www.yazarlar.az tərəfindən yazılmış bütün yazılar

Ayətxan Ziyad İsgəndərovun «Qara məxmər gecələrim»-i haqqında

 Mətbuat aləmində usun illər işləyən görkəmli jurnalist dostum Ayətxan Ziyad İsgəndərovun «Qara məxmər gecələrim» («Hər yuxusuz gecənin öz rəngi») kitabı haqqında düşüncələrim. Kitab Türkiyədə işıq üzü görüb. Kitabı Ayətxan müəllimin göndərdiyi PDF- dən oxudum.

      Kitabda-»Yasdığı qolu getdikcə tolazladı», «Kişilər ağlamaz, ağlasa da…», «Bir Novruz axşamı», «Ay səni dünya», «Mənim nağıllı dünyam», «Onlar S,Vurğunu görmüşlər» («Muğana Ceyran» və «Yadigar») adlı hekayələri, «Ata qarğışı», «Alın yazımız Tanrının» povestləri, «Ata qarğışı» kino ssenarisi, və şeirləri toplanıb. Bu hekayələrdə, povestlərdə taleyinin acısını yaşayan insanlar təsvir olunub.O, kənddən gəlib şəhərdə ali təhsil alan adamların başlarına gələn hadisələri, iztirabları ustalıqla qələmə alıb. Bəlkə də bu hadisələrin çoxu onun ətrafında baş verib.

      A.Ziyad qəhrəmanlarının dili ilə milli adət-ənənələrimizi, atalar sözlərini yaşadır. İki gəncin bir-birinə sevgisinə, məhəbbətinə baxmayaraq valideynlərin övladlarına qarşı zorakılığını qabarıq verir. Zaman keçsə də bu keçmiş zorakılıq adətlərimiz hələ də yaşayır. Bu nöqteyi-nəzərdən, ailələrin dağılması, dağılan ailələrdə uşaqların kimsəsiz qalması, kimsəsiz uşaqların acı talehi müəllifin nəsr əsərlərinin əsas süjet xəttidir.

      «İtirilmiş bəyazlıq» hekayəsində dağılmış ailənin ortalıqda qalan uşağın, nənə himayəsində böyüyən Möhübəli Əbilovun başına gələnlərlə tanış oluruq. Hekayəni oxuduqca göz önünə kimsəsiz möhübəlilər gəlir. Onlar nə qədər mərd olsalar da, maddi çətinlik, kimsəsizlik onların arzuların ürəklərində qoyur. Müəllif burda həm də cəmiyyəti günahlandırır. İstedadlı elm aramlarımıza sözü üzə dediyinə görə, haqqı tələb etdiyinə görə göstərilən münasibətləri, işdən azad edilmələrin, elmdən kənarlaşdırılmaların göstərir. Möhübəli kimlərəsə kömək etməyinə baxmayaraq, mövqeyini itirəndən sonra heç kim ona yaxınlaşıb qayğı göstərmək istəmir. Belələrindən çoxu kənar gəzir. Bu zamanın eybəcərlikləridi…

      Ayətxan müəllimin güclü nəsr əsərlərində güclü bədii təsvirləri var. Bu bədii təsvirlər çox incəliklə işlənib. Möhübəli Tüncəlini gözləyəndə yarpaqlarla necə «sinif-sinif» oynamasını, əllərini torbalanmış ciblərinə qoymağını, kibrit çöplərini qırmağını çox gözəl verib.Oxucu bunu oxuduqca özünü orada hiss edir. Siqaretin əzilmiş kötüyün dişləri arasında sıxmağı sanki gözümüz önündə baş verir. Yağışın yağması, buludların hərəkəti və başqa təbiət hadisələrini özünəməxsus çalarlarla təsvir edir.Bu müəllifin təbiətə hədsiz vurğunluğundan irəli gəlir…

                                                                           ***

      «Ata qarğışı» povestində Ayətxan Ziyadın yazıçı təxəyyülü ilə jurnalist peşəkarlığının vəhdətini görürük. Hadisələrin gedişini sadə dildə oxucusuna çatdırır. Ona görə də oxucu çalışır ki, povesti birnəfəsə oxuyub nəticəni öyrənsin. 

      Bu əsərdə tələbə həyatı da çox gözəl təsvir olunub. Sanki müəllif öz tələbəlik illərini yadına salır. Tələbəlik illəri gənclərin həyatının sevən, sevilən romantik dövrüdü. Tələbələr xoşbəxtliyi öz sevgilərində, məhəbbətlərində görürlər.Ancaq unudurlar ki, valideyn xeyir-duası da lazımdır ki, xoşbəxt olasan. Oğlu Rəşid atasının xeyir-duasın almamağı «ata qarğışı» kimi hesab olunur.

      Elin milli adət-ənənələri ilə böyüyən  A.İsgəndərov povestdə milliliyi qorumağa çalışıb.Bununla bərabər müasirliyin də əleyhinə deyil.Bu şərtlə ki, əhdə vəfalı olasan. Rəşidin Aygünə xəyanəti onu uçuruma aparırı.Xəyanət sayəsində ailəsini itirir. Təzadlı həyat keçirən Rəşid, Ayğünü də, özünü də bədbəxt edir.

      Povest uğurlu alınıb.  

      Ayətxan Ziyadın nəsr əsərləri özünəməxsus çalarları ilə seçilir.Jurnalist peşəkarlığı da burada onun köməyinə çatır. Dilimizdəki sözlərin bədii yazılış qaqydasını gözləmək Ayətxan müəllimin yaradıcılığında öndədi.

                                                                             ***

                                                               Duyğuların poeziyası  

      Hər bir duyğulu, həssas insanda özünəməxsus poeziya var.Şeir əsasən qısa zaman kəsiyinin məhsuludu. O da Allah vergisidi. Allah onu kimə necə bəxş edirsə, elə də oxucusuna çatdırır.

      Nəsri ilə tanış olduğumuz Ayətxan Ziyadın da poetik dünyasına nəzər salaq. «Ürəyim» adlı silsilə şeirlərində yazır:

        Ağrini özün seçdin.

        Hardan alım vüsalı,

        Sənə bəxş etməkçün.

        Hıçqırıb için-için,

        Sən Ağrı bulağından,

        Udum-udum su içdin…        

        Ağrı bulağından su içən ürəkdə yaranan ağrılardan lirik bir nəğmə yaradır.

       …Bir ürək ağrı-səndə,

        Bir ürək ağrı-məndə.

        Mən çıxardım köksümdən,
        Sən çıxardın köksündən…

        Yaydıq dünya üzünə,

        Dünya-acı ağrıdan,

        Dünya-şirin ağrıdan,

        Hamiləymiş havaxtdan,

         Xəbərimiz yox bizim.

         Biz ürəyimizdəki ağrıları dünyaya ötürürük. Dünyanın da başı bu ağrılara qarışır, bizdən xəbəri olmur, deyir. O, ürəklə dünya arasında müqayisələr aparır.

         Bu da işdi, a qaerdaş?-

         Bir söz demək istədim,

         Ağzımdan vurdilar,

         Dodağım qanadı…

         Ürəyim bir söz dedi,

         dilim özgə.

          Əlimi apardım dodağıma,

          Əlim qana bələndi.

          Gördüm dünyanın hər qarışı

          bir özgə rəngdədi,

          əlim özgə…

          Yəni demək istəyir ki, haqq söz deyənin ağzından vurub qanadırlar. Dünya qan içində çalxalanır. Ürək bundan ağrı tapır. Bax, budur Ayətxan Ziyadın poeziyası. Onun nəsr dili başqadı, poetik dili başqa.

          Ayətxan Ziyadın poetik dünyasında ithaflara çox rast gəlirik. Bu da ötən əsrin, illərin tarixi şəxsiyyətlərinə həsr olunmuş şeirlərdi. O, keçmişi unutmur, poeziyasında yaşadır.

        İnsan dünyaya gələndən sevgi ilə, məhəbbətlə əhatə olunur. Ana, vətən məhəbbəti, sonra da gənclik eşqi insanın yaşamaq marağını artırır. İnsanda bu eşq, sevgi olmasa nəysə yarada bilməz. Şairi, yazıçını… yaradıcı adamları da bu məhəbbət əsərlər yaratmağa zövq elətdirir.

       De bir yadındamı
       incədən-incə,

       izlərim izində dolaşdı, gəzdi.

       Atamız, anamız xəbər bilincə,

       Görüşdü baxışlar xəfif, gizlicə…

       Şairin qəlbindən süzülüb gələn bulaq suyu kimi saf lirika. Və ya «Qısqanıram» şeirində:

       Öpüb xumar-xumar əsən gilavar,
       şıltaq saçlarını,

       aldı əlimdən.

       Dağınıq telləri yığıb birtəhər,
       oxşadı darağın.

       Qıqanıram mən…

       Oxucularına təqdim etdiyi bayatıları, rübailəri, uşaq şeirləri Ayətxan Ziyad yaradıcılığının bəzəidi. Onun işıq üzü görən  «Qara məxmər gecələrim» kitabı oxucuların sevimli kitabına çevrilməsinə əminəm. 

        Uğurlar olsun, Ayətxan Ziyad İsgəndərov!

Müəllif: Məmməd MƏRZİLİ

Yazıçı, şair, publisist.

MƏMMƏD MƏRZİLİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Allaha və haqqa olan sevgimdən bu yazını qələmə alıram

Sosial şəbəkədə tariximizdən, ədəbiyyatımızdan, qədim yurd yerlərimizdən və s. maraqlı yazıları və xəbərləri gözdən keçirirdim ki, qarşıma belə bir xəbər çıxdı. “ADNSU-a yeni rektor təyin edildi”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Rüfət Eyvaz oğlu Əzizov Dövlət Neft və Sənaye Universitetinə rektor təyin edilib.

Əziz oxucu, deyəcəksiniz ki, burda nə var ki, xəbərdi də. Amma elə deyil. Mən də əvvəl xəbəri, sonra isə sizin kimi başladım xəbərin altında yazılan şərhləri oxumağa.

Bu yazını yazmağa həmin xəbərin altında yüzlərlə yazılmış komentlər vəsilə oldu. Maraqlı yazı və şərhlər olanda vaxtın, zamanın adamdan xəbəri olmur. Özüdə bu şərhləri yazanlar kimlər idi?- Gənclər, tələbələr.

O kəslər ki, ağa ağ, qaraya qara çəkinmədən yaza və deyə bilirlər;

Gələcək hələ onlar üçün çox uzaqda olduğuna görə gənclik təravətini, prinsipiallığını və düzgünlüyünü qoruyub saxlayan tələbələr idi.

Çünki bu açıqlamalar yüzlərlə tələbənin, gerçəkləşən arzuları, xəyalları özündən böyük gəncliyin səmimi ürək sözləri, ehtiramları idi.

Və bir az da hörmətli Rüfət Əzizov haqqında araşdırma aparıb informasya almaq istəyirəm ki, qarşıma Zöhrə xanım İsmayılovanın bir paylaşımı çıxır.

“Həqiqətən ADNSU öz layiqli adamını tapdı”

Və telefonu götürüb illərin dostluğumuza şahidlik etmiş Zöhrə xanımı yığıram.

-Bəli, İlqar müəllim, salam.

-Salam Zöhrə xanım, Rüfət Əzizov haqqında tələbələrin şərhini oxudum, təsirləndim. Nə yaxşı ki, belə ziyalılarımız var.

-İlqar müəllim, o insan məhz sizin, mənim, tələbələrin, gənclərin ürəyinzcə olan bir insandır. Sizi tanıdığım üçün deyirəm. Özünüz görəcəksiniz ADNSU qısa zamanda hansı uğurlara imza atacaq. Çox vətənpərvər, dövlətinə, ölkəsinə bağlı, tələbələrin sevimlisi olan ziyalı bir insandı.

-Sizinlə tam razıyam, çünki minlərlə tələbənin sevgisini qazanmaq hər rektora nəsib olmur.

Söhbətimizə təbəssümə oxşar bir işıq gəlir. Mövzu hər ikimizin ürəyindən keçənlər idi. Yazını tamamlamaq üçün Zöhrə xanımla sağollaşıram.

Bu yazılanları oxuyandan sonra başa düşdüm ki, Kimya elmləri üzrə fəlsəfə doktoru olan hörmətli Rüfət Əzizov haqqında bu yazını yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.

Tələbənin ürəyindən keçəni yazmağa nə var ki? Çünki əməlləri ilə danışığı, ürəyindəki ilə dilindəki üst-üstə düşür.

Bunun üçün nə içi vərəqlər dolu portfel, nə də mürəkkəb-qələm lazımdır.

Sumqayıt Dövlət Universitetinin tələbələrinin gözləri dolub ki, Rüfət Əzizov kimi rektorla vidalaşır, ADNSU-nun tələbələrini gözləri sevincdən parlayır ki, Rüfət Əzizov kimi rektorları olacaq. SDU – tələbələri, ADNSU – tələbələrinə – “Rüfət müəllim kimi ziyalını qoruyun, qədrini bilin” deyə tövssiyələri də şərhlərdə saysız- hesabsız idi.

Əziz oxucular, gəlin etiraf edək ki, sosial şəbəkənin ağzına düşmək, müzakirə mövzusu olmaq, özü də indiki zamanda və belə rəhbər vəzifədə olmaqla təmiz qalmaq, hər adamın, hər kişinin də işi deyil. Demək ki, hörmətli Rüfət Əzizovun maddi aləmdən umacağı bir şey yoxdu, mənəviyyatını qorumaqla, gəncliyimizi qürur mənbəyi kimi qoruyub və qoruyur, onları dinləyib, bu hörmətə-izzətə nail olubdu.

Bəzən adamlar şeir yazır, roman yazır, məqalə yazır, həqiqəti yazır. İçindəki yazmaq yanğısına bu yolla su səpir. Söhbət əxlaqı, vicdanı, mənəviyyatı yerində olan təmənnasız yazarlardan gedir. Təmənna deyəndə pis başa düşməyin. Hər yazının haqqı olur. Bu yazının haqqı isə Tanrıdan gəlir. Çünki Allah hər kəsin vicdanındadı. Vicdanı olmayanın Allahdan xəbəri olmaz. Mən də Allaha və haqqa olan sevgimdən bu yazını qələmə alıram.

Haqqı yazanlar isə yaxşı bilir, bu yazının içində sevgi var; Sənin ruhundan, qanından, ürəyindən gələn hissləri qələmə yazdıran tələbə, gənclik sevgisi.

Bax, adamı da yazmağa o sevgi, o məhəbbət ruhlandırır, enerji verir.

İctimai həyatda gənclərin rolu dövlət siyasəti ilə getdikcə daha çox uzlaşır. Gənclərin sağlam ruhda böyümələri və ölkəyə layiqli vətəndaşlar kimi yetişmələri üçün cənab Prezident İlham Əliyev tərəfindən davamlı tədbirlər həyata keçirilir. Mən, İlqar İsmayıl olaraq İctimai vəzifəm ən çox gənclərə və gəncliyə bağlı olduğu üçün bu olayların canlı şahidiyəm.

Doğurdan da hamının hörmət və rəğbətini qazanmış ictimai-siyasi və elm xadimlərinin həyat və yaradıcılığını , incələyəndə sözlər, cümlələr çeşnisi toxunduqca gözəlləşən xalıya-xalçaya bənzəyir.

Və kökündən güc alırsan, kökünə köklənirsən. Şərəfli bir yol keçmiş tariximiz, qələbə qazanmış gəncliyimiz var. İllər, qərinələr, əsirlər şahidlik edəcək şanlı tariximizə, alnı açıq gəncliyimizə.

Rüfət Əzizovu tanıdıqca, onun haqqında insanları dinlədikcə, yazıları oxuduqca şəxsiyyətinə, insanlığına, insanın özündən asılı olmayan hörmət, izzət vurğunluq yaranır.

Tale sanki onu umumilli lider Heydər Əliyev yadigarı, Ulu öndərin özünün məzun olduğu dünyanın birinci neft universiteti olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin daha çox şöhrət və hörmət qazanması üçün göndərib. Rüfət Əzizov harada olmasından asılı olmayaraq, tələbələrin önündə məşəl olmaq arzusunda olub və olub da!

Kecmişi aramaq nə qədər vacibsə, bu günü yaddaşlara hopdurmaq ondan da zəruridir.

Unutmuşuq ki, yaşadığımız dövrün bu cür mərd insanlarını, dəyərli ziyalılarını bizdən yaxşı heç kim yaza bilməyəcək. Aydın görünən aydınlarımız tam həqiqətləri ilə gələcəyə əmanətlənməsə, bunu bizə heç kim bağışlamayacaq və niyə də bağışlasınlar?…

Mən də yazdıqlarımın altından imzamı qoyuram. Çünki ortada minlərlə tələbənin, gənclərin sevdiyi, hörmət etdiyi şəxsiyyət var hörmətli Rüfət Əzizov kimi!

Təbrik edirəm dəyərli Rüfət bəy, Sizə yeni işinizdə uğurlar arzu edirəm!

İlqar İSMAYIL

Hüquqşünas – jurnalist, goyce.az saytının baş redaktorun müavini.

“YAZARLAR” JURNALININ FEVRAL – 2025 № 02 (50)-Cİ SAYI İŞIQ ÜZÜ GÖRÜB

“YAZARLAR” JURNALININ FEVRAL – 2025 № 02 (50)-Cİ SAYI İŞIQ ÜZÜ GÖRÜB – PDF: yazarlar-50

Məlumatı hazırladı: Günnur Ağayeva


ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – USTACAM

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

MURAD MƏMMƏDOVUN KİTABI

VAQİF SULTANLININ YAZILARI

MURAD MƏMMƏDOVUN YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“YAZARLAR” JURNALININ FEVRAL – 2025 № 02 (50)-Cİ SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB

“YAZARLAR” JURNALININ FEVRAL – 2025 № 02 (50)-Cİ SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB- PDF: yazarlar-50

Məlumatı hazırladı: Günnur Ağayeva


ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Müzahim İsmayılzadə – Təcili yardım

Təcili yardım

(novella)

Sağ olsun Səadəti. Bələdiyyədə bir işləmişdilər. Düz beş il. Onun səlahiyyət müddəti bitəndən sonra başqa işə keçmiş, Səadət isə hələ də qalıb işləyirdi. Abırlı-hayalı, işgüzar, məsuliyyətli qızdı. Biləndə ki, qurumuş ağacları kəsmək üçün bələdiyyəyə müraciət etmək lazımdı, çox sevinmişdi, elə zənn etmişdi ki, artıq həyətindəki qurumuş qovaq ağacının sonu çatıb. Birbaşa bələdiyyəyə getdi. Yaxşı ki, ağacın üç yerdən şəkilini çəkmişdi. Sən demə, əsas şəkil vacib imiş. Köhnə dostları ilə görüşdü. Dedilər ki, bu işə Səadət xanımın şöbəsi baxır. Aha, deməli, Səadət artıq şöbə müdiridir. Əla! Lap yaxşı idi. Xətrini çox istədiyi, zarafat etdiyi xanım onun işini atüstü həll edəcəkdi.

Səmimi görüşdülər, hal-əhval tutdular.

– Nə yaxşı müəllim? Nə qulluq?

– Qulluq sahibi olasan. Xırda bir iş üçün gəlmişəm.

– Nə məsələdi?

– Həyətin çöl tərəfindən üç dənə şam ağacı əkmişəm.

– Çox gözəl, müəllim. Yaşıllıq salmaq ən gözəl işlərdən biridir. Nə problem var?

– Elə problem də ondandır də. Şamın birinin dibində bir qovaq ağacı öz-özünə bitdi. Neçə dəfə baltaladım, xeyri olmadı. Elə bil mənnən acığa düşmüşdü. Kəsiləndən sonra daha sürətlə boy atırdı. Axır bezdim, dedim qoy haraya nə qədər istəsə uzansın. Bir də onda ayıldım ki, çinar hasardan yuxarıya qalxıb. Təəccüb etsəm də, fikir vermədim. İndi səlvər uzanıb göyün yeddi qatına çatıb. Üç dənə yüksək gərginlik xətlərini də ötüb. Külək əsəndə o yan-bu yana ləngər vurur. O dəfə baxanda nə görsəm yaxşıdı? Qovaq kökündən qopub, əyilib özünü şam ağacının üstünə yıxıb.

Səadət məsələdən xəbər tutandan sonra stolun sol küncündəki toplanmış vərəqləri əlinə götürdü:

– Müəllim, bunları görürsən? Bir ay ərzində qəsəbəmizdən gələn ərizələrdi. Day bu ərizələrdən cana gəlmişik. Nə qədər olar? Yazıb göndərərik nazirliyə. Kəsinti işləri onlarlıqdı.

Dalağı sancdı. Zənnində yanıldığını düşündü. İş ki, nazirliyə qaldı, elə bil quyunun dibinə daş diyirləyib, sonra çıxarırsan. Camaat düz deyir də. Deyirlər ki, nazirlikdən əməkdaşlar o vaxt gəlirlər ki, artıq iş-işdən keçmiş olurdu. Qonşusu sürücü Qasım lap filosof imiş ki! Araları sərin idi. Bunun səbəbi sadə idi. Sözləri düz gəlmirdi. Gəlməzdi də. O elmdən, sənətdən danışırdı, Qasım maşınlardan, onun ehtiyat hissələrindən, qəzalardan. Bunlara bir söz demirdi, taksi şöferi onun maaşını, qazancını lağa qoyurdu:

– Sənin aldığın üç yüz manatı mən üç günə çıxartmasam, qulaqlarımı kəsərəm.

Çığal adam idi. Çinar kökündən çıxıb şama söykənəndə baxdı ki, onun yıxılmaq istiqaməti Qasımgilin darvazası tərəfədir, odur ki, içində bir qorxu baş qaldırdı. Bu ağac o tərəfə yıxılacaq. Qasımın sınıq-salxaq “Opel”ini bir təhər edəcəkdi. Allah o günü göstərməsin ki, belə hal baş verəydi. Qasım qırsaqqız olub yaxasından yapışacaqdı ki, bəs mənim maşınım təptəzəydi, apar, təmir elətdir. Köhnə maşını təzə eləməyincə əl çəkməyəcəkdi. Odur ki, Qasımı çölə çağırıb ağacı göstərdi:

– Görürsən də! Ağac pis vəziyyətdədi. Kəsməyə qoymurlar. Filan qədər cəriməsi var. İndi lazımi yerlərə ərizələr yazmışam. Bax, səni xəbərdar edirəm. Maşınını darvazanın ağzında saxlama. Üzbəüzdə saxla. Allah eləməmiş, bir zərər olsa, məni narahat eləmə.

Qasım onun sözlərini vecinə almadı:

– Mənə nə gəlib ki, maşınımı başqa yerdə saxlayım? Onu gözləmə, bunu ağacları əkəndə fikirləşəydin.

– Mən o ağacı əkməmişəm, öz-özünə bitib.

– Qəribə söz danışırsan. Məni avam sayırsan? Bir diplomun var deyin məni minəcəksən?! Başqa yerdə niyə bitmir?!

Qasımdan rahatlıqla ayrılsa da, evə çatıb çay süfrəsi arxasında əhvalsız oldu. “Xəbərlər” proqramı başa çatmışdı, artıq, mini-yubkada olan sarışın qızın hava haqqında olan məlumatı onu dilxor elədi:

– Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək, güclü şimal küləyi əsəcək!

Gecə yarısı doğrudan da, külək gücləndi. Yola çıxıb ağaca baxdı. Qovaq şam ağacını sevgili kimi qucaqlamışdı. Qasımın “Opel”i də düz çinarın yaxınlığında yuxuya getmişdi.

– Səni… Köpəkoğlu! – Papiros çıxarıb yandırdı. Fikirləşdi ki, ağac yıxılacaq, yıxılanda da maşının uzununa – üstünə düşəcəkdi. Gəl, sən Qasıma təzə maşın al!

O gecəni yatmadı. Gözünə yuxu gedərdimi? İlan vuran kimi o üz-bu üz çevrildi.

– Allah, sən özün saxla! Məni bu itlə üzbəüz qoyma!

Hələ o yadına düşdü ki, Qasıma yüksək gərginlik xətti haqqında heç nə deməyib. Gecə-gündüz bilmirdi… Kabel qırılıb yerə düşsəydi, Qasımı cəhənnəmlik eləyəcəkdi. Di gəl, bundan sonra düş polisə. İzahat izahat dalınca. Ağacı nə vaxt əkmisən? Hündürlüyü neçə metr idi? Ağac nə vaxt yerindən tərpənmişdi? Niyə lazımi orqanlara məlumat verməmisən? İnsan ölüb! Günahkar sənsən! Cinayət Məcəlləsinin filan maddəsi ilə həbs olunursan!

Qalxıb əynini qalın geyindi, bayıra çıxdı. Hələ sakitlik idi. Çinar ləngər vursa da, şam ağacı onun nazına dözürdü. “Opel” dərin yuxu içindəydi. Evdə kəndir, məftil deyilən şey yox idi. Olsaydı, çinarı o biri şamlara da hörükləyərdi.

– Müsəlman belədi də, ölənə yaxın həkimə gedir. Ə, bu yanmış məftilin qiyməti nədi? İki-üç manat. İki kilo al, ağacı, işıq dirəyinə, o biri ağaclara bağla də! Qoy canın da rahat olsun.

Özünə söz verdi ki, səhər açılan kimi “Tikinti materialları” mağazasına gedəcək…

Səadətin işləri çox idi. Tez-tez daxili telefonu, mobil telefonu zəng çalırdı. Tapşırıq tapşırıq dalınca gəlirdi.

– Rübün sonudur. Hesabatları verməliyik. Özün vəziyyəti görürsən də! Əməlli-başlı çay da içə bilmirəm.

Ona mane olduğunu bağa düşürdü, ancaq işinə son nöqtə qoymalı idi.

– İndi neyləyək deyirsən?

– Bir ərizə yaz, qonşular nə qədər çox olsa, o qədər yaxşıdır. Hə, deməli, sədrin adına ərizə, sənin şəxsiyyət vəsiqənin surəti, bir də ağacın müxtəlif şəkilləri.

– Hamısı hazırdı.

Ərizəni, şəxsiyyət vəsiqəsini çıxartdı.

– Şəxsiyyət vəsiqəsini qızlara ver. Otaqda surətini çıxartsınlar. Bəs şəkillər?

Mobil telefonu açıb şəkilləri onun “Whatsap”ına atdı.

– Oldu, bizim əməkdaşlar ağaca baxış keçirəcəklər. Mən ərizəni sədrə imzaladıb, nazirliyə məktub göndərəcəyəm. Siz gedə bilərsiniz. Çalışacam ki, tez bir zamanda məktubu hazırlayım.

– Elə olsun ki, gecikməyək. Mən ondan narahatam. Ağacın yıxılmağı ani haldır. Bərk külək əssə, o məsələ. Nazirlik tezmi cavab verər? Daha doğrusu, tezmi gəlib kəsəcəklər?

– Onu deyə bilmərəm. Tez də ola bilər, gec də. Ola da bilər ki, kəsməsinlər.

– Necə?

– Qərara alarlar ki, ağacı kəsmək üçün səbəb yoxdur.

– Ay Səadət, ağac qurtarıb eey.

– Bilirəm, mən hər ehtimala qarşı deyirəm.

Üç gün sonra Səadətin telefonunu yığdı. Xoş beş-on beşdən sonra məlum oldu ki, məktub hazırdı, ancaq sədrin başı qarışıq olduğundan imzalatmağa vaxt olmayıb. Axı, bələdiyyə seçkilərinə az qalıb.

– Bu gün nə olur-olsun imzalatdıracam. Sabah gəl məktubun bir nüsxəsini götür. Vaxtın yoxsa, poçtla göndərim.

– Yox, poçtla on günə gələcək. Gəlib götürərəm.

Həkimlər məsləhət görmüşdü, həm də özü piyada gəzməyi çox sevirdi. Avtobusu gözləməyib yolu əlinə aldı, parkda üç dəfə dövrə vurdu. Buradan evlərinə 1271 addım qalırdı. Saymışdı. Yolüstü marketdən çörək də alacaqdı. Arxadan adını eşitdi. Dönüb Qadiri gördü. Həmyerlisi, həm də tələbə yoldaşı idi:

– Salam, dağlar oğlu! – Amiranə səslə dilləndi:

– Salam, Qədir.

Yaxınlaşıb əl tutdular, əlini sıxıb düz gözünün içinə baxdı:

– Qədir yox, Qadir! Qədir ayrıdı, Qadir ayrı! Oldumu? Sən ki, belə şeyləri məndən yaxşı bilirsən!

– Qadir, hardan gəlirsən? Əlindəki nədi? Deyəsən, cana qulluq edirsən?

– Bəs nədi! Cana qulluq eləmək insanın birinci vacib işidi. Axşama meyvə almışam. Şam yeməyini ləğv eləmişəm. Qatıq, meyvə. Meyvə də rayon meyvədir. Satıcıya tapırmışam, tanışdı, ancaq kənddən gətizdirir. Zəng eləyir ki, təzə mal gəlib, mən də gedirəm.

– Bəs niyə cəmi dörd alma, dörd nar götürmüsən?

– Evdə qoca-qarı qalırıq. Axşam hərəmiz ikisini yeyirik, səhər gedib təzə-təzə alıram. Evəmi gedirsən?

– Hə.

– Fikirlisən, yoxsa gözümə yorğun dəyirsən?

– Elə hər ikisindən.

– Nə məsələdi?

– Qadir, bir qovaq ağacı var həyətimizdə. Külək dibindən laxladıb.

– Ə, adam da həyətə qovaq əkərmi?

– Qadir, əkməmişəm, üç şam ağacı əkmişdim. Birinin dibindən öz-özünə çıxıb. Yüksək gərginlikli xəttə toxunur. Ən pisi də odur ki, yıxnağı qonşu tərəfədi. O, da orda bir köhnə maşınını qəsdən saxlayır ki, ağac onun üstünə düşsün.

Qadir qəribə şəkildə dayandı, üzünü günçıxana tutdu, sanki günəş üfüqündən təzəcə boylanırdı və onun qızılı şəfəqləri yanaqlarına təbəssüm kimi qondu.

– Bu zeytunluğu görürsənmi? Əvvəllər də görmüşdün də!

– Bəli.

– Bura sıx meşəliyi xatırladırdı. Yüzlərlə adam burdan nə qədər zeytun yığırdı. Zeytun çox xeyirli meyvədi.

– Tamamilə düz deyirən.

– Hə, indi gör nətərdi. Heç yarısı qalmayıb. Əvvəlcə qurudurlar, sonra kəsib atırlar. Düz dörd dənə restoran açılıb. Hərəsinin də sahəsi nə qədər. Yay üçün çöldə neçə stol açırlar? Hər nə isə. Bilirsən də kimlərindi?! Nətər olur adı “Quran”a düşən ağacı semiçka (günəbaxan) kimi çırtlayırlar, lazımsız, – mən barsız-bəhərsiz demək istədim, niyə qovaq da pis ağac deyil, havaya oksigen verir, quruyub, kökü laxlayıb – onu gəlib kəsmirlər. Kəsənə də elə cərimə yazırlar ki, adamın cızdağı çıxır. Dörd min manat. O qonşuya fikir vermə! Qələt eləyir. Ağacı sən kəsib atmırsan ki? Pis halda təbii fəlakət! Hara istəyir yazsın, hara istəyir şikayət etsin, xeyri yoxdu. Özün kəsib ata bilərsənmi?

– Ay Qadir, nə var onu kəsməyə. Beş dəqiqəlik işdi. İntəhası, sən demişkən, cərimələyərlər, qalaram belə. Bu mənə lazımdır?

– Sən belə eləyə bilərsən. Demirsən, bir yerdən iki ağac çıxıb? Birini kəs, tez də rədd elə getsin.

– Eləmək istəyirdim. ÇPA (Çevik Polis Alayı) uşaqlarına yüngülvari hörmət elədim. Dedilər ki, biz göz yumarıq, ancaq ağsaqqal, göydən çəkirlər, o saat bilib gələcəklər. Havayı yerdən cərimələnəcəksən. Qadir, mən bir dənə qonşudan narahatam, yoxsa vecimə deyil, istəyir yıxılsın, istəyir yıxılmasın.

– Ə, yox, o sənlik deyil. Təbii fəlakət. Vəssalam. Bir nazirliklə gör əlaqə yarada bilirsənmi? Pul verənləri bir-iki günə həll edirlər.

Ayrıldılar. Evə çatıb Səadəti yığdı.

– Bəlkə nazirliyin nömrəsini biləsən? Məktub çatana qədər bəlkə danışıb bir iş görə bildim.

Yalan-gerçək and-aman elədi ki, bilmir. Saytlardan tapmaq olar. Sonra daxili telefonla kiməsə yığıb nazirliyin qaynar xəttinin nömrəsini soruşdu.

– 77-77-dir. Qaynar xətt. Onlarla əlaqə saxlayın. – Nömrə yadında qalacaqdı.

– Yəni, demək istəyirsən, daha sən tərəflərə baxmayım?

– Yox, Allah eləməsin. Sizinlə görüşmək xoşdu. Ancaq daha bizlik bir iş qalmır. Biz də nə lazımdı onu eləmişik. Nazirliyə söz demək hüququmuz yoxdu.

– Sağ ol.

Evə gəlib çay içmədən telefonun yanına keçdi. Qaynar xəttin asan nömrəsini yığmağa başladı. Yolboyu fikirləşmişdi ki, nazirliklə danışığı tez baş tutacaq və yekunu yaxşı olacaq.

– …Siz nazirliyə zəng etmisiniz. Azərbaycan dili üçün 1, rus dili üçün 2, ingilis dili üçün 3 düyməsini yığın. Daxili nömrəni bilirsinizsə, sizi operatorla birləşdiririk. Xətdə gözləyin!

– Baş üstə! – Az qala telefondakı xahişə əmr forması kimi baxdı… Ancaq musiqi sədaları neçə dəqiqəsə çəkdi. Əsəblərini cilovlayıb qulaq asdı. Səs kəsildi. – Xətdə gözləyin! – yenə musiqi. Təqribən 1 saata qədər eyni musiqini, eyni sözləri eşitdi. Dəstəyi çırpıb yerinə qoydu.

Üç gün qaynar xəttlə məşğul olub, bir şey əldə etmədiyini görüb, qərara aldı ki, nazirliyin özünə getsin. Getdi. Qapıda yolları kəsildi:

– Kimi istəyirsiniz?

Məqsədini dedi.

– Balasadıq müəllimin gəlişinizdən xəbəri var?

– Xeyr. Mən üç gündür ki, qaynar xəttə düşə bilmirəm. Məcbur olub gəldim.

Bələdiyyədə Səadətdən aldığı məktubu çıxarıb qapıda duran polisə göstərdi:

– Lap yaxşı, məktub gəlibsə, gedin göstərin.

– Nə qədər?

– Vaxtı çatana qədər. Sizinlə əlaqə saxlayacaqlar. Cavab yazmalıdılar, baxışdan keçirməlidilər. Uzun prosesdi.

– Bir aydan çoxdu gözləyirəm. Nə qədər gözləmək olar?

– Şəhərdə nə qədər qəzalı ağaclar var? Minlərlə. Hamısını birdən-birə çatdırmaq olmur.

– Niyə çatdırmaq olmur? İşlərinin adı nədir? Bütün günü komputerlərin arxasında oturub oyun oynayırlar. Məni şöbənin müdiri ilə görüşdürün.

– Olmaz.

– Niyə olmur?

– Məşğuldu.

Səsini yuxarı qaldırdı, məktubdan cavab almayınca getməyəcəyini bildirdi. Qəbul otağına zəng çaldı. Axır məlum oldu ki, indi şöbənin məsul işçisi onunla görüşəcək. Beş dəqiqədən sonra gombul, səliqə ilə geyinmiş oğlan əlində kitabça ilə aşağı düşdü.

– Şikayətçi sizsiniz?- dedi.

– Mənəm.

Onu içəri keçirib darısqal otağa dəvət etdi:

– Əyləşin. Eşidirəm. Adınız, soyadınız? – Kitabçasında qeydlər apardı.

– Şikayətim odur ki… – Bələdiyyə məktubunu ona uzatdı. Əməkdaş kağızı diqqətlə oxuyub stolun üstünə qoydu.

– Deməli belə. Mən sizin məktubla tanış oldum. Adınızı qeyd etdim. Rəhbərliyi məlumatlandıracam. Müvafiq qərar qəbul ediləcək.

– Nə zaman?

– Məlumunuz edim ki, bu cür vəziyyət yüzlərlə, minlərlədir. Biz də çalışırıq ki, operativ olaraq məsələləri həll edək. Sizdən də pis vəziyyətdə olanlar var.

– Bunları qapıda duran polis də dedi. Məni maraqlandıran bircə məsələ var: kökü laxlamış, yıxılmaq təklükəsi olan ağac yüksək gərginik elektrik xətlərini qıra bilər, daşınan əmlaka ziyan vurar. Ən qorxulusu odur ki, elektrik xətti ordan keçən xəbərsiz insanlara ciddi xətər yetirər. Bir dənə qurumuş, kökdən laxlamış ağac insan taleyindən qiymətlidi?

– Bilirsiniz? – dedi nazirliyin məsul işçisi və əlindəki qələmi kitabçanın arasına qoyub örtdü – hər şeyin öz ölçüsü, öz dəyəri var. Bizim nazirliyin qarşısında duran əsas, bir nömrəli vacib məsələ yaşıllıqları qorumaqdır. Biz bir budağın kəsilməsinin qarşısını almaq üçün var-gücümüzlə çalışırıq. Sizin həyətdəki ağac çəkdiyin şəkildən də görsənir, hələ yaşamaqdadır. Bax, yarpaqları yamyaşıldır.

– Payızda yarpaq yaşıl olur? Sən diqqətlə bax, yarpaqlar günəş şüaları altında parıldayır, bombozdu. Görmürsən, ağac yıxılıb, şama söykənib. Şam olmasa, aşacaqdı.

– Görürəm, lap yaxşı görürəm. Şam saxlayır də. Bu da təbiətin bir möcüzəsidi. O bilirsənmi, nə qədər oksigen verir? O oksigendən necə nəfər təmiz hava udur?

Məmuru başa salmağı bir kənara qoydu, gözləri önünə kəsilmiş zeytun ağacları və yerində ucalan villa canlandı. Otuzdan artıq nadir ağacın kəsilməsi hay-küyə səbəb oldu, televiziyada göstərildi, ancaq nə faydası? Villa da tikildi, hələ ətrafına topdağıtmaz hasar çəkildi. Çin səddi onun yanında çox kiçik görünür.

– Sən zeytunluğu tanıyırsan?

Tutulan kimi oldu, özünü bilməməzliyə vurdu:

– Hansı? Nə zeytunluq?

– Zeytunluğu tanımırsan? Şəhərdə yaşamırsan? Otuz ağacı qırıb yerində villa tikilən yeri deyirəm.

– Nə olub ki?

– O olub ki, cavan, meyvə verən qiymətli ağacları “uf” demədən kəsməyə heç nə demirsiniz, qurumuş ağacdan oksigen umursunuz. Elə bilirsiniz ki, heç kəs heç nəyi görüb eləmir? Vaxtı uzatmağın mənası yoxdu, gəlin ağacı kəsin!

– Mən söz verə bilmərəm. Söz komissiyanın qərarından asılıdır. Mən nazirliyin qayda-qanunlarını poza bilmərəm və o qaydaları sizin nəzərinizə çatdırdım. Başqa sözünüz yoxdur ki?

– Başqa nə sözüm olacaq? Ağacı kəsmək lazımdır. Onu da kəsmək istəmirsiniz. Nəzərə almırsınız ki, ağac artıq qurtarıb, özü də insan həyatı üçün çox təhlükəlidir.

Mən qayğılı, o isə laqeyd halda otağı tərk etdik.

***

Hava buludlu, sakit idi. Həyətdə xırda-para işlərlə vaxtını keçirirdi. Qovaq ağacı yerində dayanmışdı. Ağlına da gəlməzdi ki, nə isə hadisə baş versin.

Ancaq sən saydığını say. Bir anın içində yolda hadisələrin səsi qulağında cingildədi. Əvvəlcə maşın səsi eşidildi. Bildi ki, Qasımın maşınıdı. Qapı açıldı və örtülmədi. Qovaq ağacı xırıldadı. Sonra ağac maşının üstündə səs çıxartdı. Sonra Qasımın tükürpədici səsi küçəni başına götürdü.

Çölə çıxdı. Qasımı qovaq ağacının budaqları altında gördü. Birtəhər qaldırıb maşına tərəf apardı, arxa oturacağa uzadıb “Təcili Yardım”a üz tutdu.

Bakı 2024

Müəllif: Müzahim İsmayılzadə

Müzahim İsmayılzadənin yazıları



>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

2025-IN ILK “ULDUZ”U ÇAP OLUNDU

2025-IN ILK “ULDUZ”U ÇAP OLUNDU

“Ulduz” jurnalının yanvar-fevral sayı Pərvanə Bayramqızının “Özüylə söhbəti…” və essesiylə açılır.

“Şeir vaxtı”nda yeni şeirləriylə Gülsada İbarhimli, Qəndab Əliyeva, Əkbər Qoşalı,  Günel Ağazadə, Pərvin Əliyeva, Zöhrab Mehdi, Gəray Göyyurddur.

Qulu Ağsəsin Hidayət Orucovla “Ayrı söhbət”ini “Ulduz” jurnalı ilə “Xalq qəzeti” TV-nın birgə layihəsində oxuya bilərsiniz.

“Nəsr”də Anar Adilin “Kloun Muğuş”, Sevinc Elsevərin “Gizlənpaç”,  Günel Mehri “Sarmaşıq”  hekayəsi təqdim olunur.

“Tribuna”da Həyat Şəmi “Tam anlamı ilə Anar”, Aslanlı Huntürk “M.T.Sidqinin “Ədəbi-pedaqoji görüşlərində sağlam həyat tərzi problemləri”,  Zəhra Namazlı “Tarixin kölgəsində bu gün” yazıları ilə görüşünüzə gəlib.

Şəfa Vəli “ “Ulduz”da “Gənc ürəklər””dən yazır.

“Tərcümə saatı”nda Nazir Rüstəm  Robert Byornsun “İşdə məhəbbət macərası” filmində şeirini dilimizə çevirib.

“Esseistika”da “Vətənim sənsən”, “Füzuli və Hüqo”, “Ana” esseləri ilə Ayna Asimqızıdır.

“Tənqid”də İlahə Səfərzadə “Qəlblərə yol tapan poeziya: Dayandur Sevginin şeirləri əsasında” yazısını təqdim edir.

“Dərgidə kitab”da “XX əsr Danimarka şeiri” Səlim Babullaoğlu və türk şair-tərcüməçi Hüseyin Duyğunun təqdimatında ilk dəfə geniş şəkildə oxuculara təqdim olunur.

“Dərgidə sərgi”də rəsm əsərləri ilə Tünzalə Ağabalayevadır.

PDF >>> OXU >>> Ulduz CAP

Məlumatı hazırladı: Günnur Ağayeva

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru