
Qərib məzarlar
(Fərman Salmanov səhifəsi)
Hamı, heç olmasa onu yaxından tanıyanlar, Fərman Salmanovun fenomenallığını birmənalı şəkildə qəbul edirdi. Bununla belə, ömrü boyu qazandığı parlaq nailiyyətlərə qəribə bir qısqanclıqla yanaşıldı. Elə bil, onun böyüklüyünü etiraf etmək çoxlarına çətin gəlirdi.
Fərman Salmanov 28 iyul 1931-ci ildə Şəmkir rayonunun Morul kəndində dünyaya göz açmışdır. Orta məktəbdə oxuduğu illərdən yaşıdlarından iti zəkası, güclü hafizəsi və çalışqanlığı ilə seçilirdi. Hələ gənclik çağlarında xarakterinin iki əsas cəhəti – sarsılmaz əzmkarlıq və dönməz inad özünü açıq şəkildə göstərirdi. Qarşısına qoyduğu məqsədə nə olursa-olsun çatmaq onun həyat fəlsəfəsinə çevrilmişdi.
Bu məqsəd onu orta məktəbi bitirdikdən sonra Bakıya – Azərbaycan Neft Sənayesi İnstitutunun geologiya fakültəsinə gətirdi.
Ali təhsilini fərqlənmə ilə başa vuran gənc geoloq təyinatla Kuzbasa göndərildi. Çox keçmədən apardığı müşahidələr nəticəsində burada aparılan geoloji axtarışların perspektivsiz olduğu qənaətinə gəldi və bu barədə rəhbərliyə məlumat verdi. Dövlət vəsaitinin səmərəsiz istiqamətdə xərclənməsinə etiraz edərək, heç bir rəsmi icazə almadan kiçik bir ekspedisiya ilə neft ehtiyatlarının mövcudluğuna inandığı Sibir çöllərinə yollandı.
Əvvəlcə bu addıma müəyyən dözümlə yanaşılsa da, uzun müddət nəticə görünmədiyindən onun cəzalandırılması məsələsi gündəmə gəldi.
Məsələ SSRİ rəhbəri Nikita Xruşşova qədər çatdırıldı. Deyilənə görə, Xruşşov məruzəni dinlədikdən sonra belə demişdi:
“İndi artıq Stalin dövrü deyil. Tələsməyin. Ona bir şans da verin. Bəlkə axtardığını tapacaq.”
Bu qərar təkcə bir geoloqun taleyini deyil, bütöv bir ölkənin iqtisadi gələcəyini dəyişdi.
Ekspedisiyanın üzvləri arasında belə ümidsizliyin hökm sürdüyü günlərdə, 21 mart 1961-ci ildə Sibirin Meqion yatağında qazılan ilk kəşfiyyat quyusundan 2180 metr dərinlikdən gur neft fontanı vurdu. Bu, təkcə yeni yatağın deyil, Qərbi Sibirin gələcək neft imperiyasının doğuluşu idi. Sonralar Fərman Salmanovun bilavasitə kəşf etdiyi yüzdən artıq neft və qaz yatağının ilki məhz Meqion oldu.
Ancaq taleyin qəribə ironiyası vardı. Salmanovun dünya miqyaslı bu kəşfi cəmi üç həftə sonra Yuri Qaqarinin kosmosa uçuşunun kölgəsində qaldı. Sovet ideologiyası bütün diqqətini kosmosun fəthinə yönəltdi, geoloqun nailiyyəti isə ikinci plana keçdi.
Fərman Salmanov buna təəssüflə yanaşırdı. Yaxın dostlarına deyirdi:
“Mənim kəşfim Yuri Qaqarinin şücaətindən nəinki geri qalır, hətta ondan qat-qat böyük iqtisadi əhəmiyyət daşıyır.”
Zaman onun haqlı olduğunu sübut etdi.
Salmanovun bilavasitə iştirak etdiyi 130-a yaxın neft və qaz yatağının istismarı nəticəsində əldə olunan gəlirlər trilyonlarla ABŞ dolları ilə ölçülür. Bu gün də Rusiya Federasiyasının iqtisadi dayaqlarından biri məhz onun vaxtilə aşkara çıxardığı yataqlardır.
Bununla belə, miqyasına görə misli görünməmiş bu xidmətlər heç vaxt layiq olduğu səviyyədə qiymətləndirilmədi. Ona ordenlər, medallar, fəxri adlar verildi. Lakin heç kim açıq şəkildə etiraf etmədi ki, Fərman Salmanov tək bir alim kimi nəhəng dövlətin iqtisadi qüdrətini formalaşdıran əsas simalardan biri idi.
Ən sadə müqayisə belə göstərir ki, nə Sovet İttifaqının 69 illik tarixində, nə Romanovlar sülaləsinin üç əsrlik hakimiyyəti dövründə, nə də müasir Rusiya tarixində hər hansı bir şəxsin elmi fəaliyyəti dövlətə Fərman Salmanovun qazandırdığı qədər sərvət gətirməmişdir.
Fərman Salmanov geologiya-mineralogiya elmləri doktoru, professor, Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü idi. 1987–1991-ci illərdə SSRİ geologiya nazirinin birinci müavini vəzifəsində çalışmışdır.
Prinsiplərinə ömrünün sonunadək sadiq qaldı. Neft-qaz sənayesinin özəlləşdirilməsi siyasəti ilə razılaşmadığı üçün yüksək dövlət vəzifəsindən könüllü istefa verdi. Bu addım həmin dövr üçün nadir cəsarət nümunəsi idi.
O, elmdə fəth ediləcək zirvələri fəth etdi. Sağlığında mümkün olan bütün mükafatları aldı. Ölümündən sonra isə yalnız seçilmiş şəxsiyyətlərə qismət olan daha bir tarix yazdı.
Bu gün dünyada adına hava limanı verilmiş iki azərbaycanlıdan biri Fərman Salmanovdur. Tümen vilayətinin Surqut şəhərinin beynəlxalq hava limanı 2019-cu ildən onun adını daşıyır.
Fərman Salmanov 31 mart 2007-ci ildə Moskvada vəfat etmişdir. Məzarı Moskvanın məşhur Vaqankovo qəbiristanlığındadır.
Ömrünün böyük hissəsini Rusiyada keçirsə də, ürəyi həmişə doğma Azərbaycanla döyünürdü.
Hələ 1946-cı ildə, cəmi on beş yaşı olarkən, ittifaq miqyasında tanınmış dövlət xadimi Nikolay Baybakovun Şəmkirdə seçicilərlə görüşündə cəsarətlə bölgəsinin problemlərini dilə gətirmişdi.
Bu görüş təsadüfi deyildi. Məktəbin əlaçı şagirdi olan Fərmanın ən böyük arzusu neftçi olmaq idi. Gənc məktəblinin Baybakovla görüşünə şərait yaradanlar onun gələcəkdə böyük neftçi olacağına inanırdılar.
Bu gün Şəmkirdə onun təhsil aldığı məktəb Fərman Salmanovun adını daşıyır.
Vaqankovo qəbiristanlığında Fərman Salmanovun yanında taleyin amansızcasına cəmi qırx iki yaşında həyatdan apardığı oğlu da uyuyur.
Tale babasının sürgün yeri olmuş Sibiri ona başqa cür fəth etməyi nəsib etdi. Onun qərib məzarı Moskvadadır. Amma adı, xatirəsi və yaratdığı irs doğma elindən heç vaxt ayrılmayıb.
Çünki böyük insanlar vətəndən uzaqda dəfn oluna bilərlər. Ancaq onlar heç vaxt xalqın yaddaşından köçmürlər.
Müəllif: Pərviz YƏHYALI
Oxuyun >> Gözündə tük var