ADPU-nun Quba filialında professor Mahirə Hüseynova ilə görüş keçirilib

ADPU-nun Quba filialında professor Mahirə Hüseynova ilə görüş keçirilib

28 oktyabr 2025-ci il tarixində Pedaqoji Universitetin (ADPU) Quba filialında Prezident təqaüdçüsü, Azərbaycan Respublikasının Əməkdar müəllimi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru, professor Mahirə xanım Hüseynovanın anadan olmasının 65 illik yubileyi və elmi-pedaqoji və ədəbi fəaliyyətinə həsr olunmuş “Qəlbi azərbaycanlı, Qərbi azərbaycanlı!” mövzusunda təntənəli ədəbi-bədii gecə keçirilib.
Tədbirdən əvvəl Ulu öndər Heydər Əliyevin Quba şəhərində yerləşən abidəsi ziyarət edilib. Filialda qarşılanma zamanı tələbələr qonaqları Qubada yaşayan azsaylı xalqların dilində salamlayıblar.
Filialın böyük zalında keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda, Vətən yolunda canlarını fəda edən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra professor Mahirə xanım Hüseynovanın mənalı həyat yolu və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
İştirakçıları səmimiyyətlə salamlayan ədəbi-bədii gecənin aparıcısı Azər Süleymanlı qeyd edib ki, professor Mahirə xanım Hüseynovanın yaradıcılığına həsr olunmuş bu tədbirin gənclərin milli-vətənpərvərlik ruhun tərbiyə almasında müstəsna rolu vardır.
Sonra Quba rayon İcra Hakimiyyətinin Başçısı İlqar Mahmudov çıxış edərək professor Mahirə Hüseynovanın elmi, bədii və ictimai fəaliyyətinin ayrı-ayrı istiqamətlərinə toxunaraq diqqətə çatdırıb ki, şairənin bütün yaradıcılığının araşdırılması və təbliği gənc nəsildə vətənpərvərlik ruhunun inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir. Cənab İlqar Mahmudov həm də qeyd edib ki, Mahirə xanım Hüseynova 2015-ci ilin mayında ADPU-nun Müasir Azərbaycan dili kafedrasının dosenti, dekabrında isə müdiri olmuş, 2017-ci ildə filologiya üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. 1 il sonra isə ADPU-nun Müasir Azərbaycan dili kafedrasının professoru seçilmişdir. 2018-ci ildən ADPU-nun “Filologiya” fakültəsinin dekanı vəzifəsində çalışmışdır. Hazırda ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorudur. Mahirə Hüseynova həmçinin Prezident təqaüdçüsü, “Qızıl qələm” və “İlin alimi” Media Mükafatı laureatıdır. “Bütün bunlar isə təsadüfi deyil, gərgin elmin və zəhmətin nəticəsidir” deyə Cənab Başçı qeyd etmişdir.
Quba filialının direktoru, fizika elmləri doktoru, professor Yusif Alıyev çıxışında qeyd edib ki, professor Mahirə Hüseynova bütün dövrlərdə Azərbaycanın gözəlliyini, vətənimizin bütövlüyünü, Qərbi Azərbaycan mövzusunun milli əhəmiyyətini diqqətdə saxlayıb. Filologiya elminə böyük töhfələr vermiş, Qərbi Azərbaycanın azman kişilərindən olan, el ağsaqqalı, professor Həsən Mirzənin həyat məktəbində şəxsiyyət, ziyalı, pedaqoq, alim kimi yetişən bu istedad sahibi hər zaman öz yoluna, həqiqətlərinə, adətinə, törəsinə, tərbiyəsinə səmimi və sədaqətli olub. Ümummilli lider Heydər Əliyevin dövlətçilik ideyalarına sədaqət və ehtiram bu ailə və onun doğma ətrafında hər zaman milli prinsip olaraq qorunub. Mahirə Nağıqızı xalqın ağrı-acısını, müsibətlərini, faciələrini, yurd nisgilini duyğusallığı ilə ruhuna çəkərək vətən sevgisi, qeyrəti ilə milli-mənəvi ruhu sağaltmaq naminə dağlara, daşlara, çaylara, çiçəklərə ünvanlı sözləri öz şeirlərində ustalıq və peşəkarlıqla elə yoğurub yapır ki, sanki vətənin yaralarını sağaltmaq üçün məlhəm hazırlayır. Yəni onun şeirlərində, adətən çarəsiz dərd yoxdur. Dərd semantikasına görə, onun bu qəbildən olan şeirləri poetik kanonlarla, bəşəri bədii normativlərlə səsləşir. Bunlar gözəl, professional aforizm səviyyəsindədir. Mahirə xanımın bəhs etdiyimiz şeirləri bir mənəvi sərvət kimi, xalqımızın əqli-hissi istifadəsinə yarayır, eyni zamanda ədəbi ünsiyyətin kütləviləşməsinə təsir göstərir. Direktor həm də qeyd edib ki, Mahirə xanım Hüseynova Qərbi Azərbaycan ərazisində mövcud olan toponimlərin türk-Azərbaycan etnoyaddaşının ən möhtəşəm abidəsi fonunda arxaik etnolingvistik mənzərəsinin hələ də kifayət qədər öyrənilmədiyini nəzərə alıb. Professorun Vətənimizin gözəlliyinə, Azərbaycanın füsunkarlığına həsr etdiyi şeirlər dillər əzbəridir. Azərbaycanın görkəmli bəstəkarları və müğənniləri bu mövzulara müraciət ediblər.
Milli Məclisin deputatları – professor Əlibala Məhərrəmzadə, Sadiq Qurbanov, Afət Həsənova, Vüqar Rəhimzadə, Müşfiq Məmmədli, Məlahət İbrahimqızı, Fatma İldırım, Tamam Cəfərova da öz növbələrində qeyd ediblər ki, Mahirə xanım Hüseynova mənsub olduğu soy-kökün təməlləri üzərində alim kimi, idarəedici kimi professor Mahirə Hüseynova, ictimai xadim, şairə kimi isə şairə Mahirə Nağıqızı olaraq tanındı və tanıyanların da sevimlisinə çevrildı. Bu sevgini və dəyəri isə özünü tanıyanlar haqq edə bilərlər. Bir anı bir ömrə, bir ömrü də bir ana sığdırmağı bacaran dəyərli elm, ədəbiyyat insanına, yaradıcı şəxsiyyətə can sağlığı, xoşbəxt həyat, aydın səma arzulayıblar. Bildiriblər ki, söz ustadının qarşısında bütün sözlər acizdir. Çünki Mahirə xanımın sözə dəyəri soykökündən, anasından, dayısı Həsən Mirzədən gəlir, bu səbəbdən də sevilən şairəmizi təəccübləndirmək müşkül məsələdir. Biz onu sevənlər olaraq sadəcə, hörmət və etimadımı nümayiş etdirə bilərik.
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının müdiri, texnika elmləri doktoru professor Hüseyn Hüseynov, ADPU-nun “Türk araşdırmaları” elmi-tədqiqat mərkəzinin direktoru, filologiya elmləri doktoru, professor Elman Quliyev, tanınmış ictimai xadim hüquqşunas Səməd Vəkilov, AYB-nin Quba bölməsinin sədri görkəmli şair Ramiz Qusarçaylı, filialın baş müəllimi Eyvaz Şeydayevin çıxışlarında professor Mahirə xanım Hüseynovanın həyat və fəaliyyətinin ayrı-ayrı istiqamətlərinə dair fikir və mülahizələrini bölüşüblər.
Sonra professor Mahirə xanım Hüseynova belə bir könül oxşayan tədbirin təşkilinə görə, rayonun və filialın rəhbərliyinə səmimi minnətdarlığını ifadə edib. Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində əzəmət tapan müstəqilliyimiz, Müzəffər Ali baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib Azərbaycan Ordusunun qazandığı rəşadət və sonrakı qəhrəmanlıqlar nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasını dövlətçilik tariximizin şanlı səhifəsi kimi dəyərləndirən professor bildirib ki, Azərbaycanda yaşamaq və yaratmaq böyük bəxtiyarlıqdır. Professor Mahirə Nağıqızı qeyd edib ki, gənclərin inkişafında əməyimizin olması bizləri sevindirir, bizlər Həsən Mirzəyev kimi dəyərli alimlərimizdən öyrəndiklərimizi gənc nəslə ötürməliyik. Həmçinin Mahirə xanım Nağıqızı onu da bildirib ki, bu gün onun alim, şairə və insanların çətin və xoş günündə hər zaman yanlarında olan bir şəxsiyyət kimi yetişməsinin səbəbi anası Nazlı xanımdır. Bu səbəbdən də əsərlərinin çox hissəsində ana məhəbbəti, ana zəhməti ön plandadır. Daha sonra “Onun daş nağılı” adlı şeirini səsləndirən Mahirə xanım Hüseynova əbədiyyətin başlanğıcını Ana və Vətən sevgisində gördüyünü diqqətə çatdırıb. Çıxışın sonunda professor Mahirə Hüseynova bir daha tədbirin belə yüksək səviyyədə hazırlığına görə xüsusi olaraq filialın direktoru professor Yusif Alıyevin adını çəkərək, onun da elm və tərbiyə görmüş ailədən çıxdığını, buna görə də elmin və alimin qədrini bildiyini, həmçinin kökündən gələn təvazökarlığa sahib olduğunu da qeyd edib.

Ədəbi-bədii tədbirdə şairə Mahirə Hüseynovanın poeziya nümunələri əsasında hazırlanmış bədii hissə də yer alıb.
Əməkdar artistlər Gülüstan Əliyeva, Mətanət İskəndərli və Elnur Zeynalov, tanınmış xanəndələr Leyla Rəhimova, aşıq Zülfiyyə İbadova, qiraətçi Pünhan İsmayılov, filialın tələbəsi Günəş İskəndərov şairənin sözlərinə bəstələnmiş mahnıları ifa edib, şeirlərini söyləyiblər. Tələbələr tərəfindən ifa edilən rəqslər də maraqla qarşılanıb.
Tədbir filial tələbələrinin suallarının cavablandırılması ilə davam edib.

ADPU-nin Filologiya Fakültəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir