ATAMIN KİTABXANASI

ATAMIN KİTABXANASI

(ailə ənənəsi)
Belə xatırlayıram ki, evimizdə olan əşyaların içərisində uşaqlı-böyüklü – hamımızın diqqətini çəkən əşya, atamın öz əlləriylə taxtadan düzəldib, mavi rəngə boyadığı dördkünc, hündür kitab şkafı idi. Rəflərindəki kitabları onu yaraşıqlı, əzəmətli göstərirdi. Gözümü açandan evimizdə böyük bacılarımı, qardaşımı həmin kitab şkafının əhatəsində görürdüm. Günün müəyyən vaxtlarında qarşısında dayanıb, maraqlarına uyğun kitablar seçirdilər. Gündüzlər əllərində, axşamlar yastıqlarının altında kitab olardı. Dördüncü sinifdən başlayaraq onların cərgəsinə qoşulanda evimizdə yaşayan bir sıra ənənənin gələcək həyatıma təsirindən xəbərsiz olsam da, həmin anlarda onların mənə rahatlıq, sevinc gətirdiyini duyurdum. O kitabxana ilə bağlı o qədər xoş xatirələrim var ki! Onlardan ən maraqlısı qiraət saatı idi. Bütün ailənin səbrsizliklə gözlədiyi əsrarəngiz yaşam saatları…

Həyat cədvəlimiz belə idi: Dərsdən sonra nahar edib bir qədər ev işlərində anamıza kömək edir, sabahkı günün dərslərinə hazırlaşır, küçəmizin başındakı arteziandan vedrələrlə su gətirir, həyət-bacada iş-güc görürdük. Bayram günlərinin hazırlığı, hüsnü bambaşqaydı. Həmin vaxtlar elə bil bir nağıl aləmində yaşayırdıq. İstirahət günləri atam bizə rayon klubunda nümayiş olunan gündüz seanslarına getməyə icazə verirdi. Yeni filmlərin axşam seanslarına isə valideylərimiz böyük bacımı aparırdılar. Həftənin hansı günlərisə radio kompozisiyaları, ədəbi verilişləri maraqla dinləyirdik. Axşamlar adətən valideynlərimizin nəzərdə tutduğu maarifləndirici məşğələlərdən keçirdik. Amma bütün ailənin sevərək uzun illər yaşadığı ənənə birgə kitab mütaliəmiz idi.

Beyləqanda yaşayırdıq. Dil-ədəbiyyat müəllimi olan atam Bakıya yolu düşəndə rayona bir böyük bağlama yeni kitabla qayıdardı. Elə həmin gün onlarla əlüstü tanış olar, səliqəylə yerbəyer edərdi. Bundan sonra oxunması zəruri olanları ümumi qiraət üçün ayırardı. Seçilmiş kitablar atamın iş masasının üstündə olardı. Bilirdik ki, həmin gündən müəyyən vaxtda, əsasən axşam çağı qiraət saatı olacaq. Təbii ki, burda mövzu seçimi, yaş həddi nəzərə alınardı. Amma düşüncəmizi, ictimai şüurumuzu formalaşdırmaqdan ötrü atam, pillə-pillə çətin və mürəkkəb süjetli əsərləri də ixtiyarımıza verirdi. Deyirdi, ümumi qiraətin bir vacib xüsusiyyəti odur ki, eyni vaxtda hamımız həmin kitabı oxumuş oluruq. Bu qayda ilə atamın üstündə əsdiyi kitabxanasında olan əsərlərin əksəriyyətini orta məktəb illərində oxuyub başa çıxmışdıq.

İndinin özündə də xəyalən uşaqlıq çağlarıma qayıdanda atamın bir qayda olaraq rəhbərlik etdiyi ümumi qiraətin tam mənzərəsi gözümün qarşısında canlanır. Axşamlar şam yeməyindən sonra həvəslə böyük otağa yığışırdıq. Atam iş stolunun arxasında yerini tutandan sonra bütün diqqətimizi ona yönəldirdik. Seçdiyi kitabı əlinə alıb adını, müəllifini elan edirdi. Həmişə qiraət saatlarımızda kitabı özü oxumağa başlayardı. O, əsəri elə gözəl, ifadəli, hər obrazın xarakterini canlandıran intonasiya ilə oxuyurdu ki, sanki yanan qəlbə su çiləyirdi. Müəllif təhkiyəsi onun diqtəsində özününküləşirdi. Məhz yazıçının məqsədi, ideyası bizə təlqin etdiyi fikirlər onun səsində əsərin canını ifadə edən ən kiçik detallarına qədər düşüncəmizdə aydınlaşırdı. Oxuduğumuz əsərləri bizə sevdirir, öyrədir, həyatla bu və ya digər şəkildə əlaqəsini bir müəllim kimi bizə anladırdı. O səsdən, ifadan, təhlildən bəhrələnirdik. Bu təsir o qədər güclü idi ki, ailədə beş uşağın dördü sonralar humantar sahədə ixtisaslaşdı.

Hə, atam mütaliəsinə ara verib, sonra kitabı növbə ilə bizə oxutdurardı. O da yadımdadır ki, beşinci sinifdə olanda bu işi ən çox mənə həvalə edərdi. Deyərdi, sənin diksiyan, tələffüsün aydın, səsin də ürəyəyatımlıdı. Övladlarını tərifləməkdə xəsislik edən atamın bu fikri məni sevindirməkdən çox, diqqətimi cəmləməyə, əsəri pafosla, həm də xoş ahənglə oxumağa həvəsləndirərdi. Yerimi də elə seçirdi ki, üzüm dinləyicilərə sarı olsun. Oxunun şirin yerində məhəbbət səhnəsi gəlirdi (təbii ki, o zaman yazılan əsərlərdə açıq-saçıqlıq yox idi), dərhal səsimi yavaşıdardım. Atam deyərdi, qızım, o hissəni ötür, aşağıdan davam et. Gözüm sətirlərin arasında gəzər, o təsvirin qurtardığı yerdən oxumu davam etdirərdim. Ertəsi gün, ya sonra atamın yazı masasının üstündə o kitabı görəndə bilirdim ki, buraxılan yerləri oxuyur. Biz də evin o küncündə-bu küncündə daldaya çəkilib bir-birimizdən gizlədə-gizlədə əsərdəki məhəbbət səhnələrini oxuyarduq. Əslində evimizdə buna elə bir qadağa qoyulmamışdı. Sadəcə, valideynlərimizlə pərdəli dolandığımıza, böyük-kiçik yeri gözlədiyimizə görə gözdən kənarda oxuyurduq. Onu da deyim ki, uşaq yaşlarından nağılları çox sevirdim. Bütün uşaqlar kimi mənim də öz nağıl qəhrəmanlarım olurdu. Uzun zaman onları xəyalımda yaşadırdım. Yəqin ki, xalq nağıllarına sevgim elə atamın keçdiyi dərslərdən yaranmışdı.

Bir maraqlı cəhət də vardı: kitabın oxusu bitəndən sonra ertəsi gün onun müzakirəsi başlanırdı. Atam bir neçə gün əvvəldən elan edirdi ki, filan gün, filan əsərin məhkəməsi (müzakirəsi) olacaq, çıxışa hazırlaşın. Müzakirə günü əvvəlcə atam əsərin müəllifi haqqında, onun digər əsərləri barədə bizə geniş məlumat verər, sonra təhlilə keçərdi. Arada bizi sorğu-suala tutur, əsər haqqında fikrimizi öyrənirdi. Hadisələrə necə qiymət verdiyimizə, mühakiməmizə diqqət edirdi.

O zaman biz müəllimlərimizin sinifdənxaric tapşırıqları üçün nadir hallarda rayon kitabxanasına üz tutardıq. Əksinə, tapılmayan kitablardan ötrü çoxları bizə müraciət edirdi. Atam rayon ziyalılarının qibtə etdiyi kitabxanasından bəhrələnmək üçün ona müraciət edənlərin qarşısında belə bir şərt qoymuşdu: Kitabdan səliqəli istifadə etsinlər, bir də onu vaxtında qaytarsınlar…

Qiraət saatlarında oxuduğumuz kitabların çoxu indi də xatirimdədir. M.F.Axundov, N.Vəzirov, C.Məmmədquluzadə, N.Nərimanov, Ə.Haqverdiyev, M.S.Ordubadi, S.S.Axundov, C.Cabbarlı, Ə.Vəliyev, S.Rəhimov, S.Vurğun, R.Rza, İ.Əfəndiyev, Ə.Abbasov Ə.Məmmədxanlı, C.Əmirovun əsərləri, Azərbaycan nağılları, tərcümə ədəbiyyatından Mayn Rid, V.Hüqo, İ.S.Turgenev, A.Puşkin, M.Şoloxov…

Bizdən fərqli olaraq rus bölməsində oxuyan böyük bacım müəyyən vaxtlarda ayrıca mütaliə edirdi. Qərb yazıçılarının, rus klassiklərinin əsərlərini oxuduğundan atam hardan olsa onun üçün Moskva nəşrlərini alıb gətirirdi. O da imkan düşəndə bizə xarici yazıçıların həyatından, əsərlərindən fraqmentlər danışardı.

O vaxtlar kitabxanamız atamın seçib aldığı, özünəməxsus zövqlə yerləşdirdiyi qiymətli, əvəzsiz kitablarla gün-gündən zənginləşirdi. Burda atamın hansı qaydaya, ardıcıllığa görə onları yerləşdirdiyini anlamasam da, hamısının yerini əzbərdən bilirdim. Bəzən məni hansısa bir kitabı tapıb gətirməyə göndərirdi. Axtarışa vaxt sərf etmədən, onu əlimlə qoymuş kimi, dərhal götürüb atama verərdim. Çünki atam ildə iki dəfə rəfləri boşaldar, kitabları təzədən səliqəyə salardı. Bu işdə onun ən yaxın köməkçisi də mən olardım. Kitabları bir-bir silib atama verəndə, onların yerləşməsinə də göz qoyardım. Deyədə ki: M.F.Axundovun dramlarını gətir, “Səfillər”i mənə ver, “Böyük dayaq”ı yerinə qoy, heç bir çətinlik çəkmədən, qarışıq salmadan atamın tapşırıqlarını həvəslə yerinə yetirirdim…

Atama çox oxşayıram. Həm zahirən, həm də xaraktercə. O zaman özüm də duyurdum ki, oxu maneram, yazı üslubum elə bil onunku idi. Amma böyüdükcə, formalaşdıqca fərdiliyimi də hiss edirdim. Onda düşünməzdim ki, illər ötəcək, ailəmizdə yaşadığımız bu gözəl ənənə, sonralar məni oxuduğum kitablar, silsilə əsərlər haqqında söz deməyə, obrazları təhlil etməyə, bu ətrafda müzakirələr açmağa ruhlandıracaq. Başqa bir tərəfdən, bu sahədə peşəkarlığa öyrədəcək, tədqiqatlara cəlb edəcək. Ən başlıcası, ata evimdə böyük həyat məktəbi keçdim. Hadisələrə qiymət verməyi, doğru-düzgün seçimi, bir kimsənin haqqına girməməyin gözəlliyini dərk etdim. Övladlarıma yaxşılığın, xeyirxahlığın, nəcibliyin insana zinət olduğunu öyrətməyə çalışdım.

Əmək fəaliyyətimin 20 ilini “Gənclik” nəşriyyatında çalışmışam. Həyatım kitabların arasında keçib. O zaman nəşriyyatda çıxan bütün kitablardan, özü də hərəsindən iki nüsxə evə gətirirdim. İstəyirdim ki, övladlarım dərs kitablarıyla yanaşı nağıllar, kiçik və orta yaşlı məktəblilər üçün ədəbiyyatlarla da tanış olsunlar. Hələ o zamandan onlara kitablarla dostluğu tövsiyə edirdim. Sonralar fikir verdim ki, oğlumla qızım kitabları dolablarına yığaraq hərəsi özünün kitabxanasını yaradır. Hərdən onlardan oxuduqları əsərlər barədə fikirlərini öyrənərdim. Uşaq təfəkkürü ilə çıxardıqları nəticələr mənə maraqlı görünərdi. Çox zaman dərslərini ertədən hazırlayıb qurtaranda axşam məndən yaxşı bir əsər oxumağımı xahiş edərdilər. Dərhal razılaşırdım. Bununla ata evimizdəki gözəl ənənəni mümkün qədər öz ailəmdə yaşatmağa çalışırdım…

Təəssüflər olsun ki, bu gün uşaqlarımızın kitaba marağı sozalıb, aşağı səviyyədədir. Zənnimcə, bunun bir səbəbi yaşadığımız gözəl ənənələrin unudulmasıdır. İndi uşaqlar sosial şəbəkələrə, “Tik-tok”a və daha nələrə ifrat dərəcədə alüdədirlər. Uzun vaxtını, saatlarını saytlarda itirən, qarşısına çıxan hər nə varsa, gözünün işığını əsirgəmədən ona verən gənclərimiz bu səbəbdən də kitabdan qaçaq düşüblər. Təəssüf, min təəssüf…


Atam Azərbaycan Pedaqoji İnstitutunun “Azərbaycan dili və ədəbiyyatı” fakültəsini bitirmişdi. Görkəmli dilçi, ədəbiyyatşünas alimlərdən dərs almışdı. Danışırdı ki, o zaman qadağan olunmuş ədəbiyyat, represiya qurbanları olan yazıçılar və onların əsərləri barədə ali məktəb müəllimlərimiz bizə məlumat verirdilər. Həmin dövrdə məktəblərdə tədris olunmayan “Ulduz”, “Ədirnə fəthi” (C.Cabbarlı), H.Cavid, Almaz İldırım, Əhməd Cavad, H. Sanılının yaradıcılığından da evdə böyük maraqla, həyəcanla söhbət açırdı. Belə mövzulardan bəhs edərkən o, bizə etibar edir, eşitdiklərimizi başqa yerdə, məktəbdə, tay-tuşlarımızın arasında danışmamağı tapşırırdı. Vaxt gələr, onların da üstündən qadağalar götürülər, o zaman indi öyrəndiklərinizdən də çox məlumatlara malik olarsınız, deyərdi…

Atam heç vaxt şagirdlərin qarşısına bəsit fikirlərlə çıxmaz, yalnız proqramda nəzərdə tutulmuş istiqamətdə dərs keçməzdi. Hökmən arayıb-axtardığı yeni məlumatlar, araşdırmalar, mövzuyla bağlı əlavə ədəbiyyatdan evdə bizə, məktəbdə şagirdlərinə dərs keçərdi. Şeirləri ucadan, özü də elə ahənglə oxuyurdu ki, onu dinləyəndə özümü başqa bir aləmdə hiss edirdim. Çox zaman dərslərə hazırlaşanda dinləyici kimi yanında olardım. Hərdən yuxarı siniflərin ədəbiyyat dərslərinə məni də aparar, bir şairin yaradıcılığından danışanda ondan öyrəndiyim şeirləri mənə söylədərdi. Çox zaman hiss edirdim ki, tələffüsdə, ahəngdə onu təqlid edirəm. Müəlliminə bənzəməkdən qürur duyan şagird kimi, bu, çox xoşuma gəlirdi. Beləliklə, hansı şairin, yazıçının həyat və yaradıcılığını keçirdisə, onun barəsində hələ aşağı siniflərdən mən də məlumatlanırdım…

İlk tərbiyəmizin, həyata hazırlığımızın təməli bir məktəb sandığımız atamın kitabxanasında qoyulmuşldu. Yaşam boyu qarşıma çıxan bütün məsələlərə ayıq nəzərlərlə yanaşmam heç şübhəiz, o zamandan formalaşıb. Bu gün nəyə ürək verirəmsə, nə haqda düşünüb-daşınıramsa ata evimdə öyrəndiklərim dadıma çatır. Onun bizə verdiyi tövsiyələrdən başlıcası bu idi: Heç vaxt kitablardan üz çevirməyin. Oxumaq, öyrənmək, zənginləşmək insana həyatı boyu gərəkdi… Ailəmizin qiraət saatlarında oxuduğumuz kitablar məni elə o çağlardan yazmağa həvəsləndirdi. Yaradıcılığımda qazandığım az-çox uğurlarıma görə atamın kitabxanasına borcluyam…

Sonralar ata evimə yolum düşəndə ilk görüşünə can atdığım onun bizə miras qoyduğu kitablar olurdu. Doğrudur, illər içrə o kitabların sırası yenilənidi, çoxaldı və lap sonralar dəyişən zamanın yelində itib-batdı…

Nə xoş ki uşaqlıq, yeniyetməlik çağlarımda olduğu kimi, bu gün də kitablarla olan ünsiyyətimi qırmıram. Çox zaman ciddi mütaliəyə macalım olmayanda rəflərdə bir-birinə sığınmış kitabların hər biriylə ayrıca görüşür, əlimə alıb vərəqləyirəm. Sanki ötən illərdə səhifələrində qalan məhrəm barmaqların izinə tumar çəkirəm. Ürəyimdə onlarla danışıram. Xəyalən yeniyetmə çağlarıma qaydıram. Atamın səsi qulağıma gəlir: “Heç vaxt kitablardan üz çevirməyin. Oxumaq, öyrənmək, zənginləşmək insana həyatı boyu gərəkdi… ”

Ailəmizdə yaşanan ənənələr şirin, çox şirin xatirələr təki yaddaşımda təzələnir. Necə gözəl ənənələr yaşamışdıq! Mən burda onlardan birini yada saldım. Çünki, digər ənənələrin yaranması, yaşaması deyərdim, məndən ötrü atamın kitabxanasından aldığımız tərbiyənin içərisində formalaşmışdı. Və bütün bunlar sonrakı həyatımızın nizama salınmasında böyük əhəmiyyət kəsb etdi. Dolaşıq-çarpaşıq zamanlarda belə, həyat yollarında azmadıq, basılmadıq, əzilmədik.
Şərəflə yaşanan həyat ömürdən qalan ən qiymətli sərvətdir…

Böyük ehtimalla: Şəfəq NASİR,

Filologiya üzrə fəlsəfə doktoru

Lütviyyə Əsgərzadnin yazıları

Könül Bünyadzadənin yazıları

Şəfəq Nasiirin digər yazıları

Məmməd Məmmədlinin yazıları

DAHA ÇOX XƏBƏR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“YAYLIM” SÖZÜNÜN İZAHI

“YAYLIM” SÖZÜNÜN İZAHI
(qədim Oğuzların söz yaradıcılığı)
“YAYLIM” sözü yaymaq, səpələmək semantikasındandır.
Atəşi səpələmək.Bir silahdan deyil, bir neçə silahdan atəş açmaq.Yəni gülləni səpələmək, yağdırmaq.
O ki qaldı “yaylım atəşinə”, bu söz qədim sözyaradıcılığıdır.(sosial psixolinqvistika)
Qədim Oğuzların “yay-ox” silahından yaranan sözdür.
“Yay” sözünün kökü ” qayın” sözündəndir.( “q-y” əvəzlənməsi)
Qədim Oğuzlar yayı ağcaqayın ağacından hazırlamışlar.Onun qara növünün kiçik kolunun budaqlarını müxtəlif formalara salmaq mümkündür. Qədim Oğuzlar bu kolun oduncağından bəzək fiqurları da düzəltmişlər.
Hazırda bu ağacdan mebel, musiqi alətləri və s. hazırlanır.(Oğuzların “ağca-kiçik” sözü də buradandır )
Latınca bu ağcaqayın koluna flora lüğətində ” Acer Tataricum” deyilir.
Onlar bu ağacdan Qədim Oğuzların yay silahı düzəltdiyini bildikləri üçün sonralar Oğuzlara verilən ” tatar” ifadəsini işlətmişlər.
Məhz latınca “Oxatan bürcü” bu səbəbdən ” Acer- arçer) adlanmışdır.
Türklər də ” oxatan bürcünə” “Yay bürcü” deyirlər.( müəllif H.Ə.)
P S Hər bir qədim sözü psixolinqvistika yolu ilə açmaq mümkündür.Məntiq və müqayisəli təhlil Tətbiqi Dilçiliyin qısa yoludur.
Ən əsası fonetik səslərin tətbiqi ilə.
Mənbəsiz mənbələr…


DİLÇİLİKDƏN ETÜDLƏR

Müəllif: Həsən ƏLİYEV

SÖZ YARADICILIĞI

ALTERNATİV DÜŞÜNCƏ

>>>> DAHA ÇOX MƏLUMAT

HƏSƏN ƏLİYEVİN YAZILARI

Qəşəm İsabəyli yazır

ÖZÜNÜN ÖZÜNƏ GÖZÜ DƏYƏN ADAM
Demə, adamın özünün özünə gözü dəyərmiş.
Üç il əvvəl, bir səhər yuxudan oyanıb, yerimdən qalxdım. Bir addım atmaq istəyəndə sol ayağım dizdən kilidləndi.
“Ay aman… ay daad…” tappadan arxası üstə gəldim çarpayıya.
Nəfəsimi güclə dərdim.
“Müsəlman kimi yanımı yerə verəndə həkimə getməkdənsə, – fikirləşdim, – yəhudi kimi azarı qabaqcadan ram eləsəm yaxşıdı!”
Rentgenin cavabını qoltuğuma verib, ağzımı çevirdilər “Avrasiya klinikası”na. Adı ölkəmizin ikinci çayının adından olan həkim, baxdım ki, cavandı, ucaboyludu, yaxşı da əzələləri var, baş bar¬ma¬ğıyla adsız bar¬mağının arasına alıb, sıxdı dizimi:
–Oy…
–Ağrıdı?
–O da sözdü?!
–Mən rəmzlə-simvolla danışmağı bacarmaram, cənab pasiyent…
–Onün üçün gərək Şirvanlı olasınız, doktor!
–Kəsəsi… ağrıdı?
Him-cimlə başımı endirib-qaldırdım.
–MRT-likdi… – nəzakətlə dizimi sığallayıb, üzümə baxdı.
Bir saat növbə, saat yarım da müayinə.
Həkim işgüzarlıqla gətirdiyim cavaba göz gəzdirib, qaşlarını çatdı:
–Diziniz… – Gözlərimi bərəltdim üzünə. – Istəsəniz də, istəməsəniz də bıçağın altına girməlidir!
Özümü itirmədim:
–Niyə bıçağın?! Başqa bir əlac tapa bilmədiniz, doktor?!
–Tapdım.
–O nədi?
–Qocalmaq!
–Qocalmaq?! Başa düşmədim.
Əhvalından başa düşdüm ki, məni başa salmaq fikrində deyil.
–Dörd dərman… on gün qəbul… onbirinci günü burada olarsunız.
Cin necə vurdusa başıma:
–Sənin kəllən haqqı, gözlə məni, burada olaram!
– ürə¬yimdə dedim. Eşiyə çıxanda resepti də cırıb atdım zibil qutusuna. – Rəhmətlik orta məktəb yoldaşım
Məzahir demiş “taytıya-taytıya” özümü vurdum yola.
Evə çatan kimi özümü toxudum internetə. Alman fizioterapevtlərinin bir müalicə üsulu… əlimdən tutdu. Beləcə hər səhər uşaq kimi minib oturdum stolun üstündə, ayaqlarımı sallayıb, başladım yelləməyə. Nə qədər? İlk günlər azı min dəfə. Ağrım azalıb, ayaqlarım sözümə baxanda, üçyüzə endim…
O günü “Asan xidmət”ə gedirdim. Bir də gördüm… vallah… uçuram. Elə uça-uça da qayıtdım. Gözaltı sağıma-soluma baxırdım. Adamlar da bərələ gözlə seyr eləyirdilər məni. Qürrələnirdim. Sinəsi qabar¬mış halda parkovkada saxlaığım maşınımın qapısını açıb girdim içəri. Dəli bir gülüş tutdu məni… kişnədim, ha… gözümün sevinc yaşlarını birtəhər quruladım: “Maşallah olsun mənə!”
Kefi kök, damağı çağ gecə yerimə girən kimi başladım xoruldamağa.
Səhər açıldı, baxdım ki, sol dizim köhnə tanışıyla can-canadı. Arada sancır da…
–Ay dizim, vallah, ağrıyan sən deyilsən, nəyə deyirsən and içim, sənə özümün gözüm dəyib!
28-30.08.2026

Müəllif: Qəşəm İsabəyli,

Qəşəm İsabəylinin yazıları

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I