
Əvvəli burada: DEMƏ SƏMƏD VURĞUN GƏlDİ GEDƏRDİ
DEMƏ SƏMƏD VURĞUN GƏlDİ GEDƏRDİ
X YAZI
2007-ci ilin mayın 1-ində, atamın 80 illiyində iştirak edən Aybəniz xanım Vəkilova ( Səməd qızı) mənə atası Səməd Vurğunun 100 illiyi münasibətilə nəşr olunmuş bir albom bağışlamışdı. Mən Səməd Vurğunun Stalinlə görüşdüyünü uşaq vaxtlarımdan bilirdim.Amma onun Stalinlə şəkli olduğunu bilmirdim. Səhv etmirəmsə Stalinlə Səməd Vurğunun şəkli ilk dəfə bu albomda çap olunub.
Azərbaycanda 1937-ci il hadisələri haqqında çox yazılıb,yazılır və yazılacaq. Bu qanlı “Vorfelemey gecəsindən” salamat qurtaran iki böyük şəxsiyyətiniz daima müzakirə mövzusu olub.Ən işıqlı Azərbaycanlılar repressiyaya məruz qaldıqları halda, necə olub ki, Səməd Vurğun və Üzeyir bəy Hacıbəyli bu qanlı olaylardan xətərsiz ötüşüblər.Mövzu Səməd Vurğun olduğu üçün biz Üzeyir bəyin o qanlı hadisələrdən kənarda qalmasının səbəbləri barədə yazmayaçağıq.Bəs 37- ci il hadisələrindən Səməd Vurğun necə xilas olub? Mənim fikrimcə bu sualın ən ağlabatan cavabını bir yazısında Vaqif Səmədoğlu verib:
“…Yaxşı,bəs belə bir istedadla,böyük şair neçin 1937-ci illərin Stalin repressiyasına məruz qalmadı?
-Saməd filankəsi satıb,özü aradan çıxıb.
Bu bir versiya.
-Səməd doproslarda özünü mərd aparıb,elə kişilik göstərib ki,ona ölüm hökmü çıxarmağa heç kəsin əli qalxmayıb.
Bu da başqa bir versiya.
Anam Xavər xanımın versiyası:
-Mirsəfər Bağırov “Красные Партизаны” təşkilatında sənin dayın,mənim böyük qardaşım Ağabəyin müavini olub.
Bir başqası tamamilə səmimi deyir:
-Səmədi tutub güllələsıydilər,bütün Azərbaycan xalqı ayağa qalxıb üsyan edərdi!
O zaman bu xalqın qorxusundan səsi də çıxmırdı…
-Ən istedadlıları,qaymaqları öldürdülər,qaldı belələri.
Yalandır.Böyük bir bəşər, insan faciəsinin adi məişət cinayəti səviyyəsinə endirən yalan.Bəlkə də səmimi, fəqət tarixdən, ədəbiyyat və incəsənətdən çox da hali olmayan insanların təəssüf doğuran məyus məntiqidir bu fikir.Rusiyada böyük şair Osip Mandelştam həbsdə çürüdüldü, dahi Boris Pasternak qaldı. Stalindən şeir yazdığına görə? Dünyada Stalinin adını poeziyaya ilk dəfə gətirən məhz faciəli şəkildə həlak olmuş Mandelştam olmuşdu.Anna Axmatova, Andrey Platonov, Marina Svetayeva, Mixail Bulqakov, nəhayət, tamamilə haqlı olaraq Nobel mükafatları almış Mixail Şoloxov və yenə də həmin Boris Pasternak.Bunlar fiziki olaraq repressiya maşınından qurtaranlardan bir neçəsidir. Və ən dəhşətlisi də ondadır ki, bu repressiyaların nə dəqiq çəki norması olub,nə ölçü etalonu. Azərbaycanda da həmçinin Hüseyn Cavid, Mikayıl Müşfiq kimi sənətkarları tələf edirdilər və onlarla başqaları: Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm və yenə də onlarla başaları sağ qaldılar. İndi hansı tərəzi ilə istedadların çəkisini ölçək? Elə bir tərəzi tapılsaydı,hər iki gözü göz yaşları ilə dolub düz gələrdi. Bəlkə də birə- bir…
Atamın o zaman həbs olunmaması haqda ən ağlabatan fərziyyəni 1971-ci ildə Moskvada mənə məşhur Sovet şairi Konstantin Simonov dedi:
-Bütün diktatorlar kimi Stalin də öz misilsiz yaddaşını hamıya nümayiş etdirirdi. Mən əminəm ki,hər dəfə Mircəfər Bağırov onun qəbulunda olanda o, Səməddən də sözarası hal- əhval tuturmuş.Səmədi fəlakətdən, yəqin ki, elə bu qurtardı “.
Bəli, Stalin Səməd Vurğunu şəxsən tanıyırdı. Və bu barədə Azərbaycanda çox adam ( ədəbiyyatla məşğul olan hər kəs) bilir. Səməd Vurğunla Stalinin xoş münasibəti barədə həqiqət əksər insanlara 1990-cı illərdən sonra məlum olsa da, mən bu haqda lap uşaq yaşlarımdan bilirdim…1935-ci ildə Səməd Vurğun Kremldə Stalinin qəbulunda olmuşdu.Azərbaycanda Sovet Hakimiyyətin 15 illiyi münasibəti ilə keçirilən bayram təntənələri günlərində. Bu təntənələrdə Azərbaycanın ən məşhur ədəbiyyat, incəsənət, elm xadimləri,əmək qabaqcılları iştirak edirdilər.Təntələrdə Stalin də iştirak edir. Böyük teatrın səhnəsində Üzeyir bəyin (Üzeyir bəyin özü də həmin təntənəli mərasimin iştirakçısı olub) “Koroğlu” operası göstərilir. Həmin təntənələrdə 29 yaşlı Səməd Vurğun Stalinə həsr etdiyi “Rəhbərə Salam” şeirini oxuyur…
Atamın kitabxanasında qədim və nadir bir kitab var.
“Ellər atası” (Ellər atası- yəni Stalin) adlanan həmin kitab 1939- cu ildə nəşr olunub. Bu kitabda dediyimiz bayram təntənələrində iştirak edən şəxslərin yazıları çap olunub. Bu xatirə kitabında Səməd Vurğunum də həmin gün haqqında xatirələri yer alıb. Həmin xatirədən bir hissəni Siz də oxuyun:
“.. Biz Kremlin salonlarından birində toplaşdıq.
Salon olduqca təmiz, işıqlı və sadə idi. Onum əsl zinəti də bunlar idi. Sükutimuz çox dərin idi. Hamı səssiz oturub, intizar işində gözləyir, bir-birimizə baxıb səssizcə gülümsəyirdik. Arxa tərəfdən qapı açıldı….
Yoldaş Stalin qabaqca daxil oldu.. Onun addımları iri olsa da ayağını yerə asta -asta basırdı…
Onun arxasınca özünün yaxın silahdaşları, proletar revolyusiyasının məşhur bahadırları…gəlirdi.
Onlar salonundakı məxməri stolun dalında durdular.Salonu dolduran gurultulu alqış, ura səsləri… xeyli davam etdi.
Salon sakitləşdi. Yoldaş Molotov özünə məxsus aydın və asta səslə görüş iclasını açdı…
Yoldaş Molotov bir-bir natiqlərə söz verirdi. Nümayəndələrdən on nəfər natiq danışdı. Qeyd etməliyəm ki, hər natiqi salon böyük maraq və sükutla dinləyirdi. Hamı Azərbaycanca danışır, sonra rus dilinə tərcümə edilirdi.Bütün salondakılara, xüsusən Stalin yoldaşa, Azərbaycan qızlarının danışığı böyük zövq verirdi…
…Yoldaş Molotov mənə söz verdi. Mən trubinaya getdiyim vaxt o məndən soruşdu ki, Sizin nitqinizi tərcümə üçün tərcüməçi lazımdırmı?Mən cavab verdim ki, yox,yoldaş Molotov! Hər iki dildə mən özüm danışacağam. O, buyurun – dedi.
Mən həm danışıb, həm də şeiri oxuyacağımı nəzərdə tutaraq,nitqimi yalnız rus dilində dedim….
Salonu dolduran alqış səsləri mənə şeirini də oxu deyirdi. Mən şeiri əvvəl Azərbaycan, sonra da rus dilində oxudum:
Bakının sayrışan yıldızlarından,
Çadrasız, boyasız Türk qızlarından.
Uçan durnaların xoş avazından.
Bizim aşıqların simli sazından
Şərqin qapısında yanan bir şamdan,
Günəşli gündüzdən, aylı axşamdan,
Azad sənətimdən, azad dilimdən,
Mənə könül verən öz sevgilimdən.
Salam gətirmişəm hüzuruna mən
Bu gündən, gələcək qərinələrdən.
Mən şeiri oxuduğum zaman arabir yoldaş Stalinə baxırdım.O, böyük bir diqqət və məhəbbətlə dinləyirdi.Kiçik bir şair üçün bundan da böyük səadət ola bilərdimi?
… Şeiri qurtarandan sonra yoldaş Stalinə yaxınlaşaraq ona əl verdim….
Yoldaş Stalin üzündə oynayan bir təbəssümlə məndən soruşdu: “Yoldaş Səməd Vurğun?” “Bəli, yoldaş Stalin”. “Bəs familiyanız nədir?”. Dedim ki,Vəkilovdur. O yenə soruşdu: “Bəs Azərbaycanca?”. Cavab verdim ki,Vəkilzadə.
Sonra mən keçib öz yerimdə əyləşdim…”.
Yuxarıda dediyim kimi, mən bu söhbəti uşaq yaşlarımdan bilirəm. Özü də bir neçə versiyada. Səməd Virğun 1954- cü ildə Neftcalada- -atamın qonağı olarkən Stalinlə Kremldəki görüşünü ən incə məqamlarına qədər atama danışıb. Çox güclü hafizəsi olan Atam da onun danışdıqlarını zaman- zaman bizə danışıb. Sonralar, Vaqif Səmədoğlu bizdə olanda da, Stalinlə atasının görüşündən bir neçə dəfə söhbət açıb. Stalinlə Səməd Vurğunun görüşü haqqında həm atamın həm də Vaqif Səmədoğlunun danışdıqlarına rəğmən,məlum olur ki, Səməd Vurğun Stalin haqqında xatirələrini “Ellər atası” kitabında tam şəkildə yazmayıb, yazsa da, yəqin senzura bəzi hissələrin çap olunmasını istəməyib. Düzdü, sonralar Vaqif Səmədoğlu atasının Stalinlə olan söhbətlərini (“Ellər atası” kitabında yazılmayanları) qələmə aldı.Yəni mənim vaxtı ilə evimizdə Vaqif müəllimin öz dilindən eşitdiklərimi və atamın da zaman- zaman bizə danışdıqları xatirələri. İndi Vaqif müəllimin yazısındakı həmin hissəni Sizin də nəzərinizə çatdırıram:
“… Səməd Vurğun 1935- ci ildə Stalinin qəbulinda olmuşdu. Azırbaycanda Sovet hakimiyyətinin 15 illiyi münasibəti ilə keçirilən bayram təntənəli günlərində. Və orada Stalinin hüzurunda onun şərəfinə yazdığı məşhur “Rəhbərə salam” şeirini oxumuşdu. Elə burdaca, atamı tribunada saxlayaraq, Stalin ona bir neçə sual verib,cavab almışdı:
Elə-belə, rəhbər “marağı”, “məzələnməyi”ni nümayiş etdirən sözlər…
-Самед,это твой имя,а Вургун фамилии?
-Нет, товарищ Сталин,это мой псевдоним.
-A что oзнaчaет слово Вургун?
-Влюбленный!
-А кого, в девушку?
-Нет, товарищ Сталин,в Родину.
Bax belə bir söhbət Kremldə…. Vurğun ləqəbini isə məhz ilk uğursuz məhəbbətindən sonra götürmüş atam Stalini aldadıb… Ertəsi gün Stalinə orden və medalları almaq üçün təqdim edilmiş üzərilərinə siyahısını gətirirlər.Səməd Vurğun o siyahıda Qırmızı Əmək Bayrağı ordeninə layiq bilinibmiş.Ancaq Stalin öz əli ilə “Lenin” ordeni yazıb,o birini pozub…Atamı ölkənin ən yüksək ordeni ilə təltif edib.Belə ki,Simonovun dediyində böyük məntiq var…”.
Səməd Vurğun atama Stalinlə görüşündən bir məqamı da danışıb. Atam həmin görüşdən ən sox o məqamı bəyənirdim və həmin söhbəti Vaqif Səmədoğluna da danışmışdı.Vaqif müəllim də o söhbəti vaxtı ilə atasından eşitdiyini demişdi. Amma nədənsə həmin söhbəti Vaqif müəllim atası haqqında yazdığı məqaləyə daxil etməyib. Səməd Vurgun “Ellər atası” kitabında həmin söhbəti müəyyən məqama qədər yazıb və yuxarıda həmin hissəni qeyd etmişəm:
“Yoldaş Stalin üzündə oynaşan bir təbəssümlə məndən soruşdu: “Yoldaş Səməd Vurğun?”. “Bəli yoldaş Stalin.. “Bəs familiyanız nədir?” Dedim ki, Vəkilovdur. O yenə soruşdu: “Bəs Azərbaycanca?”. Cavab verdim ki,Vəkilzadə”.
Səməd Vurğun 1954-cü ilin 12 iyun gecəsində Stalinlə bu söhbətini atama bir qədər başqa cür danışıb. Stalin Səməd Vurğundan familyasını soruşub. Səməd Vurğun-Vəkilov- deyib. Stalin həmin məqamda -Bəs Azərbaycanca?- sözünü işlətməyib. Səməd Vurğunun atama dediyinə görə Vəkilov sözünü eşidən Stalin Səməd Vurğunа
Я по Турцкому спрашиваю -deyib.
Səməd Vurğun:
-Векилзаде, товарищ Сталин – cavabını verib.
Bundan sonra Stalin təmiz Azərbaycan dilində Səməd Vurğuna tarixi bir söz ( öyüd,nəsihət də demək olar) deyib:
-Ağır otur,batman gəl.
Atam Səməd Vurğundan eşitdiyi bu sözü evimizə gələn qonaqlara,tanışlarına danışmağı çox sevirdi.Atam bu söhbətin olduğuna bütün varlığı ilə inanırdı.Çünki bu sözü həmin hadisənin şahidi- Səməd Vurğunun öz dilindən eşitmişdi…
Səməd Vurğun Azərbaycanən ən məşhur,ən çox sevilən şairlərindən biri olub.Qeyri-adi ümumxalq məhəbbəti qazanıb.Bu silsilə məqalələrimin birincisində onun ,”Azərbaycan” şeirindən yazmışdım.Qeyd etmişdim ki, “Azərbaycan” şeiri Azərbaycanda yeganə şeirdir ki,həmin şeirin heç olmasa bir bəndini bütün azərbaycanlılar əzbər bilir.
Azərbaycanda böyük izdihamla keçən dəfn mərasimlərindən biri də Səməd Vurğunun dəfn mərasimi olub.Səməf Vurğunun vaxtsız ölümünə demək olar ki,bütün Azərbaycan yas tutub.Səməd Vurğun haqqında yazılmış xatirələri ( həm xaricilərin,həm özümüzkülərin) oxuyanda adam qürur hissi keçirir.Drmək olar ki, 35 -40 yaşlarından sonra (cəmi 50 ilə yaşayıb) bütün Sovet yazıçılarının ağsaqqalı olmaq tarıxdə müstəsna hadisələrdən biridir.
Təsəvvür edin:1954-cü ildə (15- 26 dekabr) Sovet Yazıçılarının II qurultayında poeziya haqqında məruzəni 48 yaşlı Səməd Vurğun edir.Baxmayaraq ki, həmin dövrdə SSRİ adlı böyük məmləkətdə Boris Pasternak,Konstantin Simonov,Nikolay Tixonov, Miixail İsakovcki,Sergey Mixalkov, Samuel Marşal, Aleksandr Tvardovski kimi həyatda olan,adlı- sanlı, titullu şairlər şöhrətlərinin zirvələrində idilər.Üstəlik müttəfiq respublikalarda yaşayan məşhur şairlər. Hamı, bütün ədəbiyyat,incəsənət adamları ona hörmət edirdi… Lev Tolstoydan.Anton Çexovdan,Fyodor Dostoyevskidən sonra rus ədəbiyyatının ən böyük ismi olan,eyni zamanda dünya ədəbiyyatının klassiki Nobel mükafatı laureatı Mixail Şoloxov yazır ki, Səmədlə məni bir yerdə görən yazıçılar “Qartallar yenə görüşdülər” deyirdilər. Soloxovun dediyinə görə Sovet yazıçıları Şoloxova “Səhra qartalı”, “Səməd Vurğuna isə “Dağ qartalı” deyirmişlər…Nazim Hikmətlə yaxın dost idi və Nazim Səməd Vurğunun ölümünə çox təsirli, duyğusal bir şeir də yazıb. Maksim Qorki ilə, Yuqoslaviya yazıçısı İvo Andriçlə,Fransız şairi lui Araqonla, Çili şairi Poblo Neruda ilə Braziliya yazıçısı Jorj Amudu ilə şəxsi tanışlığı var idi, 1948-ci ildə Sovet nümayəndə heyətinin tərkibində İngiltərədə olanda, Londonda dünya siyasətinin əfsanəsi Uinston Çerçellə görüşmüşdü. Dağıstanın məşhur xalq şairi Rəsul Həmzətov onu özünə müəllim hesab edirdi. Səməd Vurğun dövrünün məşhur gənc şairləri Yevtuşenko, Robert Rojdestinski ona böyük şair kimi hörmət edirdilər.
Bir maraqlı əhvalat haqqında da. Sovet yazıçılarının ikinci qurultayı öz işinə başlamamışdan əvvəl, Sov.İKP MK-dan əlaqədar şəxslər Səməd Vurğunun poeziyssı haqqında məruzəsini oxuyurlar. Və məruzıyə irad tuturlar.İradları da,məruzədə Səməd Vurğunun Azərbaycan ədəbiyyatına geniş yer verməsi olub. Səməd Vurğuna təklif edirlər ki, Azərbaycanla bağlı hissədə müəyyən ixtisarlar etsin. Səməd Vurğun qəti etiraz edir:
-Əksinə- deyir- mənim məruzəmdə ən az yer Azərbaycana verilib. Çünki o məruzədə Səməd Vurğun haqqında çox səthi danışılıb.
… Səməd Vurğun ilk qələm təcrübəsindən məşhurlaşıb. Şeirləri dillər əzbəri olub. Şəxsən mən onun nə qədər şeirlərini əzbər bilirəm. Onun şeirlərini əzbərləmək xatirinə əzbərləməmişəm. Onun şeirləri mənim ruhumun qidasıdır. Heç bir zaman yaddaşımı ö şeirlətsiz təsəvvür edə bilməmişəm. 60,50,40,30 il əvvəl əzbərlədiyim şeirlər bu gün də yaddaşımda təzə tərdir. Azərbaycanımızda Səməd Vurğun şeirlərini sevən, o şeirləri əzbər bilən nə qədər insanlar var. Səməd Vurğunun adına nə qədər küçə, nə qədər park, nə qədər mədəniyyət mərkəzləri,nə qədər məktəblər, nə qədər xiyabanlar var. Səməd Vurğunun şəkilləri yenə də əvvəllərdə olduğu kimi nə qədər mədəniyyət mərkəzlərinin, müəssisələrin, məktəblərin divarlarını bəzəyir. Vaxtı ilə Səməd Vurğunun şəkilləri əvvəllərdə olduğu kimi, bu gün də nə qədər evlərin gözəgəlimli hücrələrindıdir. Yenə də əvvəllərdə olduğu kimi Səməd Vurğunun kitablarına ehtiyac var… Səməd Vurğunu kimlərinsə cəfəng sözlər ilə gözdən salmasl qeyri mümkündür. Səməd Vurğun haqqında hədyan danışanları görəndə qəlbən acıyıram və bu zaman məşhur atalar sözü ülə özümə təskinlik verirəm:
“Yel qayadan nə apar ki…”.
Azərbaycan xalqı var olduqca Səməd Vurğun yaşayacaq. Demək Səməd Vurğunun şeirləri, poemaları, dram əsərləri xalqımızın yaddaşında daima var olacaq. Xalqımız böyük şairimizlə daima qürur duyub və həmişə də qürur duyacaq.



Şəkildə:
1.Aybəniz Səmədqızının mənə bağışladığı albom.
2.Aybəniz xanımın mənə bağışladığı albomda imzası.
3.1935-ci il. Azərbaycan nümayəndələrinin Kremldə Stalin tərəfindən qəbulu. Səməd Vurğun soldan üçüncü sırada birinci.
SON
Müəllif və mənbə: Etibar Əbilov
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında