Göyçədən ucalan söz zirvəsi

Göyçədən ucalan söz zirvəsi 
(Aşıq Ələsgər)
     Azərbaycan aşıq poeziyası əsrlər boyu xalqın ruhunu, sevincini, kədərini və fəlsəfi dünyagörüşünü özündə yaşadan ən qədim sənət növlərindən biridir. Bu zəngin xəzinənin içərisində elə bir imza var ki, onun işığı təkcə yaşayıb yaratdığı XIX əsri və XX əsrin əvvəllərini deyil, yüzillikləri aşaraq günümüzü də aydınladır. Bu parlaq sima, Azərbaycan aşıq şeirinin ən uca zirvələrini fəth edən ustad sənətkar – Aşıq Ələsgərdir.
    Aşıq Ələsgərin ömür yolu XIX əsrin əvvəllərində, Azərbaycanın ən füsunkar guşələrindən biri olan, sazın və sözün beşiyi sayılan Göyçə mahalında başlamışdır. Gözəlliklər qoynunda dünyaya göz açsa da, gələcək ustadın uşaqlıq və gənclik illəri heç də hamar keçməmişdir. Kasıb bir ailədə doğulan Ələsgər, həyatın sərt üzü və maddi çətinlikləri ilə çox erkən yaşlarında qarşılaşmalı oldu. Lakin bu çətinliklər onun daxilindəki sənət alovunu söndürə bilmədi, əksinə, onu daha da cilaladı, xalqın dərdinə və sevincinə daha yaxından bələd olmasına şərait yaratdı. Ələsgərin daxilindəki poeziya hissi yeniyetməlik çağlarında, ətrafında gördüyü xalq sənətkarlarının, el aşıqlarının təsiri ilə baş qaldırdı. O, ilk şeirlərini məhz bu təbii, saf mühitin təsiri ilə söyləməyə başladı.
    Aşıq Ələsgər yaradıcılığının təməlində, onun başlanğıc nöqtəsində böyük və ülvi bir sevgi dayanır. Onun qoşmalarını, gəraylılarını oxuyarkən insan ruhunu ehtizaza gətirən o ecazkar səmimiyyətin sirri də məhz bu real sevgidir. Sənətkarın gənclik illərində yaşadığı nakam sevgi – Səhnəbanıdan ayrılıq dərdi onun yaradıcılığında dərin izlər buraxdı. Lakin bu ayrılıq onu sındırmadı; əksinə, gənc Ələsgərin ilhamı daha da coşub-çağladı. Səhnəbanıdan ayrılandan sonra onun çalıb-oxumağa, söz deməyə meyli, daxili axtarışları daha da çoxaldı. Aşıq Ələsgər şeirlərinin ömrünün az qala əbədi kimi görünən taleyini həmin sevgidən uzaqda təsəvvür etmək sadəcə qeyri-mümkündür. O, öz şəxsi ağrısını elin, obanın dilində dastanlaşan ümumbəşəri bir sənət əsərinə çevirməyi bacardı. Aşığın şah əsərlərindən olan “Mənim” qoşmasında bu tale yanğısı özünü aydın büruzə verir:

Bilmirəm ki, nə bəlalı qul oldum,
Əzəl qara gəldi iqbalım mənim.
Nə zaman ki, nəzərimə sataşır,
İtir ağlım, huşum, kamalım mənim.
***
Əsli-Kərəm kimi mən oda yandım,
Eşqə düşdüm, öz canımdan usandım,
Bimürvətin atəşinə qalandım,
Bir soruşan yoxdu əhvalım mənim.

    Bu mənəvi yanğının fəlsəfi zirvəsi aşığın “Yandırır” qoşmasında da bədii həllini tapır. Eşqin insan iradəsini və maddiyyatı aşan gücü burada daşları, dəmirləri əridən ilahi bir qüvvə kimi təsvir olunur:

Arif olan insafından keçməsin,
Mən fağırı qəm ataşı yandırır.
Heç kimsəni eşq oduna düşməsin,
Ahəni əridir, daşı yandırır.
***
Hər kim görmək istər yarı pünhandan,
Daim çəkər ahü-zarı pünhandan,
Atəşi ürəkdən, narı pünhandan,
Kirpiyi oxlayır, qaşı yandırır.

   Oğlundakı bu coşqun istedadı, sözə və saza olan sonsuz sevgini görən atası Alməmməd kişi, Ələsgəri dövrünün ən böyük ustadlarından biri olan qızılvəngli Aşıq Alının yanına apardı. Beləliklə, Ələsgərin həyatında keyfiyyətcə yeni bir mərhələ – peşəkar şəyirdlik dövrü başladı. Aşıq Alı kimi nəhəng bir sənətkardan dərs almaq, onun məclislərində bişmək Ələsgər üçün böyük bir məktəb oldu. Ustad sənətkar çoxşəyirdli bir ustad, şöhrəti mahalları aşan bir el sənətkarı olsa da, daxili dünyasında hər zaman ustadına minnətdarlıq hissi daşımışdır. Kamil olmağın yolunu hər zaman öyrənməkdə görən Ələsgər bu münasibəti belə vəsf edirdi:

Yazıq Ələsgərəm, azdı kamalım,
Vacibdi ki, bir ustaddan dərs alım,
Dərs aldım, öyrəndim, oldu öz malım,
Bizdən ustadlara nəfi-rəhmətdi.

   Özünü “abdal” – haqq aşiqi, söz dünyasının saflığına qovuşmuş “zülal” adlandıran dahi sənətkar, sazın dəyərini bilənlərin qarşısında öz mövqeyini ifadə edirdi:

Yazıq Ələsgərəm, abdal olmuşam,
Seçilib cövhərdən zülal olmuşam,
Sən ağ çalsan, mən də göy çal olmuşam,
Lazımdı ki, çalın qədrin çal bilə.

   Şəyirdlik dövrünü başa vurduqdan sonra Ələsgər əvvəlcə Göyçədə aşıqlıq etmiş, ağır toy məclisləri aparmışdır. Tezliklə onun şöhrəti qonşu mahallara yayılmış; İrəvana, Naxçıvana, Qazaxa, Qarabağa, Cavanşir ellərinə, Gəncəyə, Kəlbəcərə çağrılmış, hər yerdə özünün yüksək mərifəti, ədəbi, gözəl səsi, bənzərsiz ifası ilə məclisdəkiləri heyran qoymuşdur. Bu keyfiyyətlər onu Azərbaycanın hər yerində məşhurlaşdırdı. Tezliklə aşığın ətrafına çoxlu şəyirdlər toplaşdı, Ələsgər onlara aşıqlıq sənətinin sirlərini başa saldı. Bu aşıqların çoxu sonralar görkəmli sənətkar kimi tanındılar. Ustad özü şeirlərinin birində iftixarla deyirdi:

Adım Ələsgərdi, mərdi-mərdana,
On iki şəyirdim işlər hər yana.

   Aşıq Ələsgər poeziyası həm də Azərbaycan qadınının, onun milli geyim mədəniyyətinin və təbii gözəlliyinin bədii ensiklopediyasıdır. Onun məşhur “Yaraşır” qoşmasında idealizə edilən gözəl obrazı təkcə fiziki cəhətdən deyil, həm də mənəvi statusu ilə behişt məleykələrinə, huri-qılmanlara bənzədilir:
      
Sinəm dərd əlindən oldu yaralı,
Səni görənlərin çaşır xəyalı,
Bürüyüb zülfünü başının şalı,
Heratı kəlağay şala yaraşır.
***
Olmaz sənin kimi bir qönçə dəhan,
Behiştdən gəlibsən, ay huri-qılman!
Tutubsan dəstində bənövşə, reyhan,
Gülgəz yanağına lala yaraşır.

   Ustad sənətkarın yaradıcılığı təkcə sevgi tərənnümü ilə bitmir. O, həm də cəmiyyətin daxili nizamını qoruyan mənəviyyat fədaisidir. “Yaxşıdı” qoşmasında xalq müdrikliyinin, düzgünlüyün insanı ucaltması, qonşuya xor baxmağın gətirdiyi mənəvi rəzalət və ailə  bütövlüyü öz əksini tapır:

Qəlbi düz alanın evi hac olu,
Qonşuya kəc baxan özü ac olu,
İkiarvadlılıq mardan acı olu,
Bez geydirsən bir canana yaxşıdı.
***
Ələsgər Kövsərdən badə içəndə,
Gəşt eləyib, mərd iyidi seçəndə,
Güzəran xoş olub, gün xoş keçəndə,
Ağ otaqdan tövləxana yaxşıdı.

     Ələsgərin ictimai-əxlaqi fəlsəfəsində dostluq, sədaqət və ilqara sadiqlik hər şeydən uca tutulur. Maddi dünyanı mənəviyyata qurban verməyən ustad, namus və dürüstlük prinsiplərini kəskin misralarla bəyan edir:

Haqq meyi islama haram buyurub,
Dərd tüğyan eyləsə, mey içmək olar.
Dostun məzəmməti adam öldürür,
Düşmanla söyüşüb, döyüşmək olar.
***
İyid odu namusunu atmasın,
Dost ölüncə dosta yalan satmasın,
Bir baş ki ilqara qurban getməsin,
Onu bir qarpıza dəyişmək olar.

   Aşıq Ələsgər yaradıcılığının ən monumental səhifələrindən birini onun təbiət lirikası, xüsusən də məşhur “Dağlar” şeirləri təşkil edir. Göyçənin füsunkar, uca və dumanlı dağları aşığın gözündə canlı bir varlıq, sirdaş və cəmiyyətin daxili təlatümlərini əks etdirən mənəvi sığınacaqdır:

Gahdan çiskin tökər, gah duman eylər,
Gah gəlib-gedəni peşiman eylər,
Gahdan qeyzə gələr, nahaq qan eylər,
Dinşəməz haramı, halalı dağlar.
***
Köçər ellər, düşər səndən aralı,
Firqətindən gül-nərgizin saralı,
Ələsgər Məcnuntək yardan yaralı,
Gəzər səndə dərdli, nalalı, dağlar!

    Yaylaqlardan ellər köçəndə, gözəllər o seyrəngahları tərk edəndə aşığın qəlbindən qara qanlar axır. O, Həsənnənə, Həsənbaba, Xaçbulaq kimi doğma yurd yerlərinin adını çəkərək bütöv bir xalqın yaşayış tərzini mətndə əbədiləşdirir. Amma bu dağların taleyi həm də münaqişələrin gətirdiyi sərt ictimai reallıqlarla çarpazlaşır:

Hanı bu yaylaqda yaylayan ellər?
Görəndə gözümdən car oldu sellər,
Seyr etmir köysündə türfə gözəllər,
Sancılımır buxağa güllərin, dağlar!
***
…İyid nərəsindən, güllə səsindən,
Dəyməmiş tökülür kalların, dağlar!
***
Həsənnənə, Həsənbaba qoşadı,
Xaçbulaq yaylağı xoş tamaşadı,
Arsız aşıq elsiz niyə yaşadı?!
Ölsün Ələsgərtək qulların, dağlar!

   Aşığın şeirin sonunda özünü qınaması, “Arsız aşıq elsiz niyə yaşadı?!” nidası onun öz xalqına, torpağına və elinə olan sonsuz bağlılığının ən yüksək humanist və vətənpərvər ifadəsidir.
    Aşıq Ələsgərin yaşlı vaxtında qələmə aldığı, ömrünün fəlsəfi yekunu sayıla biləcək şah əsərlərindən biri də “Qoca baxtım” qoşmasıdır. Burada o, öz keçmiş günlərini, gənclik coşqusunu, sənətdə qazandığı uğurları xatırlayaraq öz baxtı, taleyi ilə təsirli bir dialoqa girir. Zamanın amansızlığı qarşısında könlünün sınıqlığını dilə gətirən ustad, qocalıq çağında belə haqq yolundan dönməməyi, halallığa sığınmağı bəyan edir:

Nə sevda tapıbsan, nəyə talıbsan,
Hansı qəflətdəsən, gəl, qoca baxtım!
Ya məndən küsübsən, ya qocalıbsan,
Bu sınıq könlümü, al, qoca baxtım!
***
Mardan şirə çəkib, daşdan keçərdin,
Dəryalardan ləlü-gövhər seçərdin,
Pərvazlanıb Qafdan-Qafa uçardın,
Keçən günü yada sal, qoca baxtım!
***
Ələsgər kəsilib səbrü-aramdan,
Oxlayıbsan, qanlar axır yaramdan,
Sövdə qıl haqq ilə, əl çək haramdan,
Halaldan mətləbin al, qoca baxtım!

     Aşıq Ələsgər Azərbaycan və ümumən türk şeirinə verdiyi misilsiz töhfələrlə ədəbiyyat tariximizdə silinməz və əbədi bir iz qoymuşdur. O, aşıq poeziyasını həm məzmun, həm forma rəngarəngliyi baxımından zənginləşdirmiş, saf, duru və axıcı xalq dilinin ən gözəl nümunələrini yaratmışdır. Qoşma, gəraylı, təcnis kimi formalar onun yaradıcılığında özünün ən kamil bədii ifadəsini tapdı. Onun irsi bu gün də milli mənliyimizin, dilimizin zənginliyinin və sazımızın ölməzliyinin ən böyük sübutudur.

Müəllif: Hüseyn İsaoğlu,

yazıçı-publisist,
AYB-nin və AJB-nin üzvü

Hüseyn İsaoğlnun yazıları

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir