Sevda Yusifqızının şeirləri

 Sevda Yusifqızı – şair

Zeynalova Sevda Yusif qızı Göyçə mahalının Çəmbərək rayonun Ağbulaq kəndində doğulub. Ailəlidir, iki oğul övladı var, ali təhsillidi. Bir kitab müəllifidir.

Ağlama, bulud, ağlama

Zirvə-zirvə çən ağlaram,
Ağlama, bulud, ağlama.
Sən ağlasan, mən ağlaram,
Ağlama , bulud, ağlama.

Damcıların dövlət, varın,
Ələnirsən narın-narın.
Sənindəmi ölüb yarın?
Ağlama, bulud, ağlama.

Nədən çatlbsan qaşını?
Axıdırsan göz yaşını.
İtiribsən qardaşını?
Ağlama, bulud, ağlama.

Ayın itib, günün itib?
De, darama gülün itib?
Göyçə adlı elin itib?
Ağlama, bulud, ağlama.

Sən kövrəkliyin əslisən,
Sən Gülyəzsən, sən Əslisən.
Ya mənimtək həsrətlisən?
Ağlama, bulud, ağlama.

İndi

Ləçək-ləçək solmuşam,
Bulud- bulud dolmuşam,
Elə kövrək olmuşam,
Dəymə, yağıram indi.

Mən alnı cığır olan,
Ürəyi yağır olan,
Ən çətin, ağır olan
Dərddən ağıram indi.

Payızım gördü qəza,
Ümidim qalıb yaza.
Canımdan əza-əza
Ağrı sağıram indi.

Öz dünyamla bir idim,
Öz dünyamda hürr idim.
Dəli Kürdən kür idim,
Elə fağıram indi.

Qəmi didib yeyirəm,
Ölümü pisləyirəm.
Yaşamaq istəyirəm-
Deyib bağıram indi!

Təbim

Gah kükrədin, gah səngidin,
Meydanımda bir cəng idin.
Mən gözlədim, sən ləngidin,
Hövsələmi yıxan təbim.

Qələmimin tənəsindən,
Xəyalların binəsindən,
Duyğuların sinəsindən,
Baş qaldırıb baxan təbim.

Yatmış idi komasında,
Doğmalıq var təmasında.
Varlığımın səmasında,
Şimşək kimi çaxan təbim.

Bu nə nəzər, bu nə baxış?
Gecikmək də bir cür naxış.
Bulud-bulud, yağış-yağış,
Selə dönüb axan təbim.

Sevda doyub fərağından,
Söz qılıncım, sıyrıl qından!
Ömrümün gün doğanından,
Şəfəq saçıb çıxan təbim.

Gedəcəm

Gözümün yaşını dostlar görməsin,
Ağrıdan, acıdan bıxıb gedəcəm.
Taleyin hökmüylə razılaşmışam,
Bir gün bu dünyadan çıxıb gedəcəm.

Ayları, illəri vermişəm yelə,
Cavan yaşlarımdan dən düşüb telə.
Nəyi gözləyim ki, mən innən belə,
Ümüdün evini yıxıb gedəcəm.

Nə səsim gələcək, nə də sorağım,
Sönəcək qəfildən yanan çırağım.
Yarımçıq qalacaq şeir varağım,
Qələmi kağıza sıxıb gedəcəm.

Sevdayam, fəryadım sığmaz cahana,
Dərdim damarımla işlədi cana.
Bu qəmli dastanı verib dövrana,
Keçdiyim yollara baxıb gedəcəm.

Bir az sevgidən danışaq

Hər bir kəsə gərəkdir o,
Könüldür o, ürəkdir o,
Bərəkətli çörəkdir o,
Əkək, səpək dən, danışaq,
Bir az sevgidən danışaq.

Ümmanında üzə-üzə,
Qanad verək saza-sözə.
Uca zirvə qəlbimizə,
Qoy düşməsin çən, danışaq,
Bir az sevgidən danışaq.

Meydanıma qanan gəlsin,
Yurdu canı sanan gəlsin.
Ağbulağı anan gəlsin,
Öyünməsin, tən danışaq,
Bir az sevgidən danışaq.

Yananların kül vaxtı var,
Ətirlərin gül vaxtı var,
Günün, ayın il vaxtı var,
Ömür keçsin şən, danışaq.
Bir az sevgidən danışaq.

Vətən, azad günün olsun,
Xəbər verən Cünun olsun.
Göyçə özü Məcnun olsun,
Leyli olum mən, danışaq,
Bir az sevgidən danışaq.

Dərd məni seçdi

Mən dərdi seçmədim, dərd məni seçdi,
Alnıma yazılan baxtı ağladım.
Cavanlıq çağlarım ötüşdü keçdi,
Gözümdən sel kimi axdı, ağladım.

Hicranın əlindən büküldü belim,
Soldu tər çiçəyim, saraldı gülüm.
Dinib danışmadı, lal oldu dilim,
Fələk od-alova yaxdı, ağladım.

Gecələr uzandı, sökülmədi dan,
Ağrılar, acılar vermədi aman.
Ruhum da bezibdir artıq bu candan,
Kəmfürsət zamanı, vaxdı, ağladım.

Sevdayam, tapmadım bir əlac, çarə,
Sinəmdə açıldı sağalmaz yara.
Vücudum günbə-gün çəkildi dara,
Qəlbimdə şimşəklər çaxdı, ağladım.

Nərgiz

Mən sənə həsrətəm, sən mənə həsrət,
Odur ki, rəngimiz saralıb, nərgiz.
Oylağın çölləri elə bilirəm,
Ərimir, üst-üstə qar alıb, nərgiz.

Bitdin “Əyricənin çəmən canında,
“Qatar qayalar”ın xanimanında.
İllərdi görmürəm, indi yanında
De, hansı çiçəklər yer alıb, nərgiz?

Görməsəm varlığım talan olacaq,
Dərd, azar üstümü alan olacaq,
Göydə qaralanlar yalan olacaq,
İçimdə buludlar qaralıb, nərgiz.

Günəşi olardın ağaran danın,
Ətir qoxuyardı açan hər anın.
Biləsən, Göyçəsiz qalan Sevdanın,
Hövsələsi necə daralıb, nərgiz.

Ağbulağım

Başı Şahdağıdı, ətəyi Göyçə,
Bənzəri olmayan bir Ağbulağım.
Arısı insanlar, pətəyi Göyçə,
Tanrıdan yaranıb sirr Ağbulağım.

Yaşıl çəmənlidi, geniş çöllüdü,
Ətirli çiçəkli, əlvan güllüdü,
Şirin ləhcəlidi, tuti dillidi,
Dünyada ən gözəl yer Ağbulağım.

Hər qarış torpağı ulu soy haqlı,
Mehriban obalı, abad oymaqlı,
Qatıqlı, ayranlı, ballı, qaymaqlı,
Gövhər Ağbulağım, dürr Ağbulağım.

Sevdanın əvəzsiz yuvası olan,
Hər gecə gördüyü röyası olan,
Mirəli babanın duası olan,
Ocaq Ağbulağım, pir Ağbulağım.

Müəllif: Sevda Yusifqızı

Sevda Yusifqızının yazıları

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I