
NOYABR AHƏNGI
Payız… Özündə özünəməxsus bir gözəllik cəmləşdirən fəsil.
Elə indicə isti hava bədənimizi qızdırırdı. Sanki əynimizdəki nazik geyim isti havanın hərarətini içəri buraxmırmış kimi hiss olunurdu. İndi isə təbiəti idarəetmə cilovu payız fəslinin ixtiyarına keçib.
Payız hər bir insanı özünəməxsus xəyallar aləminə aparmaq qüdrətinə malikdir. Çünki ətrafda baş verən dəyişikliklərə biganə insanın özü yoxdur. Hərçənd zahirən bu barədə düşünməsək də, batinimizdə müəyyən münasibətin formalaşdığını hiss edirik.
Ağac budaqlarından tökülən saralmış yarpaqlar diqqətimizi çəkir. Zərif əsən meh sanki xəzəlləri haralasa aparmaq istəyir. Bu zaman xəzəllərin topa-topa yığıldığı gözümüzə sataşır. Yenə də müxtəlif xəyallar şüurumuzu məşğul edir. Xəzəllərin torpağı tərk etmək istəmədiyini təsəvvür etməyə çalışırıq.
Hər halda, payızın ovqatı başqadır. Könüllərimiz bir qədər kədərli olsa da, nədənsə təbiətdən hikmət axtarmağa davam edirik. Ətrafı müşahidə etməyə çalışırıq. Müşahidə dedikdə isə iki anlayışı başa düşmək olar. İlk növbədə ətrafın gözəlliyinə, zərifliyinə tamaşa etməyi nəzərdə tuturuq. İkinci anlayış isə ətrafa heyrətlə dolu səmimi baxışlarla nəzər salaraq yurdumuzun qonağı olan payızın özünəməxsus mənzərəsini seyr etməkdir.
Birdən-birə göy üzünün qaşqabağını sallamasında da bir məna var. Sanki payızı seyr etdiyimizə görə göyün də könlü kövrəlib. Bir qədər keçdikdən sonra hisslərini cilovlaya bilməyən səma gizlicə göz yaşı tökür. Xırda-xırda damcılar bədənimizi daha da üşütməyə başlayır.
Bu zaman asfalt küçələrin kənarında həmin xırda damcılar toplanaraq hönkür-hönkür ağlamağa başlayır. Bir yerdə dayanmaq istəmədiklərindən hətta göyə sıçrayırlar… Bu mənzərəni isə yalnız müşahidə etməklə duymaq mümkündür.
Yenə də sonu görünməyən xəyallar şüurumda dolaşır. Hər birinin ardınca gedib baxıram. Ürəyimin pəncərəsini çilik-çilik edib gedən məhəbbətim yadıma düşür. Bu hadisə payız fəslində baş verməsə də, iztirabın ahəngi bənzər idi, vəssalam. Sadəcə, ətrafım sanki zülmətə çevrilmişdi. Günəş qəsdən edirmiş kimi haradasa gizlənib. Məncə, yalnız bulud halıma acıyırdı…
Göylərdə qara buludlar topa-topa, Günəş baş əyibmi, enibmi aşağı? Ürəyimin dərinliyində iztirabım çox, Nə qədər hüznlüsən, noyabr havası.
Könlümü ağaca bənzədərdim. Duyğularım yamyaşıl yarpaqlar idi. Könül ağacımın budaqlarını yarpaqlarının tərk etməsini heç istəməzdim. Yalnız məhəbbətimin qarşılıqsızlığı yarpaqları qopmağa vadar etdi. O zaman duyğularım eynilə xəzəl yarpaqları kimi hər tərəfə səpələnib getdi.
Könlümə bənzəyir uçan hər xəzəl, Bu gün yer qoynunda ayrılıq toyu. Mənim üçün hələ də məhəbbət arzu, Nə qədər hüznlüsən, noyabr havası.
Nəmli hava öz təsirini göstərməyə çalışır, sanki yaranmış vəziyyətdən istifadə edir. Ürəyim doğmalarımın məhəbbətindən uzaqlaşmış kimi hiss olunur.
Göyün göz yaşları bir an da kəsilməz, Burnuma xoş gəlmir yayılan qoxu. Məhəbbətin hərarəti qəlbimi isitməz, Nə qədər hüznlüsən, noyabr havası.
Həmin anlarda könlümün bir küncündə ümid olsa da, görünməz qalır. Fikirlərim qarışır, sonunu tapa bilmir və yenidən sonsuz düşüncələr məkanına doğru addımlayıram.
Füsunkar həyata hələ də müştağam, Ətrafıma sonsuz qəm yığıb, düzüb. Hərçənd sən incidirsən, yenə də oyağam, Nə qədər hüznlüsən, noyabr havası.
Noyabr havası ürəyimi sükut dünyasına aparır. Musiqinin sədaları yüksəldikcə misilsiz zərifliyi daha dərindən hiss edirəm. Adətən, məhəbbətdən söz düşəndə bahar fəslinin daha çox xatırlanması təbiidir. Lakin payız fəslində ayrılıq iztirabından əziyyət çəkən ürəklər ətrafı daha diqqətlə müşahidə etməyə alışır. Nəticədə qəlb iztirab çəksə də, həqiqi məhəbbət duyğusu noyabr havasının ahəngi ilə uzlaşır. O zaman könül istər xoşbəxtliyi, istərsə də qəm-qüssəni hiss etsin, hər halda bunların hamısının məhəbbət sayəsində olduğunu dərk edirsən. İxtiyarsız olaraq Yaradanımıza şükürlər edirsən!
MÜƏLLİF:
Khaitov Khusniddin (Hüsniddin Hayıt)
Halima Xudoyberdiyeva adına Yaradıcılıq Məktəbinin ana dili və ədəbiyyat müəllimi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktoru (PhD)
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında