“XƏZAN”IN 38 – Cİ SAYI İŞIQ ÜZÜ GÖRDÜ (1- 2022)

“Xəzan” jurnalı

“XƏZAN” – 38
Yeddinci ilin ilk addımı – jurnalın növbəti – fevral (yanvar-fevral, 2022) sayı…
“XƏZAN” ədəbi-bədii jurnalının fevral (yanvar-fevral 2022) sayı çapdan çıxıb. Sıra sayına görə 38-ci nömrəsi hesab olunan 130 səhifəlik jurnalın növbəti sayı da poeziya, nəsr əsərləri və publisistik yazılarla zəngindir.
Jurnalın redaksiya heyəti yazıçı Qafar Cəfərlinin 65, şair Rafiq Akifin və Giya Paçxataşvilinin 60, Xəzər Miraj Məsimovun 55 yaşının tamam olması münasibətilə onları təbrik edib. Bu münasibətlə Qafar Cəfərlinin yaradıcılığına qismən işıq salan Əli bəy Azərinin “Mükəmməl xarakterli insan” və Giya Paçxataşvilinin yaradıcılığından bəhs olunan Qiymət Məhərrəmlinin “Zəfər ruhlu poeziya – Givinin Qarabağnaməsi” yazıları jurnalda yer alıb.
Əli bəy Azərinin redaktor guşəsində yerləşən “Ədəbiyyatda zaman anlayışı” məqaləsində son dövrlər müasir Azərbaycan ədəbiyyatına ipucu verə biləcək şüuraltı mesajlar mövcuddur.
Bəxtiyar Tuncayın “Vətən yanğılı qocaman şair” məqaləsində şair Məhəmməd Əlinin, Nizami Kolanılının “Həsən Goranboylu yaradıcılığında yurda bağlılıq sindromu” məqaləsində şair Həsən Goranboylunun və Budaq Təhməzin “Ələsgər Talıboğlunun könül dünyası” məqaləsində şair Ələsgər Talıboğlunun yaradıcılığından bəhs olunur.
Rəşid Bərgüşadlının “Adımıza “nakam” dedilər” esse-müsahibəsində rəhmətlik şair Məhəmməd Mahmudovun xatirəsi anılır.
Günay Rzayevanın “Qafqaz İslam Ordusunun izləri” və Orxan Əhlimanlının “Azərbaycanda dini abidələrə dövlət qayğısı” məqalələri maraqlı araşdırma və tədqiqatların nəticəsi etibarilə dəyərli məqalələr sırasındadır.
Rəna Mirzəliyevanın “Sən ağlasan – Vətən ağlar” məqaləsi şəhid polkovnik-leytenant Ruslan Tağıyevin döyüş yoluna və əziz xatirəsinə həsr olunub.
Budaq Təhməzin döyüşdən əlil olaraq qayıtmış qazinin həyat yoldaşı tərəfindən necə qarşılanmasına həsr etdiyi “Ürək sevərsə” və Nuranə Rəfailqızının “Dağlar, atam əmanəti” deyərək qələmə aldığı “Səndən sonra bahar gəlmir, xəzandır” lirik poemaları ürəkdağlayan təsvirlərlə yadda qalır. Poeziya bölməsində bundan əlavə şairlərdən Qərib Hüseynovun, Rəfail Tağızadənin, Adilə Nəzərin, Məhəmməd Əlinin, Hafiz Əlimərdanlının, Rafiq Akifin, Xəzər Mirajın, Aygün İsgəndərovanın, Bəxtiyar Kavanlı, Mehriban İbrahimovanın, Həsən Goranboylunun, Nazlı İbrahimovanın, Xəlil Tahirovun və Qəhrəman Qəhrəmanovun şeirləri yerləşdirilmişdir. Gülşən Aydınqızının uşaqlar üçün qələmə aldığı şeirlər də jurnalın poeziya bölməsindədir və olduqca maraqlı, diqqətçəkəndir. Esmira Günəş bir neçə şeirini şəhidlərə həsr etməklə onların ölməzliyini əbədiləşdirib. Türkiyəli şair Hacı Bayram Aslantaşın şeirlərindən nümunələr şair Ələsgər Talıboğlunun təqdimatında çatdırılır.
Hacı Nərimanoğlunun “Sibirxanın generallığı” faciəvi komediyası təqdim olunur. Maraqlıdır, hadisələr baxımından orijinaldır, dramatikdir. Nəsr bölməsində bundan başqa Fərhad Əsgərovun (Ramizoğlunun), Cahandar Aybərin, Qafar Cəfərlinin, Ramiz İsmayılın, Damət Salmanoğlunun, Əzizağa Elsevərin, Sülhiyyə Musa qızının, Zaur Ustacın, Əli bəy Azərinin bir-birindən maraqlı hekayələri və Çərkəz Nəsirlinin novellaları yerləşdirilib.
Xatırladaq ki, jurnal altı yaşını tamamlayıb yeddi yaşına qədəm qoyur. İki ayda bir dəfə olmaqla mütəmadi çıxır. Bir sözlə, “Xəzan” jurnalı hər zaman olduğu kimi yenə də bir-birindən maraqlı və rəngarəng yazıları ilə oxucularının görüşünə gəlib.


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – YENİ ŞEİRLƏR

ZAUR USTAC – XƏZƏR DELTASINDA GÖYQURŞAĞI

YAZ  SEVDASI  VAR
Bu payız bir başqa gəlir ömrümə,
Güzün gümanında yaz sevdası var.
Xəzana bürünüb bütün bağ, bağça
Güzün gümanında yaz sevdası var.
* * *
Bu xəzan yelimi, ya bahar mehi?
Bivaxt tumurcuqda, tər zəfər zehi,
Qızılı yarpaqda zər qəhər şehi,
Güzün gümanında yaz sevdası var.
* * *
Ustac, tac almısan Haqqın özündən,
Gözəllər xoşhaldır şirin sözündən,
Görməz, qəm süzülür qəmgin gözündən,
Güzün gümanında yaz sevdası var.
29.08.2021. Bakı.

MƏN BABƏKƏM
(“Uşaq boğçası”ndan bir şeir)
Babəkdir mənim adım,
Sırğa et qulağında!
Bir ömür xərcləmişəm,
Hürriyyət sorağında.
***
Bu yurd sənə əmanət,
Bəzz yanan ocağımdır.
Mayası qan lalələr,
İstiqlal sancağımdır!

AZƏRBAYCAN
(“Uşaq boğçası”ndan bir şeir)
Odlar yurdu deyir hamı,
Azərbaycan mənim adım!
Sağım, solum, dörd bir yanım,
Öz canımdan,  qol-qanadım!
***
Nazlı Araz kəmərimdir,
Xudafərin onun qaşı!
Birləşdirir ayrı düşmüş,
Dost-tanış, bacı-qardaşı!

HÜSNÜ PÜNHANA
(birinci şeir)
İsmipünhan deyib, yazıb şairlər,
Mənim müsahibim hüsnü pünhandı.
Səmimi, mehriban, həm zarafatcıl,
Mənim müsahibim hüsnü pünhandı.
* * *
Ürəyi yuxadı, xasiyyəti xoş,
Nəyi var, nəyi yox, verər, deyər:-“Nuş”!
Camalın gizlədib, deyir:- “Nəğmə qoş”!
Mənim müsahibim hüsnü pünhandı.
* * *
İsmin bağışlayıb; “Nurlu ləçəkdi”,
Cənnət bağçasında şehli çiçəkdi,
Ustacam, bu iş də bir görəcəkdi,
Mənim müsahibim hüsnü pünhandı.
07.10.2021. Bakı.

BAYRAQ  BİZİM  BAYRAĞIMIZ!!!
Üstündən yüz Araz axsın,
Torpaq, bizim torpağımız!!!
Güney, Quzey fərq eləməz,
Oylaq, bizim oylağımız!!!
* * *
Axışı lal, susur Araz,
Mil, Muğanı yorur ayaz,
Kərkükdən ucalır avaz,
Oymaq, bizim oymağımız!!!
* * *
Göyçə dustaq, Urmu ağlar,
Yaşmaq düşər, börü ağlar,
Qaşqayda bir hürü ağlar,
Papaq, bizim papağımız!!!
* * *
Dörd bir yanın qarabağlı,
Dəmir qapı çoxdan bağlı,
Bir ağacıq qol, budaqlı,
Yarpaq, bizim yarpağımız!!!
* * *
Ustac boşa deməz əlbət;
-“Sərhədinə elə diqqət”,
Bu kəlamda var bir hikmət,
Sancaq bizim sancağımız!!!
11.10.2021.Bakı.

ŞAHİ-CAHAN
Çiçək açsa, haçan həyat ağacın,
Yaz çağındır, o çağını yaza yaz!
Qan qaynasa, qışın oğlan çağında,
Qışa deyil, o çağını yaza yaz…
* * *
Araz dağdır, haldan hala hal eylər,
Sakit axar, eldən elə yol eylər,
Dost-aşina, taydan taya əl eylər,
Ayaq açsa, o çağını yaza yaz!
* * *
Taclı şair şeir yazdı dodaqsız,
Canın xanı yaranışdan qonaqsız,
Şahi-cahan, yaşar səssiz, soraqsız,
Hərgah coşsa, o çağını yaza yaz!

YARADAN YARATDI
(Dodaqdəyməz)
Tala tala, meşə meşə, dağı dağ,
Yaradan yaratdı yer naxış-naxış.
Sısqa sısqa, dərya dərya, arxı arx,
Yaradan yaratdı yer naxış-naxış.
* * *
Aqil alar dərsi iki alandan,
Haqq ayrılar, çıxar yağtək yalandan,
Həyat keçər, əyri-əyri dalandan,
Yaradan yaratdı yer naxış-naxış.
* * *
Taclı Şair, taxtın, tacın sirdi sirr,
Sənə çatan baxtın, bacın sirdi sirr,
Qarşı yatan ağrın, acın sirdi sirr,
Yaradan yaratdı yer naxış-naxış.
07.11.2021. Bakı.

XALQIMIN, ORDUMUN İLHAMI İLHAM!
Ən uca kürsüdən dedi sözünü,
Bircə hərəkətlə sildi yüzünü,
Bilmək istəyirsən əgər düzünü,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Əvvəlcə xainin qırdı belini,
Sonra namərdlərin kəsdi dilini,
Sevdi obasını, sevdi elini,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Yüz ölçdü, bir biçdi, ustdan usta,
Mizanı yerində; nə tez, nə asta,
Cəngilər çalındı bu dəfə “Rast”da,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Bir həmlədə pozdu kələyin, fəndin,
Uçudu, dağıtdı illərin bəndin,
Hər dəfə yanıltdı düşmənin zəndin,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Ustaca bəllidi zamanın feli,
Taixdə dastandı babamın qolu,
Dəmir yumruq oldu İlhamın əli,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!

YEL
Kim üçünsə mələkdi,
Kim üçünsə fələkdi,
Nə mələkdi, nə fələk…
Küləkdi bu, küləkdi!
* * *
Arada küsər belə,
Hirs ilə əsər belə,
Ümidi kəsər belə,
Ələkdi bu, ələkdi!
* * *
Yenə əsdi, ələdi,
Acı fikrə bələdi,
Toxu dilək dilədi,
Diləkdi, bu diləkdi!
11.11.2021. Bakı.

NAZLI BALA
Alagözdür, verib Xuda,
Gözəl, göyçək Nazlı bala!
Maşallah olsun, namxuda,
Gözəl, göyçək Nazlı bala!
* * *
Gözü Göyçədən su içib,
Kökdən gəlib, çox yol keçib,
“Donun” Xaliq özü biçib,
Gözəl, göyçək Nazlı bala!
* * *
Ustac bağlı soya, kökə,
Nazlı balam bəyim, bikə,
Züryət hardan hara çəkə!?
Gözəl, Göyçək, Nazlı bala!
11.01.2022. Bakı.

USTACLIYAM
Gözlərimin alalığı,
Ulu Göycəmdən ərmağan.
Ərdəbilin naləsidir,
Ruhum həp eylədi fəğan.
* * *
Yarı Qarqar, yarı Əfkər,
Şəhriliyəm; şaham, tacam!
Şah İsmayıl silahdaşı,
Ustaclı oğlu, Ustacam!

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.


ZAUR USTACIN YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ŞƏLALƏ CAMAL – İCAZƏ VER ÇIXIM GEDİM

ŞƏLALƏ CAMALIN YAZILARI

İCAZƏ VER ÇIXIM GEDİM
Danışmayaq söz xətrinə…
Nə səndən sevən çıxacacaq…
Nə məndən adam olacaq….
* * *
Ürəyim dönüb dumana,
Çatmayır sevgim limana,
Eşqim yetmir bu ümmana,
Məndən adam olmayacaq…
* * *
Hər yalanına uyaram,
Məhəbbətini duyaram…
Dizlərinə baş qoyaram
Məndən adam olmayacaq….
* * *
Gəl sən mənə çox güvənmə,
Gəl sən mənə bel bağlama,
Xətrinə dəyməsin, amma
Məndən adam olmayacaq….
* * *
Bax, bu eşqə düşsəm belə,
Səninlə görüşsəm belə..
Sevgimi bölüşsəm belə,
Məndən adam olmayacaq.
* * *
Gözlərimdən yaş tökərəm
Bağrımı yarıb sökərəm…
Qəlbim qaralıb çökərəm
Məndən adam olmayacaq…

Müəllif: Şəlalə CAMAL,

Yaradıcılıq məsələləri üzrə menecer.

ŞƏLALƏ CAMALIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – ŞEİRLƏR

ZAUR USTAC – XƏZƏR DELTASINDA GÖYQURŞAĞI

DAĞLAR
(Zaur Ustacın Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!

* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!
22.01.2021. Bakı.

YARPAQ VƏ TORPAQ
Can verəni candan alı qoyarıq,
Unudur yarpağa möhtacdır yarpaq…
Torpağa su deyil, zəhər veririk,
Marağa məəttəl qalıbdır torpaq…
* * *
Xəzələ aman yox torpağa çata,
Qurumuş canıyla cana can qata,
Əbədi qanunla rahatca yata,
Süprülüb çöplüyə atılır yarpaq…
* * *
Torpağa ting deyil, sütun əkirlər,
Arx, kanal yerinə hasar çəkirlər,
Dəmirdən, betondan kəfən biçirlər,
Gözü baxa-baxa gömülür torpaq…
* * *
Bizə can verənin canın almayaq,
Bu iki aşiqin yolun burmayaq,
Yarpağı torpağa həsrət qoymayaq,
Yarpaq elə torpaq, torpaqdır yarpaq…
* * *
Ay Ustac, haqq deyən Nəsımı öldü,
Haqq bir damladır, batilsə göldü,
Qardaşlar tək gəlmiş Adəmi böldü,
Bizlər unutsaq da, unutmur torpaq…
31.01.2021. Bakı.

A SİMSAR
Salam olsun, sənə şanlı ixtiyar!
Mizrab tutan əlin, qolun var olsun!
Şükür, əlindədir külli-ixtiyar!
Mizrab tutan əlin, qolun var olsun!
* * *
Nə deyim, a simsar, elə sim sarı,
Simsar sinsidərmi, belə simsarı,
Hələlik dönüş var, hələ sim sarı,
Mizrab tutan əlin, qolun var olsun!
* * *
Rəvamıdır, bu edilən Ustaca!?
Diqqət istər sim sarıyan ustaca…
Al dil ilə deyər halın ustaca,
Mizrab tutan əlin, qolun var olsun!
05.02.2021 Bakı.

BƏRK YAPIŞ
Ay Zaur, deyirlər ən yaxşı vaxtdır,
Bir az daha qeyrət, güləş, bərk yapış!
“İgid odur, atdan düşə, atlana.”
Bu işdə dönüş yox, dirəş, bərk yapış!
* * *
“Kor qızın baxtı”ndan yeyindi baxtın,
İlikdən tacın var, sümükdən taxtın,
Olmasa da adan, ya da ki, “yaxt”ın,
Olanları qoru, çalış bərk yapış!
* * *
Ay Ustac, bilirsən, yastığın üç gül,
Göydə ulduz sayır basdığın müşkül,
Bir türlü dolmayır asdığın kəşkül,
Haqqın ətəyindən sallaş, bərk yapış!

SƏKKİZİ SONSUZLUQ ELƏDİ İLQAR
Xoşbəxtlər günündə doğulmuşdu o,
Təqvimin bu günü İlqar günüdür!
Ölməzlər günündə doğulmuşdu o,
Təqvimin bu günü İlqar günüdür!
* * *
Bu gün doğum günü, yaşar əbədi,
Eliynən bir ünü, yaşar əbədi,
Sonsuzluğa yönü, yaşar əbədi,
Təqvimin bu günü İlqar günüdür!
* * *
Zaur tək yüzləri bir çətən oldu,
Çoxu arzuladı, o yetən oldu,
Vətən torpağında o, bitən oldu,
Təqvimin bu günü İlqar günüdür!
08.05.2021. Bakı.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.


ZAUR USTACIN YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru