A SİMSAR Salam olsun, sənə şanlı ixtiyar! Mizrab tutan əlin, qolun var olsun! Şükür, əlindədir külli-ixtiyar! Mizrab tutan əlin, qolun var olsun! * * * Nə deyim, a simsar, elə sim sarı, Simsar sinsidərmi, belə simsarı, Hələlik dönüş var, hələ sim sarı, Mizrab tutan əlin, qolun var olsun! * * * Rəvamıdır, bu edilən Ustaca!? Diqqət istər sim sarıyan ustaca… Al dil ilə deyər halın ustaca, Mizrab tutan əlin, qolun var olsun! 05.02.2021. Bakı.
BƏRK YAPIŞ Ay Zaur, deyirlər ən yaxşı vaxtdır, Bir az daha qeyrət, güləş, bərk yapış! “İgid odur, atdan düşə, atlana.” Bu işdə dönüş yox, dirəş, bərk yapış! * * * “Kor qızın baxtı”ndan yeyindi baxtın, İlikdən tacın var, sümükdən taxtın, Olmasa da adan, ya da ki, “yaxt”ın, Olanları qoru, çalış bərk yapış! * * * Ay Ustac, bilirsən, yastığın üç gül, Göydə ulduz sayır basdığın müşkül, Bir türlü dolmayır asdığın kəşkül, Haqqın ətəyindən sallaş, bərk yapış!
HÜSNÜ PÜNHANA (birinci şeir) İsmipünhan deyib, yazıb şairlər, Mənim müsahibim hüsnü pünhandı. Səmimi, mehriban, həm zarafatcıl, Mənim müsahibim hüsnü pünhandı. * * * Ürəyi yuxadı, xasiyyəti xoş, Nəyi var, nəyi yox, verər, deyər:-“Nuş”! Camalın gizlədib, deyir:- “Nəğmə qoş”! Mənim müsahibim hüsnü pünhandı. * * * İsmin bağışlayıb; “Nurlu ləçəkdi”, Cənnət bağçasında şehli çiçəkdi, Ustacam, bu iş də bir görəcəkdi, Mənim müsahibim hüsnü pünhandı. 07.10.2021. Bakı.
Azərbaycan Dillər Universiteti ilə Azərbaycan Yaradıcılıq Fondunun birgə layihəsi olan “Yaradıcılıq fakültəsi”nə qəbulla bağlı müsabiqə elan edilir.
Kulis.az xəbər verir ki, Xalq yazıçısı, akademik Kamal Abdullanın ideyası ilə 2007-ci ildə yaradılan, qısa müddətdə ədəbi ictimaiyyətdə böyük rezonans doğuran, geniş ədəbi proseslərə yol açan “Yaradıcılıq fakültəsi” 2022-2023 tədris ilində tələbələrə Xarici dil (ingilis, rus), Mifologiya tarixi, Fəlsəfə, Dünya ədəbiyyatı, Müasir ədəbi proseslər, Mətnşünaslıq və s. fənlər üzrə dərslər təşkil edəcək, eyni zamanda, yazı sənəti, dram-kino sənəti ilə bağlı praktiki məşğələlər, Ustad dərsləri, görkəmli imza sahibləri ilə görüşlər, rəngarəng mədəniyyət tədbirləri həyata keçirəcək.
Dərslər həftədə 3 gün olmaqla 2 akademik saat təşkil edir.
“Yaradıcılıq fakültəsi”nə qəbul iki mərhələli olacaq. Birinci mərhələdə təqdim edilən yaradıcılıq nümunələrinin qiymətləndirilməsi, ikinci mərhələdə isə seçilən nümunələrin müəllifləri ilə müsahibə şəklində olacaq.
BİLİM Kİ ADAMSAN (hekayə) Toğrulun rayon mərkəzində işlədiyi müəssisə idimi, təşkilat idimi, hər nə idisə bağlanmışdı. O da qalmışdı işsiz-gücsüz. O, kənddə yaşayırdı. Rayon mərkəzinə gedib-gəlmək heç də ürəyincə deyildi. Yol ölçmək özünə qalırdı. Aldığı qəpik-quruş idi. Odur ki, fikirləşdi ki, elə ən yaxşısı evinin içində – kənddə bir işin qulpundan yapışsın. Rayon mərkəzinə gedib-gəlmək üçün xərclədiyi pul da cibində qalar. Günorta naharını da evində yeyər, izafi xərci çıxmaz. Odur ki gəldi kənd icra nümayəndəsinin yanına: -Bir iş versəydin, işləyərdim. Rayon mərkəzinə gedib-gəlməkdən xəstəlik tapmışam. Bunun qışı, soyuğu, yayı, istisi var. Yol maşını gözləməkdən adamın gözünün kökü saralır. Şaxta bədəninə işləyir, yayda da gün başını deşir. İcra nümayəndəsi quru adam idi. Tez rəsmiyyətə saldı: -Bir arayış al, gətir ki, işsizsən, heç yerdə işləmirsən. Toğrul çaşıb qaldı: -Arayış? Çiyinlərini çəkib soruşdu: -Hardan alım? Dedim işləmirəm axı… İcra nümayəndəsi əlini yelləyib işi ilə məşğul oldu: -Arayışsız mümkün deyil. Toğrul: -Kimdən alim? De, gedib alım, gətirim. İcra nümayəndəsi başını qaldırmadan hansısa sənədə möhür vura-vura: -Bu sənin problemindir, mənim yox. Toğrul onu dilə tutmağa çalışdı: -Əzizim, burda nə var ki?! Arayış nəyə lazım? Kimdən soruşsan, deyəcək həqiqətən heç yerdə işləmirəm. Sən özün də kənd əhlisən. Özün də bilirsən ki, işləmirəm. İcra nümayəndəsi əlini saxladı, bir qədər mülayim: -Bilirəm işləmirsən, – dedi. -Amma bu hökumət kağıza inanır, sözə yox. Xahişindən, dil tökməyindən kar aşmadığını görən Toğrul: -Yaxşı, – dedi, -onda, sən də bir arayış yaz, ver mənə ver ki, sən adam deyilsən. Bu dəfə icra nümayəndəsi çaşıb qaldı, dik ayağa qalxdı: -Bu nə danışıqdır? Məni dolayırsan? Toğrul əsəbi: -Yaz. Niyə yazmırsan? Arayış yaz, mən də inanım ki, sən doğrudan da adam deyilsən. Heç adamlıqda yerin yoxdur… Adam dolayan da sənsən, mən yox. İcra nümayəndəsi başını aşağı salıb dinmədi. Toğrul bilmədi ki, o, öz hərəkətindən utanıb başını aşağı dikib, yoxsa yenə Toğruldan arayış tələb edəcək. Bakı şəhəri, 14 yanvar 2022-ci il.