Mən buyam Sən mənim dilimi kəsə bilməzsən, Haqsızlıq önündə susan deyiləm. Sən mənim dünyama sıza bilməzsən, Ucuz mətləblərə lisan deyiləm.
Rəbbim nə veribsə, nəyəmsə, buyam; Mənim öz nərəm var, mənim öz qiyyam! Söylədiyin nədir, nə qiymət qoyam?! Demə ki: qulaq as! – Asan deyiləm!
Könlümün söz adlı qibləgahı var, Yəni “La ilahə illəllah”ı var! Mənim dərs aldığım min-min dahi var; Cəddinə arxayın insan deyiləm.
Tənha zirvələrin yar-yoldaşıyam, Quşqonmaz dağların ağır qışıyam, Mən qaya parçası, çaxmaq daşıyam, Mən çətin adamam, asan deyiləm . Məni üzüyola doğmayıb anam, Hara buyursalar, orda fırlanam… Hirsini içində boğan vulkanam, Hələ ki, Məmmədəm, Aslan deyiləm…
Niderland Krallığının Rotterdam şəhərində fəaliyyət göstərən Beniluks Azərbaycanlıları Konqresinin qərargahında 5 maart 2023 cü ildə BAK nəznində fəaliyyət göstərən Natəvan poeziya klubunun ilk məclisi keçirilmişdir.
Məclisə Niderland Krallığında yaşayan Azərbaycanlı və Türk xanımları qatılmışdılar. Məclis öz işini Natəvanın gəzələri ilə başladı. Məclisin təşkilatçısı və rəhbəri, BAK ın sədr müavini Sima Cəfərli giriş sözü ilə qonaqları saıamladı və Vətəndən uzaqlarda yaşayan soydaşlarımızın bu cür məclis və tədbirlərə toplanmağının nə dərəcə zəruri olduğunu vurğuladı. Canlı bağlantı ilə professor, l Qarabağ müharibəsi qazisi, “Miqrasiya prosesləri” ictimai birliyinin rəhbəri Fəridə Hicran qoşuldu. Natəvanın həyat və yaradıcılıq aspektlərinə toxunan Fəridə xanım, Natəvanın Qarabağ elinə, Azərbaycan poeziyasına və istimai həyatına verdiyi bəhrələrdən danışdı. Məclisdə əsasən Xan qızı Xurşudbanu Natəvanın qəzəllərinə yazılmış mahnılar səsləndi, onun müəllimi olan Qasım bəy Zakirlə məktubları oxundu. Daha sonra Sima xanım və digər məclis iştirakçıları öz şeir tohfələrini qonaqlara ərmağan etdilər. Milli Azərbaycan rəqsi ilə Təhminə Günəş, məlahətli səsi ilə ruhları oxşayan Nigar Cəfərli məclisi daha da canlandırdılar. Peterburq şəhərində yaşayan və “Xan Qızı” Dünya Azərbaycanlıları ictimai qadınlar birliyinin rəhbəri Könül Abbasova da canlı bağlantı ilə qoşularaq öz ürək sözlərini iştirakçılara çatdırdı. Məclisin daha bir qonağı, Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyinin konsulu Səbinə Sadıqlı ürək sözləri ilə çıxış edərək, belə bir məclisi ünsün buradakı azərbaycanlı xanımlarının ictimai həyatında nə qədər önəmli olduğunu vurğuladı. Məclisdə qonaq olan Yazıçılar İttifaqının üzvü sair publisist Lətifə Nuranın da şeirləri səsləndi. Avropada tanınan Azərbaycanlı rəssam xanım Vəfa Rüstəmovanın bu məclis üçün çəkdiyi Natəvana həsr etdiyi rəsm və keramik qablar üzərindəki işlədiyi əsərləri sərgiləndi. Öz yaradıcıkığından söhbət açan Vəfa xanım, Xurşudbanu Natəvanın əsərlərinin onun yaradıcılığına çox güclü təsir etdiyini qeyd etdi. Onun, Milli ornament və naxışlarla bəzədilmiş əl işlər qonaqları çox maraqlandırdı. Həmçini, burada yaşayan Vəfa Kənanqızının əl işlərinin video çarxı nümayiş etdirildi. Səmimi söhbətlər, maraqlı diskussiyalar məslisin işini yekunlaşdırdı. Sonda, xatirə şəkilləri çəkildi və gələcək planlara nəzər salındı.
Gecəni silah səsləri, vəhşi erməni cəlladlarının məhəllənin başındakı evlərə basqını ilə başlayan haray-qışqırıq sədaları ilə keçərən ailə səhərə yaxın gözlərinin çimirini almaqdaydı ki, qapı təpiklə, avtomat qundağı ilə bərk-bərk döyüldü… Rasim kişi dik atıldı, yerindən hövlnak qalxıb oturdu. Ətrafa göz gəzdirib, yenə yuxu gördüyünü anladı.
Xocalıdan çıxandan bəri, 30 ildir eyni, ya da oxşar yuxular onu rahat yatmağa qoymuşdu. Bu qapı döyülmələrinin ardından erməni qəsbkarları evə girib hamilə arvadını öldürürdülər… Sonra vəhşicəsinə vurulan zərbələrdən huşunu itirirdi… Rasimin o vaxt 28 yaşı vardı… Bir az dayanıb qulas asdı. Bu dəfə qapının həqiqətən də döyüldüyünün fərqinə vardı. Qalxıb qapını açdı, gələn qonşusu idi. Qaçqınlar binasında illərdir qonşu idilər. Dürdanənin xəstə olduğunu bilirdi, bəlkə nəsə lazımdır, – deyə gəldiyini düşündü. Rasim kişinin gözlərinin qarşısından Dürdanənin, “baxanın” ömür boyu unuda bilməyəcəyi film kimi 8 günlük əsrlik həyatı keçdi. Xocalı alınanda Dürdanə 20 yaşındaydı, rabitəçi idi. Hamı canını götürüb qaçmağa çalışanda Dürdanə vəzifəsini icra etmiş, son hadisələrin xəbərini mərkəzə çatdırmağa çalışarkən əsir düşmüşdü. Əsirlikdən qurtarandan bugünədən başına gətirilən faciələri danışıb qurtara bilmirdi. Yaşadıqları onu həm ruh, həm də bədən sağlığından etmişdi. Son illər ağır xəstəliyə tutulmuşdu. Mərhələlərlə kimyaterapiya müalicəsi aldığına görə saçları tökülmüşdü… Rasim kişi onu içəri dəvət etdi. Dürdanə başını yaylıqla bağlamışdı. Ləngərli yerişindən, ağır hərəkətlərindən canının ağrıdığı bəlli olurdu.
İndi oyadaram oğlanı, gedib nə lazımsa alıb gətirər. Keç içəri, bacım. Dürdanə gözləri yaşlı olsa da, sevinc süzülən baxışlarıyla, “yox”, – dedi, başını buladı. Rasim kişi niyəsini soruşmağa macal tapmamış Dürdanə dilləndi:
Heç nə lazım deyil, gəldim xəbər verim. Əsgərlərimiz Xocalıya bayrağımızı asıblar. Dürdanə bilirdi ki, Rasim kişi televizora baxmır. Həkim Xocalıda başından aldığı travmalardan yaranan uzun sürən psixoloji xəstəliyə görə ona televizora baxmağı, sarsıdıcı xəbər və məlumatları izləməyi qadağan etmişdi. Rasim kişi arvadının ölümündən sonra iyirmi il evlənməmişdi. Yaşının ahıl vaxtında – altmışına az qalmış yaxın dost-tanışlarının təkidi ilə Səidə adlı qadınla ailə qurmuşdu. Səidə də ona yaxşı həmdəm olmuşdu. Layiqincə qulluğunda dayanırdı, müalicəsi ilə məşğul olurdu. Səsə Səidə ilə qardaşı oğlu tarix müəllimi Qoşqar da yuxudan oyanmışdılar. Qoşqar təyinatını yaxınlıqdakı məktəbə almışdı. Hərdən gəlib bibisigildə qalır, onların bəzi məişət işlərinə əl atırdı. Səidə xanım qapıya gəlib salam verdi, Dürdanəni qonaq otağına dəvət etdi.
Keç içəri, bacı, qapı ağzında niyə dayanmısan? Gəl, gəl içəri. Siz içəri keçin, mən də çay hazırlayım. İçəri keçdilər, stul çəkib oturdular. Rasim kişi darısqal otağın pəncərəsini açdı. İçəriyə dolan nəm havanı ciyərlərinə çəkdilər. Dürdanə yana-yaxıla danışmağa başladı:
Ay Rasim qardaş, yenə şəhid gətirdilər qonşuya. Deyirlər, 200-ə yaxın şəhidimiz var. Yenə elə yaraşıqlı, boy-buxunlu oğullar şəhid olub ki. Adam qıymır üzlərinə baxa. Feysbukda da paylaşırlar şəkillərini. Dözmək olmur. Həyətə çıxırsan qonşu arvadlar danışır, feysbuka girirsən səhifə dostların. Hamı gileylənir, qarğış edən, kin püskürənlər var. Heç bilmirsən kimi təsdiq, kimi inkar edəsən. Səidə müxtəlif rəngli kapsulları və bir stəkan suyu gətirib Rasim kişinin qabağına qoydu və əlavə etdi. – Bunları iç, bir azdan yeməyi də gətirirəm. Bu vaxt Qoşqar müəllim söhbətə qarışdı:
Dürdanə xala, camaatın danışığına çox da fikir verməyin. Rahat olun, hər şey yaxşıya doğru gedir. Onları da başa düşmək olar hardasa, amma həqiqət budur ki, şəhidsiz müharibə olmur.. hələ qələbə, heç olmur. Bilirik ki, Birinci Qarabağ müharibəsində rəsmi qeydlərə əsasən 23.500 şəhidimiz olub. Üstəlik məğlub olmuşuq. İndi qələbə qazanmışıq, əlbəttə şəhidimiz olacaq. Tarixi müharibələrə baxanda indi biz bu qələbəni ən az minimum şəhid verərək qazanmışıq. Bircə misal deyim, rəsmi mənbələrə əsasən, Birinci Dünya müharibəsində Çanaqqala döyüşündə Türkiyənin 253 min döyüşçüsü üstəgəl 3 minə yaxın da azərbaycanlı şəhid olmuşdu. Azərbaycan ordusunun hazırlığı, xüsusilə də XTQ hərbçilərinin şücaətləri nəticəsində biz az itki ilə qələbə çalmışıq. Təbii ki, Türkiyənin dəstəyini də özəlliklə vurğulamalıyıq. Biz buna sevinməliyik. Əfsuslar olsun ki, ölkəmizdə zəfərimizə kölgə salan bəzi qruplaşmalar var, aranı qızışdırmaq üçün belə gərəksiz söhbətlərlə insanları çaşdırmaq istəyirlər. Amma ağıllı adamlar bu xainlərin hansı düşmən dəyirmanına su tökdüklərini yaxşı bilirlər. Dürdanə xala, biz dövlətimizin yanında olmalıyıq. Bir yumruq kimi birləşməliyik. İndi dünya düzəni dəyişir. Güclü olan dövlətlər ayaqda qalacaq. Ermənistan kimi zəif dövlətlər isə dırnaqarası havadarlarına yem olacaqlar.
Başa düşürəm, ay oğul, mən də bunları çox gözəl anlayıram. Amma heyif ki, bəzilərinin ağzını yığmaq olmur.
Onlara ən yaxşı cavabı onların dediklərini saymamazlıqla qarşılamaq, görməzdən gəlməklə verməliyik. Yox, görsək ki, susmurlar, onda savaşmalıyıq, mübarizə aparmalıyıq. İctimai qınağa çəkməliyik. Qoşqar müəllim öz-özüylə danışırmış kimi astadan deyindi: Nə edək? Bizim bəxtimizə bütün tarixlərdə həm də “özümüzlə” savaşmaq düşüb. Əsas odur, qətiyyətli olaq. Dürdanə xala susub xəyala getdi. Handan-hana dilləndi:
İndi mənim bir arzum var, oğlum. Əsirlikdə saxlandığım o məkanlara getmək… Bir də xəyalımda bir şey var. Qoşqar oğlum, deyirəm bir sehrli dəyənəyim ola, özümə vuram və qayıdıb yenə Xocalıda olam və 20 yaşıma dönəm…
Dürdanə xala, sən nikbin ol, olan olub… Sehrli dəyənək olmasa da “Dəmir Yumruq” var. Odur bizi Xocalıya qaytaran. Biz o güclü yumruğun üstünə on milyon yumruq qoymalıyıq. Bizim vətəndaşlıq vəzifəmiz budur. Dürdanə alacalanmış gözləri ilə Qoşqar müəllimin sözlərini təsdiqlədi. Səidə xanım süfrə açmışdı. Səhər yeməyinə yenicə başlamışdılar ki, qapı yenə döyüldü. Gələn poçtalyon idi. Dürdanə xanımın da, Rasim kişinin də üzv olduğu “Xocalıya ədalət” İctimai Birliyin adından illər öncə BMT İnsan Haqları Şurasına ünvanladıqları məktuba cavab gəlmişdi. Rasim kişi o gün axşamadək yatağından qalxmadı. Qoşqar müəllimin telefonunda Xocalıya Azərbaycan bayrağı asan əsgərin 34 saniyəlik videosuna dəfələrlə baxdı və hər dəfə də o əsgərin dediyini təkrarladı: Qarabağ Azərbaycandır!
SƏN EY BU VƏTƏNİN ASLAN QADINI (Qənirə xanım Paşayevaya dərin sevgilərlə)
Sən ey bu vətənin aslan qadını, Sənə bu vətəndə varlıq yaraşır. Vətənlə tay tutduq uca adını, Məğrur duruşuna şadlıq yaraşır. Sənə bu vətəndə varlıq yaraşır.
Qələbə çıxışı duyaq səsinlə, Biz də nəfəs alaq şad nəfəsinlə. Gənclik bir yol alsın sənin izinlə, Bu yerdə ümidlə xəyal qarışır: Sənə bu vətəndə varlıq yaraşır.
Sən ki bu torpağın Tomris qızısan, Vətənçün alışan dan ulduzusan. Ellərə səs salan bahar, yazısan. Səninlə çağlayan çaylar yarışır, Sənə bu vətəndə varlıq yaraşır.
Nə qədər ümidlər sənə boylanır, Bu torpaq eşqinlə alışıb yanır. Adın qəlbimizdə dualardadır. Sözünün odundan dünya alışır, Sənə bu vətəndə varlıq yaraşır.
Haqqın yox bizləri sənsiz qoymağa, Sükuta qərq edib səssiz qoymağa. Dünyaya yol alan izsiz qoymağa. Kədərin qoruna qəlblər alışır, Sənə bu vətəndə varlıq yaraşır!
Əl açmışıq sənə, ulu Yaradan, Gəl bizi hifz eylə qada – bəladan. Yoxluqdan, qıtlıqdan, şər və cəfadan. Vətənə vülqarın, adın yaraşır. Sənə bu vətəndə varlıq yaraşır!
Remziye Meyyas’ın “Cüt Kahve Hatıraları” adlı şiir kitabı basımevinde, yakında gün ışığına çıkacak. Mübarek olsun. الف مبارك للشاعرة القديرة رمزية مياس لإصدارها الجديد “جوت قهوه خاطره لرى” الذي سيرى النور عن قريب إن شاء الله
Yenə metaforalar çatır köməyimə səndən şeir düzəltməyə Ayrılıq! Günahı payıza yükləsək də sözə baxmayan, ipə-sapa yatmayan yarpaqlar var, ağacdan özünü yerə atan. Elə uzaqlar var ki, elə yaxın… Elə yaxınlar var ki, elə uzaq… Elə min illik xatirələr var ki, təptəzə… Elə təptəzə xatirələr var ki, çöplüyə atılmış… Elə səslər var ki, uzaqlardan qışqıran: – “yarıyolda qoyanlar”, elə qışqırıqlar var ki, “getmə” – deyə yalvaranlar… Elə ölülər var ki, dipdiri… Elə dirilər var ki, min illik mumiya… Elə yaşanılmamışlıqlar var ki, adı ağrı… ürəyindəki adı dodaqların pıçıldayanda sinəndən qopan sancı… Elə yaşanılmışlıqlar var ki, xatırlanmayan… Biz sevə-sevə ölən, ağrıya-ağrıya unudan, eqosuna hisslərini qurban verənlərdənik… Nə gözəlmiş belə ölmək, nə gözəlmiş özünü aldatmaq, nə gözəlmiş öz yalanına “unutdum” deyib özünü inandırmaq… Xoş gəldin payız, artıq xəzana hazıram, gedək birgə tökülək torpağa, yenidən yaşıllanmaq üçün cəmi 3 aydı ayrılığın ömrü! Sağol payız, nə yaxşı ki, varsan, tökülən yarpaqların ardınca yağış olub ağlamağa…
Bu boyda dünyanın bir daxma qədər kiçilməsi sayılmaz möcüzə, göy üzü bir tavan qədər cansıxıcı və bulanıq. Adəm övladı nə zaman sığışa bildi ki, dörd divar arasına, dostum? Cavabı künclərdəki hörümçək toru qədər pilə və mücərrəd… Yerlə göy arasında açılıb-yığılan çarpayı kimidir ömür hərdənbir cırıldayır ağırlığından vird edərkən yer kürəsinin kədərini…
Ah, bu xəzan öncəsi aynanı döyəcləyən akasiya budaqları, xal-xal sarılıq çöküb yarpaqlarının şuxluğuna. Nə əl tutmaq olur otağa çökmüş durğunluqla, nə ayaqlaşmaq bayırdakı zaman axarı ilə… Adamın ayağı yerdən, əli göydən üzülü… Havası çatmır zülmətin yarızirzəmidə, Məhbəs divarları kimi cod və zəhmli bir ağırlıq, Qurğuşundur sanki, udmaq olmur buğlanan havanı təngnəfəs…
Arada bir səs gah azadlığa çıxmaq istəyir, gah itib-batır kirli pəncərənin soyuqluğunda… Ağcaqanad vızıltısı… Sükutu çəkmiş içinə divardan asılmış ucuz və saralmış nə vaxtsa yamyaşıl meşə tablosu Zaman axıb gedir öz monoton ritmi ilə köhnə taxçadakı qədimi saatın əqrəbləri tənbəlcəsinə fırlanır öz çevrəsində… Yenə o ağrı, yenə o sıxıntı… Vətən tabut-tabut qayıdır özünə, böyüyür tavanda ilişib qalan gözlərim günahgarcasına və sual dolu yaş…
Orada, çilçırağın arxasındakı sirr, sən məni eşidirsənmi… Dünya sallanır zəlzələvari, yırğalanır tavanda toz basmış çilçıraq, döşəmədə ayaqları laxlamış kətil… Ürəyim uçunur savaş xəbərlərini dinləyərkən… Yer-göy lərzəyə gəlmiş atəş səslərinə, amma mən sənə güvənirəm, sənə pıçıldayıram ürəyimdəki ağrıları… Hər şey təbiidir bu dünyada, bilirsənmi, hətta süni yaradılmış müharibələr də… Nə zaman döyüşməmiş ki, insan övladı sonu özü olacağı uğrunda?
İki savaşanın biri cığal olmalı mütləq, yoxsa niyə çıxsın ki cahan savaşları bir xışma yaraya sıxılacaq torpaq üçün? Əslində adamların döyüşmək haqqıdır müharibə, cəng nizamıdır həyatın, öz varlığının təsdiqidir bəşər övladının. Olumla ölüm arasındakı məsafə o qədər qısa ki, bir güllə məsafəsi qədər yəni… Bir göz qırpımında öldürə də bilərsən, ölə də… Haqq meydanı deyirsənsə, buyur, ya qəhrəman ol, ya fərari… Şəhid olmaq müqəddəsliyi var bir ali ucalığın əlçatmazlığında…
Pozulur sükut “İgid əsgər möhkəm dayan” oxuyur kimsə üstü bayraqlı bir 06-da…siqnal dalınca siqnal… Kimsə şeir yazır “arş irəli, marş irəli”… O qədər kiçilib ki, dünya bir kiçik otağa sığışır ağrıları, sevinci, göz yaşları… İndi müdafiə nazirliyinin xəbərləri veriləcək, ağlama, dur həyətdəki zir-zibili təmizlə, ətraf doludur artıq və yararsız lobbazlarla Bir azdan başsağlığı verməyə gələcək bir məmur qoltuğunda bayraq… Və yaylım atəşləri üzü Tanrıya tərəf… Bu oyaq sığışmadı ürəyimə, sıxılır sinəmdə bir ağrı…
Üstündən bir maşın karvanı keçəcək bir azdan, Və insan seli… Tezliklə unudulmağa göndərəcəklər bir qara haşiyəli fotoşəkli. Vətən olmaq unudulmaqdan keçir, torpaqgözlüm! Hələ ki istidir torpağın üzü, yanaqlardan axan göz yaşı doğruçu və ya yalandan, fərqi yox… Bir də təəssüf dolu dünyadan böyük o daxma…
ŞƏHİD HÜSEYNZADƏ MİRMUSA VÜQAR OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ
Şəhidlik ən ali, ən uca zirvə, ən şərəfli ölüm.. Təbiidir ki, bir ölkədə müharibə, terror aktları baş verirsə, öz qanı, canıyla vətəni qoruyan igidlər də olmalıdır. Dünyada ən şirin şey ömürdür deyirlər, bu igidlər Yaradanın onlara pay verdiyi ömürdən keçirlər vətən uğrunda, torpaq uğrunda. Kimisi üçün bu torpaq adi bir şey, belə şəxslər üçün isə vətəndir, namusdur. Məhəmməd peyğəmbər (s.ə.s) şəhidlər haqqında: “Şəhid cənnətdədir, Allah qatında xeyirli bir mərtəbədə ikən, heç bir qul bir daha dünyaya qayıtmaq istəməz. Ancaq şəhidlər bundan müstəsnadır. Çünki şəhidlər şəhid olmanın necə üstün mərtəbə olduğunu bildikləri üçün yenidən şəhid olmaq üçün can atarlar”- demişdir. Ölkəmizin qədim dövrdən bu günə qədər çəkdiyi əzabların qisasını öz qanlarıyla alan oğullar hər bir azərbaycanlı üçün fəxr, qürur yeri olmalıdır. Son dövrlərdə ölkəmizin başına gətirilən müsibətlər yenə neçə gəncin, igidin həyatına son qoydu, onları ən yüksək zirvəyə yüksəltdi.
Azərbaycanın hər bir vətəndaşı səfərbər oldu!Allahın Qüdrəti yar oldu bizə! Gözlərimizdə sevinc yaşları! Rahat olub Şəhid ruhları! Əllərdə olan Azərbaycan övladları! Vətən yalnız ona görə böyük deyil ki, onun sənət və mədəniyyətlə zəngin, insanların nəcib əməlləri ilə dolu keçmişi vardır. Vətən həm də ona görə böyük və qiymətlidir ki, onda ulu babalarımızın,şəhidlərimizin ölməz izi var. Və bu izlər hər birimizə ana südü qədər şirin, təmizdir, ana qucağı tək isti və doğmadır. Deməyək Vətən bizim üçün nə edib, deyək ki, biz Vətən üçün nə etmişik! Vətəni yaşadan da, onu ucaldan da, şərəfləndirən də, qoruyan da bizik. Vətən torpağı bizim üçün toxunulmazdır,müqəddəsdir.Bu gözəl həyatda yaşamaq, var olmaq Allahın insanlara bəxş etdiyi paydır. Ancaq əsl məharət bu həyatda yaşadığın qədər yaratmaq, xalq üçün yaxşı mənada yararlı olmaq, ömrünü xalqına həsr etməkdir. Hər bir Vətəndaşımızın mill və bəşəri dəyərlərə sahib olması, insanlığın qorunmasına verdiyi töhfələr Vətən üçün qürurvericidir. Azərbaycan məktəbi, Azərbaycan müəllimi fəxr edib, qürur duyur. Onun yetirmələri müstəqil dövlətimizin tarixi torpaqlarını düşmən tapdağından təmizlənməsinə imza atmışlar! İgid oğulların göstərdikləri rəşadətlərlə qürurlanırıq!
Yenə çoxlarını gözüyaşlı qoyan, bir gözü ağlar bir gözü gülər mövsümə qədəm qoyduq. Mərd ürəkli igidlər gözündə vətən sevgisindən uca heç nə yoxdur. Geridə qoyduqlarını Allaha, dövlətə əmanət edərək cəsur ürəklə düşmənə sipər olmağa gedən igidlərimiz cəbhəyə gedərkən yalnız bir fikir barədə düşünürdülər – düşmənə qan uddurmaq, həsrət çəkdiyimiz torpaqlarımız uğrunda döyüşmək və bu yolda şəhadət şərbətini içmək.Belə şücaətli igidlərimiz sırasında torpağı Vətən edən oğulların cərgəsində 19 sentyabr 2023-cü il tarixində Qarabağda anti-terrorn əməliyyattı zamanı Qarabağda əbədiyyətə qovuşan 20 yaşlı Hüseynzadə Mırmusa Vüqar oğluda var. Ruhun Şad olsun Şəhidim!
Hüseynzadə Mirmusa Vüqar oğlu 4 noyabr 2003-cü ildə Lənkəran rayon İstisu qəsəbəsində seyd ailəsində anadan olub. Atası Vüqar fəhlə, anası Zivər xanım evdar qadındır. 4 qardaşın ilki idi Mirmusa. 2021-cu ildə Rəsul Qurbanov adına tam orta məktəbin 11-ci sinifini bitirmişdi. Məktəb illərində hər zaman özünü intizamlı, bacarıqlı və çalışqan şagird kimi göstərmişdi. Vətənə sevgi imandan gəlir! Vətən sevdalı Mirmusa rəsm ilə məşğul olduğu üçün məktəbi bitirdikdən sonra Dövlət İmtahan Mərkəzinə imtahan verərək Odlar Yurdu Kollecində Dizayn üzrə təhsil almağa müvəffəq olmuşdu. Yaradıcı insanlar cəmiyyətdə əminamanlığın, barış və sülhün, insanlığın qorunmasına töhvə verən kəslərdir. Mirmüsanın şəkdiyi rəsmlərdə Vətənə, dövlətə,İnsanlığa sevgini əks etdirir. Vətənə xidmət vaxtı çatdığı üçün təhsilini donduraraq 13.01.2022 hərbi xidmətə yollandı. Hərbi xidmətdə olduğu müddətdə də özünü cəsur, qorxmaz və igid Azərbaycan əsgəri kimi göstərmişdi. Komandir və əsgər heyəti arasında öz hörmət və sevgisini qazanmışdı. Nümunəvi xidmətlərinə görə yuxarı komandanlıq tərəfindən dəfələrlə təşəkkürnamə və mükafatlara layiq görülmüşdü. Xidmət müddətinin tarixinin 13.07.2023 vaxtda bitməsinə baxmayaraq hərbi formaya və Vətənə olan sevgisindən irəli gələrək yenidən xidmətə Müddətdən Artıq Həqiqi Hərbi xidmət qulluqçusu olaraq davam etdirməyə üstünlük vermişdi. Bütün imtahanları uğurla başa vuraraq istəyinə nail olaraq Komando kursunu müvəffəqiyyətlə bitirərək “N” saylı hərbi hissədə Komando bölməsində xidmətə başlamışdı. Komando bölməsində kiçik komandir kimi xidmətə başladığı gündən tabeçiliyində olan şəxsi heyətin döyüş hazırlığı, bilik və bacarıqlarını artırmağa nail olmuşdu. Komando təlimlərində digər kiçik komandir heyətindən yaxşı nəticələrinə görə fərqlənmişdi.19 Sentyabr 2023-cü ildə mənfur düşmənin Xankəndi -Ağdam istiqamətində törətdiyi antiterror əməliyyatının qarşısını almaq məqsədi ilə döyüşlərə qatılmışdı.Döyüşlərdə yüksək şücaət göstərmiş və qəhrəmancasına Şəhid olaraq şəhidlik zirvəsinə yüksəlmişdi.
Tamara nənəsinin sevimlı nəvəsi Mirmusa ailəsinə bağlı övlad idi.Aldiğı ilk maaşını anazı Zivər xanıma göndərib,ana narat olma işlərim yaxşıdır,Vətənimizin mənfur düşmanlardan təmizlənməsindən sonra gələcəm.Nənəmə söz vermişəm gəlib ailə quracam yazmışdı. Mirmusanın döğmaları ADPU-nun dossenti,Pedaqoqika üzrə fəlsəfə doktoru Şahrza Ağayev,Hərbi qüvvələrin ehtiyatda olan zabiti,polkovnik leytinat Mürad Gözəlov Mirmusa haqqında:-Ailənin ilk övldı olan Mirmusa hərbiyə maraq göstərən,vətənpərvər, istedadlı ,yaradıcı bir uşaq idi.Bacarıqlı rəssam kimi “20 Yanvar milli qürur və iftixar günümüz” adlı rəsm müsabiqəsində “İstedadlı şagird “naminasiyaası mükafatına layiq görülmüşdü.Çəkdiyi şəkillərdə Vətəninə olan sevgi əks olunurdu.Hərbi xidmətini qurtarandan sonra xidmətə Müddətdən Artıq Həqiqi Hərbi xidmət qulluqçusu olaraq davam etdirməyə üstünlük vermişdi.Valideynlərin istəyinə baxmayaraq öz fəaliyyətini hərbiçi kimi davam etdirmək istədi. Validenləri, doğmaları üçün çox ağırdı!Onunla fəxr edirik.
Namərd düşmənin törətdiyi qanlı cinayətlər, insan qətliyyamları validenyləri gözü yaşlı,övladları atasızı, ailələri başsız qoydu!Təskinliyimiz İgid oğullarımızın düşmənə sarsıdıcı zərbələr vuraraq qələbə sevinci bizlərə yaşatdılar! Qisas qiyamətə qalmadı!Bu gün hər birimiz vətəndaş olaraq şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərimizə Allahdan şəfa, veteranlarımıza can sağlığı diləyirik. Şəhidlərimizin hər biri qəhrəmanlıq nümunəsidir, onlar bizə sübut etdilər ki, qəhrəmanlar təkcə nağıllarda olmur. Onların hər biri haqqında bir salnamə yazmaq mümkündür. Nə qədər ki cəsur ürəkli, düşmənə qan udduracaq igidlərimiz var, nə qədər ki Ali baş Komandanımız və “dəmir yumruq” altında birləşən xalqımız var torpaqlarımıza heç kim göz dikə bilməz. Vətəni sevən və onun yolunda canından keçmiş şəhidlərimizin ruhu qarşısında baş əyərək, onlara Allahdan rəhmət, qazilərimizə şəfa, veteranlarımıza can sağlığı diləyirik və onların hər biri ilə qürur duyuruq.Belə cəsur igidlərimiz olduqdan sonra heç bir düşmən bizə bata bilməz.Kiçik bir yeri əhatə edən Azərbaycan əslində necə böyük qüdrətə sahib olduğunu bir daha dünyaya nümayiş etdirdi!