Novruz və xoruz
Kəndə gəzməyə
Gedibdi Novruz.
Səhər o başdan
Banladı xoruz.
* * *
Durub yuxudan
Əynin geyindi.
Dodağı altda
Xeyli deyindi.
* * *
Babasın görcək
Novruz soruşdu:
-Ay baba, xoruz
Nə tez durmuşdu?
* * *
Baba dilləndi:
-Xoruzlar səhər,
Hamını işə,
Gücə səsləyər.
* * *
O banlamasa,
Yatıb qalarıq.
Novruz dilləndi:
-Zəngi qurarıq!
* * *
Xoruz doyunca
Yatmır hamıtək.
Axşam onunla
Danışım gərək!
* * *
Səhərə qədər
Qoy, yatsın rahat!
Sübhə qurarıq
Biz zəngli saat!
Turalın sualları
-Ana, söylə bu kimdi?
-De görüm, bəs bu nədi?
-O niyə axı elə?
-Bəs, bu niyə belədi?
* * *
Hər nə görsə, nə tapsa
Hər şeyə verir sual.
Cavabın almayınca,
Dayanmır kiçik Tural.
* * *
Sual doğur sualdan
Ha cavab verir ana,
Düşüb əldən-ayaqdan
Belə söyləyir ona:
* * *
-Oğul bala, hər şeyin
Niyəsi olmur axı!
Kiçik Tural sakitcə
Durub anaya baxır.
* * *
Gedib bir az düşünüb
Yenə gəldi yanına:
-Sonuncu sualımdı
Olar verim, ay ana?
* * *
-De görüm düşündüyün,
Bu dəfə nəyin nəsi?!
-Ay ana, bəs hər şeyin
Niyə olmur niyəsi???
Cavid və meyvəqurdu
Səhər-səhər o başdan,
Cavid ağaca çıxdı.
Ən yaxşı meyvələri
Dərib səbətə yığdı.
* * *
Yığdığını həvəslə
Yudu, qoydu süfrəyə.
İstədi dərs oxusun
Meyvədən yeyə-yeyə.
* * *
Hansını götürdüsə,
İçində- meyvəqurdu.
Kiçik Cavid hirslənib,
Qurda belə buyurdu:
* * *
-Hansına əl atıram,
İçindən sən çıxırsan.
Heç nə olmamış kimi,
Düz üzümə baxırsan.
* * *
Meyvələrin hamısın
Yeyəcəksən elə sən?
Bu bağı babam salıb
Mənim üçün, biləsən!
Nurayın çiçəkləri
Öz əlləriylə
Əkib dibçəyə.
Həvəslə qulluq
Edir çiçəyə.
* * *
Evə kim gəlir,
Dəstələyib pay.
Verir hamıya
Balaca Nuray.
* * *
Deyir: -Bunlardan
Dünyada təkdi.
Özüm əkmişəm
Ona görə də
belə qəşəngdi!
Şəbnəmin dişləri
Qarşıda qaralıbdı
Şəbnəmin iki dişi.
Görən-görən deyir ki,
Dişlərinə qurd düşüb.
* * *
Anası dilə tutur,
Qızını səhər-axşam:
-Bir gün gedək, göstərək
Həkim baxsın, ay balam!
* * *
Axır ki, yola gəlib
Yoxladır dişlərini.
Həkim deyir:- Çıxartsaq,
Tutacaq öz yerini,
* * *
O süd dişidi hələ.
Dişlərini fırçala!
Qoz-fındığı ağızda
Qırmaq olmaz, ay bala!
* * *
Bunu eşidən kimi,
Şəbnəm ayağa durdu:
-Həkim, çəkmə dişimi,
İçindən çıxart qurdu!
Əli düşür həyətə
Hər axşam nəyi varsa,
Yığır kiçik səbətə.
Birlikdə oynamaqçün
Əli düşür həyətə.
* * *
Elə ki, bir az keçir
Hay-küy qopur, nə qopur.
Qonşunun bağçasına
Düsüb kiminsə topu.
* * *
Başlayır dava-dalaş:
-Kim yumur gizlənpaçı?
-Kim qırdı əlbəndini?
-Kim uddu qovduqaçı?
* * *
Oyuncağı qırılır,
Gah küsür, gah ağlayır.
Nə qədər hirslənsə də,
Həyətdə oynamaqdan
kiçik Əli doymayır!
Müəllif: Nuranə RAFAİLQIZI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru