Etiket arxivi: Lütviyyə Əsgərzadə

CƏLAL BƏRGÜŞADIN HƏYATI VƏ YARADICILIQ YOLU YENİ BAXIŞ MÜSTƏVİSİNDƏ

CƏLAL BƏRGÜŞADIN HƏYATI VƏ YARADICILIQ YOLU YENİ BAXIŞ MÜSTƏVİSİNDƏ
Yaxın günlərdə filologiya elmləri doktoru Lütviyyə Əsgərzadənin nəfis tərtibatda nəşr olunmuş “Cəlal Bərgüşad” adlı sanballı əsəri ilə tanış oldum. Kitaba professor Nadir Məmmədli oxuculara “Cəlal Bərgüşadın elmi tərcümeyi-halı və ya yazıçının ömür yolu” adlı əhatəli ön söz yazıb. Əslində kitablara yazılan ön söz oxucuya əsərin məqsəd və məramı haqqında verilən istiqamətdir. Bu mənada müəllif giriş sözündə Lütviyyə xanımın əsərinə mükəmməl baxışı, geniş açıqlaması ilə münasibətini bildirib. Fəsillərdə qoyulan məsələlərə, tədqiqat obyektinə müəllifin yanaşma prinsipini çəkdiyi ədəbi zəhmətinin timsalında dəyərləndirib. Burdan da məlum olur ki, Lütviyyə Əsgərzadə yazıçının həyat və yaradıcılığını geniş aspektdə işıqlandırmaqdan ötrü Cəlal Bərgüşadın Ədəbiyyat və İncəsənət arxivində 606 saylı şəxsi arxivində mühafizə olunan müxtəlif sənədləri – xatirələr, məktublar, səfər təəssüratları, qeydlər və bu sıradan digər əlyazıları əsasında bütün materialları xronoloji ardıcıllıqla araşdıraraq işləmiş, nəticədə mükəmməl bir əsərin ərsəyə gəlməsinə və kitablaşmasına nail olmuşdur.

Lütviyyə xanım “Cəlal Bərgüşad”ı müəyyən mənada elmi, publisistik və avtobioqrafik xarakterli əsərlərə xas olan formada işləmişdir. Bu, əslində dili asan, maraqlı və oxunaqlı bir formadır. Nəzərə alsaq ki, müəllif bu əsərlə son 30 ilə yaxın bir vaxtda ədəbiyyatşünaslığın, ədəbi tənqidin diqqətindən kənarda qalmış Cəlal Bərgüşad yaradıcılığına, yazıçının həyatına, irsinə işıq salıb, o zaman kitabın əhəmiyyətini etiraf etməliyik. Başqa sözlə, uzun illərin unutqanlığından sonra müəllifin bu kitabı sanki ədəbi düşüncəmizdə bir oyanış yaratdı. Biz də düşünürük ki, kitabın yazılmasında belə bir ədəbi formanın seçimi doğrudur.
Əslində elmi, monoqrafik əsərlər ədəbiyyatşünaslığın inkişafına və zənginləşməsinə xidmət etdiyindən daha çox tədqiqatçıların maraq dairəsində olur. Bu kitab isə nəinki ədəbiyyatçılarda, eyni zamanda gənclərdə Cəlal Bərgüşad imzasına maraq oyadır, yazıçının əsərlərində yeni nəslə çatdırmaq istədiyi məzmun və ideyasına güclü istək yaradır.

Lütviyyə Əsgərzadə alim, qələm adamı olaraq bu amili nəzərə aldığından yazıçının əsərlərinə baxışını sistemləşdirərək bir süjet ətrafında işləmişdir. Bəlkə də yeni nəslin yazıçını tanmadığını, yaradıcılığından məlumatı olmadığını nəzərə aldığından, onu ədəbi irsinin timsalında xatırlamağı münasib sanmışdır.

Bu, həmin Cəlal Bərgüşaddır ki, bir zamanlar “Bozatın belində”, “Sıyrılmış qılınc” kimi əsərləri ilə tarixin yaddaşını sanki projektorun işığında araşdırıb ədəbiyyata gətirmişdir. Zamanında onun “Qaçaq Nəbi”si təkcə Azərbaycanda deyil, Türkiyə və keçmiş SSRİ məkanında yüksək tirajla nəşr olunmuş, böyük şöhrət qazanmışdır. “Bozatın belində” romanı müəllifin üslubu, dili, təhkiyəsi, gerçək hadisələri, personajları bədii boyalarla xarakterik şəkildə təsvir etdiyindən böyük oxucu auditoriyasının marağını, sevgisini qazanmışdır. “Qaçaq Nəbi” nəinki Azərbaycanda, eləcə də türk dünyasında xalq qəhrəmanı mövzusunda yazılmış əsərlərin sırasında özünün bənzərsizliyi ilə şöhrət qazanmışdır.

Dövrün ziddiyyətləri, varlıların boyunduruğu atında işləyən sadə zəhmət adamlarının, kəndlilərin acınacaqlı vəziyyəti, haqsızlıq həmin əsərdə real, canlı boyalarla təsvir olunmuşdur. Yazıçı qəhrəmanını, digər personajları həyatın içindən alaraq bədii detallarla təsvir etməklə, insanı duyğulandıran təsirli səhnələr yarada bildiyinə və digər məziyyətlərinə görə bu gün də sevilən romanlar sırasındadır.

Xalis yazıçı təxəyyülünə malik olan Cəlal Bərgüşad özünə qarşı həmişə tələbkar olduğundan əsərlərinin tarixilik, müasirlik və bədiilik baxımından mükəmməl olması üçün daim ədəbi axtarışlarda olmuş, tarixin dərin qatlarına enmiş, həyat hadisələrini təbii boyalarla təsvirə almış, xalqın malik olduğu ənənə və dəyərləri, yaşam mücadiləsini, xarakterik formada bir növ mənəvi miras timsalında elə xalqın özünə qaytarmağı qarşısına məqsəd qoymuş və istəyinə nail olmuşdur.

Əslində insan ömrünü obrazlı, həm də məcazi mənada gülün açması ilə solması arasındakı zamana bənzətmək olar. Bu bənzətməni dərk edənlər ötüb keçən zamanı boşa vermir, həyatını xeyirxah əməllərə kökləyir. Cəlal Bərgüşad da yeniyetməlik çağlarından ömrünün son akkorduna qədər yaradıcılıq eşqinə sadiq qaldı…


Yazımızın əvvəlində qeyd etdik ki, Lütviyyə xanım yazıçının həyat və yaradıcılığını xronoloji ardıcıllıqla, sistemli şəkildə araşdırmış, fəsillər üzrə qruplaşdıraraq ortaya bitkin bir əsər qoymuşdır. İlk olaraq yazıçının həyatı və taleyi şəxsi sənədlər və xatirələri əsasında qələmə alınmışdır. Avtobioqrafik məlumatlar, yazıçının ağır keçən uşaqlığı, hələ yeniyetməlik köynəyindən çıxmamış müharibəyə səfərbərliyi, orada ağır kontuziya alaraq ordudan tərxis olunması, ilk gənclik illəri və bundan sonra doğma Qubadda əmək fəaliyyətinə başlaması yazıçının tərcümeyi-halının ilkin sətirləri kimi sistematik ardıcıllıqla qələmə alınıb. Lütviyyə xanım imkansızlıq içində yaşayan, ali təhsil almaq üçün Bakıya qanadlanan, gələcək həyatının xəyallarını quran yazıçının ömür yoluna bir növ özünün duyğusal yazı tərzi ilə bələdçilik edib. Xatirə və sənədlərə istinadla müəllifin ömür yoluna işıq salıb. Bu işıq zolağında o, yazıçının arzusunda olduğu Universitetdə təhsil aldığını, qarşısına yaxşı insanların çıxdığını, xeyirxahların məşəl kimi yolunu aydınlatdığını, dövrün təzadlarını muncuq təki sapa düzərək oxucuya təqdim edib.

II Fəslin “İkinci ömür və ya XX əsrin məhəbbət dastanı” kimi təqdim olunması oxucuda “bu nə dastandır”- deyə, bu bölməyə də güclü maraq oyadır. Mütaliə zamanı aydın olur ki, Cəlal Bərgüşad onu böyük məhəbbələ sevən gənc və gözəl Sayad xanımla sanki nağıl ömrü yaşayıb. Təbii ki, bu sevginin yazıçının yaradıcılığına böyük təsiri olub. Aşiqlərin daim uzaq ölkələrə səyahətləri, həyat yoldaşının əsərlərini su kimi ruhuna axıtması, başına pərvanə kimi dolanması Cəlal bəyi xoşbəxt edib.

Yazıçının arxivində 50 ildən sonra açılmasını vəsiyyət etdiyi “Yazıçının arzusu” adlı bir məktubu var. Sayad xanımın icazəsi ilə 30 ildən sonra məktub açılır və Lütviyyə xanım onu əsərinə daxil edir. Görək Cəlal Bərgüşad nə yazıb? Oxuyuruq: “Sayad xanımla evlənməyim mənə yeni həyat, yeni eşq, yeni ilham, yeni qanad, yeni dünyagörüşü bəxş etmişdir. Mənə Cavanşir adında gözəl, ağıllı-kamallı bir oğul bağışlamışdı. Cavanşirin dünyaya gəlişini özümün ikinci dəfə dünyaya gəlişim kimi qiymətləndirirəm… Eşq olsun Sayad xanıma, eşq olsun onun mənə bağışladığı Cavanşirimə…”

Məktubu sonacan oxuyandan sonra inandım ki, XX əsrin ən çox sevilən məhəbbət dastanları sırasında yazıçının ömür yoluna işıq saçmış “Cəlal və Sayad” dastanının da bir başqa özəlliyi var…


Cəlal Bərgüşad yaşadığı 72 illik ömründə zəngin bir yaradıcılıq yolu keçmişdir. Tanrı ilk gəncliyindən onun ürəyinə istedad toxumunu səpmiş, qəlbinə təpər, əlinə ömrünün sonuna qədər ayrılmadığı qələm vermişdir. Bu qələmlə o, ədəbiyyatımıza, tarixi keçmişimizə yol almış, yazıb-yaratmış, nəticədə insanlığın mənəvi dünyasına özünün ədəbi incilərini bəxş etmişdir. Lütviyyə xanım yazıçının böyük bir xəzinə timsalında yaradıcılığını ayrıca bir fəsildə xarakterik formada tədqiqat müstəvisinə gətirməklə onun ədəbi obrazını yaratmağa müvəffəq olmuşdur. Və bütün bunları nasirin həyatı haqqında xatirələrin, qeydlərin müşayiətilə sistemli şəkildə səciyyələndirməyə çalışmışdır.

Cəlal Bərgüşadın “Yaradıcılığım” adlı bir qeydindən aydın olur ki, onun ilk qələm təcrübələri məktəb illərində divar qəzeti üçün yazdığı kiçik məqalələrdən başlayıb. İlk mətbu yazısı isə rayonda çıxan “Avanqard” qəzetində çap olunmuş “Cənub taydan əsən meh” adlı şeiridir. Lakin özünün də sonralar etiraf etdiyi kimi, ədəbiyyata “Dilbər xanım” adlı hekayəsilə gəlib. Biz də düşünürük ki, müəllif məhz bu hekayəsindən sonra yazıçı qiyafəsini əyninə alıb…

Tərcümeyi-halından göründüyü kimi, Cəlal Bərgüşad “Azərbaycan pioneri” qəzetində də çalışıb və həmin qəzetin yaradıcılığına təsirini, əsasən də sadə, aydın dildə yazmağı öyrətdiyini qeydlərində xüsusi olaraq vurğulayıb.

Qələm adamından ötrü yaradıcılıq aləmi böyük bir kəhkəşandır və o, özünü bu geniş məkanda rahat və sərbəst hiss edir. Müəllif bu kəhkəşanda yazıçının ədəbi məhsuluna bütün istiqamətdən nəzər yetirərək onun yaradıcılıq yolunu yaddaşlarda közərdir. Və müəllif nasiri öz xatırlamaları əsasında baxış müstəvisinə gətirərək xarakterizə edir.

Təbiidir ki, yaradıcı insanlar özünün yaşadığı, müşahidə etdiyi həyatı əsərlərinə gətirir. Cəlal Bərgüşad da İkinci Cahan Şavaşının vətən övladlarına yaşatdığı ağrı-acıları, itkiləri əsərlərində böyük ustalıqla, insanı kövrəldən bədii detallar, zəngin dil, yazı tərzi ilə qələmə almışdır. Lütviyyə xanım müəllifin yaradıcılığının ilk dövrlərində müraciət etdiyi mövzulara səciyyəvi şəkildə münasibətini açıqlayaraq yazır: “Yaradıcılığının ilk illərində Cəlal Bərgüşad daha çox cəbhəylə bağlı xatirələrini qələmə almış, kiçik hekayələrində müharibənin dəhşətli səhnələri, onun insanların həyatına gətirdiyi ağrı-acılar, döyüşlərdə yazıçının öz başına gələn hadisələr və döyüş yoldaşlarının yaşadığı olaylar öz bədii əksini tapmışdır…” Və fikrinin davamı olaraq yazıçının o ağır cəbhə həyatında gördüyü və yaşadığı acılarına münasibətini bildirir: “Müharibənin dəhşətlərini əks etdirən hekayələrində yazıçı böyük həyat sınağı ilə üz-üzə qalmış sovet əsgərinin sabahkı günə inamını, qəlbində yaşatdığı arzularını, onun uzaqlarda qalmış doğmalarıyla bağlı keçirdiyi həyəcanları ustalıqla qələmə almışdır… O, oğullarını cəbhəyə yola salmış anaların intizar və nisgilini Gülcahan ananın nümunəsində kövrək notlarla oxucuya çatdırmışdır…”


Tarixi əsər yazmaq yazıçıdan bəhs etdiyi dövrün ziddiyyətlərini səbrlə, mükəmməl şəkildə araşdırmağı, xalqın həyat-yaşam tərzini öyrənməyi, onun mənzərəsini təxəyyülündə canlandırmağı tələb edir. Bu əziyyətli yol isə istedadla yanaşı, böyük yaradıcı zəhmətdən və məsuliyyətdən keçir. Cəlal Bərgüşad yazıçı üçün mühüm olan bu keyfiyyətlərə qadir olmasaydı, “Bozatın belində”, “Sıyrılmış qılınc” kimi tarixi romanlar yaza bilərdimi…

Lütviyyə Əsgərzadə yazıçının yaradıcılığından bəhs edərkən təbii ki, qəhrəmanlıq tariximizi əks etdirən “Bozatın belində”, “Sıyrılmış qılınc” romanlarına da geniş yer vermiş, hər iki romanın Azərbaycan ədəbiyyatında yerini və mövqeyini bir tədqiqatçı olaraq təhlil, tədqiq obyekti kimi baxış müstəvisinə gətirərək xarakterizə etmişdir. Buna qədərsə dünya və Azərbaycan ədəbiyyatında ilk tarixi romanların yaranması yoluna nəzər salmış, onlardan nümunə gətirdiyi əsərlərə münasibətini müqayisələr zəminində təqdim etmişdir.

Bu fəslin ən böyük məziyyətlərindən başlıcası odur ki, müəllif xalqın çox sevdiyi Nəbinin bütün həyatını, mübarizliyini, qəhrəmanlığını yeni bir prizmadan tədqiq edərək ədəbiyyatşünaslıqda Qaçaq Nəbinin obrazına sadə təsvirlə yeni ştrixlər əlavə etmişdir. Lütviyyə Əsgərzadə yazıçının əsərində diqqət yetirdiyi məqamları, romanın aparıcı xəttinə münasibətini bildirərək yazır: “Romanda bəy və xanların zülmkarlığı, torpaq uğrundakı daxili çəkişmələr, mübarizələr geniş şəkildə əks olunmuşdur. Cəlal Bərgüşad bu romanı yaradarkən tarixi şəxsiyyət, xalq qəhrəmanı kimi Qaçaq Nəbinin həyatı, fəaliyyəti haqqında sənədli faktları dərindən tədqiq etmiş, bir sıra yeni məlumatları aşkarlamışdır”.

Müəllif eyni məsuliyyətlə yazıçının “Sıyrılmış qılınc” tarixi romanı haqqında da öz ədəbi, publisistik fikirlərini geniş şəkildə qələmə almışdır. Onun qeyd etdiyi kimi, Babək Xürrəmi haqqında yazılmış və kitab şəklində nəşr olunmuş ilk tarixi roman Cəlal Bərgüşadın “Sıyrılmış qılınc” əsəridir. Burda da Azərbaycanın taleyindəki acınacaqlı həyat, mübarizələr, xarabazara çevrilmiş obalar, kəndlər, zülm və dağıntılardan, istilalardan əziyyət çəkən insanların həyatı, bütün bunların fonunda Babək Xürrəminin qəhrəman obrazı romanda geniş şəkildə, həm də həqiqət prizmasından bədii boyalarla öz əksini tapmışdır. Lütviyyə Əsgərzadənin yazdığı kimi, Cəlal Bərgüşadın “Sıyrılmış qılınc” tarixi romanı gənc nəslin mərd, qorxmaz bir igid kimi böyüməsində müstəsna əhəmiyyət kəsb edir. Müəllif romanın zamanında ədəbi tənqidimizin də diqqətini çəkdiyini xatırladır. Qeyd edir ki, akademik Ziya Bünyadov, professorlar Teymur Bünyadov və Qulu Xəlilov müəllifin arxivlərdə apardığı gərgin axtarışları, tədqiqi sayəsində ərsəyə gətirdiyi bu tarixi romana layiq olduğu dəyəri vermişdir. Təbii ki, həmin vaxtda roman haqqında qərəzli fikirlərlə çıxış edənlər də olub. Bu nüansları da Lütviyyə Əsgərzadə özünün təhlil süzgəcindən keçirmişdir.

Cəlal Bərgüşadın yaradıcılığının bir qolu da publisistikadır. Xatırlayırıq ki, onun jurnalistik fəaliyyəti iki istiqamətdə inkişaf etmişdir. Bunlar televiziyada portret yazılar, veriliş, ssenarilər və səfər təəssüratları, yol qeydləri əsasında yazdığı, sonralar “Dünyada nələr gördüm” kitabına daxil etdiyi publisistik əsərlərdir. Cəlal Bərgüşad 60-70-80 və 90-cı illərin əvvəlləri, yəni ömrünün sonunadək yazıçı, publisist fəaliyyətini qoşa qanad kimi aparmışdır. O, hər iki sahədə mükəmməl idi. Hətta jurnalistika ilə yazıçılıq onun yaradıcılığında bir-birini inkişaf etdirirdi.

Müəllif “Cəlal Bərgüşadın publisistikası”nı da yaradıcılığının fonunda tədqiqata cəlb etmiş, hər biri haqqında öz mülahizə və fikirlərini bildirmişdir.

Yazıçının “Yol qeydləri və səyahət oçerkləri” jurnalistlik fəaliyyətində aparıcı mövzulardan olduğu üçün də Lütviyyə Əsgərzadə Cəlal müəllimin ürəkləri ehtizaza gətirən bu əsərlərini geniş aspektdə tədqiq-təhlilə cəlb etmişdir. Eləcə də “Acı-şirin xatirələr”, “Xatirələrdə yaşayan Cəlal Bərgüşad” fəsillərində qoyulan məsələlər də adlarından göründüyü kimi, yazıçının həyat salnaməsinin ədəbi, publisistik formada təqdimatıdır. Bu fəsilləri oxuyanda Cəlal Bərgüşadın sevincli, acılı, kədərli həyatı insanı duyğulandırır, onu gözümüzdə ucaldır, bizə doğmalaşdırır.

Cəlal Bərgüşadın ömür yolunu öyrənmək, onun çətin, enişli-yoxuşlu həyatını xatirələrin işığında tədqiq etməkdən ötrü aylarla arxivdə əlyazıları, sənədləri araşdırmaq, işləmək, əsərləri bədii, ideoloji baxımdan tədqiq etmək, müqayisə və ümumiləşdirmələr aparmaq və yazıçının irsini tam halda ədəbiyyatşünaslığın, ədəbi tənqidin diqqətinə təqdim etmək böyük zəhmətdir. Lütviyyə Əsgərzadə bu işlərin öhdəsindən təkcə alim kimi yox, həm də ustad bir qələm adamı olaraq məsuliyyətlə gəlmiş, Cəlal Bərgüşadın həyatını, yaradıcılıq yolunu tədqiq edərək şəxsiyyətinə, irsinə dəyər verməyi bacarmışdır…

Ümid edirik ki, filologiya elmləri doktoru Lütviyyə Əsgərzadənin “Cəlal Bərgüşad” əsəri təkcə ədəbiyyatşünaslıqda deyil, geniş oxucu kütləsi tərəfindən də rəğbətlə qarşılanacaq.

Şəfəq NASİR

Filologiya üzrə fəlsəfə doktoru

Lütviyyə Əsgərzadnin yazıları

Könül Bünyadzadənin yazıları

Şəfəq Nasiirin digər yazıları

Məmməd Məmmədlinin yazıları

DAHA ÇOX XƏBƏR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Turan ellərinin Sonası – Lütviyyə Əsgərzadə

SONA ABBASƏLİQIZI

Dünyanın əşrəfi olan insan canlıların ən alisidir. İnsanı yaşadan Allahın minbir möcüzəsi ilə yaratdığı təbiətdir. Hər şeyin əsası olan təbiət,bəslində geniş anlamda, insanın böyük evidir.

İnsan dünyaya gəldiyi gündən təbiətlə iç-içədir. İnsanın qoynunda böyüdüyü təbiət, öz çalarları, təzadları ilə; gündüzü-gecəsi ilə, Günəşi-Ayı ilə, küləyi-tufanı ilə, yağışı-qarı ilə gözəldir. Başdan-başa romantikadır. Başdan-başa romantika olan təbiətin özünəməxsus poeziyası var; “Dünyada yalnız bir şeir, bir müsiqi, bir din mənbəyi var ki, o da təbiətdir! Şermi istərsən?… Ulduzların səfvəti, qürubun məhzunluğu, geçənin sükutu, fəzanın dərinliyi həp birər şeirdir! Musiqimi istərsən? Çayların, irmaqların ninnisi, dənizlərin, çayların çağlayan vəlvələsi, aslanların, ildırımların gurlaması, xəfif rüzgarların zümzüməsi, yarpaqların, çiçəklərin, bülbüllərin, ishaqların ötüşməsi həp birər musiqidir! Dinmi istərsən? İştə hər ulduzun incə təbəssümləri, hər günəşin yıldızlı baxışları, hər gün yeni bir din, yeni bir məhzəb doğuruyor” (Hüseyn Cavid əfəndi). Bütün gözəllikləri özündə toplayan təbiət, rəssamların, yazıçı və şairlərin ilham mənbəyidir. Aristotel “Poetika” əsərinin girişində yazır: “Sənət təbiəti təqlid edir.”

Sənət, yaradanın ən böyük və ən mükəmməl əsəri olan təbiətin təqlidi olsa da təbiəti təqlid etmək o qədər də asan deyil. Təbiəti təqlid etmək üçün güclü intuisiya lazımdır. Təbiətdəki gözəlliyi görmək, duymaqla yanaşı, onun mahiyyətinə varmağı, onunla danışmağı, pıçıldaşmağı da bacarmalısan. Gecələrimizi aydınladan Ayı, gündüzlərimizi nurlandıran Günəşi, başımızın üstündəki əsrarəngiz buludları, cilvələnən ulduzları, bir sözlə təbiətdəki gözəllikləri görməli, duymalı və duyğularını misralara köçürməyi bacarmalısan. Təbiətin dilindən anlayan, ondakı gözəllikləri görən və poeziyasında əks etdirməyi bacaran şairə Sona xanım Abbasəli qızını bu baxımdan xoşbəxt insanlardan saymaq olar. Misralarına pıçıldadıqları Sona xanımın ruhunun inikasıdır. Təbiət, “Can evi torpaq” olsa da, “işığı Ay”, “sevgisi bulud”, “evi dan” olan şairənin ilham mənbəyidir. Şairə, “Mənim ruhum bu torpağa bağlıdır” şeirində duyğularını belə ifadə edir:

Əzəlindən belə olub mənimki;
Ay işığım, bulud sevgim, dan evim.
Mənim ruhum bu torpağa bağlıdır,
Torpaq mənim can evimdi, can evim.

Poeziyasında təbiət, vətən, insan, tale, qismət mövzusu qırmızı xətlə keçən Sona xanım İsmayılovanın “Sükut haray çəkir” adlı şeirlər kitabını hiss-həyacansız oxumaq mümkün deyil. Oxucu ilk öncə kitabın adını; “Sükut haray çəkir” sindirməyə çalışır; süküt və haray… Süküt haray çəkərmi, – deyə düşünür. Sükut sözünün lüğəti mənası susmaq, danışmamaq, dinməməkdirsə, bəs bu haray nədir? Sükutun harayı duyulursa, məsələ ciddi, problem dərindir…

Müəllif, kitabın əsas amacına belə açıqlıq gətirir: “Həyat bоyu çоx şeyi mənəvi yüksəlişə sövq etmək mümkündür. Üstəlik, bu faktоru (hissi dünya оlaraq) ədəbi müstəvidə cilalayanda, həyata, taleyə meyil artır. “Sükut haray çəkir” kitabımın əsas qayəsi də belə deyək-budur. Mən daha çоx çalışmışam ki, hər kəsin ictimai оvqatında bu amilə yer ayıra bilim. Əsas оdur ki, yaradıcılıq fikir dürüstlüyü ilə uygun gəlsin. Çünki şair öz məqsədəçatma reallığında sadə seyretmələrə deyil, mümkün dərketmələrə siraət etməlidir. Heç şübhəsiz, müasir pоeziyamızın bir çоx tanınmış nümayəndəsi bu müstəvidə fərqli bədii zərurət qura bilib. Sevindirici haldır ki, mən də az-çоx bu müstəvidə səmt müəyyənləşdirmək cəhdindəyəm. Göründüyü kimi, yaradıcılığımda əsas etibarıilə Ana,Vətən,Tоrpaq, İnsan, Tale, Həyat və s. səciyyələrə önəm vermişəm.

Bu bədii keçidin məna və məzmununda uyğun bir pоetik təsiretmə var. “Sükut haray çəkir” adlı kitabımda da əsas leymоtiv yuxarıda sadaladığım aspektlərdir. Kitabdakı hadisələr ilk baxışdan öz ədəbi-zəruri effektiv əhatəsi ilə fikrimizi mümkün reallıqlara çəkə bilər. Diqqətlə оxusanız, aydın оlar ki, kitabımda insan və yaşam eyni müstəvidə qərar tutur, lakin çətinlik, etiraz və digər qeyri-həyati məziyyətlər taleyin yоllarını gah burulğanlara salır, gah qasırğaya. Çalışmışam ki, mən öz şair niskilimdə bu məğzi daha aktiv şəkildə manevr etdirim. Yəni fikirlərimdə həsrətə aludəçilik öz köynəyindən çıxır, qeyri-sоsial ünsürə çevrilir; bu da insanın fikirdəyişmə marağında ictimai nəzərlər sərgiləyir. … Mən bu səbəblə yeni kitabımda həyat və insan şərəfini yüksək tutmaq əminliyi ilə оrtaq həyat miqyaslarına çəkə bilim” (“Sükut haray çəkir”).

Sona xanım, həyat, vətən, insan haqqında duyğularını şeirlərinin misralarında dilə gətirir. Əbəs yerə deyil ki, оnun “Sükutun fəryadı” kitabında ”ictimai-ədəbi təsir miqyasca böyüyəndir və buradakı pоetik çək-çevirlər (ədəbi cəhdlər) dövrə uyğun təvsirə uğramağı bacarır.“

Eşqin sarayını fələk uçurdı,
Ağrılar daş kimi üzümə durdu.
İllər fəsil-fəsil ömrümü yоrdu,
Ta sənin yanına gələ bilmirəm.

Verilən misralarda “ağrıları daş kimi üzünə duran”, ömrünü fəsil-fəsil yоran illərdən” gileyli müəllif, zaman-insan-tale probleminə toxunur, zaman-insan-tale üçbucağında insanın vəziyyətini rəsm edir. Sоna xanımın yaradıcılığında ən çox diqqətimi çəkən onun Türk ruhuyla, Turan düşüncəsiylə yazıb-yaratmasıdır. Şairə, fikrən Turan elllərinin çоğrafiyasınını gəzib-dоlaşır, Təbrizi, Kərkükü anır, Göyçəyə böylanır… Sona xanım Tomris qeyrətli Türk qızıdır. Bəzən də şairənin əlindəki qələm silaha çevrilir.Türk olmanın qürurunu yaşayan Sona xanım, bütövlükdə “Turan ellərinin Sonası”dır:

Zənn etmə həyatda sınasıyam mən,
Müzəffər günlərin hənasıyam mən,
Turan ellərinin Sonasıyam mən,
Dilim türk dilidir, türk övladıyam.

Sona çatır qəm-kədərin zilləti:
Şükür, gözlər yuxusundan ayılır,
Mən də Türkəm, onu bil ki, əzəldən.
Təbriz, Kərkük ana yurdum sayılır.

Həyatda gecə-gündüz, sevinc-qəm, gülüş-göz yaşı kimi kədərin də o biri üzü nisgildir. Aşıq Ələsgər torpağında doğulub-böyüyən Sona İsmayılovanın nisgili Göyçə həsrətidir. Ürəyi Göyçə ilə döyünən, gözləri Göyçəyə sarı boylanan şairənin yurd həsrəti misralarına höpur, misralar sızıldayır, səssiz, sükutla fəryad edir:

Əzəldən bəxtimin çiçəkli yazı,
Ruhumda çalınır Ələsgər sazı,
İgid babaların könül havası,
Ağbirçək anamın namusu Göyçə,
Ömrümün ən ülvi duyğusu Göyçə.

Sinəmin ahları qopur yerindən,
Gözümdə oynayır yer məhvərindən,
Arzumun ən uca zirvələrindən,
Ürəyim boylanır, Göyçəyə sarı.

Sona İsmayılovanın “Sükut haray çəkir” kitabı qədim Göyçə mahalının xatirəsinin yad edilməsi, gənc oxucuların qədim yurd yerimiz olan Göyçəni tanıması və sevməsi üçün bir ərməğandır, bələdçidir. Şairənin Göyçə soraqlı şeirləri Göyçə mahalının əsrarəngiz təbiətinin, ayrılıq və intizarının sözlə çəkilmiş rəsmidir. Bu rəsmə Sоna xanımın vətən eşqi və vətən nisgili, yurd həsrəti, gedə bilmədiyi, “ağbirçək anamın namusu”, “ömrünün ən ülvi duyğusu” hopan, dağında-daşında Ələsgər sazının səsi, ruhu yaşayan Göyçə adlı müqəddəs vətəni sığdırıb. Bu rəsmi sükut saysaq, rəsmə sığdırdıqları Sona xanımın sükutunun fəryadıdır.

Ümumiyyətlə, yaradıcılığında aktual mövzulara toxunan Sona xanım, eyni zamanda “Sükut haray çəkir” kitabındakı şeirlərində “bədii fikrin çağdaş dövr ədəbi proseslərində, cəmiyyətin həyatında rolunu göstərir.” Sona xanımın nəsri, xüsusilə, Azərbaycan ədəbiyyatının klassikləri arasında özünəməxsus yeri olan filosof şair Əfzələddin Xaqaniyə həsr olunan “Sözün xaqanı” tarixi-bədii romanı haqqında da bu sözləri söyləmək olar.
Xaqaninin kəşməkeşli və ziddiyyətli ömür yolu izlənilən “Sözün xaqanı” romanını oxuduqca müəllifin çox zəngin elmi-tarixi düşüncəsi, tarixə dərindən bələdliyi, mətnlərlə, faktlarla, eyni zamanda dövrə aid topladığı materiallarla işləmək qabiliyyətinə, bütün bunlarla yanaşı, güclü bədii təfəkkürə, zəngin təxəyyülə malik olduğuna qənaət gətirir. Xaqaninin görünməyən, bilmədiyimiz məchullarını öyrənmək üçün tarixə baş vuran müəllif, əldə etdiyi məlumatlara və faktlara söykənərək o dövrə ekskursiya etmiş, dövrün hadisələrini, adət-ənənələrini, faktlarını öyrənmiş və bütün bunları yazıçı təxəyyülündən keçirərək qələmə almışdır. Məlum, hər hansı bir yazıçının tarixə baş vurması müəyyən məqsədə xidmət edir.

Bəzən tarixə “kor quyu” deyirlər. Doğrudan da tarixin qaranlıq səhifələri, məchulları çoxdur. Tarixə baş vurmaq, tarixi roman yazmaq böyük məsuliyyət, cəsarət və yüksək yazıçı istedadı tələb edir. Bu cəsarəti özündə tapan Sona xanım, məhz bu istedadı sayəsində romanda Azərbaycan tarixinin qaranlıq səhifələrini, eyni zamanda Əfzələddin Xaqani böyüklüyünü bədii təxəyyülü ilə canlandırmağa nail ola bilmişdir. Bu onu göstərir ki, Sona xanım ədəbiyyata olduğu qədər, tarixə də aşinadır. Məlum, tarixlə ədəbiyyat qoşa qanad kimidir. Çünki ədəbiyyat nümunələri tarixin müxtəlif dövrlərində yaranır, o dövrdə yaşanmış hadisələr ədəbiyyata gətirilir. Tarixdə yaşanmış hadisələr ədəbiyyatda inikas edir. Bəzən bir bayatıda tarixin hər hansı bir anı əks olunur. Məsələn, “Apardı Batı məni, Qul eylər, satı məni.” Bayatının monqollar, daha doğrusu Batı xan tərəfindən əsir alınmış gənc bir qızın dilindən söyləndiyi anlaşılır. Sona xanımın tarixi roman yazmaqda məqsədi, qoşa qanadı bir araya gətirmək, tariximizi, milli kimliyimizi sevdirmək, təbliğ etməkdir. Müəllif, qarşısına qoyduğu məqsədə nail ola bilmişdir, təbii ki ağır zəhmət, gərgin axtarış və yuxusuz gecələr hesabına.

Əminliklə deyə bilərik ki, “Sözün xaqanı” “romanını oxuyan oxucuda tarixə maraq daha da artacaq, romanda baş verənləri öyrənmək üçün tarixə müraciət edəcək. Aydındır ki, roman yazmaq məşəqqətlidir, amma tarixi roman yazmaq daha məşəqqətli. “Gülüstani-İrəm” əsəri ilə Azərbaycan tarixşünaslıq elminin əsasını quyan Abbasqulu ağa Bakıxanov yazır ki, “Tarix elə bir danışmayan natiqdir ki, sələflərin vəsiyyətlərini bütün təfsilat və təriflərilə xələflərə bildirir, ehtiyac və rifah səbəblərini, tərəqqi və tənəzzül yollarını anladır. Gələcəkdə törəyə bilən əhvalatı keçmişin libasında insanların ibrət nəzərinə catdırır. Bəli, keçmişdə vaqe olan bir iş gələcək üçün düşünülməldir və elmə əsaslanan bir əməl möhkəm və payıdar olar. Zəmanənin dəyişikliklərindən bixəbər işə başlamaq yolsuz və qorxulu bir cölə yönəlmək kimilir. Öz qısa ömründə təcrübə əldə edən şəxs, ondan çox böyük mənfəətə çatar. Tarix elmi isə, dünyanın təcrübəsini bizə kəşf edir.“

Sona xanım, romanında “danışmayan natiq”i danışdırır, Əfzələddin Xaqaninin yaşadığı dövrə və mühitə ekskursiya edir, qaranlıq nüanslara işıq tutur. Bizdən əvvəl yaşamış şairlərin yaratdığı əsərləri, eyni zamanda onların öz dövrlərinin xarakteristik yönlərini bütün dərinliyi ilə; dövrün tarixi, məişəti, mənəvi dəyərləri əks etdirir. Bu çox əhəmiyyətlidir.

Əslində, bir millətin geçmişi, həm də ədəbiyyatında bir çox cəhətdən əks olunan tarixdir. Biz tarix deyincə “yazılan tarixi”, tarix kitablarını düşünürük, amma “yazılan tarix”, “yaşanılan tarix”in mində biri deyildir. Yaşanılan tarix ədəbiyyatda tarixdən daha çox əks olunur. Digər tərəfdən, tarixlə tarixcilər məşğul olur, bədii əsərləri hər kəs oxuyur. Çayın axışını bir dəfə izləmək mümkün olduğu kimi, tarixin müxtəlif dönəmlərində yaşanan hadisələriin şahidi də yalnız o dövrün sakinləridir. Tarixdən fərqli olaraq yazılan tarixi əsərlər isə bu hadisələri olduğu kim canlandıraraq daima diri tutur. Bu baxımdan, Sona xanımın “Sözün xaqanı” tarixi romanı böyük əhəmiyyət kəsb edir.

Sona xanımın yaradıcılığı haqqında yazmaq, bir oxucu kimi fikir bildirmək, həm şərəflidir, həm də məsuliyyətli. Çünki bu il, yazıçı, jurnalist və şairə Sona xanım İsmayılovanın yubileyidir. Düşünürəm ki, “Ürəyi Göyçə ilə döyünən, gözləri Göyçəyə sarı bоylanan” Sona xanıma ən gözəl arzu, dilək, növbəti yubileyinin Göyçədə keçirilməsi olar. Artıq qalib ölkənin qalib vətəndaşları kimi, bu arzumuza çatmaq xülyadan reallığa yol almış kimidir. Əzizimiz, istedalı qələm dostumuz Sona xanımı səmimi duyğularla təbrik edir, uzun ömür, cansağlığı, bol-bol yaradıcılıq uğurları arzulayıram.

5 bədii və publisistik kitabın müəllifi Sona Abbasəli qızı İsmayılova AJB-nin üzvü, uzun zamandır Askef Azərbaycan başkanı, “Abdulla Şaiq” və “Qızıl Qələm”, “Ziyadar” makafatlarının laureatıdır. Uzun illərdir həm də jurnalist kimi fəaliyyət göstərən Sona xanım, halliyədə ZiM.Az saytının və “Şərqin səsi” qəzetinin şöbə müdiridir. İnanıram ki, Sona xanım oxucularını hələ çox yeni-yeni əsərlərlə sevindirəcək. Gününüz, iliniz mübarək olsun, gözəl xanım. Bütün gözəlliklər Sizinlə olsun!!

LÜTVİYYƏ ƏSGƏRZADƏ

Müəllif: Lütviyyə ƏSGƏRZADƏ
Filologiya elmləri doktoru

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru