Dünyanın əşrəfi olan insan canlıların ən alisidir. İnsanı yaşadan Allahın minbir möcüzəsi ilə yaratdığı təbiətdir. Hər şeyin əsası olan təbiət,bəslində geniş anlamda, insanın böyük evidir.
İnsan dünyaya gəldiyi gündən təbiətlə iç-içədir. İnsanın qoynunda böyüdüyü təbiət, öz çalarları, təzadları ilə; gündüzü-gecəsi ilə, Günəşi-Ayı ilə, küləyi-tufanı ilə, yağışı-qarı ilə gözəldir. Başdan-başa romantikadır. Başdan-başa romantika olan təbiətin özünəməxsus poeziyası var; “Dünyada yalnız bir şeir, bir müsiqi, bir din mənbəyi var ki, o da təbiətdir! Şermi istərsən?… Ulduzların səfvəti, qürubun məhzunluğu, geçənin sükutu, fəzanın dərinliyi həp birər şeirdir! Musiqimi istərsən? Çayların, irmaqların ninnisi, dənizlərin, çayların çağlayan vəlvələsi, aslanların, ildırımların gurlaması, xəfif rüzgarların zümzüməsi, yarpaqların, çiçəklərin, bülbüllərin, ishaqların ötüşməsi həp birər musiqidir! Dinmi istərsən? İştə hər ulduzun incə təbəssümləri, hər günəşin yıldızlı baxışları, hər gün yeni bir din, yeni bir məhzəb doğuruyor” (Hüseyn Cavid əfəndi). Bütün gözəllikləri özündə toplayan təbiət, rəssamların, yazıçı və şairlərin ilham mənbəyidir. Aristotel “Poetika” əsərinin girişində yazır: “Sənət təbiəti təqlid edir.”
Sənət, yaradanın ən böyük və ən mükəmməl əsəri olan təbiətin təqlidi olsa da təbiəti təqlid etmək o qədər də asan deyil. Təbiəti təqlid etmək üçün güclü intuisiya lazımdır. Təbiətdəki gözəlliyi görmək, duymaqla yanaşı, onun mahiyyətinə varmağı, onunla danışmağı, pıçıldaşmağı da bacarmalısan. Gecələrimizi aydınladan Ayı, gündüzlərimizi nurlandıran Günəşi, başımızın üstündəki əsrarəngiz buludları, cilvələnən ulduzları, bir sözlə təbiətdəki gözəllikləri görməli, duymalı və duyğularını misralara köçürməyi bacarmalısan. Təbiətin dilindən anlayan, ondakı gözəllikləri görən və poeziyasında əks etdirməyi bacaran şairə Sona xanım Abbasəli qızını bu baxımdan xoşbəxt insanlardan saymaq olar. Misralarına pıçıldadıqları Sona xanımın ruhunun inikasıdır. Təbiət, “Can evi torpaq” olsa da, “işığı Ay”, “sevgisi bulud”, “evi dan” olan şairənin ilham mənbəyidir. Şairə, “Mənim ruhum bu torpağa bağlıdır” şeirində duyğularını belə ifadə edir:
Əzəlindən belə olub mənimki;
Ay işığım, bulud sevgim, dan evim.
Mənim ruhum bu torpağa bağlıdır,
Torpaq mənim can evimdi, can evim.
Poeziyasında təbiət, vətən, insan, tale, qismət mövzusu qırmızı xətlə keçən Sona xanım İsmayılovanın “Sükut haray çəkir” adlı şeirlər kitabını hiss-həyacansız oxumaq mümkün deyil. Oxucu ilk öncə kitabın adını; “Sükut haray çəkir” sindirməyə çalışır; süküt və haray… Süküt haray çəkərmi, – deyə düşünür. Sükut sözünün lüğəti mənası susmaq, danışmamaq, dinməməkdirsə, bəs bu haray nədir? Sükutun harayı duyulursa, məsələ ciddi, problem dərindir…
Müəllif, kitabın əsas amacına belə açıqlıq gətirir: “Həyat bоyu çоx şeyi mənəvi yüksəlişə sövq etmək mümkündür. Üstəlik, bu faktоru (hissi dünya оlaraq) ədəbi müstəvidə cilalayanda, həyata, taleyə meyil artır. “Sükut haray çəkir” kitabımın əsas qayəsi də belə deyək-budur. Mən daha çоx çalışmışam ki, hər kəsin ictimai оvqatında bu amilə yer ayıra bilim. Əsas оdur ki, yaradıcılıq fikir dürüstlüyü ilə uygun gəlsin. Çünki şair öz məqsədəçatma reallığında sadə seyretmələrə deyil, mümkün dərketmələrə siraət etməlidir. Heç şübhəsiz, müasir pоeziyamızın bir çоx tanınmış nümayəndəsi bu müstəvidə fərqli bədii zərurət qura bilib. Sevindirici haldır ki, mən də az-çоx bu müstəvidə səmt müəyyənləşdirmək cəhdindəyəm. Göründüyü kimi, yaradıcılığımda əsas etibarıilə Ana,Vətən,Tоrpaq, İnsan, Tale, Həyat və s. səciyyələrə önəm vermişəm.
Bu bədii keçidin məna və məzmununda uyğun bir pоetik təsiretmə var. “Sükut haray çəkir” adlı kitabımda da əsas leymоtiv yuxarıda sadaladığım aspektlərdir. Kitabdakı hadisələr ilk baxışdan öz ədəbi-zəruri effektiv əhatəsi ilə fikrimizi mümkün reallıqlara çəkə bilər. Diqqətlə оxusanız, aydın оlar ki, kitabımda insan və yaşam eyni müstəvidə qərar tutur, lakin çətinlik, etiraz və digər qeyri-həyati məziyyətlər taleyin yоllarını gah burulğanlara salır, gah qasırğaya. Çalışmışam ki, mən öz şair niskilimdə bu məğzi daha aktiv şəkildə manevr etdirim. Yəni fikirlərimdə həsrətə aludəçilik öz köynəyindən çıxır, qeyri-sоsial ünsürə çevrilir; bu da insanın fikirdəyişmə marağında ictimai nəzərlər sərgiləyir. … Mən bu səbəblə yeni kitabımda həyat və insan şərəfini yüksək tutmaq əminliyi ilə оrtaq həyat miqyaslarına çəkə bilim” (“Sükut haray çəkir”).
Sona xanım, həyat, vətən, insan haqqında duyğularını şeirlərinin misralarında dilə gətirir. Əbəs yerə deyil ki, оnun “Sükutun fəryadı” kitabında ”ictimai-ədəbi təsir miqyasca böyüyəndir və buradakı pоetik çək-çevirlər (ədəbi cəhdlər) dövrə uyğun təvsirə uğramağı bacarır.“
Eşqin sarayını fələk uçurdı,
Ağrılar daş kimi üzümə durdu.
İllər fəsil-fəsil ömrümü yоrdu,
Ta sənin yanına gələ bilmirəm.
Verilən misralarda “ağrıları daş kimi üzünə duran”, ömrünü fəsil-fəsil yоran illərdən” gileyli müəllif, zaman-insan-tale probleminə toxunur, zaman-insan-tale üçbucağında insanın vəziyyətini rəsm edir. Sоna xanımın yaradıcılığında ən çox diqqətimi çəkən onun Türk ruhuyla, Turan düşüncəsiylə yazıb-yaratmasıdır. Şairə, fikrən Turan elllərinin çоğrafiyasınını gəzib-dоlaşır, Təbrizi, Kərkükü anır, Göyçəyə böylanır… Sona xanım Tomris qeyrətli Türk qızıdır. Bəzən də şairənin əlindəki qələm silaha çevrilir.Türk olmanın qürurunu yaşayan Sona xanım, bütövlükdə “Turan ellərinin Sonası”dır:
Zənn etmə həyatda sınasıyam mən,
Müzəffər günlərin hənasıyam mən,
Turan ellərinin Sonasıyam mən,
Dilim türk dilidir, türk övladıyam.
Sona çatır qəm-kədərin zilləti:
Şükür, gözlər yuxusundan ayılır,
Mən də Türkəm, onu bil ki, əzəldən.
Təbriz, Kərkük ana yurdum sayılır.
Həyatda gecə-gündüz, sevinc-qəm, gülüş-göz yaşı kimi kədərin də o biri üzü nisgildir. Aşıq Ələsgər torpağında doğulub-böyüyən Sona İsmayılovanın nisgili Göyçə həsrətidir. Ürəyi Göyçə ilə döyünən, gözləri Göyçəyə sarı boylanan şairənin yurd həsrəti misralarına höpur, misralar sızıldayır, səssiz, sükutla fəryad edir:
Əzəldən bəxtimin çiçəkli yazı,
Ruhumda çalınır Ələsgər sazı,
İgid babaların könül havası,
Ağbirçək anamın namusu Göyçə,
Ömrümün ən ülvi duyğusu Göyçə.
Sinəmin ahları qopur yerindən,
Gözümdə oynayır yer məhvərindən,
Arzumun ən uca zirvələrindən,
Ürəyim boylanır, Göyçəyə sarı.
Sona İsmayılovanın “Sükut haray çəkir” kitabı qədim Göyçə mahalının xatirəsinin yad edilməsi, gənc oxucuların qədim yurd yerimiz olan Göyçəni tanıması və sevməsi üçün bir ərməğandır, bələdçidir. Şairənin Göyçə soraqlı şeirləri Göyçə mahalının əsrarəngiz təbiətinin, ayrılıq və intizarının sözlə çəkilmiş rəsmidir. Bu rəsmə Sоna xanımın vətən eşqi və vətən nisgili, yurd həsrəti, gedə bilmədiyi, “ağbirçək anamın namusu”, “ömrünün ən ülvi duyğusu” hopan, dağında-daşında Ələsgər sazının səsi, ruhu yaşayan Göyçə adlı müqəddəs vətəni sığdırıb. Bu rəsmi sükut saysaq, rəsmə sığdırdıqları Sona xanımın sükutunun fəryadıdır.
Ümumiyyətlə, yaradıcılığında aktual mövzulara toxunan Sona xanım, eyni zamanda “Sükut haray çəkir” kitabındakı şeirlərində “bədii fikrin çağdaş dövr ədəbi proseslərində, cəmiyyətin həyatında rolunu göstərir.” Sona xanımın nəsri, xüsusilə, Azərbaycan ədəbiyyatının klassikləri arasında özünəməxsus yeri olan filosof şair Əfzələddin Xaqaniyə həsr olunan “Sözün xaqanı” tarixi-bədii romanı haqqında da bu sözləri söyləmək olar.
Xaqaninin kəşməkeşli və ziddiyyətli ömür yolu izlənilən “Sözün xaqanı” romanını oxuduqca müəllifin çox zəngin elmi-tarixi düşüncəsi, tarixə dərindən bələdliyi, mətnlərlə, faktlarla, eyni zamanda dövrə aid topladığı materiallarla işləmək qabiliyyətinə, bütün bunlarla yanaşı, güclü bədii təfəkkürə, zəngin təxəyyülə malik olduğuna qənaət gətirir. Xaqaninin görünməyən, bilmədiyimiz məchullarını öyrənmək üçün tarixə baş vuran müəllif, əldə etdiyi məlumatlara və faktlara söykənərək o dövrə ekskursiya etmiş, dövrün hadisələrini, adət-ənənələrini, faktlarını öyrənmiş və bütün bunları yazıçı təxəyyülündən keçirərək qələmə almışdır. Məlum, hər hansı bir yazıçının tarixə baş vurması müəyyən məqsədə xidmət edir.
Bəzən tarixə “kor quyu” deyirlər. Doğrudan da tarixin qaranlıq səhifələri, məchulları çoxdur. Tarixə baş vurmaq, tarixi roman yazmaq böyük məsuliyyət, cəsarət və yüksək yazıçı istedadı tələb edir. Bu cəsarəti özündə tapan Sona xanım, məhz bu istedadı sayəsində romanda Azərbaycan tarixinin qaranlıq səhifələrini, eyni zamanda Əfzələddin Xaqani böyüklüyünü bədii təxəyyülü ilə canlandırmağa nail ola bilmişdir. Bu onu göstərir ki, Sona xanım ədəbiyyata olduğu qədər, tarixə də aşinadır. Məlum, tarixlə ədəbiyyat qoşa qanad kimidir. Çünki ədəbiyyat nümunələri tarixin müxtəlif dövrlərində yaranır, o dövrdə yaşanmış hadisələr ədəbiyyata gətirilir. Tarixdə yaşanmış hadisələr ədəbiyyatda inikas edir. Bəzən bir bayatıda tarixin hər hansı bir anı əks olunur. Məsələn, “Apardı Batı məni, Qul eylər, satı məni.” Bayatının monqollar, daha doğrusu Batı xan tərəfindən əsir alınmış gənc bir qızın dilindən söyləndiyi anlaşılır. Sona xanımın tarixi roman yazmaqda məqsədi, qoşa qanadı bir araya gətirmək, tariximizi, milli kimliyimizi sevdirmək, təbliğ etməkdir. Müəllif, qarşısına qoyduğu məqsədə nail ola bilmişdir, təbii ki ağır zəhmət, gərgin axtarış və yuxusuz gecələr hesabına.
Əminliklə deyə bilərik ki, “Sözün xaqanı” “romanını oxuyan oxucuda tarixə maraq daha da artacaq, romanda baş verənləri öyrənmək üçün tarixə müraciət edəcək. Aydındır ki, roman yazmaq məşəqqətlidir, amma tarixi roman yazmaq daha məşəqqətli. “Gülüstani-İrəm” əsəri ilə Azərbaycan tarixşünaslıq elminin əsasını quyan Abbasqulu ağa Bakıxanov yazır ki, “Tarix elə bir danışmayan natiqdir ki, sələflərin vəsiyyətlərini bütün təfsilat və təriflərilə xələflərə bildirir, ehtiyac və rifah səbəblərini, tərəqqi və tənəzzül yollarını anladır. Gələcəkdə törəyə bilən əhvalatı keçmişin libasında insanların ibrət nəzərinə catdırır. Bəli, keçmişdə vaqe olan bir iş gələcək üçün düşünülməldir və elmə əsaslanan bir əməl möhkəm və payıdar olar. Zəmanənin dəyişikliklərindən bixəbər işə başlamaq yolsuz və qorxulu bir cölə yönəlmək kimilir. Öz qısa ömründə təcrübə əldə edən şəxs, ondan çox böyük mənfəətə çatar. Tarix elmi isə, dünyanın təcrübəsini bizə kəşf edir.“
Sona xanım, romanında “danışmayan natiq”i danışdırır, Əfzələddin Xaqaninin yaşadığı dövrə və mühitə ekskursiya edir, qaranlıq nüanslara işıq tutur. Bizdən əvvəl yaşamış şairlərin yaratdığı əsərləri, eyni zamanda onların öz dövrlərinin xarakteristik yönlərini bütün dərinliyi ilə; dövrün tarixi, məişəti, mənəvi dəyərləri əks etdirir. Bu çox əhəmiyyətlidir.
Əslində, bir millətin geçmişi, həm də ədəbiyyatında bir çox cəhətdən əks olunan tarixdir. Biz tarix deyincə “yazılan tarixi”, tarix kitablarını düşünürük, amma “yazılan tarix”, “yaşanılan tarix”in mində biri deyildir. Yaşanılan tarix ədəbiyyatda tarixdən daha çox əks olunur. Digər tərəfdən, tarixlə tarixcilər məşğul olur, bədii əsərləri hər kəs oxuyur. Çayın axışını bir dəfə izləmək mümkün olduğu kimi, tarixin müxtəlif dönəmlərində yaşanan hadisələriin şahidi də yalnız o dövrün sakinləridir. Tarixdən fərqli olaraq yazılan tarixi əsərlər isə bu hadisələri olduğu kim canlandıraraq daima diri tutur. Bu baxımdan, Sona xanımın “Sözün xaqanı” tarixi romanı böyük əhəmiyyət kəsb edir.
Sona xanımın yaradıcılığı haqqında yazmaq, bir oxucu kimi fikir bildirmək, həm şərəflidir, həm də məsuliyyətli. Çünki bu il, yazıçı, jurnalist və şairə Sona xanım İsmayılovanın yubileyidir. Düşünürəm ki, “Ürəyi Göyçə ilə döyünən, gözləri Göyçəyə sarı bоylanan” Sona xanıma ən gözəl arzu, dilək, növbəti yubileyinin Göyçədə keçirilməsi olar. Artıq qalib ölkənin qalib vətəndaşları kimi, bu arzumuza çatmaq xülyadan reallığa yol almış kimidir. Əzizimiz, istedalı qələm dostumuz Sona xanımı səmimi duyğularla təbrik edir, uzun ömür, cansağlığı, bol-bol yaradıcılıq uğurları arzulayıram.
5 bədii və publisistik kitabın müəllifi Sona Abbasəli qızı İsmayılova AJB-nin üzvü, uzun zamandır Askef Azərbaycan başkanı, “Abdulla Şaiq” və “Qızıl Qələm”, “Ziyadar” makafatlarının laureatıdır. Uzun illərdir həm də jurnalist kimi fəaliyyət göstərən Sona xanım, halliyədə ZiM.Az saytının və “Şərqin səsi” qəzetinin şöbə müdiridir. İnanıram ki, Sona xanım oxucularını hələ çox yeni-yeni əsərlərlə sevindirəcək. Gününüz, iliniz mübarək olsun, gözəl xanım. Bütün gözəlliklər Sizinlə olsun!!
Müəllif: Lütviyyə ƏSGƏRZADƏ
Filologiya elmləri doktoru
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Əbdürrəhim bəy Haqverdiyev – 150
“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru