YER ULU TANRININ MÖCÜZƏSİDİR

YER ULU TANRININ MÖCÜZƏSİDİR

Gəzmək, görmək üçün ürəyim əsir,
Xəyalən qol-qanad açmasan olmur.
Demə ki, yer oğlu göydə nə gəzir? –
Hərdən qanadlanıb uçmasan olmur.

Hisslərin oduna ocaq çatırsan,
Ruhsuz adamların göydə nə yeri?
Yerdə bir guşədə itib batırsan,
Bütöv görmək olur göylərdən yeri.

Hərənin bəxtinə bir ömür düşür,
Səhrada nə işi axı güllərin?
Yer var quraqlıqdan qovrulur, bişir,
Yer var ki, altında qalıb göllərin.

Dağ var əskik olmur təpəsi qardan,
Dağ var yamacında gül-çiçək açır.
Yer var ki, ilanlar mələşir orda,
Yer var ki, cüyürlər, ceyranlar qaçır…

Yer var ki, nur saçır şəhərlər, kəndlər,
Yer var ki, dəyməyib insan qədəmi.
Ucadan görünmür sədlər, sərhədlər,
Göydə yer həsrəti bükür qəddimi.

Həsrətlə baxıram mən yal-yamaca,
Xəyalən sanıram özümü yerdə.
Lacivərd göylərdə mən uça-uça
Ayıra bilmirəm gözümü yerdən…

Hələ iman nuru məni isidir,
Şükür ki, çox yerdə ömrün izi var.
Yer Ulu Tanrının möcüzəsidir,
Onun su üzü var, səhra üzü var…

05.10.2025. Los Anceles

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir