
MƏZARLIQDA YANAN İŞIQ
Evinə doğru yol almışdı. Hava qaralmağa doğru gedirdi. Günəş çoxdan öz məkanına çəkilmişdi. Ay taxtına çıxıb yer üzünü nuruyla işıqlandırmağa hazırlaşırdı.
Çox yorulmuşdu bu gün. Gecə yuxuda rəhmətlik atasını görmüşdü. Qarmaqarışıq yuxu idi. Yadında qalan atası, bir də şam idi. Gecə yuxudan qorxub oyanmışdı. Sonra nə qədər etsə də yata bilməmişdi. Başı yaman bərk ağrıyırdı. Yuxunun mənasını nə qədər çalışsa da yoza bilmirdi. İşdə agsaqqalları Rəcəb dayıdan soruşmuşdu. Rəcəb dayının cavabı onu bir az sakitləşdirmişdi.
-Xeyirli yuxudu, bala.
Amma içində bir sual var idi. Atası və şam bunları nə birləşdirir görəsən?
Evə yolu çox uzaq idi. Hərdən yolunu qısaltmaq üçün məzarlıq tərəfdən gedərdi. Özünə təsəlli verə-verə keçərdi məzarlıqdan
-Ölülər diriyə heç nə etməz – deyə.
Bu gün də yolunu qısaltmaq qərarına gəlmişdi.
Məzarlığın çox qədim və maraqlı tarixi var idi. Deyilənə görə burada şəhidlər dəfn edilmişdi.
Bir çox,şəhidin məzar daşı yox idi. Adları da yazılmamışdı. Bunu onunla əlaqələndiridilər ki, mənfur düşmənlər bu qoçaq igidlərimizin məzarlarını tapıb dagıtmasınlar. Yağı düşmənə qan udduran igidlər haqqında, yaşlı nəsil dastan edib danışardılar.
O da atasından eşitmişdi bütün bunları.
Nədən xatırladı gecə-gecə bunları?
Məzarlıqdan keçəcəkdi axı?
Məzarlığa az qalmış gözünə uzaqdan bir işıq göründü. İstədi geri qayıtsın. Yolu yarı etmişdi. Arxada itlər hürüşürdü. Vahimə basdı onu.
Yavaş-yavaş yoluna davam etdi. Bir tərəfdə qorxu, bir tərəfdə maraq onun əlindən tutub məzarlığın ortasına gətirdi. Gecənin zülmətində bura necə gəldiyini anlaya bilmədi. Sanki hansısa sehirli qüvvə ona güc verirdi.
İşıq gələn məzara yaxınlaşdı. Yaxınlaşana kimi xəyalından min cür fikir keçdi. Bəlkə ot alışıb, bəlkə ayın işigı nəyinsə üzərində bərq vurur, hardasa oxumuşdu bəzi falçılar məzatlıqda şam yandırır, bəlkə onlardı? Yuxu yadına düşdü. Ürəyində səksəkə məzara yaxınlaşdı.
Qaranlıq, səssizlik, hərdən gələn çaqqlların ulaşması, ən əsası ölülərin məkanı.
Az qaldı ürəyi dayansın. Ətrafa baxdı. Heç kim yoxdu. Qorxa-qorxa məzara yaxınlaşdı.
Kənara çəkildi, yıxılmaqdan özünü güclə saxladı. Özünü topalayıb, gözlərini ovxalayıb bir də baxdı.
Məzardan səs gəlməyə başladı:
– Ey, bəni insan qorxma…
– Sən kimsən?
– Tanımarsan.
– Bu işıq nədi?
– Sənə bir söz deyəcəm. Xahiş edirəm anama çatdır.
– Mən ananı tanımıram axı.
– Bax, mən şəhidəm.
– Şəhid!?
– Bəli.
Səssizlik hökm sürdü. Artıq ürəklənmişdi. Məzardan gül qoxusu gəlməyə başladı. Ətraf işıqlanmağa başladı.
– Anama de, ağlamasın. Mən cənnətdəyəm. Üzülməsin. Mən rahatam. Mən sağam. Şəhid anası olduğu üçün fəxr etsin.
– Atama de, belini əyməsin. Vüqarlı olsun! Şəhid atası olduğu üçün.
– Bacıma de, başını dik tutsun. Şəhid bacısl olduğu üçün.
– Mən onları tanımıram axı?
– Sən onları tanıyırsan.
Bütün şəhidlər deyir bunu …
Ətrafa baxdı. Heç kim yox idi. işıq çəkilib getmişdi. Yuxusunun mənasını indi anladı…
Müəllif:Leyla YAŞAR
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru