ƏDƏBİ MÜHİTDƏ JURNALIN ROLU VƏ YERİ

ƏDƏBİ MÜHİTDƏ JURNALIN ROLU VƏ YERİ
Ədəbi mühitdə jurnalın rolu və yeri əvəzolunmazdır. Azərbaycanda ilk jurnal “Məcmueyi-bəhreyn” (Eyniləşdirmə: Məcmueyi-bəhreyn) jurnalı olub və 1883-cü ildə Bakıda nəşr edilməyə başlamışdır. Təsisçi və baş redaktoru Səid Ünsizadə olub. Jurnalda əsasən, elmi, ədəbi, dini və fəlsəfi mövzularda məqalələr dərc edilib. Cəmi bir il işıq üzü görüb və az müddət ərzində 11 nömrəsi çapdan çıxmışdır. Jurnalın hər nömrəsində maarifçilik ideyalarının yayılması mühüm rol oynamışdır.
XIX əsrin sonlarına qədər müstəqil, sırf Azərbaycan dilində yeni jurnal nəşr olunmadı. Əsas səbəb isə Çar Rusiyasının yerli mətbuata qoyduğu ağır senzura idi. Lakin həmin dövrdə jurnal formatına yaxın olan “Kəşkül” (1883-1891) məcmuəsi fəaliyyət göstərirdi.
XX əsrin əvvəllərində Azərbaycanda artıq jurnallar nəşr olunmağa başladı. Bu, 1905-ci il inqilabından sonra senzuranın yumşalması dövrünə təsadüf edir. Belə ki, 1903-1905-ci illərdə “Şərqi-rus”, 1906-cı ildə “Molla Nəsrəddin”, 1906-1907-ci illərdə isə “Fiyuzat” jurnalları nəşr olundu. “Molla Nəsrəddin” jurnalı Cəlil Məmmədquluzadənin rəhbərliyi ilə Tiflisdə nəşrə başladı. “Fiyuzat” jurnalı isə Əli bəy Hüseynzadənin redaktorluğu ilə Bakı şəhərində nəşr olunurdu. Sonralar Azərbaycan Yazıçılar İttifaqının (hazırda Azərbaycan Yazıçılar Birliyi) “Literaturnıy Azerbaydjan” (1931-ci ildən indiyədək rus dilində nəşr olunur), 1923-cü ildən “Azərbaycan”, 1960-cı illərdən sonra isə “Ulduz”, “Qobustan” jurnalları təsis olundu. Keçmiş ittifaqın dövründə “Təşviqatçı”, “Mədəni-maarif işi”, “Azərbaycan qadını”, “Elm və həyat”, “Kirpi”; respublikanın müstəqilliyi illərində “Xəzər”, “Yurd”, “Xəzan”, “Yazarlar”, “Ədəbi ovqat”, “Xarı bülbül” və daha bir neçə jurnal təsis olunaraq nəşrə başladı. Hər bir jurnal öz rəngarəngliyi, müxtəlif mövzularda dərc edilmiş əsərləri ilə oxucuların diqqətini cəlb edib.
Onu da qeyd edim ki, müxtəlif illərdə Azərbaycanda 184 adda elmi, 300-dən çox ədəbi-bədii, publisistik jurnal təsis olunub.
Jurnallar yalnız bədii mətnlərin dərc olunduğu bir platforma deyil, ədəbi prosesi idarə edir, formalaşdırır, istiqamətləndirir. Böyük yazıçı və şairlər ilk dəfə jurnallarda dərc olunaraq oxuculara təqdim edilib.
Ədəbi mühitdə hər bir jurnal ədəbi prosesi istiqamətləndirir, yeni meylləri formalaşdırır və dövrün intellektual mənzərəsini əks etdirir. Ümumiyyətlə, ədəbiyyatın inkişafı, yeni janrların yaranması və yazarların yetişməsi jurnalların fəaliyyəti ilə bağlı olmuşdur. Müxtəlif əsərlərin təhlili, kəskin, prinsipial və arqumentlərə əsaslanan fikir mübahisəsi məhz jurnallarda aparılır.
“Xəzan” ədəbi-bədii jurnalı haqqında xüsusilə qeyd etmək lazımdır. “Xəzan” jurnalı genişauditoriyalı nəşrdir, geniş oxucu kütləsinə malik olan tanınmış ədəbi-bədii və ictimai publisistik dövri ədəbi orqanıdır. Jurnalın təsisçisi və baş redaktoru Əli bəy Azəridir. Hələ neçə illər bundan əvvəl jurnalist kimi fəaliyyət göstərib. O, uzun illərdir ki, Azərbaycan ədəbi mühitində yazıçı kimi fəaliyyətini davam etdirir. Jurnalda maraqlı bədii və publisistik əsərlər diqqəti cəlb edir, 10 ildən çoxdur ki, fəaliyyət göstərən bu jurnal ölkənin ədəbi mühitini, müasir və klassik yaradıcılığı işıqlandırmaqla məşğuldur. Belə ki, Azərbaycanın müxtəlif rayonlarında yaşayan qələm adamlarının bədii və publisistik əsərləri “Xəzan”da çap olunur. Maraqlı hekayələr, şeirlər, monoloqlar, romanlardan parçalar, elmi və ədəbi-tənqidi araşdırmalar dərc edilir. Jurnal bölgə ziyalılarının, yazarların yubileylərinə xüsusi guşələr həsr edir, vətənpərvərlik, Qarabağ və tarixi hadisələrlə bağlı mövzularda yazılar işıq üzü görür. Ədəbi mühitdə “Xəzan”ın rolu danılmazdır. Nəşrə başladığı dövrdən indiyədək yaşlı nəsil və ədəbiyyata yeni gələn gəncləri vahid platformada birləşdirir və ədəbi mühit rolunu oynayır. 2026-cı ilin noyabr ayında jurnalın sayca 77-ci buraxılışını mütaliə etdim. Jurnalın bu sayında həm klassik, həm də müasir Azərbaycan ədəbiyyatının nümayəndələrinə geniş yer ayrılıb. Bu buraxılışda həmçinin gənclərin yaradıcılıq nümunələri də yer alıb. Mənim də bədii və publisistik əsərlərim “Xəzan” jurnalının müxtəlif saylarında işıq üzü görmüşdür.
21.11.2026. Bakı .

Fərhad Əsgərov (Ramizoğlu),
yazıçı-jurnalist, AJB-nin və AYB-nin üzvü, “İti qələm” mükafatı laureatı

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir