AD GÜNÜN MÜBARƏK OLSUN, AYŞƏN BALA – AYTAC İBRAHİM

AYTAC İBRAHİMİN YAZILARI

AYŞƏN BALA

Şirindir şəkər kimi,
Saçları suray bala.
Özü aydan da gözəl,
Bizim bu Ayşən bala.

Ad günüdür bax bu gün,
9 yaşa qədəm qoyur.
Hələ körpə fidandır,
Böyüyəcək Ayşən bala.

Söz-söhbəti kəm şirin,
Küsəyən, kövrək bala.
İlk nübardır siz bilin,
İlkimizdir Ayşən bala.

Gülüşü dərdlər açar,
Evlərinə gül saçar.
bacısı Günel kimi
Dəcəldir Ayşən bala.

Dərslərində uğurlar,
Gələcəyi nur bala.
Mübarəkdir ad günün,
Ay səni Ayşən bala.

Müəllif: Aytac İBRAHİM

AYTAC İBRAHİMİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“Həsəd çəkmədim heç vaxt” – Anar

ANAR

***

Həsəd çəkmədim heç vaxt,

Heç bir zaman heç kəsə.

Qısqanmadım kiminsə

şöhrətinə, dövlətinə, adına…

güclü istedadına

Ömrün son müddətində

İllər ötdüyü zaman

qısqanıram mən yaman

özüm bilmirəm haçan

gələcək Gələcəyə

Mənsiz keçən illərçün

qəribsəyirəm hər an.

Bir gün mən olmayanda

Necə yad edəcəklər,

nələr söyləyəcəklər?

İçində dərd çəkən kim?

Guya ki dərd çəkən kim?

Şux, şən zarafatları

yada salıb gülən kim?

Ayrılığa dözməyib

həsrətindən ölən kim?

Bəlkə də haqlıdırlar

Hindistan müdrikləri

Ölən insan da bir gün

Dönüb qayıdır geri,

Quş kimi, balıq kimi,

Ağactək, gül-çiçəktək.

Quşları ovlayırlar,

Balıqları tuturlar,

Ağacları kəsirlər,

gül-çiçəyi dərirlər,

yenə məhv olur dönən,

Mən hansıymışam görən?

Tutalım, lap belədir,

Dünyamı dəyişərkən,

Bir də dönəcəm geri

Kim tanıyacaq məni?

Dünya bir pəncərədir.

qapatma pəncərəni…

12 yanvar 2022

***

İtirdiyim dostlarla

yuxuda görüşürəm.

maska filan taxmadan

görüşüb-öpüşürəm.

Gündüz ölən dostlarım

Gecə yuxuma girir.

Mən burdan danışıram.

Soruram: orda nə var?

Cavab vermir heç biri,

Məlul-məlul baxırlar.

Oranın ünsiyyəti

bəlkə, susub baxmaqmış.

Görəsən, o dünyada

yuxular belə varmış?

Ordakı dostlarım da

Hərdən görürmü məni,

ordakı yuxularda?

Əslində, kim bilir kim,

Kimdi yuxulu, ayıq?

Bəlkə, onlardı oyaq

Biz burda yuxudayıq.

13 yanvar 2022

***

Asilərim elə hey məni dəfn eləyirlər

“tükənibdir” deyirlər.

Amma mən də beləyəm:

“Basdırılandan” sonra,

“tükənəndən” sonra da

On cild kitab yazmışam.

Bir gün əgər doğrudan

əcəl qapımı döysə,

Ölümə də hazıram.

Amma hələ ki, sağam

Yazmaqçün yaşayıram,

yaşamaqçün yazıram.

12 yanvar 2022.

İlkin mənbə:edebiyyatqazeti.az

Müəllif: ANAR

ANARIN DİGƏR YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“DƏRDİM, SEVİNCİM”

İLDIRIM ƏKBƏROĞLUNUN YAZILARI

“DƏRDİM, SEVİNCİM”
(Sonetlər çələngi 15 nəğmədən ibarətdir. Nəğmələr doğma Azərbaycanımıza həsr edilib! Dərdim, sevincim, Azərbaycanım…)
I
Olmasın, olmasın sənsiz bir günüm,
Ancaq qucağında uyuyaram mən.
Kimə yetə bilər harayım, ünüm
Əgər sən olmasan, ey ana Vətən.

Qdludur torpağın əzəldən, başdan
Dağlarda qarın da qığılcım çaxar.
Sənin ürəyini döyündürən qan
Mənim də qəlbimdən dolanıb axar.

Nahaqdan qəlbimə dəyən olanda,
Payız səması tək qəlbim dolanda,
Ummuşam gülndən, çiçəklərindən.

Fikirlər uçdumu uzağı çəkər,
Görüb dərdlərini sızlasam əgər
Demə uşaq kimi ağlar, kürəm mən.

II

Demə uşaq kimi ağlar, kürəm mən.
Sənin çəkdiklərin tarixdə azmı.
Sökülən, danılan, dağ çəkdirilən
Bir ana övladı de, ağlamazmı?

Çiçəklər içində çiçəyin incə,
Nəğmən nəgmələrə ilk cığır açdı.
Elə bir ocağa döndü ki, Gəncə
Bütöv yer üzünə nurunu saçdı.

Dildən dilə düşdü şöhrətin, adın
Çoxları üstünə oynatdı atın.
O gündən qaraya tutuldu günüm.

Eh, bir də həyatda deyilki yalan
Pis gözə bıçaqdır qiymətli olan
Eşit, Azərbaycan, başına dönüm.

III

Eşit, Azərbaycan, başına dönüm,
Çiçəklər oxşayar, tikanlar dalar.
Yadından çıxıbmı “Məvailər”im…
Qiymətli zər kimi oğurlandılar.

Vətən yanğısıdır, Vətən yanğısı,
Insan ürəyində dərdin dərini.
Bəlkə də dönəndə durna sırası
Oxuyur onların nəğmələrini.

Dəyişən dəyişib, qalanlar qalır,
Kimi üz çevirib astarın salır.
Tarixsə dəyişməz həməndir, həmən.

Pərvanə vurğundur yanarsa şamda,
Bəzən qovurlanıb, sızıldasam da
Sənin şöhrətinlə öyünürəm mən.

IV

Sənin şöhrətinlə öyünürəm mən
Dillərdə əzbərin birmi, ikimi.
Saysız övladın var dillərdə gəzən,
Həsən oğlu kimi, Nizami kimi

Çoxu çiçək olub öz çəmənində
Olana olan tək qiymət verən az.
Qarşımda eşmirəm ocağı mən də
Sənin çiçəyindən gülündən olmaz.

Düşüb şerləri hey dildən-dilə
Sənin Nizaminin hikməti ilə
Ilkin açmadımı dünyada bahar.

Azmı çürüyübdür qılınclar qında,
Ulu əsrlərin ulu yolunda
Qartal duruşun var, qartal adın var.

V

Qartal duruşun var, ulu adın var.
Cır meyvə gətirməz cır deyilsə tum.
Doğuldun, bələyin oldu dümağ qar
Qurdu beşiyini Turan xatunun.

Qəlbinin mayası od idi deyə
Oğlun da, qızın da pir bildi odu.
Sənin sevincinə, yaşına yiyə,
Ağsaqqal seçdilər Dədəm Qorqudu.

Başsız el-obadan əksilməz qada,
Ixtiyar sahibi şah olubsa da,
Sözü ötən olub ağsaqqalının.

Bir alaq kökündən göyərər mini
Necə ki, görmədin Aruz kimini,
Başından aşıbdır dövlətin, varın.

VI

Başından aşıbdır dövlətin, varın
Var-dövlət daş-qaşdır, qızıldır məgər?!
Şerin var bir bəndi fateh şahların
Bütöv sərvətinə, zərinə dəyər.

Çox düşüb kəsərdən baş kəsən yaraq,
Kəsərdən düşməyib sözün sətiri.
Haq sözü daş-qaşdan üstün tutaraq
Dahi olmadımı oğlun Xəqani.

Nə olsun çoxları özündən deyib,
Həmişə başını aşağı əyib
Meyvəli ağaclar, ay gözümə nur.

Keçib qanımıza qəlbindəki köz,
Nahaqdan üzünə haqq dediyin söz-
Dünyanın özünə çıraq olubdur.

VII

Dünyanın özünə çıraq olubdur.
Bir el yolunda da çıraq yandıran.
Dilindən köz alıb, dağından qürur
Yoluna nur oldu Xətai balan.

Çox tapdaq olmuşdun düşmənə, yada
Boynu bükülüydü açan gülün də.
Həsrəti qürbətdə zoğ atdısa da
Füzuli axır ki, ötdü dilində.

Doğma havasını çalmaq dəmində,
Ötə bilərsə də özgə simində….
Daha gözəl ötüb öz simi tarın.

Demə ki, dərd deyil, dərdsə də azdır.
Şerini özgənin dilində yazdı
Sinəndə göz açan söz sərrafların.

VIII

Sinəndə göz açan söz sərrafların
Vaxt olub çiçəkcə anılmayıblar.
Dilləri dillərdə ötüb onların,
Ancaq haqq yolunda yanılmayıblar.

Fəzlullah Nəimin iki bölünüb,
Dözmüsən dərdini sən uda-uda.
“Ənəlhəqq” söyləyib Allaha dönüb,
Nəsimi – dərisi soyulubsa da.

Tarix canı deyib hər soyan kəsə
Ancaq görmüşük ki, soyulan isə
Haqqın yollarına şəfəq, nur salıb.

Onunla fəxr edib öyündüm ki, mən-
Talanıb, soyulub, danılsan da sən,
Çoxunun gözləri əlində qalıb.

IX

Çoxunun gözləri əlində qalıb
Baxma ki, çoxları daş atıb sənə .
Nadir əsərlərin azmı talanıb,
Dönüb özgələrin qiymətlisinə.

Söz də tarix deyil hər yetən dana,
Qarğa verə bilməz bül-bül yerini.
Məgər çıxmadımı, de öz adına
Bodenşted Vazehin nəğmələrini?…

Qələm dediyini deyə bilməz ox,
Bu həyat yolundsa çox görünüb, çox,
Talayan alçalıb, soyan alçalıb.

Elə soyulmağın dərddimi təkcə,
Yox, sənə can atıb yetişmədikcə….
Çoxunu dərd alıb, fikir-qəm alıb.

X

Çoxunu dərd alıb, fikir-qəm alıb,
Sən çiçək açdıqca, gətirdikcə bar.
Bəzən də illərcə qonağın qalıb,
Sənə quyu qazan, tor quran da var.

Yolunda keçsək də, bir, canımızdan,
Uyduq neçəsinin əməllərinə.
Özümüz sıyrılıb öz qınımızdan,
Qırdıq özümüzü düşmən yerinə.

Qeyrət məqamında uduzmuşuq biz-
Elə ki, bilinib kəramətimiz,
Səni döndəriblər yola, səkiyə.

Sənin çörəyini yeyənlər ki, var,
Çox məqam gözləyib, çox göz qoyublar,
Qızıl qanını da sorsunlar deyə.

XI

Qızıl qanını da sorsunlar deyə
Sərhədlər keçiblər, dağlar aşıblar.
Zoru keçməyəndə keçib hiyləyə,
Söz verib, and içib “qardaşlaşıblar”.

Eləı ki hiylənin yırtılıb qını,
Əvvəl qeyrətini veriblər bada.
Dartıb bədənindən şah damarını,
əmzik tək əmiblər onu sonra da.

Xəncər qayıdarmı sipər yoxdusa ,
Övlad ürəyində təpər yoxdusa…..
Ay anam, nə xeyri deyilən sözün.

Mənim də öz gücüm çatır dilimə,
Ay Vətən, günahkar özünsən demə.
Bil, alnın açıqdır, bil, ağdır üzün.

XII

Bil, alnın açıqdır, bil, ağdır üzün.
Səndə sınmaz olan duruşa əhsən .
Ay elim, ay obam, fikir ver özün,
Bu dərdə sənsən ki, tab gətirmisən.

Bir de hansı qartal uça bilərdi
Bircə qandıyla zirvə tənində.
De, hansı torpaqda çiçək gülərdi
Sənin torpağın tək darda, çətində.

Paklıq ələnibdir səndəki oda,
Bir gözün həmişə ağlayıbsa da
Əsrlər içində gülüb bir gözün.

Baxıb keçmişinə balan kimi mən,
Üz tutub deyirəm, inan, ürəkdən
Bütövdür yerişin, bütövdür sözün.

XIII

Bütövdür yerişin, bütövdür sözün
Belə bir gedişi ariflər anlar.
Qaranlıq uçruma bürünsələr də,
Büdrəməz heç zaman bütöv olanlar.

Mən də bir övladam yuxusu sərsəm,
Taleh gəncliyimlə oynadı oyun.
Adına zərrəcə ləkə gətirsəm,
Qoy gəlsin burnumdan çörəyin, suyun.

Özümə qənimmiş mənim bu andım….
Ömür yollarında sərtlik qazandım….
Alnımı daşlara hey döyə-döyə.
Iki yad ocağa bölünməz bir ev,
Ay Vətən, qəlbimdə bütövsən, bütöv,
Qəlbini bölsə də Araz ikiyə.

XIV

Qəlbini bölsə də Araz ikiyə,
Nəğməni bir tonda çalan tarın var.
Üz tutub o taya “Şəhriyar” deyə
Səsinə səs verən Bəxtiyarın var.

Bir ağac kökündən söylə bir mənə
Iki özgə ağac çıxa bilərmi?!
Bir çay əsrlərlə biri-birinə
Söykənən dağları yıxa bilərmi?!

Açdım əllərimi qucam mən səni
Tikanlı məftillər qoymur birini,
Biri də halsızdır başına dönüm.

Təki hürsün itin, yansın çırağın,
Təki məndən olsun gələn sorağın,
Olmasın, olmasın sənsiz bir günüm.

XV

Olmasın, olmasın sənsiz bir günüm,
Demə uşaq kimi ağlar, kürəm mən.
Eşit, Azərbaycan, başına dönüm
Sənin şöhrətinlə öyünürəm mən

Qartal duruşun var, ulu adın var.
Başından aşıbdır dövlətin, varın
Dünyanın özünə çıraq olubdur.
Sinəndə göz açan söz sərrafların.

Çoxunun gözləri əlində qalıb
Çoxunu dərd alıb, fikir-qəm alıb
Qızıl qanını da sorsunlar deyə

Bil, alnın açıqdır, bil, ağdır üzün.
Bütövdür yerişin, bütövdür sözün
Qəlbini bölsə də Araz ikiyə…

Müəllif: İldırım ƏKBƏROĞLU

İLDIRIM ƏKBƏROĞLUNUN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Natiq  RƏSULZADƏ

“21 – XXI ƏSRİN 21 AYDINI”-TUNCAY ŞƏHRİLİ

Natiq  RƏSULZADƏ

Natiq Rəsul oğlu Rəsulzadə — Azərbaycan yazıçısı, Azərbaycanın əməkdar incəsənət xadimi (1999), “Şöhrət” ordeni laureatı (2009), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü. Azərbaycan Respublikasının Xalq yazıçısı (24.05.2019).

HƏYATI
Natiq Rəsulzadə 5 iyun 1949-cu ildə Bakıda anadan olub. 1975-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. 1979-cu ildən Azərbaycan Yazıçılar Birliyinin, Kinematoqrafçılar İttifaqı və Teatr Xadimləri İttifaqının üzvüdür. 40 ilə yaxındır ki, əsərləri bir çox dillərdə və dünyanın adlı-sanlı ölkələrində çap olunur. Azərbaycanda, ABŞ-da, Rusiyada, Macarıstanda, Yuqoslaviyada, Polşada və başqa yerlərdə 40-dan artıq kitabı işıq üzü görüb. Əsərləri bir çox nüfuzlu milli və beynəlxalq ədəbi mükafatlara layiq görülüb. 1984-cü ildə N. Ostrovski adına Ümumiyttifaq Mükafatına layiq görülüb. “İntihar edənin gündəliyi”, “Gecə çaparı”, “Nonsens”, “Məhəbbət ili”, “Yağışlı bayram”, “Kabuslar arasında”, “Quş çəkirəm”, “Ulduz yollar”, “Tələ”, “Adacıq” və başqa geniş oxucu rəğbəti qazanmış əsərlərin müəllifi olan Natiq Rəsulzadənin ssenariləri əsasında “Mələklərə inanmayın”, “Bayramda yağış”, “Yaşa, qızıl balıq”, “Vahimə”, “Sifarişçi”, “Gecə qatarında qətl”, “Nə gözəldir bu dünya…”, “Girov”, “Ovsunçu”, “Biz qayıdacağıq” kimi onlarla maraqlı filmlər çəkilmişdir. 2017-ci ildə yazıçının əsəri əsasında Azərbaycan Dövlət Rus Dram Teatrında “Meme” tamaşası səhnəyə qoyulub.

Azərbaycanın əməkdar incəsənət xadimi (1999) fəxri adına layiq görülüb. Respublika Dövlət mükafatı laureatıdır. 2009-cu ildə “Şöhrət” ordeni ilə təltif olunub. 21 dekabr 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

ƏSƏRLƏRİ
«Uşaqlıq lövhələri»
«İşıqlı toran»
«Bayramda yağan yağış»
«Gecədə atlı»
«Ruhlar arasında»
«Intihar edənin qeydləri»
«Kabusların arasında»
«Ulduzların altında yol»

FİLMOQRAFİYA
Bayramda yağış (film, 1985)
Biz qayıdacağıq (film, 2007)
Biz qayıdacağıq (veriliş, 2007) (II)
De ki, məni sevirsən! (film, 1977)
Dünən, bu gün, sabah (film, 1992)
Epizod (film, 2002)
Gecə qatarında qətl (film, 1990)
Girov (film, 2005)
Nə gözəldir bu dünya… (film, 1999)
Ovsunçu (film, 2002)
Pərilərə inanmayın (film, 1979)
Sifarişçi (film, 2000)
Sürpriz (film, 1977)
Vahimə (film, 1998)
Yaşa, qızıl balıq (film, 1988)

Mənbə: “21 – XXI ƏSRİN 21 AYDINI”-TUNCAY ŞƏHRİLİ

Hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İLDIRIM ƏKBƏROĞLU

İLDIRIM ƏKBƏROĞLUNUN YAZILARI

Vətən çağırırsa

Vətən çağırırsa, qalx əsgər kimi,

Geciksən torpağın talana bilər.

Sönər qızındığın isti ocağın,

Axar çeşmələrin bulana bilər.

*   *   *

Birlikdir gücü də bahar selinin,

Ürək təpərindir sözü dilinin.

Dönməsən paşına pir tək elinin.

Bu dünya başına dolana bilər.

*   *   *

Qeyrət tək baxılıb dağ çiçəyinə

Kişi papağına, qız ləçəyinə .

İgidlər durmasa çiyin-çiyinə

Əsgəran, çənlibel alına bilər.

*   *   *

Vətəni böldürər bölünən ordu,

Vətinin qarı da sönməyən qordu.

Təpərsiz övladın boş qalar yurdu,

Külü kül üstünə qalana bilər.

*   *   *

Ay vətən, sinəmdə vuran ürəksə,

Qoymaram üstünə bircə quş səksə.

“Vağzalı” çalınan tarda, gərəksə,

Bir zaman “Cəngi” də çalına bilər.

<<<< İLDIRIM ƏKBƏROĞLU >>>>

Geriyə baxma

Qəm, kədər içində gün keçdi hədər,

Tay dönməz o günlər, geriyə baxma.

Səni yıxa bilər bir qəza-qədər

Zirvə ucalıqdan dərəyə baxma .

*   *   *

Dəryay baş vurma, bil heydən salar,

Özündən küs, inci batırsa sular.

Səni qurtarmağa yetməz arzular,

İmdada yetişən bəzəyə baxma.

*   *   *

Düşərsən irəli, yolun kəsməsə

Bir nadan tor qurub yolu kəsməsə.

Qollar güclü olub, qılınc kəsməsə

Hədərdir, çəkilən nərəyə baxma.

*   *   *

Özünü itirən yolu itirər,

Bu torpaq tikan da, gül də bitirər.

Acından ölməzsən, Tanrı yetirər

Nadan Əllərində çörəyə baxma .

*   *   *

İldırım, çox demə kimsə qoymadı

Bu gözəl dünyadan heçkəs doymadı

Hər dərdə kədərə yandın, qıymadı

Halına sızlayan ürəyə baxma.

 <<<< İLDIRIM ƏKBƏROĞLU >>>>

Sən məndən, mən isə səndən ötəri

(<<<<40-cı şeir>>>>)

Bir dəfə nə sizə nə bizə gəldik

Birgə dolanmadıq, üz-üzə gəldik

Demə bu dünyaya, bu ərzə gəldik

Sən məndən, mən isə səndən ötəri

*   *   *

Ay doğar, gün doğar ümid yerinə

Kökü eşqimizin gedər dərinə

Dönərik nəğmənin cüt sətirinə

Sən məndən, mən isə səndən ötəri

*   *   *

Qismət də talehin, bəxtin naxışı

Gül açar gözlərin sevin yağışı

Yararıq dağları, çaparıq daşı

Sən məndən, mən isə səndən ötəri

*   *   *

Dərd keçsin ayağa, səadət başa

Ömrümün baharı düşməsin qışa.

Qoşa göyərçin tək uçarıq qoşa

Sən məndən, mən isə səndən ötəri

*   *   *

Kimsə çox görməsin bülbülü gülə

Gətirsin hər kəsi kaş, vüsal dilə

İnan özümüzü atarıq selə

Sən məndən, mən isə səndən ötəri.

*   *   *

Səadət pöhrədir, kökü vüsalda

Qar donar günəşsiz yamacda, yolda

Bircə qalmayaydıq gözləri yolda

Sən məndən, mən isə səndən ötəri

Müəllif: İldırım ƏKBƏROĞLU

İLDIRIM ƏKBƏROĞLUNUN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru