ZAUR BAYRAMOĞLU – DAŞ ŞABALID

DAŞ ŞABALID

I

Səhər yeməyini yeyib bitirdi. Süfrəni yığışdıran xanımını gözucu izləyə-izləyə dərmanlarını götürüb içdi. Ayağa qalxıb ağır addımlarla yataq otağına keçdi. Şifonerdən götürdüyü şabalıdları otaqda var-gəl edə-edə ovcunda ovuşdurmağa başladı. Barmaqları onların sürtünməkdən nazilib-incələn qabıqlarını oxşadıqca, bədəninə melatonik bir həzz yayılırdı. Şabalıdların bir-birlərinə toxunub çıxardıqları xaotik səslər qulaqlarından keçib beyninə dolur, barmaq uclarından yayılan istiliklə birləşib bioenerjiyə dönür, ruhunu oxşayırdı.

 “Müalicə seansı”nın bitdiyini düşündüyündə ovcunda oxşayıb-əzizlədiyi şabalıdlara baxıb ah çəkdi… İllərin alışqanlığı ilə otağın baş tərəfinə gedərək şifonerin qapısını açıb şabalıdları yerinə qoydu. Geri-geri çəkilib yatağın üstündə oturdu.

Əllərini dizlərinin arasında sıxışdırıb başını aşağı saldı…

Gözlərini boşluğa zilləyərək düşünür, zaman keçdikcə yaşamının bir parçasına çevrilən tünd qəhvəyi rəngli şabalıdların onun otağına haradan, necə gəldiyini xatırlamağa çalışırdı. Nəm çəkmiş köhnə lent kimi orası-burası pozulan yaddaşını qurcalasa da, onları haradan aldığını yadına sala bilmədi… Şabalıdlarla ilgili beyninə həkk olunmuş tək bir şey var idi: onları hər gün ən azı iyirmi dəqiqə ovuclarında ovuşdurmalı idi… Dəqiqəsi-dəqiqəsinə yerinə yetirdiyi göstəriş. Kim demişdi, niyə demişdi? Unudalı çox olmuşdu… Amma hər gün səhər saat doqquz tamamda yayı burulmuş saat kimi yatağı ilə üzbəüz qoyulmuş şifonerə yaxınlaşır, qapısını açaraq ən üst gözdən şabalıdları götürüb barmaqları arasında sıxışdırır, ovuclarında ovuşdururdu. Niyə etdiyi barədə heç bir fikri yox idi, bildiyi tək şey, bir kərə pozulduqdan sonra bir daha düzəlməyən səhhəti ilə şabalıdların arasında nəsə bir əlaqə olduğu idi.

II

Divar boyu bərkidilmiş “əlillər və ahıllar üçün tutacaq”dan tutub ayaqlarını ardınca sürüyə-sürüyə “əmək terapiyası” otağına yaxınlaşdı. Nəfəsini dərib qapını döydü. İçəridən incə, məlahətli səs cavabladı:

  • Gəlin.

Qapını açıb otağa daxil oldu. Tibb bacısı onun qoluna girərək stulda əyləşməsinə kömək etdi, özü də dolabdan ütülü ağ örtüyü götürüb masanın üstünə sərdi. Terapiya üçün istifadə olunacaq alətləri spirtlə dezinfeksiya edib örtüyün üstünə düzə-düzə:

  • Nə olub sizə? – deyə soruşdu.
  • İnsult, – deyib köks ötürdü.
  • Bilmirəm qidadandır, ya həyat tərzindən, xəstəliklər yaman cavanlaşıb.
  • Hə, elədir, ancaq mən pandemiyada peyvənd vurdurmuşdum, ondan sonra səhhətim pozuldu, sonu da belə, – deyib gözlərini endirdi.
  • Çoxdan keçirmisiz?
  • Yox, üç il öncə.
  • Daha öncə bərpada olmusunuzmu?
  • Hə, üç-dörd dəfə olmuşam.
  • Yəqin çox öncə olmusuz, çünki mən sizi daha öncə görməmişəm.
  • Bura ilk dəfədir gəlirəm.
  • Öncələri bizim rayonumuzda olmuşdunuzmu?
  • Əlbəttə, insultdan qabaq bir-iki dəfə olmuşam. Həm şəhəriniz gözəldir, həm də insanlarınız mehriban, qayğıkeş.

Xanım gülümsəyib yanağına tökülən birçəyini qulağının arxasına keçirtdi.

  • Rayonumuzu bəyənməyinizə sevindim.

Tibb bacısı bir tərəfdən onun əllərinin üstünü slikon alətlə masaj edir, digər tərəfdən söhbət edirdilər:

  • Daha öncə “əmək terapiyası” almısınızmı?
  • Xeyr.

Susdular, xanım əllərinin üstünü masaj etdiyi aləti kənara qoydu. Onun sağ əlini ovcuna alıb barmaqlarını başqa bir alətlə masaj etməyə başladı.

Onun hərəkətlərini izləyə-izləyə:

  • Siz ixtisasca fizioterapevtsinizmi? – deyə soruşdu.
  • Bəli, öncə tibb texnikumunu bitirmişəm, sonra da psixologiya və fizioterapiyaya dair əlavə kurslar keçmişəm.
  • Əvvəldən buradamı işləyirsiniz?
  • Öncə xüsusi qeyri-tədris müəssisəsində işləyirdim.
  • Nə əcəb özəldən çıxıb dövlətə gəldiniz? Mən bilən özəl şirkətlərdə əməkhaqqı daha yaxşı olmalıdır axı…
  • Məsələ əməkhaqqı deyil, – deyib ah çəkdi, – bilirsinizmi ora gələnlər hamısı problemli uşaqlardır, onlarla işləməyə ürəyim dözmədi, – deyə cavablayarkən iri qara gözləri kədərlə kölgələndi, əsmər yanaqlarından təbəssüm çəkildi…
  • Yəqin bura təzə gəlmisiz?..
  • Altı aydır, bilirsinizmi, həm iş şəraitinə, həm də əməkhaqqına görə bura mənə daha uyğundur, – deyib əlindəki aləti kənara qoydu, elektrikli titrəşim cihazını götürərək armudvari başlığı taxıb işə saldı. Onun ovcunu, barmaqlarını masaj edərkən əlini yumruq kimi tutmasını rica etdi.
  • Deyəsən sağ əlinizi az istifadə edirsiniz.
  • Hə, onu pensiyaya çıxartmışam, – deyib gülümsədi.

Tibb bacısı da gülümsədi… Dodaqlarının altından sıralanmış incilər göründü.

  • Sağ əlinizdə tonus var, mən sizə xüsusi hərəkətlər öyrədərəm, evinizə getdikdən sonra da davam edərsiniz.
  • Tənbəlliyim tutmasa, məmnuniyyətlə, – deyə cavab verdi.
  • Yox, belə eləməyin, öz üzərinizdə nə qədər çox işləsəniz, o qədər tez sağalacaqsınız.

“Əmək terapiyası” otağından çıxarkən tibb bacısı ona dörd ədəd yabanı şabalıd verib:

  • Bunları sağ cibinizə qoyun, boş vaxtınız olduqca əlinizə alıb ovuşdurun, həm barmaqlarınız açılacaq, həm də sinirləri oyanacaq.
  • Onları sizdən xatirə saxlayacam, – deyib təşəkkür etdi, dönüb otaqdan çıxdı. Yenə divarboyu bərkidilmiş tutacaqdan tuta-tuta fizioterapiya otağına gəldi. Müalicə kartını tibb bacısına təqdim etdi. Onun göstərdiyi çarpayıya yaxınlaşaraq soyunub uzandı…

III

Ertəsi gün səhər yeməyindən sonra dərmanlarını içdi. Müalicə kartını götürüb baxaraq, psixoloqun qəbuluna yollandı. İlk seans psixoloji durumunu öyrənmək üçün keçirilən sual-cavabla başlandı. Sorğu-sualı bitdikdə, dərdləşib içini boşaltdı. Seans bitdiyində xeyli yüngülləşmiş, dərdi dağılmışdı. Psixoloqun otağından çıxdı, iki addım atıb dayandı. Nəfəsini dərmək üçün divara söykəndi. Gülümsəyirdi, illərdir ki, həsrət qaldığı təbəssüm dodaqlarına qonmuşdu. Nə sağ yanağındakı iflic, nə tutmayan əlini, nə də oduna dönmüş ayağı vecinə deyildi… Yaşadığı, nəfəs aldığı üçün xoşbəxt idi. İlk dəfə görürmüş kimi, yanından keçib gedən tibb bacılarına, müalicə otaqlarının önündəki skamyada əyləşib növbələrini gözləyən xəstələrə baxdı. Gözlərini çevirib döşəməni, divarları, tavanı seyr etdi. Buraya gəldikdən sonra heç diqqət etməmişdi. Əla təmir olunmuş bina, avtomatik açılan qapılar və çöldə görünən mənzərə… Ürəyinin sürətlə atdığını hiss etdi. Tutacağın yardımı ilə dəhlizin sonuna qədər gəlib çatdı. Önündə açılan qapıdan keçib həyətə çıxdı. Divardan tuta-tuta gəlib nərdivanın sürahisinə söykənib dayandı. Təmiz havanı acgözlüklə ciyərlərinə çəkir, üfüqə zillənmiş gözləri ilğım görürdü. Xəstəliyin, dərdin, bəlanın olmadığı bir dünya vardı orada… Ölüm də yox idi, ədalətsizlik də… Kimsə kimsəyə haqsızlıq etmir, insanlar rəngarəng çiçəklərlə bəzənmiş yaşıl təbiətin qoynunda dərdsiz-qayğısız yaşayırdılar. Hər kəsin gözləri sevinclə parlayır, dodaqları sevgi sözcükləri pıçıldayırdı.

O da getmək, üfüqdə görünən insanlara qatılmaq, onların arasında yaşamaq istədi. Sürahidən ayrılıb irəlilədi. Qollarını açıb irəli uzatmış, üfüq xətti dünyası insanlarının onu sevinclə aralarına alacağından əmin irəliləyirdi. Üçüncü addımda ayağı boşa getdi.

Yetişən mühafizəçi qolundan tutub saxladığında sarsılıb özünə gəldi. Artıq üfüq xəttində görünən dünyası yox olmuşdu. Gözləri doldu, ağlamamaq üçün alt dodağını dişlərinin arasında sıxıb dayandı.

Mühafizəçi onun gözlərinə baxdıqda üzündəki sərt ifadə silindi, gülümsəməyə çalışaraq:

  • Əyninizin nazik olduğunu görüb gəldim çağıram ki, üşüməyəsiniz. İçəri keçməyinizə kömək edimmi?

Üşüdüyünü hiss etdi. Dişləri-dişlərinə dəyirdi.

  • Sizə zəhmət olmasın, özüm gedərəm, – deyib avtomatik qapıya doğru yönəldi. İçəri keçdiklərində mühafizəçi hansı müalicə otağına gedəcəyini soruşdu. Önündən keçdikləri qapının üstündəki yazıları oxuyub:
  • Fizioterapiya, – deyə cavabladı.

Müalicə otağında tibb bacısının göstərdiyi çarpayıya yaxınlaşdı, soyunub üzüaşağı uzandı. Tibb bacısı kürəyinə “karpazin” tozu səpdi. “Elektrofarez”in metal ucluqlarını kürəyinə düzdü. Üstünü örtərək “stribizator”u işə salıb, – tok varmı, – deyə soruşdu. Başı ilə təsdiqlədiyində “müalicə on dəqiqə davam edəcək, özünüzü yaxşı hiss etməsəniz səslənin”, – deyib yanından ayrıldı, pərdəni çəkib bağlayaraq getdi.

Özü ilə baş-başa qaldığında bayaqdan boğazını yandıran qəhəri qarşısında davam gətirə bilmədi, gözlərindən daşmağa yer axtaran selləri sərbəst buraxdı.

Öncə psixoloqla dərdləşib içini boşaltmanın verdiyi rahatlıqla çölə çıxıb təmiz hava almaq istəmişdi. Amma insult keçirdikdən sonra xarakterindəki dəyişkənlik özünü göstərmiş, keçmiş, sağlam günlərini xatırlayıb kövrəlmişdi. İndi budur, fizioterapiya otağındakı tibbi çarpayının üstündə uzanarkən yalnız qalmanın verdiyi arxayınlıqla səssiz-səssiz ağlayırdı. İllərdir ürəyində qubar bağlayan dərdləri yastığını isladan göz yaşları ilə bərabər çölə axır, cismindən ayrılıb ruhunu sakitləşdirirdi…

Fizioterapiya otağından çıxıb əmək terapiyası otağına yaxınlaşdı. Qapını döydü. Bir neçə saniyəlik gecikmədən sonra dünənki səsi eşitdi:

  • Gəlin.

Ürəyi atlandı. Bu səs məlhəm kimi onun ürəyini sərinlədirdi. Qapını açıb içəri boylandı. Onun yerinə bir başqa xəstə əyləşmişdi. Təlimatçı xanım onu müalicə etməklə məşğul idi. Üzr istəyib qapıdan çəkildi, yaxınlıqdakı skamyada əyləşərək sırasını gözləməyə başladı. Beş dəqiqə keçdikdən sonra içəridəki adamın çıxdığını görüb ayağa qalxdı, qapını açaraq otağa daxil oldu:

  • Sabahınız xeyir.

Tibb bacısı:

  • Sabahınız xeyir, bu gün dünənkindən gümrah görünürsünüz, – deyib stulu çəkərək əyləşməsi üçün ona kömək etdi.
  • Bəli xanım, bu gün daha yaxşıyam.
  • Daha da yaxşı olacaqsınız, – deyib masanın üstündəki alətləri dəyişdirdi, stulunun önünə hesab şotkasına bənzəyən aləti qoyaraq:
  • Seans müddətincə ayağınızı üzərinə qoyub hərəkət etdirin ki, sinirlərinizi oyatsın, – dedi.

Çəkələklərini soyunub ayağını üzərinə qoydu.

  • İstəyirsinizsə corablarınızı soyundurum.

O gülümsəyərək:

  • Yox, yox, lazım deyil, qoy qalıb, – deyə cavabladı.

Əllərini slikon yastıqla masaj etdikdən sonra keçən dəfəkindən fərqli alətlərlə məşq etməyə başladılar. Sakitliyi onun sualı pozdu:

  • Bağışlıyın xanım, adınızı öyrənmək olarmı?

Gülümsəyib onun gözlərinin içinə baxdı, yanağına düşmüş birçəyini qulağnın ardına keçirərək:

  • Əlbəttə olar, – deyə cavabladı, – adım Humaydır.
  • Nə gözəl… Sosial şəbəkədən istifadə edirsinizmi?
  • Facebook-da varam, amma demək olar ki, istifadə etmirəm.
  • Sizi orada tapmağa çalışacağam.

Humay işindən ayrılmadan:

  • Sorun deyil, istək atsanız, qəbul edərəm, – deyib istifadəçi adını, soyadını söylədi.

Müalicə otağından çıxdığında artıq dostlaşmışdılar…

Bərpa mərkəzindən ayrılarkən bir-bir müalicə otaqlarını gəzib tibb heyəti və xəstələrlə sağollaşırdı. “Əmək terapiyası” otağına getdi. Qapını döyüb gözlədi. İçəridən “gəl”, – deyə eşitdiyində otağa daxil oldu. Humay pəncərənin önündə dayanıb çöldə narın-narın yağan qara baxırdı. Onu gördüyündə gülümsədi, dodaqlarını büzərək:

  • Demək bu gün gedirsən hə? – deyə soruşdu.
  • Bəli Humay xanım, gəldim ki, sağollaşaq.
  • Sağ-salamat get. Bax ha, şabalıdları itirməyəsən, – deyib gülümsədi.
  • Yox, itirmərəm, – deyə cavablayıb nəfəsini dərdi, – salamat qalın Humay xanım, sizi unutmayacağam, – deyərək dönüb qapıdan çıxdı.

IV

Bəzən şabalıdları şifonerdən götürərək barmaqlarının arasında oxşayıb-əzizlədiyində yaddaşının get-gəlində onları bağışlayan gülərüz, incə qəlbli xanımı xatırlayırdı. Belə vaxtlarda bərpa mərkəzindən ayrılarkən verdiyi söz yadına düşür, hədiyyəlik şabalıdları itirməkdən qorxaraq yerinə qoyub gizlədirdi…

QEYD:

Zaur Bayramoğlunun satışda olan əldə etmək istəyirsinizsə Rəsmi Səhifəmizin WP xəttinə və ya ismarıc qutusuna yazın. İstənilən ünvana çatdırılma var.

Müəllif: Zaur BAYRAMOĞLU

ZAUR BAYRAMOĞLUNUN YAZLARI

Zaur Bayramoğlunun rəsmi səhifəsi

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir