir: bilik, bacarıq, vərdiş. Bunların bir-biri ilə əlaqəsi isə nəticədə arzuolunan təhsili formalaşdırır. Xüsusi bir məqam da vardır ki, əvvəla müəllim ixtisasını yaxşı bilməli, auditoriyanı sevməli, yeniliklərə açıq olmalıdır. Təhsil sahəsində son illər baş verən dəyişikliklər, islahatlar, təlim texnologiyaları, müasir təlimlər, metod, üsul və vasitələr yalnız yerində və səviyyəsində tətbiq olunarsa səmərə verir. Qeyd edək ki, istifadə olunan hər hansı metod və imkanlar etalon kimi qəbul edilməməli, auditoriyanın yaş və bilik səviyyəsini nəzərə alınmalı, yerli şəraitə uyğunlaşdırılmalıdır. Son illər anlaşılır ki, baza təhsili artıq tələbatı ödəyə bilmir. Bu səbəbdən təhsil sahəsinin müasir çağırışlara yaxınlaşması, çatması vacibdir. Bu günün aktual problemlərindən olan təhsilin yeni qayəsi, məqsədi müasir tələbləri, yeni dünya standartlarını ödəməyə hesablanmalıdır. Əslində öyrənənlər üçün həyat məktəbdən sonra başlayır fikri yanlışdır. Onlar həyatı hərtərəfli şəkildə məktəbdə yaşamalıdır. Bu zaman səriştəli, yaradıcı, bilikli, məntiqli düşünməyə qadir olan təhsilalanların formalaşması baş verər. Biologiyanın tədrisində bioloji anlayışlar təlim prosesinin əsasını təşkil edir. Nəticədə təlimin üç başlıca vəzifəsi: öyrətmək, tərbiyələndirmək və inkişaf etdirmək həyata kecirilir. Anlayışların bacarıqlara keçməsi bütün biologiya kurslarında mümkündür. Bacarıqların inkişafı anlayışların inkişafı ilə əlaqəlidir. Bilik, bacarıq və vərdişləri inkişaf etdirmək üçün onların məzmununu inkişaf etdirmək, əvvəlcə sadə bacarıqlar, sonra isə daha mükəmməl və mürəkkəb bacarıqlar formalaşdırılmalıdır. Hazırda təhsil sahəsində kurikulum islahatları sayəsində tədris prosesində keyfiyyət dəyişiklikləri aparılmaqdadır. Fənyönümlü kurikulum məzmun etibarilə elm sahəsini, onun mükəmməl anlayışlar sistemini əhatə etməklə bu anlayışların mənimsənilməsinə istiqamətləndirilir. Bütün praktik bacarıqların yerinə yetirilməsində məqsəd biliklərin möhkəmliyini, davamlılığını artırmağa xidmət göstərir.
Ümumiyyətlə, biologiyanın tədrisində istər tələbə, istərsə də müəllim ölkədə və dünyada baş verən yenilikləri izləməli, təhsil islahatlarını müzakirə edib tədris üçün ən səmərəlilərini seçməyi bacarmalıdır. Həmçinin öyrəndiyi hər hansı bilik, bacarıq və metoda etalon kimi baxılmamalıdır – deyə düşünür və daim auditoriyalarda təkrarlayırıq. Hər şeyə tənqidi yanaşma bacarığı həm öyrənilənin mahiyyətinə varmağa, həm də yaradıcı tətbiqetməyə imkan yaradır. Həmçinin təlim fəaliyyət prosesi olduğu üçün bu prosesdə öyrədən və öyrənən arasında xüsusi ünsiyyət modelləri yaranmalıdır. Buraya 3 A texnikasını aid etmək olar:
- Anlamaq; Anlatmaq; Anlaşmaq.
Yəni hər bir fəaliyyət prosesində anlaşmaq üçün ilk növbədə anlatmaq istədiklərimizi özümüzün anlaması əsas şərtdir. Təhsil; Tərbiyə – nəticə; İnkişaf. Yəni – təlim – təhsil – tərbiyə = inkişafdır. Biologiyanın tədrisi prosesində hərtərəfli dünyagörüşü formalaşdırmaq üçün pedaqoji və dialektik prinsiplər əsas götürülməlidir. Əsasən biologiyanın tədrisində dünyagörüşün üç istiqamətli əsas götürülməlidir: dünyagörüşün maddiliyi və vahidliyi, dialektika qanunlarının ümumi xarakter daşıması. Ümumiyyətlə, dünyagörüşü təlim və tərbiyə vəzifəsini görür, dolayısı ilə şəxsiyyətin formalaşmasına xidmət edir. Məktəb biologiya kursunda canlı orqanizmlərə daim hərəkətdə, inkişafda olan materiya kimi baxılmalı: ibtidaidən aliyə, sadədən mürəkkəbə hərəkət – inkişaf prinsipi əsas götürülməlidir. Mövcud təlim, metod və üsullardan başqa daha düşündürücü, cəlbedici, fərqli vasitələrdən istifadə də təlimin keqfiyyətini artırmağa kömək edir. Məsələn hər hansı bir mövzunun tədrisində izahın balığın quruluşu üzərində verilməsi həm xüsusi marğa, həm də diqqətin artması ilə yüksək mənimsəməyə səbəb olacaqdır. Bəs bunu necə həyata keçirə bilərik? Balıq sümüyü – elmdə problemlərin həlli üçün yaxşı bir yanaşma olan tənqidi düşüncənin təşkili üçün vizual bir vasitədir. Balıq sümüyünün diaqramı şagirdlərə problemə səbəb olan və təsir ilə səbəb arasındakı əlaqəni ölçən, kök səbəbləri barədə öyrətməyə kömək edir. Bu bir qrupa dərs deyəndə daha təsirli olur. Bu diaqram yanaşmasında, balığın başı dəyişikliyi təmsil edir, qabırğalar bunun səbəbini göstərir və lentlərdə dəstəkləyici dəlillər yazılır.


Bəs biologiyanın tədrisində interaktiv, konstruktiv təlimdən başqa, texnologiyanı zəruri edən amillər hansılardır? Müxtəlif səbəblərdən müşahidəsi mümkün olmayan bəzi obyekt və hadisələrin gostərilməsində kompyuter texnologiyaları əvəzsiz rol oynayır. Məsələn:
- əgər onlar böyük deyilsə (nüvənin strukturu)
- tezötürüəndirsə (sinir impulsunun neyrondan neyrona ötürülməsi prosesi)
- müşahidəsi mümkün deyilsə (embrionun inkişafı)
- izah edilməsi, daha doğrusu başa düşülməsi mürəkkəbbdirsə (zülal sintezi)
- nümayiş etdirilməsi mümkün deyilsə (dərin su heyvanları, alp çəmənlikləri) və s.
Artıq həyatımızın bütün sahələri rəqəmsallaşdığı üçün müasir texnoloji bacarıqlarsız heç bir fəaliyyət mümkünsüz hala gəlmişdir. Tədrisin belə onlayn rejimə möhtac qalması dijital fəaliyyətin təkmilləşdirilməsini tələb edir. Lakin dünyada baş verən problemləri nəzərə alaraq bilməliyik ki, cəmiyyətlərə “bilgili canavarlar” lazım deyil!!! İnsanlar arasında ayrı-seçkilik edilməməli, ədalətli, dünyanı qurtarmağa çalışan nəsillər yetişdirməyə çalışılmalıdır. Lakin bərabərlik də hər zaman adil olmaya bilər. Bunun üçün təhsil sahəsində çalışanlar daha duyarlı, ədalətli, bilikli, müasir dünyaya uyumlu, gələcəyə sevgi ilə baxan, zəngin dünyagörüşlü olmalıdır. Çünki öyrədən öyrənməyi buraxırsa, o adi bir lövhəyə çevrilir və bunun kimsəyə faydası olmaz.
Müəllif: Zərövşən Babayeva
Naxçıvan Dövlət Universiteti
Zoologiya kafedrasının dosenti,
pedaqogika üzrə elmlər doktoru
dr.zarifbabayeva@gmail.com
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru