www.yazarlar.az tərəfindən yazılmış bütün yazılar

MURAD MƏMƏDOV – 2025 – FEVRAL

ƏN SONDA DEYİLƏN ONUN SÖZÜDÜR

Bir ömrün çırağı qaraldı, söndü,

Dərdə bax, bir kimsə köks ötürmədi.

Torpaqdan yaranan torpağa döndü,

İnsanlıq duymadı, dərs götürmədi.

* * *

Günün bir üzü ağ, biri qaradı,

Üzünə gün doğsa, xoşallanırsan.

Bilmirsən axırın, sonun haradı,

Niyə gizləyirsən, niyə danırsan?!

* * *

Yaxşı heç nə demir bu yolun sonu,

Hərlənib, fırlanıb hamı keçəcək.

Günahkar eləmə dar gündə Onu,

Kimin vaxtı çatsa, onu seçəcək.

* * *

Həyat imtahandı qananlar üçün,

Saf olan saflaşır, su tək durulur.

Özünü ağıllı sananlar üçün,

Nəinki imtahan, divan qurulur.

* * *

Mərhəmətli olan ancaq özüdür,

Kimsənin haqqını kimsəyə vermir.

Ən sonda deyilən Onun sözüdür,

Nə özünü öymür, nə bəhsə girmir.

QOŞMA

Zamanın səs-küyü kar edib bizi,

Ölənin səsini duya bilmirik.

Nə çəkə bilirik öz dərdimizi,

Nə özgəyə umac oya bilmirik.

* * *

Ürək hərdən küsür, hərdən barışır,

Sanki bəhsə girib mənnən yarışır.

Başımız o qədər işə qarışır,

Vaxt olur günləri saya bilmirik.

* * *

Zaman küncə sıxıb karıxdıranda,

Bəxtin daşa dəyib darıxdıranda,

Əyrilər baş olub qarıxdıranda,

Bir düzü yerinə qoya bilmirik.

* * *

Pəjmürdə olursan yaşın keçəndə,

Əcəl şərbətini məcbur içəndə.

Vaxt tamam olanda karvan köçəndə,

Ay Murad, həyatdan doya bilmirik.

HƏR YAŞIN AYRICA GÖZƏLLİYİ VAR

Səhər tez dururam, tez oyanıram,

Hələ ki, özümü gümrah sanıram.

Deyirlər tez duran yüz şəfa tapar,

İndi anlayıram, indi qanıram,

Hər yaşın ayrıca gözəlliyi var.

* * *

Demirəm qocalma, eyni yaşda qal,

Keçdiyin hər ili yaşa, yola sal.

Dünyayla cəngə gir, bir çınqı qopar.

Sən çalış ömürdən zövq al, ləzzət al,

Hər yaşın ayrıca gözəlliyi var.

* * *

Körpə də olmuşuq bağlı bələkdə,

Doğulduq, ələndik hər gün ələkdə.

Gah isti təntitdi, gah da soyuq qar,

Gün vurdu bərkidik, donduq küləkdə,

Hər yaşın ayrıca gözəlliyi var.

* * *

Əllini keçdinsə, çalış ağır ol,

Çoxuna örnəkdi keçdiyin bu yol.

Az danış, özünü mülayim apar.

Demirəm səssiz ol, dilsiz, fağır ol,

Hər yaşın ayrıca gözəlliyi var.

* * *

Zamana qul olan ötən ömürdü,

Min bir əziyyətdə itən, ömürdü.

Bu geniş dünyanın sonu dar məzar,

Səksəndə, doxsanda bitən, ömürdü,

Onun da ayrıca gözəlliyi var.

YAXŞI Kİ ÇOX DEYİL , BİRDİ BU DÜNYA

Nə gördük dünyaya gəlmədən öncə?!

Üç nöqtə, bir sual, sonunda nida!

Nə verdik dünyaya ölmədən öncə?!

Əlvida, əlvida, yenə əlvida!

* * *

Bir qəliz sualdı hər ötən ömür,

Cavabı əvvəldən bilinir sonun.

Tək adı, soyadı çox şeyi demir,

O qədər əməl var çiynində onun.

* * *

Həyatın nəşəsi aldatdı bizi,

Dəyəri böyükmüş bir anımızın.

Vaxtından tez üzdük ürəyimizi,

Qədrini bilmədik öz canımızın.

* * *

İndi də gününü suallar yeyir,

Sual girdabında batıb azırsan.

Ürəyin həmişə doğrusan deyir,

Məntiqin dinmirsə, səhvə yozursan.

* * *

Beləcə müəmma, sirdi bu dünya,

Yuxulu gəlirik, bunu danmırıq.

Yaxşı ki çox deyil, birdi bu dünya,

Yoxsa ki, biriylə bacaranmırıq.

NƏ GÖZƏL YARADIB DÜNYANI ALLAH

Nə gözəl yaradıb dünyanı Allah,

Bir yanda bahardı, bir yanda qışdı.

Kətansız, fırçasız rəssamdı, vallah,

Rənglər çəmən üstə sanki naxışdı.

* * *

Qurulan nizamı, ədaləti var,

İnsan bağ becərər, barını dərər.

Bir yanda günəş var, bir tərəfdə qar,

Fəsillər sakitcə işini görər.

* * *

Elə rahatlıqla bölüb hər işi,

Qəti əl-ayağa dolaşan olmaz.

Hər canlı erkəyə düşər bir dişi,

Yaşayar yer üstə dalaşan olmaz.

* * *

Hər günün, hər ayın məqsədi bəlli,

Gündür sıralanıb demə, boşuna.

Beş gün çox yaşamaq , bəlkə təsəlli-

Üçündür, Allahın gəlir xoşuna.

* * *

Bu dünya gözəldi, gözəl yaşasan,

Tanrı möhlət verə, dərdə salmaya.

Ömür bir zirvədi, sağlam aşasan,

Gözün heç bir zaman dalda qalmaya.

* * *

Nə gözəl yaradıb dünyanı Allah,

Sevməyən az olar, bəyənəni çox!

Tanrının var olan lütfünə bir bax,

Gəlirsən, gedirsən, şikayətin yox!

NƏ HƏKİM ANLAYIR, NƏ BƏNDƏ BİLMİR

Nə ürək soyuyur, nə könül doyur,

Nə sirrdir mən başa düşə bilmirəm.

Bir hiss var, içimi doğrayır, oyur,

Çarə tapıb bir qərara gəlmirəm.

* * *

Yaş ötür, il keçir, yaddaş azalır,

Dünən gördüklərim yadımdan çıxır.

Bəzən elə şeylər ağlımda qalır,

Yadıma düşdükcə canımı sıxır.

* * *

Bir dövr kök salıb beynimdə mənim,

Odur yaddaşımı silir, ovlayır.

Mələklər yer alıb çiynimdə mənim,

Məni gəncliyimə dartır, tovlayır.

* * *

Odur uşaqlığım yadımdan çıxmır,

Yadıma düşdükcə ruh təzələnir.

Canım üzə durur, sözümə baxmır,

Ruhum qanad verir, hey məzələnir.

* * *

Gözümün önündən getmir o illər,

Hərdən baba sözü xətrimə dəyir.

Məni mən eyləyən aylar, fəsillər,

Ağlıma güc verir, möhkəm dur deyir.

* * *

Bir şirin yuxudur artıq o günlər,

Beynimə yazılıb, yaddaşım silmir.

Bəs niyə sağalmır canda düyünlər?

Nə həkim anlayır, nə bəndə bilmir.

ÖMRÜN SONU! NƏ VAR ORDA?!

Dəli olan vaxtım olur,

Danışmağa halım olmur.

Günahkarı baxtım olur,

Mənim burda rolum olmur.

* * *

Bilirəm ki, bircə yol var,

Yolu tutub yol gedirəm.

Nə genişdi, nə də ki dar,

Hiss edirəm yavaş-yavaş,

Bu dünyanı tərk edirəm.

* * *

Ruhum heç vaxt məni üzmür,

Bilir adı- sanı mənəm.

Nə də başqa canı gəzmir,

Ruh odusa, canı mənəm.

* * *

Ağlım məni yanıltmayır,

Sınamışam hər an darda.

Bircə şey mənə çatmayır,

Ömrün sonu! Nə var orda?!

TUTANA BAX, TUTANA

Ovu görüb bayılıb,

Yatana bax, yatana!

Həyəcandan ayılıb,

Atana bax, atana!

* * *

Allah vurub, hey çaşıb,

Çox qaynayıb, çox daşıb.

Dərdi başından aşıb,

Batana bax, batana!

* * *

Qismətdəki olacaq,

Yaşadığın qalacaq.

Qəbrin üstə gur ocaq,

Çatana bax, çatana!

* * *

Zəhər edib aşımı,

Guya qanmır, naşımı?!

Yarəb, mənim başımı,

Qatana bax, qatana!

* * *

Neçə vaxtdı teyləyib,

Məni məndən eyləyib.

Əl-qolumu düyləyib,

Satana bax, satana!

* * *

Dan gözümdə qaralıb,

Səbrim yaman daralıb.

Qollarıma ip salıb,

Tutana bax, tutana!

OLMUR

İnsana yaxın ol, sənsən günahkar,

Xəyalən göylərdə çox uçmaq olmur.

Uçmağa nə var ki, yıxılmağın var,

Anla ki, boş göyü bərk qucmaq olmur.

* * *

Bu dünya gözündə balaca, darsa,

İçində sıxıntı, təlatüm varsa,

Dərrakən zəifsə, şüurun korsa,

Ətrafa gur işıq, nur saçmaq olmur.

* * *

Hər kəsin bürcü var, bəlli ayı var,

Tanrıdan var olan qismət payı var.

Bir ömür can dostu, nigah tayı var,

Neyləsən yayınmaq, nə qaçmaq olmur.

* * *

Boylanma dalınca, nə qov, nə teylə,

Gedən geri dönməz, boş hayla-küylə.

Ay Murad, yüz fırla, baş-ayaq eylə,

Sabahkı gərdişdən baş açmaq olmur.


SÖZÜN SEHRİ

Gözüm güllərə baxar,

Üzüm gül tək allanar.

Sözüm canımı yaxar,

Ruhum sevər hallanar.

* * *

Söz yarası bitişməz,

Kal meyvə tək yetişməz.

Söz fikirdən gen düşməz,

Salxım-salxım sallanar.

* * *

Sözə bal qat, qənd olar,

Acı söz de, tünd olar,

Bircə sözə bənd olar,

Neçə fərman qollanar.

* * *

Ağlım sözdən gül əkər,

Çiçək açar, gül tökər.

Dilim ondan bal çəkər,

Dada gələr, ballanar.

* * *

Sahibinə baş əyər,

Gecə-gündüz hey öyər.

Yaltaq şirin söz deyər,

Çörək tapar yallanar.

* * *

Sözə nöqtə qoyular,

Göz tökülər, oyular.

Baxar, insan ayılar,

Haqqa sarı yollanar.

DÜNYANI BİRTƏHƏR YOLA VERMƏSƏN

Başına ip salar, gəzdirər səni,

Uşaq kimi qılığına girməsən.

Hər gün cana yığar, bezdirər səni,

Dünyanı birtəhər yola verməsən.

* * *

Gah nahaq qan eylər, gah susar, dinməz,

Kefi kök olanda güldürər bəzən.

Dediyi dedikdi, sözündən dönməz,

Sənə ot yoldurar, öldürər bəzən.

* * *

Üzüyola bilib qəti dilləşmə,

Bu dünya vaxt olur, dilsiz dəlidi.

Başını boş burax, nahaq əlləşmə,

Bəzən Tanrı bilən ən gözəlidi.

* * *

Çox işin həlli var, zamana burax,

Çəkdiyin əzablar bitirər səni!

Çalışaq, vuruşaq, ayaqda duraq,

Bu dünya uff deməz itirər səni!

OLMUR

Ağlının ucundan məhv olur, batır,

Kor olan bəndəyə, bu ayan olmur.

Gah ona kəf gəlir, gah buna atır,

Bədbəxt elə bilir unayan olmur.

* * *

Bələdçi nə lazım görünən kəndə,

Boylan, ibrət götür, cilalan sən də.

Yüz günah işlədir, “günahsız” bəndə,

Sanır ki, bəndə çox, sanayan olmur.

* * *

Süd verən insandan halallıq istə,

Tanrıya yaxınlıq olur o kəsdə.

Adını uca tut başının üstə,

Sanma ki, yoxlayan, sınayan olmur.

* * *

Elinə doğma ol, qaynayıb qarış,

Küsmə bir kimsədən, danışdır, barış.

Səhvini həmişə qıraqdan soruş,

Ay Murad, yaxından qınayan olmur.

DÜŞDÜ

İllər yaman keçdi, duymasaq da biz,

Canı zaman əydi, dözümdən düşdü.

Kədəri yaxına qoymasaq da biz,

Sevincin dəyəri gözümdən düşdü.

* * *

Sözdən uzaq qaldım, bir vaxt deyəsən,

İndi nə danışıb nəyi öyəsən?!

Adım hallananda, söhbət niyəsə,

Təzəcə boy verən sözümdən düşdü.

* * *

Dünyanı çox gəzdim, çox şey götürdüm,

Gizlin saxlamadım, həmən ötürdüm.

Ürəyi yumşağam, eh, nə itirdim,

Heç kəsə qıymadım, özümdən düşdü.

* * *

Çox vaxt od götürdüm, Murad, gözümlə,

Çalışdım, vuruşdum əyri- düzümlə.

Qəlbə od saldımsa bircə sözümlə,

Özümü yandıran közümdən düşdü.

İNSAN

İnsan müəmmadı, açılmaz sirrdi,

Gərək öyrənəsən, bağlı kitabdı.

Ağlı nə boydasa, ona əsirdi,

Fikri, düşüncəsi ağlına babdı.

* * *

Heç üzdən bilinməz məramı nədir,

İçində fərlisi, həm fərsizi bol.

Nə duymaq istəsən öz dilindədir,

Dilləndir, danışdır, özün bələd ol.

* * *
Deyirlər dünyanın əşrəfi odur,

Gah üzü mələkdir, gah içi şeytan.

Hər dərdə doy gəlir, sinirir, udur,

Odur ara vuran, dünyanı qatan.

* * *
Bir yana baxanda ömrü gödəkdi,

Yaşayır, yaxşı, pis nəsə iz qoyur.

Ruhuna bağlıdı, cana yedəkdi,

Ruhu qocalanda can cana doyur.

* * *
Xəbəri olmur ki, sonuncu köçün,

Karvani tərpənir, artıq yoldadır.

Hər zülmə qatlaşır sabahı üçün,

Görən niyə sonda şeytan aldadır?!

* * *

Çöhrəsi gur işıq, qəlbi qaranlıq,

Dəyişməz, bəndənin adı insandı.

Tanrının gözündə ən ali varlıq,

Bu dünyanın duzu, dadı insandı.

YOXDU

Zaman bağışlamır, çox səhv eləmə,

Heç kəsin sabaha gümanı yoxdu.

Vaxt tamam oldusa, möhlət diləmə,

Amanı qırılsın amanı yoxdu.

* * *

Başının üstünü duman aldısa,

Qısnayıb bir küncə tora saldısa,

Gümanın zamana, vaxta qaldısa,

Çəkilən, seyrələn dumanı yoxdu.

* * *

Həyatda bir iz qoy, duyulsun səsin,

Balaca nişanə olacaq bəsin.

Ay Murad, Allahdan başqa heç kəsin,

Ömürlük dövranı, zamanı yoxdu.

DEYƏ BİLMƏZ

Sor, ay bülbül, mehir nədir,bil ,deyə bilməz,

Bülbül gülü niyə sevir, gül deyə bilməz.

* * *

Səni duymaq istəyənə dil lazım deyil,

Bəzən gözün dediyini dil deyə bilməz.

* * *
Yaxın desə, qohum desə, həmişə inan,

Hərdən sənə doğru sözü el deyə bilməz.

* * *
Kimin kimə borcu nədir, bir Allah bilir,

Dil laldısa, göz kordusa, əl deyə bilməz.

* * *
Ağır yükdən təngə gəlir, dili olmur dinməyə,

Can nə çəkir ağrılardan, bel deyə bilməz.

* * *
Odda olan istiliyi sən oddan soruş

Ocaq sönər, o yangını kül deyə bilməz.

* * *
Ömür nə vaxt sona çatır, Tanrıya bəlli,

Hansı gündə, hansı ayda, il deyə bilməz.

* * *
Sığal çəkən əllərinin, Murad, sözünü,

Ürək duyar, göz anladar, tel deyə bilməz.

QOŞMA

Körpəlikdən deyib-güldüm, şən oldum,

Yırğalandım bələyində dünyanın.

İrdələndim, təmizləndim dən oldum,

Çox ələndim ələyində dünyanın.

* * *

Heç görmədim maldan gözü toxunu,

Qoydu, köçdü, nə olsun var-yoxunu.

Gah üz verdi, gah ağlatdı çoxunu,

Nələr duydum kələyində dünyanın.
* * *

Nə qeybətə, nə də küyə getmədi,

Nə güldürdü, nə də ki, incitmədi,

Yerli-yersiz müdaxilə etmədi,

Ağıl gördüm mələyində dünyanın.

* * *

Doğruya can dedim, pisi boşadım,

Ay Murad, bərkidi qolum-qanadım.

Yalan gördüm, hiylə gördüm yaşadım,

Dağılmadım küləyində dünyanın.

SSEVGİ NƏDİR?!Ə

(Əli Kərimə ithaf)

İki qəlbin bir-birinə olan mehri,

İki gözün, cüt baxışın düşüncəsi, sehri.

Dəli edər, dərdə salar ilk baxışdan,

Qoymaz səni dincəlməyə.

Hamar olmaz sərt yolları,

Yorar səni, fərqi olmaz dik yoxuşdan.

Yuxun olmaz, ərşə çıxar,

Haçalanar duyğuların,

O nədisə, səni sıxar,

Artar hər gün qayğıların.

Bircə sözdən, bir baxışdan

Yumşalarsan, mum olarsan.

Gah dumandan, gah yağışdan

Nəm çəkərsən,

Boşalarsan, gah dolarsan.

Dilin çaşar, topuq vurar.

Duyanmazsan ürəyini,

Hey çırpınar dəli kimi

Dəlib deşər kürəyini.

Nə rəngi var, nə iyisi,

Nə qoxusu olmaz , adam!

Beyinləri sərxoş edər, ayılmazsan.

Malın olsa, varın olsa,

Əgər canda o yoxdusa, onu bil ki,

Doğularsan, yaşayarsan

Ancaq insan sayılmazsan!

Müəllif: Murad MƏMMƏDOV

MURAD MƏMMƏDOVUN YAZILARI

I>>> Zəngilan kitabxanasında tədbir keçirilib – fotolar

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Məlumatı hazırladı: Günnur Ağayeva

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac – Daş oğul

DAŞ OĞUL
(esse)
Fəxri xiyabanın səssizliyi bəzən min kitabdan artıq danışır. Ağacların kölgəsi altında dayanan ağ mərmər heykəllər, üzərinə qoyulmuş qərənfillər, dua pıçıltıları və nisgilli baxışlar burada zamanın özünü də susmağa məcbur edir. Elə həmin səssizliyin içində bir mənzərə vardı ki, onu nə foto tam göstərə bilər, nə də söz tam ifadə edə bilərdi.
Bir tərəfdə daşlaşmış oğul dayanmışdı.
Digər tərəfdə isə ömrünün bütün baharlarını, yaylarını, payızlarını yaşamış bir ana…
Bu, adi görüş deyildi. Bu, torpaqla daşın, ömürlə xatirənin, analıqla əbədiyyətin görüşü idi.
Azərbaycanın böyük söz ustadı, xalq şairi Zəlimxan Yaqubun doğum günü münasibətilə insanlar onun məzarını ziyarətə gəlmişdilər. Hər kəs öz ehtiramını ifadə edir, şairin misralarını xatırlayır, ruhuna dualar oxuyurdu. Ancaq həmin gün gələnlərin arasında elə bir qonaq vardı ki, onun varlığı bütün sözləri kölgədə qoyurdu.
Bu, şairin anası – Güllü ana idi.
Ana oğlunun heykəlinə baxırdı. Uzun-uzadı, səssiz-səmirsiz baxırdı. Sanki gözləri qarşısında duran mərmər heykəli deyil, bir zamanlar qucağında böyütdüyü körpəni görürdü. O körpəni ki, ilk addımlarını onun əlindən tutaraq atmışdı. O körpəni ki, sonralar sazın, sözün, elin-obanın sevimlisinə çevrilmişdi.
Daş oğul susurdu.
Ana isə ürəyində danışırdı.
Bəlkə də həmin an xatirələr bir-bir gözlərinin önündən keçirdi. Uşaqlıq çağları, ilk şeirlər, ilk uğurlar, ilk ayrılıqlar… Bəlkə də zaman geri qayıtmışdı və ana yenidən oğlunun saçlarını oxşayırdı xəyalında.
Sonra o, asta addımlarla heykələ yaxınlaşdı.
Dodaqlarında oğlunun misraları vardı:
“Baş yastığa gələndə…”
Bu misra artıq şeirdən çox ananın nəfəsinə çevrilmişdi. O, oğlunun dizinin dibində əyləşdi. Dünyanın ən böyük kitablarını yazanlardan birinin qarşısında oturdu. Və həmin anda elə bir kitab yazdı ki, onu heç bir nəşriyyat çap edə bilməz, heç bir kitabxana qoruyub saxlaya bilməz.
Bu kitab cəmi bir sözdən ibarət idi.
Bircə kəlmədən.
Ana ürəyinin, ömrünün, taleyinin, nisgilinin bütün yükünü bir sözə sığdırdı:
– Balam…
Bu söz nə müraciət idi, nə nida.
Bu söz bir ömrün xülasəsi idi.
O sözün içində laylalar vardı. Gecə yuxusuz qaldığı günlər vardı. Oğlunun sevincinə sevinən, dərdinə yanan illər vardı. O sözün içində həm ayrılıq, həm həsrət, həm də sonsuz məhəbbət yaşayırdı.
Daş oğul yenə susurdu.
Ancaq bəzən daşlar da danışır.
Bəzən heykəllər də cavab verir.
Bəzən bir xalqın yaddaşında yaşayan şairlər ölümün fövqünə yüksəlirlər.
Çünki söz adamları torpağa tapşırılsalar da, unudulmurlar.
Həmin gün Fəxri xiyabanda yalnız bir şair anılmırdı. Həmin gün analıq da ucalırdı. Ana sevgisinin zaman və ölüm qarşısında necə əbədi olduğunu göstərən müqəddəs bir səhnə yaşanırdı.
Ağaclar şahid idi.
Qərənfillər şahid idi.
Daş oğul şahid idi.
Və tarix də şahid oldu ki, dünyanın ən böyük kitabı bəzən yalnız bir sözdən ibarət olur:
– Balam…
21.01.2024. Bakı şəhəri – Fəxri xiyaban.

Müəllif: Zaur USTAC

AVMVİB, AJB və AYB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir, naşir

Yol qeydləri və Zəfər yolu

Vaqif İsaqoğlunun yazıları

ZAUR USTACIN YAZILARI

ƏLİ BƏY AZƏRİNİN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“YAZARLAR” JURNALININ YANVAR – 2025 № 01 (49)-CU SAYI İŞIQ ÜZÜ GÖRÜB

“YAZARLAR” JURNALININ YANVAR – 2025 № 01 (49)-CU SAYI İŞIQ ÜZÜ GÖRÜB-PDF: yazarlar-49

Məlumatı hazırladı: Günnur Ağayeva


ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“YAZARLAR” JURNALININ YANVAR – 2025 № 01 (49)-CU SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB

“YAZARLAR” JURNALININ YANVAR – 2025 № 01 (49)-CU SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB-PDF: yazarlar-49

Məlumatı hazırladı: Günnur Ağayeva


ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Delimitasiyada 1920-ci illərin xəritələrinə istinad edilməlidir – HÜQUQİ ŞƏRH

Delimitasiyada 1920-ci illərin xəritələrinə istinad edilməlidir – HÜQUQİ ŞƏRH

Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası zamanı ölkəmizin 1920-ci illərin xəritələrinə istinad etməsinin hüquqi əsası mövcuddur və bunun beynəlxalq hüquq və tarix baxımından əsaslandırılması üçün kifayət qədər hüquqi dəlilləri mövcuddur.

Gəlin, dünya təcrübəsində dövlətlərin sərhədlərinin müəyyən olunması zamanı tarixi xəritələrə istinad olunması faktlarına da istinad etməklə ölkəmiz üçün çox həssas olan bu məsələni bir neçə aspektdən təhlil edək:

1. Tarixi və hüquqi əsaslar

Göz qabağında olan ən aşkar tarixi fakt Zəngəzurun Azərbaycanın tarixi ərazisi olmasıdır. Belə ki, XX əsrin əvvəllərində, xüsusilə 1918-1920-ci illərdə Zəngəzur bölgəsi ölkəmizin ərazisi olmaqla Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) suverenliyi altında idi. Təbii ki, AXC Zəngəzuru öz doğma ərazisi kimi idarə edir, burada dövlət idarəçiliyi və hərbi mövcudluğunu təmin edirdi. Lakin təəssüf ki, 1920-ci ildə Zəngəzurun Ermənistana verilməsinə dair qondarma qərar Azərbaycan SSR və Ermənistan SSR arasındakı inzibati razılaşma çərçivəsində həyata keçirilmişdir. Bu, həmin dövrdə sovet hakimiyyətinin iradəsinə əsaslanırdı və birmənalı olaraq Azərbaycanın iradəsindən tamamilə kənar verilmiş qərar idi. Hüquqi baxımdan tarixi sənədlərə nəzər salsaq, aydın şəkildə görmək olar ki, 1920-ci illərin xəritələri Azərbaycanın ərazi bütövlüyünün tarixən hansı sərhədləri əhatə etdiyini sübut edən hüquqi və tarixi mənbələr sayılır. Bu xəritələr həmin dövrdə sərhədlərin necə təsbit edildiyini göstərən əsaslı sənədlərdir və beynəlxalq mübahisələrin həlli zamanı hüquqi dəlil kimi qəbul edilməlidir.

2. Beynəlxalq hüquq prinsipləri

Azərbaycan-Ermənistan sərhədlərinin müəyyən olunmasında beynəlxalq hüququn “Uti possidetis juris” prinsipinin tətbiqi məsələsinə nəzər salaq. Bu prinsipə əsasən yeni müstəqil dövlətlər əvvəlki inzibati sərhədlər əsasında müstəqil olurlar. “Uti possidetis juris” prinsipi beynəlxalq hüquqda, xüsusən də sərhəd mübahisələrinin həlli və yeni dövlətlərin yaranması ilə əlaqədar mühüm rol oynayır. Bu prinsip, yeni yaranan dövlətlərin sərhədlərinin, müstəqil olduqları dövrün əvvəlindəki ərazi idarəetmə xətti ilə müəyyən edilməsi prinsipidir. Başqa sözlə, müstəqil dövlətlər, müstəqillik əldə etdikləri zaman, əvvəlki idarəetmə strukturlarına əsasən sərhədlərini müəyyən edirlər. Bu, xüsusən kolonial dövrün sonunda tətbiq olunan bir prinsipdir. Bununla bağlı dünya təcrübəsindən bir neçə nümunəyə nəzər salaq.

1. Latın Amerikası (XIX əsr): “Uti possidetis juris” prinsipinin ən tanınmış nümunələrindən biri Latın Amerikasında baş vermişdir. İspaniyanın və Portuqaliyanın kolonial ərazilərinin müstəqil dövlətlərə çevrilməsi zamanı, bu ərazilər arasındakı sərhədlər əvvəlki kolonial xəritələrə əsaslanırdı. Məsələn, 1810-cu ildə müstəqilliyini elan edən Latın Amerikasındakı bir çox ölkələr, İspaniyanın və Portuqaliyanın əvvəlki sərhədlərini əsas götürərək öz sərhədlərini müəyyən etdilər. Bu, xüsusilə Kolumbiya, Ekvador, Venesuela, və Peru arasında sərhəd mübahisələrinə səbəb olsa da, prinsip olaraq “uti possidetis juris” tətbiq edilmişdi.

2. Afrika (1960-cı illər): Afrika ölkələrinin müstəqillik qazanmasından sonra Afrika Birliyi (AFB) 1964-cü ildə qəbul etdiyi bir qərarla Afrikanın yeni müstəqil dövlətlərinin sərhədlərinin əvvəlki kolonial sərhədləri əsasında müəyyən ediləcəyini bildirdi. Bu, Afrikada böyük sərhəd mübahisələrinə səbəb olsa da, “uti possidetis juris” prinsipi bölgə ölkələrində tətbiq edildi. Məsələn, Çad, Liviya və Sudan arasında sərhəd mübahisələri, Liviya ilə Niger arasındakı sərhəd məsələləri, bu prinsipin tətbiqi nəticəsində yaranan mübahisələrdəndir. Lakin prinsip Afrikada bir çox mübahisəni həll etməyə və yeni sərhədlər yaratmağa kömək etdi.

3. İndoneziya və Şərqi Timor: Şərqi Timorun 2002-ci ildə müstəqil olmasından sonra, İndoneziya və Şərqi Timor arasındakı sərhəd məsələsi də “uti possidetis juris” prinsipi ilə həll olunmuşdur. Kolonial dövrün xəritələrinə əsasən, bu ərazi əvvəlcə Portuqaliya koloniyası idi və Şərqi Timor müstəqil olduqda, bu ərazinin sərhədləri Portuqaliyanın sərhədləri ilə uyğunlaşdırıldı. Bu prinsipin tətbiqi müstəqil dövlətin sərhədini, əvvəlki kolonial sərhəd xətti ilə müəyyən etdi.

4. Kosovo və Serbiya: 2008-ci ildə Kosovo müstəqilliyini elan etdikdən sonra, Serbiya ilə Kosovo arasında sərhəd mübahisəsi baş verdi. Kosovo müstəqil dövlət olaraq, Yuqoslaviya Federasiyasının son sərhədlərinə istinad edərək müstəqil oldu və bu, “uti possidetis juris” prinsipinə uyğun olaraq tətbiq edildi. Kosovo, müstəqilliyini elan etməklə əvvəlki müstəqil dövlətin sərhədlərini qorudu.

5. Cənubi Sudan və Sudan: Cənubi Sudanın 2011-ci ildə müstəqillik əldə etməsi ilə əlaqədar olaraq müstəqil dövlətin sərhədləri, əvvəlki Sudan dövlətinin sərhədləri əsasında müəyyən olundu. Bu, uti possidetis juris prinsipinin bir nümunəsidir və Cənubi Sudan müstəqil olduqdan sonra, dövlətin sərhədləri Sudanın kolonial dövrünə aid xəritələrinə əsaslanaraq müəyyənləşdirildi. Ölkəmizə gəldikdə, qeyd edək ki, Azərbaycan da müstəqilliyini bərpa edərkən əslində tarixi ərazilərinin daxilində tanınmalı idi. Bu zaman 1920-ci illərin xəritələri həmin sərhədlərin təsbiti üçün əsas olmalı idi.

Təsadüfi deyil ki, BMT və digər beynəlxalq qurumlar delimitasiya və demarkasiya proseslərində tarixi xəritələrdən və sənədlərdən geniş istifadə edirlər. Bu baxımdan da, Azərbaycanın 1920-ci illərin xəritələrinə istinad etməsi beynəlxalq təcrübəyə tamamilə uyğundur.

3. Zəngəzurun əhəmiyyəti və strateji rolu – Zəngəzur bölgəsi Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar

Respublikasını birləşdirən strateji ərazidir. XX əsrin əvvəllərində bu bölgə Azərbaycanın suverenliyi altında olmuş, lakin Sovet İttifaqının inzibati sərhədləri dəyişdirməsi nəticəsində Ermənistana verilmişdir. Zəngəzurun bu cür faktiki olaraq Azərbaycandan alınması beynəlxalq hüquq baxımından ədalətsiz və mübahisəli qərardır və bu fakt delimitasiya zamanı əsas götürülməlidir.

4. Xəritələrdən istifadə praktikasına dair nümunələr

Dünyada bir çox sərhəd mübahisəsi zamanı tarixi xəritələrdən istifadə olunub. Bir qədər əvvəl “Uti possidetis juris” prinsipindən bəhs edərkən dünya təcrübəsindən bir sıra nümunələr qeyd etdik. Başqa misallarla bu məsələni da diqqətə çatdıraq:

1. Çin və Hindistan (Aksai Chin və Arunachal Pradesh): Çin ilə Hindistan arasında sərhəd mübahisələri uzun illərdir mövcuddur. Aksai Chin bölgəsi ilə bağlı mübahisə, hər iki tərəfin tarixi xəritələrə istinad etməsi ilə əlaqədardır. Çin, bu bölgənin özünə aid olduğunu iddia edərək, 1950-ci illərdə bu ərazini öz nəzarətinə götürüb. Hindistan isə bu bölgənin öz ərazisi olduğunu və tarixi xəritələrə əsaslanaraq hüquqlarının qorunmalı olduğunu bildirir.

2. Nigeriya və Kamerun (Bakassi yarımadası): Bakassi yarımadası üzərindəki mübahisə də tarixi xəritələrin istifadəsi ilə əlaqəlidir. Kamerun və Nigeriya arasında bu ərazi üzərindəki mübahisə, 20-ci əsrin əvvəllərindəki kolonial xəritələrə əsaslanır. Beynəlxalq Məhkəmə, tarixi xəritələr və sənədlərə əsaslanaraq 2002-ci ildə Bakassi yarımadasının Kameruna aid olduğunu qərara alıb. Bu qərar, tarixi xəritələrin hüquqi dəlil kimi istifadə edildiyi bir nümunədir.

3. Vyetnam və Çin (Paracel və Spratly adaları): Paracel və Spratly adaları üzərindəki mübahisə də tarixi xəritələrə istinad edərək həll edilməyə çalışılıb. Çin, 15-ci əsrə aid tarixi xəritələrə istinad edərək bu adaların Çinə aid olduğunu bildirir. Vyetnam və Filippin isə öz hüquqlarını əsaslandırmaq üçün digər tarixi sənədlərə və xəritələrə əsaslanır. Bu mübahisə hələ də beynəlxalq səviyyədə davam edir. Bu misallar göstərir ki, tarixi xəritələr beynəlxalq sərhəd mübahisələrinin həllində mühüm rol oynayır və bir çox halda hüquqi dəlil kimi qəbul olunur

5. Siyasi və hüquqi strategiya

1920-ci illərin xəritələrinə istinad etmək Azərbaycanın tarixi ədaləti bərpa etmək istəyindən qaynaqlanır. Bu xəritələr beynəlxalq hüquq çərçivəsində qəbul edilmiş delimitasiya sənədləri kimi istifadə oluna bilər. Əsas məqsəd hüquqi dəlillərlə Ermənistanın qeyri-qanuni mövqeyini neytrallaşdırmaqdır.

Müəllif: Yunis XƏLİLOV,

Naxçıvan Dövlət Universitetinin 
“Ümumi hüquq” fənləri kafedrasının müəllimi, 
hüquqşünas.

YUNİS XƏLİLOVUN DİGƏR YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

MUSA ASLANXANLI – UNUDULMAZ SAYĞI

UNUDULMAZ SAYĞI

Can, ay cavanlıq, qədrini

Bilən olmadı, olmadı.

Bir dünyanın yiyəsiydin,

Yiyən olmadı, olmadı…

Rəhman Babaxanlının şeirindən… Cavanların ömür-gün uğurlarını, səhvlərini, acılarını xatırladım… Şeirdə gənclik illərinin, ömrün-günün qədrini bilməkdən söhbət gedir. İstisna hallar olsa da, düşünürəm ki, günübugün olduğumuz mühitdə bizim də cavanlarımıza ürək yandırmamız, sayğımız azalıb…

Bir bədii əsərə- deyək ki,şeirə ciddi yanaşarkən, o şeri dərindən təhlil edərkən Rəhman Babaxanlını xatırlayıram. Qədirbilən qələm sahibləri, oxucular da Rəhmanın milli-mənəvi düşüncələrdən yaranan, sadə, ancaq dolğun məzmunlu şeirlərini unutmazlar, elə bilirəm… 1985-ci ildə ilk kitabı, “Zaman heç nəyə baxmır” çap olunub. ( Daha doğrusu, bir kitabı nəşr olunub, o da 37 yaşında) Kitab “Analar”şeiri ilə açılır…

Analar, analar, gözəl analar!

Doğuma, ölümə dözən analar!

Oğul-oğul deyib gəzən analar!

O kimin oğludu, qurd ürəklidi?

O kimin oğludu, quş ürəklidi?

Analar, analar, əziz analar!

Gözünün qorası dəniz analar!

Ölsək, üstümüzdə ağlamayin siz.

Qara yaylıqları bağlamayın siz.

Biz qara yerlərə yem olmayırıq,

Vətən oğulluğa götürür bizi.

Vətən köynəyindən keçirir bizi.

Vətən köynəyindən qurdürəklilər

Keçirlər, vətənə oğul olurlar.

Vətən köynəyindən quşürəklilər

Keçəmmir,

Vətənin özündən keçir,

Bir tikə çörəyə boğaz olurlar.

Bu şeirdə bütün zamanlar üçün, önəmli, bu gün Vətənimiz üçün ən önəmli olan Vətən, Ana, Oğul gözləntiləri, ilgiləri bədii ifadəsini tapıb. Qurd ürəkli ifadəsi xalqdan gəlir, igidlik, cəsarət simgəsidi… Vaxt gəldi, qurdürəkli oğullar sözünü dedi!..

Şair analara üzünü tutur:

Qurd ürəyi verin gül balalara,

Yurd ürəyi verin gül balalara;

Vətən köynəyindən keçirsin bizi,

Vətən oğulluğa götürsün bizi!..

Rəhman da Qarabağ həsrəti ilə yaşayan şair idi…

Dünyasını dəyişməzdən bir az qabaq “Qarabağsız…” şeirini yazdı

Qarabağsız qara bayramdı bütün bayramlar,

Qarabağsız qara bayraqdı butün bayraqlar…

Qarabağsız qara niyyətdi bütün niyyətlər,

Qarabağsız qara şöhrətdi bütün şöhrətlər…

Qarabağsız qara yaylıqdı bütün yaylıqlar…

…Qarabağsız gora getmə, gora getmə, gora sən,

Qarabağsız qalacaqsan Qarabağsız hara getsən!..

Şeir müdrik şairin vəsiyyəti kim səslənir…

.Yeri gəlmişkən, heç təsadüfi deyil ki ustad Xalq şairi Rəsul Rza Rəhmana uğurlu yol yazıb, onu ədəbi içtimaiyyətə təqdim edib.

Rəhmanı tələbəlik illərindən tanıyırdım… Ədəbi dərnəklərdə də görüşürdük. Yataqxanada qaldığım 4 nəfərlik otaqda yataq dəsti olan bir boş çarpayı vardı. Ara-sıra Rəhman gəlib gecəni qalırdı. Səhər tezdən durub gedirdi. Bizə elə bir narahatlıq yaratmırdı. Universitet tələbələri, yataqxana işçiləri də onu tanıyırdı. Özü indiki İqtisad Universitetində oxuyurdu. İmkan olanda məndən təzə yazdığım şeirlərdən oxumamı istəyirdi. Tənqidi fikirlərini də estetik, uyarlı bir şəkildə deməyi bacarırdı. Özü şeir oxuyanda əsas fikri, ifadəni aydın tələffüzlə dinləyiciyə çox yaxşı çatdırırdı. Füzulini çox sevirdi, vəziyyətə uyğun Füzulidən dediyi misralar ünsiyyətə bir ayrı gözəllik gətirirdi Rəhman Babaxanlı 1948-ci ildə Ağdam rayonunun Böyükbəyli kəndində anadan olub. Uzun illər “Azərbaycan” radiosunda redaktor, AzTV-də “Ədəbi abidələr” verilişində rejissor və aparıcı kimi çalışıb.

Kənddə orta məktəbdə müəllim işləyirəm… 80- cı illərin axırları olardı. Məktəb rəhbərliyi mənə :

-Get, “Araz” pavliyonunda qonaqlar var sənlə görüşmək istəyirlər.

Getdim. Pavilyon deyilən Baki yolunun kənarında, rəmə dediyimiz təpəliyin ətəyində, su arxının üstündə, söyüdlərin əhatəsində idi… Mənimlə görüşmək istəyən Rəhman Babaxanlı, onunla bərabər olan Zaman Qarayev idi… Onlar Ədəbiyyatı təbliğ bürosu xətti ilə rayonlara çıxmışdılar.

Tələbəlik illərində olan diqqətli, sayğılı münasibətimizi unutmamışdı Rəhman. Mənimlə görüşməyi, hal-əhval tutmağı bəlkə də özünə borc bilmişdi. Bir çay süfrəsi arxasinda hal-əhval tutduq, söhbətlər etdik. Ailə qurmağımla maraqlandı. Lətifələr danışdı… Rəhman qaraqabaq adam deyildi, məclis adamı olmağı bacarırdı. Rəhman:

-Musa, şeir oxu,- deyir.

Deyirəm ki, şeirdən bir az uzaqlaşmışam. Rəhman təkid edir. Əslində mən düz deyirəm, ancaq ailə qurandan sonra maraq yaranıb, əl yazmalarıma baxıram, düzəlişlər də edirəm. Rəhman bir az da ərklə məni yola gətirir. Yadımda olan şerimi deyirəm. Əslində bu şeir 80-ci illərin axırlarında yazılıb. Sonra cüzi dəyişiklik də olub.

Bir yol var-dirənir daşa, qayaya

Bir çay var-bağrımın başından keçir.

Xalqın bölünməsi soyuq su olub

Xalqın süfrəsindən,aşından keçir

Dost olan layiqdi dosta tən gələ…

Nə çox yolumuzda qurulur tələ…

Gör,kimlər dəyirman işlədir hələ,

Gör,kimlər dəyirman daşından keçir!

Bölündük düşmənin məharətindən,

Namərdin bulanıq xasiyyətindən.

Araz-Pyoturun vəsiyyətindən,

Nadirin gözünün yaşından keçir!..

Vətəndir hər qaya, hər daş, hər yazı!-

Yazılı daşları bir nur damlası…

Sular yağmalanıb, büllur damlası

Zümrüd üzüklərin qaşından keçir!..

Musa, sözlərini saxla yarıda,

Xalq öz sabahını gərək yarada.

Sənin də taleyin ulu dünyada

Xalqın baharından, qışından keçir.

Şeiri bəyəndilər… Rəhman tərifli cümlələr dedi:

– Əla!.. Biz bura sənin şeirləri dinləmək üçün gəlmişik, bir şeir də oxu,-dedı.

Olsun ki mən sıxılmayım deyə bir lətifə də danışdı.

Yaxın aylarda yazdığım tək bir şeir də yadımdaydı…

Qiymət tapa, dəyərlənə-

Ömür neçə il məskəni…

İşıqlana, kaş ki ola

Qədim yurdlar el məskəni…

Yolumuzda nahaq çoxsa,

Şər qalxınan ruhu boğsa…

Sınaqlardan çıxsın, yoxsa

Eşqim ancaq dıl məskəni?..

Sınan ümid nələr deyir…

Yoxa çıxdı neçə xeyir.

Toxum səpdim, nahaq, o yer

Sel ağzıydı, sel məskəni…

Sənmi mələk, sənmi pəri,

Kim bağlayar sınan pəri?..

Gəl sındırma şüşələri,

Qəlbim olar yel məskəni…

Yolum məslək, yolum məram,

Əyləncəylə yoxdu aram…

Mən bir gül var, axtarıram,

Tapsam, ömrüm gül məskəni…

Qonaqlarım şeirə qonaq olur… Sağollaşıb xoş ovqatla ayrılıram. Rəhmanın məni xatırlaması, sayğı göstərməsi də unudulmaz xatirəyə dönür…

Müəllif: Musa ASLANXANLI

                     AYB-in üzvü. Prezident təqaüdçüsü.

MUSA ASLANXANLININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

RAMİZ İSMAYIL – BAYRAM, GƏLMƏ BİZƏ

BAYRAM, GƏLMƏ BİZƏ

Kim səni çağırıb, a bayram qağa?

Atıla-atıla durub gəlmisən.

Mesaj göndəriblər, zəng eləyiblər,

Ya kimsə teleqram vurub, gəlmisən.

* * *

Yığıb yığışdırın bütün bayramı,

Hansıdı fağırın, lütün bayramı?

At ölsə deyərlər itin bayramı

Kimə “başsağlığı” verib gəlmisən?

* * *

Kasıbın evində şəkər tozu yox,

Fındıq ləpəsi yox, çürük qozu yox.

Alnında qaradan ayrı yazı yox

Sən də öz möhrünü vurub gəlmisən.

* * *

Yetimi tapacaq dərd də, azar da,

Kəsər çörəyini mərdimazar da.

Qiymətlər od tutub yanır bazarda,

Harda belə bazar görüb gəlmisən?

* * *

Gəlmə daha, bayram, bizə yaraşmır,

“Mübarək” deməklə, sözlə kar aşmır.

Allahın işinə Ramiz qarışmır,

Nahaqdan özünü yorub gəlmisən.

03.01.2025, Xırdalan şəhəri

Müəllif: Ramiz İSMAYIL

RAMİZ İSMAYILIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ZAUR USTACIN DOĞUM GÜNÜDÜR!

Azərbaycan Jurnalistlər Birliyinin

                                                   TƏBRİKİ

Dəyərli qələm dostumuz Zaur Ustac!

Sizi-istedadlı şair-publisisti 50 illik yubileyiniz münasibətilə təbrik edirik.

Siz 8 yanvar 1975-ci ildə Bakı şəhərində anadan olmusunuz.

Tam orta məktəbi Yusifcanlı kəndində – 1991-ci ildə bitirmisiniz.

Siz 1992-ci ildə Bakı Dövlət Universitetinə daxil olmusunuz.

1993-1995-ci illərdə təhsilinizi yarımçıq qoyub Ağdərə istiqamətində döyüşən orduda əsgər kimi xidmət keçmisiniz.

1995-1999-cu illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində hərbi təhsil almısınız.

2002-ci ildə Leytenant rütbəsində zabit kimi ehtiyata buraxılmısınız.

“Günaydın”, “Mum kimi yumşalanda”, “Məhdud həyatın məchul düşüncələri”, “Oriyentir ulduzu”, “Bayatılar”, “Gülünün şeirləri”, “Əliş və Anna”, “Sevgi dolu şeirlər” və s. kitabların müəllifisiniz. 2019-2020-ci tədris ilindən uşaqlar üçün olan şeirləriniz məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədis olunur.

Siz Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvüsünüz.

Prezident təqaüdçüsüsünüz.

Müxtəlif mükafatlara layiq görülmüsünüz.

Müharibə veteranısınız. Ehtiyatda olan zabitsiniz. Müstəqil ədəbi qurum olan “Yazarlar” jurnalının təsiçisi və baş redaktorusunuz.

Hörmətli Zaur Ustac!

Sizi bir daha 50 illik yubileyiniz münasibətilə təbrik edir, cansağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq.

Azərbaycan Jurnalistlər Birliyi

ZeferNews

TƏBRİKNAMƏ

TƏBRİKNAMƏ

Əlamətdar günlərdə “Yazarlar” cameəsi adından təbrik etmək üçün istifadə olunur. “Yazarlar” jurnalının Baş redaktoru tərəfindən imza və möhürlə təsdiqlənir. Təbriknamənin sayı və verildiyi tarix qeyd olunur.

2024 – CÜ İL:

  1. LƏTİFƏ ORUC (ƏLİYEVA) N: 001 08.01.2024. BAKI.

2025 – Cİ İL:

  1. LƏTİFƏ ORUC (ƏLİYEVA) N: 002 09.01.2025. BAKI.
  2. BAQİ MİRZA N: 003 19.05.2025. BAKI.


YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru