Qəşəm İsabəyli. SAĞALMAZ XƏSTƏLİK.


SAĞALMAZ XƏSTƏLİK
Universiteti qurtarandan sonra tələbə yoldaşımızdan bir neçəsi sağalmaz xəstəliyə tutulmuşdu. Buna fiziki çatışmazlıqdan çox, ruhi sarsıntı desək, daha yaxşı olardı. Qəribə də adı vardı – “böyüklük iddiası”.
Açığı bu yoldaşlarıın bizə ağırlığı yox idi. Gəl ki, Bakılı balası Bahadır bəzən onların sərsəm iddiasıyla qarşılaşanda, üzdən də olmasa daxilən od tutub yanırdı:
–A kişi, o günü bu xəstələrdən birinin yanına getmişdim, məni görən kimi düşdü həyəcana:
–Niyə gəlmisən, Bahadır?
–Yol keçirdim, dedim, görüm neyləyirsən.
– Bahadır-Bahadır, başımı qaşımağa vaxtım yoxdur. İndi Nazirlər Kabinetinə gedirəm, ordan da çıxıb, Prezident Aparatına dəyməliyəm. Sonra da televiziyadan intervü götürməyə gələcəklər! Sən gördüyün kimi sadə deyil işim, bəlkə də həddindən artıq məsuliyyətlidir. Hava haqqında məlumatı vax¬tında elan eləməsəm, nəinki dövlət, hətta xalq məni bağışlamaz!
–Mən də dedim ki, ay qurumsaq, sən balaca bir hava idarəsinin əvəzedici müdirisən. Nazirlər Kabinetinə səni buraxan kimdi, Prezident Aparatında səni neyləyirlər?! Bəsdi özünün vacib şəxsiyyət olduğunu gözümüzə soxduğun!
–Doğrudan?!
Güldü:
–Ürəyimdə. Hər halda hirsimi yatırtdım.
–Srağa günü mən də onu televizorda gördüm. Elə tökmüşdü qaş-qabağını, deyirdin, ilahi, sabah yəqin yer-göy bir-birinə qarışacaq. Məlum oldu ki, Günəşli hava gözlənir. İki gün sonra küçədə qarşıma çıxdı:
–Əziz dost, yaxşı hava olacağı haqqında məlumat verəndə gülümsə, küləkli-yağışlı hava gözləniləndə tök da qaş-qabağını nə qədər istəyirsən! Bu qaş-qabağla milləti qırıb qurtararsan axı!
Güldü:
–Vallah, düz deyirsən!
Tələbə yoldaşımız Rəna xanımın həyat yoldaşının yasından qayıdanda yeməkxanaların birinə burulduq. Oturan kimi böyüklük iddiasına düşən bu dostumuz əl atdı telefona:–Allo… mənəm, müəllimdi, eşidirsən məni?! Maşını göndərim, uşağı apar xəstəxanaya. Eşidirsən məni?! Maşını göndərimr… Maşını…
O, telefonu söndürən kimi İxtiyar düşdü üstünə:
–Kimlə danışırdın, ə?!
–Həyat yoldaşımla.
–Hələ də arvadın “müəllim”isən?!
Gülüşdük.
–Yo-yox… çaşdım, elə bildim katibəmdi.
Başqa bir tələbə yoldaşımız isə hər məclisdə Amerikaya səfərindən söz salardı:
–Demirsinizmi rus sektorunda oxuyan Bostancanı da gördüm.
–Bostancanı?!Ninaı? – Nizami yerində dikəldi.
–Nə oldu, ay Nizami, cərəyan-zad… vurmadı ki?!– Natiq idi.
–Gözəllər gözəliydi köpək qızı! – Nizami əlini əlinə sürtdü.
–Gəl olmasın, atası erməniydi, anası da ukraynalı. – Bahadır əlavə elədi.
–Suxumiyə getmişdik ha, coğrafi təcrübəyə, hərdən çimərliyə də baş çəkirdik. Bir gün gördüm Nina qumun üstündə uzanıb – ağ bədən, bəxtəvər olmuş qızılı günəş şüaları bərq vurur sinəsində. Axtarıb isti bir daş tapdım. Gətirib qoydum göbəyinin üstünə. Dedi, Nizami, səninlə belə zarafatım yoxdu axı!
–Ağıl yoxdu da! – Aydın güldü.
–Nizami düz eləyib, daş dövründə “səni sevirəm!”i belə deyərdilər. – Mən də uydurdum.
–Qəşəm, get özünə! – Nizami ağzımdan vurdu.
–Deyirsən, Nizami daş dövründən qalmadı?!
–İxtiyar, get özünə!
–At saldırmayın da, Nadir demiş, səbət dalından gilas tökülməyir! – Tələbə dostumuz acıqlandı.
–Buyur-buyur. – Natiq yol polisi kimi əllərini qoşalayıb ehtiramla qabağa uzatdı.
–Həəə… zəng elədim Ninaya, adımı eşidən kimi elə bil dünyanı verdilər ona. “Aaa… hardasan? Amerikada?! Can, gözlə, gəlirəm.”…
Natiq dilini saxlaya bilmədi:
–Pah, atonnan… gəldi, deyirsən?!
–Yarım saat sonra yanımdaydı.
–Quc…- mac…?! – Bahadır söz atdı.
–Onsuz olmaz ki! – Natiq bizə göz vurdu.
–Ayə, qoyun danışsın da! – Nadir hövsələdən çıxdı. –Sonra nə oldu?!
–Nadir, qızışma, sonrasına çox var! – Bu da Aydın idi.
–Məni götürüb apardı evlərinə. İnanın, mən gedəndən gələnəcən ağladı. Özü də kəlməbaşı – Bakı necə doğmaydı, necə gözəl idi, insanlar bir-biriylə necə də mehriban yaşayırdılar. Hələ tələbəlik illərini demirəm! Xoşbəxt ailəydik…
Bir saata yaxın söhbət elədik. Bakıya uçmalıydım deyə, ayağa durdum. Məni buraxmaq istəmirdi.
Natiq adəti üzrə öskürdü:
–Həyat yoldaşı evdəydi?
–Yox.
–Elə-belə gedib gəldin, deyirsən?!
–Elə-belə nədi?!
–Yəni də… Bahadır demişkən – quc-maç!
–Sən getməmişdin ey, Amerikaya.
–Əlbəttə, mən getsəydim, üzüqara qayıtmazdım.
Gülüşdük.
–Sən mənim canım, düzünü de! – Natiqin əl çəkmək fikri yox idi.
–Aeroportda baxdım ki, mesaj yollayıb mənə.
–Aha! – Natiq çırtma çaldı.
–Maraqlıdı, nə yazmışdı? – Bahadır astaca soruşdu.
–Dayan… – Telefonu açıb, mesajı oxumağa başladı: “Bakı mənim nəyimə lazımdı, nəyi var Bakının axı?! Amerikanın bir gününü Bakının min gününə dəyişmərəm. Burda demokratiya, insan haqqları, bolluq, azadlıq, xoş güzəran… Orda nə var?! Tələbəlik vaxtı özünü yekə tutub, bizimlə danışmaqdan o yana gedə bilməzdin. İndi də elə həmən həmənsən. Basıb-bağlamağa gəlmişdin yanıma?! Tez-tez də ingiliscəyə keçib, göstərməli olacağın “hünərin”in əvəzinə, dil bilmək hünərini gözümə soxurdun. Doğrudan da…
–Oxu! Oxu! – Bağırışdıq.
–Köpək qızı! – Dostumuz telefonu qapadı.
–Nə oldu?!
–Ermənicə yazıb…
–Oxu, görək nə yazıb?! –Natiq sakit olmadı.
–Haçandan ermənicə bilən olmusan?!
–A kişi, ver baxım, yeməyəcəyəm ki, telefonunu.
Dostumuz candərdi telefonu Natiqə uzatdı.
–Qonşum yerazdı, yollayacam, tərcümə eləsin.
Çox keçmədi Natiqin telefonu haray saldı.
–Qonşu, tərcümə elədin? Necə? Mənasını bilmək istəyirəm. Nəəə?! – Natiqin dodağı qaçdı. – Ciddi sözündü?!
–Nə oldu?! – Nizami dözmədi.
–Deməli deyil. – Natiq başını yellədi.
–Boş-boş danışma! – Dostumuz çımxırdı. – De, görək!
–Söz mənim deyil, ha, Bostancanındı: “Doğrudan da, Gülya demişkən, sən nə gönüqalın adamsanmış!”
04.08.- 24.09.2023

Müəllif: Qəşəm İsabəyli

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir