
Səcdəyə getmişəm qibləyə tərəf
Əsdim külək kimi mehə qarışdım,
Açdım ürəyimi çənə, çiskinə.
Bu gecə şeh olub şehə qarışdım
Düşdüm bu çəmənin şehin üstünə.
Özüm şərik oldum öz sevincimə
Oyanıb yuxudan durdum ayağa.
Bu soyuq havanı yığdım içimə
Mən də buz bağladım başdan ayağa.
İçdim bu torpağın ürək yağını
Sevdim meşəsini xəzan qarışıq.
Ala toranlığın bu sübh çağını,
İçimdə yaşatdım əzan qarışıq.
Sıxmışam köksümə yamacı, yalı,
Şəhərdən gəlmişəm burda qalmağa.
Üzü təqvalıyam, ağzı dualı
Dəstəmaz almışam namaz qılmağa.
Düşməyir belindən sevgi şələsi,
Arzular düzülüb ürəkdə səf-səf.
Mənəm bu sökülən danın qibləsi
Səcdəyə getmişəm qibləyə tərəf.
Müəllif: Şahin Həmidi