Bu gün “Yazarlar” jurnalının redaksiya heyətinin üzvü, Samux rayonu üzrə bölgə təmsilçimiz, dəyərli söz adamı Seymur Sönməzin doğum günüdür! Ad günü münasibəti ilə qələmdaşımızı təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq! Uğurlarınız bol olsun, Seymur müəllim! Şairin şad günü münasibəti ilə qələmə aldığı şeirini sizə təqdim edirik:
MƏNİM ÖMÜR YOLUM Boylanıb geriyə baxdım bir anlıq, Elə bil üstümü duman-çən aldı. Gözümün önündən keçdi cavanlıq, Ömrün bir ili də arxada qaldı. * * * Nə yaman tez ötdü aylar-fəsillər, Anlar tufan kimi, yel kimi keçdi. Durub arxasınca baxdığım illər, Qarşımdan bulanıq sel kimi keçdi. * * * Söykədim üzümü xatirələrə, Sevdalı çağlarım geriyə döndü. Zülmətdə qərq olan neçə bənd-bərə, Mənimlə birlikdə dil açdı, dindi. * * * Közərdim təzədən sönmüş ocaqtək, Nurlu sabahların seyrinə çıxdım. Yaratmaq eşqiylə çırpındı ürək, Keçilməz sədləri bir anda yıxdım… * * * Duruldum su kimi avazda-səsdə, Sanmayın ağlımı nəsə çaşdıdı. Bir il gəldisə də yaşımın üstə, Məni şeirlərim cavanlaşdıdı. 04.02.2022.
ŞƏHİD MƏZARI Uzanan yollara baxan bir məzar daşı vardı. Hündür təpəlikdə özünə məskən salmışdı. Buradan yayda gözəlliyə bürünən meşələrə, al-əlvan rəngə boyanan çəmənliklərə, sevinclə oynayan uşaqlara baxardı bu soyuq məzar daşı. Payız gələndə saralar solar, qışda qarın buzun altında buzlaşardı sanki… Nə gələni vardı, nə gedəni. Kimsəsi yoxdu bu məzar daşının. Kimsə bilməzdi kimin yadigarıdı burada uyuyan. Yaxınlığına hərdən uşaqların topu gəlib düşərdi. Onlar da qorxa-qorxa yaxınlaşıb götürərdilər topların. Bir də hərdən özü kimi bir kimsəsiz çoban gələrdi bu tənha məzarın yanına. Qəmli-qəmli tütək çalardı. Bu məzarın ana laylası da, “Quran” sədası da o qəmli musiqi idi… Əslində kimsənin bilmədiyi, sirlərlə dolu olan bu məzar daşı şəhid məzarıydı. Ata-anasının yeganə göz qarası, bacısın ürək parası, yarının can parası, övladının hər şeyi idi, bu məzar daşı… Uzaq-uzaq ellərdə onu gözləyən neçə-neçə arxasınca həm aglayan, həm axtaran, həm ümid edən ürəklər vardı… Qəlblər qəhrəmanı idi bu şəhid məzarı… Nənəsi nəvəni dizi üstə oturdub, oxşayıb atasının qəhrəmanlıqlarından tez-tez danışardı. Babası atasının döyüş yoldaşlarının yanına aparardı, anası gecelər xısın-xısın aglayaraq, taleyinə boyun əyib, gözüyaşlı bağrına basar, oxşayardı onu: -“qayıdacaq can bala atan”,- deyərdi. Qayıda bilməsə, bizə göylərdən baxacaq deyərdi… Sən böyüyüb atan kimi olacaqsan deyirdi. Balaca qızarıb şişmış gözlərini silib:- “mən səni qoyub getməyəcəm, atam kimi”, -deyirdi… Anası onu hər dəfə qucaqlayıb:-“atan bizi qoyub getmədi, o, bizi qorumaga getdi”,- deyərdi… İllər keçdi…Tənha məzar daşı yenə də uzanan yollara qəmli-qəmli baxırdı. Lap az əvvəl çoban laylasın çalıb getmişdi. Yaxınlıqdan maşın səsi gəldi, sanki məzar daşı işıqlandı. Bir yaşlı, qoca babayla bir cavan oğlan ona yaxınlaşırdı. Yaşlı baba oğlana nəsə danışırdı. Get-gedə səs aydınlaşırdı: -“Bax bala, dediyim məzar budur, illərdi burda ziyarətsiz qalıb… Gələni yox, gedəni yox… Sənin axtardığın adam ola bilərmi?” Cavan oğlan ürəyi əsə-əsə, ürkək baxışlarını ad yazılan daşa yönəltdi. Sanki ildırm vurdu onu:- “Ola bilməz! Ola bilməz! Kişi bir anlıq qorxdu… Nə oldu mənim balam?. Bu ola bilməz! Mənim atam ölə bilməz! O, qayıdacaq!”,- deyə hayqırırdı cavan oğlan. Kişi onu sakitləşdirməyə çalışdı. Bir az su verdi, oğlan suyu içib daşı qucaqladı. Hönkürtü ilə ağlamağa başladı. Bu anda illərlə tənha qalıb, özünü məgrur tutan məzar daşı kiçilməyə, əyilməyə başladı sanki… Daşdam qəribə bir hənirti gəldi sanki… Bu hənirti dağlara, daşlara əks-səda verdi. O, artıq təhna deyildi…