LEYLA YAŞAR – ŞƏHİDLƏR

LEYLA YAŞARIN YAZILARI

MƏZARLIQDA YANAN İŞIQ
Evinə doğru yol almışdı. Hava qaralmağa doğru gedirdi. Günəş çoxdan öz məkanına çəkilmişdi. Ay taxtına çıxıb yer üzünü nuruyla işıqlandırmağa hazırlaşırdı.
Çox yorulmuşdu bu gün. Gecə yuxuda rəhmətlik atasını görmüşdü. Qarmaqarışıq yuxu idi. Yadında qalan atası, bir də şam idi. Gecə yuxudan qorxub oyanmışdı. Sonra nə qədər etsə də yata bilməmişdi. Başı yaman bərk ağrıyırdı. Yuxunun mənasını nə qədər çalışsa da yoza bilmirdi. İşdə agsaqqalları Rəcəb dayıdan soruşmuşdu. Rəcəb dayının cavabı onu bir az sakitləşdirmişdi.
-Xeyirli yuxudu, bala.
Amma içində bir sual var idi. Atası və şam bunları nə birləşdirir görəsən?
Evə yolu çox uzaq idi. Hərdən yolunu qısaltmaq üçün məzarlıq tərəfdən gedərdi. Özünə təsəlli verə-verə keçərdi məzarlıqdan
-Ölülər diriyə heç nə etməz – deyə.
Bu gün də yolunu qısaltmaq qərarına gəlmişdi.
Məzarlığın çox qədim və maraqlı tarixi var idi. Deyilənə görə burada şəhidlər dəfn edilmişdi.
Bir çox,şəhidin məzar daşı yox idi. Adları da yazılmamışdı. Bunu onunla əlaqələndiridilər ki, mənfur düşmənlər bu qoçaq igidlərimizin məzarlarını tapıb dagıtmasınlar. Yağı düşmənə qan udduran igidlər haqqında, yaşlı nəsil dastan edib danışardılar.
O da atasından eşitmişdi bütün bunları.
Nədən xatırladı gecə-gecə bunları?
Məzarlıqdan keçəcəkdi axı?
Məzarlığa az qalmış gözünə uzaqdan bir işıq göründü. İstədi geri qayıtsın. Yolu yarı etmişdi. Arxada itlər hürüşürdü. Vahimə basdı onu.
Yavaş-yavaş yoluna davam etdi. Bir tərəfdə qorxu, bir tərəfdə maraq onun əlindən tutub məzarlığın ortasına gətirdi. Gecənin zülmətində bura necə gəldiyini anlaya bilmədi. Sanki hansısa sehirli qüvvə ona güc verirdi.
İşıq gələn məzara yaxınlaşdı. Yaxınlaşana kimi xəyalından min cür fikir keçdi. Bəlkə ot alışıb, bəlkə ayın işigı nəyinsə üzərində bərq vurur, hardasa oxumuşdu bəzi falçılar məzatlıqda şam yandırır, bəlkə onlardı? Yuxu yadına düşdü. Ürəyində səksəkə məzara yaxınlaşdı.
Qaranlıq, səssizlik, hərdən gələn çaqqlların ulaşması, ən əsası ölülərin məkanı.
Az qaldı ürəyi dayansın. Ətrafa baxdı. Heç kim yoxdu. Qorxa-qorxa məzara yaxınlaşdı.
Kənara çəkildi, yıxılmaqdan özünü güclə saxladı. Özünü topalayıb, gözlərini ovxalayıb bir də baxdı.
Məzardan səs gəlməyə başladı:
– Ey, bəni insan qorxma…
– Sən kimsən?
– Tanımarsan.
– Bu işıq nədi?
– Sənə bir söz deyəcəm. Xahiş edirəm anama çatdır.
– Mən ananı tanımıram axı.
– Bax, mən şəhidəm.
– Şəhid!?
– Bəli.
Səssizlik hökm sürdü. Artıq ürəklənmişdi. Məzardan gül qoxusu gəlməyə başladı. Ətraf işıqlanmağa başladı.
– Anama de, ağlamasın. Mən cənnətdəyəm. Üzülməsin. Mən rahatam. Mən sağam. Şəhid anası olduğu üçün fəxr etsin.
– Atama de, belini əyməsin. Vüqarlı olsun! Şəhid atası olduğu üçün.
– Bacıma de, başını dik tutsun. Şəhid bacısl olduğu üçün.
– Mən onları tanımıram axı?
– Sən onları tanıyırsan.
Bütün şəhidlər deyir bunu …
Ətrafa baxdı. Heç kim yox idi. işıq çəkilib getmişdi. Yuxusunun mənasını indi anladı…

Müəllif:Leyla YAŞAR

LEYLA YAŞARIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AYSU TÜRKEL BU DƏFƏ ÖZ QAZİ MÜƏLLİMİNDƏN YAZDI

AYSU TÜRKELİN YAZILARI

ƏGƏR BU YURDU DARDA QOYSAQ
ŞƏHİDLƏRİN HAQQI BİZƏ HARAM OLAR

“Ey vətən oğlu, düşün, bil ki, sənindir bu Vətən!
Sabahın, həm bu günün, həm dünənindir bu Vətən!”

Nədənsə qələmi əlimə alar-almaz ünlü şairimiz Bəxtiyar Vahabzadənin misralarını xatırladım. Həqiqətən də Vətən bir ağacdır, kökləri isə vətənin övladları. Əgər onlar torpağa bərk-bərk bağlansalar “Vətən” adlı əzəmətli bir ağacı heç kim yıxa bilməz! Elə bu yazımda da vətən torpağına bağlı olan, onu canından artıq sevən, Qarabağın ən çətin anında onun imdadına yetişməyi özünə borc bilən vətənpərvər bir oğuldan bəhs edəcəyəm.
1992-ci il…
Azərbaycan xalqı qanlı-qadalı günlərdən keçir. Ermənilər əcdadlarımızın mirası olan Qarabağda torpaq iddiası ilə çıxış edir. Az keçmir ki, iddialar mitinqlərdən, nümayişlərdən keçərək daha geniş ərazilərə sıçrayır. Qara buludlar tək Qarabağın deyil, az qala bütün məmləkətin başının üstünü alır. Mənfur düşmən Qarabağı dayanmadan ağır artilleriya atəşə tutur, müxtəlif kəndlərdə qoca, qadın, uşaq demədən hər kəsi süngüdən keçirir. Şəhər, qəsəbə və kəndlər ard-arda işğal olunur, silahsız əhali əsir götürülərək işgəncələrə məruz qalır, yaxud da öldürülür.
Sovet ordusunda xidmət edən Azərbaycanın igid oğulları hadisədən xəbərdar olandan sonra vətənə dönüb könüllü dəstələrinə yazılırdılar. O oğullardan biri də 19 yaşlı Asif Məmmədov idi. Məcburi vətəndaşı olduğu imperiyanın hüdudlarında xidmət etsə də,Vətənin dar günündə onun dadına çatmağa çalışdı: “Qarabağda ermənilər tərəfindən güllələnən bir xalqın övladı necə ola bilər ki, vətənin dadına yetişməsin?! Qarabağ torpağı işğal olunduğu halda mən seyrçi qala bilmərəm. Mən də sinəmi bu vətənə sipər etməliyəm” -düşündü. Və bu düşüncələr aləmində nəyin bahasına olursa olsun vətənə dönməyi qarşısına məqsəd qoydu. Ürəyindəki vətən sevgisini yerə-göyə sığdıra bilməyən Asif xidmət etdiyi hərbi hissəni icazəsiz tərk edərək vətənə döndü. 18 may tarixində yaradılmış könüllülərdən ibarət Laçın taboruna qatıldı. Bu zaman düşmən əsirliyində olan analar, bacılar ürəyindən qara qanlar axa-axa:
Əzizim kaman ağlasın,
Quşlar qanad saxlasın,
Ürəyinə dağ çəkilən
Ana-bacılar ağlasın!
– deyib haray çəkirdilər. Ağıya, həsrətə, qəm-qüssəyə bürünmüş bu sözlər vətən igidlərinin də məğrur, qorxmaz və bir o qədər də kövrək qəlblərinin titrək simlərinə toxunurdu. Onlar Azərbaycan torpaqlarının işğalına və övladlarının düşmən əsirliyində qalmalarına dözə bilmirdilər. Elə buna görə də silaha sarılıb vətənin müdafiəsinə qalxdılar. Asifin olduğu dəstə Murovdağı keçərək cəbhə bölgəsinə daxil oldu. Bütün sədləri aşaraq Laçının ən strateji nöqtəsi olan Hoçaz qayasına qədər irəlilədilər. Bu istiqamətdə şiddətli döyüşlər gün-gündən şiddətlənməkdə idi. Hoçaz qayasına, Hoçaz kəndinə və digər ətraf yaşayış məntəqələrinə nəzarəti ələ almağı bacarsalar da Laçın şəhərini azad etəməyə icazə verilmədi. Hansı ki, şəhərin iki kilometrliyinə qədər irəliləmişdilər. Buna görə də döyüşçülər arasında ruh düşkünlüyü yaranır. Bura qədər irəliləyib Laçın şəhərini azad etməməkdə düşmən barmağı olduğunu zənn edirlər. Elə bu an qəlbi vətən eşqi ilə döyünən Asif coşqulu bir səslə dilə gəldi:
-Laçını azad etmək üçün bütün imkanlarımız var. Onsuz da Hoçaz qayasına qədər hər yeri təmizləmişik. Bu dəqiqə əlimizdə olan bu texnika ilə Laçını da tam azad edə bilərik!
-Laçına girməyə icazə vermirlər, kimsə dilləndi.
-Necə yəni icazə vermirlər?! Laçının taleyi bizim əlimizdə olduğu halda geri çəkiləcəyik?! Mən ölsəm də, qalsam da bu torpaqlardan geriyə bir addım da atmayacağam. Bu vətən bizimdir, onu qorumaq da bizim əsas borcumuzdur! Bu qədər şəhid vermişik, igid qardaşlarımız cavan canını bu torpaq uğrunda fəda edib. Biz əgər bu yurdu darda qoysaq, şəhidlərin haqqı bizə haram olar!
-Asif haqlıdır, biz əgər bu yola çıxmışıqsa, sonuna qədər getməliyik! – əsgərlərdən biri dilləndi.
Beləcə, hər kəs bir-birinə arxa-dayaq olsa da, şəhərin azad edilməsinə icazə verilmir.
Döyüşçülər düşmənin müxtəlif mövqelərdən etdikləri hücumların qarşısını cəsarətlə almağa çalışırlar.
Bir gün kəşfiyyat məlumatına görə düşmənin Ağdərə istiqamətində hücum təşkil etdiyi xəbəri verilir. Könüllü dəstələr dərhal düşmənin hücumunu dəf etmək üçün Ağdərəyə yollanır. Lakin onlar düşmənin hiyləsindən xəbərsiz idilər.
Onlar deyilən yerə çatanda düşmən pusqusuna düşürlər. Bu zaman: -Deyəsən kəşfiyyat səhv məlumat verib. Ermənilər bizi hər tərəfdən əhatəyə alıblar. Amma biz düşmən hiyləsinin qurbanı ola bilmərik, – Asif dillənir. Düşmənin qurduğu pusqudan dərhal çıxmaq lazımdır.
Vətənin mərd oğulları cəsarətli manevr edərək mühasirədən çıxmağa çalışarkən namərd düşmənin gülləsi Asifi yaxalayır. Düşmən gülləsi Asifi yaralasa da onu döyüşdən döndərə bilmir. Düşmənə olan nifrəti, qəlbində kök salan vətən eşqinin kəskinliyi yaranın ağrı-acısını unutdurur. Asif bir an olsun belə silahı əlindən yerə qoymur. Nəhayət, şiddətli döyüşdən sonra mühasirədən çıxmağa nail olurlar. Laçına qayıdanda döyüş yoldaşları: -Asif, gəl səni göndərək hospitala, yaran sağalandan sonra yenə qayıdarsan, – deyir. Asif cavabında: -İgidin yarasını torpaq sağaldar, – deyib hospitala getməkdən imtina edir. Asifin necə inadcıl olduğunu bildikləri üçün daha heç kəs təkid etmir.
Günlər ötdükcə ağır döyüşlər bir-birini əvəz edir. Erməni silahlı qüvvələri yenidən səfərbər olub Hoçaz yüksəkliyinə hücuma keçir. Bu döyüşdə Asif ikinci dəfə düşmən gülləsinə tuş gələrək ağır yaralanır. Güllə sol gözünü, alnının sümüyünü və beyninin bir hissəsini dağıdır. Silahdaşları onu təcili hospitala çatdırır. Həkimlər vəziyyətin ağır olduğunu görüb əməliyyat otağına aparırlar. Bu güllə onun həyatının sonu da ola bilərdi. Amma həkimlərin səyi nəticəsində Asif həyata dönə bilir, lakin başındakı gülləni çıxarmaq mümkün olmur.
İllər keçir, qazi Asif Məmmədov məktəbdə coğrafiya müəllimi kimi fəaliyyət göstərir. Daim şagirdlərinə vətən sevgisini, vətənin bütövlüyü uğrunda candan keçməyi, şəhid adını uca tutmağı, daim onlara hörmət etməyi və bir vətəndaş kimi onlara layiq olmağı aşılayır. Uğurlar olsun, dəyərli müəllim! Siz tək bizim yox, xalqımızın qürur mənbəyisiniz, həm bir müəllim kimi, həm də bir qazi kimi…

Müəllif: Aysu TÜRKEL

AYSU TÜRKELİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru