DEMƏ SƏMƏD VURĞUN GƏlDİ GEDƏRDİ

Əvvəli burada:  DEMƏ SƏMƏD VURĞUN GƏlDİ GEDƏRDİ

DEMƏ SƏMƏD VURĞUN GƏlDİ GEDƏRDİ
IX yazı

Turan Cavid çiləli,fəqət qürurlu-örnək həyatını bütünlüklə atasına həsr edib.1937-ci ildən bəraətə qədər (19 mart 1956) atasına görə düçar olduğu bütün əzab- əziyyətlərə mərdliklə sinə gərib, atasının şərəfli adını daima uca tutub.Hüseyn Cavidin qızı olmaqdan daima qürur duyub.Bəraətdən sonra atasının hardasa pərən-pərən düşmüş əsərlərini,əlyazmalarını toplayaraq ( məlumdur ki,Cavidin nəşr edilməyən neçə pyesini,əlyazmalarını -kiçik bir hissəsi istisna olmaqla- Dövlət Təhlükəsiz Komitəsinin əməkdaşları dəlil kimi müsadirə etmişdilər və həmin əlyazma və əsərlər bu günə qədər də tapılmayıb) toplayaraq Cavid mətnlərini olduğu kimi nəşr etdirib.1937- ci ilin təlatümləri Turan xanımın həyatını da viran qoyub -heç vaxt ailə həyatı qurmayıb ( Turan xanımın vəfatından sonra Cavidin ailə şəcərəsinin varlığına da son qoyulub). Turan xanım 1943-cü ildə,hələ 24 yaşı tamam olmamış gənc,fəqət qeyri -adi istedadı olan yeganə qardaşını -Ərtoğrulu itirib.Ərtoğrul 1942-ci ilin 28 fevralında,II Cahan savaşının ən qızğın çağında əsgərliyə çağrılıb,fəqət xalq düşməninin oğlu olduğu üçün cəbhəyə deyil, fəhlə batolyonuna ( əslində cəza batolyonuna) göndərilmişdi.Ömründə ağır iş görməyən ( o bəstəkar,rəssam,şair,tədqiqatçı idi) Ərtoğrul batalyondakı ağır işdən,soyuqdan,qudasızlıqdan vərəm xəstəliyinə tutulur.Ərtoğrolun yeganə kitabını ” Yazıları,rəsmləri,bəstələri,məktubları…” -kitabını qardaşım Azər 2005-ci ildə çap etdirdi. Həmin günləri yaxşı xatırlayıram; Azər, Ərtoğruldan nə qalıbsa,onları bir-bir kompüterin yaddaşına köçürdü və nəticədə vş 500 səhifəlik çox qiymətli bir kitab ərsəyə gəldi.O kitabı həyəcansız,göz yaşısız,istedadlı,gənc bir ömrün yarıda qırılmasına üzülmədən oxumaq olmur.Xüsusən evlərinə,anasına və bacısına yazdığı məktublarını…Ərtoğrulun məktubları ağrıdır,əzabdır,iztirabdlr… Sovet sisteminin,Stalin hakimiyyətinin qəddarlığı haqqında ən tutarlı ittiham sənədidir bu məktublar.Ərtoğrul anasına məktublar yazır, vərəmin zəhərli caynaqlarından xilas olmaq üçün müxtəlif qidalar,dərmanlar istəyir.Xalq düşməninin ailəsi olduğu üçün evləri, evlərindəki əşyaları əllərindən alınan, şəraitsiz, kiçık bir daxmada yaşayan,paltar tikməklə özünü və qızını güclə dolandıran Mişkinaz xanım oğluna görə nişan üzüyünü,paltarlarını satır… Ərtoğrulun bəzi istəklərini yerinə yetirə bilsə də,sonralar xəstə oğlunun istəklərinə əməl edə bilmir…Ərtoğruldan- xalq düşmənin oğlundan nəinki tanıdığı adamlar,hətta qohunları da üz döndərir.Mişkinaz xanım- dünyanın ən bədbəxt qadını,ən bicarə anası Cavid haqqında yazdığı xatirələrində, min bir əzab-əziyyətdən sonra ( icazəni belə güclə alır) Ərtoğrulla görüşmək üçün Gürcüstana- hərbi qospitala getməyindən yazır.Əldən düşmüş xəstə oğlu ilə görüş səhnəsini Mişkinaz xanım necə yazıb,ilahi? Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanında,Nayman ananın onu tanımayan Manqurt oğluna ağı dediyi səhnə var.Çingiz Aytmatov qələmindən həmin hissəni oxuyanda bədbəxt ananın fəryadından adamın qəlbi param- parça olur…Mişkinaz xanım qospitalda xəstə və taqətsiz oğlu ilə görüş səhnəsini,Nayman ananın Manqurt oğlu ilə görüş səhnəsindən də təsirli yazıb.Nəinki Azərbaycan ədəbiyyatında, hətta dünya ədəbiyyatında belə o cür ürəyə dağ çəkən səhnəyə rast gəlməmişəm.Yazdıqca,əsas mövzudan uzaqlaşmağımın fərqindəyəm.Amma bu silsilə yazıda söhbət həm də,”Səadət düşmənlərinə” şeirinin müəllifindən gedirsə, bunlar da hökmən yazılmalıdır…Azər Ərtoğrula həsr etdiyi məqalənin adını Ərtoğrulun yaşadıqlarına rəğmən “Ərtoğrul Cavid-ölümə tərk edilən” – qoyub.Ən dəqiq sərlövhə seçib Azər.Haqsızlıqdan,biğanəlikdən,xəstəlikdən,həyatdan,ömürdən yorulub – ölümə tərk edilmiş Ərtoğrul.Ərtoğrul anasına yazdığı sonuncu məktubların birində ( ölümünə günlər qalanda) doğmalarının belə ona daş kəsilməsindən bezərək,yorularaq: “Məndən heç kəsə salam söyləməyin” yazıb.Etinasızlıqdan, baxımsızlıqdan,qidasızlıqdan…24 yaşı belə tamam olmadan dünyasını dəyişən qardaş dağı görmüşdü Turan xanım.Totalitar sistem təkcə atasının,anasının ,qardaşı Ərtoğrulun yox,yuxarıda yazdığım kimi Turan xanımın öz həyatını da məhv etmişdi.Bəraətə qədər nə müsibətlər çəkmişdi Turan xanım. “Səadət düşmənlərinə” şeirində Cavidə “şarlatan”, “murdar”, “sini yalayan”…deyən Səməd Vurğuna Turan Cavid necə rəğbət bəsləyə bilərdi axı? Atasının ( həm də böyük bir dramaturqun) sənətini məsxərəyə qoyan bir sairin-Səməd Vurğunun qızı ilə Turan xanım kimi əyilməz,mərd bir əfəndi xanım necə dostluq edə bilərdi? Yenə deyirəm,mən Turan xanımı tanıyırdım və belə bir yaşam tərzi Turan xanıma tamamilə yad olan yaşam tərzi tərzi idi.Belə isə bəs Turan xanım niyə “Səadət düşmənlərinə” şeirinin müəllifinə güzəştə gedirdi? Həmişə,xüsusilə Turan xanımı şəxsən tanıyandan sonra mənə elə gəlirdi ki,burada nə isə bir sirr olub…
2023-cü ildə tarixçi Cəmil Həsənlinin Rusiya arxivlərindən tapdığı çox qiymətli bir sənəd zənnimcə,çox gizlinlərlə birlikdə bu sirrin də üstünə yetərincə işıq saldı.Sovet totolitar sisteminin diqtəsi ilə yazılmış tarıxımızın təməli,tapılan bu sənəd vasitəsi ilə ciddi şəkildə zədələndi.Hələ də o sistemin həsrətini çəkən,o sistemin düşmənlərinə günümüzdə də düşmən kəsilən yerli manqurtlara Rusiya arxivindən tapılan o sənəd vasitəsi ilə ürəkdən tikan çıxaran bir zərbə vurulmuş oldu.Mən böyük məmnuniyyətlə Cəmil Həsənlinin o sənəd haqqında yazdığı və 23 fevral 2023 ve ildə özünün feysbuk səhifəsində paylaşdığı həmin məqalədən bəzi hissələri,bu yazımı oxuyunların diqqətinə təqdim edirəm:

“MİR CƏFƏR BAĞIROVUN İZAHATINDA SƏMƏD VURĞUN VƏ CAVİD HAQQINDA NƏ YAZILMIŞDI.
Bu sənədləri tarixçilər, xüsusi ilə gənc tarixçilər üçün paylaşıram.Son vaxtlar Rusiya Arxivlərində araşdırma aparmaq kifayət qədər çətinləşib.28 səhifədən ( 25 səhifə əsas və 3 səhifə əlavə) ibarət olan “Mir Cəfər Bağırovun Sovet İttifaqı Kommunist partiyası yanında Partiya Nəzarəti Komitəsinə izahatı” 1954-cü ilin əvvəllərində yazılmışdı.Orada Azərbaycan tarixinin 1917- 1954- ve illərinə aid çox maraqlı izahatlar var.
Niyə bu izahatı yazmalı olmuşdu Bağırov? Lavrenti Beriyanın həbsindən sonra 1953- cü ilin iyul ayının 12- 13- də keçirilən Azərbaycan KP.MK- nın plenumunda Bağırov da kəskin tənqid edildi…
… İyulun 7- də,onu Sov.İKP. MK üzvlüyündən azad etdilər.İyulun 20- də isə Azərbaycan KP.MK Bürosunun üzvlüyündən, avqustun 17- də isə Nazirlər Sovetinin sədri vəzifəsinən çıxardılar.Həmin ilin oktyabr ayında Bağırovu “Kuybuşevneft” birliyi rəisinin müavini təyin etdilər.Elə həmin ayın sonunda Bağırovu Beriyanın işi ilə bağlı istintaqa cəlb etdilər
1953-cü ilin dekabr 29-30 Azərbaycan KP.MK plenumunda ona qarşı kəskin çıxışlar oldu.Çıxışlarda irəli sürülən ittihamlar Sov.İKP MK Partiya Nəzarəti Komitəsi tərəfindən ona göndərildi və tələb edildi ki,plenumda səslənən ittihamlara cavab versin.1954-çü ilin martında yazılan bu 28 səhifəlik izahat həmin ittihamlara Bağırovun cavabıdır.
…son illərin müzakirələrində Səməd Vurğunun Hüseyn Cavidin üzünə durmasından çox yazırlar.Amma Bağırovun izahatının 53- cü səhifələrində bununla bağlı tamamilə fərqli mülahizə vardır.
Bağırov yazır: ” 1935-39 cü illərdə xalq düşmənlərinin kütləvi ifşa edilməsi dövründə Səməd Vurğunun əleyhinə çoxlu ifadələr var idi.Əsərlərində böyük səhvlərin və nöqsanların olmasına baxmayaraq, istedadlı şair olduğuna görə yoldaş Stalinin sanksiyası onu cəza orqanlarının həbsindən xilas etdi.Bundan sonra bir neçə il keçdi və Səməd Vurğun belə bir xahişlə mənə müraciət etdi.: Hüseyn Cavid və Abbas Mirzə Şərifzadənin həbsdən azad edib geri dönmələrinin bir yolunu tapmaq olmazmı?.. Yeri gəlmişkən, Hüseyn Cavid və Abbas Mirzə Şərifzadə Müsavat partiyasının liderlərindən idilər.Bununla bağlı biz Səməd Vurğunu möhkəm tənqid etdik və xəbərdarlıq etdik ki, əgər biz onu keçmiş müəllimindən ayırmışıqsa,bu o demək deyil ki, o, bundan sui-istifadə etməlidir.Onun İçtimai nüfuzunu gözardı etmədən biz onu Ali Sovetin deputatlığına irəli sürmüşük, partiya təşkilatlarına yaxın saxlamaq üçün Azərbaycan KP.MK- nin üzvlüyünə namizəd etmişik.Millətçilik ruhu qoxuyan şeirlərindəki ciddi səhvlərə və yanlışlıqlara görə mən şəxsən onu tez-tez tənqid etmişəm.O,necə vardısa,qatı millətçi kimi elə də qalıb və hər an keçmişə görə intiqam almağa hazırdır.Onun qatı müsavatçılar olan Hüseyn Cavid və Abbas Mirzə Şərifzadə kimi müəllimləri vardı”.

Bunları Mir Cəfər Bağırov yazıb.Səməd Vurğunun əsl kimliyi Bağırovun izahatı vasitəsi ilə bilməyənlərə də məlum olsun.Bağırovu nədə desən: qəddarlıqda,amansızlıqda,daş ürəkli olmaqda, Sovet sisteminə- Stalinə büt kimi sitayiş etməkdə, mənsub olduğu millətin ən işıqlı şəxslərini məhv etməkdə…günahlandırmaq olar və günahlandırırlar da… Amma əminəm ki, kimsə Mir Cəfər Bağırovu yalan danışmaqda günahlandıra bilməz O,ölümlə üz-üzə olduğu zamanda da (əvvəlcədən ölüm hökmü ilə bitəcəyini bildiyi məhkəməsində) yalan danışmayıb.Şəxsən mən Bağırova aid tarixi sənədlərdə onun yalan danışdığı,yalan ifadə verdiyi barədə hansısa bir cümlə belə oxumamışam.
Bağırov bu ifadəsini 1954-cü ilin martında yazıb.Bağırov bu ifadəsində tam səmimi və məsuliyyətlidir.Heç kəsə sirr deyil ki, Bağırov güllələnən ana qədər Kommunist Partiyasına sadiq olub… Səməd Vurğun “Səadət düşmənlərinə” şerində Hüseyn Cavidi millətçilkdə necə günahlandıra bilərdi ki,onun özünü Bağırov ( demək həm də Bağırovun tapındığı sistem) ən böyük millətçi kimi ittiham edirdi.Bağırov həm də o izahatında Səməd Vurğunu keçmişə görə ( demək həm də qanlı 37-çi ilə görə) hər an intiqam almağa hazır olan qatı millətçi kimi xarakterizə edir. “Səadət düşmənlərinə” şeri 1937-ci ildə Cavid həbsdə olarkən yazılıb və çap edilib.Bağırov isə Partiya Nəzarəti Komitəsinə ünvanladığı izahatında ,Səməd Vurğunun ondan Hüseyn Cavidin və Abbas Mirzə Şərifzadənin həbsdən azad olunması barədə xahiş etdiyini yazır.Bağırovdan kim belə xahiş edə bilərdi? Bunun üçün hansı dərəcədə cəsarətə sahib olmağın miqyasını belə təsəvvür etmək olmur.1937-ci ilin o ölüm qoxuyan çağında Bağırov kimi acımasız,daş ürəkli,təhlükəli bir şəxsdən öz ölümünü gözə alaraq Hüseyn Cavidin və Abbas Mirzə Şərifzadənin azadlığını xahiş edən şair-Səməd Vurğun, Bağırovun otağından çıxıb o bədnam ” Səadət düşmənlərinə” şeirini necə yaza bilərdi axı? Demək burda düyünlü bir sirr var.Tarlxın bu dönəmi yalan və iftiralarla örtülüb.Demək Stalinin istək və göstərişi ilə yazılıb tariximizin o dönəmi.Və bu xəyanət, yalan dolu tarlxın yazılmasında Cavidin,Salman Mümtazın,Məmməd Əmin Rəsulzadənin, Mikayıl Müşfiqin,Əhməd Cavadın,Seyid Hüseynin və yüzlərlə işıqlı insanlarımızin düşmənləri ilə birgə Səməd Vurğunun düşmənləri də iştirak ediblər.O ağır illərdə əllərinə girəvə düşmüş o bayquş xislətli “sapı özümüzdən olan baltaların” həmin bədnam əməllərini bu gün də davam etdirənləri (Səməd Vurğunu,eyni zamanda işıqlı şəxsiyyətlərimizi təhqir edənləri) görəndə qəlbən acıyıram.Mənə elə gəlir ki,Cəmil Həsənlinin tapıbb üzə çıxardığı izahatda yazılanlardan Turan xanımın da, Aybəniz xanımın da xəbərləri olub.Yəni işin əsl mahiyyətini biliblər.Əsl həqiqəti biliblər.Bəlkə də səhv düşünürəm…Amma Turan Cavid “Səadət düşmənlərinə” şeirinin ,”müəllifi” (bu silsilə yazıda müəllif sözünü ilk dəfə olaraq dırnaq içərisində yazıram) Səməd Vurğuna və qızı Aybəniz xanıma doğma münasibəti olubsa, yenə deyirəm Turan xanımın hökmən bir bildiyi olub… Hökmən…

Şəkildə: Turan Cavid və Aybəniz Vəkilova.

Ardı burada: DEMƏ SƏMƏD VURĞUN GƏlDİ GEDƏRDİ

Müəllif və mənbə:  Etibar Əbilov

Əbilin gündəliyindən

ƏBİL ƏBİLOVUN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir