USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
Xoşbəxtlik nə rəng olur görəsən? Yəqin ki, çoxumuz onu rəngarəng, əlvan görürük. Əslinə qalsa xoşbəxtliyin rəngi yoxdur, ancaq xəyallarımızda biz çox qəribə canlandıra bilirik onun rənglərini. Bəlkə elə ağ-qara olur xoşbəxtlik? Bilmirəm, amma çox istəyirəm özüm görüm o xoşbəxtliyi. Adım Bəyazdır. Ulu nənəmin adını qoyublar mənə. Ad çox böyük qüvvəyə malikdir. Mən bunu özümdə hiss edirəm. Deyirlər ki, həmin mənim o ulu nənəm çox qeyri-adi qadın olub. Zəmanəsindən irəli getmək istəyib həmişə. “Palaza bürünüb elilə sürün”məyi sevməyib. Mən də beləyəm. Avropada təhsil aldıqdan sonra Bakıya qayıtmışam. Buna baxmayaraq, açıq -saçıqlığı sevmirəm. Tanıdığım ailələrin uşaqlarından başqa heç kimlə əlaqəm yoxdur. Geyimim bir qədər başqalarının geyimindən seçilir. Məsələn, böyük məmnuniyyətlə kontrast rəngləri bir- birinə qatıb geyinə bilərəm. Geyimdə xüsusi bir stilim yoxdur. Ən böyük bəlam isə …. Deyiləsi deyil ki. Özüm də dərk edirəm. Amma neyləyim, mən buyam. Açım sirrimi sizə? Mən əlində mənə gül dəstəsi gətirən oğlanlara o dəqiqə “yox” deyirəm . İnanmırsınız? İnanmazsız da. Adətən qızlar gül almağı sevirlər axı. Mən isə yox. Gülləri sevirəm, amma əlində gül tutan kişiləri qəbul edə bilmirəm. Kişi də əlinə gül götürər? Bu yaxınlarda bir cavan oğlanla tanış oldum. Rəfiqəmin qardaşıdır. Vuruldum ona! Ah! İri gözlər, uca boy, nəvaziş, savad – hər şey yerində. İki gündən sonra məni kafeyə dəvət etdi. Geyinib- kecinib getdim. Nə görsəm yaxşıdır? Bir dəstə gül əlində dayanıb kafenin qarşısında. Yaxınlaşıb üzr istədim, dedim ki , təcili getməliyəm və getdim. Bax beləyəm mən. Anam deyir ki, kaş bu adı sənə qoymayaydıq . Bəyaz arvadın da belə iştəkləri var imiş.
Evə gedirəm. Bayaqdan arxamca bir oğlan gəlir. Tanımıram onu. Elə hara gedirəm ora gəlir. Budur, lap mənə yaxınlaşıb.
Salam, xanım.
Salam.
Sizi çox bəyəndim. Tamış olmaq istəyərdim.
Mən sizi tanımıram və küçədə tanışlığı qəbul etmirəm.
Mən də.
Anlamadım.
Mən də sizi tanımıram və küçədə tanışılığı qəbul etmirəm. Gəlin gedək oturaq bir yerdə bir fincan kofe içək və tanış olaq. Deyəsən bu adam mənlikdir. Tərəddüd etmədən razılaşdım.
Olar. Biz kafedə oturub xeyli söhbət etdik
Adım Bəyazdır,- deyə mən birinci tanışlıq verdim.
Siyah, – deyə o mənə əliəni uzatdı.
Nə?
Adım Siyahdır.
Bu ola bilməz axı. -Niyə?
Mən Bəyaz, siz Siyah. lap palitradır ki.
Babamın adıdır. Özüm də utanıram bu addan. Amma mənasına varmasan yaxşı səslənir.
Çox bəyəndim bu oğlanı. O qədər doğma və səmimi idi ki, eləbil yüz ildir tanıyırdım onu. Çox qorxurdum ki, bir gün mənə gül dəstəsi gətirəcək. Lakin, belə olmadı.Heç demə Siyah ömründə əlinə gül dəstəsi almayıb.
Gül alaram qadına, ancaq başqa formada. Əlimdə dəstə gül gətirməyi sevmirəm, deyirdi. Bu oğlan mənim idi!!!Anama da dedim ki, bəxtim açılıb. Adını deyəndə isə anam dedi ki, bu oğlanı Allah yetirib. Necə deyərlər qız evində toydur, oğlanın heç xəbəri yox. Siyah mənimlə görüşür, danışır, amma evlənmək təklif etmirdi. Boynuma alım ki, hərdən istəyirdim ki, o, evlilikdən söhbət açsın, ancaq…. Beləcə altı ay keçdi. Payızın ortaları idi.O gün ad günüm idi. Təbii ki, gül məsələsi aramızda danışıldığından ondan gül gözləmirdim. Amma deyim ki, alsaydı götürərdim. Nə isə… Səhər tezdən zəng edib mənə gözəl sözlər dedi. Sonra dostunun maşınını götürüb məni Mərdəkana dənizin sahilinə gəzintiyə dəvət etdi.
Sənin maşının hanı bəs?- deyə mən soruşdum.
Bu gün götürmədim.Bu maşın daha rahatdır,- dedi. Razılaşdım.
Biz maşına oturub sahilə getdik. Sahil tam sakitlik idi. Payızın ortalarında Xəzərin sahili artıq soyuq olur. O maşını saxladı və
Düş !-dedi. Mən maşından düşdüm.
Bir az da piyada gəzək. Mən Siyahın qoluna girib addımladım. Elə bir neçə addım getmişdik ki, irəlidə onun maşınını gördüm və təəccüblə:
Bu sənin maşının deyilmi?!- soruşdum
Aaaa! Bu bura necə gəlib?- deyə o da təəccübləndi. Sonra əlimdən tutub maşına tərəf qaçdı. Məni də özüylə apardı. Biz maşına yaxınlaşdıq O, arxa qapını açdı və…. Gözlərimə inanmadım! Maşının içi dolu idi güllərlə, çiçəklərlə. Onların ətri sahili bürüdü. Mən sevincimdən uçmaq isyəyirdim. Ömrümdə almadığım güllərin hamısını birdən aldım! Sevdiyim insandan! Bu başqa bir aləm idi! O mənə yaxınlaşıb qarşımda diz çökdü sonra cibindən bir qutu çıxarıb mənə uzatdı və
Bəyaz, mənə ərə gedərsənmi? – dedi. Mən sanki yuxudaydım. Belə evlilik təklifini ancaq kinolarda görmüşdüm. Söz tapa bilmirdim.
Ya mənə hə deyib üzüyü barmağına tax, ya da at dənizə! – deyə o qutudaki üzüyü mənə uzatdı. Mən üzüyü götürüb ona diqqətlə baxdım sonra var gücümlə onu dənizə …. Yox. Atmadım. Sakitcə barmağıma taxdım. Siyah əvvəl qorxdu sonra məni qucaqlayıb üzümdən öpdü və:
Xoşbəxt edəcəyəm səni. Sənə söz verirəm!- dedi. Necə dedi elə də etdi. Sadə, gözəl, sevincli, kədərli Bəyazlı və Siyahlı xoşbəxt bir ailə yarada bilib yaşadıq.
İldırım Əkbəroğlu – Füzuli (Məmmədov İldırım Əkbər oğlu) 13 sentyab 1950-də anadan olub. Beyləqan rayonu Kəbirli kənd orta məktəbini bitirdikdən sonra hərbi xidmət keçib. Bu ərəfələrdə artıq şeriləri rayonun çoxtirajlı qəzetində müntəzəm şəkildə çap olunması səbəbi ilə bölgədə hamı onu şair kimi tanıyırdı. 1974-cü ildə Xalq Təsərrüfatı İnstitutuna, indiki Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olunur və 1979-cu ildə təhsilini başa vurur. Bu müddətdə radioda, televiziyada şeriləri səslənir, 1978-ci ildə B.Vahabzadə və İ.Şıxlının redaktorları olduğu “Çinar pöhrələri” toplusunda şeriləri geniş oxucu kütləsinə təqdim olunur. Dost – tanış və eyni zamanda yazıları ilə tanış olan hər kəs onu bir şair kimi qəbul edir, gələcəyini bu istiqamətdə təsəvvür edirdi. Müntəzəm olaraq şerləri qəzetlərdə çap olunurdu. Təhsili başa vurub Rayonda işə başlamaqla sanki, yaradıcılıq arxa plana keçir… RTTB –ndə 1998–ci ilə kimi baş mühasibin müavini, 2015-ci ilin sonuna kimi İH-nin Kəbirli kənd ərazi nümayəndəliyində baş məsləhətçi kimi fəaliyyət göstərir. Təqaüdə çıxdıqdan sonra sirli söz aləmi yenidən onu öz sehrinə salır.. Şerləri dəfələrlə almanaxlarda, qəzetlərdə çap olunur. İldırm Əkbəroğlu 22 yanvar 2019 – cu ildə MYK -ın ömürlük fəxri sədri seçilmişdir. İldırım Əkbəroğlu 22 dekabr 2019 -cu ildə vəfat emiş və Beyləqan rayonu, Kəbirli kəndində dəfn olunmuşdur.
KİTABLARI:
İldırım Əkbəroğlunun bu günə qədər iki kitabı nəşr olunub. “İldırım Əkbəroğlu” adlı ilk kitabı sağlığında, demək olar ki, ömrünün son günlərində (2019), “70” adlı ikinci kitabı isə ölümündən sonra (2020) nəşr olunmuşdur. Son olaraq “Yazarlar” jurnalının tərtib etdiyi “Ana şeirləri” almanaxında yer alıb.
QEYD:
“Bayram Bayramov – 100” layihəsi çərçivəsində İldırım Əkbəroğlu 2019 -2020 ci il üçün “İLİN YAZARI” seçilib və “Bayram Bayramov ” diplomu ilə təltif olunub (ölümündən sonra). 2020 – 21 ci il üçün “Ustac” Milli Mükafatına layiq görülüb(ölümündən sonra). Allah rəhmət eləsin. Ruhu şad olsun. Amin.
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
Son günlərdə Azərbaycanın böyük oğullarından biri olan, əslən dilbər guşələrimizdən sayılan Qarabağdan olan Bakılımız, dahi mütəfəkkir, Ölkə Başçısının müvafiq Sərəncamları ilə Xalq Yazıçısı adına layiq görülmüş, Şöhrət və Şərəf ordenləri ilə təltif edilmiş, həmçinin Rusiya Federasiyasının və Belarus Respublikasının orden və medallarını almış, 44 günlük şərəfli Vətən müharibəsinin ilk günlərindən başlayaraq ORT, Rossiya-1 və s. televiziya kanallarında Azərbaycanın haqq səsinin Rusiya və MDB auditoriyasına çatdırılmasında müəyyən rol oynayan, hüquq elmləri doktoru Chingiz Abdullaev Çingiz Abdullayev haqqında bəzi müxalif fikirli adamlar və trollar tərəfindən “facebook” sosial şəbəkəsində (əslində şər yuvasında), həmçinin metro çıxışlarında öz həcvlərini satmağa çalışan “spekulyant”lar tərəfindən xoşagəlməz fikirlər yazılmaqdadır. Ümumiyyətlə həmin adamlar ölkədə baş verən müsbət dəyişiklikləri, inkişafı, aparılan quruculuq və s. işləri məqsədyönlü şəkildə görmək istəməyən adamlardı. Məlumat üçün qeyd edim ki, Çingiz Abdullayevin çox saylı əsərləri, o cümlədən romanları, povestləri, ssenariləri dünyanın bir çox ölkələrinin dillərinə tərcümə edilmiş və böyük tirajlarla çap edilmiş, kinolar çəkilmişdir. Belə ölkələrin siyahısında İsveçin, Rumıniyanın, Estoniyanın, Fransanın, Latviyanın, Serbiyanın, Bosniya və Hersoqovinanın, Polşanın, Ukraynanın, Albaniyanın, Belarus Respublikasının, Bolqarıstanın, Macarıstanın, Almaniyanın, Argentinanın, İspaniyanın, Türkiyənin, Gürcüstanın, Suriyanın, İordaniyanın, Özbəkistanın, Çinin, Rusiyanın və s. ölkələrin adlarını çəkmək olar. Əminəm ki, yuxarıda qeyd etdiyim adamların mütləq əksəriyyəti bu ölkələrin heç xəritədə yerini tapa bilmir və nəinki roman hətta öz tərcümeyi-halını yazmaq iqtidarında belə deyil.
Xalq yazıçısı Çingiz Abdullayev “Gülüstan” sarayında keçirilən “Azərbaycan Dili və Ədəbiyyatı Forumu” nda çıxış edərək çox vacib mövzuya toxundu. Yazıçıların, şairlərin kitablarının öz hesablarına çap edilməsinin narahatlığından danışdı. Yəni, şair həm şeir yazsın, həm yazdıqlarına redaktor, korrektor axtarsın, sonra da maliyyə sorağına çıxıb kitabını çap etdirsin. Çap edəndən sonra da onun satışını təşkil etsin. Bu, nə qədər çətin, nə qədər ağır məsələdir. Şairin, yazıçının işi əsər yazmaqdır, kitabı aidiyyatı qurum hazırlamalı, nəşr etməli, yaymalıdır. Çingiz müəllimin toxunduğu hədəflər hamımızın yaralı yerimizdir. Əvvəllər şairlərin kitabları dövlət hesabına çap olunurdu, satışı təşkil edilirdi. Hətta yazara yüksək məbləğdə qonarar da verilirdi. Bu da ona stimul verir, daha da yazıb yaratmağa həvəsləndirirdi. Çingiz müəllim təklif etdi ki, bu məsələ həllini tapmalıdır.
Çingiz Abdullayev sözü bir az kəsə deyir, ancaq kəsərli deyir. Onun danışığı da dil bilgisi də hesab edirəm ki, normaldır. Ancaq ola bilsin bir qədər ləhcədə, el dilində danışır deyə bəzilərimiz onun dilimizi bilmədiyini zənn edirik. Çingiz Abdullayevin nitqində bircə kəlmə rus sözü, yad termin eşitmədim dünənki çıxışında.
Deyilənə görə böyük filosof İbn Sina vaxt məhdudluğu ucbatından, tutduğu vəzifə ucbatından əsərlərinin çoxunu at belində, səfərlərdə, narahat yerlərdə yazarmış. Onun yazdığı və qrammatik qaydalara, dil üsullarına diqqət etmədiyi bir kitabı başqa bir alimin əlinə keçir, İbn Sinaya sərt bir tənqid yazır. Yazır ki, bu necə alimdir, necə filosofdur ki, dilin qaydalarını bilmir, ancaq böyük mövzulardan danışır… İbn Sinaya bu məlumat çatanda götürüb nitq mədəniyyəti, yazı üsulları, qrammatika, danışıq etikası, ədəbi dil normaları, elmi dil qaydaları haqqında elə bir əsər yazır ki, onu tənqid edən şəxs peşman olub üzr istəyir.
Yəni, gözəl danışmaq, bəlağət, fəsahət müsbət keyfiyyət sayılsa da əsas olan nə danışmağındır. Yaxud nöqsanlı nitq adamın savadsızlığını, dili bilmədiyini göstərmir. Boş, cəfəng söz yığınını muncuq kimi düzüb mənasız danışmaqdansa Çingiz Abdullayev kimi çətin, ancaq mənalı, içi dolu danışmaq daha qiymətli, daha lazımlıdır.
İlk dəfə hekayələri mətbuatda çap olunanda sovet dönəmi idi. Moskvada deyirdilər ki, “Çingiz Abdullayev kimdir ki, siyasi detektiv yazıb? Ona deyin ki, gedib qoyunları ilə məşğul olsun, bazarda göyərti satsın”. 1988-ci ildə “Mavi mələklər” adlı ilk kitabı işıq üzü görəndə isə, onu Mərkəzi Komitəyə çağırıb banditdən, milisdən yazmasını, amma siyasi detektiv qələmə almamasını tövsiyə ediblər. Bu işin sovet yazıçısının çörəyi olmadığını bildiriblər…
Deyir ki,- “Onlar düşünürdülər ki, azərbaycanlının belə ağlı olmaz, siyasi detektivi ancaq yəhudi yaza bilər. Dedim, yazacağam. Onda mənə dedilər, çalış onlardan yaxşı yaza bildiyini sübut edəsən. Görünür, sübut etmişəm ki, Rusiyanın hər bir şəhərində, hər bir kitab mağazasında mənim kitablarımdan ibarət ayrıca rəf var. Buna sevinmək lazımdır. Fəxrlə deyirəm: kitablarım xeyli dildə nəşr olunub. Təzəlikcə bilmişəm ki, mənim kitablarımı erməni dilinə qanunsuz tərcümə edib Xankəndi və İrəvanda da oxuyurlar. Ermənilər Azərbaycan yazıçısını oxuyur, azərbaycanlılar isə deyir, iki xalq yazıçısının kitablarını yandıraq. Azərbaycanda cəmi 4 xalq yazıçısı qalıb. Onların da kitablarını yandırsaq, nə olar?”
Rusdilli ailədə böyüyüb boya çatıb. Ata tərəfdən ulu babası hələ 1890-cı illərdə Bakıda vəkil köməkçisi olub. Atası Abdullayev Akif Abdulla oğlu isə İkinci Dünya Müharibəsinin iştirakçısı olub. Müharibədən sonra Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsində çalışıb. Daha sonra Bakı şəhərində prokuror müavini, Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri vəzifələrində işləyib…
Bu gün yazıçıya azərbaycan dilində sərbəst danışmamasını irad tutanlar unudurlar ki, həqiqətin məxsus olduğu dil yoxdur- hansı dildə desən də, həqiqət elə həqiqətdir…
“İlk romanım olan “Mavi mələklər”i xaricdə yazmışam. Əllə yazmışdım. 23 yaşımda yazmağa başladım, 25 yaşımda bitirdim. Nəşriyyat dedi, bunu qəti çap edə bilmərik. Soruşdum niyə, dedilər, Dövlət Təhlükəsizlik Komitəsi icazə vermir. Neçə ildən sonra o vaxt indi nazir olan Nazim İbrahimov dedi ki, mən kömək edəcəyəm. Azər Mustafazadə Mərkəzi Komitədə şöbə müdiri idi. Onlar birləşib nə etdilər bilmirəm, amma 28 yaşım olanda icazə aldılar. Nəhayət kitab 30 min nüsxə ilə çıxdı və bir həftəyə satıldı. Çox böyük qonorar aldım. 29 yaşımda zəng vurdular ki, istəyirik, kitabı təkrar nəşr edək. 100 min tirajla çap olundu. İkinci nəşrin qonorarını alanda fikirləşirdim, bu pula ömür boyu yaşaya bilərəm. Mavi mələklər bir müddət sonra Krasnodarda 500 min tirajla üçüncü dəfə nəşr olundu.”- söyləyir.
Haqqında söhbət açdığım Çingiz Abdullayev 1959-cu ildə Bakı şəhərində dünyaya gəlib. 1976-cı ildə 189 nömrəli məktəbin rus dili bölməsində orta təhsili bitirərək, Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunub. 1981-ci ildə orada ali təhsilini rus dilində başa vuraraq, hüquqşünas ixtisasına yiyələnib. 1981-ci ildə əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi kimi başlayıb. Bir müddət sonra Bakı şəhəri Əzizbəyov rayonu icraiyyə komitəsində şöbə müdiri, Kominist Partiyasının Qaradağ rayonu komitəsində təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışıb. 1989-cu ilin fevralında Azərbaycan Yazıçılar İttifaqının katibi seçilib. 1988-ci ildə “Beynəlxalq təcavüz problemləri” mövzusunda rus dilində dissertasiya müdafiə edərək hüquq elmləri namizədi alimlik dərəcəsi alıb. 1991-ci ildə yenidən rus dilində “Beynəlxalq cinayət problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib və hüquq elmləri doktoru elmi dərəcəsinə yiyələnib. Xidmətlərinə görə bir sıra orden və fəxri adlara layiq görülüb…
Deyir ki,- “Pul həmişə insanlar üçün önəmli olub. Çox vaxt düşünürlər ki, pulun olanda hər şey yaxşı olacaq. Məsələn, qızın yaxşı ərə gedəcək, oğlun yaxşı evlənəcək, yaxşı vəzifə ala bilərsən, yaxşı maşının, evin olacaq və s.. Pul xoşbəxtlik üçün etalon deyil. Mənə bir nəfər dedi, siz cavanları aldadırsınız, pul hər şeydən üstündür. Dedim, onda qızının gözlərini sığorta etdir, nə isə olsa, yaxşı pul alarsan. Adam övladının gözünü neçəyə ala bilər? Adamın atası-anası yanındadır, uşaqlar sağlamdır, bundan yaxşı nə var? Amma başqa bir həqiqət də var ki, bəli, pul olmayanda yaşamaq çətindir. Çox pul olanda adam onu yox, o səni idarə edir. İkincisi də, baxır pulu necə qazanırsan. Həkim gözləyirsə ki, rüşvət verməsələr, əməliyyata girməyəcəyəm, bu, haram qazanılan puldur. Mən bir dəfə demişdim, rüşvət almaq fahişəlikdir. Əgər öz vicdanını satırsansa, sənə nə demək olar? Bədənini də yox, vicdanını satırsan. Bu dəhşətdir. Axı sənin uşaqların da bilir ki, sən harada oğurluq edib, yalan danışırsan.”
Onu sevməyən insanlar da var. Doğrudur, bunun səbəbini müxtəlif arqumentlərlə izah etməyə çalışırlar, amma unudurlar ki, insanın mahiyyəti dilində yox, əməllərindədir. Prokuror ailəsində böyüyən çox harın adamları görmüşük. Adamı tapdalayıb keçməyə də hazırdırlar, lakin Çingiz Abdullayev öz əməyi, istedadı, bacarığı, intellekti ilə tanınan, məşhurlaşan prokuror balalarındandır. Onun hansı dildə danışması, fikirlərini ana dilində hansı tərzdə ifadə etməsi elə də önəmli deyil. Əsas odur ki, başdan ayağadək azərbaycanlıdır…
“Son 20-25 ildə Azərbaycanda qonorar almırdım. Alanda da Qarabağ cəmiyyətlərinə və uşaq evlərinə bağışlayırdım. Bunu bilənlər var. Yalnız xaricdən qonorar alırdım. Təəssüf ki, Rusiyada da kitablara görə vergi çoxdur. Əgər öz yazıçılarından 10 faiz alırlarsa, xarici müəlliflərdən 38 faiz vergi tuturlar. Mən Azərbaycanda qonorarı son vaxtlar alıram. Bu proses “Qanun” nəşriyyatından başladı. İndi də “TEAS Press” Nəşriyyatı mənim kitablarımı çap edir, mənə qonorar verir. Çıxan və çıxacaq kitablarımın qonorarlarını almışam. Hazırda İngiltərə və Türkiyədə də müqavilələr imzalanıb. Çünki “TEAS Press” hər iki ölkədə mənim kitablarımı nəşr edəcək. Bir dəfə filmim çəkiləndə mənə 50 min dollar qonorar yazmışdılar. Nazir Polad Bülbüloğlu zəng vurdu ki, Çingiz müəllim, gəlin, dəhşətli bir şey olub. Getdim, dedilər, 35 faiz vergi verməlisən. Məndən 17,5 min dollar vergi aldılar. Sonra Vergilər Nazirliyindən, televiziyadan zəng vurdular ki, siz yaradıcı insanlar arasında ən çox vergi verən nümunəvi adamsınız, sizi çəkmək istəyirik. Bəlkə mən də o pulu verməzdim, amma nə etmək olar, hesabdan çıxarılır. O vaxt “ANS” gəldi çəkməyə, dedim, kül mənim başıma ki, ən çox vergini mən ödəmişəm. Bu “julik” məmurların heç biri vergi vermir, yazıçının qonorarından alırlar. İndi Azərbaycanda kitablar 500 nüsxə ilə çıxır. İkincisi də açıq danışaq, yaradıcı insan təvazökar ola bilməz. Bizim çox az yazıçılarımızın kitabları xaricdə çap olunur. Azərbaycanda çıxan kitablardan da böyük qonorar ala bilməzlər. Çox sağ olsun “TEAS Press” ki, mənim kitablarımı çıxarır, yaxşı qonorar verir. Azərbaycanda iki-üç yazıçı qonorar alır. Məsələn, bilirəm ki, Elçin Hüseynbəyliyə verirdilər. Azərbaycan yazıçılarının qonorar ala bilməməsi o demək deyil ki, onlar istedadsızdırlar. Xeyir! Türkiyədə 4-5 yazıçı yaxşı qonorar alır. Rusiyada isə 12-13 belə müəllif var. Azərbaycandan təkcə mənəm. Bu faciədir, amma həqiqətdir.”
Bəli, ədəbiyyat sahəsində dünyada yeganə azərbaycanlı olan bu adam həm də qürur yerimizdir. Onu usandırmaq, yalan şaiyələrlə insanların gözündən salmaq nadanlıqdır…
Deyir ki,- “Yəqin fikirləşirlər ki, Çingiz niyə bu qədər kitab yazır. Haqqımda bəzən yalan şeylər yazırlar. Mənim nə mağazam, nə kafem, nə restoranım və şadlıq evim var. İndi kimin bir az pulu var, şadlıq evi açır. Mən pis biznesmenəm. Bütün qazancım kitablardan və kinolardandır. Bəzən mənim açıq danışmağımı qəbul etmirlər. Deyirlər, qorxmursan, heç kimdən asılı deyilsən, ona görə danışırsan. Mən Yazıçılar Birliyindən aldığım maaşı paylayıram. Oxucu kitab oxuyanda onun müəllifinə inanmalıdır. 29 milyon insan kitablarımı alıb oxuyub. Əgər onlar bilsə ki, mən yaltaqlanıram, kiminsə xoşuna gəlmək istəyirəm, onlar məni oxumayacaqlar.”
Doğrudur, hər bir insan öz ana dilində gözəl danışmağı bacarmalıdır. Bəli, Çingiz Abdullayev öz ana dilində hamı kimi danışa bilməsə də, fəqət o, danışanda hamı onu başa düşür. O qədər gözəl, pafoslu danışanları görmüşük ki, mahiyyəti Çingiz Abdullayevin kölgəsində qalır…
“Bir neçə il əvvəl də söhbətlər olmuşdu ki, guya Azərbaycanı tərk etmək istəyirəm. Bunu indi də qəsdən yazırlar. Mən yenə də deyirəm, yadda saxlasınlar: Heç yerə getmirəm, Azərbaycanda yaşayacam.”
Son illər əsərləri həm ölkəmizdə, həm də dünya ölkələrində maraqla oxunan və təqdir edilən qələm sahiblərindən biri də bildiyimiz kimi, Xalq yazıçısı Çingiz Abdullayevdir. Çingiz Abdullayev əsasən detektiv romanlar müəllifidir və oxucular tərəfindən sevilir. Onun Azərbaycan ədəbiyyatına verdiyi dəyərli töhfələr bugünkü və gələcək nəsillərin ədəbi baxışlarını parlaq şəkildə cilalayır. Açığı, onun bədii qənaətləri çoxumuzda xoş təəssürat oyadır. Xalq yazıçısının yaradıcılığında səmimiyyət başlıca yer tutur. O, özü də çox səmimidir. Əlbəttə, bu yazıda Çingiz Abdullayevin romanları barədə fikir demək niyyətimiz yoxdur. Məqsədimiz Azərbaycanı dünyada tanıdan bir qələm sahibi barədə deyilən hədyan, iftira sözlərə münasibət bildirməkdir. Çingiz Abdullayevin Azərbaycan dilində yaxşı danışa bilməməsi böyük qəbahət deyil. Xalq yazıçısına bu iradı tutanlar bəs nə üçün onun ədəbiyyatımıza verdiyi ədəbi töhfələri əsas götürmürlər? Məgər onlar bilmirlər ki, hazırkı dövrdə Azərbaycan ədəbiyyatını dünyada Çingiz Abdullayev kimi bir-iki qələm sahibi təmsil edir? Əslində, Çingiz Abdullayevə qarşı hazırlanmış qara piyarın mahiyyətində zənnimcə, başqa nüanslar var. Fizianomiyasında bir həya, səsində daxili həyəcan, yeyin titrəyişlər olan Çingiz Abdullayev görəsən kimlərin yerini dar edir? Necə olur ki, son dərəcə həlim və sadə olan bu görkəmli yazıçıya dünya oxucusu hüsn-rəğbət bəsləyir, özümüzünkülər onu az qala təhqir edirlər? O şəxslər ki, Çingiz Abdullayevə qənim kəsiliblər, onlar hörmətli yazıçımızda olan vətəndaşlıq hissindən xəbərdardırlar? Əslinə qalsa, heç kim ideal deyil. Gəlin,bir az məntiqli düşünək; aramızda yetişən, dünya arenasına çıxan və ölkəmizə maraq artıran qələm sahibləri artıq alçatmazdırlar və onlara daş atmaq böyüyə daş atmaqdır. Böyüyə isə daş atmazlar.
Sona Abbasəliqızı Türkiyə:-“Kaya haber”ajansı Azərbaycan təmsilcisi
Yazıçı Çingiz Abdullayev ziyalıdır, tanınmış yazıçıdır, mədəni insan və əxlaq sahibidir. Çingiz müəllimin ölkəmiz qarşısında da xidmətləri böyükdür. 44 günlük müharibə zamanı Azərbaycan həqiqətlərini Rusiya kanallarından yayımlayan şəxs idi. Bizim nə qədər Rusiya televiziyasının dəvət edib efir verəcəyi ziyalımız var? Ziyalımız çoxdur, amma Rusiya televiziyasının qəbul edib efir verəcəyi say cüzidir.
Çingiz müəllimi məntiqlə və əxlaq çərçivəsində tənqid etmək olar, hansısa fikirlərilə barışmamaq da olar, amma alçaltmaq, aşağılamaq olmaz. Çünki, Çingiz müəllimi əxlaqdan kənar və aşırı şəkildə cahilcəsinə aşağılayanların əksəriyyəti cahillik kursundan yüksək qiymət alar.
Cahilliyin baş qaldırmasında, ayaq açmasında, təhqirin və söyüşün çiçəklənməsində ziyalıların, oxumuşların və cahillik fikirləri ilə barışmayanların da çox ciddi günahları var. Çünki, cahillər ağız-ağıza, əl-ələ, səs-səsə verib çoxluq yarada bilir, amma, cahilliklə barışmayanlar və ürəklərində onlarla razılaşmayan yüz minlər isə səsini çıxarmır. Sosial şəbəkələrdəki nəticə isə sanki, bütün cəmiyyətin cahillərlə razılşadığını göstərir. Real nəticə isə bu deyil.
Real nəticəni görmək və cahillərin səsini batırmaq istəyiriksə heç kim susmasın, kütləvi şəkildə müdafiə statusları yazsın və paylaşsın. Status yazmaqda, fikirlərini bölüşməkdə çətinlik çəkənlər şərh yazsın, paylaşsın və məqbul bildiyi digər hərəkətlərlə varlığını və cahillərlə barışmadığını göstərsin.
Başqa vasitələr da varmı? Varsa, fikrilərinizi bölüşün. Bəziləri deyə bilər ki, təhqir yazanları polis cəzalandırsın, sosial şəbəkələri mədudlaşdıraq və s. Xeyr, bu çıxış yolu deyil. Sosial şəbəkəni polislə idarə etmək mümkün deyil, məhdudlaşdırmaq da həmçinin. Əksinə, sosial şəbəkələrin həyatımızdakı rolu daha da artacaq. Onun üçün də cahillik, söyüş və təhqirlərlə mübarizə elə sosial şəbəkənin özü vasitəsilə olmalıdır.