
MƏDƏNİYYƏTİN ALİ MƏQAMI – ETİRAF
İnsanda təbii olan hər şey doğaldır, həm də gözəl. Uca Yaradanın lütfü olan və insanın da müdaxilə etmədiyi, əl gəzdirmədiyi xarici görünüşdən başlamış, daxili aləminə məxsus olan keyfiyyətlərinə qədər…
Çeşmənin gözündən axan dumduru, büllur, saf suya bənzər hal-xasiyyət kimi. Hiss və duyğuların xəfif bir titrəyişlə oyanışı, bu məqamda gülün tər-təzə ləçəklərinə toxunan ilk nəfəs təki… Bu gözəlliyi, paklığı duyaraq ürəkdolusu yaşamaq, etiraf etmək bəxtiyarlıqdır!
Bir də var, insanın özündən başlamış, ailəsi, dostu, yoldaşı – ümumən onu əhatə edən cəmiyyətə etirafı. Nədən qaynaqlanır, hansı zərurətdən yaranırsa yaransın, bütün hallarda etiraf etmək insanın kin-küdurətdən, riyadan-yalandan, göz-götürməzlikdən, paxıllqdan… azad olması, təmizlənib durulmasıdır. Əgər, bunu bacarırıqsa, nə xoş bizlərə!
Etirafı incəliyinə qədər dərk etməyin yolu qəlbimizdən keçir: əxlaqımızın, mədəniyyətimizin, etik davranışımızın mövcudi-məcmusundan. Ən ümdəsi, mənəviyyat aynasında qüsurumuzu, günahımızı görür və etiraf etməyi bacarırıqsa, eşq olsun bizi doğan analara!
Etiraf qəlb rahatlığıdır. Peşmançılıq ürəyindən dəyirman daşı kimi sallanıbsa, ondan azad olmaq – səhvini etiraf etmək dünyaya təzədən gəlmək kimidir…
Etirafın bir naxışı da ləyaqətdir. “Mən”in daşıdığı ləyaqət və səmimiyyətin meyarı etiraf… Varsa bunlar, hər addımda ona hazır olmalıyıq. İki şəxsin arasında olan ixtilafın yaratdığı küskünlük, anlaşmaya imkan verməyən eqo etirafın qarşısında maneədir, keçilməz səddir. Hətta, dövlətlər arasında mədəni əlaqələrin inkişafına əngəl olan, ona xələl gətirən iddialı münasibətlərin, düşmənçiliyin aradan qaldırılmasında belə, etiraf xalqlar arasında əmin-amanlığın qarantıdır.
Etiraf ailələr, tayfalar, dövlətlər, cəmimiyyətlər arasında sülhün təntənəsidir. Əl-ələ verib şərə, böhtana, acılara birlikdə qalib gəlməyin ipək yoludur.
Etiraf tərəflər arasında əyilməyən, sarsılmayan, sınmayan dostluqdur. Əgər bircə yol ona sarı gəldinsə, niyyətinə, istəyinə işıq çilədinsə, dost özünün şəfqəti, mərhrəməti, xeyirxahlığı ilə hər zaman yanındadı.
Etiraf etmək təbiəti, insanları sevərək, həzzi duyaraq yaşamaqdır. Bunu bacarırıqsa, aləm gözümzdə başdan-başa işıqdır, gözəllikdir, gözəllik…
Demək ki etiraf bütün sevgilərin açarıdır, özü də qızıl açarı…
P.S. Yağışdan sonra göy üzü durulur, az sonra Günəş doğur, zərrin şəfəqlər bütün aləmə səpələnir, yer üzü gözəlliklə süslənir. Belə bir füsunkarlıq bütün canlıları ehtizaza gətirir. İnsan həyatının fövqündə ömrə zinət, təravət, lətafət bəxş edən duyğular oyanır. Bunlar romantika, səmimiyyət və mənəvi gözəlliyin etirafı, deyil, bəs nədir…
Müəllif: Şəfəq Nasir
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru