AYTAC İBRAHİM – YARALI ŞEİRLƏR, ŞƏHİD ŞEİRLƏR…

AYTAC İBRAHİMİN YAZILARI

YARALI ŞEİRLƏR, ŞƏHİD ŞEİRLƏR…

(Şəhid Nəzir Osmanova ithafən) 

Dinmir buraların göz yaşı…
Damcı-damcı, asta-asta “sən” axır …
Həsrət yağır küçənizin küncündən,
Elə bilirəm, dilə gəlib ad çağırır …

* * *

Axı hardadır dünən gördüyüm?
Yollarımda gülə-gülə gəzdiyim,
Qoxusuna həsrət qalıb bitdiyim…
Eh….Ləpir izi…
A ləpir izi?
Sənə qurban, yadlaşma…
Yağış yuyub aparmasın,
Külək olub uçurmasın ,
İstəmirəm, istəmirəm …
Toxumasın,
İgidimin ayaq izinə …
Maşınlar şütüməsin,
Adamlar təntiməsin,
Qoy itməsin qədəmləri …
Yoxsa böyük dərd olar,
Bu sərsəri başıma…
Ey, sən !
O küçədəki həmin ağac…
Daha yığılmayacaq xəzəllərin
Uçacaq uzaqlara,
Elimizdən lap uzaqlara…
Görən apararmı sədamızı
Bilinməyən sonsuzluqlara,
Görünməyən adamlara….
A torpaq …
İsitdiyin canlara ömür qurban,
Qoru, oğlunu …
Qoru, körpəni …
Qoru …
Qoy qəribsəməsin qoynunda…
A başdaşı,
A daşlar,
Bir az yüngül olun,
Çökməsin ağırlıq …
Axı yaraşmır,
Siz daşların, qara mərməri,
 Onun düz 23 yaşına…

* * *

Neçə vaxtdır qanamırdı yaralar…
Bu gün oldu,
elə bu gün son olsun…
Çəkilmişdi başım üstdə buludlar,
Gəldi,
doldu,
tez gedər olsun…
Dinmişdi, əzizim,
dinmişdi gözümün yaşı…
Elə bilmişdim,
Tökmüşəm qəlbimdən,
bu möhkəm daşı!
Ay Allah,
bu qədər işgəncə nədir axı?!
Boğasan,
aparasan,
tərk edəsən bu başı!
Sızlayır könlümdə
yuva quran kəpənək.
Ömrü də az qalıb,
o da gedir deyəsən…
Azacıq bir ömürdə ,
gərəkdir ki, gün görəsən,
Yoxsa bu imtahan,
o dünyaya qədərmi, nədir?!
Donub hisslərimin hər bir nöqtəsi.
İtələyirəm,
bağırıram ,
getmir ki getmir!
Varlığımdan,
yoxluğumdan,
 elə özümdən də bezmişəm…
Ümiddir e vallah,
dünyadan kəsilmək
bilmir ki bilmir…

* * *

Ömrümün hansı payızından kəsim,
22ilin qırılıb qol-qanadı…
Hər xoşluğun arxasınca bədbəxtlik,
Saxla burda…
Saxla !Xoş günlərimi kəsim…
İtirəcəyim nə var ki,onsuz,
Qazandıqlarım ki itib,batıb…
Biriləri yıxar,ümidlər quruyar,
Yetim qalar bizsiz xəyallar…
Ömrümün hansı payızından kəsim,
Hansı yaşımı dondurum,
Hansı yaşda cavan qalım..
Bəlkə də bəsdi artıq
Onsuz da quruyub canım,
Yaxın gəlin…
Ruhumun ehsanından sizə pay çəkim…

* * *

Uzaqların min dərdi olur,əzizim
Hərdən fəryad çəkib hayqırır…
Uzaqların həsrət qoxusu olur,
Elə hey yaraları qanadır…
Əl uzatdıqca itib,batır,
Cızılır kol-kosla biləklər
Uzaqların yarası böyük
Qanadıqca iz bağlayır…
Burda bir gün isti günəş
Bir gün də soyuq ay
Bir-biri ilə yarışır..
Günlər də keçir ,aylar da
Diləklər görmür gərçək üzü…
Hərdənbir şişmək çaxır,
Hərdənsə tufan olur…
Aparır bütün ümidləri…
Burda həyat başqadı,
Saniyədə dəyişir fəsillər…
Burda insanlar olmur
Nə də  kirli bədənlər…
Ruhlardır,gəzib tozur…
Bir azadlıq uğrunda
Çırpınır illər boyu…

* * *

Fərqli sandığın fərqlənmir,
Sən yenə pislərə yaxşı de…
Zamanla insan düzəlmir,
Burax əlimi,çıx get!
Tanımırsan can deyəni,
Canını alıb gedir…
Diliylə bal tökənlər,
Əli ilə zəhər gətirir…
Əcələ gərək yoxdu,
Yaşarkən öldürürlər…
70illik ömrünü,
Tabutda gəzdirirlər…    

* * *

Səhər də açılmır,
Gəlmir birinin səsi…
Sən ki yaxşı bilirsən
Hərkəsin varkən,
kimsəsiz olmaq nədir!
Soyuq əllərinlə
Tanrıya getmək nədir…
Bir gün;
Susacaq günahların,
Bağırmayacaq üstümə
Yanaqların su içəcək
Gözyaşından birtəhər…

Müəllif: Aytac İBRAHİM

AYTAC İBRAHİMİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ŞAHNAZ ŞAHİN – EŞQ YOLÇULARI

ŞAHNAZ ŞAHİNİN YAZILARI

EŞQ YOLÇULARI

Barat Vüsalla söhbətimiz həmişə ədəbiyyata, poeziyaya söykənir…

…Adamlar var onlarla ədəbiyyat haqda ədəbiyatçı kimi tutur söhbətin.Elə sənin müxtəlif qayğılardan boğulduğun,nəfəsinin çatmadığı zaman yetirir özünü sənə!..Çəkib qolundan atır qırağa və deyir ki,.get yaşa!
Çoxfunksiyalı,İmkanlı telefonu götürüb yığdım Barat Vüsalı,elə ilk kəlmədəncə əhvalını yerində görmədim.Soruşanda dedi “Ay Şahnaz,səsim satdımı məni?!”..və özünə məxsus gülüşü cingildədi qulağımda!..
Məlum oldu ki,sağlamlıq problemi olsa da artıq adladıb…nə yaxşı,şükür Allaha!..Söhbətimiz xeyli çəkdi,mövzular bir birinə calandı,amma yenə istinad nöqtəmiz mübarəkqədəm,bəzən də başı bəlalı,hərdən şou məkanını xatırladan ədəbiyat oldu…Milli sərvət səviyyəsinə yüksələn yazarları andıq,yaddaşa köçən sətirlərini xatırladıq,arada hələ xarici yazarlarla da ilgiləndik.Gördük vallah ədəbiyyatın mənbəyi öz milli yazarlarımızdı,onların dünyadan gedənini rəhmət,sağ olanlarını can sağlığı diləməklə yad etdik!..Nizamidən tutmuş Sabir,Səməd Vurğun,Məmməd Araz,Nəriman Həsənzadə,Musa Yaqub,İsmayıl Şıxlıdan…danışdıq….Dəryadı bunlar,gözümüzün qabağındaca olduğundanmı hərdən insafsız davranırıq,öz gözümüzdə tir axtarırıq?…
…Doğudan Batıya yollar uzanır,
İnsandan insana yol gözə dəymir!…
M.Araz deyib bunu!..Görəsən ürəyi, ruhu neçənci dərəcə yanıq zədəsi alıbmış dahi şairin ,bu sətirlərlə su səpib yarasına!!?
Musa Yaqub:
Şeiri götürdülər hoydu hoyduya,
Sözü götürdülər hoydu hoyduya,
Dağı götürdülər hoydu hoyduya,
Bağı götürdülər hoydu hoyduya….
Məni də qoşdular bu qeybətlərə,
Sonu görünməyən boş söhbətlərə..
Heyif,o əvvəliki könlümə heyif,
Heyif,o əvvəlki gülümə heyif…..
bu sətirləri hələ 90-cı illərdə yazıb….
Eynşteyn onu da başqalarını da qabaqlayıb və söyləyib ki:
..Bu gündən belə insanlığın taleyi onun elmi-texniki nailiyyətlərindən çox,mənəvi dayaqlarından asılı olacaq!….

Barat Vüsalla söhbətimiz həmişə ədəbiyyata, poeziyaya söykənir…


…….
Söhbətimizin sonunda Barat müəllimlə gəldiyimiz nəticə belə oldu ki,”Hər şey EŞQin yolunu tapmağa xidmət etməlidir..”
Bunların birincisi və ilki isə budağında oturub hərdən ağacını silkələməyə çalışdığımız əbədi,əzəli doğma
ƏDƏBİYYATımızdır…!”
Düşünək,dostlar,düşünək…

Müəllif:Şahnaz ŞAHİN
AYB və AJB üzvü, Prezident Mükafatçısı,
Beynəlxalq Rəsul Rza Mükafatı Laureatı.


ŞAHNAZ ŞAHİNİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Elnur Uğur – SULTAN ŞƏHİD!

ELNUR UĞURUN YAZILARI

SULTAN ŞƏHİD!

(Şəhid Sultan İbrahimovun dipdiri xatirəsinə!)

Bir yaz səhəri,

Günəşlə bir doğdu,

Doğum xəbərin!

Salyandan Vətənə nur saçdı o gün,

Mələklər yerə endilər,

Yerə insan gəldi,dedilər.

Vətən göyünü Salyandan

Sülh rəngi ilə rənglədilər.

Süd rənginə boyandı o gecə

Səma.

Ata,

Ana

Sevincdən qanad taxdı arzularının qollarına.

Uçdular ümid səmasında,

Sultan adını qoydular sənə,

Sultan olacaqmışsan bir gün demə,

Ayrılığın sultanı olan ölümə!

Mələklər də bir yandan

Alnına yazdılar Tanrı tapşırığını:

24 Aprel ana bətnindən olum günün,

24 Oktyabr Şəhadətə doğum günün.

24 yaş yaşadın.

Bu 24 rəqəmi nə yaman yazıldı alnına,

Bir mistik düşüncənin işığında

Qaldırıram həyat adlı dramın ilk pərdəsini,

Oynayıram öz-özümə üzümün doğmalığını,

Yamsılayıram həyatın sevgi səsini.

Düşünürəm,

Bəlkə,

Günəş Yerin başına 24 saata dövrə vurur deyə,

Bir Günəş ömrü yazıb

Tanrı bu sultan sevgiliyə.

Can Şəhidim,

Sultan şəhidim!

Ağbənddə Vətənin üzünü ağ elədin,

Düşmənə niyyətini dağ çəkdin!

Ölümü öldürdün o gün,

Gələcəyin bətninə eşq toxumu əkdin!

Eşq nə demək,

Səndən öyrənəcək,

Gələcək,

Şəhidim!

Ölümləri öldürməkdi eşq.

Özünü qurban verməkdi eşq.

Özünü qurban vermək,

Əslində özünə qiymətdi.

Dünyaya gəliş də,

Gediş də,

Yüksəliş də,

Eniş də

Nə varsa vur-tut bircə niyyətdi.

Hə, niyyətdən doğur,

Bütün iyyət şəkilçili sözlər.

Səmimiyyət də,

Cəmiyyət də.

“Niyyətin hara,mənzilin ora”

Boşuna deməmişlər,

Niyyəti xalislər.

Nə gözəl gedişdi  bu?

Addım -addım uzaqlaşdıqca,

Adam-adam yüksəlişdi bu.

Bu eşqin bir adı var elə,

Bu ad ilə

Milyard ildi,

Yer öz oxundan yapışıb qalıb.

Dünyanı eşqdir,

Bu qədər çirkablar içində duru saxlayıb.

O eşq ki,

Şəhid adı yazılıb baş daşının taleyində.

O eşq ki,

Anaların göz yaşının taleyində,

İşım-işım işıq saçır,

“Vətən sağ olsun!”nidası.

Sən də Vətən sağ olsun dedin,

Getdin,

Dönmədin!

Eh,nə danışıram axı?

Sən elə özün boyda döndün elə,

Niyyətinə,

Baxışlar qurban kəsildi.

Naxçıvan,

Qarabağ,

Şəki,Lənkəran,

Bir də ki,

Məmləkətdəki

Bütün sevdalılar,

O günü Vətən ruhuna qoşulub

Şəhadət yolçuluğuna

Yoldaş olmağa Salyana gəldi!

Bu Vətənin sənə

Vəfa borcu var,Şəhidim!

O haqq məhkəməsində,

Haqqa haqlı Şahidim!

İçdiyin Şəhadət Şərbəti,

Eşqin Kərbəlasından keçmək qisməti!

Ruhunu andıqca

Gözəl anlayıram,

Ruh susadıqca,

Çatlayır adamın qəfəsi-dərisi

Bu boyda sevdanın alın yazısının

Sabahkı yol xəritəsi,

Niyyətinlə yazılır.

Azadlığımın boyu bir ömür də uzandı.

Vətən eşqinə təşnə ruhun,

Vətən boyda sevgi qazandı.

Dualar var əliboş dönür,

Əllər var içi daş dönür,

Səcdədən.

Sən bir müjdəsən

Şəhid sevdanla.

Şahid sevdanla

Sondan sonrakı sonraya.

Yaxşı  bax Şəhidim,

Durduğun sıraya

Mələklər,Tanrı.

Bir də əkiz qardaşları

Bütün Şəhidlərin

Şəhidlər.

Yaxşı bax

Dörd yanın işıq,

Bu nur

Hansı niyyətdən doğur?

Eşqdən?!

Meytək içmisən,

Ölüm can verib hər qurtumunda.

Vətənin qurtuluşunda

Mayak olub səndən sonra

Adın!

Sən ölmədin

Şəhidim,

Yaşadın!

Nəğmədə,

Sözdə,

Əməldə,

Zəfərdə…

Zəfərin möhürü qanın!

Sən sübut elədin,

Təkcə analar qoruyucu mələkləri deyil,

Oğullar da qoruyucu mələyi olur ananın!

Adını Sultan qoymuşdu sevənlər,

Sultan doğmuşdun Atanın taleyinə,

Ananın sənli günlərinə.

Sultan kimi də ucaldın ölümünlə.

Mələklər müjdələyən Şəhadətinə,

Can deyir,can

Yarasından Vətən axan

Misralarım!

Sən Şəhidim,

Baharısan bu yurdun!

Həmişəyaşıl xatirələrin.

Hər baş daşına baxanlar

Baş daşına baş daşı yox,

Vətən deyir!!!

Vətəni torpağın üstündəkilər deyil,

Altındakılardır ayaqda tutan.

Sən dipdiri xatirənlə əbədi yaşamın sübutusan!!!

Müəllif: Elnur UĞUR

ELNUR UĞURUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ƏBÜLFƏT USUBOĞLU – ŞEİRLƏR

ƏBÜLFƏT USUBOĞLUNUN YAZILARI

TANRIM, SƏN KÖMƏK OL BİZƏ

Qohumlar çevrilib yada,

Dostlarım yetməyir dada,

Başı bəlalı dünyada,

Tanrım, sən kömək ol bizə!

* * *

Ulaq bəyənmir palanı ,

Eşitmək olmur yalanı.

Gədələr saymır ananı,

Tanrım, sən kömək ol bizə!

* * *

El yolunda yanmayırlar.

Halal-haram qanmayırlar.

Böyük-kiçik saymayırlar,

Tanrım, sən kömək ol bizə!

* * *

Nələr olmur, nələr olur.

Yaxşılardan pis doğulur.

Kişilər dərddən boğulur,

Tanrım, sən kömək ol bizə!

* * *

Qardaş-qardaşını söyür,

Haqsıza bax haqsız söyür.

Əbülfət üz tutub deyir.

Tanrım, sən kömək ol bizə!

NƏDƏN UNUTMUSAN

Çıxdığın budağı niyə kəsirsən?

Haçansa bu yerə çıxarsan, oğlan.

Deyilən düz sözdən niyə küsürsən?

Yıxılıb, halına baxarsan, oğlan.

* * *

Sənə əl tutublar, yiyə durublar

Söylə, nədən belə nadansan, oğlan?

Səni yıxılanda çox qaldırıblar ,

Niyə unutmusan, adamsan, oğlan?!

YANILIR İNSAN

Gələnin getməyi həyat qanunu,

Düz yolu unudub yanılır insan.

Adam niyə tökür insan qanını?

Nədən olub ölüm bir belə asan?

* * *

Dedilər sakit ol, adam oğulsan,

Səbirlə hər işin asanlaşacaq.

Xislətin dəyişməz, bir də doğulsan,

Adamlar yol gedər… İnsanlaşıncan!

Müəllif: Əbülfət USUBOĞLU

ƏBÜLFƏT USUBOĞLUNUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – AĞLARAM

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

AĞLARAM
(…müharibə qurbanlarına ithaf…)
Yenə də dolmuşam yaz buludutək
İndi bıldır-bıldır töküb ağlaram…
Tabu qalasında dustaq ruhumun
Buxov, zəncirini söküb ağlaram….
* * *
Bu bahar yasəmən büründü qara,
Bənövşə boynundan çəkildi dara,
Qaranquş gəlmədi, düşübdü tora,
Onların dərdini çəkib ağlaram…
* * *
Ustacam, inandım haqqa, gərdişə,
Düşmən də olanda bəxtə ər düşə,
Dünyanın mərəzi dönüb vərdişə,
Bağrına lalələr əkib ağlaram…
* * *
Bağrına lalələr əkib ağlaram…
23.04.2022. – Bakı.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru