MÜƏLLİMLƏRƏ EHTİRAMLA

MÜƏLLİMLƏRƏ EHTİRAMLA
Həyatda hər zaman sevərək xatırladığımız özəl günlərdən biri də müəllimlərin bayramıdır. Məhz bu gün ömrünü Vətən övladlarının tərbiyə olunmasına, layiqli vətəndaş olaraq yetişməsinə həsr edən müəllimlərimizi qədirkeşliklə xatırlayırıq.

Müəllim cəmiyyətin əsas sütunudur, əyilməyən, sınmayan sütünü. Onlara ehtiram və sayğı ilə yanaşmaq hər birimizin mənəvi borcudur…

Müəllim əməyinin, mənəvi yükünün, fədakarlığının, məsuliyyətinin heç bir peşəylə müqayisəyə gəlmədiyini yaxşı bilirik. Zənnimcə, müəllim ailəsində doğulub, ilk tərbiyəni, öyüdü də valideynindən alanlar bu sənətin incəliklərini, pedaqoqların varlığında daşıdığı missiyanı, vərdişi daha yaxşı dərk edirlər…

Müəllim ailəsində doğulmuşam. Ocağımızda bu sənətin 3 nəfər daşıyıcısı olub: atam, anam, bir də ailəmizin ilk övladı bacım. Birgə vaxtlarımızda görmüşəm ki, onlar müəllim peşəsinin bütün əziyyətlərinə fədakarcasına qatlaşıblar. Sənətlərinə qəlbən, bütün varlıqları ilə bağlı olduqlarından məktəbi məbədgah, şagirdlərini öz övladları sanıblar…

Valideynlərim ailədə ilk tərbiyəçimiz, həm də həyat müəllimimiz olub. Ali varlığa xas olan bütün keyfiyyətləri bizə aşılayan, ictimai şüurumuzu formalaşdıran ilk növbədə valideynlərim olub. Həm ailədə, həm də məktəbdə müəllimlərimizdən əxz etdiklərimi ömür boyu yerində və qədərincə xərcləmişəm. Həyatda qazandığım uğurlarıma görə müəllimlərimə borcluyam…


Həmişə yeni dərs ili başlayanda, Müəllim günü qeyd olunanda valideynlərimi, bacımı xatırlayır və onların bu axının içində olmadığından qəribə bir nisgil, məyusluq hissi keçirirəm. Acı kədər varlığımı çulğayır. Amma bu çox çəkmir, tezcə də ürəyimə xoş bir hissin axdığını duyuram. Deyirəm, nə xoş ki şagirdləri hər zaman onları hörmətlə, məhəbbətlə xatırlayır, adlarını ehtiramla, böyük sevgiylə anırlar…

Bu gün müəllim adını şərəflə daşıyan, cəmiyyətin tərbiyəçisi olaraq ləyaqətli ömür yaşayan bütün pedaqoqları təbrik edirəm. Bayramınız mübarək, əziz müəllimlər!

Böyük ehtimalla: Şəfəq NASİR,

Filologiya üzrə fəlsəfə doktoru

Lütviyyə Əsgərzadnin yazıları

Könül Bünyadzadənin yazıları

Şəfəq Nasiirin digər yazıları

Məmməd Məmmədlinin yazıları

DAHA ÇOX XƏBƏR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir