Etiket arxivi: Hüseyn İsaoğlu

Misralarla ömrü axşam edən şair – Qulu Ağsəs

Misralarla ömrü axşam edən şair – Qulu AĞSƏS

Hər şair bir kənddən, bir torpaqdan pərvazlanır, amma hamısı poeziyanın göylərində özünəməxsus, silinməz bir iz qoya bilmir. Azərbaycan ədəbiyyatının və mətbuatının son qırx illik tarixinə nəzər salsaq, fərqli intonasiyası, dərin fəlsəfi baxışı, cəsarətli ictimai mövqeyi və intiharsayağı səmimiyyəti ilə seçilən bir imza görərik: Qulu Ağsəs. 1969-cu ildə Ağdamın dilbər guşəsi, musiqi və söz beşiyi olan Gülablı kəndində dünyaya göz açan bu istedadlı qələm adamı, sözün həqiqi mənasında, həyatı poeziyaya, poeziyanı isə ömür xəritəsinə çevirməyi bacaran nadir simalardandır.
Qulu Ağsəsin yaradıcılıq cığırı çox erkən yaşlardan, hələ uşaq ikən başlayıb. İlk mətbu şeirinin 1980-ci ildə, cəmi 11 yaşında “Pioner” jurnalında dərc edilməsi gələcəyin böyük şairindən xəbər verirdi. Zaman keçdikcə bu istedad daha da cilalandı və 1990-cı ildə “Ulduz” jurnalında işıq üzü görən silsilə şeirləri ədəbi mühitdə ciddi əks-səda doğurdu. Şairin taleyi təkcə poeziya ilə deyil, həm də mətbuatla sıx bağlandı. 1991-ci ildə “168 saat” qəzetində başlayan jurnalist fəaliyyəti, sonradan “Azad Azərbaycan” qəzetində müxbir, məsul katib, baş redaktor, eləcə də Azərbaycan Dövlət Teleradio Şirkətində redaktor, şöbə müdiri və baş redaktor müavini kimi məsuliyyətli vəzifələrlə davam etdi. Onun hər bir publisistik yazısında, hər bir redaktor qeydində jurnalist itiliyi ilə şair həssaslığı bir araya gəlirdi. Nəhayət, 2004-cü ildə baş redaktor müavini kimi fəaliyyətə başladığı “Ulduz” aylıq ədəbiyyat dərgisinə 2014-cü ildən bu günə qədər baş redaktorluq etməsi, onun müasir ədəbi prosesin tən ortasında dayandığının ən bariz sübutudur.
Qulu Ağsəsin şeirlərində zaman və insan münasibətləri qeyri-adi bir bədiiliklə təqdim olunur. O, gündəlik həyatın adiliyində böyük fəlsəfəni görə bilir. Həyatın müvəqqətiliyini, gecə ilə gündüzün əbədi növbələşməsini insanın taleyi ilə elə bağlayır ki, oxucu sarsıdıcı bir vizual lövhənin şahidinə çevrilir:

Görsən ki, qaranlıq çökür aləmə,
Görsən ki, axşamdı… fikir eləmə.
Bir uçuq yuxudu gecənin boyu
Nə qədər imkan var rahatlan, uyu…
**
Qəflətən bir çağa salar hay-həşir
Səhər – körpəsidi doğan Günəşin.
Onu ovutmağa tələsər hamı,
Beləcə, salarlar yenə axşamı.

Şairin dünyagörüşündə ironiya və realizm daxili bir sızıltı ilə birləşir. O, ətrafındakı haqsızlıqlara, dünyanın gərdişinə bəzən eynəyin arxasından, bəzən ise birbaşa qəlbinin açıq yarasından baxır. Onun misralarında həyatın acı həqiqətləri belə estetik bir formaya düşür:

Çox da salıb dünyanı eynəyim gözdən – nolar
Ağız suyuyla bitir dodaqda söz də – nolar…
Ölüm nə çətin işdi, gör nə gözəl cəzan var,
Dörd tərəfin köpəksə, demək, mühafizən var…

Qulu Ağsəs lirikaşünaslıqda saf və təmənnasız sevginin tərənnümçüsü kimi çıxış edir. Lakin bu sevgi vüsalla bitən adi nağıllardan deyil; o, daxili çırpıntılarla, tənhalıqla və bəzən də intiharsayağı bir fədakarlıqla yoğrulub. Şair sevdiyinin gəlişini “başdan ayağa kimi” sevməyi, onun qoynunda bir çağatək ağlamağı arzulayır. Getməyin belə bir zərifliyi, bir dramı var onun poetik dünyasında:

Sevəsən bu gəlişi başdan ayağa kimi
Küsdürəndə ağlaya qoynunda çağa kimi…
Gedəndə könlünü də yalvar – yapış apara
Gün görməmiş dərisin gün çıxmamış apara…

Eyni zamanda, o, sevginin gətirdiyi izdihamdan qaçıb tənhalığa sığınmaq istəyir. Ürəyini yoldan ötənə açmaq bahasına olsa belə, sevgilisini o müqəddəs məkanda tək saxlamağa çalışır. Çünki onun üçün əsl sevgi gizli qalan, Allaha və bəndəyə bəyan edilməyən gizli bir dünyadır:

Bir qiz bir oğlana çoxuymuş, demə,
Sevdim təklənəsən… çoxaldın, gülüm.
Açdım ürəyimi yoldan ötənə,
Təki ordan səni çıxardım, gülüm…


Bunu bir mən bilim, bir də sən Ancaq,
Ölüncə bu gözəl sirr bəsimizdi.
Bizə nə yurd versin, nə yuva Allah,
Sənə ayırdığım yer bəsimizdi!.

Lakin illər keçdikcə sevginin mahiyyəti şairin gözündə dəyişir, fəlsəfi suallara və bəzən də bir geri çəkilməyə çevrilir. “Məni sevməklə dala çəkirsən” deyən şair, sevginin indi bəlkə də gələcəyə yox, keçmişə, xatirələrə tərəf açılan qapı olduğunu bəyan edir:

Bilmirəm dünyanın xoşbəxti deyim,
Bilmirəm dünyanın bədbəxti sənə.
Düzü, istəmirəm xətrinə dəyim,
Cavab axtarıram nə vaxtdı sənə…
**
Kimsə ayağını qoymaz içəri –
Könlümün keşiyin balam çəkirsə.
Sevgi ötən gündür məndən ötəri,
Sən məni səvməklə dala çəkirsən.

Qulu Ağsəs fildişi qülləsində oturub yalnız buludlardan yazan şair deyil. Onun poeziyası cəmiyyətin ən ağrılı yerinə toxunmağı bacarır. Müharibənin gətirdiyi fəsadlar, Vətən uğrunda canını, sağlamlığını qoyan bir insanın sosial və mənəvi dramı onun misralarında heç bir pafosa varmadan, bütün çılpaqlığı və acılığı ilə təqdim olunur. “Müharibə əlili” şeiri Azərbaycan poeziyasında bu mövzuda yazılmış ən sarsıdıcı, ən dürüst və ictimai vicdanı oyadan nümunələrdən biridir:

Üzdü ayaqlarımı Vətən yolu
qayıtdım üzüqoylu…
qayıtdım
qurşağımın yuxarı qatıyla,
qayıtdım
əlil arabasının atıyla…
İki balam gözüyaşlı
arvadım başıdaşlı…
Yazıq hər əmrə müntəzir:
həm məni gəzdirir,
həm … özü gəzir…
Süfrəmdə haram var – dinmirəm,
İki ac balam var – dinmirəm.
Dinmirəm
gül ağzı açılanda heyrətin:
«Vətəni qorudun, bəs öz qeyrətin?!»
… Üzdü ayaqlarımı Vətən yolu
bu da mənə «sağ ol»u…

Bu misralar təkcə bir qazinin taleyi deyil, həm də cəmiyyətin, insanların laqeydliyinə qarşı şairin çəkdiyi böyük bir üsyandır. Qulu Ağsəs bu ağrını öz içindən keçirərək oxucuya ötürür.
Şair yaradıcılığında sənətkarın taleyi, yaradıcılıq iztirabları da ana xətlərdən birini təşkil edir. O, şeirin sadəcə qafiyə xatirinə yazılmadığını, hər misranın arxasında bir yaşantı, bir hekayə dayandığını vurğulayır. Müasir dünyanın bozluğunu, insanların laqeydliyini “ulduzların yanmayıb, his eləməsi” kimi dərin bir bənzətmə ilə ifadə edir. Şair üçün ilham, istedad bəzən sadəcə bir bəhanədir; əsl dərd daxildəki o bitib-tükənməyən ağrılardır:

Bəzi şeirlərin hekayəsi var,
Bəzi xoşbəxtliyin qafiyəsi var.
Buludlar yağış yox, toz ələyirlər
Ulduzlar yanmır ha… His eləyirlər.
**
Beş-üç arzu etməz ömrün qalığı
Didir başımızı kəpək balığı.
Daş-daş oynanılan bir aynabəddi,
Aman umduqları amana bənddi.
**
Nə talant? Nə vergi? Nə sehr? – Adam
Günü axşam edir bikarçılıqdan.
Yaxşı pəhrizi var iztirabların
Nə özüm kökəldim, nə kitablarım…

Bu misralar şairin sənətə və həyata olan dürüst münasibətinin göstəricisidir. O, iztirabların pəhrizi ilə yaşayır, daxilən təmizlənir və bu təmizlik onun kitablarına yansıyır.
Qulu Ağsəsin təbiətə baxışı da fərqlidir. O, dağı sadəcə bir coğrafi relyef kimi görmür; onun gözündə dağ – taleyi gətirməyən, yoxsul və kimsəsiz bir insan kimidir. Bu metafora sənətkarın bədii təxəyyülünün miqyasını göstərir:

Dağa bax…sən allah
nə gündədi
Ayağı ayağına dolaşan
beş-altı ağacdı
qozbel torpağı
balatası qaçmış kündədi…
Dili yoxdu
ildırım vuranda çığıra
pulu yoxdu
özünə lift çəkdirə,
dərəni qonaq çağıra…

Şairin daxili dünyasını gəmirən dərdi fərqlidir. O dərd o qədər amansızdır ki, şair onu ilahi mərhəmətdən uzaq, “allahsız” adlandırır. Lakin bu dərdin bir gün hər kəsə bəyan olacağı günü də poetik bir intizarla gözləyir:

Rəngsizdi, tamsızdı,
ətsiz-qansızdı,
Allahsız, imansızdı,
Mən çəkən dərdlərin.
**
Nəfsi bıçaqdan iti,
içimi dağıdır, didir,
vecinə deyiləm qəti
Mən çəkən dərdlərin.
**
Dərdi nə çəkiləsidi,
nə qaçılacaq,
Mən çəkən dərdlərin.
…Bir gün “sərgisi” açılacaq,
Mən çəkən dərdlərin.

Qulu Ağsəs poeziyasının ən maraqlı, cəsarətli və bəlkə də ən çox müzakirə olunan tərəfi onun Yaradanla qurduğu səmimi, bəzən də ərkyana dialoqdur. O, insanın bu nəhəng və mürəkkəb kainatda öz yerini axtarmasındakı çarəsizliyini gizlətmir. Dünyanın nizamsızlığına qarşı daxili bir etiraz və heyranlıq eyni misrada birləşir:

Kimsən, nəçisən, ay Allah –
Heç səndən baş tapammadıq.
Özün qurduğun dünyada
Sənə bir iş tapammadıq.

Amma bu etiraz heç vaxt tam üsyana çevrilmir, əksinə, Tanrının möcüzələrinə – qışda donan ağacın yasına baharda yarpaq yazdıran uca nizamına heyranlıqla, böyük bir təslimiyyət və şükranlıqla nəticələnir:

Bir yol yatağından qalxmayan bu çay
Qoluna döyməni nə vaxt yazdırıb?
Qış günü soyuqdan ölən ağacın
Yasına mart ayı yarpaq yazdırıb…

Şükür o göydəki ismin halına,
Şükür yağışına, şükür qarına.
Şükür adımızı öz jurnalına
Əcəl adqoydudan qabaq yazdırıb…

Ölüm mövzusu Qulu Ağsəs yaradıcılıq fəlsəfəsində qorxulu bir son deyil, sirli bir yoxlanış, bəzən isə mistik bir “yuxu”dur. İnsanın ölümlə olan çarəsizliyini, Tanrının əbədiliyi qarşısındakı acizliyini şair son dərəcə sarsıdıcı misralarla ifadə edir. Bu müraciətdə həm bəşəri bir xof, həm də Allaha olan gizli bir sevgi var:

Dan yeri – gecənin göydə od tutan bağrıdı.
Xəbərin varmı? – Bilmirəm.
Hərəmiz borcludu bir can ölümə,
Ölsək də, tapmarıq əncam ölümə.
Tanrı qırmır bizi… Ancaq ölümə yoxladır.
Xəbərin varmı? – Bilmirəm…
**
Yastıq qoyub başımıza
əcəb yatırdın bizi.
Aç gözünü, qaranlığın
Qırıb batırdı bizi.
**
Milyon illərdi yeyirik
Süfrənin qırağından.
Çörək bizi tutar deyin,
Dinmirəm qabağından.
**
Nə boydasan görən heylə?
Bir ölçüyə gəlmirsən?
Baş çəkmirsən qullarına
Bizə niyə gəlmirsən?
**
…Özünü görməsək də,
Xofun yamandı, Allah!
Bizi qırıb qurtarmamış,
Ölmə, amandı, Allah!..

Şairin yaradıcılığında valideyn mövzusu, xüsusilə ana və ata obrazı o qədər təbii və kövrək işlənib ki, oxuyarkən insanın boğazı qəhərlənir. Ananın dünyadan köçməsini “atamın iş yerinə yollandı” kimi mistik və saf bir dillə təqdim edən şair, ölümün o biri üzündəki cənnəti ailə bütövlüyündə görür. Və ən nəhayət, yaşından asılı olmayaraq, valideyn qarşısında özünü uşaq hiss edən insanın o müdhiş qorxusu və həyası:

Anam bu dünya evində
tumanı qırışanacan oturdu.
Dan atdı- gün batdı,
şər qarışanacan oturdu.
**
Axşam qonşu arvad
çay süzdü, yemək çəkdi ərinə.
Anam başımız üstdən
yollandı atamın iş yerinə.

Bilirəm, tapıb onu- lap qır qazanında olsa.
Hər yer cənnətdi kişiyə- arvad yanında olsa!
Görən nə deyib məndən anam orda atama?
Bircə “yetim” deməsin- kişi utanar…

Bu misralar şairin daxili dünyasının nə qədər təmiz, ailə bağlarına necə bağlı və valideyn ruhuna necə böyük ehtiram bəslədiyinin poetik heykəlidir.
Qulu Ağsəsin bu bənzərsiz yaradıcılığı həm dövlətimiz, həm də beynəlxalq ədəbi qurumlar tərəfindən hər zaman yüksək qiymətləndirilib. O, Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü və Azərbaycanın Əməkdar jurnalistidir. Onun poeziyası hələ 1993-cü ildə Azərbaycan Tərcümə Mərkəzinin “Altay-Alp” mükafatına, sonrakı illərdə isə Şahmar Əkbərzadə, Rəsul Rza Beynəlxalq Ədəbiyyat mükafatlarına, Fikrət Sadıqın xatirəsinə təsis olunmuş “İşıq” və Mikayıl Müşfiq ədəbi mükafatlarına layiq görülüb.
Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin və Avrasiya Yazarlar Birliyinin üzvü olan Qulu Ağsəsin səsi çoxdan ölkə hüdudlarını aşıb. Onun şeirləri türk, rus, özbək, gürcü, ukrayna və polyak dillərinə tərcümə edilərək xarici oxucuların da qəlbini fəth edib.
Qulu Ağsəs bu gün də yazır, yaradır və “Ulduz” jurnalının rəhbəri kimi gənc nəslə yol göstərir. Həyatı poeziya pəhrizində keçən şairin hər yeni misrası ədəbiyyatımızın xəzinəsinə yeni bir inci kimi daxil olur. O, öz bənzərsiz “Ağsəs”i ilə Azərbaycan poeziyasının göy üzündə həmişə parlayacaq bir ulduzdur.

Müəllif: Hüseyn İsaoğlu,

yazıçı-publisist,
AYB-nin və AJB-nin üzvü

Hüseyn İsaoğlnun yazıları

QULU AĞSƏSİN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Göyçədən ucalan söz zirvəsi

Göyçədən ucalan söz zirvəsi 
(Aşıq Ələsgər)
     Azərbaycan aşıq poeziyası əsrlər boyu xalqın ruhunu, sevincini, kədərini və fəlsəfi dünyagörüşünü özündə yaşadan ən qədim sənət növlərindən biridir. Bu zəngin xəzinənin içərisində elə bir imza var ki, onun işığı təkcə yaşayıb yaratdığı XIX əsri və XX əsrin əvvəllərini deyil, yüzillikləri aşaraq günümüzü də aydınladır. Bu parlaq sima, Azərbaycan aşıq şeirinin ən uca zirvələrini fəth edən ustad sənətkar – Aşıq Ələsgərdir.
    Aşıq Ələsgərin ömür yolu XIX əsrin əvvəllərində, Azərbaycanın ən füsunkar guşələrindən biri olan, sazın və sözün beşiyi sayılan Göyçə mahalında başlamışdır. Gözəlliklər qoynunda dünyaya göz açsa da, gələcək ustadın uşaqlıq və gənclik illəri heç də hamar keçməmişdir. Kasıb bir ailədə doğulan Ələsgər, həyatın sərt üzü və maddi çətinlikləri ilə çox erkən yaşlarında qarşılaşmalı oldu. Lakin bu çətinliklər onun daxilindəki sənət alovunu söndürə bilmədi, əksinə, onu daha da cilaladı, xalqın dərdinə və sevincinə daha yaxından bələd olmasına şərait yaratdı. Ələsgərin daxilindəki poeziya hissi yeniyetməlik çağlarında, ətrafında gördüyü xalq sənətkarlarının, el aşıqlarının təsiri ilə baş qaldırdı. O, ilk şeirlərini məhz bu təbii, saf mühitin təsiri ilə söyləməyə başladı.
    Aşıq Ələsgər yaradıcılığının təməlində, onun başlanğıc nöqtəsində böyük və ülvi bir sevgi dayanır. Onun qoşmalarını, gəraylılarını oxuyarkən insan ruhunu ehtizaza gətirən o ecazkar səmimiyyətin sirri də məhz bu real sevgidir. Sənətkarın gənclik illərində yaşadığı nakam sevgi – Səhnəbanıdan ayrılıq dərdi onun yaradıcılığında dərin izlər buraxdı. Lakin bu ayrılıq onu sındırmadı; əksinə, gənc Ələsgərin ilhamı daha da coşub-çağladı. Səhnəbanıdan ayrılandan sonra onun çalıb-oxumağa, söz deməyə meyli, daxili axtarışları daha da çoxaldı. Aşıq Ələsgər şeirlərinin ömrünün az qala əbədi kimi görünən taleyini həmin sevgidən uzaqda təsəvvür etmək sadəcə qeyri-mümkündür. O, öz şəxsi ağrısını elin, obanın dilində dastanlaşan ümumbəşəri bir sənət əsərinə çevirməyi bacardı. Aşığın şah əsərlərindən olan “Mənim” qoşmasında bu tale yanğısı özünü aydın büruzə verir:

Bilmirəm ki, nə bəlalı qul oldum,
Əzəl qara gəldi iqbalım mənim.
Nə zaman ki, nəzərimə sataşır,
İtir ağlım, huşum, kamalım mənim.
***
Əsli-Kərəm kimi mən oda yandım,
Eşqə düşdüm, öz canımdan usandım,
Bimürvətin atəşinə qalandım,
Bir soruşan yoxdu əhvalım mənim.

    Bu mənəvi yanğının fəlsəfi zirvəsi aşığın “Yandırır” qoşmasında da bədii həllini tapır. Eşqin insan iradəsini və maddiyyatı aşan gücü burada daşları, dəmirləri əridən ilahi bir qüvvə kimi təsvir olunur:

Arif olan insafından keçməsin,
Mən fağırı qəm ataşı yandırır.
Heç kimsəni eşq oduna düşməsin,
Ahəni əridir, daşı yandırır.
***
Hər kim görmək istər yarı pünhandan,
Daim çəkər ahü-zarı pünhandan,
Atəşi ürəkdən, narı pünhandan,
Kirpiyi oxlayır, qaşı yandırır.

   Oğlundakı bu coşqun istedadı, sözə və saza olan sonsuz sevgini görən atası Alməmməd kişi, Ələsgəri dövrünün ən böyük ustadlarından biri olan qızılvəngli Aşıq Alının yanına apardı. Beləliklə, Ələsgərin həyatında keyfiyyətcə yeni bir mərhələ – peşəkar şəyirdlik dövrü başladı. Aşıq Alı kimi nəhəng bir sənətkardan dərs almaq, onun məclislərində bişmək Ələsgər üçün böyük bir məktəb oldu. Ustad sənətkar çoxşəyirdli bir ustad, şöhrəti mahalları aşan bir el sənətkarı olsa da, daxili dünyasında hər zaman ustadına minnətdarlıq hissi daşımışdır. Kamil olmağın yolunu hər zaman öyrənməkdə görən Ələsgər bu münasibəti belə vəsf edirdi:

Yazıq Ələsgərəm, azdı kamalım,
Vacibdi ki, bir ustaddan dərs alım,
Dərs aldım, öyrəndim, oldu öz malım,
Bizdən ustadlara nəfi-rəhmətdi.

   Özünü “abdal” – haqq aşiqi, söz dünyasının saflığına qovuşmuş “zülal” adlandıran dahi sənətkar, sazın dəyərini bilənlərin qarşısında öz mövqeyini ifadə edirdi:

Yazıq Ələsgərəm, abdal olmuşam,
Seçilib cövhərdən zülal olmuşam,
Sən ağ çalsan, mən də göy çal olmuşam,
Lazımdı ki, çalın qədrin çal bilə.

   Şəyirdlik dövrünü başa vurduqdan sonra Ələsgər əvvəlcə Göyçədə aşıqlıq etmiş, ağır toy məclisləri aparmışdır. Tezliklə onun şöhrəti qonşu mahallara yayılmış; İrəvana, Naxçıvana, Qazaxa, Qarabağa, Cavanşir ellərinə, Gəncəyə, Kəlbəcərə çağrılmış, hər yerdə özünün yüksək mərifəti, ədəbi, gözəl səsi, bənzərsiz ifası ilə məclisdəkiləri heyran qoymuşdur. Bu keyfiyyətlər onu Azərbaycanın hər yerində məşhurlaşdırdı. Tezliklə aşığın ətrafına çoxlu şəyirdlər toplaşdı, Ələsgər onlara aşıqlıq sənətinin sirlərini başa saldı. Bu aşıqların çoxu sonralar görkəmli sənətkar kimi tanındılar. Ustad özü şeirlərinin birində iftixarla deyirdi:

Adım Ələsgərdi, mərdi-mərdana,
On iki şəyirdim işlər hər yana.

   Aşıq Ələsgər poeziyası həm də Azərbaycan qadınının, onun milli geyim mədəniyyətinin və təbii gözəlliyinin bədii ensiklopediyasıdır. Onun məşhur “Yaraşır” qoşmasında idealizə edilən gözəl obrazı təkcə fiziki cəhətdən deyil, həm də mənəvi statusu ilə behişt məleykələrinə, huri-qılmanlara bənzədilir:
      
Sinəm dərd əlindən oldu yaralı,
Səni görənlərin çaşır xəyalı,
Bürüyüb zülfünü başının şalı,
Heratı kəlağay şala yaraşır.
***
Olmaz sənin kimi bir qönçə dəhan,
Behiştdən gəlibsən, ay huri-qılman!
Tutubsan dəstində bənövşə, reyhan,
Gülgəz yanağına lala yaraşır.

   Ustad sənətkarın yaradıcılığı təkcə sevgi tərənnümü ilə bitmir. O, həm də cəmiyyətin daxili nizamını qoruyan mənəviyyat fədaisidir. “Yaxşıdı” qoşmasında xalq müdrikliyinin, düzgünlüyün insanı ucaltması, qonşuya xor baxmağın gətirdiyi mənəvi rəzalət və ailə  bütövlüyü öz əksini tapır:

Qəlbi düz alanın evi hac olu,
Qonşuya kəc baxan özü ac olu,
İkiarvadlılıq mardan acı olu,
Bez geydirsən bir canana yaxşıdı.
***
Ələsgər Kövsərdən badə içəndə,
Gəşt eləyib, mərd iyidi seçəndə,
Güzəran xoş olub, gün xoş keçəndə,
Ağ otaqdan tövləxana yaxşıdı.

     Ələsgərin ictimai-əxlaqi fəlsəfəsində dostluq, sədaqət və ilqara sadiqlik hər şeydən uca tutulur. Maddi dünyanı mənəviyyata qurban verməyən ustad, namus və dürüstlük prinsiplərini kəskin misralarla bəyan edir:

Haqq meyi islama haram buyurub,
Dərd tüğyan eyləsə, mey içmək olar.
Dostun məzəmməti adam öldürür,
Düşmanla söyüşüb, döyüşmək olar.
***
İyid odu namusunu atmasın,
Dost ölüncə dosta yalan satmasın,
Bir baş ki ilqara qurban getməsin,
Onu bir qarpıza dəyişmək olar.

   Aşıq Ələsgər yaradıcılığının ən monumental səhifələrindən birini onun təbiət lirikası, xüsusən də məşhur “Dağlar” şeirləri təşkil edir. Göyçənin füsunkar, uca və dumanlı dağları aşığın gözündə canlı bir varlıq, sirdaş və cəmiyyətin daxili təlatümlərini əks etdirən mənəvi sığınacaqdır:

Gahdan çiskin tökər, gah duman eylər,
Gah gəlib-gedəni peşiman eylər,
Gahdan qeyzə gələr, nahaq qan eylər,
Dinşəməz haramı, halalı dağlar.
***
Köçər ellər, düşər səndən aralı,
Firqətindən gül-nərgizin saralı,
Ələsgər Məcnuntək yardan yaralı,
Gəzər səndə dərdli, nalalı, dağlar!

    Yaylaqlardan ellər köçəndə, gözəllər o seyrəngahları tərk edəndə aşığın qəlbindən qara qanlar axır. O, Həsənnənə, Həsənbaba, Xaçbulaq kimi doğma yurd yerlərinin adını çəkərək bütöv bir xalqın yaşayış tərzini mətndə əbədiləşdirir. Amma bu dağların taleyi həm də münaqişələrin gətirdiyi sərt ictimai reallıqlarla çarpazlaşır:

Hanı bu yaylaqda yaylayan ellər?
Görəndə gözümdən car oldu sellər,
Seyr etmir köysündə türfə gözəllər,
Sancılımır buxağa güllərin, dağlar!
***
…İyid nərəsindən, güllə səsindən,
Dəyməmiş tökülür kalların, dağlar!
***
Həsənnənə, Həsənbaba qoşadı,
Xaçbulaq yaylağı xoş tamaşadı,
Arsız aşıq elsiz niyə yaşadı?!
Ölsün Ələsgərtək qulların, dağlar!

   Aşığın şeirin sonunda özünü qınaması, “Arsız aşıq elsiz niyə yaşadı?!” nidası onun öz xalqına, torpağına və elinə olan sonsuz bağlılığının ən yüksək humanist və vətənpərvər ifadəsidir.
    Aşıq Ələsgərin yaşlı vaxtında qələmə aldığı, ömrünün fəlsəfi yekunu sayıla biləcək şah əsərlərindən biri də “Qoca baxtım” qoşmasıdır. Burada o, öz keçmiş günlərini, gənclik coşqusunu, sənətdə qazandığı uğurları xatırlayaraq öz baxtı, taleyi ilə təsirli bir dialoqa girir. Zamanın amansızlığı qarşısında könlünün sınıqlığını dilə gətirən ustad, qocalıq çağında belə haqq yolundan dönməməyi, halallığa sığınmağı bəyan edir:

Nə sevda tapıbsan, nəyə talıbsan,
Hansı qəflətdəsən, gəl, qoca baxtım!
Ya məndən küsübsən, ya qocalıbsan,
Bu sınıq könlümü, al, qoca baxtım!
***
Mardan şirə çəkib, daşdan keçərdin,
Dəryalardan ləlü-gövhər seçərdin,
Pərvazlanıb Qafdan-Qafa uçardın,
Keçən günü yada sal, qoca baxtım!
***
Ələsgər kəsilib səbrü-aramdan,
Oxlayıbsan, qanlar axır yaramdan,
Sövdə qıl haqq ilə, əl çək haramdan,
Halaldan mətləbin al, qoca baxtım!

     Aşıq Ələsgər Azərbaycan və ümumən türk şeirinə verdiyi misilsiz töhfələrlə ədəbiyyat tariximizdə silinməz və əbədi bir iz qoymuşdur. O, aşıq poeziyasını həm məzmun, həm forma rəngarəngliyi baxımından zənginləşdirmiş, saf, duru və axıcı xalq dilinin ən gözəl nümunələrini yaratmışdır. Qoşma, gəraylı, təcnis kimi formalar onun yaradıcılığında özünün ən kamil bədii ifadəsini tapdı. Onun irsi bu gün də milli mənliyimizin, dilimizin zənginliyinin və sazımızın ölməzliyinin ən böyük sübutudur.

Müəllif: Hüseyn İsaoğlu,

yazıçı-publisist,
AYB-nin və AJB-nin üzvü

Hüseyn İsaoğlnun yazıları

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Səftər Dadaşov — 65

Ömrün zirvəsində ucalan dostluq və ziyalılıq ehtiramı

Səftər Dadaşov — 65

Həyat adlandırdığımız bu uzun və dolanbaclı yolda minlərlə insanla qarşılaşırıq. Kimisi gəlib-keçici bir iz qoyur, kimisi isə sadəcə xatirəyə çevrilir. Lakin elə insanlar da var ki, onlar ömrümüzün ən etibarlı dayağına, varlığı ilə bizə güc verən uca bir dağa çevrilirlər. Xalq müdrikliyi nahaq yerə demir ki, əsl dost ya bir olar, ya iki; həqiqi dostların sayı əlin barmaqlarını keçməz. Bu baxımdan özümü bəxtiyar insan hesab edirəm ki, tale mənə Səftər Dadaşov kimi etibarlı, sadiq bir dost və qardaş bəxş edib.
Bu ilin noyabr ayında ömrünün müdriklik zirvəsinə — 65 illik yubileyinə qədəm qoyan Səftər müəllim mənim üçün sadəcə bir tələbə yoldaşı deyil; o, zamanın və sınaqların dəyişə bilmədiyi böyük bir mənəvi dəyər, sarsılmaz bir mənəviyyat qalasıdır.
Deyirlər, ən gözəl illər göz qırpımında keçən illərdir. Səftər müəllimlə ilk dəfə tanış olduğumuz 1983-cü ili xatırlayanda, sanki o unudulmaz günlər dünən olubmuş kimi gözlərim önündə canlanır. İllər bir-birini sürətlə əvəz etsə də, hər anını ehtiramla xatırladığım o tələbəlik illəri, gənclik xatirələri qəlbimdə silinmez izlər qoyub. Həyatın həm şirin, həm də acı günlərində, dərdləri və sevincləri mənimlə sonsuz bir səmimiyyətlə bölüşdüyü üçün ona hər zaman minnətdaram. İndi ötən hər ili, hər günü fərəhlə geridə qoyuruq; çünki əminəm ki, aramızdakı əsl dostluq bağları zaman keçdikcə daha da möhkəmlənir. Biz yaxşı gündə də, çətin sınaqlarda da yenə bir yerdə, çiyin-çiyinə addımlamağa davam edirik.
Səftər İsmayıl oğlu Dadaşov 14 noyabr 1961-ci ildə Azərbaycanın ən füsunkar guşələrindən birində — Talış dağlarının ətəyində yerləşən, uca zirvələri və saf təbiəti ilə seçilən Yardımlı rayonunun Ərsilə kəndində, ziyalı bir qulluqçu ailəsində dünyaya göz açıb. Doğulduğu torpağın məğrurluğu, dağların vüqarı onun xarakterinə və mənəviyyatına dərindən sirayət edib. Elə bu sarsılmaz xarakterin, elmə və təhsilə olan tükənməz bağlılığın nəticəsidir ki, o, illər sonra doğma yurduna bir nur, bir işıq kimi geri dönmüşdür.
Səftər müəllim hazırda doğulub boya-başa çatdığı Yardımlı rayonu Ərsilə kənd tam orta məktəbinin direktoru vəzifəsində çalışır. O, bir Azərbaycan dili və ədəbiyyat müəllimi, gözəl insan, təcrübəli və qayğıkeş bir pedaqoq kimi gənc nəslin təlim-tərbiyəsində misilsiz xidmətlər göstərir. O, təkcə bir təhsil ocağının rəhbəri deyil, həm də doğma dilimizin incəliklərini gənclərə sevdirən, onların gələcək yolunu aydınladan bir mayak, elinin-obasının sevilən və böyük hörmət bəslənilən baş ziyalısıdır.
Səftər müəllimin həyat fəlsəfəsini və insani keyfiyyətlərini bəlkə də ən gözəl ifadə edən bənzətmə göy üzündə bərq vuran ulduzlardır. O, ətrafına səssizcə nur çiləyən bir ulduz kimidir; hər zaman göz önündə olmasa da, varlığına sığındığın, hər an qəlbinin səninlə döyündüyünü bildiyin sadiq bir sirdaşdır. İnsan bəzən bu mürəkkəb həyatda özünü tənha və çarəsiz hiss edə bilər. Lakin belə anlarda sənə ürəyində böyük bir yer ayıran, kədərini də, sevincini də səninlə eyni səmimiyyətlə bölüşən bir dostunun varlığını bilmək ən böyük təsəllidir. Mənim çətin günlərimdə, taleyin ağır sınaqları ilə üz-üzə qaldığım anlarda Səftər bəy hər zaman fədakarlıqla yanımda oldu. Onun mənəvi dəstəyini hər an arxamda hiss etdim, qayğısını və səmimiyyətini ruhumda duydum.
Böyük mütəfəkkirlər deyirlər ki, həqiqi dostluqdan məhrum bir ömür notsuz musiqi kimidir — ruhsuz və harmoniyasızdır. Bizim 1983-cü ildən başlayan və bu gün də eyni coşqu, eyni təmizliklə davam edən dostluğumuz, qardaşlığımız mənim həyatımın ən gözəl, ən həzin melodiyasıdır. Bu gün məsafələr bizi cismanən bir-birimizdən uzaq salsa da, bu coğrafi uzaqlıq ruhlarımızın yaxınlığına heç vaxt mane ola bilməyib. Çünki əsl dostluq məsafə tanımır, sərhəd bilmir. Bu xoşbəxt yubiley günündə onun yanında fiziki olaraq olub-olmayacağımı zaman göstərəcək. Lakin bir şeyi tam əminliklə və böyük fəxrlə deyə bilərəm: o, hər zaman mənim qəlbimdədir və mənim ürəyim onun ürəyi ilə həmahəng döyünür.
İnsan yaşa dolduqca bəzən doğum günlərini sevməz, çünki illərin ötdüyünün, qocaldığının fərqinə varar. Lakin hər yaşın özünəməxsus bir gözəlliyi, ucalığı və müdrikliyi var. 65 yaş da məhz bu müdriklik zirvəsinə çatmanın ən gözəl məqamıdır. İnsan qəlbini daim gənc, gümrah və xoşbəxt saxlamağı bacararsa, heç bir təqvim, heç bir rəqəm onu qocalda bilməz. Səftər müəllim də daxilən hər zaman gənc qalan, tükənməz enerjisi və ziyalılığı ilə ətrafına nur saçan bir şəxsiyyətdir. Onun geridə qoyduğu illər sadəcə təqvim vərəqləri deyil; onlar şərəflə yaşanmış bir ömrün, qazanılmış sarsılmaz nüfuzun və cəmiyyətə bəxş edilmiş yüzlərlə işıqlı şagirdin zəngin irsidir.
Əziz dostum, dəyərli tələbə yoldaşım və qardaşım Səftər müəllim!
Səni ömrünün bu müqəddəs 65 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, sənə Uca Tanrıdan möhkəm cansağlığı, tükənməz ruzi-bərəkət və xeyirli uzun ömür arzulayıram. Arzuda hər zaman bir ümid var; diləyirəm ki, yeni yaşında və gələcək ömür yolunda ümidlərin hər zaman çini, addımların uğurlu olsun. Sağlamlıq, müvəffəqiyyət, səmimi sevgi, ailə xoşbəxtliyi və dinc günlər hər zaman səninlə addımlasın. Bir sözlə, qəlbinin təmizliyinə layiq olan bütün gözəlliklər bu yeni yaşınla bərabər həyatına naxış vursun.
Doğum günün mübarək, mənim sadiq, vəfalı dostum! Səni bir daha səmimi qəlbdən təbrik edir, bu əziz günə olan sonsuz fərəhimi dörd bəndlik bu ürək sözlərimlə, sənə ithaf etdiyim şeirimlə tamamlayıram:
65 yaşına gəlib çatmısan,
Altının yanından beşi sil, qardaş!
Hələ bundan sonra otuz beş il də,
Hər gün sevin, qardaş, hər gün gül, qardaş!
65 yaşına gəlib çatmısan,
Hələ yüz yaşına otuz beş il var.
Ömrün yoxuşunda yorulsan əgər,
Yaxşı əməllərin əlindən tutar.
65 yaşına gəlib çatmısan,
Qabaqda yetmiş var, səksən var hələ.
Hələ tükənməyən gənclik həvəslə,
Nə qədər arzular gül açar hələ.
65 yaşına gəlib çatmısan,
Sevincdən ələnir gözümdən bu yaş.
Allah adamısan bu yer üzündə,
Yüz il yaşamağa haqqın var, qardaş!

Dərin hörmətlə: Hüseyn İsaoğlu,

yazıçı-publisist,
AYB-nin və AJB-nin üzvü

Hüseyn İsaoğlnun yazıları

ƏKBƏR QOŞALININ YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Sözün və millətin xidmətində Əkbər Qoşalı fenomeni və dərviş hikməti

Sözün və millətin xidmətində
Əkbər Qoşalı fenomeni və dərviş hikməti

    Müasir Azərbaycan ədəbiyyatı və ictimai fikri sadəcə bədii təfəkkürün deyil, həm də milli-mənəvi dəyərlərin, ümumi türk coğrafiyasının birliyinin tərənnümçüsü olan parlaq imzalarla zəngindir. Bu imzalar içərisində şair, nasir, publisist və ictimai xadim Əkbər Qoşalının (Yolçuyev Əkbər Mehdi oğlu) özünəməxsus yeri, çəkisi və xidmətləri var. O, 1990-cı illərin çətin, lakin intibahla dolu ədəbi-ictimai mühitindən boy göstərərək, qısa müddətdə həm qələmi, həm də təşkilatçılıq qabiliyyəti ilə çağdaş mədəniyyət tariximizə adını yazdıran simalardan birinə çevrilmişdir.
     Əkbər Qoşalı 3 aprel 1973-cü ildə Azərbaycanın qədim saz-söz ocaqlarından biri olan Tovuz rayonunun Qoşa kəndində dünyaya göz açmışdır. Doğulduğu torpağın bədii-fəlsəfi havası, təbiətin və el-obanın ruhu onun gələcək yaradıcılığının əsas mayasını təşkil etmişdir. Sonradan götürdüyü “Qoşalı” təxəllüsü də elə doğma kəndinə, kökünə və yurduna olan sarsılmaz bağlılığın rəmzi təzahürüdür.
    Onun gənclik illəri Azərbaycanın müstəqillik uğrunda mübarizə apardığı və yeni dövlət quruculuğu mərhələsinə qədəm qoyduğu dövrə təsadüf edir. Əkbər Qoşalı təhsil illərində fərqli sahələri uğurla uzlaşdırmağı bacarmışdır. O, 1990–1995-ci illərdə Azərbaycan Texniki Universitetində dəqiq elmlərin sirlərinə yiyələnsə də, qəlbindəki yaradıcılıq alovu onu humanitar sferaya, dövlətçilik elminə sövq etmişdir. Bu məqsədlə o, 1998–2001-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ali təhsil alaraq, bir aydın və idarəçi kimi dünyagörüşünü daha da genişləndirmişdir. Bu mükəmməl sintez – texniki dəqiqliklə humanitar ruhun və dövlətçilik təfəkkürünün birliyi onun gələcək publisistikasında həlledici rol oynamışdır.
     Əkbər Qoşalı sadəcə masa arxasında yazıb-yaradan fərdi müəllif deyil, o, həm də bütöv bir nəslin formalaşmasında, ədəbi gəncliyin vahid platformada birləşməsində müstəsna xidmətləri olan təşkilatçıdır. 1990-cı illərdən etibarən peşəkar ədəbi fəaliyyətə başlayan ədib, qısa müddətdə mətbuatın diqqətini cəlb etmişdir. 1995-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin, 1998-ci ildə isə Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvlüyünə qəbul edilməsi onun gənc yaşlarında qazandığı böyük etimadın göstəricisi idi.
    Onun fəaliyyətinin ən parlaq səhifələrindən biri Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) qurulması (1998) və inkişafı ilə bağlıdır. 1998-ci ildə Qazaxıstanda keçirilən Dünya Türk Gəncləri Birliyinin VIII Qurultayında Əkbər Qoşalının Gənc Türk Yazarları Birliyinin başqanı seçilməsi təkcə onun deyil, bütövlükdə Azərbaycan ədəbi gəncliyinin türk dünyasındakı böyük uğuru idi.
    Əkbər Qoşalının tərtibçiliyi və redaktorluğu ilə işıq üzü görən “Qar çiçəyi”, “Türkün səsi”, “Bölgələrdən səslər”, “Çağdaş Azərbaycan ədəbi qurumları”, “Çağdaş Azerbaycan Şiiri” (Ankara), “Yeni nəsil Azərbaycan aşıqları”, “Yeni nəsil Qazax şeiri”, “Gənc Tatar şeiri”, “Gənc Qırğız şeiri” və digər toplular ümumi türk mədəniyyətinə xidmət edən misilsiz qaynaqlardır. Bu nəşrlər göstərir ki, Ə.Qoşalı üçün ədəbiyyat coğrafi sərhədləri aşan, Altaylardan Balkanlara qədər uzanan böyük bir mənəvi vəhdətdir.
      Əkbər Qoşalının publisist fəaliyyəti də zəngin və çoxşaxəlidir. O, Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanları olan tarixi “Ədəbiyyat qəzeti” və “Ulu çinar” dərgisi redaksiya heyətinin, habelə Milli Qeyri-Hökumət Təşkilatları Forumunun və CASCFEN-in İdarə Heyətinin üzvü kimi vətəndaş cəmiyyətinin və söz azadlığının qorunmasında aktiv mövqe nümayiş etdirir.
   Onun bu fədakar əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Müxtəlif nazirliklərin Fəxri Fərmanlarına, eləcə də “Rəsul Rza”, “Şahmar Əkbərzadə”, “Respublika Gənclər Mükafatı” və “Fəxri Gənc” mükafatlarına layiq görülən ədibin ən böyük dövlət təltiflərindən biri isə 15 iyul 2015-ci ildə ölkə Prezidenti tərəfindən kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilməsidir.

    Poeziyada dərviş hikməti: “Yollar gərək qutlu olsun!..”

    Əkbər Qoşalının ictimai və publisistik fəaliyyəti ilə yanaşı, onun poeziyası dərin fəlsəfi axtarışların, sufizm və dərvişlik fəlsəfəsinin müasir boyalarla ifadəsidir. Müəllifin “Yollar gərək qutlu olsun!..” adlı şeiri bu baxımdan onun poetik dünyagörüşünü, insan və zaman, haqq və yol haqqındakı fəlsəfi qənaətlərini anlamaq üçün mükəmməl bir bədii nümunədir.
   Şair əsərdə birbaşa Şərq mistisizminin və müdrikliyinin simvolu olan “dərviş” obrazına üz tutur. Şairin dərvişə verdiyi sual zahirən məişət xarakterli görünsə də, daxilən dərin fəlsəfi təzada əsaslanır:

“Bu gün mənim sualım var –
Sualım var dərvişə.
Dərviş, görüm
saqqalına qırov düşsün,
sözün yerə düşməsin…
Söylə, dərviş,
uzanınca yatağına
sən o yorğun saqqalını
yorğanın üstə qoyursan,
yoxsa yorğan altına?..”

     Dərvişin bu suala verdiyi cavab şairin zaman konsepsiyasını ortaya qoyur. Müdrik dərviş saqqalını yorğanın deyil, “illərin üstə” qoyduğunu deyir. Bu, ömür yolunun, qazanılan mənəvi təcrübənin yaddaş süzgəcindən keçərək uzanmasıdır. Ən əsası isə dərviş nə qışda, nə də yayda “naxələf söz gəzdirmədiyini” bəyan edir ki, bu da Əkbər Qoşalının özünün həyat amalı olan sözə sadiqlik prinsipinin poetik təzahürüdür:

“Qış düşüncə saqqala da
qırov düşər, gəzəryiyik;
amma nə qış, nə də yayda
naxələf söz gəzdirmədik.
Saqqalımı soruşursan –
nə yorğanın üzərinə,
nə altına qoyuram.
Mən onu qoymuşam illərin üstə…
“Uzun, incə bir yol”dursa yolumuz,
saqqal özü yaddaş kimi hey uzanar, uzanar…

    Şair dərvişin dili ilə insan xarakterinin mürəkkəbliyini və zamanın ironiyasını ustalıqla ifadə edir. “Atı tərsinə nallayan hara getsə, izi başqa səmtə çəkər” misrası dünyadakı ikiüzlülüyün, daxili və xarici dünyası tərs mütənasib olan insanların bədii ifşasıdır. Lakin bu mənzərənin qarşısında dərviş sarsılmaz bir həqiqəti xatırladır: “Amma kim aldadar yolu? Yol ayağı tanıyar…” Yolun ayağı tanıması – insanın öz taleyindən, əməllərindən və daxili niyyətindən qaçmağının qeyri-mümkünlüyünə işarədir. İnsan yolu aldada bilmez, çünki haqq yolu ancaq ona layiq olan saf addımları qəbul edir:

“Sonra, sonra nə söylədi
bizim dərviş? – Dedi dərviş:
“Atı tərsinə nallayan hara getsə,
izi başqa səmtə çəkər…
Dünya elə adamlarla doludur:
özləri bir yana gedər,
kölgələri başqa yana…
Amma kim aldadar yolu?
Yol ayağı tanıyar…”
    Şeirdə mistik və romantik ruhun birləşdiyi ən gözəl məqamlardan biri “gül suyu” metaforasıdır. Uzaq şəhərlərdə olan çox yaxın birinin göndərdiyi bu pay, əslində fiziki məsafələrin mənəvi yaxınlıq qarşısında əhəmiyyətsizliyini göstərir. Dərviş gülün və suyun hər ikisinin ayrı-ayrılıqda “haqq” olduğunu, lakin onlar qarışanda fərdi varlıqların qeyb olub vahid bir adın – eşqin, vəhdətin yarandığını vurğulayır:

“Dərviş sonra yavaş-yavaş
keçdi təzə söhbətə:
Gül suyunu soruşurdun…
Gül də haqdı öz yerində,
su da haqdır, su da haqq.
Qarışınca bir-birinə
ikisindən bir ad doğur,
qeyb olur qeyb olasılar,
qalır orda qalasılar.”

    Bu sətirlər təsəvvüfdəki “fənafillah” (haqqın içində ərimək) və əbədiyyət fəlsəfəsinin poetik dillə şərhidir. Keçici olan maddiyyat yox olur, əbədi olan mənəviyyat və sevgi isə qalır.
    Şeirin kulminasiya nöqtəsi “Dərviş elə susa bilir, dərviş elə danışır – Deyərsən ki, iki dodaq aralanan iki dünya kimidi…” Bu iki dünya arasından çıxan son nəsihət isə təkcə şeirin qəhrəmanına deyil, bütün bəşəriyyətə ünvanlanmış bir həyat fəlsəfəsidir:

“Mənim cavabımın ardınca getmə.
Özünə ver sualını;
Düz cavabı axtaranlar
bir gün, əlbət, dayanar.
Düz sualı axtaransa
ömrü boyu yol gedər…”

    Əkbər Qoşalı bu möhtəşəm sonluqla insana hazır cavablar ardınca qaçmağı deyil, daxili dünyasını sorğulamağı, daim axtarışda olmağı məsləhət görür. Çünki hazır cavab tapan insan dayanır, inkişafdan qalır. Lakin doğru sualı axtaran insan ömrü boyu təkmilləşir, mənəvi ucalığa doğru fasiləsiz bir “yol gedir”.
     Əkbər Qoşalının həm ictimai-publisistik fəaliyyəti, həm də bu şeirdə nümayiş etdirdiyi poetik təfəkkürü bütöv bir dərviş qətiyyətinin təzahürüdür. O, tərtib etdiyi kitablarla, qurduğu ədəbi körpülərlə türk dünyasının səpələnmiş dəyərlərini bir araya gətirdiyi kimi, poeziyasında da insanı öz daxili dünyası ilə üz-üzə qoyur. Yaradıcılığında həm elmi dəqiqliyi, həm də dərviş fəlsəfəsini yaşadan Əkbər Qoşalının söz yolları hər zaman qutlu, axtardığı “düz suallar” isə əbədi olsun!

Müəllif: Hüseyn İsaoğlu,

yazıçı-publisist,
AYB-nin və AJB-nin üzvü

Hüseyn İsaoğlnun yazıları

ƏKBƏR QOŞALININ YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Sözü səngərdən başlayan yazıçı

Sözü səngərdən başlayan yazıçı

(Əli bəy Azərinin yaradıcılığı haqqında)
Azərbaycan ədəbiyyatında elə imzalar var ki, onların həyat yolu rəşadətli bir tarixin, yaradıcılığı isə xalqın keçdiyi ağrılı-acılı, həm də şərəfli yolların bədii aynasıdır. Belə şəxsiyyətlərdən biri də ömrünün altımışıncı zirvəsinə qədər ucalan, həm hərb meydanında bir zabit kimi fədakarlıq göstərən, həm də qələmi ilə ədəbi cəbhədə xidmət edən ehtiyatda olan mayor, tanınmış yazıçı Əli Bəy Azəridir. Yazıçının keçdiyi şərəfli ömür yolu həm gənc nəsil üçün bir vətənpərvərlik nümunəsi, həm də müasir ədəbiyyatımız üçün zəngin bir xəzinədir.
Əli Bəy Azəri 15 İyul 1966-cı ildə Azərbaycanın cənnət məkanlarından biri olan Zəngilan rayonunun Vejnəli kəndində dünyaya göz açmışdır. Uşaqlıq illərindən təbiətin gözəlliyini, el-obanın saf mənəviyyatını ruhuna çəkən gənc Əlinin ədəbiyyata, söz sənətinə marağı ötən əsrin 70-ci illərinin sonlarında baş qaldırır. O, hələ erkən yaşlarından mətbuatda kiçik həcmli məqalələri ilə görünməyə başlayır və bu, onun gələcək böyük yaradıcılıq yolunun ilk qaranquşları olur. Lakin onun həyat xətti təkcə bədii sözlə məhdudlaşmırdı, Vətənə xidmət eşqi onu hərbi sahəyə yönəldir. Ali hərbi təhsil almaq üçün Rusiyaya yollanan Əli Bəy, orada təhsilini uğurla başa vurur və bir müddət peşəkar hərbi kadr kimi həmin ölkədə fəaliyyət göstərir.90-cı illərin əvvəllərində mənfur qonşularımızın torpaqlarımıza təcavüzü və Birinci Qarabağ müharibəsinin başlaması Əli Bəy Azərinin taleyində həlledici dönüş nöqtəsi olur. Rusiyadakı rahat hərbi karyerasını geridə qoyaraq, Vətənin çətin günündə onun harayına səs verir və dərhal Azərbaycana qayıdır. Kadr zabit kimi ön cəbhəyə atılan Əli Bəy, ölkənin ərazi bütövlüyü uğrunda gedən ən ağır döyüşlərdə iştirak edir. Müharibənin amansız qanunları və hərbi xidmətin ağır şəraiti onun bədii yaradıcılığına müvəqqəti olaraq fasilə verməsinə səbəb olsa da, cəbhədə yaşadığı, şahidi olduğu hadisələr gələcək böyük əsərlərinin xammalına çevrilirdi. O, vətəndaşlıq borcunu layiqincə yerinə yetirərək bu gün Azərbaycan Ordusunun ehtiyatda olan şərəfli bir mayorudur.
Hərbi xidmətdən təqaüdə çıxdıqdan sonra Əli Bəy Azəri daxilindəki söz fəvvarəsini yenidən canlandırır və ədəbiyyata möhtəşəm bir qayıdış edir. Onun qələmi bu dəfə hərb meydanında qazandığı təcrübəni, millətin dərdini və qəhrəmanlığını kağıza köçürməyə başlayır. Yazıçının yaradıcılıq diapazonu olduqca geniş və məhsuldardır. Bu günə qədər 15-dən çox kitabı işıq üzü görmüş sənətkar, oxucular tərəfindən rəğbətlə qarşılanan 4 irihəcmli romanın müəllifidir. Eyni zamanda müxtəlif elektron portallarda və ədəbi sərgilərdə 100-dən çox hekayəsi və 7 povesti dərc edilmişdir. Onun yaradıcılığı artıq milli hüdudları aşaraq beynəlxalq aləmdə də tanınır. Əsərləri rus və özbək dillərinə tərcümə olunaraq həmin ölkələrin nüfuzlu ədəbi jurnallarında işıq üzü görüb, həmçinin bir kitabı qonşu İran İslam Respublikasında nəşr edilmişdir.
Əli Bəy Azərinin əsərlərinin əksəriyyəti hərbi mövzulardan bəhs edən sənədli-bədii nümunələrdir. O, sadəcə təxəyyülünə sığınmır, həm də özünün yaşadığı real döyüş xatirələrini ədəbiyyata gətirir. Müəllifin “Qəmlibel müsibəti”, “Arazgersdən keçən köç”, “Erməni Borisov” povestləri, eləcə də “Hərbi Zəngilan” və “İki Zəngilanlı zabit” romanları Qarabağ müharibəsinin real bədii təsviridir, doğma yurdun müdafiəsinin və zabit şərəfinin salnaməsidir. Yazıçı fərdi yaradıcılıqla yanaşı, həm də böyük bir təşkilatçı və redaktordur. O, 2016-cı ildən etibarən nəşr olunan “Xəzan” ədəbi-bədii jurnalının baş redaktoru kimi də ədəbiyyatımızın inkişafına mühüm töhfələr verir. “Xəzan” jurnalı qısa müddətdə təkcə paytaxtda deyil, xüsusilə Azərbaycanın bölgələrində ədəbi mühitin canlanmasına, gənc istedadların üzə çıxarılmasına xidmət edən gözəl bir nümunəyə çevrilmişdir.
60 yaş ömrün müdriklik zirvəsidir. Bu zirvədən geriyə baxanda görünən mənzərə fəxr ediləsidir: Vətən qarşısında zabit borcunu layiqincə yerinə yetirmiş bir hərbçi və millətin mənəviyyatına xidmət edən fədakar bir qələm adamı! Əziz qələm dostumuz Əli Bəy Azərini 60 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona uca Tanrıdan möhkəm cansağlığı, ailə səadəti, uzun ömür və Azərbaycan ədəbiyyatının inkişafı naminə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq! Qələminiz iti, sözünüz kəsərli olsun!

Müəllif: Hüseyn İsaoğlu,

yazıçı-publisist,
AYB-nin və AJB-nin üzvü

Hüseyn İsaoğlnun yazıları

Əli bəy Azərinin yazıları

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I