Akif ABBASOV – QALSTUK ƏHVALATI

Akif ABBASOV

QALSTUK ƏHVALATI
(hekayə)
Zakir Qarayev akademiya institutlarının birində direktor idi. Son dərəcə zəhmli, ciddi və tələbkar şəxs olduğundan institut əməkdaşları ondan çəkinərdilər.
Zakir müəllim özünü çəkmirdi, lap əvvəldən xasiyyəti beləydi. Qaraqabaq idi. Şöbələrdə tədqiqat işlərinin müzakirəsində çox vaxt özü də iştirak edər, iradlarını bildirərdi. Seçmə yolu ilə bəzi tədqiqat işlərinin müzakirəsi hətta institut Elmi şurasının iclasına da çıxarılırdı. Bu, əməkdaşlarda məsuliyyət hissini artırır, onların tədqiqatları yüksək səviyyədə aparmalarına səbəb olurdu.
Elmi işçilər iş vaxtı dəhlizdə, institutun həyətində boş-boşuna dayanıb uzun-uzadı söhbət etməz, siqaret çəkməz, direktorun gözündən düşməməyə çalışardılar.
Əməkdaşlar hər şeydən ötrü direktorun qapısı ağzını kəsdirməz, şöbə müdirləri, elmi katib, yaxud elmi işlər üzrə direktor müavini Yavər müəllim vasitəsilə sözlərini çatdırardılar.
Bir də görürdün direktor özü işçilərdən kimi isə yanına çağırtdırır. İşçi bundan bərk narahat olur, həyəcan hissi keçirir, “Görəsən niyə görə məni çağırıb?” deyə öz-özündən soruşurdu.
Bu gün direktor nədənsə Murtuzu görmək istəmişdi. İşin tərsliyindən Murtuz işdə deyildi. Bir-iki saatlıq harasa getmişdi. Tez Murtuzu tapdılar: “Zakir müəllim səni çağırtdırıb” – dedilər.
Murtuzu fikir apardı: “Görəsən nə məsələdir?”
Şöbə müdirindən, ondan-bundan soruşdu ki, Zakir müəllim neynur onu. Bilən olmadı. Murtuz çar-naçar qəbul otağına gəldi. Katibə daxili telefonla onun gəlişini direktora xəbər verdi. Direktorun səsi eşidildi:
-Gəlsin.
Murtuz otağa daxil oldu. Danlanacağını gözünün altına almışdı. Amma nəyə görə? Bunu bilmirdi. Ha fikirləşirdisə, ağlına bir şey gəlmirdi. Başını qaldırmadan:
-Eşidirəm, Zakir müəllim, -dedi.
Zakir müəllim qələmi stolun üstünə qoydu. Eynəyini çıxarıb gözlərini Murtuza zillədi. Murtuzun bədənindən soyuq bir gizilti keçdi. “Yəqin icazəsiz iş yerimi tərk etdiyimə görə acığı tutub. Ya da haqqımda kim isə xəbərçilik edib”.
Murtuz sarısını udmuşdu. Onun sıxıldığını görən Zakir müəllim:
-Murtuz müəllim…-dedi.
Murtuz tez başını qaldırdı. Zakir müəllimin danışığı, müraciəti mülayim idi. Hətta sifətində təbəssüm vardı. Bu, Murtuzu ürəkləndirdi:
-Bəli, Zakir müəllim.
-Necəsən?
Murtuz öz-özünə: “Zakir müəllimdən çıxmayan iş. Onun kefini xəbər alır”. Tez:
-Yaxşıyam, sağ olun, – deyə cavab verdi.
-Murtuz müəllim, deyirlər sən yaxşı qalstuk bağlayırsan.
Murtuzun da üzü güldü:
-Elədir, Zakir müəllim.
Zakir müəllim stolun siyirməsindən bir qalstuk çıxarıb Murtuza uzatdı:
-Di göstər hünərini.
Murtuz irəli yeriyib qalstuku aldı, onu bağlayıb Zakir müəllimə verdi. Zakir müəllim qalstuku boynuna keçirdi. Yaxşı bağlanmışdı, həm də uzunluğu qaydasındaydı.
-Hə, Murtuz müəllim, deyilənlər düz imiş. Tədqiqat işini də bax beləcə, yəni yaxşı yerinə yetir. Sağ ol.
Murtuz sevincək otağı tərk etdi. Bir anlıq dəhlizdə dayanıb dərindən nəfəs aldı.
Bakı şəhəri, 22 fevral 2022-ci il.

Müəllif:Akif ABBASOV

AKİF ABBASOVUN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.