BİR KÖNTÖY BAXIŞIN HƏSRƏTİNDƏ QAL!

YÜZ ON DÖRDÜNCÜ YAZI

BİR KÖNTÖY BAXIŞIN HƏSRƏTİNDƏ QAL!
(Səyyad Əhmədli (Göyçəli) yaradıcılığı haqqında)
   Salam olsun, çox dəyərli oxucum! Azərbaycan poeziyasında elə şairlər vardır ki, onların yaradıcılığını yalnız bədii söz nümunələri kimi dəyərləndirmək yetərli olmur. Çünki həmin sənətkarların şeirlərində bütöv bir ömrün ağrısı, yaşanmış günlərin izi, doğma yurda bağlılığın hərarəti, ata-ana ocağının tüstüsü, qəribliyin sızıltısı, Vətən sevgisinin əzəməti və insanlıq duyğusunun işığı yaşayır. Belə şairlərin sözü kitab səhifələrində qalmır, oxucunun qəlbinə köçür, onun xatirələri ilə həmsöhbət olur, duyğularına toxunur. Tanınmış şair Səyyad Əhmədli (Göyçəli) də yaradıcılığında həyatın həqiqətlərini, insan taleyinin enişli-yoxuşlu yollarını və mənəvi dəyərlərin əbədiliyini özünəməxsus səmimiyyətlə ifadə edən bax, belə  söz adamlarından biridir. Onun poeziyasında süni bəzək, qələmə alınmış hisslərin zorakı nümayişi yoxdur. Bu hal onun keçdiyi keşməkeşli həyat yolunun yaradıcılığında qoyduğu konkret iz kimi görünür. Qazi şair gördüyünü, yaşadığını, duyduğunu və qəlbindən keçirdiyini sözə çevirir.  Bu sözlər bəzən bir ata nisgili, bəzən ana həsrəti, bəzən doğma Göyçəyə uzanan xəyal, bəzən şəhid anasının göz yaşı, bəzən də insanlığın itməkdə olan mənəvi ölçülərinə qarşı bir etiraz kimi səslənir. Bu etiraz bəzən bir ağsaqqal öyüdü, bəzən isə bir döyüşçü inadı kimi görünsə də mahiyyət dəyişmir. O bir əlində silah, bir əlində qələm ulu babalarımızın əmanəti olan yurdsevərliyi yaşadan sıradan igid vətən oğullarından biridir. Silah, qələm işə yaramayanda qoç Koroğlu kimi sinəsinə saz başmağı da var. Təfərrüatlara keçməzdən əvvəl müəllifi yaxından tanıyaq.
Qısa arayış:
      Səyyad Əhmədli 18 iyun 1959-cu ildə Göyçə mahalı, Basarkeçər rayonunun Zərkənd kəndində qulluqçu ailəsində anadan olmuşur.
     Yer. Politexnik İnstitu və Bakı Rabitə Texnikumunu birirmişdir (1977/1987)
     Zod qızıl mədənində əmtəə xəzinadarı, sonralar Azərbaycan ordusunun h/hissələrlidə çalışmışdır. (21 ildən artıq).
     AYB və QYB-lərinin üzvüdür.
     Bir kitab müəllifidir, hazırda bir kitabı çap ərəfəsindədir.
     Şeirləri müxtəlif vaxtlarda “Yazarlar” jurnalında, Türkiyədə, Orta Asiya respublikalarında,
dərc olunmuşdur.
     Hal-hazırda tıqaüddədir.
“Gingiz Aytmatov”, “Altın kalem”,
“Əhməd Yəsəvi”  və s. medallarla təltif olunmuşdur.
   Səyyad Əhmədli poeziyasında diqqəti çəkən əsas cəhətlərdən biri şairin son dərəcə həssas, kövrək və həyatın hər ağrısına açıq qəlbə malik olmasıdır. O, özünün bu mənəvi kövrəkliyini “Qəlbimi” şeirində belə ifadə edir:
“Zamanmı kövrəldib, yoxsa ki, həyat?!
Əsən yel də sızıldadır qəlbimi.
Körpə uşaqdan da betər olmuşam,
Xəfif meh də inildədir hər simi.”
Bu misralar şairin daxili dünyasının poetik portretidir. Burada həyatın ağır sınaqları qarşısında sərtləşmiş insan yox, əksinə, yaşadıqları onu daha həssas etmiş bir qəlb görünür. Şairin qəlbi sazın simlərinə bənzəyir. Həmin simlər o qədər incə və həssasdır ki, hətta xəfif bir meh belə onları titrədə bilir. Bu titrəyiş yalnız şəxsi ağrı deyil; insanın, zamanın, Vətənin və mənəviyyatın ağrılarına həssas münasibətin ifadəsidir.
      Məqalənin başlığını təşkil edən “Bir köntöy baxışın həsrətində” ifadəsi də məhz bu həssaslığın poetik açarıdır. Şair yazır:
“Üzülürəm hər bir köntöy baxışa,
Elə bil ki, ləkə düşür naxışa.
Gözümdə leysanlar durub axışa…”
Buradakı “köntöy baxış” yalnız kobud və ya düşüncəsiz nəzər anlamında deyil. Bu baxış mənəvi zərifliyi anlamayan, insanın qəlbinə dəyən, sözün qiymətini bilməyən, səmimiyyətə qiymət verməyən münasibətin ümumiləşmiş obrazıdır. Şairin qəlbi gözəlliyi, saflığı və insani münasibətləri bir naxış kimi görür. Kobudluq isə həmin naxışın üzərinə düşən ləkədir.
      Səyyad Əhmədli bu baxışlardan inciyir, çünki onun dünyasında insanın insana münasibəti yalnız zahiri davranış deyil, mənəvi məsuliyyətdir. O, sadəcə bir baxışın yox, bütövlükdə mənəvi korluğun ağrısını yaşayır. Bu mənada “bir köntöy baxışın həsrəti” ifadəsi şairin poetik dünyasında anlaşılmamağın, dəyər verilməməyin və qəlb incikliyinin ümumiləşmiş simvoluna çevrilir.
       Səyyad Əhmədli (Göyçəli) yaradıcılığında Vətən anlayışı geniş və çoxqatlı məna daşıyır. Vətən onun üçün yalnız coğrafi məkan deyil; uşaqlıq, ata-ana ocağı, doğma dağlar, bulaqlar, cığırlar, el-oba, xatirələr və mənəvi köklərdir. Şairin Vətən duyğusu Göyçə adı ilə daha da doğmalaşır və poetik məna qazanır.
“Gözəl bahar” şeirində təbiətin oyanışı şairi yenidən doğma yurda aparır:
“Güllər əvəzləyir kif xəzəlliyi,
Hərənin öz ətri, öz özəlliyi.
Səyyad seyr etdikcə bu gözəlliyi,
Xəyalı dolanır Ulu Göyçəni.”
Təbiət burada sadəcə gözəllik mənzərəsi deyil. Baharın çiçəkləri, bülbüllərin nəğməsi, günəşin nuru və dağların qoynu şairin yaddaşında Göyçəyə açılan yolları işıqlandırır. Hara baxırsa baxsın, gördüyü gözəllik onu doğma yurda aparır. Deməli, Göyçə şairin qəlbində yalnız keçmişin xatirəsi deyil, bütün gözəlliklərin ölçüsüdür.
     “Gələydim” şeirində isə bu həsrət daha açıq və kövrək şəkildə ifadə olunur:
“Olaydı təpərim, çıxıb, dağlara,
Doyunca bir nəfəs alıb, gələydim!
Ötənləri çözələyib birbəbir,
Şirin xəyallara dalıb, gələydim!”
Bu misralarda doğma yurda qayıtmaq arzusu yalnız fiziki dönüş istəyi deyil. Şair keçmişinə, uşaqlığına, ata-analı günlərinə, saf və qayğısız çağlarına qayıtmaq istəyir. O, “ötənləri çözələmək”, xatirələri bir-bir yada salmaq, doğma dağların havasından doyunca nəfəs almaq arzusundadır.
       Şairin yaddaşında uşaqlıq cığırları müqəddəsdir:
“Atalı-analı vaxtı gəzdiyim,
Cığırına, qurban olub, gələydim!”
Burada Vətən həsrəti ata-ana həsrəti ilə qovuşur. Doğma torpaq ata-analı günlərin şahidi olduğu üçün daha əziz, daha müqəddəs görünür. Şair üçün həmin cığıra qayıtmaq, əslində, itirilmiş xoşbəxtliyə, zamanın əlindən çıxmış günlərə qayıtmaq deməkdir.
      “Qayıtdı” şeirində isə yurd artıq xəyalın obrazına çevrilir:
“Bu gecə yuxuda xəyalım yenə,
Yurdumu dolanıb, ağlar qayıtdı.”
Yurdun ağlayaraq qayıtması olduqca təsirli poetik tapıntıdır. Burada yurd canlı varlıq kimi təqdim olunur. O, şairin yuxusuna gəlir, dərdini danışmadan, susaraq bildirir. Bu sükutun özü bir fəryaddır. Şair yurdun ağrısını öz ağrısı kimi yaşayır, çünki onun mənəvi dünyasında Vətənin taleyi şəxsi taledən ayrı deyil.
        Səyyad Əhmədli yaradıcılığında ata obrazı yalnız ailə başçısı deyil, mənəvi dayağın, həyat məktəbinin və insanlıq ölçüsünün simvoludur. “Ata” şeirində şair atasına müraciətlə həm övlad nisgilini, həm də ata yoluna sədaqətini ifadə edir:
“Yol ölçüb, yetərdin, hay-harayıma,
Gözüm dörd dolanır, tapmıram, Ata!”
Bu misralarda övladın çarəsizliyi və atasının yoxluğu ilə barışa bilməməsi duyulur. Ata həyatda olduğu zaman onun varlığı adi görünə bilər. Lakin ata dünyasını dəyişdikdən sonra onun yoxluğu hər addımda, hər çağırışda hiss olunur.
     Şair atasının yolundan sapmamağı özünə mənəvi borc bilir:
“İmkan düşən kimi soraqlaşıram,
Qoyduğun cığırdan sapmıram, Ata!”
Ata burada yol göstərən, insanı düzgün istiqamətə aparan mənəvi bələdçidir. Şair atasının qoyduğu cığırın davamçısı olmaqla həm ailə ənənəsinə, həm də insanlıq dəyərlərinə sədaqət göstərir.
Şeirin ən təsirli məqamlarından biri ata ocağı ilə bağlı bu misralardır:
“İnsanlıq elmində ağaydın, ağa,
Səndən incimədi nə böyük, çağa.”
Bu fikirlər ata obrazını daha da ucaldır. Ata yalnız öz ailəsinə deyil, ətrafına da insanlıq dərsi keçmiş bir şəxsiyyət kimi təqdim olunur. Onun böyüklüyü sərvətində və ya vəzifəsində deyil, insanlara münasibətindədir.
       Səyyad Əhmədli yaradıcılığında ana obrazı dərin sevgi, həsrət və mənəvi bağlılıqla təqdim olunur. “Anamla söhbət” şeirində şair anası ilə xəyalən danışır. Bu danışıq təkcə bir övladın ana həsrəti deyil, həm də insanın köklərinə, mənəvi başlanğıcına qayıdışıdır.
        Şair anasını belə dəyərləndirir:
“Sazımda ‘Şah’ pərdə, avazda ‘zil’sən,
Könlüm bağçasında qaşdasan; – bil, sən!Sözümün mənbəyi, mənsəbi sənsən…”
Ana burada şairin sözünün mənbəyi kimi təqdim edilir. Bu, çox böyük mənəvi etirafdır. Şairin qələmi, sazı, avazı və poetik dünyası ana sevgisindən güc alır. Ana onun yaradıcılığında yalnız xatirə deyil, sözün mənəvi qaynağıdır.
      Şair anasının yoxluğunu “qəlbini dəlib keçən” bir ağrı kimi yaşayır:
“Qəlbim bir ləyəndi, ‘yox’luğun, dəlib!
Bir gözüm ağlayıb, birisi gülüb!”
Bu ziddiyyətli ifadə insan həyatının özünü xatırladır. Həyat davam edir, insan bəzən gülür, lakin qəlbinin bir tərəfi həmişə ağlayır. Ana itkisi bu ağrının heç vaxt tam sağalmayan tərəfidir.
        Səyyad Əhmədli poeziyasında sevgi yalnız romantik hiss deyil. Sevgi həm sədaqət, həm qayğı, həm də həyatın çətinliklərini birlikdə keçmək bacarığıdır. “Ömür-gün yoldaşım İlhamə xanıma” şeiri bu baxımdan şairin ailə anlayışını və həyat yoldaşına olan minnətdarlığını ifadə edən səmimi poetik nümunədir.
     Şair yazır:
“Bir el gözəlinə ruhumu verdim,
İllərlə yaşatdı, qıymadı solsun.
Ətəyinə batman dərdimi sərdim,
Yaymadı aləmə eldə car olsun.”
Bu misralarda ailə münasibətlərinin ən mühüm xüsusiyyətləri – etibar, sədaqət və sirr saxlamaq bacarığı ön plana çıxır. Şair həyat yoldaşını yalnız sevdiyi insan kimi deyil, dərdini bölüşən, onu qoruyan və mənəvi güc verən həyat yoldaşı kimi təqdim edir.
    Onların həyatında anlaşılmazlıqların da olduğunu gizlətmir:
“Bəzən anlaşmadıq, küsdük-barışdıq,
Sözlərlə atışıb, biraz yarışdıq.
Qırğın törətmədik, nə də qırışdıq…”
Bu səmimiyyət şeiri həyat həqiqətlərinə daha yaxın edir. Şair ideal və qüsursuz bir ailə mənzərəsi yaratmır. O göstərir ki, ailənin möhkəmliyi heç vaxt mübahisə etməməkdə deyil, inciklikləri aradan qaldırmaqda, sevgini qorumaqda və bir-birinə dayaq olmaqda ifadə olunur.
        Səyyad Əhmədli sözə böyük mənəvi məsuliyyətlə yanaşır. Onun “Batmayın” şeiri söz adamlarına, şeir yazanlara və sənətə münasibətdə vicdanlı olmağa çağırışdır:
“Paxıllıq eşqiylə şeir yazanlar,
İlahi vergini ucuz tutmayın.
Hərbə-zorba gəlib, könül “küsdürüb”,
Halal misralara haram qatmayın.”
Burada şeir ilahi vergi kimi qəbul edilir. Şairə verilən istedad şəxsi şöhrət və ya başqalarını alçaltmaq vasitəsi olmamalıdır. Sözün saflığını qorumaq şairin mənəvi borcudur.
    Şair söz sənətinin əsas məqsədini belə ifadə edir:
“Sözdən çələng tutun, sərrafı kimi,
Tərpədin qəlblərdə siz, “sarı simi”
Olun könüllərin loğman, hakimi…”
Söz insan qəlbinin yaralarını sağaltmalı, onun ən incə duyğularına toxunmalıdır. Şair sözün “loğman” olmasını istəyir. Bu, poeziyanın yalnız estetik deyil, həm də mənəvi missiyaya malik olduğunu göstərir.
      “Batmayın” şeirində insanlıq şan-şöhrətdən üstün tutulur:
“İnsanlıq hər şeydən, bilin, əfzəldi,
Şan-şöhrətin kölgəsində yatmayın.”
Bu fikirlər Səyyad Əhmədli yaradıcılığının mənəvi xəttini aydın göstərir. Şair üçün insanın böyüklüyü şöhrətində deyil, mənəviyyatında, davranışında və başqalarına münasibətindədir.
      Şairin “Oğul” şeiri nəsihət poeziyasının müasir və səmimi nümunələrindən biridir. Burada ata öz övladına həyatın yollarını göstərir, onu tamahdan, haramdan və mənəvi yanlışlardan uzaq durmağa çağırır:
“Həyatın dolanbac yolları çoxdu,
Çalış enişindən gen dolan, oğul!
Hörmət sərvətini günbəgün artır…”
“Hörmət sərvəti” ifadəsi xüsusi diqqət çəkir. Şair maddi var-dövlətdən daha qiymətli olan mənəvi sərvəti – insanın el içində qazandığı hörməti önə çəkir.
     Oğluna tamahdan uzaq olmağı tövsiyə edən şair yazır:
“Tamah salma nə dövlətə, nə vara,
Ona qul olanlar düşür azara.”
Burada sərvətə qarşı çıxmaq deyil, sərvətin insanı öz əsirinə çevirməsinə etiraz var. Şairin fikrincə, insan var-dövlətə sahib ola bilər, lakin ona mənəvi baxımdan qul olmamalıdır.
        Şeirin sonunda isə sözün gücü haqqında belə deyilir:
“Səyyadın sözlərin quyuya atma,
Bir düz baltalayar min yalan, oğul!”
Bu misra şairin poeziyaya inamını ifadə edir. Düz söz min yalanın qarşısında dayanmağa, həqiqəti qorumağa qadirdir.
      Səyyad Əhmədli yaradıcılığında Vətən müharibəsi, qəhrəmanlıq və şəhidlik mövzuları xüsusi yer tutur. “Ana yanğısı” şeirində şəhid anasının ağrısı fərdi bir taledən ümumxalq faciəsinə və ümummilli qürura yüksəlir.
      Şair yazır:
“Bir igid balasın itirmiş Ana,
İndi baş daşından ayrıla bilmir.
Gözləri buluddan nəm çəkib sanki,
Elə hey ələyir, qurutmur, silmir.”
Bu misralarda ana ağrısının böyüklüyü və sonsuzluğu ifadə olunur. Şəhid anasının göz yaşı yalnız şəxsi itkinin deyil, Vətən uğrunda verilən qurbanın göz yaşlarıdır.
     Lakin şeir ümidsizliklə bitmir:
“Səyyadın qüruru, başının tacı,
Şəhidlər qəlblərdə yaşayır, ölmür.”
Bu fikir şəhidlik anlayışının mənəvi mahiyyətini açır. Şəhid fiziki olaraq həyatdan getsə də, xalqın yaddaşında, qəlbində və Vətən tarixində əbədi yaşayır.
      “Bir qəhrəmanı” şeirində isə Azərbaycan Ordusunun Zəfəri, qəhrəman əsgərlər və ölkənin Ali Baş Komandanı poetik şəkildə tərənnüm edilir:
“Qüdrətli ordumun Baş komandanı,
Zəfərlə tanıtdı Azərbaycanı!”
Şair bu Zəfəri yalnız hərbi uğur kimi deyil, milli qürurun, xalq birliyinin və tarixi ədalətin təntənəsi kimi dəyərləndirir.
    Səyyad Əhmədlinin poeziyasında insanın öz daxili aləmi ilə söhbəti də mühüm yer tutur. “Bağışla, ürəyim” şeirində şair öz qəlbinə müraciət edir:
“Səni çox yüklədim, əzizləmədim,
Bağışla, ürəyim, bağışla məni.”
Bu misralarda insanın öz daxilinə hesabat verməsi var. Şair həyatın ağrılarını qəlbinə yüklədiyini, onu yetərincə qoruyub əzizləmədiyini etiraf edir.
       Qəlbin sədaqəti isə belə ifadə olunur:
“Qürurundan zərrə qədər enmədin,
Bağışla, ürəyim, bağışla məni!”
Şairin qəlbi bütün ağrılara baxmayaraq sınmayıb, alçalmayıb və mənəvi qürurunu qoruyub. Bu, Səyyad Əhmədli poeziyasının əsas ideyalarından birini – çətinliklər qarşısında insanlıq və ləyaqəti qorumaq fikrini ifadə edir.
      Səyyad Əhmədli (Göyçəli) yaradıcılığı müxtəlif mövzuları əhatə etsə də, bu mövzuların hamısını birləşdirən əsas xətt insanlıqdır. Onun şeirlərində Vətən sevgisi də, ata-ana həsrəti də, sevgi və sədaqət də, şəhidlik və qəhrəmanlıq da, sözə ehtiram da insanlıq anlayışı ətrafında birləşir.
Şair öz mənəvi dünyasını “Mən” şeirində belə təqdim edir:
“Soruşdun sərvətim; – yaxşı qulaq as,
Sidq ilə sığındım Sübhanıma, mən.
Hər nə verdi qail olub, barışdım,
MaşAllah söylədim, hər anıma, mən.”
Burada şükür, təvazökarlıq və mənəvi qaneçilik duyğusu ön plana çıxır. Şair sərvəti yalnız maddi imkanlarla ölçmür. Onun sərvəti inamı, vicdanı, qaneçiliyi və mənəvi saflığıdır.
      O yazır:
“Qədərə nə yazdı, şükür dilədim!
Qəmli vaxt da oldu, leysan ələdim!
Tamahımı ifçin-ifçin bələdim,
Qoymadım qor salsın, vicdanıma, mən.”
Bu misralar şairin həyat fəlsəfəsini ümumiləşdirir. İnsan çətinliklərlə qarşılaşa bilər, ağlaya və ağrı çəkə bilər, lakin vicdanını qorumağı bacarmalıdır.
      Səyyad Əhmədli (Göyçəli) yaradıcılığı həyatın içindən gələn, yaşanmış duyğuların və mənəvi həqiqətlərin poeziyasıdır. Onun şeirlərində Göyçə həsrəti dağların nəfəsi ilə, ata-ana nisgili uşaqlıq xatirələri ilə, Vətən sevgisi qəhrəmanlıq və şəhidlik duyğusu ilə, sevgi isə sədaqət və ailə dəyərləri ilə qovuşur.
       Şairin poeziyası insanı düşünməyə, öz qəlbinə nəzər salmağa, sözün və münasibətin məsuliyyətini anlamağa çağırır. O, kobudluqdan, paxıllıqdan, yalandan, tamahdan və mənəvi aşınmadan uzaq durmağı, insanlıq sərvətini qorumağı tövsiyə edir.
      “Bir köntöy baxışın həsrətində” ifadəsi Səyyad Əhmədli yaradıcılığının poetik mahiyyətini özündə cəmləyir. Çünki şairin qəlbi yalnız öz dərdindən deyil, insanların bir-birinə qarşı laqeydliyindən, kobud münasibətindən, sözün qiymətdən düşməsindən də ağrıyır. O, hər köntöy baxışda gözəlliyə düşən ləkəni görür və həmin ləkəni sözün işığı ilə silməyə çalışır.
      Səyyad Əhmədlinin şeirlərində kövrək bir qəlbin səsi eşidilir. Bu qəlb Göyçəyə boylanır, ata-anasını axtarır, Vətənin qələbəsi ilə qürurlanır, şəhid anasının göz yaşına şərik olur, həyat yoldaşının sədaqətinə minnətdarlıq edir, övladına doğru yol göstərir və söz adamlarını mənəvi saflığa çağırır.
       Bu poeziyanın əsas gücü də məhz buradadır: Səyyad Əhmədli oxucuya uzaqdan nəsihət vermir. O, öz yaşantılarını, ağrılarını, sevinclərini və həyat həqiqətlərini bölüşür. Buna görə də onun sözü oxucunun qəlbinə yol tapır.
      Səyyad Əhmədli (Göyçəli) poeziyası bir şairin şəxsi duyğular toplusu deyil. Bu poeziya Göyçənin həsrətini, ata ocağının işığını, ana laylasının kövrəkliyini, Vətən sevgisinin qüdrətini və insan qəlbinin incəliklərini yaşadan mənəvi söz dünyasıdır.
      Bu dünyada hər misra bir xatirə, hər bənd bir həyat dərsi, hər duyğu isə insanlıq adına səslənən səmimi bir çağırışdır. Yurd həsrəti ilə yaşayan ozan qardaşıma bu həsrətdən qurtulub, “köntöy baxış” həsrətində yaşamağı arzu edirəm! Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik. Hiss edirəm ki, növbəti yazıların sonuna “Kəlbəcər”, “Laçın” deyil “Göyçə” yazacam.
06.08.2026. Laçın – Şəlvə dərəsi.

Müəllif: Zaur USTAC

AVMVİB, AJB və AYB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir, naşir

Zaur Ustacın “Buta”sı

GÜNAY ƏLİYEVA – “NƏRGİZ”

Zaur Ustacın “Buta”sı barədə

GÜNAY XANIMIN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir