
HÜSEYN CAVİDİN “AZƏR” POEMASINDA MİLLİ AZADLIQ DUYĞULARININ POETİK TƏCƏSSÜMÜ
Azərbaycan dramaturgiyasının düşünən beyni, ədəbi, ictimai zəka sahibi Hüseyn Cavid, dram və faciə janrlarında ədəbiyyatımıza bir-birindən dəyərli əsərlər bəxş etmişdir. Bunlara misal olaraq “Ana” (1910), “Maral” (1912),“Şeyx Sənan” (1914), “İblis” (1918), “Peyğəmbər” (1922), “Topal Teymur” (1925), “Səyavuş” (1933) “Xəyyam” (1935), “İblisin intiqamı” (1937) əsərlərini göstərmək olar. Lakin onun mənzum poeziyası da məzmun və ideya baxımından dövrünü aşan bir aktual gücə malikdir.
Böyük mütəfəkkirin azadlıq mücadiləsini və milli müstəqillik ideyalarını parlaq şəkildə simvolizə edən mənzum əsərləri sırasında dastan ruhunda qələmə alınmış “Azər” poeması xüsusi yer tutur. 1926-cı ildə Almaniyada səfərdə olarkən qələmə aldığı “Azər” poeması azadlıq ideologiyası kontekstində həm bədii, həm də siyasi mövqe tutur. Hüseyn Cavidin azadlıq duyğularına poetik güzgü tutması əsərin dilini və ruhunu daha da zənginləşdirir, ona dərin mənəvi çalarlar qatır. “Azər” poeması, əslində, Cavidin azadlıq sevdasının, hürriyyət eşqinin və milli istiqlal duyğusunun daxili mübarizələr və sarsıntılarla müşayiət olunan ruhsal-poetik təcəssümüdür. Əsər bir neçə hissədən ibarətdir: “Azər düşünürkən”, “Gecə aydınlığı və gün doğuşu”, “Azərin cavabı”, “Qərbə səyahət”, “Azad əsirlər”, “Rəssamın qızı”, “Kömür mədənində”və s.
Azərin düşüncələrə dalması səhnəsində xəyalların ağuşuna çəkilən, içinə qapanmış bir insanın qaranlıqda susqun bir sevdalı çırpıntısı aydın sezilir. O, Şərqə doğacaq Günəşin qaranlıqları qovacağına ümid bəsləyərək, müdrik qəlbinin sükutu ilə bu işığa çıxacağı anı səbirsizliklə gözləyir. Gecənin aydınlığında dəniz sahilində gəzişərkən Azərin rəssam qıza cavabı isə əslində Hüseyn Cavidin daxili dünyasının dil açan həqiqətidir — azadlıq ideologiyasının parlaq işartısı, fərdlərin ümumbəşəri narahatlığı, haqq və ədalət zəminində səslənən vicdani çağırışıdır. Hürriyyət naminə aparılan siyasi mübarizələr və edilən üsyanlar Azərin dilindən söylənilən haqqın təntənəsinin poetik məhsuluna çevrilir:
Bən yetişdim atəşlə su
Öpüşdüyü bir ölkədən.
İzliyorkən sevgi yolu
Acı duydum hər kölgədən.
Bir yoqsulum, hər diləyim
Diz çökdürür zənginləri.
Bir arifim, bilmədiyim,
Aşar durur ənginləri.
Əsərin ruhu eyni zamanda Qərb və Şərq düşüncə sistemlərinin sintezində formalaşır. Cavid bu sintezi estetik və fəlsəfi baxımdan harmonik şəkildə təqdim edərək “Azər” obrazını həm milli, həm də ümumbəşəri simvola çevirir.
Poemanın lirikasında şairin daxili aləmi və poetik manifesti birbaşa təqdim olunur. Hüseyn Cavidin aşağıdakı misraları onun mənəvi aləminin, azadlıq duyğusunun və estetik iradəsinin poetik təcəssümüdür:
Bən əbədi hürriyyətin
Sevdalı bir cilvəsiyim.
Anlaşılmaz bir xilqətin
Parlar, sönər şö’ləsiyim.
Hüseyn Cavidin sərt mübarizə ruhlu qəhrəmanının üsyankar mövqeyi, əsərin analitik nəbzini tutaraq onun əsas ideyasını — milli azadlıq dəyərlərini — simvolik şəkildə daşıyır. Cavid sanki ruhdaşı olan Azər vasitəsilə oxucu ilə ruhi bir əlaqə qurur, hiss və düşüncələrini poetik dillə ötürür. Bu zəngin mənəvi epoxanın təməlində məhz azadlıq duyğularının bədii kontekstdə ifadəsi dayanır. Həmçinin milli-mənəvi dəyərlər kontekstində Hüseyn Cavid “Azər” obrazını irfani baxışlarla yetkinləşdirir, ona mənəvi dayaq və ruhi güc bəxş edərək mücadiləçi qəhrəman səviyyəsinə yüksəldir.
Qərb və Şərq təfəkkürünün kəsişdiyi məkanda dayanan Azər, daxilindəki sıxıntıya qalib gələrək hürriyyət arzusuyla, yeniliyə can ataraq uzun bir mənəvi səyahətə çıxır. Bu səyahət zamanı ona bələdçilik edən xatirələr, keçmişin enişli-yoxuşlu anlarını mütəmadi olaraq xatırladır. Hüseyn Cavid bu əsərdə həmçinin qədim mifik eybəcərliklərə toxunaraq köhnəliyi, xurafatı sərt şəkildə tənqid obyektinə çevirməklə dövrün ziddiyyətlərlə dolu sosial-siyasi çatışmazlıqlarını bədii formada ifşa edir. Azərin sosial əhatə dairəsi əsasən məzlumlar və yoxsullar olsa da, o, məhz bu sadə və zəhmətkeş kütlənin hayqıran səsi kimi çıxış edərək, haqq savaşının ön sırasına keçir. Əsərdə ənənə və qayda-qanunlara yanaşmada isə Şərqə deyil, Qərbə meylli təfəkkür sistemi daha üstün mövqedə dayanır.
Poemanın daha bir təsirli parçası sayılan “Kömür Mə’dənində” Hüseyn Cavidin özünün qeydlərinə əsasən Almaniyanın Rur civarında yazılmışdır. Hətta bir igidin dilindən səslənən “Bizim dağlar mayıs röyasına bənzər, Yamaclarda sürü-sürü ceyran gəzər” misraları sanki Cavidin baxış bucağından Azərbaycan istiqlaliyyətinin doğduğu mayıs dönəminə poetik bir səfər edir. Bu “mayıs sevdası” bir igidin dilində, xoş ümidlə xatırlanan incə bir şərqiyə çevrilir — keçmişə duyulan sevginin, azadlıq arzularının, ruhsal sükutun həsrətli ifadəsinə bürünür. Lakin burada ən ağrılı və sarsıntılı məqam ondan ibarətdir ki, mədəndə gecə-gündüz alın təri ilə zəhmətə qatlaşaraq çalışan fəhlələrin haqqı tapdalanır, hüquqları pozulur. Azər isə müşahidəçi qismində bu hadisələrin kənardan izləyicisi kimi çıxış edir. Şəxsiyyət vicdanını və insanlıq duyğusunu itirmiş müdirin qarşısında zülmə, haqsızlığa, ədalətsizliyə susmayan ixtiyar fəhlə –onunla qarşıdurmaya biganə qalmayıb, öz etirazını bildirir.Bu məqamda Azər ona ağıllı məsləhətlə təsəlli verərək, insani mövqedən çıxış edir. İxtiyar isə işdən uzaqlaşdırılaraq haqqında həbs qərarı verilən bir adam kimi, müdirə “Xayır, getməm, dedi acım, yoq yerim, Ölsəm belə burda ölmək istərim” – sözlərini söyləyərək, onun qəlbinə mərhəmət toxumu səpmək istəsə də, nəticədə hökm icra olunur. Bu ixtiyar “mücrim” kimi, yəni günahkar kimi həbsə atılır. Beləliklə, ədalətsizliyin hökm sürdüyü bu mədəndə Azərin şahidlik etdiyi acı və üzüntülü bir hadisə baş verməsilə bu səhnə əsərin təsirli final nöqtələrindən birinə çevrilir.
Azər bəzən duyğulanır, üzülür, yorulur, lakin onun üsyankar təbiəti haqqın səsinin içində boğulmasına imkan vermir. Bu daxili səs sükuta məhkum edilmir, əksinə, ruhun dərinliklərindən qoparaq zahirə çıxır və aydın şəkildə eşidilərək ali zümrələrə qədər çatır. Azər — mənəvi cəhətdən daxili zəngin, dərin və müdrik düşüncəli sadə bir qəhrəman kimi — xalqın haqq-ədalət harayının susmaz carçısına çevrilir.
Azər obrazı təkcə bir fərdin deyil, bütöv bir xalqın vicdanının, sükutunun və haqq axtarışının poetik simvoludur. Azərin azadlıq duyğusu altında coşan daimi axtarışları əsərin bütün hissələrində haqq və ədalətə işarə edir. Hər bir bölümdə onun ruhunun dərinliyindən gələn bu səs duyulur. Azər gah düşünür, gah susur, gah da içində çırpınan haqsızlığa qarşı durur. Onun ruhundakı axtarışlar əsərə xüsusi bir məna qatır.
Qeyd edək ki, bədii-estetik zəngin, fəlsəfi düşüncə tərzi Hüseyn Cavid yaradıcılığında dərin, axıcı, ibrətamiz və hikmətli xarakter daşıyır. Bu hikmətin sehrinə sığınan mənəvi dəyərlər, tarixin keşməkeşli mərhələlərindən keçərək, bir xalqın boğulmuş azadlıq ideyasının formalaşmasına güclü təkan verir.
Əsərin epiloqunda gəncliyə xitabən səslənən misralarda ümidli sabahların gur yanan işığı aydın şəkildə hiss olunur. Burada Hüseyn Cavid yeni quruluşdan deyil, əsarət altına alınmış, lakin ruhən azad olan bir millətin gələcəyini gəncliyin düşüncəsində və çarpışmasında görür. Gənclik — artıq yalnız müşahidəçi deyil, tarixi dəyişəcək gücə sahib bir qüvvə kimi təqdim olunur.
Bu gün gəncliyə baksan,
Bir sel kimi hər an
Sağlam, yeni məfkurələr izlər.
Bizlər?
…Bizlər yeniləşsək belə, daim,
Bir əskilik az-çox bizə hakim…
…Onlar qoşacaq, çırpışacaqlar,
Bir çox uçurumlar aşacaqlar.
Lazımsa cəhalətlə güləşmək,
Bir çarə var: ancaq yeniləşmək!
Onlardakı himmət və mətanət
Qırmaclayacaq Şərqi nihayət.
Onlardakı qüdrət və məharət,
Er-gec vercək xalqa səadət.
…Onlar güləcək güldürəcəklər,
Bizdən daha xoş gün görəcəklər!
Cavid gələcək gəncliyə işıqlı ümid və sonsuz inam bəsləyir, doğulduğu, yaşayıb-yaratdığı məmləkətin bir gün azadlıq, firavanlıq tapacağını uzaqgörənliklə qarşılayır.
Janr etibarilə lirik-romantik üslubda yazılmış “Azər” poeması milli ruhu, azadlıq ideyasını və insanın mənəvi dünyasını əhatə edən dərin fəlsəfi və estetik qatlarla zənginləşdirilmişdir.
Bu əsər milli azadlıq uğrunda aparılan haqq savaşının və çəkilən mübarizənin mənəvi yüksəlişlə nəticələnən poetik-bədii ifadəsidir. Hüseyn Cavid bu əsəri ilə həm öz ruhunun, həm də bir millətin zəncirlərini qırmağa çalışan azad düşüncəsinin hayqırtısını poeziya ilə dilləndirməyə nail olmuşdur.
Nəticə:
Hüseyn Cavidin “Azər” poeması, yalnız bir fərdin deyil, bütövlükdə bir xalqın azadlıq arzularının və mübarizəsinin poetik təcəssümüdür. Azər obrazı, milli müstəqillik ideyalarının, haqqın və ədalətin axtarışının simvoluna çevrilərək, Cavidin estetik və fəlsəfi baxışlarını ifadə edir. Şərq və Qərb düşüncə sistemlərinin sintezi əsərdə azadlıq və müstəqillik ideyalarının qlobal ölçüdə təhlilini təqdim edir. Hüseyn Cavid, bu əsərində yalnız özünün, həm də bir millətin ruhunu poeziya ilə ifadə edərək, azadlıq və firavanlıq uğrunda mübarizənin mənəvi yüksəlişini vurğulamışdır. Beləliklə, Cavidin “Azər”i milli azadlıq mücadiləsinin, insanlıq haqqının və mənəvi yüksəlişin poeziya ilə ifadə olunan dərin bir simvoludur.
Müəllif: Sevinc Ədalətqızı