
“Zəfərin şəhəri – Şuşaya salam!” mövzusunda Xəzər Universitetində tədbir keçirilib
3 noyabr 2026-cı ildə Xəzər Universitetinin Nərimanov korpusunda, Lalə salonunda Zəfər Gününə həsr olunmuş “Zəfərin şəhəri-Şuşaya salam!” adlı tədbir keçirilib. Tədbirin qonağı Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, tərcüməçi Səlim Babullaoğlu olub.
Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müdiri, dosent Dilbər Zeynalova giriş sözü ilə çıxış edib. O, Zəfər Gününün Azərbaycan xalqının tarixindəki müstəsna əhəmiyyətindən, milli birlik və həmrəyliyin təcəssümü olan bu tarixi qələbənin mənəvi dəyərindən bəhs edib. Çıxışında vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin ehtiramla yad edilməsinin vacibliyini vurğulayan Dilbər Zeynalova onların əziz xatirəsinin daim yaşadılacağını qeyd edib. Daha sonra şəhidlər bir dəqiqəlik sükutla yad edilib.
Ardınca AYB-nin katibi, şair, tərcüməçi Səlim Babullaoğlu “Şuşaya salam” layihəsinin yaranma tarixçəsi, ideyası və həyata keçirilmə məqsədləri barədə danışıb. O, layihənin Şuşanın zəfərdən sonrakı mənəvi və mədəni simasının beynəlxalq ədəbi müstəvidə tanıdılmasına xidmət etdiyini bildirib. Layihə çərçivəsində dünyanın 30 ölkəsindən 44 şairin Şuşa haqqında şeirlər səsləndirməsi onun beynəlxalq miqyasını və ədəbiyyat vasitəsilə xalqlar arasında mədəni əlaqələrin gücləndirilməsinə verdiyi töhfəni nümayiş etdirir.
Tədbir zamanı layihədə iştirak edən beş şairin Şuşaya həsr olunmuş şeirlərinin videogörüntüləri təqdim edilib. Bununla yanaşı, layihənin ideya müəllifi Səlim Babullaoğlu bəzi şeirləri özü səsləndirərək iştirakçılara poetik nümunələrin bədii-estetik məzmununu çatdırıb. Şeir təqdimatları Şuşanın tarixi, mədəni irsi və zəfərdən doğan mənəvi duyğuların ədəbi ifadəsi baxımından xüsusi maraq doğurub.
Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Qardaşxan Əzizxanlı və Kitabxana və İnformasiya Mərkəzinin direktoru Aytac Misgərli də çıxış ediblər. Natiqlər “Şuşaya salam” layihəsinin ədəbi və mədəni əhəmiyyətindən, haqlı zəfərimizin dünyada tanıdılmasına verdiyi töhfədən, eləcə də Zəfər Gününün mahiyyətinin bədii yaradıcılıq vasitəsilə gələcək nəsillərə çatdırılmasındakı rolundan bəhs ediblər.
Tədbirdə Birinci Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabit, şair və “Yazarlar” jurnalının Təltif Komissiyasının sədri Zaur Ustac da çıxış edib. O, Azərbaycanın Zəfər tarixinin xalqın yaddaşında və ədəbiyyatında xüsusi yer tutduğunu qeyd edərək qələbənin mənəvi ruhunu əks etdirən şeirini səsləndirib.
Tədbirin sonunda Zaur Ustac “Yazarlar” jurnalının “Ədəbiyyat səfiri” medalını və diplomunu Səlim Babullaoğluna təqdim edib. Bu təltif onun ədəbi fəaliyyətinin, Azərbaycan poeziyasının təbliğinə, eləcə də “Şuşaya salam” layihəsi vasitəsilə milli-mədəni dəyərlərin beynəlxalq miqyasda tanıdılmasına verdiyi töhfənin qiymətləndirilməsi baxımından əlamətdar olub. Tədbirdən fotolar:











“Yazarlar” olaraq, Səlim Babullaoğlunu təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun!
Məlumatı hazırladı: Leyla Mahirqızı
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında